"İtirilmiş dəyərlərin paranoyası" - Əli Zərbəli

"İtirilmiş dəyərlərin paranoyası" - Əli Zərbəli
17 avqust 2024
# 09:00

Kulis.az Mişel Uelbekin "İtaət" romanı haqqında Əli Zərbəlinin "İtirilmiş dəyərlərin paranoyası" yazısını təqdim edir.

İslamçı və patriarxal dəyərləri təmsil edən “Müsəlmanların Qardaşlığı” partiyası Sosialist Partiyasının dəstəyi ilə Fransada keçirilən prezident seçkilərində qalib gəlib. Bəli, Fransa artıq müsəlmanlar tərəfindən idarə olunmağa başlayıb. İşsizlik qadınların işçi qüvvəsindən məcburi şəkildə çıxarılması ilə həll edilib, kəsirlər təhsildə ixtisarlarla aradan qaldırılıb. Məcburi təhsil 12 yaşa qədərdir. Əsasən Səudiyyənin neft dollarları hesabına maliyyələşdirilən ali təhsil müəssisələri özəlləşdirilib və qeyri-müsəlmanlara dərs demək qadağandır. Qadınlar çadra geyinir və çoxarvadlılıq təşviq olunur. Bu arada Mərakeş, Türkiyə və Tunis Avropa İttifaqına qoşulub. Livan və Misirlə danışıqlar yaxşı gedir.

Bunlar, Mişel Uelbekin 2015-ci ildə çap olunan “İtaət” (Soumission) adlı satirik romanında baş verir. Əsərdəki hadisələr 2022-ci ildə cərəyan edir. Bu roman Avropanın öz mədəni və ənənəvi dəyərlərini itirməsindən, Qərb sivilizasiyasının çöküşünün artıq üfüqdə görünməsindən tez-tez gileylənən, mediada islamofob, radikal və provokativ fikirlərlə gündəmə gələn Uelbekin Avropalı kimliyinin qorxu və paranoyasının təzahürüdür.

Romandakı ssenari bu gün reallıqda öz əksini tapmasa da, roman çap olunan kimi İslamın Avropada getdikcə güclənən mövcudiyyəti, multikulturalizm, immiqrasiya və “Avropa kimliyi”nin gələcəyi ilə bağlı müzakirələrə səbəb oldu. Maraqlısı budur ki, kitab Fransanın həftəlik satirik jurnalı “Charlie Hebdo”ya silahlı hücum edildiyi gün nəşr olunub. Bu təsadüf romanın aktuallığını xüsusilə təsirli etmişdi, Avropadakı dini və mədəni gərginliklərlə bağlı müzakirələri alovlandırmışdı.

Roman haqda daha ətraflı az sonra.

Mişel Uelbekin melanxolik ateist (anti)qəhrəmanları

Uelbek 8 roman müəllifidir. Dediyinə görə, iki il əvvəl çap olunan romanı - “Məhv edilmək” (Anéantir) onun ədəbiyyata vidasıdır. Buna sadəcə təəssüf etmək olar, çünki Uelbek hazırda Avropanın yaşayan ən böyük, ən aktual, ən çox müzakirə olunan yazıçılarından biri, bəlkə də birincisidir.

Uelbekin qəhrəmanları həyatdan bezib, pessimizm onların ən etibarlı sığınacağıdır. Tənha yaşayırlar, özlərini müasir kapitalist və əmtəələşmiş cəmiyyətdə yad hiss edirlər. Onların emosiyaları keyiyib. Ailə münasibətləri yox dərəcəsindədir. Tez-tez seksual məyusluqlar yaşayayırlar. Seksual həzzlər onların ən əsas təskinlik mənbəyidir, cinsi arzuların dalınca qaçmaq onlar üçün mənasız və məqsədsiz həyata qarşı mübarizə mexanizmidir. Uelbekin pervert, sinik və intellektual qəhrəmanları üzləşdikləri şəxsi və dünyəvi çətinliklərə qarşı savaşmırlar, passiv və laqeyddirlər, tez-tez intellektual-fəlsəfi diskurslara dalır, modernizasiyanın fəsadlarından şikayətlənir, getdikcə qloballaşan, istehlakçı dünyada özlərinə həqiqi məna, mənəvi dayaq tapmaqda çətinlik çəkirlər. Onların spiritual, mənəvi antennaları qırılıb, Tanrının yoxluğundan əmindirlər, lakin bu yoxluq onları dərindən kədərləndirir. Onlar inanmaq istəyən, amma inanmağı hec cürə bacara bilməyənlərdir; beləliklə, fövqəltəbii, yaxud ilahi mahiyyətin yoxluğu onlarda şiddətli melanxoliya oyadır.

Roman sənətinin sosial kommentariya kimi rolu

Mişel Uelbek, heç şübhəsiz, əsl sənətkardır. O, təkcə mövzuları ilə deyil, həm də yazı üslubu, müasir nəsr elementlərindən kreativ şəkildə istifadəsi, ağıllı yumor hissi ilə maraqlıdır. Yazmaq xatirinə yazan, tələsik, hər il roman çap edən yazıçılardan çox uzaqdır. Onun məşhurluğu, davamlı şəkildə müzakirə olunmağı həm autentikliyi, orijinallığı ilə, həm də, ən əsası, mövzularının və üslubunun bu günkü dünyada aktuallığı ilə əlaqədardır. Əlbəttə, o, həm də mahir provokatordur.

Mədəni, ictimai, siyasi dəyişiklikləri qabaqcadan görmək və təhlil etmək bacarığı ona sosial tənqidçi kimi reputasiya qazandırıb. Uelbekin romanları təhrikedicidir. Başqalarını narahat edən həqiqətləri açıq şəkildə müzakirə edir, bəzən çoxlarının eşitmək istəmədiyini cəsarətlə deyir, radikal fikirlər səsləndirməkdən çəkinmir, “politically correct” olmaq onun qətiyyən vecinə deyil.

Uelbek “Xəritə və ərazi” romanında qəhrəmanlarını özü haqqında danışdırır, onlardan biri söhbət əsnasında deyir: “Uelbekin iki romanını oxumuşam. Yaxşı müəllifdir, onu oxumaq zövq verir. Cəmiyyət haqqında olduqca dəqiq müşahidələri var...”

Uelbekin, demək olar, bütün romanlarının sosial ağırlığı var, onun qəhrəmanları hal-hazırkı sosial reallıqla iç-içədir, bu qəhrəmanlar ya bu günkü cəmiyyətin axsaq, defektli quruluşunun qurbanlarıdır, ya da qüsurlar zəncirinin əvəzolunmaz halqalarıdır. Əlqərəz, tez-tez “Roman sənətinin sonu gəldimi?” müzakirələrinin getdiyi dövrdə Uelbek roman sənətinin aktuallığını, vacibliyini necə lazımdır, təmsil edir.

İnsan xoşbəxtliyinin zirvəsi mütləq itaətdədir

Uelbekin “İtaət” romanı onun indicə haqqında oxuduğunuz mövzularından və qəhrəmanlarının qısa xarakteristikasından kənara çıxmır, hətta romanlarını orijinal edən məziyyətlərin hamısını özündə cəmləşdirir.

Romanın qəhrəmanı Fransua orta yaşlı, bezgin, XIX əsr fransız ədəbiyyatı üzrə ixtisaslaşmış ədəbiyyat professorudur. Fransua şəxsi və peşəkar həyatında dərin bir boşluq hissi yaşayır, məyusdur və özünü təcrid edib. Onun üçün heç nə maraqlı deyil, baş sındırdığı yeganə şey hind mətbəxindən hansı yeməyi seçməyidir. Yəhudi sevgilisi Myriam ölkədə siyasi çaxnaşmalar düşdükdən sonra onu tərk edib, İsrailə üz tutub. İndi Fransua günlərini porno saytlarda keçirir. Tez-tez üzərinə doktorantura tezisi yazdığı Joris-Karl Huysmans haqqında düşünür, onun ideyalarını, həyat yolunu çək-çevir edir. Huysmansın kimliyi, həyat yolu bu romanın ən önəmli, açar nöqtələrindən biridir.

Huysmans Dekadent hərəkatının ən qabaqcıl nümayəndələrindən biri idi. Onun məşhur “Təbiətə qarşı” (À rebours) romanında qəhrəman nihilizmə söykənərək sosial normaları rədd edir, ifrat fəridiyyətçiliyi tərənnüm edir. Lakin Huysmans həyatının sonrakı illərində bu nihilst baxışlarını tərk etdi, onun ruhani məmnuniyyət axtarışları nəticə verdi və beləliklə o, dindar oldu. Ömrünün sonuna kimi sadiq katolik kimi yaşadı və əsərlərində bu ideayaları tərənnüm və tərif etməyə başladı.

Qayıdaq romana.

Fransada siyasi mənzərə sürətlə dəyişməkdədir. Prezident seçkiləri yaxınlaşdıqca ölkədə iğtişaşlar, özbaşınalıq artır. Əlqərəz, Fransada keçirilən prezident seçkilərində "Müsəlmanların Qardaşlığı" partiyasının sədri Məhəmməd Ben Abbes Sosialist Partiyası ilə koalisiya vasitəsilə əhəmiyyətli siyasi təsir əldə edərək seçkilərin qalibi olur. Şəriət dövlətinə keçid, demək olar, etirazsız qəbul edilir. Fransa sekulyarizm ilə sağollaşır və ölkədə radikal siyasi və ictimai islahatlar aparılır. Fransua işlədiyi Sorbon universitetinə (yeni adı: Paris-Sorbon İslam Universiteti) girəndə seçkilərdən sonrakı dəyişiklikləri görüb ürkür:

Universitetin gözləmə zalında zəvvarların Kəbəni ziyarət edərkən çəkilmiş fotoşəkili görünürdü və kabinetlər Quran ayələri həkk olunmuş posterlərlə bəzədilmişdi. Katibələr dəyişmişdilər, heç birini tanımırdım, hamısı çadra geyinmişdi”.

Əsərin qəhrəmanının yaşadığı ekzistensial böhran ətrafındakı siyasi təlatümlə daha da şiddətlənir. Fransuanın nihilizmdən katolisizmə mənəvi çevrilmə yaşamış Huysmansa qarşı olan mübtəlalığı, onun özünün dəyişmə potensialına güzgü kimi xidmət edir. Huysmansın ruhani səyahəti Fransuaya öz mənəvi imkanlarını düşünmək üçün bir açar təqdim edir. Bir tərəfdən də Fransada İslamın yüksəlişi onu həyatı mənalı qılmaqda dinin rolu haqqında düşünməyə vadar edir. Bundan əlavə, o, artıq müsəlmanlığı qəbul etmiş həmkarları ilə bu haqda müzakirələr apararkən, onlar Fransuaya hazırkı siyasi sistemin bir parçası olmağın, İslamı qəbul etməyin faydalarından danışır. Aydın olur ki, onun universitetdəki həmkarları İslamı praqmatik səbəblərdən dolayı qəbul edib: onlara asan karyera yüksəlişi, yüksək maaş, rahat həyat vəd edilib və ən əsası, onlara çoxarvadlılıqdan yararlanma imkanları təklif olunub. Fransua universitetin dekanı Rediger ilə söhbətində öyrənir ki, yenicə müsəlman olmuş dekan öz tələbələrindən biri ilə evlənib. Sonra dekan əlavə edir: “Gələn ay təzə bir arvad da alacam”.

Fransua, yeni hökumətin elanından sonra “Qara Bakirə” ibadətgahını ziyarətə gedir. O, hər gün ibadətgahda oturaraq “Qara Bakirə”ni düşünür. Bir vaxtlar Huysmans da buna bənzər bir dini ziyarətə başlamış, axtardığı “həqiqəti” tapmış, ruhani ekstazla od tutub yanmışdı və ömrünün sonuna qədər katolik kimi yaşamışdı. Düzdür, Fransua da epifaniyaya yaxın bir hiss yaşayır, ancaq ibadətgahda nə qədər sükut içində otursa da, onun üçün Huysmansın yaşadığı belə bir spiritual transformasiya baş vermir. O, axtardığı ilahi həqiqətə vara bilmir, içində dolaşıb qaldığı materialist və mənasız dünyada çabalamağa davam edir.

Romanın sonlarında universitetin dekanı müsəlman Rediger Fransuaya deyir:

İnsan xoşbəxtliyinin zirvəsi mütləq itaətdədir”.

Sonra əlavə edir: “Mən düşünürəm ki, qadının kişiyə tabe olması ilə kişinin Allaha təslim olması arasında əlaqə var. Görürsünüzmü, İslam dünyanı necə var, bütövlükdə qəbul edir. Buddizm üçün dünya dukkhadır yəni, qeyri-kafilik və əzab. Xristianlığın özünəməxsus ciddi ehtiyatları var. Şeytan “dünyanın şahzadəsi” deyə adlanmırmı? Lakin İslam üçün ilahi yaradılış mükəmməldir, mütləq şah əsərdir. Quran, həqiqətən, uzun mistik bir şeirdən başqa nədir? Yaradana həmd etmək və Onun qanunlarına itaət etmək haqqında bir şeir”.

Əlbəttə ki, kolleqasının çıxışı Fransuanı elə də mütəəssir etmir.

Fransuanın romanın sonundakı taleyi qeyri-müəyyəndir. Onun İslamı qəbul edib-etməməsi açıq şəkildə verilməyib. Romanın son hissəsində Fransua sadəcə olaraq İslamı qəbul etdiyini təsəvvüründə canlandırır:

Ətrafımda səssizlik hökm sürəcəkdi. Bürclər, supernovalar, spiral nebulalar, həmçinin, bulaqlar, toxunulmamış mineral səhralar, nəhəng, bakirə meşələr keçəcəkdi ağlımdan. Yavaş-yavaş kosmik nizamın əzəmətinə nüfuz edəcəkdim. Sonra sakit səslə fonetik olaraq öyrəndiyim sözləri tələffüz edəcəkdim: Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah: Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur və Məhəmməd Allahın elçisidir. Və sonra hər şey bitəcək; artıq mən müsəlman olacaqdım”.

İtirilmiş dəyərlərin paranoyası

Uelbek romanda İslam haqda mənfi stereotiplər önə çıxarır. İslam partiyasının fiktiv qalibiyyətindən sonra ölkənin idarə sistemində və cəmiyyətdə aparılan dəyişikliklər qroteskdir. Məncə, Uelbek özü də bu təsvirlərin şişirdilmiş, ekstremal olduğundan xəbərdardır. Burada iki versiya var: ya bunu qəsdən edərək, yəni Fransada hakimiyyətə gəlmiş İslam hakimiyyətinin etdiyi reformları qəsdən absurd dərəcədə şişirdərək provokasiya edib, ya da, sadəcə olaraq satirasının barıtını nizamlaya bilməyib, çünki müsahibələrinin birində o, təəssüflə razılaşır ki, bəzən əsərlərində ironiyanı ifrat həddə istifadə edir. İstənilən halda, bu absurd, şişirdilmiş ssenaridə onun paranoyasının xəmirində ksenofobiya aşkarlamaq çətin deyil.

Uelbek müasir Avropanın liberal və fərdiyyətçi fəlsəfəsini tənqid edərək həyəcan təbili çalır: Qərb öz tarixi köklərindən uzaqlaşıb, kollektiv kimliyi aşınıb. Ailə, cəmiyyət, mənəvi dəyər və inancların aşınması mənəvi tənəzzülə səbəb olub. Uelbek bu təbili əvvəllər də çalıb. Ancaq bu romanda onun narahatlığı daha ciddi, hətta paranoyak həddə varır. Öz ənənələrindən uzaqlaşmış, sosial fraqmentasiyaya məruz qalmış Qərb (Fransa) hələ ənənələrini, mədəni-kollektiv dəyərlərini qoruyub saxlamış İslam üçün münbit “hədəf” kimi göstərilir. Uelbek proqnoz verir: Qərbdə yaranmış sosial vakumu siyasi İslam hədəf ala bilər.

# 1586 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #