““Qlavlit”də tanışım vardı, antisovet yazılarımı o verirdi”

““Qlavlit”də tanışım vardı, antisovet yazılarımı o verirdi”
17 noyabr 2012
# 08:15

Kulis.az saytının suallarını Yazıçılar Birliyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Abbas Abdulla cavablandırır.

- Abbas bəy, deyirlər ki, bir dəfə Türkiyədə hansısa tədbirdə çıxış edərkən bir nəfər gəlib sizin üzünüzdən öpüb. Sonra belə bir söhbət yayıldı ki, o, sizin atanız olub. O insan doğrudanmı atanız idi?

- Yox, bilirsiniz, indi unutmuşam hansı tədbir idi. Orda sovet dövrü haqqında danışırdılar. Mənə söz verdilər, qalxıb çıxış elədim, orda dedim ki, Stalin Lenindən, Lenin də Stalindən qəddar adam olub. Lenin yaşasaydı, Stalindən daha artıq qəddarlıq edərdi. Orda vurğuladım ki, bəndənizin də atasını Stalin dövründə günahsız yerə həbs edib Sibirə sürgün ediblər. Mən bu sözü deyəndə zalda elə bil işıqlar söndü, hər yan qaranlığa büründü. Bir nəfər yerindən qalxıb mənə yaxınlaşdı və dedi ki, oğlum, icazə ver səni öpüm, sənə qurban olum. O üzümdən, bu üzümdən öpdü, mən onun səsini əmim oğlunun səsinə oxşatdım. Tədbir bitəndən sonra mən onu nə qədər axtardımsa, tapa bilmədim, yoxa çıxdı. Nə deyim, amma orda siz dediyiniz ata söhbəti oldu...

- Deyəsən atanızı ümumiyyətlə görməmisiniz.

- Mən anadan olmamışdan təxminən 10-15 gün əvvəl atamı həbs etmişdilər. O, həbsdən də qayıtmadı, sonrakı taleyi necə oldu, biz bunu heç vaxt bilmədik. Sonradan mən Tiflisə, Daxili İşlər Nazirliyinə bir məktub yazdım. O məktubda yazmışdım ki, bu adamın öldüyü-qaldığı haqqında bizə məlumat verin ki, biz onun sonrakı taleyini bilək. Yadıma gəlir, 50-ci illərin sonunda gəlib bizim evdən atamın şəkillərini aparmışdılar. Niyə aparmışdılar? Bu, çox şübhəli bir məsələydi. Məndə belə bir şübhə yarandı ki, bu adam hələ də sağdır, onun görünməməyi üçün hətta şəkillərini də gəlib apardılar. Sonra mən həmin məktubu yazdım və bizə onun türmədəki şəkillərini yolladılar.

- Abbas bəy, siz “Ulduz” jurnalında baş redaktor olmusunuz. Siz jurnala gələndən sonra nə dəyişdi?

- Asif Atanın yazılarının çapına hər yerdə qadağa qoyulmuşdu. Bu qadağa yuxarıdan olmuşdu, amma mən cəsarət edib onun yazılarını verirdim. “Ulduz” yeganə mətbu orqan idi ki, Asif Atanın yazılarını çap edirdi. Onu ümumiyyətlə, mətbuata yaxın qoymurdular. Asif Ata çox dəyərli bir adam idi, onun yazılarında orijinal fikirlər vardı.

- Gənc yazarlardan bəziləri o nəslin yazarlarını yalançı, icazəli qəhrəmanlıqda günahlandırırlar. Bu fikri sizin “Ulduz”dakı fəaliyyətinizə də aid etmək olar?

- Onu deyənlər qələt edir. 60-cı illər ədəbiyyatımızda xüsusi bir mərhələdir, 60-cı illər poeziyası ədəbiyyata yeni ab-hava gətirdi, azadlıq havası gətirdi. Hansı icazədən söhbət gedir? Ona qalsa, o dövrdən əvvəl də müəyyən icazə var idi, bəs niyə yazıçılar o kolxoz-sovxoz çərçivəsindən çıxa bilmədilər? Məsələn, mənim bəzi şeirlərim senzuradan keçməmişdi, çap etmirdilər. Birini çap edirdilər, o birini etmirdilər. O dövrün özünəməxsus çətinlikləri vardı.

Bizi Mərkəzi Komitədən, “Qlavlit”dən təhdid edirdilər ki, niyə Asif Atanı çap edirsiniz? Axı onun yazılarına qadağa qoyulub, siz bunu bilmirsiniz? Amma buna baxmayaraq mən Asifi çap edirdim. Ümumiyyətlə, mən o jurnalda elə yazılar vermişəm ki, o yazıları çap etməyə heç kimin cəsarəti çatmazdı. Məsələn, hələ Sovetlər Birliyi dağılmamışdan əvvəl “Ulduz”da biz yazı vermişdik, adı beləydi: “28 aprel, Azərbaycanın Milli Matəm günü”. Halbuki hamınız bilirsiniz ki, sovet hökuməti 28 apreldə qurulub.

- Bir tərəfdən deyirsiniz ki, qadağalar vardı, digər tərəfdən sərt yazılar yazdığınızı söyləyirsiniz. Qadağalar vardısa, sərt yazılarınızı senzuradan necə keçirə bilirdiniz?

-“Qlavlit”də Knyaz adlı bir şəxs işləyirdi, qazaxlıydı, yaxşı oğlan idi. Onunla danışığımız olmuşdu, ona demişdim ki, Knyaz, hansısa antisovet ruhlu yazı olanda mən sənə zəng edib deyəcəyəm ki, bunu oxumağa dəyməz. Yəni bunu burax getsin. Belə yazıları Knyaz buraxırdı, əlbəttə, məsuliyyəti öz üzərinə götürürdü.

- Yazdıqlarınıza görə sizə hansı formada təzyiqlər olurdu?

- Əlbəttə. Müxtəlif formalarda təzyiqlər olurdu. Amma biz senzuradan adlamaq üçün sətiraltı mənalarla yazırdıq, hansısa fikri açıq formada demək mümkün deyildi. Dərhal adın “qara siyahı”ya düşəcəkdi ki, sən sovet hökumətinin əleyhinə işləyirsən. Çuğulçuluq edirdilər, donos yazırdılar. Çap olunmaq da çox çətin idi, müxtəlif maneələr vardı. Hər fikrə, hər sözə zərrəbinlə baxırdılar.

Cabir Novruz “Ulduz”un baş redaktoru olanda mən şöbə müdiri idim. Bir gün Cabir Novruz məni çağırdı yanına və dedi ki, səni işdən çıxaracağam, pis yazılar verirsən. Mən də gəldim Mirzə İbrahimovun yanına, Mirzə müəllim o vaxt Yazıçılar Birliyinin sədriydi. Bilirsiniz ki, baş redaktorları o zaman Mərkəzi Komitə təyin edirdi. Mirzə müəllimə dedim ki, bəs Cabir Novruz məni işdən çıxarmaq istəyir. Mirzə müəllim dedi, bala, bir danış görüm nə məsələdir, niyə səni çıxarmaq istəyir? Dedim bir dəfə hansısa məqalədə çərək sözü getmişdi, yəni əsrin çərəyi. Cabir Novruz çağırdı ki, çərək, çərək, nə demək? Mən də dedim əsrin son çərəyi. Bir də yenə hardasa dini-mistik ifadəsi getmişdi, ona görə mənə irad tutdu. Mirzə müəllim güldü, dedi get, başını sal aşağı, işini işlə.

- Tofiq Bayramla da birlikdə işləmisiniz. Onunla münasibətiniz necə idi?

- O, “Ulduz”da poeziya şöbəsinin, mən isə tənqid şöbəsinin müdiri işləyirdik. Onunla çox vaxt fikirlərimiz üst-üstə düşmürdü.

- O, deyəsən sizdən nəsə yazmışdı.

- Bəlkə də yazıb, bilmirəm. Biz ayrı-ayrı otaqlarda otururduq, amma telefon xətti paralel idi, o, bir dəfə mənim haqqımda harasa doğru olmayan məlumat verirdi, mən də təsadüfən eşitdim.

- Hara məlumat verirdi, nə deyirdi?

- İndi bu barədə danışmaq istəmirəm. O da haqq dünyasındadır, yaxşı deyil.

- Siz Yazıçılar Birliyində beynəlxalq əlaqələr şöbəsinin müdirisiniz. Amma bu necə şöbədir ki, bircə kompüteri yoxdu, interneti yoxdur. Bu, ədəbi əlaqələrin qurulması baxımından çətinliklər yaratmır?

- Bilirsiniz, kompüter, internet şöbədə olmalı deyil ki. Yazıçılar Birliyinin kompüteri də, interneti də var. Onu deyənlər mətbuatı oxumurlar? Mən Ukraynanın Maksim Rılski mükafatı laureatıyam. Ukrayna ilə də, Gürcüstanla da, başqa respublikalarla da ədəbi əlaqələrimiz var. Yazıçılar Birliyinin orqanı olan “Ədəbiyyat qəzeti”ni oxusunlar, bizim fəaliyyətimiz o qəzetdə daha aydın görünür.

- Siz bədii tərcümə ilə də müntəzəm məşğul olursunuz.

- Bəli, Ukrayna, rus, gürcü poeziyasından uzun illərdir ki, tərcümələr edirəm.

- Tərcümə ilə bağlı son vaxtlar xeyli iradlar səslənir. İndi tərcümə olunan əsərlərin keyfiyyəti bəzən qənaətbəxş olmur. Siz peşəkar tərcüməçi kimi bu haqda nə düşünürsünüz? Həmin tərcümələri oxuyursunuzmu?

- İndi poeziyanın da, tərcümənin də meyarları itib. Tanımadığım biri gəlir ki, Abbas müəllim, bu il mənim 7 kitabım çıxıb, açırsan kitabını, vərəqləyirsən, içində bircə şeir tapmırsan. Mən 50 ildir yaradıcılıqla məşğulam, kitablarımın sayı hələ indi 7-ə çatır. Bir ildə 7 kitabı necə yazmaq olar? Tərcümələrin də keyfiyyəti çox aşağıdır, dili bilən də, bilməyən də tərcüməylə məşğul olur. Belə olmaz.

- Abbas bəy, siz də ortaq türkcənin tərəfdarlarındansınız. Siz bu prosesi necə görürsünüz?

- Bu haqda böyük bir məqalə yazmışam, hələ çap olunmayıb. Orda mən fikirlərimi yazmışam. Füzuli, Yunus Emre, Qaracaoğlan dövrü bizim dilimiz ortaq türkcə olub. Onların dili ortaq türk dilidir. Vaxtilə Türkiyənin də, Azərbaycanın da dili bir olub. Qaracaoğlan deyir:

Qaracaoğlan der başıma,
Gör nələr gəldi başıma.
Məzarımın başdaşına
Bayquş qonub ötər, getdim.

Bu, bizim dildir, eyni dildir. İstanbul türkcəsi türkcə deyil. Bunu Nəcib Fazil Kısakürək də deyib. İstanbul türkcəsi Avropa türkcəsinin süni təsiri altında olan və Türkiyə türkcəsindən uzaq düşmüş bir dildir. İstanbulda “bağışla” əvəzinə “pardon”, “görüş” əvəzinə “randevü”, “sağ ol” əvəzinə “mersi” deyirlər. Bacıya kız kardeş deyirlər, deyirdim ki, bu kız kardeşdisə, o birisi də oğlan kardeşdir. Deyirdilər əfəndim oğlanın bizdə kötü anlamı var. Deyirdim bəs Qaracaoğlanı ne yapalım? Deyirdilər Abbas bəy, sizinlə dartışmaq olmur. İstanbul türkcəsi saxta türkcədir. Türkiyənin yüzdə yetmişi bacı deyir, amma bunlar kız kardeş deyir. Türkiyənin yetmiş faizi əmi deyir, amma bunlar amca deyirlər. Bizim dilimiz ortaq türkcə olub. Türkiyədəki Dil Qurumu dilləri bir-birindən uzaqlaşdırıb.

- Ortaq türkcə istiqamətində atılan addımlar sizi qane edirmi?

- Türkiyə mətbuatı yazır ki, Abbas Abdullanın dili Türkiyə türkcəsinə də, Azərbaycan türkcəsinə də yaxındır və bizim üçün anlaşıqlıdır. Mən elə öz dilimi ortaq türkcə hesab edirəm.

# 2679 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #