Sənsiz ayrılıq ögey anadı

Sənsiz ayrılıq ögey anadı
30 may 2013
# 10:55

Gecə mövsümü

Türkiyənin bir cənub şəhərində içim Parisdi, yoxluğun dərviş
Dərviş Parisi partladır
Biletsiz saatlar yaşayıram - keçməyən
Keçməyən saatlarda mövsüm gecədi
Gecə mövsümündə səni yaşamaq dağlarda döyüşdü
Bu döyüşlərdən üzü ağ çıxmaq çətin
Yenilməz batalyon olmaq olmur sənsiz
Sənsiz qollarım Babək, dərim Nəsimi, ruhum Qaçaq Nəbidi
Sənsiz ayrılığı bağrıma basa bilmirəm - ögey anadı
Və anamız sevgiyə o olmasın bu olsun demək olmur
Yalnız kişi sözü var, qadın sözü yoxdu həyatda
İndi mən sözümdən dönmədiyimə utanıram
Sənsə utancından yox, uzaq sahillərdə qızmar günəş altında qızarırsan
Telefonçu qız da bilir əhatə dairəmdə olmadığını
O qızı tapın demək olmur telefonçu qıza
Ümid şərikli çörəyimiziydi, hamısını apardın
Özümü atmağım gəlir beş mərtəbəli evin altıncı mərtəbəsindən
Mən bu türkün şəhərində fransız kimiyəm
Dilimi anlayan, dərdimi bilən yox
Yəni onu bağışlamaq olarmı deyə biləcək bir kimsəm yox
Bir kimsəm də yox ölsəm bağışla deməyə
Yəni başdan ayağa bir qalanın sirriyəm
Yeddi oğul istərəm bu sirri tapa
Səndə də çox günah görmürəm
Babamın babasının babasından qalıb arxadan vurulan zərbə
Biletsiz saatlar yaşayıram - keçməyən
Keçməyən saatlarda mövsüm gecədi
Hər gecə bir az böyüyürəm
Deyirəm uşaqlığın son gecəsidi
Hər səhər yenidən uşaqlaşıram bir kişini öldürüb
Qətl günüdü hər səhər
Süd dişinin ağrısından da betərdi bu
Otel otağıdı otağım
Səndən dünyanın iki saat gerisində
Türkiyənin bir cənub şəhərində içim Parisdi, yoxluğun dərviş
Dərviş Parisi partladır...

# 2476 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #