Çingiz Aytmatovun yuxarılara yarınmağı-Tanınmış şairin xatirələri

Çingiz Aytmatovun yuxarılara yarınmağı-<span style="color:red;">Tanınmış şairin xatirələri
31 oktyabr 2014
# 09:30

Kulis.az görkəmli şair İsa İsmayılzadənin indiyədək heç bir yerdə dərc olunmamış xatirələrini dərc edir. Xatirələri redaksiyamıza tanınmış yazıçı tərcüməçi Nəriman Əbdülrəhmanlı təqdim edib.

“Anarın, Əkrəmin, Famil Mehdinin dönüklüyü...”- Məşhur şairin xatirələri

Görkəmli şairdən ŞOK İTTİHAMLAR

“İsi Məlikzadə vəzifəsindən sui-istifadə edirmiş”

37-də nə qədər adam satmışdın?

3 may - 1989

«Дружба народов» jurnalının 3-cü nömrəsində Əkrəm Əylislinin jurnalın baş redaktoru S.Baruzdinə məktubu və Baruzdinin ona cavabı haqqında eşitmişdim, elə belə gözləmirdim: Əkrəm burda bütünlüklə öz xalqından üz döndərib. Görün, nə yazır: «Событиями округ Нагорного Карабаха я по истине отравлен…» «…душное, тенкое одиночество среди множества людей…» Milli qüvvələrə belə bir qiymət verir: «Но нечисть-это и есть нечисть…». hələ bu harasıdır! «…к представитилян других нациальностей с самого раннего детства я испытывал доверие, чем к своим», ища и не находя, видимо в своем окрушении человека, соответствующего моего по детски возвышенному воспригию вообще. Таким, или почти таким я осталсу и по еей день».

Baruzdin cavabında bu simasız məktubu tərifləyir, «gözəl insan, hər hansı milli məhdudiyyətdən uzaq, istedadlı sənətkar» Əkrəmin, üstəlik, ailəsini misal çəkir: azərbaycanlı-belorus… Bütün günahları yıxır «Sumqayıt faciəsinin» üstünə – özü də əsil millətçi erməni mövqeyindən! Yox, bu məktubu rus-Baruzdin yazmayıb, bunu erməni yazıb. Bəlkə baş redaktor müavini Leonid Ter-Akopyan yazıb? Nə bilmək olar?.. Baruzdin dönə-dönə deyir ki, Əhmədov, Cəfərov, İsmayılov kimi «banditləri» niyə «kiçik xuliqanlıq» üstə mühakimə edirlər? Guya, hətta Ermənistanda zəlzələ olan günlərdə Bakıda «Sumqayıt qəhrəmanlarına eşq olsun» şüarı səslənirmiş…

6 may

Bu gün «Sovet Gürcüstanı» qəzetinin 4 may tarixli nömrəsində baxıram – mənimlə geniş müsahib verilib (jurnalist Nəriman Əbdülrəhmanlı hazırlayıb). Heyf… Heyf ki, bəzi sərt yerləri ixtisar olunub (Qori, Xaşuri Kaspi, Kvareli rayonlarında 25-30 min azərbaycanlı yaşadığı halda, Azərbaycan məktəbinin olmaması; Gürcüstanda azərbaycanlıların yaşayış yerlərinin adının dəyişdirilməsi, təhrif olunması; mili kadrların sıxışdırılması və s.).

9 may

Bu gün oğlum Mustafanın (indiyədək ona oğlum deməmişəm – atamın adını daşıdığına görə) ad günüdür. Ələkbərlə (Salahzadə) Əlibala Hacızadəyə zəng vururam, görüşürük, maşınıma minib bizim bağa gedirik. Quzu kababı çəkirik, balaca Musdunun, bütün balaların şərəfinə söz deyirik…

10 may

Telestudiyaya gedirəm. Firudin Ağayevlə görüşürəm. Teleteatrda mayın 17-də mənim universitet tələbələri ilə görüşüm keçirilməlidir. Universitetə afişalar vurulub, «Lenin tərbiyəsi uğrunda» qəzetində elan verilib. Firudin şerləri seçir – aktyorların, tələbələrin, bir də mənim oxuyacağım şerləri… Sonra şerlərə Aydın İbrahimov baxır. Dəhlizdə yazıçı Rafiq Səməndərə rast gəlirəm. Yekəxana-yekəxana danışır… (Jurnalda hekayəsinin çapı gecikdiyinə görə bizim gürcüstan haqda verilişimizi doğrayıb 45 dəqiqə eləyib, özü də «gündüz» 1845-ə salmışdı). Əsəbiləşib ağzıma gələni deyirəm. Bu adamlar niyə belə tez-tələsik pozulur, yekəxanalaşır? Yaxşı hekayə yazanda nə olar ki? Çapa gecikdiyinə görə gərək zəhərini kiminsə üstünə tökəsən?

12 may

Anarla İttifaqda görüşürük. AFR-dən təzəcə qayıdıb, geri göndər. Bir qovluq məktub göstərir – «çoxusu Əkrəmdən gileylidir» - deyir. Moskvada Əkrəmlə telefon söhbətini danışır (görüşə bilməyiblər). Əkrəm onu ittiham eləyir ki, niyə «Ədəbiyyat və incəsənət» qəzetində onu ittiham eləyən (belə bir iclas keçirilib, mən olmamışam) - (rəyasət heyətinin açıq iclası) material verilib? Anar da deyir ki, bu xalqın öz yazıçısının ittihamıdır…

13 may

13 may 27 sənətkarın xatirə kompleksi. Çox gözəl əsərdir! Açılmış kitabda xəncər yaraları… Kitabın səhifələrində gedənlərin ad-famili, altında qolu bağlı, ölümə gedən fiqurlar… Yuxarı başda-zəncir… Elə bil qara çəkiliblər. Qərara alındı ki, hər ilin 13 mayı onların xatirə günü kimi keçirilsin. Mirzə İbrahimov, S.Rüstəm günahkar-günahkar susurlar…

Repressiya qurbanlarının xatirə kompleksinin Natəvan klubu qarşısında açılışı. Vəzirov, büro üzvləri gəlib. Anar, Süleyman Vəliyev, Fərhad Xəlilov, Turan Cavid, Elcan Şamilov (müəllif) və mən («1937»-dən parçalar oxuyuram) çıxış edirəm.

16 may

Yazıçılar İttifaqında partiya iclası. Dağlıq Qarabağdan vəziyyətlə bağlı çağırılıb (mayın əvvəllərindən orda nümayişlər dayanmır). İclasa Qabil sədrlik edir. Vəziyyətlə bağlı partkom Nadir Cabbarov məlumat verir. A.Məmmədli, Nemət Veysəlli, N.Həsənzadə və b. çıxış edirlər. A.Məmmədli «Советски Карабах», Yerevanda çıxan «Kommunist» qəzetlərindən antisovet, antiazərbaycan ruhlu, daşnak havalı yazılardan yana-yana söhbət açır. Hamını bir sual düşündürür: Nə qədər bu daşnaklar, ekstremistlər cəzasız qalacaqlar?

«Советский Карабах» qəzetində Dağlıq Qarabağın partiya-təsərrüfat fəallarının Qorbaçova məktubu verilib. Bizim xalqa, Vəzirova böhtanlar yağdırılır. Guya Dağlıq Qarabağın «azərbaycanlılaşdırılması» (gülməlidir) prosesi gedir, guya bu prosesə «millətçi Vəzirov» rəhbərlik eləyir, yerli-yersiz Qorbaçovun adını çəkməklə guya meydan sulayır…

İclas Qorbaçova məktub qəbul eləyir. Məktubu Səyavuş Məmmədzadə oxuyur. Mətnin yumşaqlığını möhkəm tənqid eləyirik. Təzədən yazılmalıdır-vəssalam!...

