Əkrəm Əylislinin yeni hekayəsi: “SAFSAR”

Əkrəm Əylislinin yeni hekayəsi: <span style="color:red;">“SAFSAR”
2 oktyabr 2015
# 12:10

Kulis Əkrəm Əylislinin yeni hekayəsi “Safsar”ı təqdim edir.

Dünyada elə şeylər var ki, onları göz görmür, ürək görür.

Bunu hekayəmizin qəhrəmanı Qubuş hələ heç məktəbə getməmişdən bilirdi.

1

Qubuşun yuxuda gördüyü göy üzündə ulduz parıltısından göz qamaşırdı. Hələ lap uşaq olduğu zamanlarda (yayın qızmar istilərində) evlərinin torpaq damında, nənəsinin yanında, yumşaq yorğan-döşəkdə uzanıb, göydəki ulduzlara tamaşa etməkdən doymayan Qubuş heç o vaxt da göy üzünü bu qədər ulduzlu, bu təhər işıqlı görməmişdi.

Sonra, nə oldusa, ulduzlar birdən-birə söndü. Dünyanın var işığı büsbütün çəkilib getdi. Göy üzü qəfildən qapqara qaralıb, Bətulənin hər gün çörək bişirdiyi sacın altına döndü. Göy üzündəki o qatı qaranlığın orada həmişəlik qalacağını düşünüb, bundan dəhşətə gələn Qubuş qəfildən yuxudan ayılıb, gözlərini açdı.

Ay batmışdı. Ancaq Qubuşun yuxuda gördüyü göy üzünün o qatı qaranlığından sonra otaq o biri gecələrdə olduğundan xeyli işıqlı görünürdü.

Evin havası soyumuşdu. Bətulə öz çarpayısında bərk-bərk yorğana bürünüb yatırdı.

Pis yuxu görsə də, görməsə də, çoxdan bəriydi ki, Qubuş gecənin bir vədəsi həmişə yuxudan ayılırdı. Durub, eşikdə gəzinib, qayıdıb təzədən yatağa uzanırdı.

Gündüzlər gün işığında gördüyü kənd gecələr – ulduzlu göyün altında – Qubuşa həmişəki kimi yox, sanki o kəndlə heç bir əlaqəsi olmayan ayrıca bir dünya kimi görünürdü: kənddən xeyli uzaqda, kənddən xeyli ucada!..

Gündüzkü kənd hamınınkıydı, gecəki kənd isə - yalnız Qubuşunku... Və gecələr tək-tənha həyətdə gəzinəndə dünya Qubuşun nəzərində daha geniş, daha sehrli və cazibədar olurdu. Hətta Allahın varlığına da gecələr həyətdə tək gəzəndə Qubuş daha çox inanırdı və bu inam Qubuşun qəlbinə-ruhuna bir qəribə sevinc, rahatlıq gətirirdi.

İlin yay aylarında, başqa vaxtlara baxmış, kənddə adam daha çox olurdu. Maşın səsi, insan səsi... Bakıya, Moskvaya çörək dalınca gedənlərin övlad-uşağının səs-küyü bəzən gecələr də küçələrdən, həyət-bacadan kəsilmirdi.

İndi payız idi.

Noyabr ayının son günləriydi. Özgə illər soyuq düşən kimi qapı-pəncərəsini bağlayıb, şəhərdə qışlamağa gedənlərin bir qismi hələ kənddə idi. Çünki belə payız bu kənddə çoxdan olmamışdı: dumansız-çiskinsiz, qarsız-yağışsız...

Gecələr bir az soyuq olsa da, gündüzün günəşinin istisi bütün günü çöl-bayırda, həyət-bacada yola vermək üçün hamıya bəs eləyirdi. Buna görə də, sobasını qalamağı, başmağını palçığa batırmağı gözləmədən, əvvəldən əl-ayağa düşüb, kəndi tərk etməyən mövsüm şəhərlilərinin kənddə qalanı hələ kənddən getməyə tələsmirdi. Bir azdan işıqsız qalacaq bir neçə evin bir lampalıq gecə işığı o evlərin eyvanında hələ ki, səhər açılanacan yanırdı.

Həyətə çıxan kimi, yenə Qubuş gözlərini Sonanın evi səmtə zilləyib, o evin eyvanında yanan tək lampanın zəif işığına xeyli vaxt yuxulu-yuxulu tamaşa elədi.

Sona buralı deyildi. Gəlmə idi. Gəlib burda özündən azı 30 yaş böyük bir kişiyə arvad olmuşdu. Buranın adamına bir az alışandan sonra özü öz dililə hər yerdə deyirdi ki, mən öz kəndimdə 2 dəfə ərdə olmuşam, uşağım olmadığına görə ərlərim evdən qovub məni. Deyirdi, 2 ərdən sonra öz kəndimdə məni kim alacaqdı. Evdə qalıb qarımaqdansa, dedim, qoca olsun, şikəst olsun – mənim də ərim olsun.

Sonanı o eyvanda Qubuş ilk dəfə azı 20 il bundan əvvəl görmüşdü. Görən kimi ürəyi yerindən oynamışdı. Bir qəribə - sehrli, şirin istək içini bir aləm isitmişdi, qəlbinə bir dünya işıq salmışdı.

Onda Qubuşun yaşı 50-dən bir az çox olardı. İndi yaşı 70-i keçmişdi. O zamandan bəri bu dünyada nələr olmamışdı!..

Qubuşun başqa kənddə ərdə olan qızı Leyla, hələ heç, bir uşaq da doğmamış çarəsiz azara tutulub, cavan ikən dünyadan köçmüşdü.

Bakıda rəssamlıq məktəbini bitirən oğlu Fərəc, gedib Səmərqənddə 2 il din dərsi keçəndən sonra, rəssamlığı buraxıb, məsciddə mollalığa başlamışdı. Kolxoz ləğv olunmuşdu.

Sonanın bir vaxt kolxozun at fermasına baxan əri Müslüm işsiz-gücsüz qalıb, gündə 3-4 “paçka” siqaret çəkməkdən sinəgir xəstəliyinə tutulmuşdu.

Müslümün əvvəlki arvadı ölmüşdü.

Onun uzaq kəndlərin birində ərdə olan qızı Xədicənin elə özü yaşda Sonanı gətirib atasına arvad eləməyindən heç 1 il də keçməmiş, Allahın işinə bax ki, öz kəndində 2 dəfə ərdə olub uşaq doğmayan Sona sinəgir xəstəsi qoca Müslümdən bir sapsağlam uşaq doğub, ana olmuşdu.

İndi nə o uşaq qalırdı, nə Sonanın əvvəlki şuxluğu, gözəlliyi qalmışdı. Ancaq neynəmək olar ki, Sonanı ilk dəfə görəndə ürəyini yerindən oynadan o şirin, sehrli istək Qubuşun ürəyinin başında hələ də yurd salıb yaşayırdı.

Qubuşun bu istəyi (hələ Müslümün sağlığında) bir dəfə az qala baş tutacaqdı.

O gün Müslüm kənddə yox idi. Kolxozun at ferması əlindən çıxandan sonra gedib hardansa bir körpə qulun tapıb gətirib, öz evində bəsləyib-böyüdüb, adını “Qırat” qoyduğu kəhər atına minib, Sonadan olan 6-7 yaşlı Aslanla birgə, uzaq kənddə qızı Xədicəyə baş çəkməyə getmişdi. Sona evdə tək qalmışdı.

Qubuş qapını aralayıb, ehmalca həyətə baxdı. Gördü ki, Sona eyvanın qabağındakı əriyin kölgəsiindəə quruca torpağın üstündə uzanıb yatır. Hələ Qubuş ağacın yanına çatmamış, Sona duyuq düşüb, gözlərini açdı. Dikəlib, əriyin gövdəsinə söykənib, hayıl-mayıl Qubuşa baxdı. Və gülümsədi. Və elə gülümsədi ki, Qubuşun qəlbinə bir dünya sevgi doldu, canına görünməmiş qüvvət, gözlərinə olmayan işıq gəldi. Qubuş başa düşdü ki, Sonanın da ondan gizli umacağı varmış. Ancaq ürəyində çoxdan gəzdirdiyi o istəyin əsl dadını görmək, sən demə, Qubuşun qismətinə yazılmamışdı. O gün Qubuş evdən çıxanda onun hara getdiyini anası Xavər arvad Allah bilir ki, hardan və necə bilmişdi.

Sonanın hasarının dalında əvvəl belin dəmir ağızlığının qulaq deşən cingiltisi, çaqqıltısı gəldi: guya arvad evdən bel gətirib, oradakı su arxının daş-çınqılını təmizləyirdi. Ancaq bu şeytani əməldən sonra da arvadın ürəyi soyumadı. Qubuşun kefinə soğan doğramaq üçün əvvəldən ürəyində tutduğu bəd niyyəti axıracan işə keçirməkdən ötrü, o arxın daş-çınqılını “təmizləyəndən” sonra qarı qayıdıb Sonanın həyət qapısının dalında elə bir bədheybət “öhe-öhe” saldı ki, gündə 3-4 “paçka” “Pamir” çəkən Müslümün öskürməyi o “öhe-öhe”nin yanında yalan oldu.

Sona işin nə yerdə olduğunu anlayıb, qaçıb evə dürtüldü. Çoxdan gözlədiyi qadın ləzzətindən əli üzülən Qubuş o əriyin dibində bir müddət tərpənməz dayanıb, sonra kor-peşman evə qayıtdı.

-A qırışmal! A qırışmal!

Qubuş darvaza qapısından içəri girər-girməz qarı uzaqdan-uzağa belə başladı.

O gündən sonra Qubuş bu sözləri anasının dilindən tez-tez eşitdi. Ancaq qarı bu məsələni heç vaxt açıb-ağartmadı. Bətulə isə nə qədər qəribə olsa da, Qubuşun ürəyində belə bir istək olduğunu heç vaxt ağlına gətirmədi.

2

Sonra Sonanın qara günləri başlandı. Aprelin əvvəlində əskər gedən oğlu Aslanın mayın axırlarında oradan ölüsü gəldi. Sonanın saçları bir gecədə ağardı. Əvvəlki şən səsi, xoş rəftarı gözgörə yoxa çıxdı. Gözlərinin ürəyi yerindən oynadan odu-alovu həmişəlik sönüb getdi.

