Mirmahmud Mirəlioğlu: “Yüz qramdan sonra ağızlarına gələni yazırlar” - MÜSAHİBƏ

<span style="color:red;">Mirmahmud Mirəlioğlu:  “Yüz qramdan sonra ağızlarına gələni yazırlar” - <span style="color:red;">MÜSAHİBƏ
5 iyun 2018
# 09:00

Kulis.az “İşdən kənar” layihəsində Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edir.

- Ən çox hansı kitabları oxuyursunuz?

- Açığı mənim daimi mütaliə elədiyim əsərlər var, mütəmadi olaraq onlara qayıdıram. Klassikləri oxumağı sevirəm. Məhəmməd Füzulini, Sabiri oxuyuram. Gündəlik mütaliə edəcəyim kitab isə Qurani-Kərimdir. Həftə ərzində yeni çıxan kitablara, yazılara nəzər yetirirəm, oxuyuram.

- Nizamini də oxuyursunuz?

- Nizamini oxumaq üçün bir vaxtlar ikinci ixtisas kimi fars dilini öyrənmişdim.

- Nəticə nə oldu, oxuya bilirsiniz?

- Özüm üçün oxuyuram. Lüğətin köməkliyindən istifadə edirəm. Bir vaxtlar farsların qarşılarına qoyduqları bir məqsədləri vardı, isbatlamaq istəyirdilər ki, Nizami fars şairidir. Vəhid Dəstigirdi adlı məşhur fars nizamişünası vardı. O deyirdi ki, mən qarşıma məqsəd qoydum, Nizaminin fars şairi olduğunu isbatlamaq istədim. Otuz il bu işlə məşğul olandan sonra nəhayət onun türk şairi olduğunu anladım. Deyilənə görə, Dəstigirdi hər dəfə “Xəmsə”ni əlinə götürəndən sonra Quran kimi öpüb gözünün üstünə qoyurmuş. Bir dəfə “Xəmsə”ni öpmür. Köməkçisi sual verəndə ki, ustad niyə belə etdin, əlinin arxası ilə “Xəmsə”ni itələyib deyir, bundan türk ətri gəlir. Mən də “Xəmsə”ni oxuyanda Nizaminin türk olduğuna əmin oldum.

- Quranı nə dilində oxuyursunuz?

- Daha çox tərcümələri oxuyuram, ərəbcəm zəifdir. Xüsusilə mənim xoşuma Qurana yazılmış şərhlər xoşuma gəlir, özü də Tehranda çıxan yox, Ankarada çıxan şərhləri daha çox bəyənirəm. Azərbaycanlı alim Mirəbdül Kərim Bakuvinin də şərhləri var. Nəhayət 110 il sonra nəşr olundu. Onun kitabını oxumağı sevirəm.

- Quranı oxuyarkən, sizdə şübhə yaradan nəsə olubmu?

- Mümkün deyil. Yəqinliklə və imanla qəbul edəndə şübhə ola bilməz. Şübhə olan yerdə iman ola bilməz. Mən Quranı ilahi kəlam kimi qəbul etdiyim üçün mənim üçün şübhə yeri ola bilməz.

- Ancaq bir sıra din xadimləri söyləyirlər ki, Quranda yerin müstəvi şəklində olduğu yazılıb. Deməli, Yer kürə formasında deyil, fizika, astronomiya elmləri bizə yalan deyir.

- Mən Quran üzrə mütəxəssis deyiləm. Mən orda yazılanların hamısını doğma, ehkam kimi qəbul edirəm. Ona görə də mövqeyim fərqlidir. O ayələrin hər birisini də ilahi kəlam kimi qəbul edirəm.

- Yəni elm Quranda yazılanları inkar eləsə razılaşmayacaqsınız.

- Elə bir şey qətiyyən ola bilməz. Qurani-Kərimdə elə bir ayə, elə bir kəlmə, elə bir hərf yoxdur ki, elmin əleyhinə olsun. Quran elmə təşviq edir.

- Özünüz seyid nəslindənsiniz. Möcüzələrə, övliyalara inanırsınızmı?

- İnsanın özü elə möcüzədir, bir də görürsən ki, bacarmadığı işi görür. Seyid Çabuk əgər Çanaqqalada 260 kiloqramlıq mərmini qaldıra bilirsə, bu nədir? Möcüzədirsə möcüzədir, qəhrəmanlıqdırsa qəhrəmanlıqdır.

- Seyid olduğuna görə qaldırıb?

- Yox. Məsələ burasındadır ki, qaldırıb da. Kim necə istəyirsə o cür də izah edəcək. Kəramət məsələsi ayrı şeydir, amma yalnız elm olmayan yerdə insan möcüzəyə inana bilər. Onda da möcüzə mövhumatın bir hissəsinə çevrilir. Amma əsl möcüzə yaradılış, insandır. Bundan artıq möcüzə olar?

- Tez-tez mətbuatda müzakirə olunan məsələlərdən biri də pirlərdir. Bəzi din xadimləri pirlərə getməyi pisləyir. Bizdə isə bu ənənə geniş yayılıb.

- Mən insanların seçimlərinə hörmətlə yanaşmağın tərəfdarıyam. Biz istəyirik ki, bir kitabla, bir verilişlə, bir təşkilatın qərarı ilə insanları dəyişək. Mümkün deyil. Ona görə insanların düşüncələrinə hörmət eləmək lazımdır. Birinin pirə münasibəti pozitivdir, o birininki neqativdir. Biri ateistdir, o biri krişnaiddir. Hamıya sayğı ilə yanaşmaq lazımdır. Bu da onun seçimidir. Amma deyə bilməzsən ki, sən pirə get, ya getmə, mən pirə gedəni də, getməyəni də normal qəbul edirəm. Azərbaycanda əvvəllər oturuşmuş İslam institutu olub, təəssüf ki, sovet dövründə bu ənənə dağıldı. Ona görə də hazırda bizdə əsaslı şəkildə işlənmiş fikirlər azdı, hərə bir söz deyir.

- Roman, povest oxuyursunuzmu?

- Dostlarım məsləhət görəndə oxuyuram. Qarşıma nəsr oxumaq məqsədi qoymuram. Mənim işim tarix, siyasətdir deyə daha çox bu sahəyə aid kitabları mütaliə edirəm.

- Sevdiyiniz romanların adını çəkə bilməzsiniz?

- Sevgi dövlətə, millətə olmalıdır. Əlahiddə, xüsusi sevdiyim roman yoxdur. Gənclikdə rus romanlarını çox oxumuşam. İndi roman oxumağa vaxtım çox qalmır.

- Müstəqillik dövrü ədəbiyyatından oxuduqlarınız var?

- Mən gənc nəslin içərisində sona qədər oxuduqlarım yoxdur. Amma əsərlərinə baxıram, müxtəlif məsələlərlə bağlı yazılarını oxuyuram.

- Bəyənirsinizmi?

- Bəyəndiyim də var.

- Ad çəkə bilərsiniz?

- Yox, ad çəkməyəcəm. Ola bilsin, kiminsə adını unudaram. Gənclərdə bəyənmədiyim nədir? Özlərinə qədər olan hər şeyi inkar edirlər.

- Nihilistdirlər?

- Əslində, özlərini modernist adlandırırlar. Amma hər şeyi inkar üzərində qurmaq doğru deyil. Hətta klassikləri bəyənməyənlər, Məhəmməd Füzuliyə, öz dədəsinə lağ edənlər var.

- Axundov da Füzulini bəyənmirdi. İndin biz ikisini də klassik kimi qəbul edirik.

- Axundovun məqsədi, dünyagörüşü başqaydı. Axundov tamamilə yeni cərəyanın pioneri idi.

- Bəlkə indiki gənclər də yeni cərəyan gətirmək istəyir?

- Ola bilər, onlar nə istədiklərini özləri bilirlər. Axundovun taleyi, gördüyü işlər ortadadır. Ola bilər ki, kimsə Axundovun yerişini yerisin, amma bacarmasın.

- Sizin Axundova münasibətiniz necədir?

- Axundova heç kəsdə birmənalı münasibət yoxdur. Onun xidmətləri də var, amma həm də bu xidmətlərin əksəriyyəti aldığı tərbiyəyə görə, rejimə görə, dövrünün siyasətinə görə özünəqədərkiləri inkardır. Buna baxmayaraq, dinə olan münasibətinə görə Axundovu kənara qoymaq olmaz. Məncə, Axundovun aldığı tərbiyəyə, təhsilə görə onun dinə münasibəti belə də olmalı idi. Bir də ki, 2018-ci ilin gözü ilə Axundova baxmaq olmaz, XIX əsrin tarixi şərtlərini də mütləq nəzərə almaq lazımdır. Klassiklər barədə danışarkən bu şərtləri gözləmək gərək.

- Belə bir fikir də var ki, klassikləri bütləşdirmək olmaz, yeri gələndə səhv fikirlərinə görə tənqid də etmək gərək.

- İnsanların düşüncələrinə hörmətlə yanaşmaq lazımdır, amma həmin düşüncə sahibləri özləri də ən azından özlərinə hörmət eləməlidir. Beş adam var, düşüncəsi, qabiliyyəti, ağlı kəsdiyi budur. Ona hörmətlə yanaşmaq lazımdır da. Nə erkən orta əsrlər deyil ki, asasan, nə də orta əsrlərdir. Tənqid etsinlər, amma təhqir etməsinlər. Bu qəbuledilməzdir. Birisi götürür Məhəmməd Füzulinin bir beytini, onu ələ salmağa başlayır. Hamı da başlayır həmin adamı tərifləməyə ki, sən demə bu istedaddır, Nobel mükafatı almağa layiqdir. Halbuki adamın qabiliyyəti buna çatır, yüz qramdan sonra belə fikirləşir deyə götürüb ağlına gələni və ağzına gələni yazır. Üzr istəyirəm, bu yazı deyil, bu sicilləmədir, bu fəlsəfə deyil, bu səfsəfədir.

- Ümumən ədəbi prosesdən razısınızmı?

- Ədəbi proses cəmiyyətdə ictimai-siyasi proseslərin güzgüsü və göstəricisidir. Cəmiyyətimiz nədirsə onun ədəbiyyatı da odur, cəmiyyətimiz nədirsə onun siyasəti də odur. Məğlub olmuş ölkənin ədəbiyyatı da bu cür olar. Yəni qəhrəmanlıq edilməlidir ki, o da yazılsın.

- Əbülfəz Elçibəylə ədəbiyyat söhbətləri edirdinizmi?

- Edirdik.

- Nə danışırdınız?

- Bəyə kitablar göndərirdilər, onları oxuyub müzakirələr edirdik. Amma tələbəlik vaxtımda bəylə ilk söhbətimiz “Qətl günü” əsəri barədə olub. “Ədəbiyyat və İncəsənət” qəzetində “Qətl günü” haqqında bir məqalə çıxmışdı. Məqalədə tənqidçi yazırdı ki, mən “Qətl günü”nü iki dəfə oxudum, əsər mənə çox ağır gəldi. Elə söhbətimiz bu məqalə barədə oldu. Bəyə dedim ki, mən bu əsəri Bakı-Sumqayıt avtobusunda ayaq üstə oxumuşam. Amma məşhur filankəs də yazır ki, iki dəfə oxudum, çətin idi.

- Kim idi o tənqidçi?

- Ad çəkmək istəmirəm. Bəy də soruşdu ki, bu kişi bunu on beş ilə yazıb, sən nə təhər belə qısa müddətə oxudun? Mən də əsəri ona izah elədim. Burda nə var ki, yalandan deyəsən iki dəfə oxudum, oxucunu da aldadasan. Bax həmən görüşdən sonra bizim ədəbiyyat söhbətlərimiz başladı.

- Bəy əsəri bəyənmişdi?

- Elə mən də bəyənmişdim. Sadəcə olaraq tənqidçinin şişirdərək yazmağı mənim xoşuma gəlməmişdi. Sonra şairlərimizlə bağlı ayrı-ayır söhbətlərimiz olub, istər Kələkidə, istər Bakıda. Vaqif Bayatlı Odərlə bağlı, Ramiz Rövşənlə bağlı, Sabir Rüstəmxanlı ilə bağlı söhbətlərimiz olub. Bəy Azərbaycan ədəbiyyatını xüsusi qiymətləndirirdi və bizim də dərdimizin, xalqımızın taleyinin yaşadılmasında ədəbiyyatın müstəsna rolunun olduğunu deyirdi. Dövlətimizin, xalqımızın parçalanmasının uzun illər yaşadan ədəbiyyatımız olub. Onun tez-tez təkrarladığı bir misra vardı: “Vətən eşqi babalardan qalmış əziz bir yadigar...” Dünyada Azərbaycanı tanıtdıran istənilən şəxsin haqqında söhbətlərimiz olub. Təbii ki, klassik ədəbiyyatı da Elçibəy qədər bilən yox idi. Mən onun yanında belə söhbətlərə girişməzdim, ancaq məmnuniyyətlə qulaq asırdım.

- Belə başa düşdüm, Elçibəyin ədəbiyyat, sənətə münasibəti ideoloji idi, yəni “sənət xalq üçündür” prinsipinə üstünlük verirdi.

- O, bir az nəzəri məsələdir deyə bəyin dilindən, bəyin adından danışmaq məsuliyyət yaradır. Görürsünüz, bayaqdan mən adam adı çəkmirəm. Bizdə ən çox yanlış işlənən ifadələr; məsələn, “Füzuli burda düşündürür”, “Füzuli burda bunu demək istəyir”. Bəlkə sağlığında Füzulidən soruşsaydın, deyərdi ki, mən onu yox, başqa şeyi demək istəmişəm. Ona görə də Elçibəyin əvəzindən nələrisə danışmaq istəməzdim.

- Bəs siz necə düşünürsünüz, sənət sənət üçündür, yoxsa sənət xalq üçündür?

- Allah deyir ki, mən insanı ən son yaratdım, insana qədər yaratdıqlarımın hamısını da insan üçün yaratdım. Deməli, ən yüksək varlıq insandır və nə varsa da insana xidmətdir. Siyasət də elə olmalıdır, ədəbiyyat da. Zövqünü müəyyənləşdirməli, yaxud cilalamalıdır.

- Yəni, xalq üçün olmalıdır?

- Bəli.

- Orxan Pamuka münasibətiniz necədir?

- Mən ixtisasca tarixçiyəm. Biri var həqiqətən baş verənlər, bir də var onlara uzun illər keçəndən sonrakı münasibət. Biri də var mükafat üçün yazmaq; söy millətini, al mükafatını.

- Nobel haqqında belə düşünürsünüz?

- Mən Nobelə gedən bəzilərinin tutduğu yoldan danışıram.

- Orxan Pamuku oxumusunuz?

- Bir az oxumuşam. Yazıçı kimi yazıçıdır, təsviri də normaldır. Amma məni niyə söyməlidir, milləti niyə söyməlidir, niyə təhrif etməlidir? Və nəyə görə bu təhrifə mükafat verilməlidir? Bax söhbət budur. Məsələn, Çingiz Aytmatov gözləyirdi ki, ona Nobel mükafatı verəcəklər, ona görə 20 Yanvar həqiqətləri barədə susdu, danışmadı. Biz Azərbaycan cəmiyyəti olaraq ədəbiyyatı yalnız ədəbiyyat kimi qəbul edirik, amma dünya ədəbiyyatı həm də siyasət kimi qəbul edir. Dünya idmanı da siyasət kimi qəbul edir.

- Heç kitaba pul xərcləyirsiniz?

- Sovet zamanında nə bədii əsər çıxırdısa, hamısını alırdım. Başqaları sovet sənayesinin istehsal etdiyi içki-miçkini alanda mən kitab alırdım. İndi o kitabları məndən başqa oxuyan da yoxdur, çünki çoxu kirilcədir. Kitabxanamda beş mindən artıq kitab var. Mən bu gün siyasi ədəbiyyat alıram, tarixi ədəbiyyat alıram. Özü də aldığım kitabı birinci özüm oxumalıyam, sonra başqası oxuya bilər. İndi isə məndən başqa kitab oxuyan yoxdur.

- Tez-tez kitab mağazalarına yolunuz düşür?

- İldə bir-iki dəfə gedib özümə lazım olan kitabları alıram. Bədii ədəbiyyat isə nadir hallarda alıram.

- Qələm adamları arasında dostlarınız varmı?

- Milli azadlıq hərəkatından keçən hər kəslə dostluğum olub, sonralar da millət vəkili olduğum zaman münasibətlərimiz var idi. Ziyad Bünyadovdan tutmuş üzü bu yana bir çox ictimai xadimlə bağlı xatirələrimi yazmaq istəyirəm. Təəssüf ki, hələ buna vaxtım yoxdur. Amma hamısının qeydləri var. Yəqin, nə vaxtsa, bu qeydləri toplayıb xatirələrimi yazacam.

# 2216 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #