Kinorejissor, yazıçı Həsən Seyidbəyli 1971-ci ilin noyabr, 1972-ci ilin mart aylarında bir dəstə incəsənət işçiləri ilə birlikdə Amerika Birləşmiş Ştatlarında, Meksikada olmuş, Belçikanın şəhərlərini gəzib. Sonralar “İyirmi gün Amerikada” adlı yol qeydlərində bu səfər haqqındakı təəssüratı toplayıb.
Kulis.Az Həsən Seyidbəylinin “İyirmi gün Amerikada” kitabını ixtisarla təqdim edir.
Yazının əvvəlini buradan oxuyun
Yenə nömrəmizə qayıtdıq və televizoru qurduq. Amerikanın televiziya proqramları içərisində yenə də maraqlı verilişlər axtarmağa başladıq. Bir-birini amansızcasına gülləbarana tutan kovboylarla rastlaşdıq. Yenə maşınlar haqqında təzə məlumatlar eşitdik.
Şəhərin mərkəzində böyük mağazaları çoxunda qəribə mənzərələri seyr etdik. Bir yanda “Xilas ordusu” narkomanları, tiryəkçiləri düçar olduqları bu amansız xəstəlikdən qurtarmaq üçün camaatdan pul yığır, bir yanda uzunsaçlı oğlanlar və qızlar səkilərin üstündə oturub öz əl işləri olan sırğaları, kəmərləri, qolbaqları yerə sərdikləri parçanın üstünə səpələyir və həm bir-birlərini nazlayır, həm də alver edirlər.
Böyük mağazalarda yaman qələbəlik var. Qiymətləri salınmış malların ətrafına o qədər adam yığışıb, o qədər əl qurdalanır ki, bilmək olmur bu malların pulunu verib aparırlar, yoxsa elə pulsuz çantaya atıb çıxıb gedirlər. Sonralar eşitdik ki, bu mağazaların gizli yerlərində televiziya qurğuları var. O, televiziya aparatları vasitəsi ilə mağaza keşikçiləri bütün şöbələrə nəzarət edirlər. Buna görə də belə mağazalarda çox vaxt satıcı görünmür.
Bahalı mağazalarda isə vəziyyət başqa cürdür. Müştəri görmək olmur. Belə mağazalar əsasən xəlvətdir. İçəri girirsən, səni qarşılayan satıcılar elə mehribanlıq, elə hörmət göstərirlər ki, bir şey almamış getmək olmur. Burada hər şeyin qiyməti birə-on, birə iyirmi bahadır.
Aşağı mərtəbədəki malların qiyməti yuxarı mərtəbələrdəkinə nisbətən ucuzdur. Deyilənə görə, bəzi amerikalılar aşağı mərtəbəyə enməyi özlərinə ar bilirlər. lakin biz amerikalı deyildik. Bütün mərtəbələri gəzirdik.
Aşağı mərtəbədə işləyən satıcılar daha mehriban, daha sadə insanlardır. Çox söhbətcildirlər. gülüb-danışır, zarafat edir, haradan gəldiyimizi soruşurdular. Ucaboylu, yetmiş yaşlarında qoca amerikalı eşidəndə ki, biz Sovet İttifaqındanıq, çox sevindi, soruşdu ki, hansı yerlərdənik.
Dedim ki, Azərbaycandan. Dedi, mən də orda olmuşam. Cəld mənə şimal qütbündə yaşayanlara daha lazım ola biləcək bir kürk təklif etdi. Kürkə baxan kimi gülüb dedim ki, siz Azərbaycanda olmamısınız. Azərbaycanda qış aylarında qar yağsa da, belə kürkün içərisində biz bişərik. Dedim ki, günəşli ölkədən gəlmişik, Odlar diyarından!
***
Dallas təyyarə meydanında bizə dedilər ki, dayanmağın vaxtı qısaldılıb. Çünki təyyarə yolda bir balaca ləngiyib.
Burada dayanmağa onsuzda həvəsimiz yox idi, şəhərin adı Kennedinin ölümünü yada salırdı.
Təyyarəmiz yenidən havalanıb San-Fransiskoya sarı üz tutdu. Dallasda təyyarəmizi yeni stüardessalar qəbul etmişdilər. bu qızlar daha zirək, daha cazibəli idilər. xüsusən bəstəboy bir qız yaman dilavər və cəsarətli idi. Hər hərəkəti ölçülüb biçilmişdi. Atası yaşında olan kişilərlə elə danışırdı ki, elə bil öz tay-tuşu ilə söhbət edirdi. Bunun da ölçüsünü bilirdi. “Sən kişisən, mən qadın.” Anlayışını əsas tuturdu. Zərif əlini xəfifcə cavan sərnişinlərin üz-gözünə, saçlarına toxundurur, onları nazlayırdı.
Bizimlə gedən gürcü rejissoru həmin stüardessaya xırdaca bir suvenir bağışladı. Stüardessa da bunun əvəzində öz hədiyyəsini əsirgəmədən əyilib, gürcü dostumuzun üzündən öpdü. İndi sərnişinlər tez-tez ona suvenir bağışlayır, o da əyilib onların yanağından xəfifcə öpürdü. Sərnişinlərdən biri xüsusilə canfəşanlıq göstərdi. Bir-birinin dalınca üç suvenir baöışladı. Və nəhayət, istədiyinə çatdı. Üçüncü suvenirdən sonra qız onun dodaqlarından öpdü. Sərnişinlərin “qələbəsi” gurultuya səbəb oldu: hamı əl çaldı. Bu da bir növ istirahət idi. Amerikalılar belə istirahəti sevirlər.
Təyyarəçi təyyarəni yaxşı idarə edəndə, yerdən rahat ayrılanda, yaxud yerə rahat endirəndə sərnişinlər əl çalıb, onu alqışlayırdılar.
Amerikada qələbəlik çoxdur: bələdçimiz deyir ki, Amerikada evdar qadınlar da ev işləri sahəsində elmi dərəcə ala bilirlər. ev işləri üzrə elmlər doktoru dərəcəsi adı alan qadınlar da var. Müsyö Jan fikrini davam etdirib deyir ki, amerikalılar həftədə, əsasən üç gün ət yeyirlər, bir gün balıqla, qalan günlər isə meyvə və tərəvəzlə dolanırlar.
Proqramların birində səhnədə, tamaşaçıların qarşısında çıxış edən iki nəfəri göstərirdilər. Birincisi ortayaşlı bir kişi, o biri qara eynəkli, cavan bir oğlandı. Onlar bir az danışdılar. Nə isə gülməli söhbət edirdilər, çünki zalda hamı gülürdü. Sonra qara eynəkli oğlan əlindəki gitaranı uzun, arıq barmaqları ilə dindirdi, oxumağa başladı. Yaxşı oxuyurdu. Yarı mahnı, yarı rüçitativ. Bir sözlə, bu musiqili söhbət idi. Salondan kim isə nəsə qışqırdı. Qara eynəkli oğlan qışqıran adamdan dediyini bir də təkrar etməyi xahiş etdi. Salondakı təkrar etdi, eynəkli oğlan fikirləşib, yenə də gitaranı dindirdi və oxumağa başladı. O hər kupleti bitirər-bitirməz salonda alqış qopurdu. Sonra yenə salondan nəsə sifariş etdilər. eynəkli oğlan fikirləşib oxudu. Nəhayət, başa düşdüm ki, eynəkli oğlan ona verilən mövzunu o saat musiqiyə çevirir; elə buradaca sözlərini və musiqisini bədahətən yaradır.
Bu verilişdə mənim xoşuma gəlməyən bir cəhət vardısa, o da oğlanın gözlərini camaatdan tünd-qara eynəklə gizlətməsi idi. Bu bir qədər saymamazlığa bənzəyirdi. Ancaq sonra bir şeyi müşahidə etdim. Oğlan əlindəki gitaranı kənara qoyub, sol tərəfdəki gitaranı götürmək istədi. əlini havada inamsız gəzdirməyindən məlum oldu ki, kordur. Kor çalğıçı. Çox istedadlı idi, yaxşı oxuyurdu. Mahnıların sözlərini də qoşurdu, musiqini də bəstələyirdi. Necə ustalıqla, nə gözəl çalırdı! Zəngin, mürəkkəb musiqi hamını valeh etmişdi. bütün salon nəfəsini dərib susmuşdu. Sehrli bir aləm yaranmışdı.
Belə verilişlər çox az olur.
Amerikada ən böyük körpü sayılan, uzunluğu on kilometr olan Eybric adlı qəşəng körpüdən keçib, Berkli şəhərinə sarı üz tuturuq. Berklin həm də universitet şəhəri adlandırırlar. Burada böyük universitet var. Tələbələr tez-tez tətil edirlər. buna görə də Berkli həm də narahat şəhər adlanır.
Universitetə getməzdən əvvəl bizi Berklinin incəsənət muzeyinə dəvət etdilər. o qədər də maraqlı deyildi. Şəkillərdə ibtidailik hiss olunurdu. Rənglər də qondarma idi. Lə bil bu işlərin müəllifləri, hər şeydən artıq orijinal görünmək, tamaşaçıları təəccübləndirmək üçün rəngkarlıq edirlər.
Görüşümüzün daha səmərəli keçməsi üçün ancaq bir fakültəyə, fəlsəfə fakültəsinə getməyi aldıq.
Bizi həmin fakültənin müəllimləri, laborantları qarşılayıb, müşayiət etdilər. Fəlsəfə fakültəsinin bütün fənləri və problemləri ilə tanış olmaq üçün də bir gün kifayət deyildi. Biz ancaq bu fakültənin incəsənətlə əlaqəsi ilə maraqlandıq. Aydın oldu ki, fəlsəfə fakültəsi həm kino, həm də teatrla əsaslı məşğul olur. Fakültənin iki teatr salonu var. Bizi bu salonlara gətirdilər. Birincisi altı yüz nəfərlik zal idi. Səhnəsində dekorasiya quruldu. Laborant bizə izahat verdi ki, burada ancaq fəlsəfə fakültəsinin həvəskar tələbləri tamaşa hazırlayırlar. Dedi ki, səhnə texnikası çox mürəkkəb və yenidir. Elə hallar olur ki, səhnəni böyütmək lazım gəlir. B zaman mexanizm salonun bir hissəsini qaldırıb səhnəyə calaşdırır, ümumiyyətlə, bütün salonun və səhnənin altında mürəkkəb mexanizm qurulub. Bu salonda və bu səhnədə nə istəsən etmək olar. Ən fantastik lövhələr yaratmaq mümkündür.
Səhnəyə çıxdıq. Səhnənin içərisindən keçib daha böyük, daha dərin bir səhnəyə gəldik. Nəhəng zal göründü. Bizə dedilər ki, bu zal da fəlsəfə fakültəsinindir. Aktyorların çoxu fəlsəfə fakültəsini bitirən keçmiş tələbələrdir. Özü də verdiklərin tamaşaların çoxu fəlsəfi mövzularda olur. Bəzən Amerikanın ən görkəmli aktyorları da gəlib, bu səhnədə həmin teatrın kollektivi ilə birgə çıxış edirlər. bizi kino zalına apardılar. Kino səhnəsində çalışan tələblər və cavan mütəxəssislər bizim üçün öz işlərindən qısa da olsa söhbət açdılar. Xahiş etdilər ki, əgər mümkünsə, tanışlıq üçün, bizim bəzi filmləri buraya, Berkli universitetinə göndərək. Buna onların böyü ehtiyacı var. Sonra da çəkdikləri bəzi filmlərə baxmağı təklif etdilər.
Biri texniki film idi, yəni proqramlaşdırılmış film. əvvəlcədən müəyyən dəzgahda gələcək filmin rəngləri, musiqinin xarakteri, bir-birini əvəz edən həndəsi fiqurlar proqramlaşdırılır, ekranda ecazkar rənglərdən və musiqidən ibarət mücərrəd lövhələr yaranır. Bu da lentə alınandan sonra olur film.
Maraqlı idi. Bu üsulla lazım olan fantastik effektləri də əldə etmək olar.
İkinci film göstərilməzdən əvvəl institutun kinematoqrafiyaçıları soruşdular ki, bəzi “açıq” səhnələri görməyə meyliniz varmı? Yoldaşlarımızdan bir cavab verdi ki, əgər səhnələr sənətlə, fəlsəfə ilə bağlıdırsa, baxa bilərik. Amerikalılar cavab verdilər ki, məhz sənət nümunəsi göstərilir. Razılaşdıq, filmi nümayiş etdirdilər...
Bu qısametrajlı film sırf xalis pornoqrafik xarakterdə idi...
Bizimlə söhbət edən kinorejissorlar, aktyorlar, aktrisalar, bəstəkarlar iştirak etdikləri filmlərin adlarını çəkib, bizimkilərlə maraqlanırdılar. Bəstəkarlardan biri Qara Qarayevlə maraqlandı. Son zamanlar onun nə üzərində işlədiyini soruşdu. Hansı filmin musiqisini bəstələdiyini xəbər aldı. Dedim ki, bəstəkar, oğlu Fərəc Qarayevlə birlikdə “Qoyya” filminə musiqi yazıb. Mənimlə söhbət edən Amerika bəstəkarı rusca yaxşı danışırdı. Deyəsən Odessada anadan olmuşdu. Bildirdi ki, sovet ekranlarında nümayiş etdirilən “Mənim gözəl xanımım” filminin musiqisini bəstələmişdir. Bu film Bernard Şounun “Piqmalion” əsərinin motivləri üzrə yaradılmışdır.
Hollivudda kinematoqrafçılar üçün təsis edilmiş Oskar mükafatı verilən kinoteatrın qabağında tamaşaçıların və kinematoqrafçıların ən müqəddəs saydıqları bir meydança var. Bu meydançada , bu vaxta qədər, Amerika kinosunun məşhur kino ulduzları sayılan aktyorların və rejissorların əllərinin, ayaqlarının dərin izləri, öz əlləri ilə beton üzərində yazdıqları imzalar qalmışdır. Bura kino sevənlərin ibadətgahına çevrilmişdir.
Biz burada Meri Pikfordun xırdaca əllərinin izinə, Duqlas Ferbenksın, Harold Loydun və başqa məşhur kino ulduzlarının ləpirlərinə, adlarına, ayaqlarının və əllərinin izinə rast gəldik. Bu bizi çox mütəəssir etdi. Bunlardan sonra gələn, lakin eyni səviyyəli kino ulduzu sayılan başqa xadimlər də unudulmamışdır. Bütün ətraf səkilərə həkk olunmuş bürünc ulduzlar içərisində o biri kino xadimlərinin də adlarına təsadüf etmək olur.
Meksikanın cənubunda kurort şəhəri sayılan akopulkaya yola düşdük. Avtobusla gedirdik. Yolda Mexikonun universitetinə baş çəkdik. Dünyanın ən böyük universitetlərindən biridir. Bunun binasını da vaxtilə Rivero, Sikyros və onların şagirdləri bəzəmişlər.
Universitetin kompleksinə daxil olan binaların çoxunun üstündə uzun, qara ləklər görürük. Maraqlanırıq. Bələdçimiz deyir ki, burada tez-tez tələbə tətilləri olur. Tələblər dövlətin siyasəti ilə razı deyillər. tələblər belə qərara gəliblər ki, hökumət siyasi məhbuslarla amansızcasına rəftar edir.
Hər gün binaların divarlarında hökumətin siyasətinə qarşı şüarlar yazılır. Polis bu yazıları qaralayır, beləliklə, gözəl binaların divarları qara ləklərlə örtülür. İndi də, dünən bir inqilabçının öldürüldüyü haqqında bir məlumat yazılmışdı. Özü də hərflərin hündürlüyü bir metrə çatır. Bu sözlərdə ürək ağrısı və çağırış var. Yəqin ki, bu divar da qara ləklərlə örtüləcəkdir.
”Kasalanka Tropiko” otelinə piyada qalxmalı olduq. Bizim İçəri şəhərin küçələri qalxdığımız küçələrin yanında çox enli görünərdi. Özü də pilləkənlər çox dikdir. Tez-tez səmti itirirdik. Bilmirdik sol yol ilə gedək, yoxsa sağ yol ilə. Meksikalılar bizi aparıb, döngələrə çatdırır, sonra hansı səmtə getmək lazım olduğunu başa salırdılar.
Yoldaşlarımızın çoxu çimmək üçün Sakit okeanın sahilinə gedirdilər. Belə qərara gəldim ki, gündə bir dəfə sahilə enib-qalxmaq mənim üçün kifayətdir. Ona görə də otelin hovuzunda çimirdim. Burada tez-tez xaricilərlə söhbət etməli olurdum. Çünki haradan gəldiyimizlə maraqlanır, bizim ölkə haqqında, peşəmiz, özümüz haqda müxtəlif suallar verirdilər.
Hovuzun ətrafı mənzərəli idi. Çimib çıxan kimi sərin su, pivə yaxud meyvə şirəsi sifariş edirsən, xidmətçilər o saat gətirirlər.
Cavan bir qız tez-tez qol saatını hovuzun dərin yerinə atıb, dalınca baş vurur, mahir bir üzgüçü kimi saatını tapıb çıxarır, özünü öyə-öyə camaata göstərirdi.
Akapulkadan Meksikaya yola düşdük. Yaman darıxırdıq. Ürəyimizdə vətənə qayıtmaq arzusu, vətəni görmək həvəsi qaynayırdı.
Mexikodan Monreala, Monrealdan Brüsselə-Belçikanın paytaxtına gəlib çıxdıq. Yenidən Avropa vaxtına uyğunlaşmalı idik. Belçikada belə qərar gəlmişdik ki, iki saat istirahət dib, Bresselin seyrinə çıxaq, lakin b dəfə vaxtla uyğunlaşa bilmədik. Heç kəs də bizi oyatmadı. İki saatın əvəzinə altı-yeddi saat yatdıq. Oyanıb gördük ki, “oba köçüb, yurdu qalıb”.
Yoldaşlarımızın hamısı təzə bələdçi ilə şəhərin seyrinə çıxmışdılar. Buna görə də yoldaşımla ikilikdə şəhəri özümüz seyr etməyə başladıq.
Ötəri təəssüratlardan söhbət açmaq istəmirəm. Şəhər bizi o qədər də təəccübləndirmədi. Mənə daha çox xoş gələn Brüsselin təyyarə meydanı oldu. Təyyarə meydanı yüksək texnikaya malik idi. Xidmətçilər, təyyarə meydanının quruluşu, bir sözlə, ən müasir uçuş meydanı...
Brüsseldə sovet təyyarəsinə mindik. Bir saatdan sora Amsterdamın təyyarə meydanına endik. Əsas binaya yaxınlaşmamış binadan ayrılmış xortum get-gedə bizim təyyarəyə sarı uzanmağa başladı. Təyyarəmizin qapısı açılan kimi bu xortumun xalçalı dəhlizi ilə əsas binaya keçdik.
Nəhayət, sovet təyyarəsinin qanadları bizi bu mürəkkəb səyahətdən, arzusunda olduğumuz əziz vətənə apardı.
Bir neçə saatdan sonra vətənimizin paytaxtı Moskva bizi, biz isə Moskvanı salamladıq.
Ucu-bucağı görünməyən uzaq Atlantik okeanı və daha uzaq Amerika qitəsi xatirələrdə qalıb.
Bəzən mənə elə gəlir ki, bu səyahət yerli-dibli olmayıb. Hamısı elə bil ağır, qarışıq yuxu idi.
Lakin zaman keçdikcə hisslər, fikirlər, mürəkkəb, qarışıq təəssürat durulur və xatirələrimin şəffaflaşıb, aydınlaşan dərinliyində bəzən heyrətə gətirən, bəzən sarsıdan lövhələri görürəm...
Yox, bu xəyal deyil, həqiqətdir.
Xatirələrin şirini də var, acısı da, dəhşətlisi də.
Dəhşətlisi çoxdur...
1971-ci il, noyabr-1972-ci il, mart