Öləcəyini qabaqcadan bilmişdi...

Əhməd Oğuz, şair

Əhməd Oğuz, şair

17 mart 2022
# 11:30

Kulis.az yazıçı Əlabbasın “Macqal dilinin xiridarı” yazısını təqdim edir.

– Sən nə təhər adamsan?! – Əhmədlə ilk dəfə görüşəndə, 90-nın əvvəllərində deyib bu sözü mənə. Amma o cür ərklə ki, elə bilmişəm deyir, dünyada sənnən yaxşı adam yoxdu.

– Necə deyirsən, elə də olum, bundan asan nə var, öz əlimizdə deyil? – cavabını vermişəm.

– Mənnən tez-tez görüş, əliaçıq ol, dostluqdan qaçma, vəssalam. Başqa nə istəyim ola bilər? Yaxşı oğlansan sən.

Gəl belə yerdə filosofluq eləmə də! Dərhal başladım ki, uzaqlar həmişə sirli görünür, Əhməd, həlbət ondandı.

– Nə dediyini bilən adamam mən, qədim ellərin havası var səndə, – dedi, – gecələr ulduzları şadaraya doldurub ələmək hər yetənin işi deyil. Türk nəfəsidi bu.

– Oxumuş adam belədi də, nə deyib qadasını almayasan?! – bir yazımdan misal çəkən Əhmədi vəcdə gəlmiş halda qucaqlayıb, – eşq olsun qədir bilənə! – dedim və mən tərəfdən dostluğun sanki elanı oldu bu.

Əvvəllər tez-tez, sonralarsa qəribsəyəndə görüşərdik. Hər dəfə də güzarını özü biz tərəfdən salardı ki, əziyyət çəkib ondan ötrü harasa gedəsi olmayım. Nərd oynar, çay içər, ala dağdan vurub, qara dağdan çıxardıq. Saday, Əyyar, Avdı, Mahmudla da tapışanda dünyanın bir ayrı ləzzəti olardı.

Bir də baxırdın rayonda olduğumu hardansa eşidib zəng vurur ki, gələndə bir balon çaşır turşusu gətir, ağzımızın dadını dəyişək.

– Çaşır nədi, ə, Sadayı da götür gəl bəri! Gəlin sizi aparım Batabata, çöllərin lalə vaxtıdı.

– Sən turşunu gətir, Batabat qalsın sonraya. Amma odəfəki kimi eləmə!

Bir dəfə, qışın oğlan çağında Naxçıvandan zəng vurmuşdum ki, sabah qayıdıram, nə gətirim dostlara?

Əhmədin çoxlarına qismət olmayan qaltanlı səsi vardı. Hər dəfə eşitdirirdim ki, səndə ərəb boğazı var. Ərəb axırımıza çıxdı, deyirdi, ondan danışma, biz türkük, türkmənik, qazax, qırğızıq. Hər adam Oğuzu özünə ad eləməz.

– Dilə görüm, nə dilərsən, Oğuz qardaş, gəlirəm sabah.

– Dedim axı. Bir balon çaşır, özü də körpə olsun.

“Qışın günündə sənə lazım idi bu səxavət?” sualı hələ bilet almadığım və yaxın saatlarda almağa da ümid olmayan Naxçıvanın soyuq küçələrində məni axşamacan girinc elədi. Bakıdakı vacib işlər, təbərrükə dönən bilet, bir yandan da verdiyim vədin həyəcanı! Bəri başdan alası olsaydım, Kiçik Vətənin qandonduran şaxtasında körpəsini qucaqdan qoymayan ana kimi o balonu, nə qədər özümlə gəzdirməyə məhkum idim, Allah bilər. Hələ bu işin aeroportda qeydiyyatdan şüşə qabla keçə bilmək adında bir bəndi də vardı ki, adına Naxçıvanda qəhrəmanlıq deyərlər.

Tərs kimi gözlədiyim də oldu. Aeroporta üçüncü günün gecəsi, bazar-dükan bağlanandan xeyli sonra döndüm və Bakıya əlavə reyslə, əliboş uçası oldum. Allah hamımızın günahını Yaradanın xatirinə bağışlasın, özümə gələndən bir-iki gün sonra Əhmədə zəng vurdum ki, niyə gəlib malını aparmır? O da durmayıb gəldi, verdiyi zəhmətə görə üzr istədi. Əlini cibinə salanda, ayıbdı, dedim, bu nə hərəkətdi? Yenə çay, yenə döymə, sonra da telefonla Sadayı tapdı, deyə-gülə çıxıb getdi və zəngi yalnız bir həftədən sonra gəldi. Salam-sabahsız:

– Halal olsun, – dedi, – bu, “bakinski” çaşırı hardan almısan, ə? Onu nənəm də alardı.

– Nənən ölsün, – dedim, amma dərhal ağ bayraq qaldırmadım. Onda da məni ayrı cür utandırdı:

– “Köhnə kişi” yazıb, yalan danışmaq düz gəlmir axı, lələ. Bu çaşır Naxçıvan çaşırı deyil, ordan gəlməyib. Sən dürüst adamsan, niyə belə iş tutursan?

“Sənə dürüst adam deyələr, sən də yalan danışasan?” – bu harda yazılıb, sualını özümə verməklə doğma ellərə səfər dastanının bir qolunu – Naxçıvanın soyuğunu, üç gün qohum evində utana-utana gecələdiyimi, biletsiz qaldığımı və çaşır hayında olmayıb, onu Bakı bazarından aldığımı elə bəyan elədim ki, adam sənin yalanından da doymur, dedi, gülə-gülə, buna da fərasət lazımdı, elə bilirsən hər adam eləyə bilər bunu? Ay elədi haa! Avdımı eləyər, Əyyarmı eləyər? Demirəm bəlkə, Mahmud eləyə.

Bəraət aldığımı zənn edib də, indi necə eləyək, dedim, mənnən barışasan?

Çarəmi qəhət idi Əhmədə, dərhal Əlinin papağını Vəlinin başına qoydu:

– Deməli, belə eləyirik: üzr istəyirsən, sonra da süfrənin haqqını ödəyirsən, səni bağışlayıram.

Handan-hana:

– Ağzım nədi? – dedim və həmən aramızda barışıq elan olundu.

Sonra da sonuncu görüş... Ötən ilin payızı...

Doğrusu, heç vaxt belə sınqın, üzgün və ümidsiz görməmişdim onu. Təndürüst sifətinə, iri ala gözlərinə baxa-baxa bir anlığa xəyalımda Əhmədin cavanlıq surəti şəkillənsə də, elə bildim köç atını sahmanlamış yüz ilin qosqoca kişisi ilə üz-üzə oturmuşam. Xeyli xoflandım. Hiss etməsin deyə dost-tanışdan söz saldım, ağrıların, təzyiqin axırıma çıxdığından şikayətləndim.

– Bəs mənim yerimə olsan, neylərsən? Nə təzyiq? Nəmənə şeydi, ə, o? – soruşdu, – gözlərindən kədər kölgəsinin necə anbaan keçdiyini gördüyüm bir məqamda başını qaldırıb, – beyqafıldan eşidəcəksən ki, Əhməd gedib! – dedi, – həkimdən birbaşa bura gəlmişəm. Məndə də o zəhrimardandı.

– Səni istəmiyənlər getsin! O nə sözdü danışırsan? Hər həkimin sözü düz çıxsaydı, indi dünyada inni-cinni qalmamışdı, – dedim və heç cür xatırlaya bilmədim ki, əlli ilə yaxın köç saldığım bu şəhərdə “beyqafıl” sözünü Əhməddən savayı, kimdənsə eşitmişəm, ya yox? Mən o sözü qırx il əvvəl, qarlı dağların o üzündə, Naxçıvanda qoyub gəlmişdim. Tez-tez işlədərdi Əhməd onu. Hərdən elə bilirdim, ən qədim dildə danışır o. Tikəyə loxma, keçən ilə bildir, xəstəyə azarlı, zəhlətökənə yanşaq, hesablamağa sanamaq, camaata el-elat, ətrafa yan-yörə, hirs-hikkəyə qımır, fürsətə girəvə, ölməyə getmək, qocalmağa düşmək və s. deyərdi. Macqal dilinin onlarla nişanəsi vardı Əhmədin dilində.

Tay-tuşlarının əksəriyyətindən gec evlənmiş, neçə il də övlad həsrəti çəkmişdi. Biri oğul, biri qız olmaqla ay parçası kimi iki tələbə balası var indi. Oturub-durub:

– Qurban olum Allaha, – deyirdi, – bir işimi iki eləmədi. Onları oğul-qız yox, nəvə bilirəm özümə.

– Onlardan danış, – deyib də öz aləmimdə bir az uzaqlara çəkdim onu, – qızı istəyən var, ya yox?

– O halda deyiləm, – dedi və qüssəli-qüssəli gülümsündü. Əgər buna “gülümsəmək” demək olardısa...

O xudmani süfrə də, o söz-söhbət də, xüsusən, ona görə belə yadımda qalıb ki, sən demə, o gün Əhməd halallaşmağa gəlibmiş. Bunu sonralar bildim. Dayanacağa qədər qoşa gəldik, bir siqaret yandırıb aralıdakı köşkə səmt üz tutdu. Təzə siqaret alıb, yenidən geri qayıtdı və bu müddət ərzində sezdiyim bir o oldu ki, sanki Əhməd getmir, yol özü yol gedirdi...

– Mənnən tez-tez görüş, bu dünyaya etibar yoxdu. Daha keçib, – deyə ərinmədən maskasını çıxartdı, niyəsə gözlərimdən öpdü və həmişəki ləngərli yerişi ilə ağır-ağır avtobusa tərəf yönəldi. Qədəmi avtobusun ayaqlığında ikən qanrılıb çiyninin üstündən geri boylandı, hələ də ardınca baxdığımı görüb, əlini yuxarı qaldırdı, üzgün səslə bir daha xəbərdar elədi:

– Dediyimi yaddan çıxartma!

İşə bax ki, yaraşıqlı, ağ simasının tən yarısını tutan qara maska da onun işığı öləziyən sifətinin əsl rəngini gizlədə bilməmişdi. Bu saat da gözlərim önündədi namərd əcəlin o boz üzü.

Geri qayıdanda, yolda ikən yadıma düşdü ki, Əhməd bu sözü mənə, bəlkə də, otuz il əvvəl, hələ ilk tanışlığımız zamanı demişdi: “Mənnən tez-tez görüş”.

Mən kiməm ki, qardaş? Bu cür görüşlərin vaxtını, xüsusən də, altmışdan sonra Gözəgörünməz özü təyin edirsə...

Allah dünyasını dəyişən əzizlərimizə rəhmət, qalanlarımızı haqqa hidayət eyləsin!

# 6072 dəfə oxunub

Müəllifin son yazıları

# # #