Nişanlı oğlanın hədiyyəsi necə özünə qayıdar?

Nişanlı oğlanın hədiyyəsi necə özünə qayıdar?
24 aprel 2013
# 11:16

Rıfat İlqaz (1911-1993)

Şeirlər, hekayə və roman müəllifi. Həyatı boyu çox məhsuldar yaradıcılığı oldu, xüsusilə filmindən tanıdığımız “Hababam sinfi” romanı ilə böyük ün qazandı. Siyasi düşüncəsinə görə həbs olundu.

Yazıçının “Karartma gecələri” romanı Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən məktəblərdə tədris olunması vacib olan 100 əsər arasında yer alır.

Kulis.Az Rıfat İlqazın “Konfet qutusu” hekayəsini təqdim edir.

- Düz bura, nə qədər qutun varsa hamısını düz bura dedi.

Şirniyyatçının köməkçisi üstü güllü, içi-çölü tüllü, iç qapağının ortası güzgülü, parıltılı selofanlı nə qədər qutu varsa vitrinin üstünə yığdı. Əli Yılmaz iç qapağı güzgülü qutunu gözaltı eləmişdi. Soruşdu:

- Bu qutuya nə qədər konfet gedər?

- Bir kilo gedər. Qarışıq edək?

- Qarışıq... Bir az şokoladlıdan, bir az badamlı halvadan... Altına da bir az rahatluqum, özü də fıstıqlısından. Başa düşürsən də. Yaxşı bir şey olsun!

Şirniyyatçı çoxdan iyirmi yaşlı bu cavanın belə bir qutunu kimə aparacağını başa düşmüşdü. Əli Yılmaz dedi:

- İkiqat kağıza bükün qutunu. Bəzəkli olması kənardan bilinməsin.

Bu bir az da onun utancaqlığını göstərirdi. Şirniyyatçı onun dediyindən də yaxşı bağladı. İşini qurtarandan sonra firmanın etiketini də yapışdırıb ikiqat kağıza bükdü. Sonra dedi:

- Buyurun! Kimə verirsən ver, xəcalətli qalmayacaqsan! Gülə-gülə!

Getdi, qarşı tərəfdə ayaqüstü kafedə iki qədəh araq içdi. Divardakı güzgüdə qalstukunu düzəltdi. Tünd göy xətli pencəyinin üst cibindəki dəsmalı təzədən qatlayıb yerinə qoydu. İki qədəh araq əməlli-başlı cəsarət vermişdi ona. Gül dükanının yanından keçəndə birdən içəri girdi:

- Qərənfil! On dənə qırmızı qərənfil ver... Kənarlarına da bir sıra ağ qərənfil düz!

Satıcı qərənfilləri qəşəng bağlayıb ona verdi. Heç gülləri necə aparacağını, tutacağını düşünməmişdi. Belə şeylərdən utanardı. Bir bayram qəzeti alıb gülləri onun arasına qoydu. Yenə iki qədəh araq içməsi lazım idi ki, qapının zəngini basa bilsin. Kafe yaxınlıqda idi, qədəhi elə ayaqüstü başına çəkdi. Artıq hara olsa gedə bilərdi. Sevginin qapısındakı zəngə toxundu... Ev qonaqlarla dolu idi. Bir az kefi pozuldu. Əlindəkiləri elə qapıdan verib getsə nə yaxşı olardı! İstər-istəməz içəri girdi, pilləkənləri çıxdı. Çiçəkləri nişanlısına uzatdı. Çiçəklər konfet qutusundan daha çox diqqətini cəlb etmişdi Sevginin. Qutu çox bağlı olduğundan nə görünüşü məlum olurdu, nə də ki, güzgüsü görünürdü:

- Hələ qoy kağızları açsın. Bəyənəcək bilirəm- deyə düşündü.

Düz iyirmi lirə təkcə qutusuna vermişdi. Göy rəngli qapağının altında ürək formasında güzgü var idi ki, hansı qız görsəydi ağzının suyu axardı. Hələ bir qutunu açsın!

Sıra ilə böyüklərin əlindən öpdü. Qalanlarına əl verdi. Sevginin uzatdığı konfetə barmaqlarını titrədərək uzadanda ətri onu bihuş etmişdi. Çox oturmadı. Qapıdan çıxanda rahat bir nəfəs aldı. Necə olsa çiynindən böyük bir yük götürülmüşdü.

Onun üçün bayram öhdəlikləri bitmiş, artıq bayramın özü başlamışdı. “Qərənfilli kafe”yə yollandı.

Sevgi hər bayram Məlahət xanımın əlini öpməyə gedərdi. Elə orta məktəb vaxtlarından öyrəşdirmişdi özünü buna. Hər bayram məktəbi bitirdiyinə baxmayaraq, onun toppuş əllərindən öpməsəydi özünü məktəb üzü görməmiş bir ev qızı kimi hiss edirdi. Əl-üzünü yudu, saçlarını daradı:

- Anacan, Məlahət xanımın yanına gedirəm, pul ver bir şirni qutusu alım.

Bayramlaşmaq gözəl şeydi, amma bu işin bu tərəfini heç sevməzdi anası:

- Nə pulu! Al bu qutunu apar!

Hə də, konfet konfetdi. Qutuların bir-birindən nə fərqi var ki.

- Elə şey olar, anacan-deyəcəkdi ki, anası onun sözünü kəsdi.

- Həə. Çox danışma! Al bunu apar, pulu küçədən yığmırıq.

Könülsüz halda qutunu qoltuğunun altına vurdu. Qəzetçidən bir bayram qəzeti alıb qutuya sarıdı. Düz qapısının ağzında Məlahət xanımı gördü.

- Ooo... Sənsən, Sevgi? Az qala tanımayacaqdım. Maşallah, böyümüsən, böyük qız olmusan.

Sevgi keçmiş müəlliminin əlini öpdü, o da qızın yanaqlarından. Sevgi qanacaqlı qız idi:

- Deyəsəsn harasa gedirsiniz? Başqa bir gün gələrəm inşallah.

Qutunu üstündəki qəzetlə birlikdə Məlahət xanıma uzatdı:

- Buyurun.

Məlahət xanım:

- Təşəkkür edirəm. Gözləyirəm, qızım, başqa gün gəl.

Müfəttiş Camal bəygilə gedirdi. O hər bayram üç-beş günlüyə Ankaradan anasının yanına gələrdi. Bu bayram mütləq müfəttişi görməli idi, bu il Məlahət xanımın vəzifəsi artırılacaqdı.

- Hazır konfet qutusu da var. Dükanın qabağında növbədə dayanmaqdansa…

Camal bəy Məlahət xanımı gülər üzlə qarşıladı:

- Yaxşı oldu gəldiniz. Bu il iki yeni qız incəsənət institutu açılacaq. Bunların rəhbərliyinə savadlı, təcrübəli müəllimlər lazımdı.

Məlahət xanımın içi cız eləmişdi. Məktəbindən də, iş yoldaşlarından da çox razı idi amma. Özünü ələ alaraq:

- Bəli, müfəttiş bəy!

- Düşündüm ki, bu yeni məktəblərə sizdən daha yaxşısını tapa bilməyəcəyik.

- Siz necə məsləhət bilirsizsə – deməkdən başqa söz tapmadı. Bir az daha qabağa gedərək:

- Əfəndim, göstərdiyiniz etibarı doğrultmağa çalışacağam.

Daha deməyə sözü qalmadı, ayağa qalxdı. Öz-özünə:

- Ay Allah, öz ayağımızla işə düşdük.

Başını aşağı salmışdı.

Camal bəyin anası Hədiyyə xanım müəllimlərə əl öpdürməyi xoşlayırdı. Hələ öpən belə bir müdirə xanım olarsa… Qürurla əlini uzatdı. Bir müfəttiş anası olmağın həzzini yaşayırdı. Tez Məlahət xanımın arxasınca:

- Camal, oğlum, mən çıxıram, bizim Naciyə bacıgilə gedəcəm.

- Məndən də salam de.

Paltosunu geyindi.

Naciyə xanım ögey bacısı idi. Arxa küçədə qalırdı. Elə qapıdan çıxaçıxda əl atıb Məlahət xanımın gətirdiyi stolun üstündəki qutunu götürdü.

- Heç olmaya getmişkən bunu da aparım.

Bacısı pəncərənin qabağındaydı. Pilləkənləri çıxıb əlindən öpdü. Oğlu Şenolu soruşdu. Onu çox istəyirdi. Bunu Naciyə xanım da bilirdi. Süni bir kədərlə:

- Səhər tezdən çıxdı. Məni çox incidir. Top, top, top… Bayram bilmir, seyran bilmir… Elə top, top, top deyir.

- Oynaya bilirmi heç olmaya?

- Bu yaxınlarda aylıq maaş yazmalıdırlar. Heç bilmirəm, top oynayana maaş verərlər?

O da bilmirdi, amma sakitləşdirmək üçün:

- Niyə verməsinlər ki? Bu qədər adam pul verib onlara baxır. Hətta gecələr belə stadionlara gedirlər.

Bir də belə deməyi lazım idi. Əks halda gərək çıxarıb bir yüz lirəlik qoyaydı. Başqa nə danışacaqdı ki, birdən ayağa qalxdı. Pilləkənlərə tərəf getdi. Şirni qutusu geridə, stolun üstündə qalmışdı.

- Sağ ol, bizə də qonaq gəl.

Şenol, yorğun-arğın məşqdən gəlmişdi. Stolun üstündəki qutunu görən kimi:

- Bu haradandı? Kim gətirdi?

- Xalan.

Qutunu əlinə alıb, o tərəf bu tərəfinə baxdı. Qapağını taqqıldatdı:

- Əla qutudu. Bizim prezidentə aparacam.

- Nə preziden?

- Klub prezidenti. Deyəcəm ki, bezdim könüllü işləməkdən. Artıq məni də heyətə sal, beş-on manat qazanaq. Hə, nə deyirsən, anacan? Dünənin uşaqları professional oldu artıq, biz istirahət demədən elə qaçırıq.

- Mənim başım çıxmır, nə istəyirsən elə. Aparırsan, götür apar qutunu.

Geyinib çıxdı. Prezidentləri sayılıb seçilən bələdiyyə üzvü idi, bu heç kəsə xeyri dəyməyən bələdiyyə üzvlərindən.

Qutunu stolun üstünə qoyub, prezidentin əlini öpdü:

- Sən heç narahat olma. Keçən gün oyununu gördüm. Bu yaxınlarda heyətə gedəcəksən. Məşqləri qaçırtma.

Bu cür o qədər adama söz vermişdi ki.

Hər şeyin yerini bilən uşaq idi, çox oturmadı Şenol.

Gənc futbolçu qapıdan çıxan kimi, qızı Sevim qutudan yapışdı.

- Atacan, bunu xalama aparacam.

- Kimə aparırsan apar.

Geyinib bəzəndi, bir avtobusa oturub gəldi xalasıgilə. Ürəyi əsə-əsə pilləkənləri çıxdı.

- Birdən Əli qardaş evdə olmadı.

Zəngi basdı. Qapını xalası açdı. Əlindən öpdü. Yaraşıqlı övlad böyüdən ananın əli elə bu cür öpülər. Qutunu utana-utana, sıxıla-sıxıla stolun üstünə qoydu.

- Xalacan, Əli hardadı?

Xalası da çox kobud idi. Qızın ürəyini qopartmaq üçün:

- Əli? Nişanlısına dəyməyə getdi.

Sevim oturub nə eləyəcəkdi ki? Kim bilir, bəlkə də ordan çıxıb kafeyə gedəcəkdi. Söhbətin dadı-duzu qaçmışdı. Yenə xalasının əlini öpüb, çıxdı onlardan.

Gecə yarısına yaxın Əli Yılmaz evə gəldi. Anası həmişəki kimi yatmamışdı hələ:

- Harda qaldın, narahat oldum?

- Bayram deyil? Bir az dostlarla oturduq.

Təkcə oturmamışdı, həm də içmişdi. Anası ilk dəfə haqq qazandırdı ona. Əli Yılmaz pencəyini çıxaranda gözü stolun üstündəki qutuya sataşdı:

- Kim gəldi ki? Kim gətirdi bu qutunu?

- Sevim gəlmişdi.

- Gözəl qız olub keçən gün gördüm.

- Əhh, onları boş ver, neçə ildir qapımızı tanımırdılar.

Əli qutunun kağızını qopartdı. Birinci qatı açdı, ikincini...

- Necə də möhkəm bağlayıblare…

Qapağını açdı, içindən yekə bir badamlı halva seçmək istəyəndə özünü görür kimi oldu.

- Bu nədi? Güzgü var qapağında.

Anası da görmüşdü qutunu.

- Ay allah, nə gözəl qutudu bu, nişanlı qıza aparılasıdı.

- Sən hələ mənim aldığımı görərdin. Bu nədi ki? Bunlar pullarından keçib şirni alarlar?

İçindən yenə bir badamlı halva seçib ağzına atdı. Birini də anasına uzatdı:

- Ye! Ögey də olsa bacının yolladığı qutudu, öz malın kimi ye!

# 4891 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #