Ləqəbi “Çiləyən Cekson”, qiyməti 140 milyon

Ləqəbi “Çiləyən Cekson”, qiyməti 140 milyon
15 iyun 2013
# 07:15

Qiyməti milyon dollarlarla ölçülən rəsm əsərləri. Onları necə adlandıraq, incəsənət nümunələrimi, yoxsa, xəzinə, ləl-cəvahirat, dəfinəmi? Axı kətandan, taxta çərçivədən və boya kimi sadə vasitələrdən hazırlanmış bu əsərlərə hər il hərraclarda, satış mərkəzlərində milyonlarla dollar vəsait ödənilir, onlara sahib olmaq uğrunda varlılar arasında açıq və qapalı mübarizə gedir.

Bu əsərlərə sahib olmaq zənginliyin, əsilzadəliyin göstəricisinə çevrilir. Bəs dünyanın ən bahalı rəsm əsərləri hansılardır. Kulis.Az “Dünyanın 10 ən bahalı rəsm əsəri”nin siyahısını təqdim edir.

Xatırladaq ki, bu siyahıda yalnız hərraclarda satılmış əsərlər aiddir. Dövlət muzeylərində saxlanılan, satışa çıxarılmamış əsərlər bu siyahıya aid deyil.

1. Müəllif: Pol Sezann.

Adı: “Kart oyunu”.

Ölçü: 97x130 sm

İl: 1895

Qiyməti: 250 milyon dollar

Satış ili: 2012

Satış növü: Şəxsi satış

“Kart oyunu” əsəri Fransa postimpressianistlərindən olan Pol Sezannın (1895-1906) bu qəbildən olan beş əsərindən biridir. Əsərin sahibi Qatar kral ailəsidir. Onlardan əvvəl əsərin sahibi yunan miliyarder Georq Embirikos olub.

2. Müəllif: Cekson Pollok

Adı: “Nömrə 5”.

Ölçü: 244x122 sm

İl: 1948

Qiyməti: 140 milyon dollar

Satış ili: 2006

Satış növü: Sotbis hərracı

1912-ci ildə anadan olmuş, 1956-cı ildə avtomobil qəzasında həlak olmuş ABŞ abstraksionist rəssamı Cekson Pollok bu əsəri özünün xüsusi metodu ilə çəkib. “Çiləyən Cekson” ləqəbi qazanmış rəssam kətanı yerə sərərək kənardan boyanı fırça ilə üzərinə çiləyirmiş. Rəssam bunu özünün xüsusi texnikası hesab edirdi.

Əsər məşhur kinoprodüser və kolleksioner Devid Qiffen tərəfindən meksikalı maliyyəçi Devid Martinesə satılıb.

3. Müəllif: Villem de Kuninq

Adı: “III Qadın”.

Ölçü: 171x121 sm

İl: 1953

Qiyməti: 137.5 milyon dollar

Satış ili: 2006

Satış növü: Şəxsi satış

Holland rəssam 1904-1997-ci illərdə yaşayıb yaradıb. 12 yaşından rəsm çəkən Kuninq 22 yaşında ABŞ-a köçüb. Üslubu ötən əsrin 30-40-cı illərində formalaşmış rəssama Pikasso və Mironun təsiri böyük olub. Rəssam bu əsəri iki ilə çəkib.

4. Müəllif: Qustav Klimt

Adı: “Adeli Blox Bauerin portreti”.

Ölçü: 136x138 sm

İl: 1907

Qiyməti: 135 milyon dollar

Satış ili: 2006

Satış növü: Sotbis hərracı

Qustav Klimt (1862-1918) Avstriyada modern cərəyanın banisi sayılır. Əsasən qadın rəsmləri çəkən rəssamın əsərləri erotizmi ilə xüsusilə seçilir.

“Qızıl Adel” və ya “Avstriya Mona Lizası” da adlandırılan əsər indiki sahibi kosmetika nəhəngi Ronald Lauderə gəlib çıxana qədər olduqca keşməkeşli bir “tale” yaşamış, bir ara hətta nasistlərin əlinə keçmişdir.

5. Müəllif: Edvard Munk

Adı: “Çığırtı”.

Ölçü: 91x73.5 sm

İl: 1895

Qiyməti: 119.992 milyon dollar

Satış ili: 2012

Satış növü: Sotbis hərracı

Norveç rəssamı Edvard Munk (1863-1944) ekspressionizmin ilk nümayəndələrindən biridir. Munk “Çığırtı” seriyasından 4 əsər çəkib.

“Çığırtı” hərraca çıxarılandan 12 dəqiqə sonra satılıb.

6. Müəllif: Pablo Pikasso

Adı: “Büst və yaşıl yarpaqların fonunda çılpaq qadın”.

Ölçü: 162x130 sm

İl: 1932

Qiyməti: 106.482 milyon dollar

Satış ili: 2010

Satış növü: Kristis hərracı

İspan rəssam Pablo Pikasso (1881-1973) dünyanın ən bahalı rəssamlarından biri olaraq qalır. Bu əsər kubizm cərəyanın əsasını qoymuş rəssamın ən önəmli əsərlərindəndir.

“Büst və yaşıl yarpaqların fonunda çılpaq qadın” tablosunda rəssam sevgilisi Mari-Terez Valteri çəkib. Əsərin sahibinin adı gizli saxlanılır. Cəmi bir dəfə nümayiş olunub.

7. Müəllif: Pablo Pikasso

Adı: “Oğlan çubuqla”.

Ölçü: 100x81.3 sm

İl: 1905

Qiyməti: 104.168 milyon dollar

Satış ili: 2004

Satış növü: Sotbis hərracı

“Oğlan çubuqla” Pikassonun kubizmə qədərki əsərlərindən biridir. Onun erkən əsərləri hərraclarda çox az görünür. Pikasso 100 milyonluq həddi aşmış ilk rəssamdır. Bu əsərin ilkin qiyməti 70 milyon dollar hesab edilirdi.

Adı gizli saxlanılan sahibin rus olması şayiəsi gəzir.

8. Müəllif: Endi Uorholl

Adı: “Səkkiz Elvis”.

İl: 1963

Qiyməti: 100 milyon dollar

Satış ili: 2008

Endi Uorholl (1928-1987) rəssam, yazıçı, kolleksiyaçı və ən əsası pop-art cərəyanının aparıcı ustalarından biri kimi tanınır. Onun əsərlərinin reproduksiyaları pop-artı sevən bütün həvəskarların evlərini, ofislərini bəzəyir.

“Səkkiz Elviz” 40 il müddətində italyan kolleksiyaçı Annibale Berlinqyerinin şəxsi kolleksiyasında olub. Hazırkı sahibi gizli saxlanılır.

9. Müəllif: Pablo Pikasso

Adı: “Dora Maarın portreti”.

Ölçü: 103x97 sm

İl: 1941

Qiyməti: 95.216 milyon dollar

Satış ili: 2006

Satış növü: Sotbis hərracı

Pikassodan daha bir şedevr. Pikasso ilə Dora Maar 1930-cü ildə tanış olublar. Münasibətləri 1946-cı ilə kimi davam edib. O, Pikassonun sevimli modellərindən olub. Əsər bu yaxınlarda aşkar olunub, orijinal olduğunu isə rəssamın qızı Maya Vidmayer təsdiqləyib.

Əsər sahibinin adı gizli saxlanılır.

10. Müəllif: Qustav Klimt

Adı: “Adeli Blox Bauerin portreti II”.

Ölçü: 190x120 sm

İl: 1912

Qiyməti: 87.936 milyon dollar

Satış ili: 2006

Satış növü: Kristis hərracı

Adelinin ikinci portreti əvvəlkindən cəmi bircə ay sonra satılıb. Ümumiyyətlə mütəxəssislər bu hərracı olduqca özünəməxsus hesab edirlər. Çünki ümumilikdə Klimtin 4 əsəri satışa çıxarılıbmış.

Hətta Avstriya hökuməti əsərləri milli sərvət hesab edərək vətəndaşlarını vəsait toplayaraq bu əsərləri almağa sövq edirmiş.

“İkinci Adeli”nin sahibinin adı gizli saxlanılır.

# 2613 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #