Yazıçı olmağın ən birinci qaydası

Yazıçı olmağın ən birinci qaydası
30 oktyabr 2014
# 08:45

Nərmin Yıldırım 1980-ci ildə Türkiyədə doğulub. Jurnalist fəaliyyəti ilə məşğul olub. Üç romanı var. “Unutma məni binası”, “Yuxuları danışmaq olmaz”, “Gizli bağçalar xəritəsi” romanlarının müəllifidir.

Kulis.Az Nərmin Yıldırıma görə “Yazıçı olmağın 10 qaydası”nı təqdim edir.

1. “Oxu!” Deyəsən ilk əməl etməli olduğumuz bu qədim qaydadı. Zira, yaxşı oxucu olmayan pis yazıçı belə ola bilməz.

2. Murakami hər səhər qaçır. Mən onun qədər becid olmadığım üçün hər səhər gəzirəm. Səhər yazmağa başlamamışdan əvvəl iki saata yaxın gəzirəm. Hamı üçün məqbul sayılan bir üsul olmaya bilər, amma yazmağa başlamamışdan əvvəl bayıra çıxıb gəzmək, bir tərəfdən təmiz hava alıb, bir tərəfdən də o gün yazacaqlarınızı planlaşdırmaq sizi yazmağa hazırlaya bilər.

3. Vircinia Vulfun məsləhətinə qulaq asıb yazmaq üçün özümüzə məxsus bir otaq ayıraq. Bəzən bu mümkün olmur. O zaman Ursula K. Le Quinin məsləhətinə qulaq asaq; mətbəx masası belə yetər. Yazdıqlarımızla yalnız qala biləcəyimiz bir guşə. Tutalım onu da tapmadıq, o vaxt ətrafımızda heç kəs yoxmuş kimi davranmaq qabiliyyətinə yiyələnək O da yoxsa, biz onlar yoxmuş gibi davranırkən özündən çıxdığımızı düşünənlərə fikir verməmək qabiliyyətinə yiyələnək.

4. Başqa bir tərəfdən... Yazı yazmağı ciddiyə almaqla bunu edən adam olaraq özümüzü ciddiyə almaq eyni şey deyil. Bu kiçik detalı xatırlamaq sadəcə yaxşı yazıçı olmaq üçün deyil, yaxşı insan olmaq üçün də gərəklidir. Hə, yaxşı yazıçı həm də yaxşı insan olmalıdırmı? Xeyr. Olsa pis olarmı? Xeyr!

5. Əgər avtobioqrafik əsər yazmırıqsa əlimizə qələmi/klaviaturanı aldığımız andan etibarən sevdiyimiz, yaxud nifrət etdiyimiz adamları bir müddətə unutmağımız yerinə düşər. Hər mövzunu araşdırıb bir tərəfini onlara bağlamaq zərurəti hiss ediriksə buna görə bəlkə də gündəlik tutaraq içimizi boşaltmalıyıq. Jorj Simenon necə deyib: sevgililərinizi öldürün!

6. Özümüzə kiçik lövhələr düzəldib, qeydlər götürüb yapışdırmaq əla iş üsuludur. Hekayəmiz o notlarla böyüyər, böyüyər və... haaazırdı.! Bir müddət sonra lövhəyə baxdıqda orada yazacağımız mətnin xəritəsini görə bilərik. Artıq ağlımızın labirintində itmək ehtimalı daha azdır. Üstəlik bundan sonra boşluqları doldurmaq, yeni detallar əlavə etmək daha da zövqlü olacaq.

7. Mən razı, yaxşı yazıçının pis insan olmasına lüzum yoxdur, amma dünyanın ən sevimli və sosial insanı olmaq məcburiyyətində də deyilik. Bütün çağırılan yerlərə getməsək də olar. Yazmaq üçün intizam vacibdir. Gündə bir saat, ya da on bir saat-öz yazı ritmimizi müəyyənləşdirmək lazımdır. Dahi deyiliksə, təəssüf ki, çox çalışmalı olacağıq.

8. Məlumdur ki, dialoq dili ilə təhkiyə dili bir-birindən olduqca fərqlidir. Son dərəcə ədəbi, intellektual, şahanə cümlələrdən yaxşı dialoqlar alınmaya da bilər. Hər halda bütün obrazlarımız Aristotel deyil. O, həqiqi danışıq dilini axtardığımızda yazdığımız dialoqları ucadan oxuyub necə səsləndiyinə diqqət edə bilərik.

9. Lüğətlər həyatımızı xilas edə bilər. Botanika lüğəti, astronomiya lüğəti, aviasiya terminləri lüğəti, ağlımıza nə gəlirsə... Tutalım qəhrəmanımız üzərində işlədiyi simfoniyadan başı xarab olmuş bir bəstəkardır, musiqi ilə bağlı məlumatlarımız isə olduqca azdır. O zaman tez yapışmalıyıq musiqi terminləri lüğətindən...

10. Son olarak… Bütün bunları unudun! Balzak başına yun şal bağlayıb ayaqlarını da su dolu ləyənə soxub yazmağa başlayarmış. Balzak kimi gözəl yazmaq üçün indi biz də o cür edəkmi?! Onsuz rəhmətlik də yaşasaydı, eyni şeyi məsləhət görməzdi. Uzun sözün qısası, hər kəs bildiyi yolla getsin. Ən birinci və yeganə qayda hər halda oturub (ona belə ehtiyac yoxdur, ayaq üstə də yaza bilərsiz) yazmaqdır. Qəzamız mübarək olsun!

# 2027 dəfə oxunub

Müəllifin son yazıları

# # #