Arvadı zorlanan ər nə etdi?

Arvadı zorlanan ər nə etdi?
29 yanvar 2013
# 08:00

1933-1998-ci illərdə yaşamış türk yazarı. Urfa şəhərində anadan olub. Hekayələr müəllifidir. Əsərlərində əsasən Türkiyənin cənub-şərqində yaşayan insanların həyatlarını qələmə alıb. Hekayələrinin bəzisi əsasında film çəkilib.

Bedrana

Əvvəl şiddətli şimal-qərb küləyi əsdi. Zəifi qabağına qatdı, gücsüzü yerə yıxdı. Arxasınca incə, sonra da qalın yolları bir-bir örtdü qar. Qaradağın iti zirvəsi düzləşincə də Meçmenbahir kəndinə doğru canavarlar üçün yol açıldı...

Bedrana dizlərini örtən yorğanı qaldırdı. Təndirin* ocağını eşələdi.

- Mən yatacam-dedi.

Naif başını qaldırdı. Bir müddət arvadına baxdı. Nədənsə danışanda dodaqları titrədi.

- Təndirə od sal. Bu gecə o məsələ həll olacaq.

Bedrana qorxdu. Tələm-tələsik ərinə tərəf yönəldi:

-Bışş... Nə məsələsi? Gözünün yağına qurban olduğum, yenə endirib qaldırma.

Bedrana başını aşağı saldı. Üzü saraldı. Qorxudan ürəyi tir-tir əsdi.

Naif təndirdən çıxdı. İstiyə öyrəşmiş ayaqlarını bir anlıq dik saxlaya bilmədi. Keyləşmiş ayaqlarını ovdu. Artıq Bedrananın başı dik dayanmışdı. Nədənsə ərinə baxarkən bədəni qorxudan gərilmişdi. Halbuki, ilk gecə heç belə olmamışdı. Bəlkə də ərinin xoş davranışı onu ümidləndirmişdi.

- Əgər zorla olubsa bu işi tezləşdirməyək. Şəhər qanunlarını öyrənmişik hələ ki.

Naif otağın qapısını açdı. Qar gecəni işıqlandırmışdı. Bir həftə əvvəl jandarma göndərdikləri adamın getdiyi istiqamətə baxdı. Canavarlar ulaşırdı. Dünənki günə nisbətən bir az daha yaxına gəlmişdilər.

Qəfildən qarın ağ rəngi qara oldu. Naif dişlərini bir-birinə sıxdı. Bütün ümidlərini üzünə çırpan sayaq çırpdı qapını.

Eşikdən bir parça təzək götürüb təndirə atdı. Sönmüş ocaq yavaş-yavaş alovlanırdı.

Naif təndirə yaxınlaşanda Bedrananın yuxudan ayılmış gözləri onun üzərindəydi. Bir müddət baxışdılar. Külək otağın divarlarını qudurğan dəniz dalğaları kimi əldən salmasaydı, bəlkə də bir-birlərinin nəfəslərini hiss edəcəkdilər.

- Niyə gözlərin fal daşı kimi ayrıldı birdən? - qəfil Naif soruşdu.

Bedrananın başı qolları ilə qucaqladığı ayaqlarının üstünə düşdü. Təndirdən isti nəfəsi yorğanın bir tərəfinə yayıldı.

- Səndən qorxmağa başlamışam. Gözlərin məndən bir şey alacaq kimi baxır.

- Hə... Ölməlisən başqa yolu yoxdu. Elə gün olur ki, evdən bayıra da çıxa bilmirəm. Hamının qulağı bizdədi. Göndərdiyimiz adam da gəlmədi. Böyük ehtimal yollar bağlanıb.

- Hələ qoy səhər açılsın. Bir də görərsən gəlib çıxar, həm də iki jandarmla.

Naif üzünü turşutdu:

- Günlərin artdı yenə. Bu qarda-qışda hökumət adamı yerindən tərpənməz. Heç bəlkə də xəbər aparan adam gedib çatmayıb ora. Qurd-quş, nə bilmək olar...

- Günah məndədi? Zorla oldu. İşin əslini hamı bilir...

Naif qurşağındakı tapançasını təndirin üstünə qoydu. Bedrana təndirdən çıxdı. Otağın bir tərəfinə gedib küncə sığındı. Naif inamlı bir səslə:

- Qorxma, vurmayacam səni. Söz verirəm. Kadoların Şahini deyiləm mən. Onun başına gələnləri unutmamışam. Şəhərdə qayada-qanun var deyirdilər, yazığı içəri atdılar.

Bedrana o an bir ümid işığı görübmüş kimi atıldı:

- Yaxşıdı ki. Zorla olduğuna görə, o alçağı içəri atarlar, mən də qurtularam. Daha nə lazımdı?

Naif qəfildən qışqırdı:

- Pah! Hökumət var?

Bedrana iməkləyərək bir az qabağa gəldi. Yalvarırdı.

- Qurban olum, bir də gördün gəldi, qurban olaram. Gün hələ...

-Allahın günü çoxdu. Həm də atalarım hökumət sayıb? Eyy, Kadoların Şahini, hökumətin əlinə keçdin də günümüzü qara etdin. Köhnə üsulun gözünə qurban. Heç xeyirlə şər qardaş olarmı? Şər şəhər qanunlarıyla uyğun gələr?

Bir müddət susdular. İndi bir-birlərinə baxmırdılar. Bedrana boynunu bükmüş, gözləri yol çəkirdi.

Naif qolunun birini yavaşca uzatdı. Təndirin üstündəki tapançaya əlini qoydu. Ordan götürdü. Bedrana tapançalı əli görən kimi yerindən atıldı.

O an Naifin ağlına bir ideya gəldi. Tapançanı yerinə qoydu. Sifəti yumuşaldı, Bedrana tutduğu nəfəsini boşaldıb rahatlaşdı. Naif otağın tavanına baxdı. Tavana əvvəlcə qovaq ağacından kəsilmiş taxtabəndlər vurulmuş, üstü həsir və torpaqla örtülmüşdü. Taxtabəndlərin birində qalın bir halqa vardı. Uzun müddət Naifin gözləri bu halqaya zillənmiş qaldı.

Bedrana bu halqanı gördü. Onun bu halqadan xəbəri var idi. Qarnında əmələ gələn uşağı üçün könlünün bir yerini ayırmışdı ona.

Naif çox mülayim bir səslə Bedranadan soruşdu:

- İstəyərsənmi bu işdən burnumuz qanamadan canımızı qurtaraq.

- Heç bunu soruşarlar, ağaların paşası? Gözünə qurban olduğum, igidim, qansız çıxış yolunu söylə görüm.

Naif gözünün birini qırpıb bir xeyli düşündü.

- Bax, arvad. Mən iynənin deşiyindən Hindistanı görmüşəm. Yaşım az olsa da, ağlım şahdır. Həmin hökumətə, həmin el-obaya elə bir oyun oynayacam ki, çaşıb qalacaqsan. Ağlına cümlə aləm qurban olsun deyəcəksən.

-Off... Nədir, de görüm.

- Asılacaqsan!

Bir an sanki bayırda yağan qar Bedrananın ürəyinə yağdı.

- Ölmək deyirsən. Daha niyə sevinirsən?

Naif başını yellədi və ümidverici baxışlarla:

- Yalandan, qız. Sən özünü yalandan asacaqsan.

-Demək yalandan asacam.

- Hə. Bizə bir rahatlıq vermədi bu kafirlər. Ömrümüz qapaqsız qazanda bişmiş duzsuz yemək kimidi, arvadım. Qadın dar ayaqqabı kimidir, ayağı sıxanda atılar, amma işin içinə namuzsuzluq girəndə ata bilmirsən, kişi olana da öldürmək düşər. Səni mən bağışlasam atan, qardaşın var, səncə onlar bağışlayarmı? Günlərdi bu bir göz otağa çəkilib qalmışıq. El-oba məndən qan istəyir.

Bedrana çox diqqətlə ərinə qulaq asırdı. O susan kimi dərindən nəfəs aldı. Amma gözlərini heç bir tərəfə çəkmədi. Bir müddət Naif yenə yeni şeylər düşündü. Sonra tapançasını təndirin üstündən götürüb qurşağına qoydu:

- Bax Bedrana, elimizdə şəhərə oxşayan heç bir şeyimiz yoxdu. Qara dağlar gəlməyə-getməyə imkan verməz. Oxuyanımız, yazanımız da yoxdu ki, hökumət qapısından içəri girsin. Bu el-obanın səsi ancaq biri öləndə eşidilər. Kadoların Şahininə məsul şəxs belə deyib. Yeni qanunda öldürmək qadağandır deyib. Ürəkdi bu, sevə də bilər sevməyə də. Madam ki, arvadın başqasıyla yatmışdı, heç səsini çıxartmazdın. Arvadın dostunla birlikdə olanda gəlib xəbər verərdin. Biz də gedib onları tutardıq və iş bitərdi. O necə yaşıl yaxalı vətəndaşdı ki, dağları hesaba almır, jandarm gələnədək günlərin, həftələrin, ayların keçəcəyini heç bilmir. Bunlar nə demək istədiyini anlamıram, ay Bedrana?

Naif susdu. Yerindən qalxdı. Halqanın taxılı olduğu taxtabəndin altında durdu:

-Qalın kəndirimiz var?

Bedrana da ayağa qalxdı. Heç ərinin yanına çatmamışdı bədəni titrəməyə başladı. Yalandan da olsa asılmaqdan qorxmuşdu.

-Var, eşşəyimiz üçün keçən payız xeyli almışdın.

Naif dedi:

- Gətir. Əzilib-büzülməyə vaxt yoxdu, sabaha hazırlaşmalıyıq. Sən sübh obaşdan özünü asacaqsan. Yalandan... Gəl hələ bir dəfə yoxlayaq...

Bedrana qəfildən ərinin ayaqlarına qapandı. Ağlayırdı....

- Yalandan da olsa qorxuram. Başqa yolu yoxdur? Bilirsən ki, zorla edib kafir. Mənim heç bir günahım yoxdur. El-aləm bunu bilsin.

Naif ayaqlarına sarıdığı qollarını araladı:

-Bilirəm, zorla olub. Yoxsa o saat güllələyərdim səni. Amma xəbərin olsun zorla-morla atan, qardaşın yaşamağına razı deyil. El-oba deyinir. İlk növbə məndə olmasaydı çoxdan ölmüşdün. Kadoların Şahini hökumət tərəfindən tutulmasaydı mən də səni çoxdan öldürmüşdüm. Yaşıl yaxalıqlı adam sizin üsullar tarixdə qaldı deyib. Kadoların Şahini qanunlardan heç xəbərimiz olmadı, obamızda oxuyub-yazan bir adam yoxdu deyəndə O da yoxdur, amma, heç olmasa gətirib dəllal da gəzdirmədiniz aranızda deyib.

Bedrana səbirsizləndi. Hakimin söhbətində bir ümid işığı axtarırdı.

-Yaşıl yaxalı adam nə deyib bəs?

- Bilməmək nöqsan deyil-deyib.

- Sonra, ağama qurban?

- Heç, atası hesablayıb, qocalanda çıxacaq həbsdən.

- Eee?

- Nə “e”?

- Heç... Yəni, günah deyilmi deyirəm mənə, sənə, atama, qardaşıma... Ən yaxşısı yalandan as məni. Şəhər qanunları bizə görə deyilmiş. As, amma, yalandan asanda əlimizə nə keçəcək ki, igidim?

Naif uzun müddət heç nə danışmadı. Deyəcəklərini uzun müddət ağlında çək-çevir elədi.

Canavarlar lap yaxında idi indi. Sanki, qapı açılan kimi içəri girəcəkdilər. Soyuğa tap gətirməyən təndir Bedrana və Naifin yadından çıxmışdı.

Bedrana ərinin dodaqlarından gözlərini çəkmədən bir daha soruşdu.

- İgidim, yalandan olanda əlimizə nə keçəcək ki?

Naif ağlından keçənləri sıralamışdı:

- Bax, Bedrana. Bu yalnız bir oyundur. Həm yaşıl yaxalı adamı aldadacam, həm də üstümə çökən bu qara bəlanı silib süpürəcəm. Necə? Obaşdan sən özünü həqiqətən asmış kimi edəcəksən. Mən qaçıb gələcəm. Vaay, Bedrana özünü asıb deyə qışqıracam. Səni qucaqlayıb aşağı salacam. Onsuzda sən kəndiri yalandan boynuna salacaqsan. Yerdə yavaş-yavaş tərpənib guya təzədən diriləcəksən. Bunu eşidən bilən də deyəcək ki, nə igid qadın imiş, özünü asdı, amma Tanrı öldürmədi. Axırda da ata-babalarımızın çıxardığı ölüm ləğv olacaq. Yaşıl yaxalı adamına gəlincə...

Naif susdu. Amma Bedrana səbirsizlənirdi.

- Həə, bəs yaşıl yaxalı ağa necə olacaq?

- Onu da başa salacam. Sən kəndiri gətir. Hələ bir dəfə yoxlayaq.

Bedrana dayanmışdı. Nədənsə yerindən tərpənmək istəmirdi. Naif yavaşca çiyninə toxundu:

- Yalandan ölməyə də naz edirsən. Uzaq başı yalandan öləcəksən. Di nazlanma...

- Qara bəxtim-deyə dodağının altında mızıldadı. Sonra gedib kəndiri gətirdi.

Naif hər şeyi əvvəlcədən planlaşdırmış kimi nə qədər döşəkcə varsa halqanın altına yığdı.

- Hə, Bedrana, qarmağa keçirt. Amma əvvəlcə kəndirin bir ucunu boyuna uyğun yumurla.

Bedrananın əlləri titrəməyə başladı. Ürəyi çırpınırdı. O bunun bir oyun olduğunu bildiyi halda nəyə görə bu hala düşdüyünə təəccüb qalmışdı.

- Can şirin şey imiş. Yalandan da olsa qorxuram. Düyünü sən at, qarmağa keçirt.

- Olmaz. Hər şeyi öz istəyinlə və öz əllərinlə etməlisən. Oyunumuzun qaydaları bu cürdür.

Bedrana kəndirin bir ucunu güclə halqaladı. Sonra başını qalxızıb qarmağa baxdı. Bu vaxt Naif qollarını arvadının bədəninə dolayıb döşəkcələrin üstünə qaldırdı. Bedrana könülsüz qalxan sağ qolunu uzadıb kəndirin bir ucunu halqaya keçirtdi. Sonra yerə düşmək istədi. Naif dilləndi:

- Olmaz. Hələ kəndirə düyün vurmalısan.

Naif onun ayaqlarından tutub yuxarı qaldırdı. Bedrana bunu da etdi. İndi otağın ortasında bir kəndir sallanırdı.

- Yaxşı. Səhər olsun boynuma taxaram. Yalandandı onsuzda.

Naif arvadının sözünü kəsdi. Amma həyəcandan bir söz deyə bilmədi. Nədənsə bu dəfə titrəmə ona keçmişdi. Amma arvadı bu dəyişikliyi hiss etmədi.

- Sabah asılacaqdım axı, hə? – Bedrana təkrar dedi.

Naif sözləri tez-tez sıraladı.

- Düz deyirsən, Bedrana. Amma bir dəfə yoxlayaq. Ceyran gözlum, oyunumuzu bir dəfə məşq etməliyik.

Doğurdan da gözləri ceyranın sürməli gözlərinə bənzəyirdi. Amma heç ömrünün yarısına belə baxa bilməmişdi bu qara-ağ gözlərlə.

Bedrana halqanı çənəsinin altına gətirdi.

- Ağam, belə?

- Bir az da sürüşdür. Qoy boynuna yaxşıca yapışsın. Aha bax belə...

Bedrana halqanı boynuna yaxşıca saldı. Qara gözləri aşağı baxırdı. Naifin baxışları ilə toqquşdu bu an.

Bu arada canavarların ulaşmaları getdikcə uzaqlaşmağa başlamışdı. Naif də xoruzlar banlamadan uzun müddətdir planlaşdırdığı işini bu gecə sona çatdırmaq istəyirdi. Arvadının ayağı altındakı döşəkcələrə bir təpik vurdu. Sonra da Bedrananın çırpınışlarına dayana bilməyib lampanı söndürdü.

*Bəzi bölgələrdə qışda ayaqları isitmək məqsədi ilə alçaq bir masanın üzərinə manqal qoyub üzərinə yorğan örtülən soba

# 6334 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #