Belə eşitmişəm yarasalardan – Günün şeiri

El Roman, şair

El Roman, şair

2 sentyabr 2022
# 10:51

Bu gün şair El Romanın ad günüdür. Kulis.az bu münasibətlə onun “Yarasalar” şeirini təqdim edir.

Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Gəldiyi yerlərə qayıtdı hər şey –
adamlar torpağa, kağız torpağa...

Göyərsə göylərdə bir ağ göyərçin
Bu işə göylər də gülərdi, gərçi...
Sonra da darıxıb bu boz şəhərçün
Gəlib bulaşardı o toz-torpağa.

İstəsən, küləyə çevrilərəm

Saçların tərəfə çevrilərəm,
gəl.
Sən kimin olmusan min illər əvvəl?
adını oxudum cam kasalardan...

Deyən olmadımı vaxtı dayandır?
Tanrıyam, bilmirəm yerin hayandır...
Mağara ağzında cığara yandır,
məni də bir dəfə yada sal orda...

Mağara?!
görəsən, nəyin nəsidir?
Mağara – dağların əsnəməsidir.
Tərsinə asılmış quş qəfəsidir
Belə eşitmişəm yarasalardan...

Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Sonra...
Gəldiyi yerlərə qayıtdı hər şey-
adamlar torpağa, kağız torpağa...

# 1246 dəfə oxunub

Müəllifin son yazıları

# # #