Gecələr ağı deyib ağlayırdı. Gündüzlər, hələ gün çıxmamış, qəbiristanlığa yol döyürdü və oğlunun ölümünə əri Müslümün bais olduğunu yolda rastına çıxan hər kəsə yana-yana danışıb, ürəyini boşaldırdı:

- Axı mən demişdim ona. O goru çatdamışa min dəfə demişdim ki, bu uşaqdan əskər olmaz. Evdə nə var apar sat, demişdim, əskərlikdən saxla uşağı – ha çoxdu aparıb pul verib uşağına xəstəlik kağızı düzəldən. Nə olsun ki, mənim uşağım da xəstə deyil, axı bu o uşaqlardan deyil ki, gedib orda əskər kimi əskərlik eləsin. Ona kim deyə bilər ki, bu işi elə görmə, belə gör. Orda hansı qamandir ona əmr verib, iş buyura bilər. Axı sən bu uşağı elə böyütməmisən ki, dil qansın, söz eşitsin. Uşağın hər dediyini eləmisən. Hələ məktəbə getməmiş, uşağa at çapmağı öyrətmisən. Qoca kaftar eşitmədi mən deyəni. Ağzımı açan kimi həmişə vurdu ağzımdan. Gündə üç “paçka” siqaret çəkməkdən savayı əlindən bir qara qəpiklik iş gəlmirdi mürtəd köpəyoğlunun. Bircə yekə-yekə danışmağı bacarırdı: “Mən oğlumun adını Aslan qoymuşam, tülkü qoymamışam ki, Vətənin dar günündə qaçıb kol dibinə soxulsun”. Elə bunu əzbərləmişdi, ayrı söz tapmırdı deməyə...

Sona desə də, deməsə də, Aslanın öz əskərliyini axıracan başa vurub sağ-salamat evə qayıdacağına inanmayan, kənddə Sonadan başqa da, nə qədər desən adam vardı. Ancaq inananlar da vardı ki, Aslanın əskərlikdə “burnu ovulacaq”, əhilləşib-ağıllanıb, “adam kimi” kəndə qayıdacaq. Çünki Aslan doğrudan da uşaq deyildi, bütün kənd üçün böyük bəlaydı. Kənddə Aslanın cırnadıb-ağlatmadığı uşaq, qorxudub-hürkütmədiyi ağsaqqal, ağbirçək qalmamışdı. Nə qorxurdu, nə həya eləyirdi. Qoluzorba kişilərin üstünə at sürürdü. Atı yenişə-yoxuşa çapa-çapa əl uzadıb qız-gəlinin yaylığını başından açıb, bayraq kimi havada yelləyirdi.

Bəlkə bir ildən də çox Sona, qışın şaxtasına, yayın istisinə baxmadan, hər gün qəbiristanlığa yol döyüb, oğlunun məzarı başında səhərdən axşamacan ağı deyib ağladı. Sonra bir müddət evdən-eşiyə çıxmadı. Sonra çıxdı, ancaq nə bir kəsə bir kəlmə söz dedi, nə bir kəsin qapısını açdı.

İndi Sona nisbətən özünə gəlmişdi. Əl-ayağı işə alışmışdı, rəngi-ruhu xeyli durulmuşdu. Həyətdə saxladığı toyuq-cücəyə baxırdı. Bağını-bostanını suvarırdı. Ağacının meyvəsini qurudurdu. Əkdiyi tərəvəzə, göy-göyərtiyə qulluq eləyirdi. Ancaq təklik, deyəsən, bezdirmişdi yazığı. Bətulə bu günlərdə kimdənsə eşitmişdi ki, bu qış Sona da kənddə qalmayacaq, 5-10 günə yığışıb, Bakıda ərdə olan bacısının yanına gedəcək. Və indi, nə yaxşı ki, Sonanın işığı o eyvanda yanırdı. Demək, Sona hələ ki, kənddə idi.

Havaların xoş keçməsi hesabına sakinləri hələ köçüb şəhərə getməmiş o biri evlərin də eyvanında işıq yanırdı və gecə o qədər qaranlıq gecəydi ki, aylı gecələrdə uzaqdan zorla sezilən hər lampadan sanki 5 lampanın işığı gəlirdi.

Həyətdə səssizlikdən qulaq batırdı. Gecənin qatı zülməti kənddəki səssizliyə, sakitliyə qarışıb dünyanı bir ölümcül sükuta qərq eləmişdi. Qubuşun göz açıb dünyanı gördüyü uzaq əyyamlardan bəri yay-qış bu həyətdəki cevizin uca budaqlarının arasında yatan qoca qarğa arabir yuxudan ayılıb, qanadlarını tərpədib, yerini rahatlayırdı. Bir də həyətin hələlik ən mötəbər sakini – qovurmalıq kök toğlu, Qubuşun iyini alıb divarın dibindəki dəmir torun dalında hərdənbir fınxırıb təpik döyürdü.

Və o zülmətdən, sükutdan qəfil hoflanan Qubuş qayıdıb təzədən yerinə uzandı.

3

Son 20-30 ildə kəndin cavanları biri-birinin dalınca kəndi atıb getməyə başlamışdı. Bakının, Moskvanın dükan-bazarında və Rusiyanın başqa şəhərlərində iş tapıb məskunlaşanlar özlərinin qohum-əqrabalarını da yavaş-yavaş şirnikdirib öz yanlarına aparmışdılar. Əhalinin yarıdan çoxu kənddən çıxmışdı. Gedənlərin bir qismi heç yayda da kəndə ayaq basmırdı. Və Qubuş qorxurdu ki, vaxt gələcək – bu kənddə insan naminə kimsə qalmayacaq. Xüsusən son bir-iki ildə bu qorxu Qubuşu bərk yaxalamışdı. Bəlkə də buna görəydi ki, Qubuş son vaxtlar hər gecə biri o birindən dəhşətli yuxular görürdü.

Gah görürdü ki, kəndi sel-su basıb, bütün kəndin adamı, uşaqlı-böyüklü boğulub, suyun üzündə qalıb. Gah Qubuşun yuxularında kəndin insanı, quşu, heyvanı tamam yoxa çıxırdı. Təkcə o dağlar qalırdı və öz dillərində xısın-xısın pıçıldaşa-pıçıldaşa kəndin sonrakı aqibəti barədə qorxunc sözlər deyirdilər.

Bu gecə də həyətdən qayıdıb, təzədən yatağa uzanan Qubuş, gözlərini yumar-yummaz, elə bir dəhşətli yuxu gördü ki, dünyanın ən qorxunc nağıllarında da bu boyda dəhşəti deyib eşidən olmamışdı.

Kimsəsiz kənd. Günəşsiz gün. Səhərin lap erkən çağıydı. Və səhərin o erkən çağı saya-hesaba gəlməyən bir sürü safsar sıra ilə biri-birinin arxasınca düzülüb, kəndin lap ətəyindən yavaş-yavaş kəndin içinə doğru gəlirdi. Məqsədləri, niyyətləri də məlum idi: safsarlar, 4-5 ay bundan əvvəl, kəndin meydanında amansız işgəncə ilə qətlə yetirilən və Qubuşu hələ də rahat yatmağa qoymayan safsar soydaşlarının qisasını adamlardan almağa gəlirdilər. Və bir azdan kənddə elə bir dəhşətli hadisə baş verəcəkdi ki, o safsarın başına gətirilən görülməmiş müsibət bu dəhşətin yanında yalan olacaqdı.

Və adamlardan qisas almağa gələn qorxunc safsar qoşunu hələ gəlib kəndin içinə yetişməmiş Qubuş bir xeyli başqa safsarın hardansa həyətə dürtülüb, təzəcə boğduqları toğlunun cəmdəyini boğuşa-boğuşa didib gəmirdiklərini gördü. Bir safsar kənarda, qapının ağzında tək dayanıb, qan basmış qıpqırmızı gözlərini eyvanın qabağını süpürən Bətuləyə zilləyib, ona qəfil hücum etmək üçün fürsət gözləyirdi.

Bətuləninsə heç nədən xəbəri yox idi.

Arvadını safsarın caynağından qurtarmaq üçün Qubuşun çağırmağa səsi, tərpənməyə zoru çatmadı. Və bu vaxt yuxudan ayılıb hər şeyin öz yerində olduğunu görən Qubuş sevinə-sevinə həyətə çıxdı.

Eyvanın altında Bətulə sacda çörək bişirirdi. Toğlu Bətulənin didib qabağına tökdüyü payızlıq qart yoncanı didib-biçib yeyirdi. Günəş – öz yerində. Göy - öz yerində. Hətta Qubuşun 3 ay əvvəl , 91 yaşında o dünyaya köçən anası Xavərin səsi də bu dünyada hələ qalırdı:

- A qırışmal! A qırışmal!

Hər gün hamıdan tez durub, eyvanda lövbər salan anası, pəl vurub baş tutmağa qoymadığı o əhvalatdan sonra Qubuşu hər səhər bu sözlərlə qarşılayırdı.

Qarı özünü inandırmışdı ki, gecə Qubuş boş-boşuna həyətə çıxmır, arvadını yuxuya verib, Sonanın yanına kefə gedir.

– Bütün günü o heyvandan əl çəkmirsən – Bətulə, uzaqdan-uzağa, eyvandan xeyli aralıda, toğlunun yanında durmuş Qubuşa dedi. – Neçə vaxtdı meydana-zada da çıxmırsan. Çıx bir gəz-dolan da, nə olar. Bir dənə də çörək alıb gətirərsən. Hər gün sac çörəyi yeməkdən qarın-qursağımız daralıb.

- Qubuş arvadına yaxınlaşdı və ocağın üstündəki saca baxan kimi gecə yuxuda gördüyü (sac altına bənzəyən) zilqara göy üzü Qubuşun yadına düşdü. – Gedib kimi görəcəm o meydanda? – Qubuş dumduru, heyrətamiz dərəcədə işıqlı göy üzünə baxa-baxa dedi. – Yurist Yunusu görəcəyəm? Mən onu adam bilirdim. O safsar əhvalatından sonra o da tamam gözümdən düşdü. Düz iş görmədi də, insafsızlıq elədi. O heyvan kimə neynəmişdi ki, ona o boyda zülm elədilər?

- Yunus pis adam deyil. Hamının xeyir-şərinə yarayandı. Yunusu bəhanə eləmə. Sən o gün qorxmusan orda, boynuna almırsan. Elə qorxduğun üçün də day o meydana çıxmırsan. – Bətulə gülə-gülə dedi. – Elə uşaqlıqda da, deyirlər, yaman qorxaq olmusan.

– Onu kim deyib sənə?

– Kim deyəcək elə öz anan deyib. Rəhmətlik, sən evdə olmayanda, mənə tez-tez sənin uşaq vaxtlarından danışırdı. Yaman qorxağıydı, deyirdi. Göy guruldayanda, ildırım çaxanda qaçıb evdə gizlənirmişsən. Uzaqda it hürəndə ayağını yerə döyüb ağlayırmışsan: “Ana, ana, al məni qucağına, indicə o it gəlib tutacaq məni”. – Bətulə şaqqanaq çəkib güldü. – Hələ bir qəribə əməlin də varmış: bir yerdə qarışqa yuvası görəndə oturub günuzunu baxırmışsan. Çağıran olmasa heç çörək yemək də yadına düşmürmüş. Rəhmətlik deyirdi ki, mən bu Qubuş kimi adamayovuşmaz uşaq görməmişdim. İndi də o xasiyyətində qalmısan.

Anası düz demişdi. O vaxt doğrudan da Qubuş adamlardan uzaq olmağı xoşlayırdı. Çünki onların nə istədiyini, nədən hirsli-hikkəli olduğunu, nəyə görə deyinib- dalaşdığını heç cür anlaya bilmirdi. Bir də, əslinə qalsa, o zaman o adamlar Qubuşa heç lazım da deyildi. O vaxt dünyada adamlardan savayı da çox şey vardı və o şeylərin hamısı Qubuşunku idi! Dünyanın dağı-daşı, çayı-çeşməsi... Kəpənəyi, quşu, qarışqası... Yazda arxların kənarında bitən yarpız, bənövşə. Yayda ağaclarda yetişən hər cür meyvə... Dağların dumduru səhər rəngi. Axşamın sərin mehi. Gecənin ayı, ulduzu... Əgər o doğrudan da bir qarışqa yuvasının yanında oturub, yuvasına dən daşıyan qarışqalara saatlarla tamaşa eləməkdən zövq ala bilirdisə, Qubuş neynirdi ki, adamları! Doğrudur o vaxtdan bəri dünya da, adamlar da çox dəyişmişdi. Dəyişməyən bircə buydu ki, adamların bir çox əməllərindən Qubuş hələ də baş çıxara bilmirdi.

– O safsarı Yurist Yunus hardan tutmuşdu ki? – Bətulə Qubuşun dərin xəyala getdiyini görüb, ucadan soruşdu.

– Nə bilim hardan tutmuşdu! – Qubuş könülsüz-həvəssiz cavab verdi.

Gecə həyətdən qayıdıb, təzədən yatağa uzanandan sonra, səhərə yaxın yuxuda gördüyü bir qoşun safsar sürüsünü və hələ o qoşundan da savayı, haradansa həyətə soxulub, toğlunun qarnını sökən, kəlləsini gəmirən o biri safsarları və qapının ağzında tək dayanıb, qan basmış qıpqırmızı gözlərini Bətuləyə zilləyən o dəhşətli heyvanı yadına saldı.

O heyvanın qan basmış gözləri Yunusun çöldən tutub gətirib, meydanda tamaşasını çıxartdığı o safsarın gözlərinə yaman oxşayırdı. Onun didilmiş dərisi, sınmış qabırğaları, qanı axan əti-canı, başı-ayağı bundan sonra 100 il də yaşasa, Qubuşun yadından heç vaxt çıxmayacaqdı.

O gün o meydana yığışanlar o safsarın dişlərini qırdılar, kəlləsini əzdilər, nəfəsini kəsdilər və hələ bu da azmış kimi, üstünə neft töküb yandırdılar. Sonra gülə-gülə, sevinə-sevinə dağılışıb evlərinə getdilər. Və o gün, dükandan çörək almaq üçün 5-10 dəqiqəliyə evdən çıxan Qubuş, o dəhşəti görəndən sonra, dükandan çörək almağı da unutdu. Bütün günü çöl-biyabanı dəli kimi dolanıb, bir də axşam qaş qaralanda evə qayıtdı.

O əhvalat yayın ortalarında olmuşdu və ondan sonra Qubuş o meydandan elə iyrənmişdi ki, ora bir dəfə də ayaq basmamışdı.

– O toğlunu niyə kəsmirsən? Saxlayıb damazlıq eləyəcəksən? – Bunu Bətulə təzəcə yumurta yağa saldığı tavanı gətirib ərinin qabağına qoyandan sonra dedi. – Qaynanam, yazıq arvad elə hey ət deyə-deyə getdi.

– Kimə kəsdirim, day heç qəssab da qalmayıb bu kənddə.

– Neçə vaxtdı gedib arvadın qəbrinə də baş çəkmirsən. Mən hər cümə axşamı gedirəm. Elin adətidi, mərhumun ili bitənəcən gərək gedəsən. – Bətulə ah çəkib, bir müddət darvazaya baxa-baxa qaldı. – Gördün də Fərəc bu il də gəlmədi.

– Yəqin başı mollalığa bərk qarışıb. Bu da gedib özünə sənət tapdı. – befərəsət köpəyoğlu. Gül kimi rəssamlığı buraxıb, gedib mollalıqdan yapışdı.

– Neynəsin, indi rəssamdan da, müəllimdən də molla hörmətlidi. – Ömrünün 40 ildən çoxunu kənddə müəllimlik eləmiş Bətulə bu sözləri xüsusi yanğı ilə dedi. – Rəssam olanda nə olar, yazıq uşaq Bakıda 5 il bekar qaldı. Rəhmətlik qaynanam deyərdi ki, bekar adamın başında cin-şeytan yuva salar.

– Düz deyirsən, elə bu kənddə də çox adamın başında cin-şeytan yuva salıb. Allah da görüb bunu, kənddən birdəfəlik üz döndərib. Ona görə də kənd ölüb bu saat, bircə fatihə verəni yoxdu. Biz bu kəndin diri vaxtlarını da görmüşük axı. Yaz açılandan qar düşənəcən hamı çöl-bayırdaydı: bel belləyən kim, su suvaran kim... Zəmilərin taxılını biçib qurtarmaq olmurdu, bağ-bostanın mer-meyvəsini yığıb-yığışdırmaq olmurdu. Kəndin öz taxılı, öz dəyirmanı... İndi nə oldu bəs adamlara? Kənddə 7-8 kişi qalıb, onların da işi-gücü o meydanda səhər-axşam çərənçilik eləməkdi.

Kəndin meydanına yığışanların əksəriyyəti Qubuşun tay-tuşlarıydı. Bir vaxt bir yerdə aşıq oynamışdılar. Məktəbə, kolxoz işinə bir yerdə getmişdilər. İndi o məktəb də, o kolxoz da – bütün olub-keçənlər Qubuşun tay-tuşlarının yaddaşından, nə ki var silinib-getmişdi. O adamlar indi o meydana da oturub adam kimi söhbət eləməyə gəlmirdilər, biri-birinin qabağında qozlanmağa, forslanmağa gəlirdilər. Əyinlərində - qara kostyum, ciblərində - mobil telefon. Telefonlarına zəng gələndə tez bir tərəfə çəkilib, kənarda xısınlaşıb, yenə qozlana-qozlana öz yerlərinə qayıdırdılar. Ona görə ki, o zəng Moskvadan gəlirdi. Ona görə ki, Moskvadan zəng eləyən o adam orada yaxşı pul qazanırdı. Heç birinin vecinə də deyildi ki, uşağı o pulu qazanmaq üçün Moskvanın dükan-bazarında hansı əməllərdən çıxıb, hansı şeytana papış tikir. Öz torpağını becərib, halal çörək yeməyi, qocalı-cavanlı, hamı unutmuşdu. İnsanlar müftəxorluğa yaman öyrəşmişdi. Bel belləməyi, su suvarmağı, öz mülkündə özü üçün kartof-soğan əkməyi də bəziləri özünə ar bilirdi.

Özü xərrat idi Qubuşun – atasının sənətini işlədirdi. Kənddəki əksər evlərin qapı-pəncərəsi onun əlinin işiydi. İndi kənddə ev tikən, Qubuşa iş verən yox idi. Ancaq Qubuş heç vaxt bekar durmurdu. Bağ-bağçada, həyət-bacada həmişə özünə iş tapırdı. Bir işi olmayanda da oturub oxlovdan, vərdənədən, çörək taxtasından-zaddan bir lazımlı şey qayırıb, eləcə - pulsuz-pənəsiz qonum-qonşuya bağışlayırdı.

4

O gün, günortadan sonra, qəbir üstə gedəndə Qubuş istər-istəməz o meydandan keçəsi oldu. Çünki kəndin qəbiristanlığına getməyə ayrı yol yox idi. Qubuş həm anasının qəbrini ziyarət etmək istəyirdi, həm də ümid eləyirdi ki, orada Sonaya rast gələ bilər.

Yolda bir adam da rastına çıxmadı, ancaq Qubuş, yolboyu, həm öz-özünə danışdı, həm də xəyalında Sonanı danışdırdı:

- Bilirdim ki, səni burda görəcəyəm, Sona. Səhərdən ürəyimə dammışdı.

– Məni görmək istəsəydin, çoxdan görərdin. Görüb neynirsən ki, məni?

– Görməsəm də həmişə gözüm axtarıb səni. Çoxdandı ki, evdən heç yerə çıxmırsan. Evdə tək oturmaqdan bezməmisən?

– Mən evdə heç vaxt tək oturmuram. Aslan balam həmişə yanımda olur.

– O uşağa görə özünə zülm eləmə, Sona. Bu da Allahın işidi. Bir gün verir, bir gün alır.

– Mənim balamı Allah almadı əlimdən. O goru çatdamış dədəsi aldı. Mən ona min dəfə demişdim ki...

– O gün heç yadımdan çıxmır. Əriyin dibində uzanmışdın. Əgər anam o oyunu çıxartmasaydı... Bəlkə gəlim bu gecə?

– Goplama, gələn deyilsən. Gəlsən qorxursan ki, təmiz adına ləkə düşər. Sənə təmiz ad lazımdı, Sona lazım deyil...

Gedib qəbiristanlığa çatanacan Qubuş Sona ilə beləcə - şirin-şirin söhbət elədi. Qəbiristanlıqda nə Sonanı gördü, nə də orda bir ayrı adam gözünə dəydi. Hər yan – qəbir. Hər tərəf – təzəli-köhnəli – baş daşı. Və o təzə başdaşıların birindən Aslan elə bir dəli ehtirasla baxırdı ki, deyərdin indicə daşdan sıyrılıb, atının belinə sıçrayıb, kiminsə üstünə gedəcək.

“– A qırışmal! A qırışmal!”

Bu dəfə Xavərin səsi sanki o biri dünyadan gəldi.

“– Bir yerdə qarışqa yuvası görəndə oturub gün uzunu baxırmışsan” – Bunu da Bətulə dedi.

Ancaq anasının o vaxt dediyi və bu gün arvadının dilindən eşitdiyi o sözlərin məzarlıqda yadına düşməyi Qubuşa qəribə gəlmədi. Qubuşa qəribə gələn anasının qəbrinin ayaq tərəfində birdən gözünə sataşan nəhəng qarışqa yuvası oldu.

O yuvaya axışan qarışqanın sayı bəlkə göydəki ulduzların sayından da çox idi. Bir dünya qara qarışqaydı. Əvvəli-axırı görünməyən o qara qarışqa sürüsü o cür nizamla düzülüb hardan gəlirdi görəsən?.. Sanki qeybdən gəlirdi. Yerin dərinliyindən, göyün sonsuzluğundan, kim bilir, bəlkə lap Allahın öz yanından gəlirdi... Qubuş bir yekə daş gətirib yuvanın ağzını örtmək istədi. Ancaq gətirmədi, yuvanın ağzındakı qarışqaları o daşın altında əzib öldürməyə ürəyi gəlmədi. Böyrünü yerə verib, sehrli qarışqa dünyasına heyrətlə tamaşa eləməyə başladı.

Qubuş qəbiristanlıqdan qayıdanda Günəşin batmağına az qalırdı. Bir azdan kəndin “forslu” kişiləri gəlib meydana yığışacaqdı. Hələlik Yurist Yunus meydanda tək oturub, darıxa-darıxa təsbeh çevirirdi.

Yunus kəndin bazburudlu adamlarından idi. Rayonda 40 il raykomun Birinci katibinin maşınını sürmüşdü. Hökumət yıxılandan, raykom ləğv olunandan sonra, cəld tərpənib, raykomun təptəzə “Qaz-24”-nü özəlləşdirib, öz adına keçirmişdi. İndi o maşında, gündə bir dəfə Yunus rayon mərkəzindəki köhnə dost-tanışı ilə oturub-durmağa gedirdi. Ancaq vağzala, başqa kənddə toya-yasa gedənlərin, xəstəsini təcili xəstəxanaya aparmalı olanların da – pullu-pulsuz – hərdənbir dadına çatırdı. Neçə illərdi ki, Yunus kənd camaatına ərizəni necə yazmağın, şikayətə hara getməyin yolunu öyrədirdi. Buna görə də adını Yurist Yunus qoymuşdular.

Qubuş Yunusa salam verib ötüb-keçmək istədi. Yunus imkan vermədi.

– Ə, Qubuş, hardan belə? Bu nədi – day adam-zad da saymırsan.

– Qəbir üstündən gəlirəm.

– Bə niyə zonnu keçirsən? Gəl otur. De görək nə var, nə yox. Arvadın tumanının ətəyindən bərk yapışmısan deyəsən. Evdən-eşiyə çıxmırsan.

Qubuş ayrı söz tapmadı:

– Evdə işim çox olur, - dedi və o safsarı hardan tutub gətirdiyini Yunusdan soruşmaq üçün yaxşı fürsət düşdüyünə sevinib, cəld əlavə elədi: - Çoxdandı səndən bir söz soruşmaq istəyirdim. Sən o vaxt o safsarı hardan tutub gətirmişdin?

– Vurdum da. – Yunus şübhəli-şübhəli Qubuşun üzünə baxdı. – Maşını üstünə sürüb, arxadan ilişdirdim. Daldakı qıçlarının ikisi də qırılmışdı. Amma əclaf qaçırdı hələ. Gördüm ki, qaçıb aradan çıxacaq, bu dəfə kəlləsindən ilişdirdim. Maşının dalına bağlayıb, sürüyə-sürüyə gətirib atdım bura ki, onun murdar üzünü görməyənlər də görsün. Ancaq yandırmaq məsələsinin mənə dəxli olmadı – yəqin özün də gördün. Manaf müəllim Qaragöt

Abdullanın da burda olduğunu görüb, qaçıb evindən neft gətirib, safsarın üstünə tökdü. Od vurub yandırdı safsarı. – Yunus şaqqanaq çəkib ucadan güldü. – Elə bilirdi, Qaragöt Abdullanı yandırır. Mən özüm gördüm ki, o heyvanı yandıra-yandıra Manaf Qaragöt Abdullaya, altdan-altdan, necə kinli-kinli baxır.

Qaragöt Abdulla da kəndin karlı adamlarından idi. Bir vaxt kolxozun anbardarı olmuşdu. Elə o vaxt kəndin ən gözəl qızı, kənddəki cavanların bir çoxunun yuxusuna haram qatan, biçarə Manaf müəllimi isə lap dəli-divanə eləyən Səmayə ilə evlənib, yazıq müəllimin sinəsinə çalın-çarpaz dağ çəkmişdi. Hələ bu öz yerində, bu kənddə çətin adam tapılardı ki, ürəyində kiməsə kin-küdurət bəsləməsin. Buna görə də Yunusun bu qəribə müşahidəsi Qubuşa bir o qədər də əsassız görünmədi.

– Sən özün o vaxtacan safsar görmüşdün?-Qubuş fikirli-fikirli soruşdu.

– Yox, hardan? Bəyəm safsar axmaqdı ki, çıxsın, adam gözünə görsənsin? O da elə bir təsadüf idi. Ya aclıq ağlını çaşdırmışdı, ya da o gün əcəli yetişmişdi. Çox əclaf şeydi safsar. Yer üzündə ondan mundar heyvan yoxdu. Ona biz “safsar” deyirik, başqa yerlərdə “goreşən” deyirlər. Gör necə nanəcib heyvandı ki, ölünü qəbirdən çıxarıb yeyir. Yaxşı ki, azdı, çox deyil. Öz mundar xislətindən dolayı kökü kəsilib yavaş-yavaş. Bu kənddə indi 4-5 safsar ola ya olmaya.

– Sən özün safsarın qəbirdən ölü çıxartmağını görmüsən?

– Yox, görməmişəm, dədəmnən eşitmişdəm.

– Yəqin dədən də öz dədəsindən eşidib. Ölünü basdıranda qəbirin üstünə hərəsi 4-5 pudluq sal qoyub, üstdən az qala bir ton torpaq tökürlər. Indi sən mənə de görüm, safsar o 5 pudluq salların altından meyiti necə çıxardır? Sən deyən nağıldı, boş söhbətdi. Bu kənddə min ildi insan yaşayır – hələ bir adam da görməyib ki, bir safsar bir qəbirdən kiminsə ölüsün çıxartmış ola.

Yunus şübhələndi. Hətta bir xeyli də çaşdı deyəsən.

– Nə bilim, yəqin olub ki, deyirlər də. Olmasa deməzlər axı.

– Deyərlər, niyə demirlər. Olanı qoyub, olmayanı danışmaq dünyanın bekar adamlarının köhnə xasiyyətidir.

Bir müddət deməyə söz tapmadılar.

– Bir yaxşı toğlu bəsləmişəm. Qorma eləyəcəyəm. Sabah gəlib kəsə bilərsən? – Qubuşun heç özü də bilmədi ki, belə şeyi Yunusdan soruşmaq birdən-birə hardan ağlına gəldi.

Yunus əməllicə təəccübləndi:

- Ə, Qubuş, sən məni bu gün görürsən? Mən nə vaxtdan heyvankəsən olmuşam? Mən hələ indiyəcən heç toyuq başı da kəsməmişəm. İstəsən, sabah şəhərdən bir adam tapıb gətirrəm kəsər toğlunu. Bir kilo ət verərsən, səndən razı gedər.

– Verrəm, lap 3 kilo da verrəm, sən Allah bir adam tap gətir sabah. Ətdən sənin də yaxşı payın olacaq.

Yunus qətiyyətlə:

- Arxayın ol! – dedi.

Yenə də bir müddət danışmağa söz tapmadılar.

– Rəhmətlik Xavər arvadın qəbrinin üstün götürmüsən?

– Yox hələ, yaza qaldı.

– Kömək-zad lazım olsa, deyərsən.

– Çox sağ ol. Mütləq deyərəm.

Qubuş qərara gəldi ki, artıq getməyin vaxtıdır. Meydanın cibi telefonlu həpəndləri bir azdan evdən çıxıb, forslana-forslana bura gələcəkdi. Və durub, yola düzəlib evə getdiyi yerdə Aslanın qəbiristanlıqdakı təzə başdaşıların arasından, bir dəli ehtirasla bic-bic baxan gözləri Qubuşun gözünün qabağına gəldi.

– Bəlkə sən bilərsən, - dedi, - Yunus. Aslanın başdaşını Sona harda düzəltdirib?

- Aslanın baş daşını Sona düzəltdirməyib, mən düzəltdirmişəm. – Yunus aşkar öyünə-öyünə dedi. – Özün də ötən bazar aparıb yola saldım getdi Bakıya.

Qubuşun ürəyinin başından bir qara yel əsib keçdi.

– Yox a!.. Bəs axı gecə yanırdı işığı.

– İşığı bilə-bilə söndürməyib. Gedəndə özü dedi mənə. Dedi ki, eyvanda işığı yana-yana qoymuşam. Birdən, dedi, uşaq gəlsə evi işıqsız görməsin. Görürsən də, nəymiş ana ürəyi. Oğlunun qəbrinin üstündə, bir ildən çox, hər gün gedib ağladı. Ancaq hələ də inanmaq istəyir ki, oğlu əskərlikdədi.

Evdə Qubuş Sonanın barəsində arvadına heç nə demədi.

– Yurist Yunusu meydanda gördüm, - dedi. – Söz verdi ki, toğlunu kəsmək üçün sabah şəhərdən adam tapıb gətirəcək. Yurist ki, yurist. Gör hələ nə deyirdi mənə. Deyir ki, o meydana yığışanların hər birinin içində bir yekə şeytan oturub. Hamısının da bir-birindən zəhləsi gedir. O safsarı yandıranda da guya hərə öz aləmində, öz düşmənini yandırırmış. Belə şeyə adamın inanmağı gəlmir. Ancaq olar da, insan çiy süd əmib.

Qubuşun dedikləri Bətuləyə gülməli gəldi. Gülə-gülə:

- Axı o gün sən də ordaydın, - dedi. – Bəlkə ordakı adamların bir-ikisi də ürəyində səni yandırırmış.

Qubuş arvadının gülməyinə əhəmiyyət vermədi. Əvvəlki ciddiliyilə:

- Bir-ikisi niyə, - dedi. – Lap hamısı!

– Bah! Yəni səndən bu qədər zəhləsi gedən var! Sən kimə nə pislik eləmisən ki?

– Düşmənçilik tək pisliyə görə olmur.

– Bəs nəyə görə olur?

Qubuş bu sualın cavabını çoxdan bilirdi. Ancaq bunu Bətuləyə deməyə tələsmədi. Bir müddət lal-dinməz arvadının üzünə baxandan sonra:

- Ona görə ki, mən onnarın heç birinə oxşamıram, - dedi və ürəyində fikirləşdi ki, əgər safsar başqa heyvanlara bənzəsəydi, bəlkə bu kəndin adamı ona o boyda zülm eləməzdi.

5

Sonanın eyvanında yanan tək lampanın işığını bir də görməmək üçün o gecə Qubuş həyətə çıxmadı. Çünki o işığın orda yanmağı indi Qubuşdan ötrü o deməkdi ki, Sona bu kəndə bir də heç vaxt qayıtmayacaq. Sonanın o işığı o eyvanda yana-yana qoyub Bakıya getməyinin onun bu kəndə bir də qayıdıb-qayıtmayacağı ilə, görəsən, nə əlaqəsi ola bilərdi?.. Bunu Qubuş bilmirdi. Ancaq o, hələ heç məktəbə getməmişdən, yaxşı bilirdi ki, dünyada elə şeylər var ki, onları göz görmür, ürək görür.

Avqust - 2015

# 3868 dəfə oxunub

Müəllifin son yazıları

# # #