Anam şən klounlar kimi ağladı – Gənc şairdən yeni şeirlər

Anam şən klounlar kimi ağladı – Gənc şairdən yeni şeirlər
6 yanvar 2021
# 15:30

Kulis.az gənc şair Ələsgər Əhmədin yeni şeirlərini təqdim edir.

Memuar

Kasıbçılıq sözünün qafiyəsini tapmırıq
Niyəsini hardan tapaq?
Elə çarəsini də!

Bizə demişdilər ki,
anamızın gülüşünü,
atamızın əllərini ayrılıqlardan tapaq
Tapmadıq,
itirməyə başladıq
Behiştdən ana bətninə çəkilən,
həyat işarəsini də.

Xoşbəxtlik də asanlaşıb
nə az, nə çox
nənəndən yadigar üzük,
bir də ona can atan barmaq lazımdı

Sən o qızın gözəlliyi gül al deyən
qadın da bilmir ki,
O qızın gözəlliyini evə aparmaq lazımdı
Şam yeməyindəki qadın
həzm üçün gələn qaimənin qəssabı deyil

Hərdən
restoranın pəncərəsindən qışqırmaq istəyirəm
Bura gəldiyimiz yollar da,
qarsona deyilən çox sağollar da
Alman hesabı deyil!

Niyə deyil?
Sevəndən sonra
bir kişi də cavab tapa bilmir
Sevirsən, sevirsən
əllərin pulqabından qopa bilmir

Bir də görürsən ki,
nə o qayıdır, nə də kağız parçaları
Gözlədiyin yollara
qanının rəngiylə dəst salırsan xalçaları

Yenə də ayaqqabısının tozunu silmir.

İki eyni adama sual vermişdim
Biri uzaqlardasan,
biri uzaqlardayam
demişdi

Yəqin, yadına düşür
Zəng edib, soruşdum
hardasan?
Dedin, Allah bilir, hardayam

Zəngdən qabaq soruşmuşdum
bilməmişdi...

Xaos

Düşmən torpaqları kimisən
səsimi hər qaldıranda vuruluram
Şüşənin arxasından qolunda hiss etdiyin,
saata bənzəsəm də
Əqrəblərim zəhərlidi
Görüş vaxtı, gecikməyə quruluram
Nökər işgəncəsindən,
şahə qalxan ata bənzəsəm də
Gedişatlar ağır olur,
düşünməkdən yoruluram

O, susub,
gözlərini qırpmağın var ha
Onu heç bir pafoslu çıxışa dəyişmərəm
Nəfəsini bina uçurdan küləyə,
Göz yaşlarını adam boğan yağışa dəyişmərəm
Səndən öncə,
bütün xoşbəxtliklərə hazıra-nazir idim
Mənə sən öyrətdin, istefa verməyi
Qapını çırpıb gedəndə,
yorğunluğumu sığallayan kreslodan qalxdım
Səni tapdım
2009-dan bəri, unutmuşdum,
gülərüz, tələbə qız görməyi

Qara neftin,
dəhlizləri qırmızıya çevirməyindən danışıram
Mən sənin, telefonunda qrup yoldaşın,
Məhəllənizə çatanda uzaq qohumun,
tanışınam.
Səninlə danışanda
Tətiklər çəkilmir,
qılınclar toqquşmur
İsaya çevrilib, gözlərimi yumuram,
yumuram ki, gözü açıq adamlar
arzularına qovuşmur.
Dirilir Kefli İsgəndər,
ölülər, birəm-birəm
Yanında söz azadlığı mütləq ki, var
Sözdən sonra azadlıq varmı,
onu bilmirəm.

Arada niyyətlərimdən kimsə,
"Burax məni qışqırır"
Mənzilimizdə bilinir ki,
Lusiferin səsidi.
Hər gün, gündə 3 dəfə deyirəm ki,
Şübhə - qovuşmağın artırma dəqiqələrində,
11 metrlik cərimə zərbəsidi
Hər santimetrində acı var
Maraqlısı da odur ki,
"Getmək" qorxusunu başladan ayaqlar,
həll edir sonunu
Bilirsən,
hər kəsin ikinci şansa ehtiyacı var
Ən çox da, Roberto Baggionun

Keçmişimin hindu gözəli

Deyirlər,
insanın keçmişi daha xoşbəxtdi
Bəlkə 20 il keçmişə qayıdaq:

Gözlərimin önündə soyunmuş ağac,
Burnumu ehtiraslandıran,
yarpaq qoxusu
Qabırğamın sol yarımkürəsində,
Adəmin qırmızı torpaq qorxusu
Nəsə yanımdakı itin də,
hürməyi başqadı
Sanki, bu hürmək
Göydən sümük yağdırmaq üçün duadır

Elə burdan,
bütün xatirələrdən başlayıram
Doğum gününü də,
ətir sevməyini də unudardımmı?

Təəssüf...
bacarmadım.
Bacarmayım deyə,
hamı bəxtə qatıldı
Ən bahalı restoranlarda,
terrorçular əyləşdi
Ən gözəl ətirlər,
"Parfumer" filmində satıldı
- məni bağışla...
- bağışlayıram

15 yaşlı qızın makyajından,
əlini qaldırıb oynamaq mesajından bilinir
"Mən evlənmək istəmirəm" etirazı
Allah,
onu məsciddə
Sən isə başqa qadınlarda unutmağımdan narazı
Bir az qorxdum,
qorxdum ki, hər şeyi bir cürə bilərik
Uşaqları hədiyyəsiz oyunlardansa,
şən klounların
göz yaşlarıyla düşündürə bilərik

Mənim atam ölmədi ki,
sadəcə anamın ona olan sadiqliyini yoxladı
Kaş görərdiz,
görməliydiz
Anam işdən qovulan şən klounlar kimi ağladı

Qadın həbsxanasında,
gözəllik salonunun güzgüsü də azad deyil
Çöldən içəriyə baxanlar da,
özlərini azad görmür
Göy qurşağı çıxandan,
yanımdakı it də hürmür
Deyəsən,
yerdən insan skeletlər çıxaran Allahın,
rəhmi də uzaq deyil

Kaş görərdiz,
görməliydiz
Atamın qatilini tapmaq üçün,
kimlərin üzünə qayıtdım,
dayanmadım
Bir kor qışqırdı ki,
Mən gördüm, mən gördüm,
amma qulaqlarıma inanmadım

Yolüstü,
bir nəfəri də qucaqladım
Qaşlarını çatmağıyla söylədi:
Alnımdakı qırmızı nöqtə, alın yazımdı

Bir qədəh də süzün!
Bir az da susun,
eşidilsin melodram
Hələ də bilmirsiz ki,
Mənə nə Avropanın "qadın azadlığı"
nə də Amerikanın "müharibələrə son"
deməyi lazımdı

Mən,
hindu gözəlinin çiyninə qoyduğum,
başımı axtarıram

# 4054 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #