Müstəntiqin törətdiyi dəhşət - “Keçilərin nəğmələri” haqqında

Müstəntiqin törətdiyi dəhşət - “Keçilərin nəğmələri” haqqında
4 noyabr 2023
# 15:00

Kulis.az Əli Zərbəlinin Rəşad Səfərin “Keçilərin nəğmələri” romanı haqqında yazdığı "Memento mori və ya pislik pislik gətirir" adlı yeni yazısını təqdim edir.

Rəşad Səfərin “Keçilərin nəğmələri” adlı romanı ilk olaraq öz adı ilə diqqətimi çəkdi. Kitabın arxa qapağındakı qısa təqdimatda romanın ana xəttinin saxta qorxuların təsiri ilə xatirələrini tələsik yazmağa çalışan yazıçı haqqında olduğunu oxuyanda isə marağım daha da artdı.


Şəxsən mənə baş qəhrəmanı yazıçı olan romanlar həmişə cəlbedici gəlib. “Surroqat müəllif” (author surrogate) kimi bilinən bu ədəbi texnikanın istifadə olunduğu onlarla məşhur əsər saymaq olar. Bu tip romanlarda surroqat müəllif dediyimiz adam (baş qəhrəman) adətən həqiqi yazıçının (Rəşadın) müxtəlif mövzular haqqındakı düşüncələrini (siyasi, fəlsəfi və s.), digər personajların müsbət və mənfi tərəflərini birbaşa açıb-tökür. Məsələn, “Sənətçinin bir gənc olaraq portreti” romanındakı Stefan Dedalus obrazı Coysun surroqatı olduğu kimi, “Keçilərin nəğmələri”ndə xatirələrini yazmağa qərar verən adsız yazıçı müəyyən mənada Rəşadın özüdür. Əlbəttə, burada Rəşad özünü şüurlu olaraq asanlıqla ələ vermir, ancaq bəzi səhnələrdə hazırlıqlı oxucu romandakı adsız qəhrəmanın simasında həqiqi müəllifi sezə bilir (romana səpələnmiş avtobioqrafik detallar gözə çarpır).


Romanın əsas xətti o qədər də sadə deyil, belə ki, Rəşad öz “darıxdırıcı” xatirələrini yazan yazıçı baş qəhrəmanın hekayəsini daha maraqlı, sarsıdıcı etmək üçün romana digər bir personajı – yazıçının düşüncələrini alt-üst edib onun vasitəsilə öz hekayəsini insanlara çatdırmaq istəyən keçmiş müstəntiq obrazını əlavə edir və beləliklə, romanın əsas kompoziyası qurulur. Nəticədə Rəşad məntiqi hesablama/planlama ilə ya da bəlkə, öz yazıçı instinkti ilə maraqlı bir gediş edir: romanı oxuyub bitirdikdən sonra oxucu anlayır ki, bu əsər əvvəldən bizə baş qəhrəman kimi təqdim olunmuş yazıçı haqqında deyil, roman daha çox kitabın ikinci hissəsində tanış olduğumuz eksentrik müstəntiq haqqındadır. Hətta kitabın ikinci hissəsi yazıçı qəhrəmanın dilindən yazılsa belə, əslində, bizə danışılan hekayə daha çox müstəntiq haqqındadır və beləcə roman irəlilədikcə bizim haqqında daha çox maraqlandığımız adam, baş qəhrəman sandığımız yazıçı deyil, məhz sonradan peyda olan müstəntiq olur. Üçüncü hissədə isə oxucu bundan artıq əmin olur, çünki bu hissə elə müstəntiq obrazının dilindən nəql olunur və beləliklə, roman həm də təhkiyə etibarilə öz rakursunu dəyişmiş olur.


Romanın xülasəsini vermək niyyətim yoxdur. Ancaq qısaca romanın strukturu haqqında danışmağa dəyər. Kitab üç hissədən ibarətdir. “Yorğunlar və kölgələri” adlanan ilk hissədə, müəyyən və bəzən qeyri-müəyyən səbəblərdən, əsasən vasvasılıq və qorxularına görə öz xatirələrini tez-bazar yazmağa çalışan yazıçı obrazını görürük. Burada bir-birindən əlaqəsiz, rabitəsiz, heç bir qanunauyğunluğu izləməyən kiçik hekayələr yer alıb. Təhkiyəçi bu hissədə sadəcə olaraq keçmişini xatırlayır, uşaqlığından bu yana heç cürə yadından çıxmayan, şüurunda həmişəlik izlər qoymuş, yaddaşın sonsuz künc-bucaqlarında tozlanmış hadisələr haqqında danışır.


“Şahidliyə doğru” adlı ikinci hissədə isə yazıçı qəhrəman xatirələrini yazmaq üçün başını götürüb getdiyi bağ evində qəribə, adamayovuşmaz keçmiş müstəntiqlə tanış olur. Bu hissənin əvvəllərində yazıçı (baş qəhrəman) öz qorxularını (ölüm qorxusunu!) və daha sonra isə şahidlik etdiyi bir hadisəni – bağ evində olduğu on beş gün ərzində söhbətləşib, çay içib, nərd atdığı müstəntiqin dəhşətli hekayəsini xatırlayır. Həmin hadisədən iki il keçib və yazıçı obraz yalnız iki il sonra, nəhayət, özündə cəsarət tapıb bu haqda yazmağa başlayıb. Ötən zaman təhkiyəçi ilə şahidlik etdiyi hadisə arasında emosional məsafə yaradıb, bu səbəbdən də ikinci hissədəki təhkiyə (içində tükürpərdici bir hadisə ehtiva etsə belə), sanki daha soyuqdur, nisbətən neytraldır. Bu da romanın uğurlu cəhətlərindən biridir, çünki bu hissə birinci şəxsin təkində yazılmağına baxmayaraq, təhkiyəçi hadisələrə (gedişata) müdaxilə etmir. İkinci hissənin sonunda isə yazıçı obraz gözlənilmədən içinə düşdüyü hadisənin ortasında ağzıaçıq qalır, beyni müstəntiqin törətdiyi dəhşəti qavraya, emal edə bilmir. Müstəntiq isə amansız aktına olan qəddar etinasızlıqla ona öz qeydlərini təqdim edir və deyir: “Bilirəm, özündə deyilsən. Amma inan ki, sənə xeyri dəyəcək. Sən indi həm insan, həm də yazıçı kimi başqa bir mərhələyə qədəm qoyursan.”


“İnsanı öldürmək asandır” adlı üçüncü hissədə isə müstəntiqin yazıçıya verdiyi qeydlərini, törətdiyi əmələ gətirib çıxaran qısa tarixçəni oxuyuruq. Və bu qeydlərlə də roman sonlanır.


"Bu kitab nə haqqındadır?" soruşan olsa, belə təsvir etmək olar: Əsər ümumilikdə ölüm qorxusu, nostalgiya (bir və ikinci hissələr) və insanın özünə də agah olmayan qaranlıq, iblisanə xisləti (üçüncü hissə) haqqındadır. Əvvəlcə, yazıçı obrazın izaholunmaz qorxularının, hipoxondriyasının tarixçəsi ilə tanış oluruq, daha sonra isə səhnəyə müstəntiq obrazı gəlir və oxuduqca adamın ağlından bir fikir çıxmır: “şərdən şər doğulur”. Fəsillərin başlıqları çox ağıllı şəkildə düşünülüb. Əsasən də, üçüncü hissənin başlığı (“İnsanı öldürmək asandır”) çox möhtəşəm seçilib.


Ümumi olaraq, romanın ikinci və ələlxüsus, üçüncü hissəsini çox bəyəndim. Əminəm ki, bu hissələri oxucular birnəfəsə oxuyub zövq alacaq. İlk hissəni isə canımı dişimə tutub oxudum - desəm, yalan olmaz. Buna səbəb isə ilk hissədəki fraqmentvari struktrur, danışılan hekayələrin rabitəsizliyi, pərakəndəliyidir. İlk hissəni çox yavaş oxusam da, sonrakı hissələr özünü çox rahatlıqla oxutdu. Əsasən, üçüncü hissə, detektivvari çalarlarla, sadə təhkiyə ilə nəql olunub. Post-modern ədviyyatların səpildiyi (bəzi səhnələrdə 4-cü divarın yıxılması, meta-təhkiyə) bu modernist romanda Rəşad uğurlu hekayəçi olduğunu necə lazımdır sübut edir.


Romanın zəif cəhətləri kimi qeyd etmək istədiklərim bunlardır: Bəzi hissələr daha inandırıcı yazıla bilər, psixoloji qatlar daha dərindən tədqiq oluna bilərdi. Əsas da, üçüncü hissə. Bu hissə çox önəmlidir, bəlkə də. romanın ən önəmli hissəsidir. Ancaq sanki biraz tələsik yazılıb, müstəntiqin psixoloji portreti tam açılamadan finiş xəttinə erkən ayaq basılıb. Ancaq burada məhz bu çatışmazlığın “xəta” kimi qələmə verilməsinin qarşısını Rəşad əvvəlcədən alıb: Bir neçə saat ərzində yazılmış qeydlər müstəntiqin psixoloji motivlərini nə qədər aça bilərdi ki?


Mənə görə, daha bir zəif cəhət romanın dilidir. Bunu da bütün fəsillərə aid etmək olmaz, məsələn, üçüncü hissədə kələ-kötürlük qətiyyən hiss etmədim, halbuki romanın ilk fəslindəki təhkiyə nahamar təsir bağışladı. Əsasən, ilk hissədə, bir neçə yerdə qəribə, yad səslənən ifadələr, cümlələr gözümdən qaçmadı. Məsələn: “Mənim də ayinin ritminə uyğun olaraq vəcdim ayaqlarımın addımlarına sirayət etmişdi”, yaxud “Məni görüncə otağında gizlənmə damarı tutdu” kimi cümlələri başa düşə bilmədim. Həm də bir neçə yerdə Türkiyə türkcəsində olan sözlər gözümə dəydi. Məsələn, xoşlanmaq “xoşu gəlmək” mənasında, rahat buraxmaq “əl çəkmək” mənasında və s. Hər gözəlin bir eybi olduğu kimi, fikrimcə, bu qeyd etdiklərim də bu romanın zəif nöqtələridir. Ancaq bunlar, təbii ki, xırda söhbətlərdir, romanın nail olduqları ilə müqayisədə trivial məqamlardır, həm də müəllifdən çox redaktorun diqqət etməli olduğu nüanslardır.


Əlbəttə, bu roman son illərdə yazılmış uğurlu romanlarımızdan biridir. Buna görə Rəşadı təbrik edirəm və psixoloji-intellektual roman axtaranlara üzümü tutub demək istəyirəm ki, Rövşən Abdullaoğlunun psevdo-intellektualizmi ilə özünüzü aldatmaqdan əl çəkin, Rəşadın romanını oxuyun.

O, sizə insan olmağın qaranlıq tərəfləri, özünüzdən gizlətdiyiniz həqiqətlər, insan ürəyinin qəribə arzuları və qorxuları haqqında danışacaq. Yazımı əsərdə ən sevdiyim cümlə ilə bitirmək istəyirəm. Bu cümlə həm də romanın xülasəsidir:
“Böyük arzuların yumruq boyda ət parçasının ixtiyarında olması necə də kədərlidir”

# 1478 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #