82 yaşlı yazıçı: “Əziz Nesin tutulanda məni satmadı” - MÜSAHİBƏ

<span style="color:red;">82 yaşlı yazıçı:  “Əziz Nesin tutulanda məni satmadı” - <span style="color:red;">MÜSAHİBƏ
8 yanvar 2018
# 09:00

Kulis.az yazıçı-dramaturq, filologiya elmləri doktoru, professor Aqşin Babayevlə müsahibəni təqdim edir.

- Aqşin müəllim, bir müddət əvvəl telefonda danışanda dediniz təzə əməliyyatdan çıxmışam. İndi necəsiziniz, səhhətiniz necədir?

- Yaxşıyam. Çox vaxt adamlarımız xəstələnəndə nə üçünsə xaricə üz tuturlar. Mən qərara gəldim ki, xaricdə yox, özümüzdə əməliyyat olunum. Bizim çox gözəl mütəxəssislərimiz var. Məni əməliyyat edən həkim Azərbaycanın ən məşhur cərrahlarından biri professor Südeyf İmamverdiyevdir. Südeyf İmamverdiyev deputat olanda mən də Milli Məclisdə mətbuat xidmətinin rəhbəri idim, ordan tanıyırdım. Özü də ədəbiyyatı necə bilir! Hər səhər mənimlə görüşəndə deyirdi, nə xəbər, Məşədi? Deyirdim, sağlığın. Aç-çox da yenə... Bax beləcə. Sabirin şeiri üstündən hal-əhval tuturduq (gülür).

- 81 yaşınız tamam oldu.

- Bəli, 81 yaşım oldu, keçdim 82-yə.

- Zəngin həyat yaşamısınız, müxtəlif vəzifələrdə çalışmısınız, müxtəlif adamlarla görüşmüsünüz. Nazim Hikməti, Əziz Nesini, Niyazini görmüsünüz, saysız-hesabsız əsərlər yazmısınız. Qayıdıb ötən illərə baxanda onu necə qiymətləndirirsiniz?

- İki hiss keçirirəm. Biri fərəh hissidir. Jurnalistikamızın, bədii yaradıcılığımızın sıra nəfəri kimi az-çox faydalı işlər görmüşəm. Çox gözəl ailəm var. Orta məktəbdən bir-birimizi tanıdığımız həyat yoldaşım var. Gözəl övladlarım, nəvələrim var. Bunlar fərəh duyğusudur. Ancaq bir də var, yaş üstə yaş gəlir və insan doğumdan ölümə doğru gedir. Yəni ömür bitir. Təəssüf edirəm ki, ömür qurtarır.

- Allah eləməsin.

- Yox, təbii şeydir. Gələn gedir.

- Yəni həyatdan doymamısınız?

- Həyatdan kim doyar? O gün Facebookda bir fotoşəkil gördüm. Elə gözəl qızdı! Mən əvvəl onu sinəyə qədər gördüm. Sonra şəkli bir balaca yuxarı qaldırdım, gördüm bu gözəl qızın ayaqları yoxdur, arabada oturub. Çox kədərləndim. Ancaq bu qızın üzündə qəribə sevinc hissi var idi. Görürsən, ayaqları olmayan o qız da gülür. Həyat çox şirindir. Heç kəs həyatdan ayrılmaq istəmir. Ancaq mən 81-ə nöqtə qoyub 82-yə keçmişəmsə, demək ömür bitəcək də, qurdla qiyamətə qalmayacam ki.

- Bir pedaqoq kimi bu ömrə neçə qiymət verərdiniz?

- Mənfi dörd (gülür).

- Niyə?

- Çünki istəklərimin çoxuna çatmamışam. Və bir də mənə elə gəlir ki, mən sənət baxımından düzgün yol seçməmişəm.

- Nə üçün?

- Adam bir məzhəbə qulluq edər də. Adam ya müəllim olar, ya jurnalist olar, ya yazıçı olar, ya şair olar, başa düşdün? Bəlkə də bu, genetik xüsusiyyətdi məndə? Çünki mənim atam həm aktyor idi, həm rejissor idi, həm rəssam idi. Məşhur adam olmayıb, düzdü, ancaq Şövkət Ələkbərovanı, Gülağa Məmmədovu, Leyla Bədirbəylini ilk dəfə səhnəyə çıxaran mənim atam olub.

- Çoxları əllərinə imkan düşən kimi dərhal atalarını təbliğ etməyə başlayırlar. Sizsə uzun müddət müxtəlif vəzifələrdə çalışsanız da, deyəsən bu imkanlardan faydalanmamısınız. Özü də bu il atanızın 110 illiyidir.

- Atam haqqında cəmi bir məqalə yazmışam. O da bir şəklin tarixçəsi barədədir. Gözləmişəm ki, başqaları nəsə yazsın. Yazıblar. Yazıçı Mustafa Çəmənli, kinoşünas Aydın Kazımzadə...

- Öz atasını təbliğ edənlərə necə baxırsınız?

- “Afərin”, - deyirəm. Bilirsiniz, mənim atamın nə qədər xidməti olsa da, sənət aləmində sıra nəfəri olub.

- Şeir yazmısınız, roman yazmısınız, dram əsərləri yazmısınız, dissertasiyalar müdafiə etmisiz, elmlər doktorusuz, müəllimsiz, jurnalistika ilə məşğul olursunuz... Özünüzü daha çox harada hiss edirsiniz?

- Mən həmişə özümü jurnalist kimi görmüşəm. Çünki fəaliyyətə də jurnalist kimi başlamışam. 1958-ci ildən “Avtomobil nəqliyyatçısı” adlı qəzetdə işləyirdim. Sonra radio, Türkiyə, Milli Məclis...

- Sizi həm də Nazim Hikmətin tədqiqatçısı kimi tanıyırlar, dostluğunuz da olub. Bu dostluq necə yarandı, necə tanış oldunuz?

- Nazim Hikmətlə 1961-ci ilin yanvar ayında tanış olmuşam. Sonra aspiranturaya daxil oldum, mövzu olaraq Nazim Hikmətin dramaturgiyasını götürdüm və getdim Moskvaya. O vaxt aspirantlara üç aylıq elmi məzuniyyət verirdilər. Üç ay gedib oturdum Moskvada, demək olar hər gün Nazim Hikmətlə görüşürdüm.

- Görüşüb hara gedirdiniz?

- Bütün tamaşalara gedirdik. Sürikov adına akademiyada, müxtəlif yerlərdə Nazim Hikmətlə görüşlər olurdu. Məni də dəvət edirdi.

- Maraqlı görüşlər olurdu?

- Nazim Hikmətin “Qəribə adam” pyesinin Yermolova Teatrında 250-ci tamaşası idi. O vaxt qızılgül çox çətin tapılırdı. Tapdım, gəldim teatrın qabağında görüşdük. Əkbər Babayev də orda idi. Bir də gördüm yaşlı bir kişi gəldi, onu tanımırdım, qoşuldu bizə. Mehdi Hüseynlə yoldaşı Fatma xanım da gəlməli idi. Əkbərlə Nazim Hikmət onları qarşılamağa getdilər, mən qaldım bu kişi ilə. Qar da yağır, bu da başı açıq. Fikirləşdim ki, bu kişi Nazim Hikmətlə gəlibsə, deməli tanışıdı, buraxdırım içəri. Qapıda dedim, buraxın bunu içəri. Qapıçı qadının dodağında təbəssüm hiss elədim, amma aldırmadım, cavan oğlandım da (gülür). Demə mən içəri Kommisarjevskini buraxdırmışam - teatrın baş rejissorunu.

Moskvada belə adət vardı. Birinci pərdədən sonra bütün heyət səhnəyə çıxırdı. Mən də birinci pərdədən sonra gülü Nazim Hikmətə verdim, gördüm bu kişi də səhnədədi. Sonra öyrəndim ki, teatrın baş rejissoru imiş. Ona görə də Nazim Hikmət məni təqdim edəndə deyirdi ki, bu cavan oğlan bilirsiz kimdir? Yermolova Teatrının baş rejissorunu öz teatrına buraxdıran dəliqanlıdır.

- Yəqin evlərində də çox olmusunuz.

- Bəli. Mən onunla tanış olanda Vera Tulyakova ilə evli idi.

- Nazim Hikmətlə bağlı bu vaxta qədər gizlətdiyiniz, demədiyiniz bir fakt, xatirəniz varmı?

- Yox, nə olubsa demişəm və yazmışam. 2016-cı ildə “Nazim Hikmət qalaktikası” adlı kitabım çıxdı, daha sonra avtobioqrafik romanım çıxdı, orda da yazmışam. O qədər onunla yaxın oldum ki, ölüm xəbərini eşidəndə uşaq kimi ağladım. Halbuki o, vəfat edəndə mən ailəli idim, ata idim. Amma uşaq kimi ağladım. Çünki onunla çox yaxın olmuşduq.

- Nazim Hikmət Rusiyaya qayıdandan sonra böyük xəyal qırıqlığı yaşadı.

- O gəlib bir müddət bəh-bəhlə ömür sürdü. Onunla görüşlər keçirilirdi. Bir az sonra Nazim Hikmət təqib olunmağa başladı. Onun “İvan İvanoviç varmıydı, yoxmuydu?” adlı pyesini repertuardan çıxardılar. Zoşşenko ilə görüşə getdiyinə görə tənqid edirdilər. Fikirlərini açıq-aydın ifadə edirdi. Hətta deyirdi, niyə hər yerdə Stalinin şəkilləri asılıb?

- Qadınlarla münasibəti də aydındır...

- Nazim Hikmət təpədən-dırnağa qədər sevdadır. Amma o, ailəli olub, xəyanət etməyib. Birini sevdimi, o birindən ayrılıb. Şairdi də, mən onu qınamıram.

- Evlərində olmusunuz, Vera ilə münasibəti necə idi, aralarındakı böyük yaş fərqi münasibətlərinə mane olurdu?

- Mən onların arasında yaxşı münasibət görmüşəm. Nazimin Muza Pavlova adlı tərcüməçisi vardı. Nazimin ölümündən sonra Moskvada bir dəfə rastlaşdıq. Yalan olmasın, 45 dəqiqə qarın altında məni saxladı. Veradan şikayət edirdi ki, Nazimə yaxşı baxmırdı. Mən belə şeyləri görməmişəm. Amma təbii olaraq, Münəvvər Polşaya gələndə onu Moskvada yaşamağa dəvət etməməsi Nazim Hikmətin qüsuru idi. Mən burda Veranı da günahkar bilirəm. Hətta bir pyesim var, orda mən Veranın həmin xarakterini vermişəm.

- Aqşin müəllim, Əliağa Vahidlə də maraqlı tanışlığınız olub. Onun səsini də ilk dəfə siz yazmısınız.

- Bu, mənim yox, Soltan Nəcəfovun təşəbbüsü olub. Mənə dedi ki, xəbərin var, radioda Vahidin səsi yoxdur? Biz Soltanla birlikdə getdik Vahidin evinə, onu dəvət elədik radioya. Mən pult arxasında oturmuşdum, Soltanla onlar “zapis” elədilər. Vahid bəzi naşı nəşriyyat redaktorlarını söyürdü. Hətta belə bir ifadə işlətdi ki, heyvancığaz bilmir əruz nədir, mənə nöqsan tutur.

- Yaşlı vaxtları idi?

- Hə, görmürsünüz o “zapis”də səsi xırıltılı çıxır. Mən radioda baş redaktor idim. Buna baxmayaraq dedi ki, bura sənə görə gəlməmişəm, Soltan Nəcəfovun xatirinə gəlmişəm. Vahid atamla dost idi, məni tanıyırdı. Ondan qabaq Nizami kitabxanasında onunla görüş keçirmişdim. Görüş də belə olmuşdu. Hazırlaşmışdıq, gəldi, dedi, indi bu görüşdə nə olacaq? Dedim, mən məruzə eləyəcəyəm. Sonra nolacaq? Dedim, şeirlərinizi oxuyacağıq. Sonra nə olacaq? Dedim, sizə söz veriləcək, yaradıcılıq planlarından danışacaqsınız. Sonra nə olacaq? Dedim, sonra vaxtınız olsa – indiki Yaxtklubun yerində kababxana vardı – orda bir çay içərik. Dedi, olmaz ki, tədbirə elə ordan başlayaq, mən bəy-zadam, ortaya qoyub tərif eləyəsiz? O görüş baş tutmadı, getdik kababxanaya. Həmişə Vahidin yanında Mirzə Cavad adlı dostu olardı. Vahid bədahətən deyərdi, Mirzə Cavad da əski əlifba ilə dediklərini yazardı. Mirzə Cavad olmasaydı, Vahid yaradıcılığının bir hissəsi itib-batardı. Tərslikdən o gün, Mirzə Cavad yox idi. Vahid orda bir qəzəllər dedi, gəl görəsən, heyf, yaza bilmədik.

- Sonra kimlərlə maraqlı görüşləriniz olub?

- Əziz Nesinlə dostluq etmişəm. Mən ona Nazim Hikmətin səsini verdim. Türkiyədə tutdular, soruşdular, bu səsi kim verib? Dedi bir gənc verib, amma adımı çəkmədi.

- Radio-televiziya sahəsində böyük təcrübəniz var. Aparıcılardan razısınızmı?

- Yaxşı aparıcılar var. Az TV-də professor İlham Rəhimlinin aparıcılığı xoşuma gəlir. “Ovqat” verilişinin aparıcısı var, Nəcibə Əlixanova, onun apardığı verilişlər də xoşuma gəlir. İctimai Televiziyada Flora Xəlilzadənin və Bəhruz Niftəliyevin verilişlərini də çox bəyənirəm.

Amma bilirsiniz... Bəzi aparıcıların tez-tez danışmaq tərzi bizim bəlamızdır. Futbol aparıcıları tez-tez danışarlar, idman verilişlərində tez-tez danışarlar. Mənim üçün informasiya oxuyursansa, sən mənə imkan ver də, onu qavrayım. Radio aparıcıları mürəkkəb cümlə işlətməməlidirlər. Televiziyada isə mətn təsvirə tabe olmalıdır. Fərzəli Quliyev deyəndə Fatma Məmmədova göstərilməməlidir. Bax belə nöqsanlar olmamalıdır. Qabaq belə nöqsanların üstündə töhmət verirdilər.

- Facebookda da aktivsiniz.

- Facebookun bəyənmədiyim tərəfi daha çoxdur. Ağızlarına gələni yazırlar, danışırlar. Düzdür, senzura ləğv olunub. Mən də senzura tərəfdarı deyiləm və senzuranın nə olduğunu da görmüşəm, senzorla da işləmişəm. Amma Facebooka nəzarət olmalıdır.

- Aqşin müəllim, hazırda çapa hazırladığınız kitabınız varmı?

- “Söz yadigarı” adlı kitabımı çapa hazırlayıram. Son illərdə nəyim varsa, ora salmışam. Təxminən 700 səhifədir.

- Xatirələrinizi də?

- 2016-cı ildə avtobioqrafik romanım çıxdı, xatirələrim hamısı ordadır.

- O xatirələrdə nə qədər səmimi ola bilmisiniz?

- Çalışmışam nə var onu deyim. Əlbəttə, demədiyim şeylər də olub. Ancaq özümə görə yox, başqalarına görə deməmişəm. Mən yazdıqlarımda hər zaman səmimi olmuşam, heç nəyi gizlətməmişəm.

- Nazim Hikmət haqqında da...

- Nazim Hikmətin bir sözü vardı. Deyirdi, nə böyük eşşəklik eləyib Rusiyaya gəldim. Bunu belə yazmışdım. Bəziləri əleyhimə çıxmışdılar ki, Nazim haqqında niyə belə deyir.

- O vaxt televiziyada Bədii Şura vardı. Siz də Bədii Şuranın üzvü olmusunuz.

- Bəli. Nəinki üzvü, uzun müddət Bədii Şuranın sədri olmuşam.

- Efirə buraxmadığınız mahnı çox olub?

- Çox olub, amma indi adlarını xatırlamıram. Mahnı mətnlərinə Cabir Novruz, İbrahim Göyçaylı, bəstələrə isə Tofiq Quliyev, Cahangir Cahangirov kimi ustadlar baxırdılar.

- Keçmişə baxanda hansı illər üçün daha çox darıxırsınız?

- Gəncliyim üçün darıxıram, tələbəlik illərim üçün darıxıram. Bir də Türkiyədə işlədiyim illər üçün darıxıram.

- Müsahibəyə görə çox sağ olun.

- Siz sağ olun ki, məni yad etdiniz.

# 2943 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #