Antuan de Sent-Ekzüperinin son sirri

Antuan de Sent-Ekzüperinin son sirri
2 avqust 2014
# 07:45

31 iyul 1944-cü ildə Korsika adasının Borqo aerodromundan fransız kəşfiyyat təyyarəsi “Lokxid R-38 “Laytinq”” uçuş edir. Uçuşun məqsədi Qrenobl ilə Leon arasındakı Alp regionunun aerofotolarını çəkmək idi.

Təyyarə müəyyən edilmiş vaxtda aerodroma qayıtmır və müttəfiqlərin itkiləri sırasına daxil olur. İkinci Dünya müharibəsi zamanı naməlum itkilər saysız-hesabsız olsa da bu təyyarənin taleyi araşdırmaçıları daha çox maraqlandırıb.

Axı pilot heç də sıradan bir təyyarəçi yox, “Balaca şahzadə” əsərinin müəllifi, məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperi idi.

Antuan de Sent-Ekzüperi hələ məşhur yazıçı olmamışdan əvvəl professional təyyarəçi kimi tanınmışdı. Hətta ədəbiyyat məşhurluğu ona bu çətin peşədən əl götürmək imkanı yaradanda belə Sent-Ekzüperi bunu etmədi. Göylərdən imtina etmək onun üçün özündən imtina etmək idi.

1923-cü ildə baş vermiş birinci aviaqəzadan sonra təyyarəçi Ekzüperi ordudan tərxis edilir. Amma 3 il sonra o, mülki təyyarəçi kimi geri qayıdır.

1932-ci ildə Antuan de Sent-Ekzüperi hidroplan sınağı zamanı az qalır ki, ölsün. O, məhv olan maşından son anda xilas olur. 1935-ci ildə Paris-Sayqon uçuşu zamanı Liviya səhrasında qəzaya uğramış Ekzüperini bədəvilər xilas edirlər. 1938-ci ildə Nyu-York-Odlu Torpaq uçuşu zamanı Qvatemalada qəzaya uğrayan yazıçı ağır yaralanır.

İkinci Dünya müharibəsi başlayan kimi Ekzüperi orduya yazılmağa can atır. Dostları onu fikrindən daşındırmağa çalışırlar: “Antuan, 39 yaşındasan. Fransanın min nəfər təyyarəçisi var, amma Sent-Ekzuperisi bir nəfərdir. Özünü riskə atma.” Amma Antuan heç kəsi dinləmir. O, kəşfiyyatçı təyyarənin pilotu olur və mütəmadi olaraq tapşırıqları yerinə yetirir. Hətta tapşırıqları uğurla yerinə yetirdiyinə görə Fransa Respublikası Hərbi Xaçı ordeni alır.

Fransanın məğlubiyyətindən sonra Sent-Ekzüperi ABŞ-a gedir. Burada dostları arasında rahatlıq tapan yazıçı ədəbiyyata qayıdır.

Ancaq artıq 1943-cü ildə o “Döyüşən Fransa” hərəkatına qoşularaq təyyarəçi-kəşfiyyatçı kimi Hərbi Hava Qüvvələrinin hissələrinə yazılır.

Sent-Ekzüperi məktublarında etiraf edirdi ki, onunla xidmət edənlərin ən yaşlısı belə ondan 6 yaş kiçikdir. Buna baxmayaraq tapşırıqlara uçmaq haqqının olduğunu iddia edirdi.

1944-cü ilin may ayında mayor Antuan de Sent-Ekzüperi komandanlıqdan beş kəşfiyyat uçuşu üçün icazəni demək olar ki, güclə qopardır. Limitini doldurandan sonra o təkidlə daha üç uçuş üçün icazə alır.

Sent-Ekzüperi üçün sürətli texnikanı idarə etmək artıq çətin idi. Bunu özü də, onun yoldaşları da bunu bilirdi. Lakin buna baxmayaraq 31 iyul 1944-cü ilə təyin olunmuş daha bir uçuşa icazə alır.

Saat 8:45-də təyyarə aerodromdan uçur... uçur ki, bir daha qayıtmasın.

Bir neçə on il sürən bu naməlumluq müddətində baş verənlər haqqında müxtəlif versiyalar səsləndirilmişdi. Deyirdilər ki, Sent-Ekzüperini xorvat ustaşları əsirlikdə görüblər. Guya işgəncə verəndən sonra güllələyiblər. Kimsə xəbər verib ki, Sent-Ekzüperini gah Cənubi Amerikada, gah da Sakit Okean adalarından birində görüblər. Başqaları iddia edir ki, depressiyaya düşmüş təyyarəçi özünə qəsd edib.

Onun həlak haqqında ən geniş yayılmış iki versiya var idi. Sent-Ekzüperinin təyyarəsi ya Alp dağlarında qəzaya uğrayıb, ya da alman təyyarəçiləri tərəfindən vurulub. Amma bunları təsdiq edəcək heç bir dəlil olmayıb.

7 sentyabr 1998-ci ildə “Horizont” balıqçı gəmisi Aralıq dənizinin Marsel şəhəri yaxınlığındakı hissəsində balıq tuturdu. Balıqçılar növbəti toru təmizləyəndə lil-palçığın içində nəyinsə parıldadığını görürlər. Gəmi kapitanı Jan-Klod Byanko parıldayan şeyin qolbaq-zəncir olduğunu görür. Qolbağın üstünə belə yazılıbmış: “Antoine de Saint-Exupery (Consuelo) — c/o Reynal and Hitchcock Inc. — 386 4th Ave N.Y. City — USA”. Konsuela yazıçının arvadı idi. Qolbaqdakı ünvan isə yazıçının Nyu-Yorkda yaşadığı yer idi.

Professional dalğıc Lük Vanrel 2000-ci ildə məlumat vermişdi ki, suya dalmalarının birində qolbaq tapılan rayonun dibində təyyarə görüb.

Fransa hökuməti dərhal həmin rayonda axtarış aparılmasını qadağan edən qərar qəbul edib. Axtarışın aparılmasına rəsmi icazə 2003-cü ildə alınır. Təyyarənin qaldırılmış fraqmentlərindən biri pilot kabinəsinin hissəsi idi və o 2734-L təyyarəsinə məxsus idi. Hərbi arxivlərdə aparılan yoxlamalar zamanı məlum olur ki, 2723-L bort seriya nömrəsi ABŞ Hərbi Hava Qüvvələrində 42-68223 nömrəsi ilə çıxış edən təyyarə ilə eynidir. Daha doğrusu Sent-Ekzüperinin idarə etdiyi “Lokxid R-38 “Laytinq”” təyyarəsinin nömrəsidir.

Araşdırmaçılar qəzanın üstündən uzun illər keçdiyinə görə Sent-Ekzüperinin cəsədinin qalıqlarını tapa bilmirlər. Yazıçıdan qalan təkcə qolbaq idi.

“Balaca Şahzadə”nin müəllifinin harada ölməsi məsələsinə aydınlıq gəlsə də hadisənin baş vermə anı hələ də qaranlıq idi.

2008-ci ildə yazıçının sonuncu sirrini araşdıran araşdırmaçılar arxiv məlumatları əsasında 31 iyulda Sent-Ekzüperinin öldüyü rayona yaxın ərazilərdə döyüş tapşırığını həyata keçirmiş alman pilotlarının siyahısını çıxarırlar.

Axtarış dəstəsi 88 yaşlı Horst Ripperə zəng edib yazıçının adını çəkən kimi o qısaca cavab verir: “Axtarışı dayandıra bilərsiz. Onu mən vurmuşam.”

Ripperin sözlərinə görə 31 iyul 1944-cü ildə Marsel rayonu ərazisindəki aerodromdan “Messerşmitt-109” təyyarəsində uçuşa qalxır. Dəniz üzərində o fransız fərqləndirici nişanlı təyyarə görür və hücum etmək qərarına gəlir. Vurduğu təyyarənin dənizə düşməsini alman təyyarəçi öz gözləri ilə görür.

Amma almanların rəqib təyyarələrinin vurulması hesabatına bu qələbə əlavə olunmayıb. Buna görə də “Lokxid R-38 “Laytinq””-in vurulması haqqında Ripperin sözlərindən başqa fakt yoxdur.

Həmin axşam müttəfiqlərin radiodanışıqlarını tutan almanlar Antuan de Sent-Ekzüperinin itməsi xəbərini öyrənirlər. Ripper kimi vurduğunu başa düşür.

Alman təyyarəçi üçün bu şəxsi faciə idi. Çünki o yazıçını tanıyır və əsərlərini sevirdi. “Mənim cavanlıq vaxtlarımda hamı onun kitablarını oxuyur və hörmət edirdi”, - Ripper araşdırmaçılara deyir.

Alman təyyarəçi etiraf edir ki, fransız yazıçını vurduğuna sonadək əmin deyil. Amma arxiv məlumatlarının analizi təsdiq edir ki, 31 iyul 1944-cü ildə məlum rayonda ancaq “Lokxid R-38 “Laytinq”” ola bilərdi. Bu təyyarənin pilotu isə Antuan de Sent-Ekzüperi idi.

Qısacası möcüzələrə inananlar üçün alman təyyarəçinin sözü əhəmiyyət kəsb etmir. Axı Aralıq dənizindəki təyyarənin kabinəsindən yazıçının qalıqlarını tapa bilməyiblər. Deməli, o həlak olmayıb, sadəcə qeyb olub. Bu planetə bir daha Balaca Prinsi ilə qayıtmaq üçün uçub gedib.

# 6205 dəfə oxunub

Müəllifin son yazıları

# # #