Rafiq Tağı buna görə öldürülüb - Etimad Başkeçid

Rafiq Tağı buna görə öldürülüb - Etimad Başkeçid
23 oktyabr 2023
# 12:22

Kulis.az Etimad Başkeçidin yeni yazısını təqdim edir.

C. Oruellin məşhur "1984" romanındakı şüarları xatırlayırsınız: Müharibə – sülhdür, azadlıq – köləlikdir, "bilgisizlik – gücdür" (Ignorance is Power).

Bilgisizlik, cəhalət sadəcə işığın olmadığı məkan – qaranlıq deyil, öldürücü kinetik enerjiyə malik bir canavardır.

Sokrat necə deyirdi: "Bilirəm ki, heç nə bilmirəm, amma başqaları heç bunu da bilmir".

İşıqlı dünyada bütün bəlaların kökündə bilmədiyini bilməyənlər dayanır.

Sosiologiya elmində Danninq – Kryuger effekti adlanan bir fenomen var. Eksperimentlərlə sübuta yetirilir ki, bilgisiz, cahil insanlar gözə kül üfürməyin, öz sönük "qabiliyyət"lərini gözə soxmağın böyük ustasıdırlar, bu insanlar heç nəyə adekvat qiymət verməyə qadir deyillər, üstəlik, instinktiv olaraq, yəni heç bir xüsusi məqsəd güdmədən, hər fürsətdə bilgili və istedadlı adamlara qənim kəsilirlər.

Bu adamlar həmişə sürüylə gəzib-dolaşır, palaza bürünüb ellə sürünməyə üstünlük verir, artıq-əskik danışmır, cızığından çıxmır; maraqlıdır ki, demək olar, bütün "elita"lar özünün heç bir obrazı olmayan, boz kütlədən heç nəylə seçilməyən bu sənətkarları tapıb fərqləndirir, ona mükafatlar verir, örnək göstərir. Onun da, istər-istəməz, qoltuğu şişir, həşəmətli Əziz Nesinin personajına çevrilir:

Bir kendisi var herşeyi bilen,
Başka bilen yok sanıyor.
Herkes kendini bir bok sanır.
Ama bu herif,
Kendini iki bok sanıyor.

Belə vəziyyət iki tərəfi də qane eləyir. Ən çox da bilgisiz, cahil olan tərəf razı qalır və haqq etmədiyi sığalın, tumarlamanın əvəzini verməyə hər zaman amadə olur. Bu fikrin illüstrasiyası kimi adını bilmədiyim bir sənətkarın aşağıda topladığı faktlara nəzər salaq:

Hakim Misirin prezidenti Ənvər Sadatı qətlə yetirmiş adamdan soruşur: "Sadatı niyə öldürdün?"
Qatil cavab verir: "Çünki dünyəvi idi!".
Hakim soruşur: "Dünyəvi nə deməkdir?"
Qatil cavab verir: "Bilmirəm!"

Hakim məşhur yazıçı Nəcib Məhfuzu bıçaqla yaralayıb öldürən qatildən soruşur: "Onu niyə öldürdünüz?"
Qatil cavab verir: "Məhləmizin uşaqları" romanına görə".
Hakim soruşur: "Bu romanı oxumusunuz?"
Cinayətkar deyir: "Yox!"

Başqa hakim yazıçı Fərəc Fudanı öldürən terrorçudan soruşur:
-"Fərəc Fudanı niyə öldürdünüz?"
Terrorçu cavab verir: "Ona görə ki, kafir idi!"
Hakim soruşur: "Onun kafir olduğunu hardan bilirdiniz?"
Qatil cavab verir: "Yazdığı kitablardan".
Hakim deyir: "Hansı kitabından öyrəndiniz ki, o kafirdir?"
Qatil: "Mən onun kitablarını oxumamışam!"
Hakim: "Necə yəni?"
Qatil: "Mən oxumaq, yazmaq bilmirəm!"

Əmin olun ki, Rafiq Tağının qatili tutulub, məhkəmə qarşısına çıxarılsaydı, fərqli nəsə eşitməyəcəkdik.

Fazil Mustafaya güllə atanlardan da fərqli heç nə eşitməyəcəyik!

Odur ki, əziz dostlar, bilməyimiz vacibdir, cahilin, avamın çörəyi nifrət və gözü götürməzlikdir. Gözü hər zaman ovda-quşdadır, tükünü didməyə, gözünü deşməyə ala qarğa axtarışındadır.

Bilgisiz insan hələ homo sapiens mərhələsinə keçə bilməmiş adamdır.

Allahın böyük ədaləti: bu bəladan yalnız nadanın, cəhalətpərəstin özü qurtula bilər – adam olmaq hər kəsin öz əlindədir. Təbii, böyük Yaradan gözünü açsa!

Gör ki, professor Preobrajenski boyda adam belə köpəyi adam eləyə bilməmişdi…

# 1897 dəfə oxunub

Müəllifin son yazıları

# # #