Sevgini neçə dirsək basdıraq ki, yerindən unudulmaq yetişsin? ŞEİR

Sevgini neçə dirsək basdıraq ki, yerindən unudulmaq yetişsin? ŞEİR
1 oktyabr 2015
# 11:22

Kulis Fərid Hüseynin “Yusif peyğəmbərə danışdığım yuxu – ömür” şeirini təqdim edir.

Unudulmaq öz təklik tarixinə qovuşmaqdı,

Unudulub Həvva yaranmamışdan öncəki günə qovuşuram.

Bir vaxtlar mənə danışmağı öyrədən adamın –

atamın məzarından susmaq öyrənirəm indi,

Daha anamdan gizlədiyim ağrıları atamın rəsminə danışıram.

Yusif, quyunun zülmətində unudulmaq necəydi?

Vicdan artdıqca insan ancaq öz günahlarını xatırlayır,

günahlar xatirəyə çevrildikcə,

xoşbəxtlik qaçır içindəki “müharibə ölkəsi”ndən.

Musanın əsasıyla xatirələrim və ömrüm iki yerə bölünüb, -

daha ömrümə tərəf keçə bilmirəm.

Bir ömür ürək döyür sinəmizin qapısını – açmırıq,

bax, bəlkə də budur əsl insan qəddarlığı.

Mən qutan kimi ətcəbalalarımı – sevdiklərimi yedirtməkçün

dimdiyimi yeritdim bədənimə,

canım çıxandan sonrasa dedilər: “Nə yaxşı öldü,

hər gün eyni şeyi yeməkdən təngə gəlmişdik”.

Yusif, and olsun qədirbilməzləri Yaradana,

bu ömür nə sənə quyulanmağa,

nə də mənə içimdəki quyunu doldurmağa verilmişdi.

Hələ də bəşərin bir qismi İudanın 30 gümüşünü xərcləyir.

Biz də Allahdan nemət istəyirik,

ancaq daha “qurdlar süfrəsi”ndən yox.

Mən hamını unudub sonra yazmaq istəyirəm,

ancaq gücüm çatmır,

və ona görə də, yazdıqlarım soyutmur ürəyimi.

Daha məni sözlə ovutmaq əfsunçuya əfsun oxumaqdı.

İndi sözlər bəlkə də ancaq xatirələrin natiqidir,

çaşmadan danışır Onlu günləri.

Yusif, səni “parçalayan qurd” köynəyinə toxunmayantək,

üzümüzə toxunmadan içimizi yeyir ağrılar.

Yaxşısı hamıdan uzaşıb tənha gəzməkdir –

insan addımlarının sayı qədər yaşayır.

Sən torpağın dərinliyini yaxşı bilirsən, Yusif,

sevgini neçə dirsək basdıraq ki,

yerindən unudulmaq yetişsin?

Döyünməsin nəbzimiz doğma adlara...

İnsanı öz taleyi qədər heç nə təəccübləndirmir,

bu xəbərsizlikdən doğur min dona girmiş arzular.

İndi mən sevgi tohvidindən doğan bədbəxtliyi,

nəfsin çoxallahlılığı ilə ovuda bilirəm

və bu mənə əzab verir.

Yaşa dolduqca tale yaddaş həbsinin illərini uzadır.

Həbsxanada divarlar dörd nəfər olur həmişə, sənsə tək.

Qaçmaq istəyəndə

tavan da, döşəmə də onlar tərəfdən vuruşur.

Bəlkə də dünyada ən qəddar əşyalar silahlar deyil, Yusif,

bağlı qapılardı.

Özü də bir vaxtlar səadətli

günlər keçən evlərin qapıları.

Bir dost deyirdi ki: “iztirab insanı böyüdür”,

mən iztirabdan gileylənmirəm,

sadəcə böyüyüb həmyaşıd tapmaqdır müşkülüm.

Mənə qəribə gələn sözlərin rahatlığıdı:

nə yalanda, nə də doğruda tövrlərini pozurlar.

Ürəyi cana bərkidən sapı qırır nəfs

və içindəki incilər səpilir yerə.

Bir ömür hamı vicdanın tələbəsidir,

“Qəlbin tərbiyə dərsləri” bitmir.

Yəqin bundadır ki, insan əcələcən özüylə

“qurd dostluğu” edir.

Yusif, sənin xilasın səhradan eşidilən səs oldu,

mənsə hələ də içimdəki quyuda karam.

Nə cənnət ülfəti görürəm, nə cəhənnəm nişanəsi –

...Allahı çağırıram...

# 3161 dəfə oxunub

Müəllifin son yazıları

# # #