Nazir işləyən, mürdəşirlik edən, məhbəsdə yatan azərbaycanlı şair – ARAŞDIRMA

Nazir işləyən, mürdəşirlik edən, məhbəsdə yatan azərbaycanlı şair – <span style="color:red;">ARAŞDIRMA
6 dekabr 2016
# 08:30

Kulis.az Cavid Zeynallının şair Məhəmməd Biriyaya həsr olunan “Biriya faciəsi: 33 il həbs, kimsəsizlər evində ölüm” yazısını təqdim edir

...Bakı. 50-ci illər. Məhəmməd Biriya Mirzə İbrahimova belə bir əhvalat danışır:

“Mərəndə getmişdim, çayxanada çay içirdim. Sonra başladım camaata şeirlərimi oxumağa. Yaşlı bir kişi mənə yaxınlaşdı:

- Ay oğul, şairlik Allah vergisidir. Allah vergisi olan adamın ürəyi həssas olar, dur gedək bizə, on beş yaşlı qızım neçə gündür ki, ürəyindən şikayət edir, bir onun nəbzini yoxla, görək bu nə məsələdir.


Razılıq verdim, getdik. Kəndçi daxmasında rəngi ağappaq ağaran qıza baxdım.

- Qızım, əlini ver, nəbzini yoxlayım.

Bunu eşidən ana mənə yalvardı:

- Ay təbib, sən Allah, məni günaha batırma, hələ bu vaxtacan onun əlinə atasından başqa bir kişi əli dəyməyib. Qoy kəndiri bağlayım biləyinə, ipin bir ucundan tutub çıx həyətə, yoxla nəbzini.

Mən güldüm:

- Neynək, qoy sən deyən olsun, astanada ipi gözləyirəm.

Arvad ipin bir ucunu qızın sol qoluna, nəbzinin üstünə bağladı, o biri ucunu gətirib verdi mənə:

- Buyur, həkim ağa!

Mən ipin ucunu xeyli ovcumda saxladım, sonra qulağıma aparıb onu ev yiyəsinə verdim:
- Heç şeyi yoxdur, saf-sadıqdır. Gündə iki saat həyətdə açıq havada gəzsin, düzələr...

Böyük təşəkkürlə məni Təbrizə yola saldılar. Bir neçə gün sonra həmin çayxanada o qızın atasına rast gəldim. Kişi görən kimi tanıdı:

- Allah sənin ömrünü uzun eləsin, qızımı sağaltdın. Hər gün iki saat həyətdə gəzir, yanaqları allanıb, özünü lap yaxşı hiss edir”.

***

Təvəllüdü: 1914.

Yer: Təbriz.

Altı yaşı olanda ailəsi dolanışıq üçün Bakıya köçüb. Ailənin bəxti gətirməyib. Bolşeviklərin Azərbaycanı işğal etməsi ilə ara qarışıb, ailə Xorasana köçsə də, 1923-cü ildə yenidən Bakıya qayıtmağa məcbur olub. Sonralar Biriya təxəllüsünü götürən Məhəmməd Bağırzadə Bakıda texnikum oxuyub. Sonra yenə Təbriz həyatı başlayıb.

1941-ci il. Sovet hökumətinin dəvəti ilə İranın bir qrup ziyalısı arasında Biriya da Bakıya gəlir. On beş gün Bakıda qaldıqdan sonra geri dönən şair təzyiqlərlə üzləşir. Gizlincə xəbər tutur ki, həbs ediləcək, bacarsa, Bakıya qaçsın. Belə də edir. Bir müddət Azərbaycan Yazıçılar İttifaqında və Azərbaycan Radio Komitəsində işləyir. Biriyanın Sovet Azərbaycanının hansı siyasi xadimləri, dövlət adamları və xüsusi xidmət orqanları ilə görüşdüyü və onlardan hansı təlimatları aldığı haqqında dəqiq bilgilər yoxdur. Bilinən odur ki, o, Sovetlərin sədaqətli kadrı kimi 1943-cü ilin yanvarında yenidən Təbrizə göndərilir, bir müddət sonra İran Azərbaycanı Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilir, hətta 1945-ci ildə Parisdə keçirilmiş Ümumdünya Həmkarlar İttifaqı Konqresində nümayəndə kimi iştirak edir. Həmin ərəfədə Bakıda, 1944-cü ildə “Ürək sözü” adlı kitabı 5 min tirajla çap edilir.

