Qızının gözü qarşısında atasını öldürdüm - Alpay Azərdən YENİ HEKAYƏ

Qızının gözü qarşısında atasını öldürdüm - Alpay Azərdən YENİ HEKAYƏ
15 may 2017
# 12:26

Kulis.az yazıçı Alpay Azərin “Rus ki, rus” hekayəsini təqdim edir.

Sergeylə söhbətimiz həm də “Pəncşer aslanı” Əhməd Şah Məsuda görə tuturdu, – hər ikimiz onun vurğunuyduq. “Düzdü, o, bizim düşmənimiziydi, döyüşlərin birində onu öldürə də bilərdik, amma hörmət edirdik ona, çünki əsl cəngavəriydi,” – bunu təkrar-təkrar deməkdən həzz alırdı rus dostum.

Sergeyi Əfqanıstan müharibəsinin veteranı kimi Sankt-Peterburq Dövlət Universitetinin tarix fakültəsinə imtahansız götürmüşdülər. Hündürboy, enlikürək bu rus həm də adamları nokautluq edən boksçulardanıydı. Qaldığımız yataqxanada özündən altı yaş kiçik, boyca ondan xeyli balaca, arıq tələbə qız Yelenayla bir otaqda qalırdı. Ordan qışqırıq, sındırılan qab-qacaq səsi gələndə, bilirdim ki, müharibə veteranı yenə içib açarını itirib. Əvvəl-əvvəl bu davalarda çox vaxt çəlimsiz Yelenanın yekəpər sevgilisinin üstünə qışqırması, Sergeyinsə ondan üzr istəməsi mənə qəribə gəlirdi, məsələyə lap tarixçi kimi yanaşırdım: axı, necə ola bilər, cəmi bir neçə il əvvəl dünya tarixində ən böyük imperiyanın (iyirmi iki milyon kvadrat!!!) Əfqanıstan dağlarında vuruşmuş xüsusi təyinatlı döyüşçücü, lap sevgilisi olsa belə, qızdan üzr istəyir, bununla da öz qüruruna tüpürür. Sonralar qonaq getdiyim rus ailələrində belə şeyləri çox görmüşdüm deyə, təəccüblənmirdim.

Sergey adını unutduğum bir bankda gecə gözətçisi işləyib yaxşı maaş alırdı, qırılmış stəkan, nəlbəki, boşqabın yerinə təzəsini almaq problem deyildi onunçün. Bu cütlüyün dalaşıb, söyüşüb, ertəsi gün axşam yataqxanamızın dəhlizində öpüşmələri ayrı aləm idi. Bir dəfə sevgilisini doyunca öpəndən sonra bağrına basan üzü cırmaqlı Sergey sanki ürəyimi oxuyurmuş kimi mənə dedi:

- Nə olsun dünən dalaşmışıq? Əsas odur ki, bir-birimizi bağışlaya bilirik.

- Düz deyirsən, mənim axmağım (moy duraçok), – altdan ona baxan gözünün altı göyərmiş Yelena dilləndi.

- Görürsən, mən haqlıyam, - mənə baxıb irişən Sergey sevgilisinin saçını sığallamağa başladı.

Gülümsədim. “Rus ki rus”. Bu cütlüyün sevgisi də, etirafı da çox səmimiydi.

Mən doxsan dörddə, Qarabağda atəşkəs imzalanandan sonra Sankt-Peterburqa oxumağa getmişdim. Sergey “Niyə əhaliniz ermənilərdən sayca çox ola-ola, üstəlik, neftiniz ola-ola, müharibəni uduzmusuz?” - sualını mənə verəndə deyəmməmişdim ki, sizin dövlət Ermənistana hər cür yardım edib bu müharibədə, fikirləşirdim, təzə gəlmişəm Rusiyaya, mövzu həssasdı, mənə artıq problem-filan lazım deyil. Amma axırda aramız o dərəcədə açıldı ki, Sergeyə Xocalı qırğınında bunların 366-cı alayının iştirak etməsini danışası oldum. Diqqətlə mənə qulaq asandan sonra hirslə dedi: “Bu əclafları divara söykəyib güllələyərdim”. İnanmadım ona, mənə xoş gəlmək istəyinə yozdum bunu.

Bir dəfə yumruğunu masaya vurub dedi: “Mənə qulaq as, əgər sizdə bir də müharibə başlasa, mən könüllü gəlib Qarabağda vuruşacam. Danışmışam sənə, taqım komandiri kimi Əfqanıstanın dağlarında vuruşmuşam, elə bilirəm Qarabağın dağlarında da sizin orduya xeyrim dəyər”. Yenə inanmadım; araq idi onu dedizdirən, amma elə səmimiydi, adam az qalırdı inansın.

Əsl dost olduğunu sübut eləmişdi. İlıq may günlərinin birində azərbaycanlı dostumla iordaniyalı tanışımızın ad gününü qeyd eləməyə gedirdik. Metroya çathaçatda iki milis bizə yaxınlaşdı, onlardan biri sənədlərimizə baxıb əzbərləyi sualı verdi: “Üstünüzdə soyuq, odlu silah, narkotik maddələr varmı?”

Bunlarla məzələnməkçün əlimdəki tortu qaldırıb gülə-gülə dedim ki, dostumuzun ad günüdür, ona hədiyyə olaraq atom bombası aparırıq. Soyuqqanlılıqla “Onda bizimlə bölməyə getməli olacaqsınız,” ­– deyən milis ikimizi də zorla “Villis” maşınının arxasındakı dar qəfəsliyə saldı. Dostumla üz-üzə oturmuşduq, qucağımda tort, dizlərimiz bir-birinə dəyirdi, elə hey məni söyürdü. Üstəlik, az sonra iki “bomj”u (evsiz, işsiz avara həyat sürənlər) onsuz da dar olan qəfəsliyə zorla soxuşdurdular. Aya qüstə, beli bükülmüş halda bizə toxunan bu adamlar üfunət iyi verirdi, milis iki-üç cəhddən sonra qəfəsliyin qapısını bağlayanda, dostumla mən burnumuzu tutduq, güclə özümüzü bunlara yumruq-təpik vurmaqdan saxlayırdıq. Milislərsə elə bil acığımıza çöldə aramla siqaret çəkirdilər, – bizi bölməyə aparıb “atom bombası” məsələsini həll etməyə tələsmirdilər. “İndi bu “bomj”lara pul verəcəm, işəsinlər təpənə,” – dostum dilləndi. “Əşi, nə biləydim, bu mundar uşağı mundar zarafat qanmır,” – dilxor halda dedim. Pəncərədən çölə baxanda, bir də görəm, Sergey milislərlə söhbət edir, sən demə, görübmüş başımıza gələnləri. Arada müharibə veteranı vəsiqəsini göstərib, ikicə dəqiqənin içində, rüşvətsiz-filansız, bizi o zülmdən xilas etdi. Axşamsa mənə dedi ki, nə milis, nə də FeEsBe işçiləriylə bir də belə axmaq zarafatlar etmə.

Mənə danışdığı Əfqanıstanda başına gəlmiş dəhşətli hadisəni yəqin ki, heç vaxt unutmayacam. Sergeyin komandir olduğu əsgərlərdən biri yaxınlıqdakı puştun kəndinə təndir çörəyi almağa gedir. Həmin vaxt kənddə olan mücahidlərin məşhur komandiri Gülbəddin Hikmətyarın bir döyüşçüsü həmin bu rusu tərksilah edib əsir kimi bazalarına aparır. Bazadakı mücahidlərdən biri, çox güman, qohumlarını ruslar öldürdüyünə görə, əsəblərinə güc gələmmir, əsiri güllələyir, meyitini götürüb gizlincə kəndin girəcəyinə atırlar. Bir saat keçir, Sergey görür, döyüşçüsü gəlməyib, dörd-beş əsgərlə kəndə, itmiş əsgərini axtarmağa gedir. Qorxu içində olan camaat meyiti Sergeyə təhvil verir. Özünün danışdığına görə, Sergey elə hirsliymiş, qarşısına məqsəd qoyubmuş ki, gözünə şübhəli dəyən istənilən birisini öldürəcək. İlk baxışdan xoşuna gəlməyən mücahidə oxşatdığı saqqallı kişini zorla ailəsindən ayırırlar, anası, arvadı ağlayıb, puştun dilində yalvarırlar ki, evin kişisini öldürməsinlər.

- Amma axırda tətiyi çəkdim. Mənə ən pis təsir edən bilirsən nə oldu? Beş, ya altı yaşında olan qızının yalvarışlı baxışları. Atasına yaxınlaşmaq istəyirdi, amma qorxurdu, nəsə demək istəyirdi, amma susurdu. Özünə görə qorxurdu, bəlkə də elə bilirdi, ağzını açıb nəsə desə, onu da, anasını da güllələyə bilərəm. Uşaq ağlıyla fikirləşirdi ki, heç olmasa, qoy ailədən tək bir adam ölsün. Amma görürdüm ki, atasını da xilas etmək istəyir. İndi həmin qızın on altı-on yeddi yaşı olar. Sözsüz ki, ərə gedib, uşaqları var, oğlu varsa, çox güman, atasının adını qoyub ona. Amma mən əminəm, bu qız nə qədər xoşbəxt olsa da, ömrünün axırına qədər özünü qınayacaq ki, niyə mən atamı o vaxt xilas etmədim. O qızın gözləri yadıma düşəndə, az qalıram dəli olam.

- Bir sual verim, amma bilirəm, axmaq səslənəcək. O qızın baxışlarında nifrət çox idi, yoxsa yalvarış?

- Yox, yox, elə məsələ orasındadı ki, nifrət yox, ancaq dəhşətli bir yalvarış vardı o baxışlarda, - elə tərzdə dedi, sanki yaxşı ki, nifrət yox imiş o uşağın gözlərində, yoxsa bunun əzabı lap dözülməz olardı. - Təsəvvür et, Alik, mən onun atasını öldürəndə, ağlamadı, elə heykəl kimi yerindəcə dayandı, onun üzünə baxa bilmirdim, amma hiss edirdim ki, o, hələ də mənə baxır.

Dediyinə görə, öldürdüyü puştunun anasıyla arvadı qiyyə çəkib əvvəlcə meyitə tərəf qaçırlar, sonra bunun üstünə hücum çəkirlər, yanındakı əsgərlər havaya güllə atır və Sergey öz dəstəsiylə kəndi tərk edir. Son cümlədən sonra başıyla qabağımdakı araq dolu qədəhi göstərib dedi: “Ölənlərin ruhuna”. Qədəhləri toqquşdurub içdik. “Ehh, rus ki rus,” – dumanlanan başımda bu cümlə əks-səda verdi. Bu hadisəni eşidəndə, əvvəlcə rusofobluğum tutmuşdu: “Alnının ortasına bir yumruq qoyasan,” – ağlımdan keçmişdi, sonralar elədiyi etirafa görə bu Əfqanıstan veteranına nifrətim elə bil soyumağa doğru gedirdi.

Bir gün dostum işlədiyi bankda ixtisara düşdü, mənə dedi ki, işsizəm, Alik, eşitsən, ya qəzetdə oxusan ki, hansısa şirkətdə təhlükəsizlik işinə vakansiya var, xəbər et. Yelenayla daha tez-tez dalaşırdılar, amma elə bil qab-qacaq az qırırdılar. Sergey sərxoş olsa da, anlayırdı ki, nəyisə sındırsalar, təzəsini almaq asan olmayacaq, – kasıbçılıq öz sözünü deyirdi.

Sergeyin kasıb günlərinin birində yaxınlaşıb dedim: “Seryoqa, pula ehtiyacın varsa, de, utanma, sən mənim dostumsan”. Kövrələn kimi oldu, yox, ayıq idi, məni bağrına basıb dedi: “Alik, sən nə yaxşı insansan. Heç bilmirəm sənə necə təşəkkürümü bildirim”.

Aspirant kimi Soros fondundan qrant alırdım, üstəlik, orta məktəbdə “Qədim dünya tarixi”ndən dərs deyib maaş alırdım deyə, pul sarıdan vəziyyətim yaxşıydı. Sergeyə iki yüz rubl verəndə, az qala on dəfə təşəkkür elədi, işə düzələndə ilk maaşını alan kimi pulu qaytaracağını dedi.

- Yox, yox, Seryoqa, bunu sənə borc kimi vermirəm.

- Onda biz bunu gərək yuyaq. Mən aşağıdakı marketə düşüb gəlirəm, – deyib içki və yemək almaq üçün yerindən götürüldü. Beş-altı addım atmışdı ki, qayıtdı: - Mən bu yaxşılığı heç vaxt unutmayacam” – deyib getdi.

Bu söhbətin üstündən iki ay keçməmiş, Sergey Baltoil şirkətinin təhlükəsizlik xidmətində iş tapdı, necə deyərlər, tox və rahat həyatı öz axarına düşdü. Hətta fikir verirdim, hərdən axşamlar araqdan vuranda belə, sevgilisiylə dalaşmırdı, əksinə, otaqdan deyib-gülmək səsləri gəlirdi.

Şənbəydi, axşam otağımdan çıxıb mətbəxə gedirdim, rus dostumu dəhlizdə gördüm. Lül-qənbər sərxoş olsa da, ayaq üstə dayana bilirdi.

- Oo Alik, bilsən, səni görməyimə necə şadam, - gülümsədi, mənə tərəf addımladı.

- Mən də şadam, - hiss etdim ki, bu dəfə xoşagəlməz söhbət olacaq aramızda.

- Alik, sən çox yaxşı oğlansan, bilirsən bunu?

- Bilirəm, Seryoqa.

- Ona görə də, - əlini cibinə salıb, bir qalaq kağız pul çıxartdı, -gərək bunu...

- Yox, yox, Seryoqa, - əlini zorla pullarla bir yerdə geri qaytardım.

- Sən mənə hörmət edirsən? - rusların içəndən sonra məşhur “Tı menya uvajayeş?” sualını verdi.

- Hörmət edirəm, Seryoqa, əlbəttə, hörmət edirəm.

- Onda sən gərək, - əlini şalvarının cibinə salanda, yenə qolundan tutdum.

- Seryoqa, məni başa düş, hal-hazırda mənim pula ehtiyacım yoxdu. Ehtiyacım olanda özüm sənə deyəcəm. Bir də biz axı onda danışdıq...

- Sən mənim xətrimə dəyirsən, Alik.

Gördüm, xeyri yoxdur, əl çəkməyəcək yaxamdan, dedim:

- Yaxşı, simvolik əlli rubl götürərəm, - əlimi qolundan çəkdim.

Kağız pulları çıxarıb içindən bir yüzlük mənə uzatdı. O pulu qaytarıb əlliliyi götürdüm:

- Bəsimdi, təşəkkür edirəm.

Heç nə demədi, qalan pulları cibinə qoydu.

- Alik, - qəmli gözləriylə mənə baxaraq, - səndən bir xahişim də olacaq.

- Seryoqa, eşidirəm səni. – “Deyirəm də, bir zibil qaynadacaq bu” – fikirləşdim.

- Sənə bir puştun kişini güllələməyi danışmışdım, yadındadı?

- Yadımdadı.

- Axı, sənə demişdim, bunu ömrümün sonuna kimi özümə bağışlamayacam.

- Bu hadisə olub keçib, indi sən nə edə bilərsən ki?

- Alik, sən mənə bir yumruq vurmalısan.

- Nə? Yumruq?

- Yox, yoox! – şəhadət barmağını gözümün qarşısında tərpətdi, – Bilirəm, fikirləşirsən ki, mən çox içmişəm. Mən sərxoş deyiləm, ağlım başımdadı, ancaq sən mənim dostumsansa, gərək dediyimi edəsən!

Əmr tonunda danışmağı, düzü, xoşuma gəlmədi, bir az da qorxan kimi oldum, elə bildim dediyini eləməsəm, özü mənə birini ilişdirəcək, yumruğu tutsaydı, yəqin ki, iki metr o tərəfə uçardım. Ehtiyatçün bir addım geri çəkilib sakitcə dedim:

- Qulaq as mənə, Seryoqa, bəlkə gedib yatasan?

- Sən qorxma, fikirləşmə ki, mən də səni vuracam, ya özümə gələndə, səninlə haqq-hesab çəkəcəm. Mən o əfqanı öldürdüyümə görə əzab çəkirəm və hesab edirəm ki, ömrüm boyu döyülməliyəm, təhqir olunmalıyam, başa düşürsən?! O əfqanın qızı yuxuma girir tez-tez, yenə susur, heç nə demir! Axı o böyüyüb, gəlib əslində, məni öldürməliydi! Sən mənə yumruq vursan, o qız bir də yuxuma girməz.

- Dedim sənə, mən səni vurmayacam! Yaxşısı budu gedib yatasan.

- Vur deyirəm sənə! Mən sərxoş deyiləm, başa düşürsən, ay sənin ananı!

Bu dəfə dözəmmədim, Sergeyin burnuna ortabab zərblə bir yumruq vurdum. Yox, söyüşə görə vurmazdım onu, üç iliydi Rusiyadaydım, bilirdim ki, ruslarda, bir növ, sözarası işlənən ana söyüşü bizdəki kimi söyüş sayılmır. Vurandan sonra fikirləşdim ki, məsələ tək bunun sərxoş olmağında deyil, deyəsən, Sergey ayıq olanda belə, əfqanı öldürdüyünə görə, o vaxt ona qorxa-qorxa baxan, yuxusuna girən qıza görə doğrudan da illərdi əzab çəkirmiş.

- Bu başqa məsələ, - köynəyinin qoluyla burnunun qanını silən dostum, nəhayət, rahat oldu və mən mübahisəmizin bu cür qəribə-əcaib sonluqla bitməsinə sevindim.

Bir anlıq mənə elə gəldi ki, o əfqan qızı bir müddət Sergeyin yuxusuna girməyəcək. Elə bu vaxt Yelena dəhlizin o başında göründü, əlində iki dolu zənbil mağazadan gəlirdi. Sergey sevgilisini görcək:

“Oo, Lena, gəldin?” – deyib ona tərəf getdi. “Uy daa, indi bu qıza necə başa salım ki, sənin bu axmaq Seryoqanın tutması tutmuşdu, bayaqdan vicdan əzabı çəkirdi, beynimi xarab eləyib əl çəkmirdi ki, mənə yumruq vur. Neçə dəfə dedim get yat, əl çəkmədi, axırda qışqırıb anamı söydü, nəticəsi də budur”.

Sergeyin burnundan axıb dodaqlarını qırmızı rəngə boyayan qanı görəndə, Yelena əlindəki iki zənbili yerə buraxdı, ona yaxınlaşıb kafel döşəməyə səpələnən kartof-soğanı zənbilə yığmaq istəyən sevgilisinə tərs bir sillə vurdu. “Soqlasen” (Razıyam), – arsız Sergey dişlərini ağartdı, dalınca ikinci sillə gəldi, “Snova soqlasen” (Yenə razıyam). Elə bildim, yaxınlaşıb üçüncüsünü də mənə ilişdirəcək, Yelenaya yönələn baxışlarımla, bir növ, dedim ki, əsas günah məndə deyil, amma gərək məni bağışlayasan. Kartof-soğanı zənbilə yığıb ayağa duran Sergey bizim bir-birimizə baxdığımızı görüb sevigilisinə dedi:

- Onun heç bir günahı yoxdu, Lena, gedək evə.

- Bilirəm. Bilirəm ki, günah ancaq səndədir. Axmaq! – mənə tərəf çönüb son dərəcə mülayim və kinayəsiz, – Alik, siz heç narahat olmayın, əminəm ki, bu işdə sizin heç bir günahınız yoxdur. Ona görə də qətiyyən narahat olmayın.

- Başa düşdüm, - gülümsədim.

Başıyla sevgilisinə işarə edib “Mən bununla neyniyim?” mənasında çiyinlərini çəkdi...

Az sonra əlimdə çaydan mətbəxə gedəndə, Sergey gitarada aşağı bas səslə Əfqanıstan müharibəsi haqqında mahnı oxuyurdu. Dayandım. Nəqəratda Lena da ona qoşulurdu. Başımı yelləyib, “rus ki urus” deyib, mətbəxə tərəf getdim.

20 mart – 21 dekabr, 2016

Bakı-Altıağac-Bakı

“Azərbaycan” jurnalı, 2017 (2), fevral

# 2698 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #