Boşboğazların əsri

Boşboğazların əsri
16 dekabr 2019
# 11:08

Mənə həqiqət yox, rahatlıq lazımdır!
(F.Fidcerald)

Hərdən mənə elə gəlir ki, sözlərin az olduğu vaxtlarda insanlar daha ünsiyyətcil, səmimi, qərəzsizmiş, bir-biriylə daha dürüst davranırmış. Sözlər çoxaldıqca riya da artıb, nəticədə «sözlər fikirləri gizlətmək üçündür», «çox söz yalansız olmaz» tipli deyimlər yaranıb.

«İnformasiya əsri» dediyimiz nəsnə ağzını avara qoyanların, boşboğazların ikonasına çevrilib: bu adamlar öz hobbilərindən mənfəət götürməyi bacaran kreativ sənətkarlardır. Nəticədə «informasiya»nı qapıdan qovursan, pəncərədən girir. Çoxu da, qarabağlılar demiş, «qəstüm-şalvarlı», qalstuklu informasiyalardır; cümlələri elə bil tokar dəzgahında düzəltmisən.

Bir çox müsəlman ölkələrindən fərqli olaraq, bizdə hamı yazıb-oxumağı bacarır (Sovet hökumətinə pioner salamı!»), di gəl, «inofrmasiya əldə edib, üzərində işləyən və yayanlar»ın mütləq əksəriyyəti filansyorlardır. Adamın inanmağı gəlmir ki, Tövrat yazılan zaman yəhudilərin yalnız bir faizi oxuyub-yazmağı bacarırmış.

Sözüm onda deyil – bizim media nəyi bacarmasa da, insanlarla mentor tonda, nida cümlələriylə danışmaq əlindən gəlir. Bəzi əldəqayırma professorlar kimi. Minillik həqiqətləri elə yastı-yastı nağıl eləyir, adamı yuxu tutur. Nəbadə bu həqiqətlər haqqında ehtiyatsız cümlə işlədəsən, o dəqiqə tumanını başına çəkir.

Belə olan halda bəzən yolunu «Faxralı» xəngəlxanasından salırsan ki, bir-iki stəkan gürcü çaxırı içib, beyin sensorlarına dinclik verəsən.

Başınızı ağrıtmayım, bu günlərdə yenə «Faxralı»ya güzarım düşdü. Axşam tərəfi adam çox idi deyə, xeyli yaşlı, üzünü tük basmış bir kişiylə eyni stolda oturmalı oldum. Kişi artıq hallıydı, bir mənə, bir də əlimdəki kitaba – Nəsimi haqqında kitab idi – baxdı, baxdı, sonra dumanlı gözlərini üzümə zilləyib, çoxdankı tanışım kimi:

– Bu sənətkarlara necə baxırsan? – soruşdu.

– Hansı sənətkarlara?

– Həqiqət və ya, tutalım, öz həqiqəti uğrunda canından keçənlərə.

Çiynimi çəkdim.

– Necə yəni? Qəhrəmandırlar, örnək adamlardır! – əzbərdən dedim.

– Mən elə fikirləşmirəm… – kişi bic-bic gülümsündü. Fikirləşdim ki, yalan-palanını pula satan adamlardandır, indicə məndən çaxır istəyəcək. Amma yox, kişi siqaretdən xarlaşmış səslə davam elədi: – Bu, sadəcə həyatı, yəni ən ali dəyəri ilğıma qurban verməkdir.

– Həqiqət ilğımdır?

– Əlbəttə! Bütün biliklər nisbidir, elə deyil? Sübut eləməyə ehtiyac varmı? Bunu hamı bilir…

– Tutalım.

– Tutalım? Yox, bu belədir, yoxsa mütləq həqiqət kimi Tanrının ətəyindən yapışmazdılar. Həqiqət – yalnız ilğımdır, başqa heç nə. Həqiqətin varlığını sübut etmək mümkün deyil, necə ki, neçə min illik fəlsəfənin də buna gücü çatmır. Deməli, «son instansiyadakı həqiqətə» iddialı olan adama yalnız inanmaq qalır. İnanmaq və Sokrat kimi «Platon dostumdur, amma həqiqət daha qiymətlidir!» deyib, ölümə təslim olmaq, dostunu ortalıqda qoyub, aradan çıxmaq. Bu, sektant təfəkkürüdür! Bu təfəkkür nə qədər dəridən-qabıqdan çıxsa da, Koperniki Qalileydən yuxarıda tuta bilməz! Sokratdan sonra gələnlər, İsa Məsihdən tutmuş, Uilyam Uollesə qədər, hamısı onun oyununa gəliblər. Nə əllə tutula bilən, nə də sübuta yetirilə bilən bir nəsnəni fetişləşdirib, Tanrı mərtəbəsinə qaldırıblar və özlərini ona qurban veriblər. Nəticə isə ortadadır – nə dünya günahlardan arınıb, nə yer üzündə azadlıqlar bərqərar olub. Olubsa da, dünyanı hay-küysüz ələkdən keçirən, adı-soyadı bilinməyən sənətkarların sayəsində olub!

– Demək istəyirsiniz ki, dostluqlar hər şeydən üstündür… Elə isə, icazə verin sizi çaxıra qonaq eləyim. – söhbəti uzatmaq istəmədim. – Dostluqların şərəfinə!

Neyləmək olar, xəngəlxana bu cür söhbətlərin yeri deyil.

Ümid yenə mediaya qalır.

# 4229 dəfə oxunub

Müəllifin son yazıları

# # #