İclasdan sonra tələsik evə gəlirəm. Telestudiyadan zəng vurur ki, sabah 17-də veriliş çəkilməyəcək, görüş olmayacaq. Tez zəng vurub universitetə xəbər verirəm.

24 may

Moskvadan gəlmiş qonaqla – Qlavlitin nümayəndəsi Vladimir Simonovla görüş. Azərbaycan Qlavlit idarəsinin rəisi Cavanşir İdırımzadənin yanında redaksiyaların məsul işçiləri – «Gəncliyin» baş redaktoru M.İsmayıl, «Ulduz»un baş redaktoru A.Abdulla, mən və başqaları yığışıblar. Biz ora çatanda M.ismayıl qonağı «divara» dirəmişdi – D.Qarabağ məsələsi ilə bağlı Mərkəzin-Moskvanın birtərəfli mövqeyini kəskin tənqid eləyirdi. Qonaq cavab tapmağa çətinlik çəkirdi.

Sonra-Abbas Abdulla,

Sonra – Mən…

2 İyun

Qurultay davam edir. Bu gün Çingiz Aytmatov yenidən çıxış edir, özü də çox cəsarətli! Ötən çıxışı (3 gün əvvəl) narazılıq doğurmuşdu (cəsarətsizliyə, həm də «yuxarılara» yaranmağa görə… Kim inanar ki, Ç.Aytmatov kimi şəxsiyyət «yuxarılar»a xoş gəlmək üçün yollar axtara?).

Bu gün cəmiyyətin bəlalarından, sosializmin bu şəkildə özünü doğrultmamağından, yeni yollar axtarmağın vacibliyindən, bəzi millətlərin (qazaxların, Krım tatarlarının, qaqaruzların) sıxışdırılmağından söhbət açır. Aytmatov millətlərin deportasiyasına (köçürülməyinə) qarşı kəskin etirazını bildirir. Belə bir təklif irəli sürür: bəlkə sosializmin iflasından yaxa qurtarmaq üçün «kapitalizmin modelini» seçək – hollandiya, İsveç, İspaniya və b. dövlətlərdə olduğu kimi…

Başqa bir təklif: a) ölkənin büdcəsi az qala boşalıb, defisitlərdən yaxa qurtarmaq üçün kapitalist ölkələrindən böyük miqdarda borc almaq lazımdır. b) Kənddəki problemləri aradan qaldırmaq üçün bəlkə sovet əsgərləri kənddə xidmət eləsinlər?

Bu gün Ermənistan EA-nın prezidenti akademik Ambarsumyan da çıxış elədi. Millətçi, daşnak mövqeyindən… «Dağlıq Qarabağ» problemi öz yerində, onun fikrincə, Naxçıvan, Qars da (iştaha bax!) «qədim erməni torpaqlarıdır».

Bu gün Yazıçılar İttifaqında, katib Çingiz Abdullayevin yanında yığıncaq oldu. Ədəbiyyat fondunun təsərrüfat məsələlərinə həsr edilmişdi. Belə aydın oldu ki, biz, redaksiya rəhbərləri, təsərrüfat hesabına keçəndən sonra ayrı-ayrı sahələr üzrə ayrılmış puldan istifadə eləmirik. Məsələn, «Azərbaycan» jurnalına inventar üçün nə az, nə çox, 25 min pul ayrılıb… Ədəbiyyat fondunun direktoru Adil Hüseynov məlumat verdi (yaradıcılıq evinin təmiri; əlavə poliklinika binası, ayrılması; Şuşada yaradıcılıq evinin təsis olunması və s.).

3 İyun 1989

Bu gün xoş xəbər eşitdim: Gürcüstan qəzetlərində rəsmi qeyd olunub ki, Gürcüstanda 524 min azərbaycanlı yaşayır; amma, kənd, qəsəbə, şəhər sovetlikləri ilə aparılan «gizli» siyahıya almaya görə, bu qədər yox, 747 mindir! (Bu xəbəri mənə yazıçı-jurnalist Nəriman Əbdülrəhmanlı çatdırdı).

8 İyun

Bu gün də xalqımızın tarixində qala bilər: bu gün həbs olunmuş (ötən il) xalq hərəkatı liderləri (cəmi 4 nəfər) həbsxanadan buraxıldılar.

5 iyul – 1989

«Yurmala» (Latviya) qəzetinin 29 iyun 1989-cu il tarixli nömrəsi Bakıda yaman səs salıb. Bir nömrə bütünlüklə «Ermənistana və erməni xalqına» həsr olunub, daha doğrusu, Azərbaycana böhtan üstündə köklənib.

Silva Kaputikyanla müsahibədən:

«Biz uçuruma yuvarlanmışıq. Çıxış yolu yoxdur. Bir tərəfdə Türkiyə, digər tərəfdə – Azərbaycan. Havamız çatmır. Məhv oluruq…» (?!).

«Təəssüf… Azərbaycan ziyalılarının əksəriyyəti belə hesab edir ki, Qarabağ – Azərbaycanın ayrılmaz tərkib hissəsidir…».

İyulun 7-

Xalq Cəbhəsinin nümayəndələri və yazıçılardan bir qrupu Gürcüstana yola düşdülər (Gürcüstan azərbaycanlılarının vəziyyəti ilə bağlı). Onların arasında Əbülfəz Əliyev, Yusif Səmədoğlu, İsa Qəmbərov, Zərdüşt Əlizadə, Abbas Abdulla, Ağamalı Sadıq, Zəlimxan Yaqub və b. vardı.

14 iyul 1989

«Odlar yurdu» qəzetində məşhur sovetoloq, professor Tadeuş Svyataxovski (ABŞ) ilə müsahibə verilib («Azadlıq» radiostansiyası müxbiri hazırlayıb) Sumqayıt hadisələrinin ildönümünə (1989, fevral) həsr olunmuş Beynəlxalq konfrans keçirilib.

Bu gün respublika televiziyası ilə mənim universitet tələbələri ilə görüş gecəm (mayda-24 mayda çəkilmişdi) verildi.

  1. İyul 1989

Erməni mətbuatı, xüsusən Ermənistan KP MK-nın orqanı «Kommunist» qəzeti millətçilik toxumu səpən, bizə qarşı nifrət hissini daha da gücləndirən materiallarla doludur. Bu qəzetin hansı nömrəsinə baxsan, heyrətlənirsən: «Kommunist» MK-nın orqanıdır, yoxsa daşnak partiyasının? Qəzet niyə bu adla çıxır? Bəs Respublika rəhbərləri, qlavlit hara baxır? Qəzetin 8 iyul 1989-cu il tarixli nömrəsində «НКАО в турецкой пропоганде» adlı türklərə nifrət, iftira dolu bir yazı çıxıb. yazının altına üç imza qoyulub: A.Karokosyan, R.Safrazyan, L.Eyramcanyan…

Texnikum müəllimi, «həvəskar şair», tbilisili Sevil Həmidova gəldi, anasının, bacısının dediklərini çatdırdı: Tbilisidə bizimkiləri elə sıxışdırırlar ki, baş götürüb qaçmaq istəyirlər. Yox, bu, çıxış yolu deyil, Sevil xanım!

İyulun 16-

Bu gün tarixə düşəcək! Xalq Cəbhəsinin təşəbbüs qrupu gizli bir yerdə Xalq Cəbhəsinin konfransını keçirdi. Əbülfəz Əliyev Xalq Cəbhəsinin sədri seçildi. Ağsaqqallar şurasının rəyasət heyətinin tərkibi, proqramı elan olunub. Bu, Xalq Cəbhəsinin yaradılma günüdür.

İclası Yusif səmədoğlu aparıb. Orqan işçiləri iclası dağıtmaq fikrinə düşüblər, sədrin kim olduğunu biləndə geri çəkiliblər. Sonra, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Svetlana Qasımova iclasa gəlib çıxıb.

İyulun 19-da

Yazıçılar İttifaqının katiblərindən (heç kəsi tanımayan, heç kəsin tanımadığı bir yazıçı) Çingiz Abdullayev yeni mənzillərin açarlarını təqdim etdi. Mən, ev alanlardan biri kimi (bəlkə də yeganə adam) heç sevinmədim: mənə üç otaqlı mənzil, daha doğrusu, iki mənzil verirlər: iki otaqlı və bir otaqlı… Axı, mənim yaram sağalmır, mənzil problemim həll olunmur…

Gürcüstanda (bizim yerlərdə) vəziyyət hələ də gərgindir, xüsusən Bolnisi şəhərində. Bizimkiləri sıxışdırır, işə buraxmır, vəzifədən çıxarırlar (İcrakom sədrini azad eləyiblər).

13 iyul 12989-cu il tarixli «Qələbə bayrağı» (Bolnisi) qəzetində rayonun birinci katibi Z.Ş.Devnozişvilinin məqaləsi verilib: «Millət öz gələcəyini müəyyənləşdirir». O, yazır ki, azərbaycanlılar muxtariyyət tələb etməklə «siyasi cəhətdən yetkin olmadıqlarını» (?) göstərirlər. Gərək biləsən-sən yerlisən, yoxsa qonaq?... qəribə məntqdir: haqqını tələb eləmək siyasi cəhətdən yetkin olmamaq deməkdir? Heçə olur ki, tarixi mənbələrdə yeni eradan əvvəl VII əsrdə (!) Borçalı türk tayfalarının adı çəkilir, amma bu torpaqlarda sonradan məskən salan gürcülər onları «qaçaq» adlandırır? Qonaq kimdir, ev yiyəsi?

Biz iyunda (A.Abdulla, V.Osmanlı, Ə.Saraclı və mən) Bolnisdə olanda dedilər ki, rayonun birinci katibi gürcüləşmiş (?) ermənidir. Elə bu məqalədən də hər şey aşkar duyulur…

Bir şey də dedilər: Başkeçidin (Dmanisi) birinci katibi Omar Eloşvili də ermənidir (13 yaşına kimi Eloyan imiş). Bu başabəla katib rayonun fəallar yığıncağında azərbaycanlıları hədələyib deyib: «Siz özünüzü yaxşı aparmırsınız, ha, yoxsa Qamsaxurdianı (Gürcüstan Xalq cəbhəsinin liderlərindən biri, K.Qamsaxurdianın oğlu) çağıraram…»

20 İyul 1989

Bu gün Azərbaycan Yazıçılar İttifaqı nəzdində Azərbaycan Xalq cəbhəsinin özəyini yaratdıq. İştirak edirdilər: Becan Azərbaycan Politexnik İnstitutunun müəllimi, Xalq cəbhəsinin məsul üzvlərindən biri; Ələkbər Salahzadə, Mövlud Süleymanlı, S.Azəri, Dilsuz, Səfər Alışarlı, Məmməd Oruc və mən. Məni müvəqqəti özəyin sədri seçdilər.

Mən özəyin qətnaməsini hazırlamışdım, onu oxudum. Qətnamənin bir yerində deyilir: «Yalnız səfərbərlik, birlik sayəsində xalqımızın bugünkü həyatında, onun tarixi taleyinin, etnogenezisinin həllində, mənəvi-siyasi suverenliyinin təmin olunmasında, müəyyən səmərəli iş görmək olar. Bu, damarında azərbaycanlı qanı axan bizim hamımızın, xüsusən ziyalıların mənəvi, vətəndaşlıq borcudur. Biz bu yolda tərəddüd eləməklə, vaxt itirməklə çox şey itirə bilərik və onda tarix qarşısında, xalqımız, torpağımız, gələcək nəsillərimiz qarşısında elə bir tarixi günah işlətmiş olarıq ki, onu heç nə ilə yumaq islah etmək olmaz…».

İyulun 24-ü

Azərbaycan Xalq Cəbhəsinin Yazıçı özəyinin iclası… Bu dəfə xeyli adam gəlib (Yazıçı özəyinin yaradılmasını eşidənlər mənə zəng vurur, üzv olmaq istədiklərini bildirirlər; az bir vaxtda üzvlərin sayı 50-ni aşır). Y.Səmədoğlunun otağına yığışmışıq. Ağsaqqallardan Sabir Əhmədovla Qabil də gəlib. Bir gün əvvəl Qabil müəllimə zəng vurmuşdum, böyük həvəslə dəstəmizə qoşulacağını bildirdi. Mənim təklifimlə ağsaqqallardan biri – Sabir Əhmədov yekdilliklə özəyin sədri seçilir. Yusif AXC-nin vəzifələrindən, qayğılarından danışdı…

Yazıçı özəyi gələcəkdə nə iş görməlidir? Respublikamızın, xalqımızın taleyi ilə bağlı bütün siyasi, iqtisadi, ictimai, mənəvi problemlərə qarışmalı, öz münasibətini bildirməlidir.

Mən dedim ki, bugünədək biz yazıçılar susmaqla, baş girləməklə böyük günah işlətmişik. Yerevanda Yazıçılar İttifaqının iki otağı «Qarabağ» komitəsinin ixtiyarına verilib (ötən ilin fevralından). Biz neyləmişik? Bizim Yazıçılar İttifaqının I mərtəbəsində yarım-erməni gözətçi qadın işləyir. Heç olmasa bundan sonra ağzımıza su alıb susmayaq. Tarix bizə bunları bağışlamayacaq. Xalq öz yazıçısından çox şey umur, amma nə olsun…

İyİrmİ beş İyul

Dostum Çingizlə görüşürük. Ürək açan bir şey olmadığından tez-tez köks ötürürük. Hər gün Dağlıq Qarabağdan xoşagəlməz xəbərlər gəlir. İndi yavaş-yavaş erməni alçaqlar Naxçıvana göz dikməyə başlayırlar. Sən demə, günümüzün acı hələ dalda imiş. Öz «evlərindən» (Ermənistandan) bizi qovdular, bizim doğmaca evimizdən (Xankəndindən) bizi didərgin saldılar, indi də… Adamın ürəyi partlayır. Axır vaxtlar, demək olar, hər gün korvalol (ürək dərmanı) içirəm. Çox pis yatıram. Qarmaqarışıq yuxular görürəm.

26 İyul

«Yazıçı» nəşriyyatından zəng vurub dedilər ki, yeni kitabımın («Bir ömürlük gecə», şerlər və poemalar) «siqnal» nüsxəsi çıxıb. Getdim. Demək olar, sevinmədim. Halbuki, başqa vaxt olsaydı…

27 yeddİ İyul

Hər gün Abbasın (A.) otağına çoxlu gürcüstanlı gəlir, hamısı da gileyli, pərt. Gürcülərin bizimkiləri açıq-aşkar sıxışdırması hamımızı əsəbiləşdirir. İndi neyləyəsən? Biz, axı, cəbhədə «vuruşa» bilmərik. Bir təhər dözmək, vaxt qazanmaq lazımdır, çünki gürcü ekstremistləri də erməni qardaşlarına «oxşayırlar»: saqqallı, əli avtomatlı… Onların da bədnam, sarsaq bir şüarı var: «Gürcüstan gürcülərindir…»

Belə qərara gəldim ki, AXC nəzdində Gürcüstan azərbaycanlıları özəyini yaradaq. Elxan Ocaqova («Sovet Gürcüstanının» müxbiri), Arif Acalova, mənə və başqalarına tapşırdı ki, hərə öz rayonu üzrə Bakıda yaşayan, az-çox üzdə olan gürcüstanlıların siyahısını hazırlasın.

Siyahılar hazırlamağa başlamışıq.

Fərhad (bacanağım) axşam bizə gəldi, xeyli ad-famil yazdıq. AXC-i təsdiqlənsə, onda avtomatik olaraq bizim özək də təsdiqlənmiş olur, onda cari hesab açmaq da mümkündür.

Ardı var...

# 3183 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #