Şair olmaq üçün istedad yox, savad lazımdır?

Şair olmaq üçün istedad yox, savad lazımdır?
17 avqust 2016
# 14:54

Kulis.az Elnarə Akimovanın “Yeni şeir və duyğuların izi ilə” məqaləsini təqdim edir.

Poeziyada fərqli yaşamı ilə seçilən imzalardan bəhs etməzdən öncə, bir məqamın üzərindən sükutla keçmək istəmirəm. Çağdaş şeir metafora selini xatırladır hal-hazırda. Bəzi şeirləri oxuyanda adama elə gəlir ki, indi sanki şair olmaq üçün istedad yox, savad lazımdır. Əlbəttə, savadın da olmasının əleyhinə deyilik. Füzuli demişkən, “Elmsiz şeir qayətdə bietibar olur”. Amma və lakin... Poeziyada şeriyyəti yalnız bir halda ortadan götürmək olar. Şair şeriyyətin yerinə daha üstün bir poetik amil ortaya qoysun. Əks halda, bu “ədəbi cəsarət” yalnız bilik sərgiləməkdən başqa heç nəyə yaramır. Gözəl, dərin fikirlər də, fəlsəfi siqlət də Şeirdən sonra gəlməlidir. Mən bir çox gənclərimizin, xüsusilə, poeziyaya yeni axın edən imzaların mətnlərində daha çox dünya ədəbiyyatının izlərini, xarici təsirlərə qapılmaları görürəm və cüzi istisnalarla bu bilgilərin heç vəchlə milli poetik düşüncəyə yaxınlığını duymuram. Amma dediyim kimi, istisnalar var və bu istisnalara diqqət yönəltmək istəyirəm.

Gənc şairlərdən Şəhriyar del Geraninin, Hədiyyə Şəfaqətin, Könül Həsənqulunun, Aqşin Evrənin, Fərid Hüseynin, Azər Musaoğlu, Tərlan Əbilov, Ramin Əhməd, İntiqam Yaşarın şeirlərində yeni poetik obrazlar, işarə sistemləri, deyimlərlə rastlaşırıq.

Şəhriyar del Geranı şeirinin poetik özəllikləri haqqında “Təkliyi sevənlər üçün – “Darıxmağın adı” məqaləmdə geniş bəhs etmişəm. Şəhriyarın şeirlərinin ritmi, intonasiyası, misralarının arasından axan melodiya birxətlidir, eyni lada köklənmiş səs trayektoriyası ilə davam edir. Axı təkliyin pıçıltı ilə nəqli daha anlamlıdır, dərdi qışqırmırlar ki, yaşayırlar sadəcə. Bəlkə buna görə misraların arasında boğulma, nəfəs kəsilməsi olmur, bu anda müəllif kədərinin təkadamlıq olması, dəfələrlə buna işarət etməsinə inanmaqdan başqa çarə qalmır. Amma bir qədər sonra bu yüngüllük yerini özü boyda ağrıya, özü boyda darıxmaq hissinə verir, təkadamlıq duyğuların əsirinə çevrilirsən, bütün ətrafını saran “doluluqlara” rəğmən əslində, tək olduğunu anlayırsan. Yaddaşında misra deyil, təsir qalır. Məsələn, “İkidən bir çıxanda yerdə heç kəs qalmır”... Bəlkə misra kimi poetik ölçülərə sığmır, amma ruha təsir baxımından bütün sərhədləri dağıdır. Sənə sirayət edən təəssüratın gücünü bütün varlığında daşımağa tablaşırsan. Niyə görə belə olur? Çünki Şəhriyarın şeirlərindəki sakit axın - eyni lada, eyni intonasiyaya köklənmək tərzi alt qatda gizli qalan elə bir tufandan xəbər verir ki, onu əl dəyməmiş, tərpətməmiş lərzəyə gətirmək olmur. Sirr yalnız şeirin oxunuşu, ona bir nəfəslə toxunuş zamanı açılır. Yerdə isə qalaq-qalaq xatirələr, səni nə vaxtsa didib-parçalamış nisgilin külü qalır:

ney qamışı çağırantək

harayladım mən səni

heç bilmədin uzaqların

harasında yoruldum

namaz üstə təkrarlanan

dua kimi – adını

çəkib, döyüb dizlərimə

hücrələrdə duruldum

buludlardan bezib yağan

bu sərsəri yağışlar

göy üzünə qayıtmırsa

demək, olmur dediyin

bir ömürlük darıxmaqdı daha səndən sonrası

pəncərədən boylanmaqdı

indi ömür dediyin

Hədiyyə Şəfaqət son illər poeziyamızda görünən fərqli imza, fərqli nəfəsdi. Geniş diapazonlu, fərqli metaforaları, poetik ahəngi, dərin ruhi aləmi ilə seçilən bu şairin yeniliyi məzmun və intonasiya planında baş tutur. Hədiyyə Şəfaqətin şeirləri daha çox monoloji təsir bağışlayır. Üz tutmağa, müraciət etməyə daim ünvan tapmış kimi görünsə də, bəllidir: içinə, ruhun dərinlərinə enmiş kəsin özündən başqa kimsə ilə söhbəti baş tutmaz. Bəlkə bu üzdən Hədiyyənin şeirlərində tale, ölüm, həyat tamam başqa müstəvidən poetik mənaya oturdulur, gülüş kədərə, həyat ölümə qarışaraq fəza elementi kimi göydə qarışıq, mozaik xətlər cızırlar. Bu qarışıqlıqda görünən obraz elə insanın öz şəkli, bəşər tarixinə adladığı gündən boyuna biçilən Sizif yükünün ağırlığı olur. Bəzən bütün ağrılara “gülümsə”yən, Tanrısına üz tutub “minnətdaram hər şey üçün” deyəcək qədər müvazinətini qorumağa çaba edən, bəzən də göz yaşına qarışmış gülüşün həddi aşan maksimal qatından absurd, nəhayətsiz sonuclara varan insan... Həyat və tənhalıq romantikasının yürüşünə qoşulan yeni qəhrəman...

Sərxoş düşüncələrin
Qarışdığı dəniz suları kimisən, Dostum!
Əllərim
Payız xəzəlləri kimi qalxdı səma rəqsinə
Ayaqlarım
Qaçış istədi
Və apardı məni sonun həyata qarışdığı nöqtəsinə...
Son-Ölümsə...

Bir də, Dostum
Eh, sevgili Dostum,
Həyat
Nə oxunmağa yaramış,
Nə baxılmağa
Sevgi
Nə sözə gələr,
Nə gülləyə ki,
Bir sinə tapılsın çaxılmağa...

...Və
İnsan xəyallarından başqa bir ucalıq tapmaz yıxılmağa...

...Xəyallarıma gülümsə...

Ötən həftələrin birində H.Şəfaqətin “Ədəbiyyat qəzeti”ndə çap olunmuş silsilə şeirlərini oxudum və ordakı bir neçə şeir təsirləndirdi məni. Şeir budur, dedim. İnsanın özü də xəbəri olmadan gözündə yaş gilələnir... Bu şeirdə olduğu kimi:

Bir dəstə çobanyastığı aldı adam

Küçə çiçəkçisindən...

Qoxladı,

Heyrətləndi

"Qəribədir,

Bunlardan uzaq çöllərin ətri gəlir"

Gülümsədi çiçəkçi-

"Onları bağçamdan topladım"...

"Baxçanda günəş doğur?",

"Əlbəttə!"...

"Gecə yağış da yağıbmış"...

"Hə"...

Adam barmaqlarının ucunu

Ləçəklərdə qalan su damcılarına toxundurdu-

"Gözəldir"...

...Üzünü dənizə tutdu adam

Qağayılar sakit,

Səma tər-təmizdi.

Titrək əlləriylə

Çobanyastığı çiçəklərini bir-bir ayırdı dəstəsindən

Sulara atdı-

"Qadınım!"-söylədi astaca,

"Sənə çöl gətirdim"...

Bu artıq fərdi–fərqi iç duyumların mənalanmasıdı, qadınsızlıq ağrısının kişi nəzərlərindən mövcud dərinlik və gerçəklikdə, poetik gücdə açımı, qavramıdır. Eyni zamanda poeziyada apologiyası yaşanan “səs” dövrüdür, düşüncə dərinliyinin, pıçıltıya enişin önə keçməsidir.

Aqşin Evrənin şeirlərində dünya konteksti qabarıqdır, predmetə nüfuz, yanaşma dərin, ehtiva olunan poetik məzmun lirik-fəlsəfi düşüncələrlə zəngindir. Gənc şairin mətnlərində planetar düşüncə tərzi öndədi və şəxsi ömür, həyat bu planetin taleyi fonunda mənalandırılır. Aqşinin şeirlərindəki orijinal poetik məzmun şeirinin bədii quruluşunda da təcəssüm edir, bizə tanış epitetlərin qeyri-adi mənada təqdimi, poetik mükalimə və keçidlərin güclü məntiqi, gözlənilməz detallara müraciət, süjetli lirikaya meyil onun fərdi dəst-xəttini müəyyənləşdirən əsas cəhətlər kimi üzə çıxır. “Dünya yaşıl olanda” şerini oxuyaq:

Bütün dövlətlərin adı Yer Kürəsidir,

bütün bayraqlar göyərçin qanadı,

bütün musiqilər körpə gülüşü

Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü:

Biz də bu hərflərdən yapışıb yellənirik

Nə müharibə var,

nə göz yaşı, nə də qəm

Astaca pıçıldayıram sənə:

Əzizim, dodağını gətir söz deyirəm.

Aqşin sevgiyə, humanizmə, azadlığa dünya boyundan nəzər yetirir, daha çox işıq, sevgi ilə dolu şeiriyyat yaratmağa çalışır. Bu işığın saçdığı zolaqda xeyir-şər, müsbət-mənfi arifmetikası olmur, hətta olursa belə, daim birincinin xeyrinə işləyir.

Bu niyyət saflığı Könül Həsənqulunun şeirlərinə də xasdır. Gənc şairənin şeirlərindəki mənalı düşüncələr axarı orijinal intonasiya çalarları ilə əyaniləşir. K.Həsənqulunun “Böyük şair ürəyi” şeirinə diqqət edək:

Mən silahı
İnqilabı
Üsyanları
Qəhrəmanı
Yalnız şeirlərdə sevirəm

Aç ovuclarını sən
Sünbüllərə sığal çəkərək gəl
Silahlar qatil
İnqilablar ötəri
Üsyanlar ağır
Qəhrəmanlıqsa addır

Zəif səhhətini
Kədərli gözlərini
Və bir də o böyük şair ürəyini
Yanında da alışqanınla siqaretini
Götür gəl

Gözləyirəm -
Ovuclarımda qızıl buğda,

Əlimdə sevdan...
Zəmidəyəm...

Şeir həqiqətən “böyük şair ürəyi” ilə yazılıb. Müəllif bütün savaşların, qovğaların fövqünə insan hissini, insan sevgisini çıxarır və niyyətinin fərqli intonasiya ilə harmonik şəkildə ifadəsinə nail olur. Gənc şairənin əksər şeirləri süjetlidir, hissəni tamdan ayırmaq olmur, onlarda qəlibləri qıraraq təzə-tər duyğuların qanadın­da poeziya üfüqlərinə çıxmaq cəhdi var. Könülün şeirləri üçün ahəstə, lirik təhkiyə hakimdi və onlardakı bir-birini itələmədən yer alan söz və səs düzümü bu mətnlərin mühüm estetik komponentlərindən biri kimi təzahür edir. “Pencək”, “Qlobusun göz yaşları” şeirində şair iç ağrısını bəşəri kontekstdə sərgiləməyə müvəffəq olur. Məhz bu kontekstdən Könül Həsənqulunun şeirlərində zəmi, buğda, sünbül, oraq, biçinçi, külək, göyərçin - sülh, azadlıq rəmzi kimi mənalanır, amma milli şeirimiz üçün yeni olan üslub ədası, bədii intonasiya çalarında. Belə intonasiya fərdiliyini biz Ramil Əhməddə, Azər Musaoğlunda, T.Əbilov və Fərid Hüseyndə də görürük:

Azər Musaoğlu:

Kinoteatrdakı “Hatiko” filmini izləyən qadın

ayağa durub, üzünü tamaşaçılara tutub:

Sədaqətli olmaq üçün bir az it olun, insanlar, - deyib

gözləri yaşlı tərk etdiyi kişinin yanına getdi.

Mən orda deyildim, bilirəm bunu.

Kəsilmiş ağacdakı yuvanın içindən

quş balalarını götürən kişi

üzünü ağacı kəsənlərə tutub:

Faydalı olmaq üçün bir az ağac olun, insanlar, - deyib,

gözləri yaşlı ovcunu balalara yuva etdi.

Mən orda deyildim, bilirəm bunu.
adam olmaq üçün bir az uşaq olun
yaşamaq üçün bir az xatirə olun

Ramil Əhməd:

Bu qədər sevgilərin içində

kiminsə sevgisi itkin düşüb, elə bil.

Bu qədər səsin içində

hansısa doğma bir səs yox,

Bu qədər adamın arasında kimsə çatmır.

Əslində,

bu qədər sevgilər, səslər, adamlar artıqdı.

İndi bizə lazım olan sevginin, səsin, adamın sonuncu parçasıdı.

Və xoşbəxtliyə bircə hərf çatmır – o…

Əlbəttə, nümunə gətirdiyim şeirlərin mahiyyətində həyata və dünyaya baxışımıza yeni çalarlar əlavə edən, onları yeni biçim və ahəngdə sərgiləyən motivlər çoxdur. Müəlliflər poetik səciyyəli obrazların ahəng və şeriyyət axarına mənalı bir baxış, romantik bir ruh əlavə edir, yeni formada yeni məzmun qatı yaratmağa müvəffəq olurlar. Qeyri-adi qafiyə, bənzətmə və ifadə sistemi onlardakı lakonik üslubun göstəricisi kimi çıxış edir. Bu şeirlərdə çatışmayan sadəcə, melodiyadır. Amma bir məziyyəti də etiraf etməmiz gərəkdir: Azərbaycan poeziyasında intellektual, düşüncə predmetinə çevrilən şeir heç zaman indiki qədər siqlətli olmamışdır. Məsələn, gənc şair Fərid Hüseynin şeirlərindəki təsir bütövlüyü müəllif fikrinin, mətnin ruhunun oxucu erudisiyası ilə qovşağında baş tutur. Bu şeirlərdə düşüncənin özü maraqlı, orijinal, tutumlu, misralar çoxqatlıdır. Düşüncələrin palimpsest, yəni qat altından qat verən fəaliyyətində şüuraltını hərəkətə gətirən heyrətlər gizlənir və onlar müəllifinin rəngarəng, obrazlı ifadə sisteminin sayəsində həyata, dünyaya baxışımıza yeni ruh aşılaya bilirlər. Fəridin şeirlərindəki intonasiya seçilənliyi mövzu bənzərsizliyi və mətnaltı qatlar, dünyaya və insana yeni düşüncə və duyum spektrindən yanaşmaq istedadı ilə üzə çıxır və gənc şairin fərdi poetik üslubunun əyaniləşməsinə yol açır.

Musanın əsasıyla xatirələrim və ömrüm iki yerə bölünüb, -

daha ömrümə tərəf keçə bilmirəm.

Bir ömür ürək döyür sinəmizin qapısını – açmırıq,

Bax, bəlkə də budur əsl insan qəddarlığı.

Fərid Hüseynin ötən il çap olunan “Səfər şeirləri” də maraqlı metaforalarla zəngindir. Fərid ümumiyyətlə, milli ədəbiyyatımızda erudisiyası, intellekti ilə seçilən gəncdir və bu gün düşündürən poeziyanın bir qol kimi ayrılmasında onun şeirlərinin də rolu var. Düşüncələrin arasındakı məntiqi bağlılıq, gerçəkləri poetik qavrayış və bunu mətndə əyaniləşdirən təsvirlər axını onun şeirləri üçün səciyyəvi cəhətlərdir. Bununla belə, şeirlərin rasional tutumu onun hissi təsirini üstələyir. Gözəl fikirlərlə dolu, dolğun olmasına baxmayaraq, ifadə sisteminin daha çox prozaik mahiyyət daşıması, fikirlərin daha çox nəsr ladında təcəssüm olunması həmin şeirlərin oxucu yaşamına çevrilməsinə mane olmasa da, yaddaşa çevrilməsinə mane olur və bir qədər əvvəl vurğuladığımız melodik çaların olmaması estetik cazibəyə kölgə salır:

Təşbehsiz gözəllikləri sevirəm –

Allahın adları kimi...

İçimdəki şeiri ağzımdan çıxan buxar oxuyur havaya

Bu vaxt bir incə səs

öz zərifliyinə sadiq qalaraq soruşur: “nə düşünürsən?”

Mənsə doğulan gündən bu sualın cavabını

hazırammış kimi dərhal “Səni” deyirəm.

Çiynimə bir baş enir, uçur göyərçin ağrılar.

***

Davam edən və daim yenilənən, ədəbiyyatın isti qanı kimi axan bir yaşam sahəsi ilə bağlı fikir səsləndirmək çətin və mürəkkəb işdi. “Səni axtarıram, poeziya”, - deyib yola çıxdıq və amacımız yalnız yeni poetik nəfəs axtarmaq oldu. Ünvanı düzgün yerlərdəmi aradıq? Tapdıqmı? Bunu zaman göstərəcək. Hər şeyin dəyərini vaxtında deyil, sonradan verməyə adət etmiş Zaman...

Ədəbiyyat qəzeti, 13 avqust

# 5012 dəfə oxunub

Müəllifin son yazıları

# # #