“Baş”: Tarixin yenidən interpretasiyası - Elnarə Akimova yazır

“Baş”: Tarixin yenidən interpretasiyası - Elnarə Akimova yazır
13 yanvar 2016
# 16:38

Elçin nəsri üçün iki səciyyəvi məqamı qeyd etmək istəyirəm. Biri budur ki, Elçinin əksər əsərlərinin məkan predmeti, sabit mövzu dairəsi və təsvir əhatəsi Bakı kəndlərindən, Abşeron torpaqlarından ibarət olub. Bu torpağın mühiti və məişəti konkretliyi, koloriti qabarıqlığı, insanları psixoloji nüfuz dərinliyi ilə elə dəqiq lövhələrlə canlandırılıb ki, ömründə bircə dəfə də olsun həmin torpaqlara ayağı dəyməyən şəxs o təsvirlərin izini tutub ünvanına yetişə bilər. “Bir görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Dolça”, “Bayraqdar”, “Kaşşeyin taleyi” povestlərində, eləcə də bir sıra hekayələrində Abşeron mühiti ilə mənəvi qovuşmanın əyani təcəssümünü görmək çətin deyil. Digər məqam, Elçinin əksər əsərlərinin əsas predmetini təşkil edən tarixiliklə bağlılıq məsələsidir. Elçinin nəsrində əsas mövzuya çevrilmiş tarixilik onun ən qüvvətli əsərlərinin əsas ağırlıq mərkəzi sayılıb. Tarix bu əsərlərdə hara qədər görünə bilər, hansı səciyyəsi ilə funksionallıq kəsb edə bilər kimi suallar Elçinin prozasında həmişə öz önəmini itirib və tarixdə olmuş hər hansı fakt elə bədii illüstrasiyada təqdim edilıb ki, daha çox bədii mətn olaraq yaşamaq səlahiyyəti qazanıb. Yazıçının yenicə çap olunan “Baş” romanı bu baxımdan tarixə yönəlmiş, onu dirçəltmiş yeni missiyanın nəticəsidir.

Əsər yalnız tarixlə bağlı dərin bilgilərin deyil, həm də həyatı dərk, çoxyönlü qatlara nüfuz baxımından roman janrının potensial imkanlarını görükdürür. Məlumdur ki, Elçinin yazıçı kimi axtarışları daim ciddi, davamlı və təkidli səciyyə daşıyıb. Yəni bədii təcəssümün predmetinə çevrilən hər hansı tarixi dövr onun xüsusi olaraq tədqiqat obyektini təşkil edib. Təsadüfi deyil ki, bu yaxınlarda yazıçı bir polemikaya (Rüstəm Kamal. “XIX əsr şairləri mənasızdı”) reaksiya olaraq “Aqoniya”, yoxsa təkamül (XIX əsr ədəbiyyatına bir nəzər)” kimi silsilə yazılarla çıxış etdi. Elçin təfəkkürünün gücünə bələd oxucu üçün XIX əsrlə bağlı dərin, əhatəli bilginin göstəricisi sayılan bu mətnlər bəlkə də əlahiddə təəccüb doğurmadı, nədən ki, onun yalnız yazıçı kimi deyil, tənqidçi-ədəbiyyatşünas olaraq ədəbiyyatımızın yaradıcılıq problemləri ilə bağlı ardıcıl, davamlı və ən əsası, zamanında cəmiyyətə ötürülən fikirlərinə bir növ adət etmişik. Ancaq bu yaxınlarda işıq üzü görən “Baş” romanını oxuyandan sonra həmin silsilə yazılardakı dərinləşmiş fəlsəfi-mənəvi düşüncələrin, hadisələrə siqlətli baxışın hardan qaynaqlandığı məlum oldu. Bu ədəbi fəaliyyət əzmi öz emosional ahəngi və problematikası ilə müəllifin romanla bağlı axtarışlarının təfsilatına söykənirmiş. Həmişə olduğu kimi, Elçin bir tərəfdən tarixin bəlli bir dövründən əsər yazırdı, digər tərəfdən yaxşı öyrəndiyi həmin dövrün ədəbi-mənəvi reallığının qorunmasına təəssübkeşlik edirdi.

Bayaq xatırlatdığım Bakı kultuna qayıdaraq haşiyə çıxım ki, Elçin Bakının kəndlərindən, koloritindən yaza-yaza nəhayət, onun tarixinə vardı, geniş və dərin bədii nüfuzun göstəricisi olaraq vardı və bu yolla əslində, XIX əsr Azərbaycanın mənəvi və siyasi reallığına, bir qədər də dərinə getsək, milli-genetik boşluqlarımızın qatlarına varmağa müvəffəq oldu.

“Baş” romanı Bakını istila etməyə çalışan və bu arzunun bir addımlığında ondan məhrum olan Sisianovun kəsilmiş başının seyrçi nəzərlərinin, düşüncələrinin, yaddaşından keçən informasiyaların əsasında qələmə alınıb. Gürcüstandan sonra Şimali Azərbaycanın böyük və nüfuzlu xanlıqlarını - Qarabağ, Gəncə, Şirvan xanlığını ələ keçirib Bakı xanlığının istilası ilə bağlı planlar quran Sisianovun Bakıya yürüşü, Hüseynqulu xanın bu üzdən təşvişi (“Əslində, knyaz Sisianovun timsalında Böyük Rusiya imperiyası həmişəlik Bakıya daxil olurdu”) və Sisianovun başının kəsiməsi ilə başlayan əsər ilk hissələrdə təəccüb doğurur: yazıçı deyəsən son sözünü əvvəl deyib axı, burdan o yana maraqlı nə ola bilər? Amma məlum olur ki, bir qədər sonra izini tutub getdiyin dərinlər, çözdüyün sirlər, vaqif olduğu mətləblər üçün Başın kəsilməsi labüd imiş və sən əslində, bütün bunlara hər şeyi yaddaşında canlandıran onun Başı (nın) səyahəti sayəsində nail olmusan.

Elçin yeni əsərində roman janrının yeni struktur texnologiyalarından uğurla yararlanır. Retrospeksiya əsərin strukturuna birbaşa zaman ünsürü kimi daxil olur. Zaman paralelləri, çoxqatlı məkan ölçüləri, biri digərini əvəzləyən surətlər polifoniyası hər biri qəhrəmanın kəsilmiş başının nəzərlərində, oyanan yaddaşında, şəffaf və çəkisiz varlığında, sönməyən beyninin daxili bioloji ritmlərində baş tutur. Keçmiş zamanlar və məkanlar arasında əlaqələri yaratmağa xidmət edən metaforik çoxqatlılıq mətni müəyyənləşdirən əsas struktur vahidi kimi çıxış edir. Zaman, məkan, personaj heyəti ilə bir-birindən fərqlənən müxtəlif hekayətləri bir araya gətirən, onları vahid bir strukturda cəmləşməsini təmin edən yazıçının seçdiyi ədəbi priyom bu baxımdan əsərin başlıca uğurunu şərtləndirir. Roman onsuz da yazıçının fəza orbitində mövqe tutub ordan cəmiyyəti, tarixi, insanları seyr-müşahidə eləməyə imkan verən janrdır. “Baş”ı əsas obraza çevirən yazıçının dayaqlandığı müstəvi uğurludur, o mənada ki, məhz təxəyyülünün sərbəst və dinamik gedişatı sayəsində yazıçı müxtəlif zaman və məkan qatlarına enə bilir və bu qatda olanlar hər biri öz fərqli modusları ilə görünməyə başlayırlar: Knyaz Sisianov və Böyük Rusiya imperiyası, bu çarlıqdakı hakimiyyət dəyişiklikləri və oyunları; Gürcüstan krallığı və buradakı kiçik iğtişaşlar, Lazarev-Mariya münasibəti və münaqişəsi; Hüseynqulu xan və Bakı xanlığında baş verənlər; Abbas Mirzə və onun saray macəraları; habelə Hacı Muxtar, Xacə Rəhman, at oğrusu Cəfərin mənəvi kolliziyalarını təcəssüm etdirən ayrı-ayrı parçalar. Süjet xəttinə müncər edilmiş müxtəlif hekayətlərin iç-içə verilməsi baxımından roman həm də zaman içində zaman strukturunu da ehtiva etmiş olur. Bütün bu paralellik yazıçıya niyə lazım olur? Zamanın və tarixin ətraflı, dərin inikasına varmaq üçün. Burda tarixə nüfuz da öz bütöv səviyyəsi ilə əhatəlilik qazanır. Tarix bədii illüstrasiyanın predmeti olaraq mənalanır, XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları və onun Rusiya tərəfindən istilasının gerçək mənzərəsini yaratmaq baxımından yazıçı tarixi nə olduğu kimi mətnə köçürür, nə də onu təhrif edərək korlayır, sadəcə şəklini dəyişir, tarixin bəlli bir dövrünün estetik ekvivalentini yaradır. G.Hüssler yazırdı ki, bədii mətn gerçəyi mötərizəyə alır və gerçəyi bu mötərizəyə alınmış şəkli ilə yenidən qurur. Elçinin tarixə yanaşması daim gerçəkliyin sərbəst interpretasiyası zəminində baş tutub. Bütün tarixi proseslər mətnin semantik-struktur ağırlığında yeni kontekstinə görə mənalanaraq dəyişib və estetik dəyər qazanıb.

Əsərdə zamanın xətliliyi inkar olunur, yəni keçmişlə indi arasında ardıcıllıq əlaqəsindən danışmaq mümkünsüzdür. Sadəcə, Başın oyanan yaddaşında zamanın sərhədsizləşməsi nəticəsində tarixin XIX əsrin birinci yarısına dair dağınıq hadisələrdən ibarət modeli çızılır. Oxucu prosesin əvvəli və sonunu bilmək üçün “Baş”ı izləməli olur, “Baş”ın izinə düşüb özünü keçmişdə, keçmişin daha dərinlərinə uzanan qatlarında görür. Hər şey deja-vunun, fləşbəklərin, zaman irəli-geri sıçralamalarının, fraqmental xatirələrin təsirinə tabe tutulur.

Elçinin məhz tarixə, tarixin bəlli bir dövrünə, Azərbaycanın parçalanması faktına müraciət paradiqması həmin dövrə dair - Rusiya çarlığı, Azərbaycan xanlıqıları ilə bağlı müxtəlif prosesləri yanaşı izləməyə, onları ortaq müstəviyə gətirib bədii təcəssümün predmeti etməyə imkan verir. Çünki oxucunun yaddaş özülündə həmin dövrün xaotik durumu ilə bağlı oxşar mahiyyətli hadisələrə bələdlik var. Milli nəsr üçün bu, çox vacib amildi. Fəqət “Mahmud və Məryəm”, “Ağ dəvə” romanlarında olduğu kimi, burada da yazıçı tarixdəki faktlara aludə olmadan Azərbaycan tarixinin müəyyən mərhələlərini təsvir etmiş və daha çox psixologizminə nüfuzu dərinləşdirməklə tarixin təzahürünə nail olmuşdur.

Zənnimcə, romanın girişində müəllifin oxucuya ünvanlığı fikirlərə lüzum yox idi. Anarın “Göz muncuğu” əsərində də belə bir izahat təqdim olunmuşdu. Bədii mətndə belə açıqlamalara gərək varmı? Axı bədii mətn bütün semantik-struktur ağırlığı ilə özü haqda hər sirri, hər həqiqəti bəlli edir. Eləcə də bu yaxınlarda verdiyi müsahibədə ki, Elçin romanın adından tutmuş bir çox məna qatlarına, ideyasına aydınlıq gətirməyə çalışıb, buna da borcu deyildi, düşünürəm. Əsəri yazdıqdan sonra müəllifin kənara çəkilməsi, mətnin oxucu şərhi, oxucu yozumu ilə yenidən qurulması, yazıçıdan başlanan mövzunun oxucuda davam etməsi daha uyar sayılır. Qoy arxivlərdə axtarış aparan aparsın (bir əsərin oxucusunu belə bir axtarışa təhrik etməsi nə gözəl!), “tarixlə üst-üstə düşməyən detal və ştrixlərə fikir verənlər” də olsun, əsas odu ki, əsərdəki tarixi kolorit də, tarixi qəhrəmanlar da “müəllif üçün qeyri-tarixi qəhrəmanlar səviyyəsində “özününküdür”, oxucu bu qəhrəmanlara da, bu hadisələrə də ona görə maraq duymur ki, onlar tarixdə olublar, yaxud baş veriblər, oxucu sadəcə bədii-estetik baxımdan ona həzz aşılayan mətnlə üz-üzə qalmaq arzusundadır. Bu proses romanda necə reallaşır?

“Baş” romanında bütün obrazlara məxsus diskursların bədii təhkiyə şəkli Başın yaddaşıdır, hər şey onun yaddaşından keçən informasiyada nəql olunur, ya da sadəcə hər mühit, hər kəs öz yaddaşını, hekayətini, keçmişini nəql edir. Nəhayətində nə baş verir: belə kiçik yaddaş xatirələri birləşərək mətnin özünü tarixin yaddaşını ehtiva edən obraza çevirirlər.

Romanın təhkiyəsi üçün dramatik ahəng səciyyəvidir. Yazıçı tarixin sərt dönəmlərini, acı həqiqətlərini bir neçə rakursdan sərgiləməyə müvəffəq olur. Bu baxımdan deyək ki, “Baş” romanı yalnız poetikasının yeniliyi ilə maraq doğurmur, ona qalsa yazıçının bütün tarixi mövzuya həsr olunmuş masştablı romanlarına yeni ifadə vasitələri, dünya nəsrinin zəngin təcrübəsi hakimdir. Bütün şərti ünsürlər, rəmzlər, folklor motivlərindən, mifik süjetlərdən istifadə Elçinin əsərlərində zahiri vasitə olmayıb əsərin ruhundan, mahiyyətindən hasilə gəlmişdir. Bu əsərdə də həmin məziyyəti görürük. Romanın gücü onun estetik bütövlüyündədir. Bir-birindən uzaq məkan və zaman paralelləri, müxtəlif insan taleləri, şərtiliklə reallıq, gerçəkliklə xəyal arasındakı sərhədlərin ən incə detallarına qədər qorunub saxlanması, mətləb baxımından əlaqəli şəkildə canlandırılması, bir-birindən uzaq süjet şaxələrini cilalayıb bir axara salmaq, ümumi ahəngdarlığın qorunmasına nail olmaq əsərin başlıca uğurunu təmin edən xüsusiyyətdir.

Daha bir xüsusiyyət, əsərdəki psixoloji dərinliyin gücündə, təsirində üzə çıxır. Əsər boyu Sisianovun müxtəlif situasiyada yaşantıları, Xacə Rəhmanın - axtalanmış insanın hissiyyatı ilə bağlı ən incə məqamlara varılması, komplekslərinin freydist ifadəsi (vəliəhdin çadırından eşitdiyi iniltilərin, oxuduğu “Leyli və Məcmun” əsərindəki hisslərin, məhəbbət duyğusunun ona çatmaması), Sarı Çoban qızının acı sonluğu, Suxarevin, Lazarevin Rusiyaya sədaqətli xidmətlə bağlı düşüncələri psixoloji nüans səhihliyi ilə mətnə gətirilir. Eləcə də Babua Arçil hekayəti, Don kazakı Yemelka Puqaçovun edamı, Lazarevin Mariya tərəfindən öldürülməsi, İbrahim xanın bütün ailəsinin Lisaneviç tərəfindən qətlə yetirilməsi səhnəsi ibrətli həyat hekayətləri olaraq biri digərini əvəz edir. Hər biri ayrı millətə, ayrı zümrəyə malik bu insanları Elçin fərdi duyğuları, fərdi yaşamları ilə birgə dolğun təcəssüm etdirməyə nail olmuşdur. Bu baxımdan, roman xarakterlərlə zəngindir. Məhz təhkiyənin ahəngi, axıcı üslub və çevik forma sayəsində biz obrazların hər birini, xüsusilə Sisianovun xarakterini hərtərəfli görməyə müvəffəq oluruq. Sisianovu, gürcü mənşəli bu rus generalını Elçin bütün ziddiyyətləri, kəsir və məziyyətləri ilə birgə bütöv yaratmışdır. Xidmət etdiyi Rusiya dövlətinə hədsiz sadiq olan, ona görə bütün şəxsi mənafelərini tapdayıb keçən, rus dövlətinin adına xələl gətirən ən xırda nüansa belə amansız, kəskin mövqe tutan Sisianov əsərdə parlaq obraz olaraq mənalanır. Ümumiyyətlə, Elçin personajının xarakter səviyyəsinə yüksəlməsi üçün birmənalı “mənfi-müsbət” arifmetikasına deyil, daha çox detallarla işləməyə, səciyyəvi ştrixləri seçib təhlilə çəkməyə meyilli yazıçıdı və qeyd edək ki, obrazların psixoloji açımı üçün bu vacib məsələdir. “Baş” romanında yaradılan bütün obrazlar öz danışıq tərzi, düşüncəsi, ədası ilə bədii təcəssümün predmetinə çevrilir ki, bu da əsərdəki dərin müşahidə konkretliyindən və faktura zənginliyindən nəşət tapır. Bəlkə buna görə müəllifin mühakimələrinə deyil, xarakterlərin əyani təcəssümünə dayaqlanan “Baş” romanında silsilə xarakterlər yaradılmışdır: Sisianov, Suxarev, Lazarev, Xacə Rəhman, Abbas Mirzə və b. Romanda Sisianovun xarakterik obrazını açan tutarlı lövhələr təsvir olunmuşdur: Qoşa Qala qapısının açarını Bakı ağsaqqallarından almağı Böyük Rusiya imperiyasına yaraşdırmayan Sisianov açarı ona şəxsən Hüseynqulu xanın verməsini tələb edir; general-mayor Lazarevin bir dəstə gürcünün çevriliş etdiyini və onlar arasında Sisianova da qohumluqları çatan Sisiaşvili knyazlarının olması faktına etinasız yanaşaraq hamısını eyni amansızlıqla cəzalandırmaq göstərişini verir; Gəncə xanlığının istilasından sonra Cavad xana ləyaqətli rəqib kimi davranıb onun Cümə məscidində dəfn etdirir, xanımı ilə on yaşlı qızını isə əsirlikdən azad edərək Şəkiyə yola salır; Car-Balakən yürüşünün qələbəsindən sonra onun müsəlmanları qarət etməməklə bağlı verdiyi əmri pozan gürcü əsilli Vaxtanq Potsixaşvilini “şanlı rus ordusunun şərəfinə ləkə gətirdiyinə görə” güllələdir... Bu nümunələrin sayını istənilən qədər artırmaq olar. Sisianovun, eləcə də digər rus hərbiçiləri olan Suxaryovun, Lazarevin başlıca missiyası Rusiya imperiyasına sədaqətlə xidmət etmək olur. Eləcə də əsərdə önəmli məqamlardan olan məktublar Sisianovun xarakterinin tamlığı, koloritin qabarıqlığı üçün uğurlu tapıntıdır. Yaxud dini əqidəsinə xilaf çıxaraq xanlığın aqibətini qorumaq üçün Hüseynqulu xana başın kəsilməsi ideyasını verən Molla Müzəffərin Fətəli xanın sarayına doğru qət etdiyi yolda daşıdığı kəsik başla bahəm onu təqib edən mənəvi əzabları olur: “...O, vaxtdan etibarən ki, Ağa rus sərdarının başının kəsilməsini təklif etmişdi, bu günah hissi ondan əl çəkmirdi. .. o gözlərini yumub Allaha yalvaranda hər iki gözündən bir gilə yaş süzülüb yanağı ilə axırdı, Ağaya isə elə gəlirdi ki, bu yaşı soyuq axıtmırdı, onu beləcə ağladan onun günahı idi”. Altşüurun uğurla işlədiyi çoxsaylı məqamlar ağrılarla dolu bu obrazın ekzistensial aləmini görükdürməyə nail olur.

“Baş” romanı milli-etnik balansın gözlənilməsi baxımından razılıq doğurur. Əlbəttə, ədəbiyyat üçün də ali mənada milli-yad anlayışı yoxdur, insanlıq, bəşəri mövqe və bunların irəli çəkdiyi dəyərlər var. Əsər milli yazıçımızın qələmindən çıxsa da, yalnız Azərbaycan gerçəklərinə, Azərbaycan siyasi mənzərələrinə deyil, həmçinin Rusiya siyasi mühitinə, mənzərələrinə analitik şəkildə varmağa imkan verir. Hətta bol-bol alternativlər də irəli çəkir: Belə ki, əsərdə qatı millətçi, türkçü olan, “Millət bir olsaydı Aleksandrı da bura gətirərdik”; “Göndər! Göndər, qoy ruslar dar ağacından assınlar məni! Rusların ayaqlarının altında olmaqdansa, onların başlarının üstündən dar ağacında asılmaq yüz dəfə şərəflidir”, - deyən Mahmudla eyni müstəviyə rus generallarının vahid dövlət üçün çalışması, çarpışması əzmi dayanır. Rusiya ordusuna bütün varlığı ilə, sədaqətlə xidmət edən rus hərb insanlarına alternativ Mahmud ağanın obrazı dayanır. Qatı türkçü olan, amalı yalnız türk xalqını birləşdirmək və dünya üzərində türkün hakimiyyətini möhkəmləndirmək olan Mahmud ağanın müxtəlif situasiyalarda cəsarətli jestləri bu obrazı milli düşüncə qəhrəmanına çevirə bilərdi. Amma o şəkildə ki, Abbas Mirzə tərəfindən alçaldılır və aciz durumda təsvir olunur, yazıçının bura qədər obrazın xarakteri ilə bağlı oxucuda yaratdığı təəssüratlarla uyuşmur. Əgər qəhrəmanı gözləyən son aqibət Sibir çöllərində ayağı qandallanmış vəziyyətdə cəzalanmaq olacaqdısa, əsərin bu mətin qəhrəmanı sona qədər ötkəmliyini niyə qorumamalıydı? O zaman onun “-Mən Atillayam!..” ulartısı da qərib təsir bağışlamazdı, zənn edirəm.

Əsərdə yazıçının Sarı Çoban qızı ilə Abbas Mirzə münasibətini rəmzi motivləndirməsi də aydındır, müqayisə mexanizmi sanki altşüurdan oyanıb öz sözünü deyir: Abbas Mirzə kimi vəliəhdlərin saray əyyaşlığına, Fətəli kimi ümidini tilsimlərə, ovsunlara bağlayan şahlara qarşı müəllif Sisianov, Lazarev, Suxarev kimi rus hərbiçilərinin qətiyyətini qoyur. Sisianovun evlənməməsi, Lazarevin duyğularını yenib gürcü çariçası Mariyanın getməsinə sona qədər israrlı təkidi, Suxarevin döyüş meydanlarında ölümə meydan sulaması... sanki parçalanan, bir ola bilməyən şəxsi istəklərin daha öndə olması amilinə alternativ olaraq mənalanır. Romanda kəskin tənqid olunan motivlərdən biri millət olaraq birləşə, bütövləşə bilməməyimizə tənədir. Bu ironik modus əsərdə Sisianovun dili ilə verilir, Abbas Mirzənin sözləri və əməli ilə təsdiqini tapır. Hər halda Mahmud obrazı türkçülüyün rəmzi olaraq onu gözləyən “son” aqibətini sərgiləyir, türkün öz əli ilə çölə atılıb ayağına zəncir vurulur. “Knyaz Sisianov Qafqaza gəldiyi gündən daima əməl etdiyi fikrini bir daha öz-özünə təkrar etdi: Cənubi Qafqaz, o zaman tam ram olacaq ki, bu zəngin tarixli, bu qədim mədəniyyətli vəhşilər bir-biri ilə düşmən olsun, bir-birinin yaxasından yapışıb, bu öz tərəfinə, o da öz tərəfinə çəksin və onların o yaxaları həmişə bir-birinin əlində olsun, bu çəkişmə heç zaman bitməsin”. Bu fikir əsərdə Azərbaycan xanlıqlarının taleyi timsalında qabarıq əksini tapırsa, milli-tarixi planda düşündürür, ictimai-mənəvi problemlərin kökünə varmalı oluruq.

Daha bir nüans, əsərdə hər bir obraz yalnız fərdi xarakteri ilə deyil, öz milli genetik səciyyəsi ilə yan-yanadır. Hacı Muxtar, at oğrusu Cəfər, Sisanovun sevdiyi qadın Natalya... personaj olaraq milli toplumun xarakterik cizgilərini daşıyırlar. Onların tipik situasiyada açılan tipik əlamətlərini görmək çətin olmur: Hacı Muxtar əsl qafqazlı kimi davranaraq evinə təşrif buyuranlara xəyanət etməyi bacarmır, içindəki şərə, nəfsə qalib gəlməyin simvolu kimi reallaşa bilir. Sisianovun əsgərləri tərəfindən at oğurluğu üstündə tutulub qurşaqdan aşağı lüt soyundurulan, eşşəyin üstünə bağlanıb evinə yola salınan Cəfər biabır olmaqdansa ölümü tərcih edir: “Kəndin girəcəyindəki o birinci evin qaraltısı görünməyə başladı və taqətdən düşüb eşşəyin belində başını aşağı sallamış Cəfər gözlərini öz çılpaqlığından çəkib başını qaldırdı, kənddəki o birinci evi gördü, sonra dəli bir həmlə ilə özünü sola - yarğana tərəf atdı və belə bir həmləni gözləməyən o qotur eşşək müvazinətini itirib, Cəfər ilə birlikdə cığırdan aşaraq, anqıra-anqıra yarğanın dibinə uçdu”. Tipik qafqazlı ləyaqəti! Elçin sanki ironiya edir: bu da sənə bəyənmədiyin Qafqaz insanı!

Yaxud “bu cür fədakarlığa ancaq bizim rus qadınlarımız qadirdir” - deyən Sisianova onun yeganə eşqi olan Natalya de Lafontenin Boqoyavlenski (Kolya) ilə hazırladığı sürprizi: “Natalya de Lafonte o geniş çarpayıda uzanmış Kolyanın tüksüz sinəsini ehtirasla öpə-öpə : “- Mən heç vaxt heç kimi səni sevdiyim qədər sevməmişəm, Kolya, mənim sevgilim, mənim əzizim!.. - deyirdi. - Mən bütün həyatım boyu yalnız səni gözləmişəm, Kolya!.. O, görünən o məkanda Kolyaya - hələ yaralanmamış, sağlam qraf Nikolay İvanoviç Timofeyev-Boqoyavlenskiyə tamam bir biganəlik içində baxırdı”. Buna da Elçinin növbəti ironiyası deyəkmi? Bu da sənə əxlaqını bəyəndiyin, fədakarlığı ilə öyündüyün rus qadını!

Sağlığında ömrünü yalnız Rusiyaya xidmətə kökləmiş şüurun öləndən sonra proseslərə fəza nöqtəsindən yönlənən baxışı onu gerçəkləri bir başqa səciyyədə qavramağa kömək edir. Bu anda əsərdə xüsusu olaraq mənalanan yuxu elementi (“Knyaz Sisianov, adətən, yuxu görmürdü,.... ancaq həmin gecənin yarısı onun bütün bədənini üşüdən o yuxu Knyaz Sisianova təsir etdi - Bakıya hərbi yürüş ərəfəsində bu nə yuxu idi?”); xatırlanan məktublar (diqqət eləsək, Sisianovun böyük Derjava ilə planları, istəkləri daha çox bu səhifələrdə sərgilənir), təkliyə müncər edilən ruhun, yaxud keçmişi xatırlamağa sürüklənən şüurun müəyyən məqamlarda şizofrenik konstruksiyaları, fləşbək elementləri (qəhrəmanların tez-tez keçmiş olayları xatırlaması, Sisianovun şeir yazdığı, tərcümə etdiyi məqamlara dönüşü, Xacə Rəhmanın uşaqlığını xatırlaması və s.), obrazların keçmişlə bu günü arasındakı çabaları, nostalgiyaya tutunmaları ekzistensional metaforaya dönüşü də qaçılmaz edir. Eləcə də əsərdən kölgə kimi keçən obrazlar - Rotsixaşvilinin ruhunu gəzən anası, Natalyanın atası, Xacə Rəhmanın anası, Sarı Çobanın gözünə görünən mələk (bəlkə də onun Abbas Mirzə tərəfindən beş at müqabilində alınan qızının tərk edilmiş, öldürülmüş mələk ruhu) mifik-mistik arxetiplər kimi səciyyələnirlər.

Keçmişin “an”lar, xatirələr şəklində Başın yaddaşında oyanması, keçmişlə bağlı assosiasiyalarla, gerçəklərlə baş-başa qalması onu yadlaşmaya gətirib çıxarır, belə bir sonluğu isə sağlığında böyük ideallarla yaşayan qəsbkar birinin ölümündən sonra aldığı həyat dərsi labüdləşdirir. Əsərin sonunda “Baş”ın yerlə bağlılığı itir və o, ruhunun yanına dönür, göyə çəkilir. Bu spesifik hadisənin baş verməsi üçün keçmişə dönümlər, insan mənzərələrinə fəzadan nüfuz zəruri olur. Sisianovun ruhu başı kəsildiyi andan göyə çəkilir, amma yaddaş kəsilən başında oyanır, onu ruhu ilə birgələşməyə qoymur, bəlkə də hər şeyin sirrinə, niyəsinə cavab axtarmaq niyyəti ilə keçmişindən ölümünə doğru olanları xatırlamağa, yaddaşından keçirməyə çalışır və inziva o zaman baş tutur ki, o, geri qayıdan yaddaşının fəhmi ilə fəza nöqtəsindən yerə səmtlənəndə hər şeyin nə qədər ötəri, mənasız və fani olduğunun fərqinə varır: “...Və elə həmin məqamda da görünən o məkan sürətlə uzaqlaşmağa başladı, uzaqlaşdı və yox oldu və O, yalnız sonra dərk etdi ki, uzaqlaşan görünən o məkan deyil, bu - onun özünün şəffaf və çəkisiz varlığının onu özünə çəkən qüvvəyə doğru uçuşudur - görünən o məkan daha onu saxlamağı bacarmadı, daha onu buraxmamağa gücü çatmadı və O uçdu...”

Əsərdə gizli planda bir qisasçılıq yanğısı da özünü göstərir. Bu qisas amili həm təsvir olunan olayların gətirdiyi məntiqi yekun, həm də tarixin amansız gərdişinin endirdiyi qəfil sillə olaraq simvolik tutum qazanır. Sisianovun başı Azərbaycan torpağında kəsilir, bir növ öz qazdığı quyuya özü düşür. Lazarevin qanı Hacı Muxtar xalçasının üzərinə tökülür. Sisianov güllə ilə vurulub atdan yerə yıxılanda yadına Babua Arçilin “Xmerti” (Yaradan) sözü düşür. Bu, yalnız Yaradana dönüş üçün xarakterik detal deyil, milli köklərinə arxa çevirmiş bir zabitin (“Knyaz Sisianov rus zabiti idi və rus zabitinin şərəfi müqabilində şəxsi həyatının da, milli köklərinin də onun üçün heç bir əhəmiyyəti yox idi”) əsli ilə görüş (o cümlədən vida!) məqamı olur. Eləcə də sonda Ağabəyim Ağanın barmağını “Baş”a tuşlayıb tökdüyü qarğışın nidasına tarixin verdiyi cavab özünü çox gözlətmir.

Tarix yalnız gerçəkləri, faktları ilə yanaşı, bir də yazıçı təxəyyülünün potensialında yeni yozum və şərh qazananda keçmişin dərinliyi ilə açılmasına, qavranılmasına yardımçı ola bilir. Bu mənada, “Baş” romanı tarixi gerçəkliyi sərbəst interpretasiya əsasında qələmə alan, ona oxşayan və oxşamayan tarix modelləri tərtib edən romandır və milli ədəbiyyatımıza da elə bu özəlliyi ilə daxil olur.

# 2335 dəfə oxunub

Müəllifin son yazıları

# # #