Günəş topla mənim üçün - Etimad Başkeçidin yeni hekayəsi

Etimad Başkeçid

Etimad Başkeçid

20 sentyabr 2022
# 09:00

Kulis.az Etimad Başkeçidin "Günəş topla mənim üçün" adlı hekayəsini təqdim edir.

Şiddətli göy gurultusuna bənzəyən arxaik səs dünyanı başına götürdü. Gecənin bir aləmi xəstəxana binası birdən-birə enib-qalxmağa, tufanlı havada lövbər salmış balıqçı gəmisi kimi yırğalanmağa başladı...

Professor tələsmədən yatağında dikəldi, dirsəkləndi və bir müddət beləcə, tərpənməz qaldı. Bədəni gərilmişdi, uçunurdu, alnında iri tər damcıları puçurlamışdı, amma üzündə laübalı, etinasız bir ifadə vardı - bu tutmalara öyrəncəliydi. Oxumuş adamın ağıl karı: həftədə, ayda bir yuxuda təkrarlanan panik tutmalar belə onu təlaşa sala bilmirdi. Hər halda özünə belə gəlirdi. Azından, tutması tutanda, ilk vaxtlardakı kimi, hövüllənib tuman-köynəkdə çölə qaçmırdı.

Kirimişcə beynini doldurmuş gurultu-patırtının çəkilib getməsini gözlədi. Sonra qalxıb yerinin içində oturdu, əlini uzadıb tumbanın üstündəki yarımçıq su stəkanını götürdü, hıqqana-hıqqana qurcuxub yerini rahatlayandan sonra suyu başına çəkdi.

"Suyun da dadı qalmayıb!" - üzbəüz güzgüdəki əksinin üzündən oxudu. Güzgüdən ona saçları pıtlaşmış, ovurdları batmış, toranlıqda xortdana oxşayan sısqa bir adam baxırdı.

"Su həminkidir, sənin ağzının dadı qaçıb!" - ürəyində ona etiraz elədi.

Etiraz eləmək Professorun şakəriydi, daha doğrusu, canında-qanındaydı etiraz eləmək. İrad bildirmədən, mız qoymadan heç hədiyyə də götürməzdi. Bu xasiyyətindən özünün də xoşu gəlmirdi, ancaq neyləməli, can çıxar, xasiyyət çıxmaz! Öz-özüylə ucadan danışmağı isə təzə tapmışdı. Amma danışmaq da var, danışmaq da - son vaxtlar cürbəcür parazit sözlər, jarqonizmlər, gülməli nidalar, yağlı-buğlu söyüşlər dilinə daraşmışdı. Öz-özüylə danışarkən dramatik pafosla əl-qolunu ölçməsi də bir yandan. Razılaşın ki, neçə-neçə hekayə və romanlar müəllifi olan, ölkədə az qala, ədəb mizanı sayılan birisi üçün belə şeylər dözülməzdir. Hə, "Professor" onun yalnız ayaması idi, tanış-biliş onu bu adla çağırırdı. Ayama isə, məlum olduğu kimi, doğuluşdan müftə verilən ad deyil, onu qazanmaq lazımdır. Yazı-pozu əhlinin çoxundan fərqli olaraq, fəlsəfəyə və sosiologiyaya aid beş-üç kitab oxuduğuna görə onu bu adla çağırırdılar. Biz də onu belə adlandıracağıq.

Dediyimiz kimi, Professor şəhərdə sayılıb-seçilən adam idi, məclislərdə onu başa çəkir, ağırlayır, yazılarından sitatlar gətirirdilər. Bir sözlə, hörmətini saxlayan çox, bir sözünü iki eləyən yox. Beləcə şad-xürrəm ömür sürdüyü yerdə hər şey alt-üst oldu, özüylə danışmaq mərəzinə tutuldu. Dünənə qədər onu görəndə ağzı qulağının dibinə gedən dost-aşna ondan yan gəzməyə başladı, çünki heç kəs Professorun daxili dialoqunun qəhrəmanına çevrilib, adının dünyayla bir olmasını istəmirdi.

Professor boğaza yığılmışdı, öyrəşdiyi həyata yenidən qovuşmaq üçün hər şeyindən keçməyə hazır idi. Çünki hər şeyə şükr edəcək qədər fatalist adam deyildi Professor.

Qəribə azarmış, sizə deyim. Ağzını açan kimi bilinirdi ki, adam özündə deyil. Bəli, insanın ağıllı olduğunu ömür boyu görməyə bilərlər, amma dəli olunca, iki dəqiqəyə sezirlər. Professor yaşının bu çağında dəli olmaqdan, bundan da çox dəli kimi ad çıxarmaqdan qorxurdu. Dağların arasındakı bu ixtisaslaşmış xəstəxanaya da, dostlarının məsləhəti ilə, özünü tarazlamaq, mümkün olsa, düşdüyü bəladan qurtulmaq üçün gəlmişdi.

Səhəri dirigözlü açdı. Yataqda qurcuxmaqdan bezdi, xoruzun birinci banındaca qalxıb, həyətə düşdü. Xəstəxananın həyəti şam ağacları və rəngbərəng gül kolları ilə əhatələnmişdi. Sərin meh əsirdi. Ağacların çətirləri, xəfifcə yellənir, sanki salamlaşırdılar. Həyətin o başındakı Qarovulçu köşkündən yüngül musiqi səsləri gəlirdi. Birdən-birə professora elə gəldi ki, bu musiqi hardansa, şəfəqlərin arasından süzülüb gəlir, həm də bu, elə-belə melodiya deyil, çox yaxında baş verəcək hansısa möhtəşəm bir vaqeənin prelyudiyasıdır.

Xırda adımlarla gedib, köşkün yanındakı skamyada əyləşdi, gözlərini yumub musiqini dinləməyə başladı. Həzin musiqi meditasiya ilə məşğul olduğu vaxtları yadına saldı. İstər-istəməz, son illərdə çəkdiklərini xatırladı. Öz-özüylə danışmağa başladığı vaxtdan bu yana nələrlə məşğul olmamışdı: ...yoqa... fəlsəfə... ezoterika... meditasiya... Təbii, ənənəvi təbabətdən əlini üzəndən sonra. Fikirləşdi ki, bizim həkimlər kollektiv Xirondur, adamları sadəcə çayın o tərəfinə keçirməklə məşğuldur, başqa heç nə əllərindən gəlmir... Ona meditasiya etməyi öyrədən sonuncu həkimə bir ətək pul xərcləsə də, çakrası açılmamışdı. "Sənin həkim ananı..." - ürəyində dediklərinə yağlı bir söyüş də əlavə elədi. - Hi-hi-hi... Allah qüvvət versin, Professor!

Burada tək olduğunu zənn edən Professor səsə diksindi, çevrilib baxanda dünən-srağagün tanış olduğu Qarovulçunu gördü. Bəstəboy, qaraşın Qarovulçu onun üç-dörd addımlığında ağaca söykənib, siqaret çəkir, bic-bic gülümsünürdü.

- M..mənə b..bax! - Professor hirsindən kəkələdi, ürəyindən keçdi ki, onu acılasın, bu vecsizə yerini göstərsin. Amma səhərin gözü açılmamış qanqaraçılıq salmaq istəmədiyindən - həm də, belə baxanda, Qarovulçu neyləmişdi ki? - yumşaq səslə soruşdu: - Nədir, adamların fikrini oxuyursan?

- Ola bilər! - Qarovulçu özünü o yerə qoymadı, - amma buna ehtiyac olmadı, çünki ucadan danışırdınız...

- Hə, nolar! - Professor duruxdu. - Amma yenə də, başqalarının ağzını güdmək doğru iş deyil.

Qarovulçu tövrünü pozmadan siqaretindən bir qullab vurdu, qımışa-qımışa gəlib onun oturduğu skamyaya əyləşdi.

- Günah məndə deyil, Professor, - o dedi, - sizin ağzınızın bağı qaçıb, dilinizi özünüzdə saxlaya bilmirsiniz.

Professor zəndlə onun sir-sifətinə, əyin-başına baxdı, birdən-birə ona elə gəldi ki, bu hərzə Qarovulçunu hardasa görüb, hardansa tanıyır. Amma nə illah elədi, yadına sala bilmədi. Lənət şeytana, yaddaş da quruyur! Və bu, heç yaxşı əlamətə oxşamır. Canına vicvicə düşdü, üşəndi, suçuxub qaldı. Hardansa oxumuşdu ki, fəhmli insanlar ölümün nəfəsini əvvəlcədən hiss eləyə bilir. Bəzilərinin ürəyinə damır, bəzisi də sadəcə əlamətlərindən xəbərdardır. Əslində bu əlamətlər elə də çox deyil: kiminin ayaqları tutulur, gözü zəifləyir, kiminin qulaqları eşitməkdən qalır, yaddaşı şadaraya çevrilir... Belə çıxırdı ki, Professorun vücudunun ilməsi qaçıb, özü də ən həssas yerindən - artıq yaddaşı ələ gəlmirdi. Təbii, dil sümüksüzdür, istədiyin qədər basıb-bağlaya bilərsən, amma bədən dili yalan danışmağı bacarmır. Hm... hər şey o düşündüyü kimidirsə, deməli, işlər fırıqdır...

Qarovulçunun bərkdən boğazını arıtladığını eşidincə, elə bil, yuxudan ayıldı.

- Üzr istəyirəm, Professor, - Qarovulçunun səsi sanki qeybdən gəlirdi, - belə ədəbsiz görünmək istəməzdim, amma... necə deyim? Məncə, sizə köməyim dəyə bilər...

- Hə?.. - Porofessor əyri-əyri ona baxdı. Bu adam Qarovulçudan çox çapovulçuya, fürsətcil ölüsoyana oxşayırdı. O, avropalıların sovxasının satıldığı "sekond hənd" mağazalarından geyinib əda satan, burnunu hər yerə soxan, məsləhət verməkdən ötrü ürəyi gedən bu vətən övladı tipini yaxşı tanıyırdı. Belələrini görən gözü yox idi. Qarovulçu budaqlarından rəngbərəng parçalar sallanan pir ağacına oxşayırdı. "Yaramaz köpəyoğlu, bir bunun idiminə bax!" - fikirləşdi.

Qarovulçu üzünü turşutdu, Professorun üzünə baxa-baxa başını yellədi. Siqaretindən bir qullab da vurub, tüstüsünü onun sifətinə üflədi.

- Yaramaz köpəyoğlu, hə?.. Mənə deyirsiniz?

Professoru sanki elektrik vurdu, yerindən dik atıldı. Bildi ki, yenə sarsaqlayıb, yəni ürəyindəkiləri ucadan bəyan eləyib. Matdım-matdım Qarovulçunun üzünə dikildi, xəcalətlə gülümsədi: "Yox, yox, sizi nəzərdə tutmurdum!".

- Sizdən incimirəm, - Qarovulçu boğuq səslə dedi. Hiss olunurdu ki, hirsini güclə cilovlayır. - Sizin kimilərdən incimək günahdır. Amma yenə də ağzınızı artırmasanız yaxşıdır... Xahiş edirəm, bir dəqiqəliyə heç nə fikirləşməyin, sadəcə qulaq asın, yaxşımı? Yenə deyirəm, sizə kömək eləyə bilərəm. Özü də havayı, sizdən heç nə istəmirəm, məni başa düşürsünüz? Əvvəlki kimi, yalnız özünüz istəyəndə danışacaqsınız. Nə deyirsiniz?

- Heç bilmirəm nə deyim! Sən yaxşı adama oxşayırsan, görürəm ürəyindən təpir, kömək eləmək istəyirsən, amma... - Professor mızıldandı.

- Bilirəm, fikirləşirsiniz ki...

- Heç nə fikirləşmirəm, - Professor tələsik ayağa qalxdı, - belə söhbətlərdən xoşum gəlmir. Mistika, türkəçarə, filan mənlik deyil, heç kəsin kəramətinə inanmıram. Bax, belə, dostum. Bağışla, mən getməliyəm, bir azdan prosedurlar başlayacaq, gecikməyim.

Professor sağollaşıb, xırda addımlarla xəstəxana binasına sarı getməyə başladı. Əhvalı pozulmuşdu, bayaq ruhunu oxşayan yumşaq musiqi indi qulaqlarını cırmaqlayırdı.

- O prosedurların xeyri yoxdur, a kişi! - Arxadan qarovulçunun səsi eşidildi. - Bunu sizə mən deyirəm. Prosedurlardan mədəd uman sizin kimiləri çox görmüşəm. Amma yenə də özünüz bilərsiniz...

Professor özünü eşitməzliyə vurdu. Addımlarını yeyinlədib, oradan uzaqlaşdı.

Ertəsi gün öz çığırtısına yuxudan oyandı. Yuxuda nərdivan qoyub, harasa dırmaşırdı. Bilinmir haraya, niyə? Şövqlə dırmaşdığı yerdə nərdivanın pillələrindən biri qırıldı, ayağı boşa çıxdı; üstəlik, nərdivanı söykədiyi divar da qəfildən böyük bir gurultuyla uçulub-dağıldı. Professor kəllə-mayallaq getdi, bağıra-bağıra dibsiz bir uçuruma yuvarlanmağa başladı...

Yenə qan-tər içində oyandı. Böyük bir qəzadan sağ qurtulmuş adamlar kimi, mat-məəttəl, heysiz, bir müddət yerində uzanılı qaldı. Deyəsən, düz-əməlli yatmaq da ona haram olmuşdu, hər gün yuxudan kal oyanırdı. Qalxıb, ayağını sürüyə-sürüyə, pəncərəyə yaxınlaşdı. Həyətdə ins-cins gözə dəymirdi. Aydınlıq gecədə ağaclar nəhəng, hüznlü insan siluetlərini xatırladırdı. Sanki qaçırılmış fürsətlər, boğulmuş duyğular, boşuna yaşanmış həyatlar burada maddiləşmişdi. Onların arasında bir tanış siluet gördü, hey pəncərələrə sarı boylanır, görünməyən gözləriylə kimisə arayırdı. Onu hardan tanıdığını xatırlamağa belə cəhd eləmədi, onsuz da yadına düşməyəcəkdi. Professor artıq həyatının böyük bir hissəsini unutmuşdu. Hərdən ona elə gəlirdi ki, hamı kimi yavaş-yavaş yox, birdən-birə böyüyüb...

Həyətdə ins-cins gözə dəymirdi. Sövq-təbii qarovulçu köşkünə sarı boylandı. Orada da heç kəs yox idi. Köşkün işığı yanmırdı. Köşkdən bir az aralıdakı gölməçənin yanında zil-qara çöl quşu gördü. Quş bir ayağı üstə dayanıb, başını qanadının altına qoymuşdu; qaranlıqdan tökülmüş heykəlciyə bənzəyirdi. Professor birdən-birə səbəbsiz yerə kövrəldi, pəncərədən baxa-baxa ağlamsındı. Allahın heyvanına paxıllığı tutdu: bəxtəvər! Ağzı var, dili yox. Eh, "susmaq qızıldır" ibarəsini adi nitq fiquru kimi qəbul etdiyi günlər vardı, hanı o günlər?

Xəstəxana xalatını çiyninə atdı, palatanın qapısını kirimişcə aralayıb, dəhlizə, oradan da, növbətçi sanitarın ironik baxışlarının müşayiəti ilə, həyətə çıxdı. Ayaqları onu düz Qarovulçu köşkünün yanına gətirdi. Skamyaya əyləşib, səssizliyə qulaq kəsildi. Bir azdan qara buludlar Ayın qarşısını tutdu, hər tərəf zülmətə qərq oldu. Növbəçi həkimin pəncərəsindən sızan zəif işıq olmasaydı, zənn edərdin ki, həyat dayanıb. Qəfildən yağış çisələdi. Qalxıb getmək istəyəndə, lap yaxından Qarovulçunun səsini eşitdi:

- Professor, buranı yağış tutmur, gəlin, burada daldalanın!

Professor səs gələn tərəfə çevrildi, amma nə qədər diqqətlə baxsa da, heç nə görmədi. Sanki danışan qaranlığın özü idi. Sonra şimşək çaxdı. Dalbadal çaxan şimşəyin işığında gördü ki, Qarovulçu köşkün pərvazının altında oturub, ona əl eləyir.

- Gəlin, gəlin!

Başqa vaxt, fələk qarnını yerə qoysa, Professor gedib, gecəyarısı hansısa Qarovulçunun köşkünə sığınmazdı. İllah da, dəli köynəyini xatırladan zolaqlı xəstəxana xalatında. Özü də, danışmağı yenicə öyrənmiş tutuquşu kimi, ağzına gələni qırıldada-qırıldada. Gendən baxan nə deyərdi? Amma indi belə şeylər Professorun eyninə deyildi. Hiss edirdi ki, buraya təsadüfən gəlib çıxmayıb, bu Qarovulçu da pərvazın altında elə-belə oturmayıb. Bəlkə də, instinkti onu buraya gətirmişdi - "dünyanın işini bilmək olmaz, məndən nə gedir? Qoy bir Qarovulçunun da fəzilətini yoxlayaq" deyə.

Professor, guya əlacsızlıqdan, ağır-ağır qalxıb, Qarovulçu köşkünə sarı getdi. Yağış get-gedə güclənirdi. Ara vermədən şimşək çaxır, ildırımlar şaqqıldayırdı.

- Amma nə yağır! - Professor özünü pərvazın altına saldı. - Bu yerlərin yağışından yoxdur. Şəhərdə yağışa da həsrət qalmışıq.

- Əşşi, şəhərin falını açmayın. Şəhərdə kimin üzünə yağsın axı? - Qarovulçu ona yer göstərdi.

- Necə yəni?

- Yağış adi təbiət hadisəsi deyil, Professor, Allahın lütfüdür. Nəyə görəsə, kiminsə üzünə yağır.

- Hm... - Professor alındı. - Demək istəyirsən, o boyda şəhərdə Allahın yağışını haqq edən yoxdur?

- Bilmirəm. Mən faktdan çıxış edirəm.

- Yağışın şəhərə az-az yağması faktındanmı? - Professor başını yellədi.

- Yox, bu, sadəcə nəticədir... - Qarovulçu çıxarıb siqaret yandırdı. - Bilirsiniz, şəhərlilər mənə Gideon Rabinin üzsüz portretlərini xatırladır. Üzləri olmadığından, hamısı bir-birinə oxşayır. Yağışı göndərən də qalır məəttəl ki...

- Aydındır! - Professor onun sözünü kəsdi.

Deyəsən, Qarovulçu onunla məzələnirdi. "Bundan adama xeyir gəlməz!" - fikirləşdi. Buraya gəldiyinə peşman oldu. Qanlı-qanlı Qarovulçunun üzünə baxdı, amma heç nə demədi. Sövq-təbii hiss elədi ki, ona dil çatdıra bilməyəcək. Tərslikdən yağış da ara vermirdi ki, bir bəhanəylə durub getsin. Dayan! Gideon Rabin ha! Balam, bu tülüngü Qarovulçu hara, Rabin hara? Doğrudanmı bu metafora Qarovulçunun öz təxəyyülündə yaranıb? Maraq onu götürdü.

- Sizi tanıyıram, - Professor yorğun səslə dedi, - mənə elə gəlir ki, tanıyıram. Əvvəllər sizinlə görüşməmişik?

- Dünya elə də böyük yer deyil, bəlkə də görüşmüşük...

- Şeir yazırsınız? Hekayə...

- Yox, belə şeylərdən uzağam. Özünüzü yormayın, Professor, bu, heç nəyi dəyişmir.

Yağış kəsdi, buna bənd imiş kimi, hava da yavaş-yavaş işıqlaşdı. Quşların nizamsız çığırtıları bir-birinə qarışdı. Sanki nəhəng bir orkestr konsert öncəsi alətləri kökləyirdi. Xəstəxananın həyətində adamlar görünməyə başladı: bu saatda kimi səhər-səhər təmiz hava almağa çıxır, kimi də siqaret çəkməyə.

Getməyə hazırlaşan Professor sakitcə ayağa qalxdı, yuxarıdan aşağı Qarovulçunu süzdü.

- Dostum, kimsən, nəçisən, bilmirəm, - dedi, - bircə onu bilirəm ki, bu dünyada bir çimdik duzun da xətri var, bir tikə çörəyin də. Deyirəm, bəlkə haçansa görüşmüşük, tanışıq. Birdən elə bilərsən yekəxanalıq eləyirəm, filan... Özümü yuxarıdan aparıram... Elə deyil, elə deyil... hələlik, sağ ol, sağ ol!

Professor yenicə yola düzəlmişdi ki, ayağı nəyəsə ilişdi, tirtap yerə sərildi; başı daşa dəydi. Allahdan ləpik daşdı, amma yenə də Professorun beyni silkələndi, gözündən qığılcım ələndi. Qarovulçu özünü yetirib, ayağa qalxmağına kömək elədi.

- Mən özüm, mən özüm! - Professor hıqqına-hıqqına qalxdı.

- Əşşi, olan şeydir! Sizə müjdəm var, - Qarovulçu onun üzünə zilləndi, - bu gündən sağalmağa başlayırsınız. Həkimlərin adına çıxmayasınız ha!

Professor istehzayla gülümsünüb, əlini yellədi. Adam nə şəkildəsə mənə kömək elədiyini düşünürsə, nə ziyanı? Qoy düşünsün...

O, palataya sarı addımlamaqdaykən, Qarovulçunun batareya ilə işləyən tranzistorundan ətrafa pərdə-pərdə mahnı sədaları yayılmağa başladı:

Səhər yeli, çıx dağlara,

Günəş topla mənim üçün...

Qəfildən külək qopdu, Allahdan olan kimi! Bir anlığa ona elə gəldi ki, ağacların arasından uğultuyla keçib gedən külək bu anonim xahişi yerinə yetirməyə tələsir. Birdən-birə canına qəribə bir yüngüllük gəldi. Hiss etdi ki, əhvalı yaxşılaşır, nəşəsi durulur. Fikirləşdi ki, deyəsən, işləri düzəlməyə doğru gedir axı!

lll

Professor, demək olar, hər gün Qarovulçunun yanında gedir, bütün boş vaxtını orada keçirirdi. Qarovulçu yaxşı həmsöhbət idi, yer-göy, ərş-gürş, onunla hər mövzuda danışa bilərdin. Bununla belə, Qarovulçu danışmaq üçün əldən-ayaqdan gedən adamlardan deyildi. Öz həyatından isə, ümumiyyətlə danışmırdı. Professor da çox üstünə getmirdi - şəxsi həyat şəxsi həyatdır! Sadəcə, bir yazıçı kimi onun hansı insan tipinə aid olduğunu özü üçün müəyyənləşdirmək istəyirdi. Axı sənətkar insan tipləri ilə işləyir, onların sərgüzəştini yazır, yoxsa hansısa əhvalatı hekayə və ya roman adlandırmaqla deyil!

Uzun-uzadı baş sındırmalı olmadı. Hardansa oxumuşdu ki, dünyada yeni meyl yaranıb, bir də baxırsan, heç nədən korluq çəkməyən, şəhərdə özünə güzəran qurmuş birisi gül kimi rahat həyatı qoyub, kəndə gedir, guşənişin olur. Əvvəlki həyatını həyat saymır. Professor özlüyündə yəqinləşdirmişdi ki, Qarovulçu həmin qəribə adamlardandır. Yəni bu dünyanın adamı deyil.

Professorun günbəgün deyil, saatbasaat yaxşılaşdığını görən Qarovulçu bir dəfə Piqmalion ədasıyla dedi:

- Gördünüz? Sizə demişdim, sağalacaqsınız!

- Hə, görünür, öncəgörlüyün də var, - Professor özünü o yerə qoymadı.

- Yox, gələcəyi görə bilmək üçün kor olmalısan, Homer kimi, Vanqa kimi, nə bilim, Kor Aşıq kimi. Mənimsə gözlərim görür...

- Qulağı olan eşidir, gözü olan görür. - Professor hardansa İncilin sözlərini xatırladı, dilini sürüyə-sürüyə, nəsə demək xətrinə dedi.

- Müqəddəs kitablar bir-birinə zidd fikirlərə doludur. Bəlkə də elə ona görə bu kitablara müdriklik mənbəyi kimi baxırlar... - Qarovulçu mızıldandı.

Professor hər keçən gün özünü daha yaxşı hiss edirdi. Artıq xəstəxananın həyətində, koridorlarında, yeməkxanasında öz-özüylə hündürdən danışa-danışa dolaşan adamlara, necə deyərlər, kənardan baxa bilirdi. İlahi, sanki ölkənin bütün gəvəzə, naqqal, söyüşcül adamlarını buraya toplamışdılar! Xüsusən də yeməkxanada havada uçuşan sözlər, marçıltı və çəngəl-qaşıq səsləri bir-birinə qarışır, ağız deyəni qulaq eşitmirdi. Professor fikir vermişdi ki, bunların çoxu bir-birindən seçilmir, hamısı orta yaşlarında, qarın bağlamış adamlardır, irili-xırdalı köhnə qum saatlarına oxşayırlar.

Gün keçdi, ay dolandı, Professor sağaldı. Vaxtilə həkimlərdən hansısa ona demişdi ki, bu mərəzin çarəsi yoxdur, öz-özünlə danışmağa başladınsa, ömrünün axırına kimi danışacaqsan. Yəni boş yerə özünü yormasın. Amma yox, demək ki, Allah istəyəndə olur. Üstəlik, bu həngamədən karlı çıxmışdı. Öz-özüylə danışmağa başladığı vaxtdan bu yana yaşadıqları barədə kitab yazmağı qərara almışdı. Bu, onun ən yaxşı kitabı olacaqdı. Daha doğrusu, bu, yeganə kitabı olacaqdı Professorun, çünki indiyəcən yazdığı hər şeydən imtina eləmək fikrindəydi...

Xəstəxanadan çıxmağına bir gün qalmış sonuncu dəfə gedib Qarovulçuya baş çəkdi. Oturub ordan-burdan söhbətləşdilər. Professor əlinin hər şeydən üzüldüyü, ümidini itirdiyi, özünə ucuz ölüm arzuladığı günləri xatırladı. Onda Qarovulçu zarafatla ona "Ürəyinizə salmayın, Professor, - demişdi, - bu, dahilərin xəstəliyidir. Eynşteyn saatlarla oturub, öz-özyülə danışırmış. Filan-filankəslər də onun kimi". Sonra da əlavə etmişdi ki: "Boş yerə özünüzə ölüm arzulamayın, Allah insanın xor baxdığı, ağız büzdüyü hər şeyi özünə yaşadır, yalnız bundan sonra canını alır".

Ertəsi gün Professor erkəndən qalxdı. Yır-yığış eləyib, sağollaşmaq üçün baş həkimin otağına getdi. Həkim onu görüncə:

- Deməli, gedirsiniz, Professor, - dedi. - Təbrik edirəm, özünüzü qoruyun, hər şeyi dərd eləməyin özünüzə.

Professor həkimə dil-ağız elədi.

- Sizdən kiçik bir xahişim olacaq, həkim, - Professor həkimin əlini sıxıb, qılıqlı səslə dedi.

- Buyurun!

- Qarovulçu köşkünə işıq çəkdirin. O kişi axşamlar qaranlıqda oturur...

- Qarovulçu köşkünə? Hansı qarovulçu? Mühafizəçiləri deyirsiniz? - Həkim təəccüblə ona baxdı.

- Yox, həyətin o başındakı tikili var ha, Qarovulçu...

Professor sözünün arxasını gətirmədi. Birdən-birə duruxdu, tez-tez udqunmağa başladı, rəngi avazıdı. Tələm-tələsik həkimlə sağollaşıb, az qala, qaça-qaça həyətə çıxdı. Elədir ki var, burada Qarovulçu köşkü-filan yox idi... Onun yerində nəhəng palıd ağacı bitmişdi. Suyu süzülə-süzülə dönüb çıxışa sarı yönəldi. Hardansa həzin mahnı səsi gəlirdi:

Havadakı quş izindən,

Gecələri göy üzündən,

Günəş topla mənim üçün,

Günəş topla mənim üçün...

"525-ci qəzet"

# 1898 dəfə oxunub

Müəllifin son yazıları

# # #