Cavanşir Yusifli: “Yazıçılar zövqlə yox, klişe ilə düşünürlər” - SORĞU SÖHBƏTİ

Cavanşir Yusifli: “Yazıçılar zövqlə yox, klişe ilə düşünürlər” - <span style="color:red;">SORĞU SÖHBƏTİ
2 fevral 2016
# 12:27

Tənqidçi Cavanşir Yusifli "Beş ən yaxşı Azərbaycan hekayəsi" sorğusu ilə bağlı Kulisin suallarını cavablandırır.

- “Poçt qutusu”nun qalib gəlməsi sizi təəccübləndirdimi?

- Təəccübləndirmədi. “Poçt qutusu”nun özü bizim hekayəçiliyimiz baxımından bir neçə yöndən maraqlı və simvolikdir. Onun yekdilliklə seçilməyi milli nəsrin inkişafında oynadığı rolla bağlıdır. Yüz ilin bir neçə ilk on ilinə nəzər salsaq, yaxud bu dövrdə yazılan hekayələrin adlarını nəzərdən keçirsək, çox maraqlı bir mənzərənin şahidi olarıq. “Poçt qutusu”, “Usta Zeynal”, “Bomba”, “Zırrama”, “Mütrüb dəftəri”, “İt oyunu”, “Qəssab” (”...Bir dəfə bunu eşitdim ki, Məşədi Məmmədəli qızını verir qəssab Şamilə. Bir dəfə də eşitdim ki, daha vermir. Axır vaxtlarda deyirdilər ki, Məşədi Məmmədəli qızını qəssab Şamilə verməyə razı olub. Ən axırda genə dedilər ki, Məşədi Məmmədəli qəssab Şamildən inciyib....), “Astana”, “İncə dərəsində yaz çağı”, “Şaqqulunun xeyir işi”, “Sərhəd məsələsi”, “Cənnətin qəbzi”... Bir sıra hekayələrin adını çəkmədim. Bura “Gürcü familiyası”, Şahmarın hekayələri və sair daxildir. Bu hekayələrdən hər biri səsvermədən asılı olmayaraq qalib ola bilərdi. Şahmarın hekayələrinin xatırlanmaması və yer tutmaması mənə xeyli təəccüblü gəldi.

- Ümumiyyətlə, təqribən yüz illik hekayəçilik tarixi və yüz hekayə... Gəldiyimiz yerdən razısınızmı?

- Sizin sorğunun məqsədi, mən başa düşdüyümə görə, bizim hekayəçilik tariximizə ekskurs etmək, ordan bu günə qayıdıb, nəyin qazanılıb, nəyin itirildiyini təsbit etmək olub. Bu nöqtədə artıq “Poçt qutusu” və o dövrdə yazılan digər hekayələrin bədii-estetik keyfiyyətlərini bir daha, yenidən qiymətləndirmək gündəliyə daxil deyil. Bizim adlarını çəkdiyimiz mətnlər artıq tarixin sınağından keçiblər, ancaq, məsələn “Poçt qutusu” və “Usta Zeynal”, yaxud digər mətnlərin filoloji təhlili tarixin sınağına korrektələr edə bilməsə də, bu gün nəsrdə hökmran olan xaosun səbəblərinə müəyyən mənada işıq sala bilər. Şübhəsiz ki, klassik hekayələri şablon kimi qəbul etməmək şərti ilə. Həm də axı, sorğuda iştirak edənlərin böyük əksəriyyəti elə yazıçılar olub, yəni, mənim, sizin, digərlərinin mətnlərini oxuduğumuz, tənqid etdiyimiz yazarlar. Həm də o adamlar ki, mətndə bəzən adi dialoqu qurmaqda çətinlik çəkirlər, yaxud dili elə dəyişdirirlər ki, bir anlığa çaşır və sonra Sabir kimi acı-acı gülürsən.

Yəni, gəldiyimiz yerdən qəti razı deyiləm. Bunun bir səbəbi də, hətta yazıçılarımızın belə bu və ya digər mətnə öz zövqü ilə deyil, klişelər əsasında dəyər verməsidir.

İndi yazılan hekayələrin bir çoxu, belə demək olarsa, “quru, yavan” hekayələrdir, ancaq əhvalat var, bir də, milli-mənəvi, ictimai-siyasi ovqat. Bir də havada oynaşan ideyalardan maket düzəldib sırımaq eşqi. Klassik dövrün ən dəyərli mətnlərində bir nağıl və lətifə, hətta qaravəlli ruhu var. Yəni oxucu ilə oyun canlı və dinamikdir.

Sorğuda iştirak edənlər müasir dövrdə Güney Azərbaycan nəsrində gedən prosesləri, bu nəsri yaradan ən layiqli isimləri də nəzərə alsaydılar, yaxşı olardı. Maraqlı imzalar var orda.

- “Qətl günü” ən yaxşı roman olmuşdu, “Bayatı-Şiraz” isə ikinci... Burda məsələ nədir? Niyə həmişə Yusif?

- Bu sualın cavabını yuxarıda müəyyən dərəcədə cavablandırdıq artıq. Klişe məsələsi. Məncə, “Qətl günü” ən yaxşı romanımız deyil, “Bayatı Şiraz” da ikinci… Onun “Astana” hekayəsi daha maraqlıdır. Bu mülahizənin bir izahı var. Ən yaxşı mətndə ən önəmli cəhət yeni ideyanın olmasıdır. İkinci əldən ötürülən “ənənə” bu mənada aydın və anlaşıqlı bir şeydir.

- Əkrəm Əylislinin hekayələrinin bir neçə siyahıda yer alıb. İlk yeri isə “Ürək yaman şeydir” hekayəsi tutub. Doğrudanmı, ürək yaman şeydir?

- Məncə, Əkrəm Əylislinin ən yaxşı hekayəsi “Ceviz ağacının kölgəsi”dir.

- Əsəd Cahangir isə deyir ki, indi hekayəçiliyin dövrü, zamanı keçib...

- O deyə bilər. Həm də, hərə bir cür düşünür

- Sorğuda 80-cilərin mövqeyi xeyli zəif görünür...

- Doğrudur, görünür. Şahmar da həmin illərdə çap olunmağa başlamışdı. Şahmar o illərin ən diqqətəlayiq nasiridir.

# 1049 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #