Hansı yazıçımız Fədayə Laçından roman yazmaq istəyərdi? – SORĞU

Hansı yazıçımız Fədayə Laçından roman yazmaq istəyərdi? – <span style="color:red;">SORĞU
2 noyabr 2017
# 15:47

Dünya ədəbiyyatında hər hansı bir ictimai-siyasi hadisə əsasında bədii əsər yazmaq təcrübəsi var. Bu zaman müəllif həm sənədliliyə əsaslanır, həm də təxəyyülünün imkanlarından istifadə etməkdən çəkinmir. Üslubdan asılı olaraq hadisəyə fantastik, mistik, magik realistik ovqat verə bilir.

Məsələn, yapon yazıçı Haruki Murakaminin “Yeraltı” romanı 1995-ci ildə Yaponiyada baş vermiş terror hadisəsi əsasında yazılıb. Peru yazıçısı Mario Varqas Lyosanın da bir neçə əsərinin əsasında son dövrlərdə baş vermiş hadisələr dayanır. Bəs görəsən bizim yazıçılar bu cür mövzulara müraciət etməkdən niyə çəkinirlər? Son vaxtlar müğənni Fədayə Laçınla bağlı baş verənlər roman mövzusu ola bilərmi?

Kulis.az bu barədə yazıçıların fikrini öyrənib.

Nəriman Əbdürrəhmanlı

yazıçı

- Həyatda bədii əsərə gətirilməyəcək mövzu yoxdur. Allahın qarışqasının, itinin, dəvəsinin, qartalının ömrü də ədəbi əsərlərin mövzusu olub, bundan sonra da olacaq. Düzü, Fədayə-“Qoca” məsələsini xüsusi olaraq izləməmişəm. Amma yazıçıda baş verənlərdə öz duyumuna cavab verən nəsə varsa, niyə də olmasın? Şəxsən məni bədii əsərdə hadisə o qədər də maraqlandırmır, hadisəsiz də bədii mətn yaratmaq olar, mütləq kiminsə ölməsi-qalması mütləq vacib deyil. Ola bilsin, artıq bu cür əsərlər yaradanlar artıq qələmlərini itiləyib yazırlar. Məndən ötrü bu və ya digər mövzu yoxdu, mövzuya necə yanaşmaq əsasdı.

Azad Qaradərəli

yazıçı

- Hər yazıçının mövzu seçmək imkanı var və hərə öz mövzusunu yazır. Mən son dövrlərdə Azərbaycanda baş verən və ümumən Qafqazda, keçmiş SSRİ məkanında baş verən kriminal hadisələri izləyirəm. Bunların bəziləri hakimiyyət dairələri ilə iş birliyində olub. Mən belə avtoritetlərin bir neçəsi ilə şəxsən tanışam. Çox təəssüf ki, onların dünyagörüşü çox məhdud olur. Kitabdan, musiqidən, incəsənətdən tamam aralı düşmüş olduqlarından verdikləri qərar da primitiv olur. Elə götürək “Qoca”nı. Məncə bu cür pəhləvan cüssəli adam daha maraqlı işlərə qol qoya bilərdi, nəinki türmədən qaçıb havayı gülləyə tuş gəlməyə. Və onun Fədayə Laçınla olan sevgisinə də mən şəxsən şübhə edirəm. Niyə? Adam əgər sevirdisə, heç olmasa sevdiyi xanımı bu cür təhlükənin ağzına atmazdı. Atdısa onu qoyub qaçmazdı. Nə bilim? Bəlkə mən yanılıram. Məsələn, mənimçün Stalinin 20-ci əsrin əvvəllərində Bakıda, Tiflisdə törətdiyi terror hadisələri daha maraqlıdır. Yaxud Qaçaq Nəbinin, bizim həmkəndlimiz Qaçaq Fərzalının üç cəbhədə - ruslara, ermənilərə və şah sərbazlarına qarşı vuruşması daha maraqlıdır.

Cəlil Cavanşir

yazıçı

- Azərbaycanda o qədər romana gələcək mövzu var ki, Fədayədən nə isə yazmaq lazım deyil. Adi, düşük, xeyli dərəcədə mənasız "sevgi" hekayəsidir. Mənim şəxsən belə münasibətlərdən ürəyim bulanır.

Sevinc Elsevər

yazıçı

- Bizdə lotuların həyatından yazılmış onlarca kitab var. Düzdü, mən onlardan bircəciyini oxumuşam. Oxudum ki, görüm nə olan şeydi. “Lənət qapısı” idi kitabın adı səhv eləmirəmsə. Fədayəgilin əhvalatını da yazmaq olar. Məncə, dərindən araşdırsaq, bizdə də belə romanlar yazılıb. Amma Murakami, Lyosa səviyyəsində yazıçılar yazmayıb. Sovet dövründə ciddi tarixi hadisələr əsasında çox kitablar yazılıb. Sovet İttifaqının qurulmasından bəhs edən, ideologiyaya xidmət edən əsərlər. Hətta poeziyada da nümunələri var. Poemalar yazılıb. Müasir romançılar biganə qalır bu cür mövzulara. Hamı istəyir daha orijinal süjetləri işləsin. Məncə, hamının bildiyi əhvalatı yazmaq daha böyük bacarıq, istedad tələb edir. Bəlkə buna görə çəkinirlər. Bilmirəm. Mənə gələndə, heç ağlıma gəlməyib bu cür nəsə yazım. Fədayəgilin əhvalatı terrorla müqayisədə sönük qalır. Məsələn, Rafiq Tağının öldürülməsindən, onun ictimai fəaliyyətindən, həyatından gözəl bir əsər yazmaq olar. Amma mənim gücüm çatmaz. Məncə, bu işi kimsə görməlidir. Fədayənin əhvalatını bulvar romançıları da işləyə bilər. Düzdü, həmin əhvalatın mayasında sevgi dayanır. Sevgi də bəşəri mövzudu. Qadın mövzusunu da işləmək olar bu əhvalatın fonunda. Onun qadın taleyi-filan. Heç düşünmədiyim mövzu idi.

Fərid Hüseyn

şair

- Açığı maraqlanmıram belə hadisələrlə. Gündəm mənə mədəni hadisələrin yekunu kimi maraqlıdır. İstəmərəm ki, kimsə həbs edilsin, hər halda Allah kömək olsun. Ancaq inandırım sizi ki, bu olay sizin bağlamaq, əlaqələndirmək istədiyiniz qədər də dərin, iztirablı, ədəbiyyata mövzu olacaq gücdə taleyüklü məsələ deyil.

Cavanşir Yusifli

tənqidçi

- Əslində, bu, təcrübədən çox fantaziyanın azlığından, öz-özünə qapanmasından, bir sözlə, yazıçı təxəyyülünün kasıblığından irəli gəlir. Amma bizim nəsrdə bunun nümunələri də olub. Sovet dövründə Anar yazmışdı. Povestin adını xatırlamıram. Deyəsən, Elçin də belə bir povest qələmə almışdı. Amma zəif idi. Dediyiniz hadisəylə bağlı Rəşad Məcidin Cavid Zeynallıya replikası vardı: “Yaz da!” Cavid də cavabında “Yumorunuz da yerində” - demişdi. Əslində, Rəşadın replikasında böyük bir həqiqət var. İnsan taleyinin mürəkkəbliyini, qəlizliyini, heç bir qəlibə sığmazlığını təəssüf ki, bizim nəsr ordan-burdan götürdüyü qəliblər içində yazmaqdan usanmır. Halbuki “roman bütün dillərdən, bütün qaydalardan, bütün janrlardan istifadə edərək əyaniləşir və o, sosial və ideoloji baxımdan bütün bitən və gücünü itirən, uzaq və yad dünyaları onlara xas dildə və üslubda danışmağa məcbur edir” (Baxtin).

Şərif Ağayar

yazıçı

Fədayənin əhvalatı İzzət Bağırovun klipinə də süjet ola bilər, möhtəşəm bir romana da. Eyni zamanda, başqa maraqlı hadisələr, əhvalatlar... Əsas bu deyil. Əsas qələmin kimin əlində olması və necə işləməsidir.

Ayxan Ayvaz

yazıçı

Mən Fədayə Laçından roman yazacam. Bu qadının həyatı romana sığar. Nə vaxtsa, adı yaddan çıxa bilər, unudular, ona görə də bir romanla onu əbədiləşdirmək lazımdır. Ola bilsin, bütün qadınların ümumilləşmiş obrazı olsun, amma yüz faiz Fədayənin hadisəsi öndə gələcək. Yazmaq lazımdır.

# 1029 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #