Cavanşir Yusifli: “Ədəbiyyatımız gerçəklikdən qaçmaqla məşğuldur” – İL SONU SÖHBƏTİ

Cavanşir Yusifli: “Ədəbiyyatımız gerçəklikdən qaçmaqla məşğuldur” – <span style="color:red;">İL SONU SÖHBƏTİ
29 dekabr 2017
# 13:11

Kulis.az 2017-ci ildəki ədəbi proseslə bağlı professor Cavanşir Yusifli ilə yığcam söhbəti təqdim edir.

- Cavanşir müəllim, 2017-ni ədəbiyyatımız üçün ümumi necə xarakterizə edərdiniz?

- Əvvəlcə bunu düşünmək lazımdır: ümumi istiqamət necə omuşdur? Bundan sonra konkret mənzərənin konturlarını görmək olar. Mənə elə gəlir, bizim ədəbi proses, indi yaranan ədəbiyyat dövrün gerçəkliyindən qaçmaqla məşğuldur. Bu da təbiidir, doğrunu demək və yazmaq ehtirası və iradəsi söndükcə qaçmaq şövqü güclənməlidir. Bunun qarşılığında nə alınır: yalançı, fiktiv olana qarşı elə o donda müxaliflik. Bu istiqamət müxtəlif sahələrdə rəngarəng formalarda özünü göstərdi. Müəyyən istisnalarla qafiyə və texniki improvizasiyadan ibarət olan, “özü üçün oynayan” şeir, dünyadan xəbərsiz nəsr və özünü bitirib tükətmiş tənqid və ədəbiyyatşünaslıq... Təkrar edirəm: müəyyən istisnalarla. Bu istisnalar ümumi istiqamətin – axının qarşısında çox gücsüzdür. Təsəvvür eləyin, bir təqdimat, sıradan bir iş haqqında boğazdan, başdan və üfüqlərdən yuxarı ucuz təriflər və sair və ilaxır. Əvvəllər bu kimi hallar gözardı edilə bilərdi, çünki say etibarı ilə təkəmseyrək olurdu, ancaq indi aparıcı xəttə çevrilib. Ədəbiyyat bu axına qarşı çıxan bir nəsnədir və olmalıdır. Amma çağın özündə saxta ilmələr var, getdikcə də çoxalır.

Belə də olur, sosial şəbəkədə doğrudan müəyyən anlamda düzünü danışan hansısa fiqur peyda olur, ancaq ətrafını dərhal təyinatı olmayan, sadəcə mən də varam deyən saxta “tənqidçilər”lə sarılır. Yəni, dövr qəliz və mürəkkəbdir. Ən yaxşı niyyət belə içindən çatlayır...

- Gəlin indi ayrı-ayrı sahələr üzrə danışaq. 2017-də şer?

- Siz dövri ədəbi orqanları vərəqləyin. Dünya ədəbiyyatından fraqmentlər, tərcümələr (böyük mətləbli yazıların), bunların yanında çox zəif şeirlər, nəsr, esse nümunələri... Özümlə bağlı belə bir faktı deyim: gənc şairlər poçtuma vaxtaşırı şeirlər göndərir, bədii keyfiyyəti çox zəif olan bu yazıları sonradan müxtəlif ədəbi orqanlarda görürəm. Səbəb bu zəif mətnlərin harda necə çap edilməsi deyil, yaxşı, normal və yüksək səviyyəli mətnlərin qəhətə çıxmasıdır. Elə bil (təsəvvür edə bilərsinizsə - !) mahiyyət sönüb, dayanıb, texnika işləyir, baş aparır.

Ən normal hal nə ola bilərdi? Belə deyək: daha mətnlər, özü də yüksək standartlara cavab verən mətnlər zövqləri formalaşdırmır, sual işarəsi qarşısında qoymur, əksinə orta statistik zövqlər özündən nələrisə diqtə edir, artıq sönüb getmiş şeyləri dəyər kürsüsündə əyləşdirir.

Filoloji araşdırmaların birində belə bir fraqmentə rast gəldim: kitabın (mətnin...) mənası nədir? Onda deyil ki, burada nələrdən danışılır, odur ki, həmin kitab (mətn...) nə ilə mübahisə edir...

Başqa bir deyim də var: yazıçı mənaya çata bilmir (yaxud ona çatmamağa, onu əldə etməməyə məhkumdur), əksinə, sözün hərfi, yaxud cismani mənasında onunla döyüşür...”

Əsas olansa bizcə budur: ədəbi mətndə əsas ictimai məzmundu, bunsuz hər şey nə qədər gözəl olur-olsun, şairin, ya yazıçının özü-özüylə həsb-halından başqa bir şey olmayacaq.

Yəni, zəif şeiriyyətə qarşı, ondan vaz keçmək anlamında bir alternativ yoxdu. Yuxarıda istsnalar dedim. Günel Bağıyeva, Fərid, Qismət, Seyid Aynur, Aqşin Evrən və sair. Mən müxtəlif redaksiyalarda oluram. Deyir, şeir gətirirlər, bəyənilmir, müəllif qeyzlənir, mənim haqqımda bilirsiniz kim yazıb? Nüfuzlu müəlliflərin həmin o təqdir xarakterli tənqidi yazıları eyni zamanda demək olar bütün dövri mətbuatda işıq üzü görür və işıqlar da beləcə sozalır, sönür.

- 2017-də nəsr

- Fakt baxımından 2017-də nəsr əsərləri daha çox və daha intensivliklə dərc edildi. Kitab təqdimatlarını yada salın. Məqsəd Nurun hekayələrini oxudum. Onun “Şəhər meri” romanı yaxınlarda Türkiyədə nəşr edilib. Şərifin “Ağ göl” romanını. Mübariz Örənin kitabı dərc edildi. Mübariz Cəfərlinin “Bərpaçı” romanı “Yuxu” adıyla İranda çap edildi. Vaqif Sultanlının romanları Avropa və Amerikada. Vaqif müəllimin bir neçə layihəsinin də adını zikr etməyin yeri var. Onun Amerika və Londonda nəşr etdirdiyi “Modern Azərbaycan nəsri”, “Güney Azərbaycan nəsri” kitabları, bir də öz romanları...

Nəsr əsərlərinin rus və digər dillərə keyfiyyətli tərcümələri azdı, çox azdı. Şeirlər də elə. Yaxınlarda bir nümunə gördüm, Cabir Novruzun hecada yazılan şeirləri sərbəstdə (- ?) təqdim edilmişdi. Sətri tərcümə poetik tərcümə adıyla ingilis dilində çap edilirsə, bu, ədəbiyyata münasibətin səviyyəsi anlamına gəlir.

- 2017-də tənqid və ədəbiyyatşünaslıq

- 2017-ci ildə ən çox mübahisə məhz tənqid və ədəbiyyatşünaslıq əsərləri üstündə getdi, - desək, yanılmarıq. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”, İradə Musayevanın tənqidi məqalələrdən ibarət kitabı, xalq yazıçısı Elçinin seriya məqalələri və sair. Ancaq bir şey, bir xətt hökmən nəzərə çarpdırılmalıdır. Mübahisələr predmetsizdir, mövzu və ədəbiyyatətrafı xarakterdədir. “Filan kitaba niyə filan müəllif düşməyib” kimi. Eninə tənqid, mülahizə, nə qədər desən. Dərininə analiz yerli-dibli yoxdu. Böyük, nəhəng mövzulardan yazıb ad çıxarmaq istəyən müəlliflərin Don Kixotluğu, qırçınlı, baftalı dekorasiyalar, buraforiya... Belədə ədəbi mücadilə getmir, yarış gedir, tüstülü, hirsli, oxucunu mənfi emosiya ilə yükləyən, özündən başqa hər kəsi və hər şeyi təhdid edən atışmalar....

- 2017-də tərcümə... Həm Azərbaycan dilinə, həm bizdən xarici dillərə...

- Azərbaycan dilindən ingilis və digər dillərə tərcümə sahəsində uğurlu addımlar atılıb. Bu hər şeydən qabaq bu işlə məşğul olan fərd və təşkilatların böyük uğurudur. Tərcümə sahəsində layihələr çox olub, düşünürəm ki, bununla bağlı ayrıca və əhatəli söhbətə ehtiyac var.

Fərid Hüseynin “Kəpənək dərsi” kitabı Amerikada çap edilib. Bu layihə müəllifin özünün təşəbbüsü və şəxsi əlaqələri sayəsində baş tutub. Rusiya, Amerika, Avropa ölkələri, İran və Türkiyədə bir sıra müəllifin əsərləri çap edilib. AYB, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi bu sahədə intensiv fəaliyyət göstərib. “Dünya ədəbiyyatı” jurnalının müxtəlif xlaqların ədəbiyyatlarına həsr edilən sayları tutumlu və dolğundur. (“İran ədəbiyyatı”, “İngiltərə ədəbiyyatı” və sair) Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin də bir sıra nəşrləri oldu, ancaq o nəşrləri tapmaq mümkünsüzdür. Buna görə nəsə deyə bilmirəm.

- 2017-də kitab... Satışı, nəşri...

- Kitab satışı yerində sayır. Ayrı-ayrı istisnalar prosesi səciyyələndirmir. Demək, bazar yoxdu.

- Və 2018-dən və ümumiyyətlə gələcək illərdən nə gözləmək olar?

Gələcək keçmişin, ötüb keçmişin davamı olmaya bilər, ancaq ondan doğması şübhəsizdir.

- 2018 üçün arzularınız...

Yaxşı kitablar çap edilsin, oxuya bilək...

# 1109 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #