Pulla uşaq hazırlamağa pis baxan müəllimə - HEKAYƏ

<b>Pulla uşaq hazırlamağa pis baxan müəllimə</b> - <span style="color:red;">HEKAYƏ
5 oktyabr 2017
# 11:15

Kulis.az Rəşid Bərgüşadlının “Ümid və güc” adlı hekayəsini təqdim edir.

Sənubər attestasiya sınağından uğurla keçəndən sonra elə bil təzədən haqq qazanmışdı müəllimlik etməyə, indi əvvəlkindən daha şövqlə yapışmışdı sənətindən. Amma yeni tədris ilinin başlamağına az qalmış qəhərli buludlar bəxtinə ağladı. Direktor onu məktəbə çağırıb “qara kağızını” verdi əlinə, – Sənubər xanım, altmış beş yaşınız tamam olduğu üçün təqaüdə çıxmalısınız...

Ora-bura azca çabaladı, ümid verən olmayandan sonra əli yerdən-göydən üzüldü. Məktəb açılanadək birtəhər dözdü, amma çobanyastığı çiçəyi kimi məktəbin həyətini bəzəyən şagirdləri uzaqdan görəndə dünya-aləm başına fırlandı, – “Yox, məktəbsiz bircə həftə də dözmərəm!” – qürurunu ayaqlaya-ayaqlaya təzədən düşdü əl-ayağa ki, bəlkə ona məktəbdə hansısa başqa münasib bir iş verələr. Lap pulsuz dərs deməyə də hazırdır, yetər ki, bir ayağı məktəbdə olsun. “Gecdir, çox gecdir, artıq hər şey həll olunub və məktəbə təyinatla təzə riyaziyyat müəllimi göndəriblər” – bunu eşidəndə küsdü, hər şeydən, hər kəsdən elə küsdü ki, sanki məktəbin həyətində qayğısız qaçışan uşaqlara sarı baxmaq haqqını da əlindən almışdılar.

...Riyaziyyat onun qırx yeddi illik həyatı idi. Hər dəfə ali məktəblərə daxil olub onun halallığını almağa gələn şagirdlərinin üzündəki sevinci, minnətdarlığı görəndə qanad axtarırdı uçmağa. Bu onuncun dünyalara dəyərdi. Evinin qapısı hər zaman şagirdlərinin üzünə taybatay açıq olub – pul-para almağı ağlının ucundan da keçirməyib. Hətta, evdə uşaq hazırlaşdırıb pul qazanan müəllimlərin bu hərəkətini onlara bağışlamazdı, – “Hansı üzlə uşaqların gözlərinin içinə dik baxa bilirlər görəsən”...

Səhər ertə dərsə tələsən keçmiş şagirdlərindən birini hayladı, – Yunis, bala, təzə riyaziyyat müəlliminizin adı nədir?

– Lamiyə müəllimə.

– Qocadı, cavan?

– Cavan qızdır, müəllimə, bu il qurtarıb məktəbi... – bir istədi uşağa desin ki, – “Daha mənə “müəllimə” deməyin, “Sənubər nənə” deyin, dili dönmədi.

– Hə.., ta heç nə, get, dərsə gecikərsən... – evə getmədi, bilirdi ki, direktor həmişə bu vaxtlar gedir məktəbə. Görəndə ki, direktor aralıdan gəlir abrını ətəyinə büküb qabağına yeridi. Tehran müəllimin həmişəki dermantin üzlü qovluğu qoltuğundaydı. – Başına dönüm, Tehran müəllim, lap xadimə də işləməyə razıyam, yetər ki, məni dörd divar arasında ölməkdən qurtar... – bunu deyəndə ölümlərdən ölüm arzuladı özünə. Dərdi-səri bu yaşdan sonra şəhərə sığınmaqdan yaxasını qurtarmaq idi. Əgər iş məsələsi alınmasaydı, daha oğlunun qabağına tullamağa bir bəhanəsi qalmayacaqdı.

– Vallah, mənlik burda bir iş yoxdur, ay Sənubər müəllimə. Yenə də maarifin müdiriylə danışaram. Keçən dəfə dedim, dedi, – “Baxarıq”...

Axıradək “baxarıq”dan başqa bir şey hasil olmadığını, onu xuduru yerə get-gələ saldıqlarını görəndə diligödək qapandı evinə. Hansı ki, hələ attestasiyaqabağı toplantıda rayon təhsil şöbəsinin müdiri Cəfər, – Universitetləri tapşırıqla, pulla bitirib orta məktəblərə səpələnmiş xeyli sayda müəllim var, onları aşkar edib təlim-tədris prosesindən uzaqlaşdırmaqdır məqsədimiz. Savadsız mollalar məscidə darışan kimi, məktəbi də kor günə qoymaq olmaz, millətin kökünə balta çalmaqdı bu! – deyəndə onun sözlərinə haqq qazandırmışdı, qanı qaynamışdı bu cavan adama. “Hər şey mənim başımda çatladı”... – sınaq imtahanında şahidi olduğu eybəcərlikləri xatırladı. Yan-yörədəkilərdən köçürmək üçün əldən-ayaqdan gedən müəllimlərin səviyyəsi stajlı pedaqoq kimi onu şoka salmışdı. Hələ nəzarətçilər imtahan otağına gəlməmişdilər, müxtəlif yaşlardan olan müəllimlərin hərəsi bir avaz çalırdı:

– Bu maaşla nə üzlə müəllimdən savad tələb edirlər, anlamıram!? Niyə öz üzərimdə işləməliyəm axı? Yaşlı adamam, şəkərim var. Şagird dərsə gəlməyə can çəkir, gələndə isə sinifdə dinc durmur, ortada əsəblərimiz gedir. Məktəb şagird üçün də, müəllim üçün də vaxt keçirmək, attestat vermək üçündür. Təqaüdə çıxanadək 5-10 saat dərsimizi deyib maaş almağı da burnumuzdan gətirirlər!..

Qırx ildir müəlliməm, mən oxuyan dövrdə “kombinezon”, “ehtimal”, “faktor”, “limit” kimi riyazi terminlərin heç biri olmayıb. Durub indi bu yaşdan sonra təzə həndəsə-cəbr fənni öyrənəsiyəm? Mən nə bilim “fasilitasiya”, “kurikulum”, “refleksiya” nədir, müasir dərsin mərhələləri hansılardır, ya da motivasiya necə qurulmalıdır, summativ qiymətləndirmə nə məqsədlə aparılır, alt standart nəyi öyrənir!? Belə də çürükçü suallar olar, adamı bu qədər yorub elmdən iyrəndirərlər!? Elə qəliz terminlər axtarıb tapırlar ki, adamın dili də tutmur...

– Hə, vallah, yatıb yuxuda gördüklərini sabah kağızda çap edib “nazirliyin qərarı” adıyla yollayırlar məktəblərə... Səksən faiz müəllim bu sınaqdan “sinifdə qalacaq”, görərsiniz...

– Bizim məktəbin tarix müəllimi var, şagirdə demişdi ki, mənə maraqlı deyil sən hansı qrupa hazırlaşırsan, gəl mənim dərsimə cavab ver. Uşaq az qalmışdı uşaqların gözünün qabağındaca o boyda müəllimin xirtdəyini üzsün. İndi uşağa çırtma vurmaq olar? Kim başqa qrupa hazırlaşan şagirdi sıxışdırar, məcbur eləyər ki, onun dərsini oxusun? Uşaq o yana dursun, valideynlər adamın gözünü çıxardar! Salamatı repetitorluqdur, vəssalam!..

Eşitdiklərinin yarısı ilə razılaşsa da, o, abır-həya hissindən bircə qəlpə də salıb itirməmişdi indiyədək və bu cür dillərdən anlamırdı, bu şəkildə etiraz etməyi bacarmırdı. Əlini əlinin üstünə qoyub imtahan vərəqlərini ağ qaytaran müəllimlərin halına acımışdı, – “Bu ki, 5-11 sinif dərsliklərindən götürülmə suallardır, burda çətin nə var ki...” – dinməzcə imtahan suallarının cavabını yazmışdı. Bircə suala cavab tapa bilməmişdi, o da, məntiqdən çaşdırıcı sual idi.

* * *

...On gün məktəbsiz zülm ayaqladı, adi həyata heç cür alışa bilmirdi. Cümə günü idi. Saat 6-dan oyanmışdı. Həmişə bu gün 9-cu sinfə birinci saat dərsi olardı. Məktəbə gedən yarıyuxulu birincilərə baxdıqca sinəsi körüklənirdi. “Gör nə vaxtdandır ki, bu barmaqlar təbaşir tutmur”... – dünən təzə cövüz təmizləmişdi deyə barmaqları qapqaraydı. Xatırlayırdı ki, neçənci sinfəsə gedəndə eynilə indiki kimi əllərinin qoz qarasını ha yusa da, təmizləyə bilməmişdi, bir həftə əllərini qoynunda gizlətmişdi. “Gör illər quş qanadında necə uçurmuş... Qocalmışam, düz deyirlər... Nolsun ki, qulağım eşidir, gözlərim görür, ağlım başımı girləyir, amma yaşım ki ötüb... Vaxtı çatanda çəkilib qaxılmalısan bir küncdə, geridən gələnlərin əl-ayağına dolaşmamalısan kötük kimi...” – dərhal da fikri haçalanırdı, – “Amma rəhmətlik Əbdül müəllim də qoca idi, amma ölənədək dərsini dedi” – öz ədəbiyyat müəllimini xatırlayırdı.. Müəllimlərin çoxu müharibədən qayıtmadı deyə az-maz başı çıxan adamları o vaxt müəllim işinə götürürdülər. Əbdül müəllimin də şeirdən, ədəbiyyatdan yaxşı başı çıxırdı, – “Heç diplomu-filanı da yox idi, amma onun kimi dərs keçən müəllim bir də özüydü. Ondan sonra gələn ali savadlı Şahbaz müəllim onun dırnağının yarısı qədər də bilmirdi. Hər rüb on üç qəzəl Nizamidən, on üç qəzəl Fizulidən, Nəsimi, Xətainin hərəsindən on qəzəl əzbərlətməsəydi bizdən əl çəkməzdi... – “Yandı canım hicr ilə vəsli-rüxi-yar istərəm. Dərdiməndi-firqətəm, dərmani-didar istərəm”... – gör, hələ də yadımdan çıxmayıb... – Uff.., üzün çönsün, fələk!”...

* * *

Bir qazan yarpaq dolması bişirdi – onun heyva yarpağından hazırladığı dolma kənddə dillər əzbəriydi. Süfrə saldı, şoraba-kompot ehtiyatı görəndən sonra gedib kəsdirdi məktəbin ağzını. Ağlına batmışdı ki, yəqin cavan müəllimə kənd yerində çox qalmaz, – “Uzağı bir-iki il işləyib hamı kimi evlərinə yaxın məktəbə göndəriş alar. Əgər getsə, əvəzinə başqa müəllim göndərməyə imkan vermərəm”. Tənəffüs zəngi vurulanda uşaqlardan birini çağırdı və tapşırdı ki, gedib müəllimlər otağından Lamiyə müəlliməni çağırsın. Çox keçmədi ki, yaşına görə bir qədər uzunboy, gülərüz, suyuşirin qız məktəbin çıxışında göründü. İlk baxışda nəzərə çarpan iri gözəl gözləri idi. Sənubər azca qımışdı, birinci dəfə idi ki, belə yaraşıqlı riyaziyyat müəllimi görürdü.

– Salam, Sənubər müəllimə, xoş gördük. Necəsiniz? Buyurun, eşidirəm sizi... – qızın mehribanlığı Sənubərin dilini-ağzını bağladı, nə üçün gəldiyini də unutdu.

– Ağ gündə ol, qızım. Kəndimizə xoş gəlmisən... – hələ kəkələdi də bir az. – Deyirlər Qəmərgildə qalırsan, qohumundur?

– Yox, qohum deyil, dedilər müvəqqəti orda qalım, sonrasına baxarıq...

– Mən o “baxarığın” nə olduğunu yaxşı bilirəm, qızım... Sənin adına yaxşı dolma bişirmişəm, istəyirəm ki, oturub bir az dərdləşək...

– Allah köməyiniz olsun, Sənubər müəllimə, niyə xəcalət verirsiniz? Zəhmət çəkməyə nə gərək vardı... – qızın dilli-dilavərliyi Sənubərə elə xoş gəlmişdi ki, özünü azca günahkar kimi hiss elədi.

– Dərsin neçədə qurtarır?

– Elə çıxmağa hazırlaşırdım, bu günlük dərsim qalmayıb... – azca duruxdu, – Müəllimlər otağında hamı ağızdolusu sizin necə gözəl müəllim olmağınızdan danışır. Elə bilirəm ki, mənim ucbatımdan işdən çıxarıblar sizi. Yanınızda gözükölgəliyəm, Sənubər müəllimə. Mən çox üzülürəm belə alındığına... – yanaqları həqiqətən qızardı bunu deyəndə.

– O nə sözdür, qızım, dünyanı tutub qalası deyilik ki? Hər işin bir sonu var, mənim də müəllimliyim nə vaxtsa bitməliydi. Di gedək...

– Onda qoyun çantamı götürüm gəlim... – Lamiyə məktəb binasına girənədək onun arxasınca baxdı, – “Allah bərxudar eləsin, şirin, qanacaqlı qızdır, amma buralarda çox qalmaz”...

...Sənubər sevinirdi ki, söhbətləri alınır və girişsiz-filansız birbaşa riyaziyyatın üstünə gəlmişdilər. – Əgər görsən kimsə küçədə öz-özünə danışır, bil ki, o, riyaziyyatçıdır və beynində nəsə misal-tənlik həll eləyir. Bizim bir müəllim vardı, deyirdi ki, normal insandan riyaziyyatçı olmaz, əsl riyaziyyatçı olmaq üçün səndə nəsə çatışmamalıdır. Riyaziyyatla gündəlik məşğul olmadınsa, bildiklərinin kəsəri itir, sənə bircə boş vərdiş qalır – öz-özünə danışmaq. İndi mən də öz-özünə danışan dəli olmaqdan qorxuram... – qıza gözünü açmağa aman vermirdi, gah qatıq tökürdü kasasına, gah da dolmalar azalan kimi çinini təzədən doldururdu, – Səni and verirəm Allaha, çəkinmə, ye, qərib adamsan, elə bil öz evindəsən, mən də sənin nənən... – ümidləri dirçəlirdi, çünki, qız ağzından qaçırmışdı ki, valideynlərilə küsüşdüyü üçün kənd məktəbini onların acığına seçib və hələ üstəlik, bu tərəflərdə istədiyi oğlan da var.

– Kiminiz-kimsəniz yoxdurmu, Sənubər müəllimə? Tək yaşayırsınız? – Lamiyə də isinişmişdi onun saf, səmimi münasibətinə.

– Qadan ürəyimə, mənə bir də “müəllimə” demə, eləcə, “nənə” de, yaxşımı? Qoy qulaqlarım öyrəşsin... Balalarımın, nəvələrimin hamısı yığışıblar Bakıya. Mən şəhərdə yaşaya bilmirəm, qəfəsə salınmış quş kimi hiss edirəm özümü oralarda. Kənd yeridir, təklik hiss eləmirəm burda. Nəvələrim böyüyənədək dədə yurduna qarovul çəkmək mənim üzərimə düşür... Nə işim-gücüm olsa qonum-qonşu dadıma yetir. Şagirdlərimlə bu vaxtacan başımı qatırdım, amma indi onu da əlimdən aldılar, qalmışam qulağıbatmış kimi...

– Bəlkə qəbul imtahanlarına uşaq hazırlamaqla başınızı qatasınız?..

– O cür yollar mənlik deyil, pulla uşaq hazırlamağa pis baxıram. Ən yaxşısı sən belə eləginən, bu gündən Qəmərgildən yığış gəl bizə. Baş-başa verib birlikdə keçinərik. Kirayə pulun da qalar cibində. Mən özüm Qəmərlə danışaram, etiraz eləməz. Bu yaşımacan kənd arvadlarıyla qeybətə-zada qoşulmamışam, bu gündən sonra da qoşulmaram yəqin. Mən ancaq bircə mövzuda qeybət eləməyi bacarıram, – o da riyaziyyat. Bu kənddə riyaziyyatdan anlayan ikinci adam isə sənsən. Etiraz-filan istəmirəm. Elə bil ki, öz nənəni tək-tənha qoymamaqla savab iş görürsən...

* * *

Axşamdan yağan quşbaşı qarın şüşə üzü günəşin altında bərq vurub adamın gözlərini çıxarırdı. Sənubər evin sobasına odun atıb, səhər yeməyini hazırlayıb indi də həyətdə odun yarırdı. Lamiyə artıq səsə oyanmışdı və eşiyə çıxıb onu nəvazişlə seyr edirdi. Odun qalaqlarının həndəvərində – qarın əridiyi qaraltılarda soyuqdan büzüşən sərçələr həvəssiz nəsə dimdikləyirdilər. Adamın ağzından çıxan buğ sazaqlı havada bir saniyəyə yox olurdu. Sənubər, özü demişkən, dilinin altında nəsə danışırdı. O, vələs yarmalarını baltanın ağzına alır, küpünü kötüyə çırpıb odunu rahatca ikiyə bölürdü. Gecəki söhbətləri hələ də qızın beynini məşğul etməkdə idi. Şəhərdən dünən qayıtmışdı və dünən Bakıda Aşura mərasimində baş yaran, sinə yırtan cavanların halından söhbət edə-edə gəlib çıxmışdılar Allahın varlığının riyazi yolla isbatına. Sənubər inikas qanunu çox sadə yollarla ona izah etmişdi: – ...Gördüyün bütün təbiət gözəllikləri mükəmməl bir tablodursa, demək, bunu çəkən qüdrətli rəssam mütləq var. Bu dünya başqa bir dünyanın inikası olduğu kimi, həm də onu çəkən rəssamın xarakterini açır. Sən də bilirsən, inikas, materiyanın ən ümumi xassəsidir, iki obyektin elə qarşılıqlı təsiridir ki, obyektlərdən birində əmələ gələn dəyişiklik o birisində özünü göstərir. O səbəbdəndir ki, etdiyimiz pis və yaxşı əməllər bir gün öz qarşımıza çıxır. Biz necəyiksə, Allah da bizimlə o cürdür – yaxşılığa yaxşılıq, pisliyə qarşı pislik görəcəyik Ondan. Demək, Allah hər şeyi görən və biləndir, onu nə göydə, nə də yerdə axtarmaq lazımdır, o, gördüyümüz hər şeydə və hər yerdədir...

– Və dolayısı ilə, bizdə olan xassələr onda da var... – Lamiyə onun sehrinə düşmüşdü. Artıq ikinci ay idi Sənubərin evinə köçmüşdü və hər gün riyaziyyata aid elə şeylər öyrənirdi, hansı ki, bunları heç universitetdə öyrətmirlər. Bunlar hamısı yaşlı müəllimin şəxsi təcrübəsindən süzülən fərqli biliklər idi.

– Çünki ondan qopan zərrələrik.. – o isə izahatını elə sadə dillə qururdu ki, durub nəsə sual verməyə qulp yeri qoymurdu. – Bax, 1-dən sonra 2 gəlir. Amma sən də bilirsən ki, 1-lə 2-nin arasında 1,01..., 1,001.., 1,0001 kimi sonsuz sayda “mənasız rəqəmlər” də var, düzdürmü? İndi gəl təsəvvür edək ki, 1 – Allah, 2 – bəndədir və bu ikisinin arasında yüz iyirmi dörd min rəqəm var. 1,0001-lər xüsusi dəyərə malik olmadığı kimi Allahla bəndə arasında mövcud olan hər şey də o bir tam on mində birlər ölçüsündədir. “1” və ”2” isə dəyişməzdir. Hə, bax, riyaziyyat da mahiyyətinə görə dəyişməzdir ona görə ki, dəqiq müəyyənləşmiş bilikdir və həm də ona görə müəyyəndir ki, onun teoremləri məntiqi yolla sübut olunandır. Allahın varlığını sübut etməyə gücü çatmayan elm elm deyil, həqiqi elmin dediyini təsdiq etməyən din də din deyil. Gəl indi də təsəvvür edək ki, Allah bütün cisimlər kimi kütləyə, xassəyə malikdir.

– Günaha girmirik ki? – Lamiyə dəcəl-dəcəl gülümsünmüşdü.

– Elm günah tanımır, qızım. Allahın ən birinci əmri elm öyrənməkdir. Elm dediyimiz təkcə Quran deyil. Dünyanın, canlının, əşyaların niyə, necə yarandığını öyrənməkdir əsl elm. Riyaziyyat aşkar şəkildə, sübut yoluyla həqiqətin nə olduğunu ortaya çıxaran, hüdudsuz imkanlara malik dəqiq elmdir. Bunları öyrəndikcə Allahın özünə gedib çıxırıq, çünki, mənbə Odur, elmin başı ordadır. Yoxsa, təkcə namazla, orucla, Quran oxumaqla, duayla Allaha gedilməz ki... Yerin, Ayın çəkisini tapmaq mümkündürsə, Allahın da çəkisini, xassələrini riyazi yolla öyrənmək mümkündür. Allah ən böyük bütövdür və insanlar, dağlar, sular, güllər, Ay, Günəş, Yer, meşələr və ilaxır kimi “1,00001”lərdən təşkil olunmuş qüsursuz varlıqdır... Sən Mendeleyev-Klopeyron tənliyini bilirsənmi?..

– Adını eşitmişəm, məncə, kimyaya aid olan formuldur...

– Daha çox, riyaziyyatın kimyanın köməyinə çatdığı formuldur. Bunu gələcəkdə öyrənərik... Bax bunların hamısını öyrəndikcə qarşında məğlubolunmaz güc qalmaz. Yox, riyaziyyatı öyrənməsən, sevməsən dərslərin özün üçün də, şagirdlərin üçün də əzabdan başqa bir şey olmayacaq... – Sənubər danışdıqca Lamiyə onun simasında əsl müəllim peşəsinin müqəddəsliyini görür, onun kimi olmaq üçün nə qədər uzun yol keçməli olduğunu düşünürdü. Özünün riyaziyyata dair natamam, standart və quru biliklərini Sənubərinkiylə tutuşduranda nə qədər geridə olduğunu anlayırdı, – “Heç inanmazdım ki, ucqar kənd yerində bu cür müəllimlər varmış... Amma yazıq qadının yerinə göz dikməkdə çox səhv eləmişəm. Gərək əmim, – “Qoca arvaddır, kimi-kimsəsi də yoxdur, bir az işlə, sonra iş yerini rayona dəyişərik” deyəndə şirin dilinə uymayaydım, gəlib hər şeyi özüm yerində yoxlayaydım”...

İndi belinə yun şal dolamış, biclikdən anlamayan bu qadına baxdıqca içindəki bir şeylər şüşə kimi çat verirdi. Rayon təhsil şöbəsinin müdiri işləyən əmisi ona bircə şeyi möhkəm-möhkəm tapşırmışdı, – “Qardaşım qızı olduğunu kimsə bilməməlidir! Toyunuz olana qədər də çalışıb yerdəyişmə məsələsini həll edərəm”... – indi susmaqdan başqa çarəsi yox idi. Lamiyənin nişanlısı əmisinin qaynı idi və martda toyları olmalıdır.

Həftənin ilk iş günüydü. Lamiyə təmiz ayazı ciyərlərinə çəkib, – Sabahınız xeyir. Vallah, kənd cənnətdir! Yazıq Bakıda yaşayanların halına... – yarmaları qucağına yığanda Sənubər qoymadı. Lamiyə ha özünü ağır işlərə həvəsli göstərsə də Sənubər ona imkan vermirdi, – Hər gün keçəcəyin dərsi səhərlər təkrar etməyə vərdiş elə, yoxsa, uşaqlar sual verər, qalarsan gözlərini döyə-döyə. Bundan sonra məktəbə ayaq basmasan daha yaxşıdır... – Sənubər dişinə vurub görmüşdü ki, qızın bilikləri bir riyaziyyatçı üçün yetərli səviyyədə deyil, amma öyrənməyə həvəslidir. Bu həvəsin çoxunu da onun özü aşılamışdı. Fərəhlənirdi bundan. Sənubərə bircə şey lazım idi – yetər ki, bundan sonra da nəyəsə yarısın, ondan nəsə soruşsunlar.

Lamiyə yeməyini yeyib, paltarını geyib qapıdan çıxanadək onun yanından əl çəkmədi, üst-başını qaydaya saldı: – Bu gün dərsi necə keçdiyini mənə danışarsan. Tələs, dərsə az qalıb, gecikərsən. Di uğur olsun... – hər gün yenə riyaziyyat dərsi keçəcəkdi deyə çox sevinirdi, – “Həm də riyaziyyat müəlliminə!.. Qoy görsünlər ki, hələ qocalmamışam, ölümü inandıracağam ki, dizlərimi yerə qoymağa hələ çox var”... – əmin idi ki, az qala əlli il ömür qoyduğu, hər gün gördüyü, köhnə divarlarının qoxusuna alışdığı məktəbdən aralı düşən gün öləcək. Lamiyəni çox sevirdi, onunla birlikdə xoşbəxt idi. Ən çox da ona görə ki, bu gün oğluna zəng vurub son qərarını deyəcəkdi, – “Mən daha tək deyiləm” – Lamiyə onu səsli-küylü Bakının yeşik evlərində çürüməkdən vaxtında qurtarmışdı...

16 sentyabr 2017

# 1814 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #