Yeni ili qəbiristanlıqda şərabla qarşıladım

Yeni ili qəbiristanlıqda şərabla qarşıladım
1 oktyabr 2013
# 07:30

Kulis.Az Ayşe Armanın “Yalan dünya” serialından Vasfiye teyze obrazı ilə tanınan aktrisa Qonca Vuslaterinin müsahibəsini təqdim edir.

- Ürkək, yalnız və kədərli görünürsən. Həqiqətən beləsən?

- Eləyəm.

- “Qəbirstanlığı sevirəm” nə deməkdi?

- Qəbiristanlıqları sevirəm, çünki özümü orda daha yaxşı hiss edirəm.

- Bunları qeyri-adi görünmək üçünmü deyirsən?

- Yox. Bir neçə il əvvəl əlimdə Tezel Özlünün kitabı (türk yazar-red.), Aşiyan qəbirstanlığındaydım. Əsərdə xəstələnib xəstəxanada yatdığı bir hissə vardı, o bölümə çatanda hönkürərək ağlamağa başladım. Çünki sözləri mənə çox təsir etdi. Necə ki, Oskar Ualydı oxuduğun zaman “Toxun mənə!” deyirsən, bax o cür təsiredici idi. Gələcəyimi görmədiyim bir dönəm idi. Hamı “istedadlısan” deyir, amma bir çıxış yolu tapa bilmirəm. Çox gəncəm, pulsuz-parasız günlərimdi. Tezer Özlüylə öz-özümə danışdım: “Buraya gəl və mənə bir şey söylə. Ən azından acından ölməyəcəyimi söylə!”

O arada yanıma iki qız gəldi. Aşiyan qəbiristanlığının harda olduğunu soruşdular, arxada olduğunu söylədim. “Biz Tezer Özlünün məzarını ziyarət etməyə gəldik”- dedilər. Dissertasiya yazırmışlar. Birdən tüklərim biz-biz oldu. Şoka düşmüşdüm. “O da burda dəfn olunub?”- deyə soruşdum.

- Və qızlardan sonra sən də ziyarətinə getdin…

- Əlbəttə. Ona “Bir quşun portretini çəkmək” şeirini oxudum. Sonra Münir Nurəddini də ziyarətə getdim. Beləcə mənim qəbiristanlıq macəram başladı. Tez-tez qəbirüstünə gedib sənətçilər və ədəbiyyatçılarla söhbət edirəm. Eşq ağrılarımı danışır sonra da ağlayırdım. 2011-ci ildə Parisə getdim. Yeni ili tək başıma qəbiristanlıqda qarşıladım.

- Zarafat edirsən!

- Xeyir. Əlimdə bir şüşə şərab, Edit Piafın məzarına getdim. Sevgilimdən ayrıldığım vaxtlar idi. Koreya və yapon turistlər uzaqdan şəkilimi çəkdilər. Deyəsən Edit Piafın qohumu olduğumu filan düşündülər. Hönkürərək ağlayırdım. Halımı görən mühafizə xidməti dedi: “Sizi burdan çıxara bilmərik, amma halınız yaxşı deyil. Evə getmək istəyəndə deyin sizi yola salaq”. Sonra mənə rəhmləri gəldi, gecəni orda keçirməyə icazə verdilər.

- Bu necə izah oluna bilər?

- Həyatda hər şeyi izah edə bilmirsən. Amma yaxşı oldu, qəbiristanlığı başdan axıra qədər gəzdim. Jan de Lafonten, Molyer… Hər birinin torpağına sarıldım. Qəbiristanlıqlar həqiqidir. Dünyanın harasında olursa olsun orada sadəcə kim üçünsə dua edilir. Orda müqəddəslik və hörmət vardır. Bir də zənn edilənin əksinə olaraq insanı qaranlıqdan çıxarıb aydınlığa aparır. Evə qayıdanda içindən bir səs deyir: “Haydi, yaşa!” Ən azından məndə bu cür olur.

- İstedadınla işıq saçırsan, amma “qaranlıq” tərəfin də var.

- Həmişə belə olmuşam. Çox yorucu insanam. Ən çox da özümə qarşı. Bukinistə gedirəm, səsgücləndiricilərə əhəmiyyət vermirəm, II Dünya müharibəsindən qalma alman vallarını alıram.

- Dostların çoxdurmu?

- Çoxdur. Amma arada məndən uzaqlaşırlar. Gərgin, dəlisov davranışlarım olur. Çox sorğu-sual eləyirəm, “niyə belə oldu”, “niyə elə oldu” deyə. “Məni eşit!” deyirəm. Həmişə böyük şeylər istəyirəm. Təbii ki, insanları qorxutmağa başlayıram. Depressiv oluram. Bu halım çox qorxuncdur. Çox ciddi bir iş görüşməsində mənə qulaq asmaqlarını istədiyim üçün var gücümlə qışqırmışdım. Mən qışqıranda millət rahatlayır. Sonra da bir qəhqəhə çəkirəm. Hiddətimin içində bir kədər də var.

- Sənin psixoloji durumundan şübhələnən oldu?

- Konservatoriyaya girdiyim ilk il şübhələndilər. Bir il məktəb psixoloqunun yanına getdim. Mənə boş yerə “Dəli Qönçə” demirlər ki.

- Fotolarda çox qadınsal görünürsən. Amma normalda bunu göstərmirsən. Qadınsallıqla bağlı bir problemin var?

- Mən həmişə oğlanlarla oynamışam. Sapan, yeddişüşə mənim həyatıma çox tez girdi. İlk yubkamı illər sonra geyinmişəm. Hələ də çox nadir hallarda dikdaban geyinirəm.

- Amma çox kiçik manevrlərlə inanılmaz dişi olursan…

- Bu cür şeylər məni o qədər də maraqlandırmır. Hələ balaca vaxtdı otağımda da seksual qadın şəkilləri olmazdı. Nənələrimin şəkilləri olardı. Mən qadının həqiqi enerjisinin 40 yaşından sonra başladığına inanıram. Qadınsallıq məsələsinə gəldikdə isə, çəkilişlərdə “qadın” oluram. Mənə bu kifayət edir, artığını istəmirəm.

- Halbuki, bir ox qadından seksualsan!

- Bir kişinin qadının sadəcə xarici görünüşünü bəyənməsi hər hansı bir kitabı içindəkini bilmədən kiməsə hədiyyə etmək kimi bir şeydir.

- Bloqunu oxudum. Təəccüblü şeirlərin və hekayələrin var. Məsələn, uşaq ikən bir dostunun ayaqqabısının altını yalamısan. Bu nə deməkdi?

- Maraq. Necə bir hissdir, necə bir daddır? Uşaqlıqdan bəri əcaib yerləri yalayıram. Məktəbə gedərkən də sağıma soluma baxıb beton yalayırdım. Budaqları, çiçəkləri yalayıram. Payızda da ağacların budaqlarına baxıram. Bütün ağaclar mənim üçün rus teatrıdır. Hamısı Çexov, Çoxov kimi baxır!

- Ailəniz necədir?

- Atam zabit idi. Uşaqlığım hərbi şəhərcikdə keçdi. Anam xarakterli qadın idi. Enerjisi, zarafatları, atamla rəqsləri… onsuz da məhəbbətləri həmişə dillər əzbəri olmuşdu. Atam əcaib yaraşıqlı biridi. Əlindən tutub gəzməyi xoşladığım kişidi. Onun kimi yaraşıqlı bir kişi olsun həyatımda deyə çox dua edirəm. Anamla münasibətləri olduqca ehtiraslı olub.

- Atanla anan neçə il evli qalıblar?

- 17 il.

- Ailədə hamı yaradıcıdı, sən də çox yaxşı aktrisasan.

- Mənim aktrisa olmağıma anam qərar verdi, mən yox.

- Necə yəni?

- Balaca vaxtı “Böyüyəndə kim olacaqsan?” soruşanda anam təkid edərdi ki, “aktrisa olacam” deyim. Heç uşaq tamaşalarına aparmazdı bizi, ancaq böyük əsərlərə gedərdik. Uşaq kitabları da oxutdurmazdı.

- Otuz yaşının olmasına üç il qalıb, planların nədir?

- Ana olmaq.

- Evlilik?

- Məsələn, bir dostum zəng vurub deyir ki, boşanırıq. Mən onu yalnızlığa hazırlayan sözlər deyir, amma dəstəyi yerə qoyan kimi hönkürtü ilə ağlayıram. Mən yol yoldaşlığına, zamanı paylaşmağa, hətta birlikdə qocalmağa inanıram. Həyat yoldaşımla yaşlı vaxtlarımıza qədər bir yerdə ola bilsək, ona başqa bir eşq yaşamağa da icazə veərərm.

- Bəs indi olmaz?

- İndi 27 yaşındayam. Ağız-burnunu dağıdaram!

- Sevişəndən sonra şeir yazırsan.

- Bəli. Sevişməyin həyatımdakı rolu budu. Mən sevişməkdən ancaq ədəbiyyat yaranacağına inananlardanam. Bir də uşaq yarana bilər, amma o da əsər sayıla bilər. Demək istədiyim odur ki, sevişmək çox qiymətli bir şeydir. Amma səhv başa düşmə, tərəf müqabilinin xarakteri istisna olmaqla sevişmək qiymətlidir. Səhv bir adamı sevə bilərsən, amma həyatın boyu ən gözəl sevişdiyin bədən onunku olar. O hissiyyatı başqa heç kəsdən ala bilməzsən. Sevişmək heç kəsin girə bilməyəcəyi bir otaqdı. Şeirlər, xarakterlər, eşq etirafları hamısı o otaqdan çıxar.

- Çox yaxşı aktrisasan, amma Vasfiyə xala personajı ilə aləmi bir-birinə vurdun. Belə uğurlu olacağını təxmin edirdinmi?

- Xeyr, heç. Əvvəl o auraya girə bilmədim. Gecə saat 1-də Gülsəlin (serialın ssenaristi-red.) evinə getdim. “Olmur!” deyə onu razı salmağa çalışdım. Bütün kollektiv dəstək verdi. O da başımı sığallayaraq “Olacaq!” dedi. Hasibə və Füsun abla da ora gəldilər. Onlar da “alınacaq” –dedilər. Bir daha oynadıq. Onlar rolun alındığına məni inandırmasaydılar mən davam edə bilməzdim. Hamımızın həyatında bir Vasfiyə xala var.

- Heç bir məkana bağlılıq hiss edə bilmirsən?

- Xeyr. Düzü, bu ev yaxşı təsir elədi. Davamlı olaraq nə iləsə məşğulam. Keçən dəfə bir dostum “Sizə gələ bilərəm?” deyə soruşdu. Ona 10 ildir içimdə saxladığım sözü dedim: “Müsait deyiləm”. İlk dəfə köçəri həyatdan rejimli həyata keçdim. 10 il idi ki, dostlarımın evində qalırdım. Menecerim bu evi mənə aldırdı. Mənə qalsa idi, o pul çoxdan xərclənib getmişdi.

- Atanın ateist olması sənə necə təsir göstərib?

- Atam “Mən ateistəm” deyə ortalıqda gəzməzdi. Amma inancla bağlı söhbətlərimiz də olmadı. Anamla oldu. Spiritual qadındır. “İnanmırsansa, inan!” deyir həmişə.

- Bir kişi ilə ən uzun münasibətin nə qədər davam edib?

-5 il, 1.5 il, 1 il…

- Nə kimki problemlər olur sənə doğru?

- Görəsən tərk eədəcəkmi? Görəsən tərk edəcəmmi?

- Başqa?

- Saymazyanalıq. Kübar və hörmət etməyi bacarmalısan. Bizim ailədə bunu həmişə görmüşəm deyə hansısa kişidə bunu görəndə pis oluram. Bir də ata-anasıyla möhtəşəm bir uşaqlıq keçirmiş kişi məni xoşbəxt edir. Qadınlar keçmişlə baş apara bilirlər, amma kişilər isə həmişə keçmişdən sallanıb qalır.

# 4228 dəfə oxunub

Müəllifin son yazıları

# # #