Körpə balam o tayda qalıb

Və 1945-ci il. Azərbaycan Milli Məclisinin Təbriz seçki dairəsi üzrə deputatı seçilən Biriya Milli Hökumət dövründə baş nazir Pişəvərinin təklifi ilə Cənubi Azərbaycanın maarif naziri təyin olunur. 1946-cı ilin dekabrında Məhəmməd Rza şah Milli hökuməti devirir,

şah məmurları nəinki demokrat firqəsinin üzvlərinə, hətta onların ailə üzvlərinə, qohumlarına, dostluq etdiyi insanlara da divan tuturlar.

1947-ci ilin martında SSRİ konsulluğunun yardımı ilə Biriya Bakıya qaçırılır. Pişəvərinin şübhəli ölümündən sonra şair səhvini anlayır, peşmanlıq hissi keçirir.

“Bilirdim ki, İrana qayıtsam, həbs olunacam, dəhşətli işgəncələr verəcəklər. Amma 1947-ci ilin axırlarında İran pasportu almaq, Təbrizə, ailəmin yanına qayıtmaq arzusu ilə konsulluğa müraciət etdim. Təbrizə qayıtmaq istəyimlə bağlı Mərkəzi Komitənin iki üzvünə - Padeqana və Qulam Yəhyaya fikrimi bildirdim. Məni fikrimdən daşındırmaq istədilər, gördülər bir şey çıxmayacaq, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə məlumat verdilər”.

Bir neçə günlük izləmədən sonra Biriya Mircəfər Bağırovun göstərişi ilə dekabrın 28-də həbs edilir. On illik “cəza”sını Qazaxıstanın Karaqanda şəhərindəki 415 saylı islah əmək düşərgəsində çəkməli idi...

... Mirzə İbrahimov xatırlayır: görüşlər və söhbətlər zamanı hiss edirdim ki, o, nədən ötrüsə darıxmağa başlayır. Bu görüşlərdən birində Biriya Təbriz gözəlindən söz saldı. Onda hiss etdim ki, Biriya indi əvvəlkilərdən artıq bir məhəbbətlə onu sevir, onun vurğunudur.


- Niyə onu gətirməyibsən? - deyib soruşdum.


- Mümkün olmadı, axı uşağımız da var.


- Təbrik edirəm, ay Biriya! Uşağına və onun anasına gözəl günlər, xoşbəxt həyat arzulayıram! Bəlkə çalışaq, onları bura gətirdək?

- Mümkün olan iş deyil. Birtəhər məni ora göndərməyə çalışın...

Mən elə o günü belə işlərlə məşğul olan təşkilatın rəhbərinə müraciət etdim:

- Biriya nadir istedaddır, - dedim, - özü də çox gözəl şairdir.

Təşkilat müdiri mənim gözümün içinə baxdı:

- Biriya haqqında eşitmişəm, mənə deyiblər.

- Yaxşılığına, ya pisliyinə?

- Əlbəttə, yaxşılığına! Ancaq hazırda ora getməsi məsləhət deyil.

- Axı niyə?! Vurulduğu, evləndiyi gözəl xanım da uşağı ilə o tayda qalıb. Niyə məsləhət deyil?!

- Ona görə ki, Biriyadan bizim xalqın, dövlətin əleyhinə istifadə edəcəklər...

- O ölər, amma belə yollara getməz...

- Məcbur edərlər! Tutarlar yaxasından, əl çəkməzlər, tələb edərlər: Bildiyin sirləri aç, tök ortalığa!

- Axı bizim onda nə sirrimiz var ki, açıb töksün?

- Təkrar deyirəm: uydurmalara, böhtanlara məcbur edərlər!..

- Onu heç kəs, heç şeyə məcbur edə bilməz. Zəmanət verirəm.

- İş-işdən keçəndən sonra kimə lazımdır sizin zəmanətiniz?! Yazıçısınız, gedin yazıçılığınıza.

Sabahısı Biriya ilə İttifaqda görüşdüm, məsul yoldaşla söhbətimin məzmununu ona danışdım:

- Biriya, dünya çox qarışıqdır, bəlkə bir müddət səbir edəsən, o tayda da, xüsusən Təbrizdə vəziyyət bir az düzələ, ağzı yelli, qılıncı iti ağalar sakitləşələr, sonra bu məsələyə qayıdaq?

Biriyanın rəngi dəyişdi.

- Dözə bilmirəm! Məni başa düşdün, ömür yoldaşım, körpə balam o tayda qalıb!

Mürdəşir işləyirdi

1956-cı ildə Biriya Bakıya qayıdır. Hökumət əleyhinə təbliğat bəhanəsi ilə yenidən həbs olunur və ömrünün 10 ilini yenidən müxtəlif şəhərlərin həbsxanalarında keçirir. On il sonra Bakıya qayıdan Biriya Təbrizə - yeganə oğlu Faiqin və həyat yoldaşı Həmidə xanımın yanına getmək istəyir. Bakıda viza almaq mümkün olmadığı üçün Moskvaya yollanır və burada “sovet milisini təhqir etdiyinə görə” 2 il müddətinə azadlıqdan məhrum olunaraq Tambov vilayətinə göndərilir. Təhlükəsizlik orqanları həbs müddəti bitdikdən sonra Azərbaycana qayıdan Biriyanın Bakıda yaşamağına icazə vermir və o, Şamaxıya sürgün edilir. 3 ildən sonra Bakıya qayıtmağa müvəffəq olan şair Bakı qəbiristanlıqlarında mollalıq etməklə, mürdəşirliklə məşğul olur.

Həmid Herisçinin Biriyaya yazdığı uzun şeirdən bir parça:

Mürdəşir işləyirdi Bakıda

Məhəmməd Biriya

- Pişəvərinin şairi,

naziri...

Hə, Təzəpirdə lap axırda

onun qəbuluna gəlirdi -

- Əli, Vəli, Pirvəli...

Hətta yaxası qızıl düyməli

nazir, dramaturq Şıxəli Qurbanov...

Hə...orda Biriya

yenə də nazirdi,

yenə nazirdi...

***

Xalq şairi Söhrab Tahirin xatirələrindən: “Bir dəfə universitetdə Cəfər Xəndanın apardığı iclasda Məhəmməd Biriya ilə Səməd Vurğun deyişib. Səməd Vurğun Biriyaya deyib ki, çox öyünmə, Cənubi Azərbaycanda hansı daşı qaldırsan, altından Biriya çıxar. Biryanın həbs olunmasının səbəblərindən biri onun Təbrizə qayıtmaq istəməsi idi. Arzu edirdi ki, uşağı olanda arvadının başının üstündə olsun. Bunu deyirdi. Ona dəfələrlə deyirdilər ki, burda işlərinlə məşğul ol, yoldaşını da, uşağı da qaçırıb gətirəcəyik. Razı olmurdu. Deyirdi ki, mən kömür tacirinin qızını almışam, bədbəxt eləmişəm, heç olmasa gedim oturum yanında. Deyirdilər, getmə, deyirdi, gedəcəm. Deyirdilər, şair, inqilabi rəhbərləri az pislə. Gedib yasin oxuyursan, sonra başlayırsan Lenini, Marksı pisləməyə. İmam Mustafayev birinci katib olanda Biriyanı çağırıb Mərkəzi Komitəyə. Mustafayev danışanda Biriya saatına baxıb, deyib, ağayi Mustafayof, mənim namazımın vaxtı keçir. Birbaşa adam idi, baxmazdı qarşısındakı kimdir. Həbsdən qayıdandan sonra bunu mənə özü danışıb: İran konsulluğundan zəng ediblər ki, ağayi Biriya, gəlməlisən bura, dalınca maşın göndəririk. Yaşadığı yer də konsulluğa yaxınmış, deyib, maşını neynirəm, iki addımdır, düşüb gəlirəm. Cavab veriblər ki, yox, ağa, konsulluğa maşınla gələrlər. Dalınca maşın gəlib. Şair görüb ki, maşın konsulluğa sarı sönmədi, başqa yerə getdi. Birbaşa aparıblar Dövlət Təhlükəsizlik İdarəsinə. Biriya o gedən getdi. Yük vaqonunda 22 gün yol gedib Rusiyaya. Deyir, Bakıda təzə palto tikdirmişdim, bahalı parça idi, 60 dərəcə şaxtada geyin, gəz. Nə isə, bunu bir tikiliyə apardıblar, içində odun peçi guruldayırmış. Qırağında da qarasaqqallı kişilər oturub bir-birini söyürmüşlər. Biriya deyir, qulağıma bir-iki fars sözü dəydi, içində palto sözünü də eşitdim. Fikirləşdim ki, yəqin mənim paltomun üstündə bir-birini söyürlər ki, kimə çatacaq. Paltonu əynimdən çıxardım, tez bürmələyib atdım peçə. Mənə bir-iki dənə çəkib atdılar dala, paltonu çıxarmaq istəyəndə gördülər yanıb. Bunu da özü mənə danışıb: deyir, həbsdə olanda bir çeçen başladı qışqırmağa. Dedik, nolub a kişi? Qayıtdı ki, Stalin ölüb. Biz də düşdük bunun üstünə ki, a kişi, öldü, sənin də, bizim də canımız qurtardı də. Dedi yox, mən on beş ildir özümlə bir patron gəzdirirdim ki, Stalini vuracam. Öldü, qisasımı ala bilmədim. Bir xatirə də yadıma düşür. Süleyman Rüstəmlə Mirzə İbrahimov ona iki dəst kostyum göndərmişdilər. Bakıda Güldərə deyirən yer var idi, orda yaşayırdı. Bir əsgər çarpayısı idi, başının altına da balış əvəzi xeyli qəzet yığmışdı. Gedib uzanıb orda yatardı. Sibirin soyuğunu o qədər görmüşdü, Bakının soyuğu təsir eləmirdi. Mirzə rəhmətliklə Süleyman rəhmətliyin göndərdiyi kostyumu götürməmişdi ki, onların aldığı pencəyi geyinmərəm. Bir gün mən də ona bir kostyum aldım. Özüm partiya işində işləyirdim, apara bilməzdim. APİ-nin tələbələrindən birinə dedim, apar ver Biriyaya, de ki, Söhrab Tahir göndərib. Deyib, yaxşı, Söhrabın göndərdiyini götürürəm, amma geyinməyəcəyəm”.

Baş nazir Malenkova ərizə

Biriya Bakıda özünə yer tapa bilmirdi. 18 yanvar 1957-ci ildə Azərbaycan hökumətinin rəhbərlərinə 16 maddəlik bir məktub göndərir. İnsan və millətlərin haqlarının tapdandığından bəhs edən bu məktub şairin yenidən təqib və həbsinə səbəb olub.

... Məhəmməd Biriyanın Moskvada Sovetlər İttifaqının baş naziri Malenkova yazdığı ərizədən parça:

“Sovet Azərbaycanı daxili işlər vəzirinin müavini general Səlim Atakişiyev məni, Şəbüstərini, Şəmsi və Etimadı gecə ilə Təbrizdən Bakıya qaçırtmışdır. Mən Bakuda Sovet Azərbaycanı Yazıçılar İttifaqına daxil olub, şair Səməd Vurğun ilə bərabər Quba, Kuhsar və sair nöqtələrdə olan əsgəri hissələrə ruh yüksəkliyi vermək üçün şerlər oxuyub nitqlər etmişəm. Stalinqradın süqutundan sonra Təbrizə qayıtmışam. Bu zaman NKVD orqanı məni çağırıb, məzkur orqanın dəsturu ilə çalışmağımı mənə təklif etmişdir. Mən buna razı olmamışam. Nəhayət təhdid nəticəsində məndən iltizam alınmışdır. Mən NKVD-dən çıxan günün sabahısı öz dövlətimin nümayəndəsi olan İran konsulu ağaye Zəndə müraciətlə şikayət edərək, iltizamnamənin geri alınması üçün ondan kömək istəmişəm. Nəhayət, konsulun ciddiyyəti sayəsində vətənimə qayıdıb, yenə də İran idarələrində çalışmağa məşqul olmuşam. 1943-cü ildə yerli təşkilatlar təzədən məni siyasi cərəyana qoşmuşlar.

...Pişəvəri Kirovabada gedərkən maşını daşa dəyib, Pişəvəri öləndən sonra, yeni təşkil tapan komitə məni Pişəvərinin yerinə təyin etmək fikri ilə Demokrat Azərbaycan qəzetəsinin və radio dəstgahının ixtiyarını mənə verdi. Lakin Pişəvəri hadisəsi mənim ruhumda böyük təsir buraxmışdı. O tarixdən mən maşına belə minmək istəmirdim. Dəvət olunan yerlərə piyada və ya tramvay vasitəsi ilə gedirdim. Pişəvərini Kirovabada aparan şofer Karnik bu hadisədən bir neçə gün əvvəl Qulam Yəhyanın vurduğu teleqraf üzrə İrəvandan gəlmişdi. Onun atası Mələkiyan Təbriz Maliyyə İdarəsinin müfəttişi idi. Qardaşı Natsaqan Nəfte Cunubda İngilislərin şirkətində işləyirdi. Nə isə, Pişəvəri hadisəsindən sonra hələ də o şoferin Bakıda azad gəzdiyini görüb, gələcəkdə belə bir hadisənin mənə də üz verməsindən ehtiyat edib, siyasi fəaliyyətimdən əl çəkib İrana qayıtmaq istədim. Bu fikri yaxın yoldaşlarıma izhar etdim. Onlar məni məzəmmət etdilər. Biləxərə mən dekabrın 27-də 1947-ci ildə Bakıdakı İran general konsulu Behnama müraciətlə pasport istədim. Konsul mənə pasportun sabah hazır olacağını deyib, ərizə və şəkillərimi qəbul etdi. Mən konsulxanadan evə getdim. Həmin gün daxili işlər vəziri General Teymur Yağubov, Dövlət Təhlükəsizlik vəzirinin müavini General Səlim Atakişiyev, Polkovnik Məhəmməd Saveçallinski, Mərkəzi Komitənin katibi Həsən Həsənov, Sovet Azərbaycanı baş vəzirinin müavini yazıçı İbrahim Mirzə mənim evimə gəldilər. İran konsulu Behnama verdiyim ərizəni geri almağı mənə təklif etdilər. Mən razı olmadım. Mən dedim gedirəm vətənimə. Onlar dedi qoymarıq. Mən dedim İran konsulu məni aparar. Onlar dedi konsul da səni aparmaq istəsə, biz konsula yol vermərik. Amma səni tutub deyərik bu casusdur. Dedikləri kimi də etdilər. Dekabr ayının 28-də 1947-ci ildə səhər tezdən kəşfiyyət idarəsi rəisi Əyyub Qasımov məni İrana göndərmək bəhanəsi ilə evdən alıb, şəhərin kənarında olan bağa gətirdi. Axşam bağdan aparıb, daxili işlər vəzirliyinin həbsxanasına saldı. Sonra da danışdıraraq, nahaq yerə məni 10 ilə məhkum edib, lagerə göndərdilər. Mənim ikinci cahan müharibəsi dövründə xüsusilə ədəbiyyat sahəsində fəaliyyətim olmuşdur. İranda 13 braşuram çap edilibdir. Özüm “Qələbə” ruznaməsinin redaktoru olmuşam. Mənim əsərlərimi Sovetlər İttifaqında Suriko, Abram Pledonik, Yuri Fidler və Mikayıl Rəfibəyli rus dillərinə tərcümə etmişlər. Bakuda Azərnəşr tərəfindən “Ürək sözü” adında bir kitabım çıxmış, həmin kitab ruscaya tərcümə olunub. “Seçilmiş şerlər” ünvanı ilə bir kitabım daha çap olunubdur. “Stalinqrad”, “Musulini”, “Ruznamə idarəsi”, “Hitler və Musulini” adında yazdığım pieslər Təbrizin Şir-o-xorşid səhnəsində və Marağa şəhərində oynanılmışdır. Yazdığım əsərlərin kopiyaları Sovet Azərbaycanı Mərkəzi Komitəsinin və Yazıçılar İttifaqının arşivində mövcuddur. İran Azərbaycanında təşkil tapan Fəhlə Təşkilatı fəaliyyəti haqqında 1945-ci ildə İrana gələn (Vets Es Peys) nümayəndələri Barisova və Madam Simonjenkova müraciət edə bilərsiniz. Xülasə mən öz vəziyyətimi sizə yazdım. Hala 8 ildir ki, vətənimdən ayrılmışam. İndiyə qədər heç bir məktub və ya əlaqə və ya maddi bir kömək yoxdur. Ümid edirəm ki ərizəm sizə çatan kimi mənim fəaliyyətlərimi nəzərdə tutaraq azad edilməyim üçün hökm verib, mənim Təbrizə qayıtmağım üçün şərait yaradasız.

Hədsiz ehtiramla:

İranlı şair Məhəmməd Biriya

3 aprel 1954

Adres: Qazaxıstan Şurəvi, şəhər Karakanda Post şöbəsi Spaski, Post qutusu nömrəsi 419/9 «V»

***

33 illik ağır əzab başa çatır. 1980-ci il sentyabrın 29-da Təbrizə qayıda bilsə də, həsrətində olduğu həyat yoldaşı və yeganə oğlu ilə görüşmək ona qismət olmur. Daha doğrusu, arvadı qapını onun üzünə bağlayır, şairi qəbul etmir. Ki, bizi atıb getdin, səndən sonra bir Allah bilir nə zülmlər çəkdik. Biriya sarsılır. Bir tərəfdən də hökumət şairi incidir. Və yenə həbs. 1985-ci ildə həbsxanada sağalmaz xəstəliyə tutulur. Hakimiyyət orqanları onu rəsmi surətdə həbsdən azad edildiyini elan edib Təbrizdəki kimsəsizlər evinə göndərirlər. 1985-ci il fevralın 19-da ömrünü kimsəsizlər evində başa vurur...

Və yenə Həmid Herisçinin şeiri:

Biryanın son məsləhəti

beynimdə hey səslənir -

“Bax haa, ölülər hərdən

mürdəşirin barmağını dişləyir!”

Həə, özünüzü yığışdırın

Bakıya təzə

təbrizli mürdəşir gəlir!!!

# 1668 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #