Oğlu istəyir deyə mağazanın kassa aparatını alan ata - HEKAYƏ

Oğlu istəyir deyə mağazanın kassa aparatını alan ata - <span style="color:red;">HEKAYƏ
16 fevral 2017
# 21:00

Kulis.az çağdaş dünya ədəbiyyatının ən məşhur yazıçılarından olan, qısa hekayələri geniş şöhrət qazanmış İsrail yazıçısı Etqar Keretin yeni “Aya və geriyə” adlı hekayəsini təqdim edir.

Mən uşağın doğum gününü bir gün sonra qeyd edirəm. Ya bir gün əvvəl, ya bir gün sonra. Heç vaxt öz tarixinə düşmür. Həmişə eyni zibil təkrarlanır. Niyə? Çünki əlahəzrət hakim qərar verib ki, uşaq həmin günü anası ilə keçirməlidir. Hətta o işdə üzünə gülən hər əclafın altına yatan qancıq və yalançı olsa da… Atanın əhəmiyyəti daha azdır.

Lidorla birlikdə alış-veriş mərkəzinə gedirik. Yox, hədiyyə almayacağıq. Axırıncı dəfə “dyuti-fri”də olanda ona pultla idarə olunan multikopter dron almışdım. Səksən səkkiz dollara – səksən səkkiz! Heç üstündə pult üçün batareya da verməmişdilər. Ona görə biz alış-veriş mərkəzinə batareya almağa gedirik. Ancaq Lidora demişdim ki, sadəcə əyləncəli vaxt keçirəcəyik. Başqa nə deyə bilərdim axı? Atasının hədiyyəsini bir gün gec gətirməyi az deyil, üstəlik içində batareya olub-olmadığını da yoxlamayıb? Əsla.

Qancıq. Dünən ona dedim ki, qoy on dəqiqəlik gəlib şənliyə dəyim. Uşağı öpəcəkdim, telefonumla şamları üfürən yerdə şəklini çəkib gedəcəkdim. Lakin o dərhal təhdidlərə başlayır, məhkəmənin qadağa əmrlərini yada salır, mənimlə danışa-danışa hüquq kargüzarı olan sevgilisinə yazır – onun barmaqlarının taqqıltısını eşidə bilirəm – və deyir ki, əgər məni evinin yaxınlığında görsə, həyatımı cəhənnəmə çevirəcək.

Lidor əvvəlcə dronu uçurtmaq, sonra alış-veriş mərkəzinə getmək istəyir. Amma pultda batareya yoxdur və mən ona bunu demək istəmirəm. Odur ki, ona üçüncü mərtəbədəki Spanc Bob şarları ilə bəzədilmiş böyük qənnadı dükanına gedəcəyimizi, oradakı sarı dişli qadının “Gəlin! Gəlin! Balaca oğlana konfet alın” deyib bizi salamlayacağını və orada ona istədiyi başqa bir hədiyyəni də alacağımı deyirəm.

Lidor deyir, bu, əla fikirdir, amma birinci dron! Ona yalan danışıram, deyirəm ki, alış-veriş mərkəzi tez bağlanır. Bəxtim gətirib ki, o, hələ buna inanacaq qədər balacadır.

Günorta saat üçdür və biz artıq alış-veriş mərkəzindəyik. Uşağın ad günü olduğu üçün işdən yarım günlük icazə almalı olmuşdum. Alış-veriş mərkəzindəki basa-basdan belə başa düşürəm ki, bu ölkədə işləyən yeganə adam mənəm. Ancaq Lidor, şirin balam, həmişə gülür, heç vaxt mızıldamır. Hətta içəri girmək üçün sonsuz növbədə gözləməli olanda da.

O, eskalatorda əylənmək üçün üzüaşağı gedən zolaqla yuxarı çıxmaq istəyir, mən də onun yanındayam. Hər ikimiz üçün yaxşı məşğələ oldu. Aşağı sürüklənməmək üçün mümkün qədər sürətli qaçmalısan və yanı üstə yıxılmamaq üçün daima ayıq-sayıq olmalısan. Həyat kimi. Üzüaşağı gələn qozbel qadın bizimlə mübahisə etməyə çalışdı, deyirdi ki, niyə hamı kimi ənənəvi yolla getmirik. Bir ayağı qəbirdə olan adamı narahat edən məsələ elə bu idi? Ona cavab vermədim.

Biz üçüncü mərtəbədəki qənnadı dükanına çatanda gördük ki, sarı dişli satıcı qadın orada yoxdur, əvəzində yun çubuğu kimi arıq, üzü sızanaqlı yeniyetmə ilə qarşılaşdıq. Lidora “İstədiyini seç. Ancaq cəmi bir şey. Oldu? Fərqi yoxdur, seçdiyin şeyin milyon şekel qiyməti olsa belə, ata onu sənə alacaq. Söz verirəm. Lidor nə istəyir?” dedim.

Uşaq həyəcanlandı, o, dərmanların arasına düşmüş narkoman kimi dükanda dövrə vurur, rəflərə baxır, bəzi şeylər seçir, qərar verməyə çalışırdı. Mən isə fürsətdən istifadə edib AAA batareyaları almaq istədim. Lakin pulları gözünün qabağında yelləsəm də, üzü sızanaqlı oğlan məni heç vecinə almadı. “Nə gözləyirik?” soruşdum.

“Uşağın seçim etməyini”, dedi və ağzına saqqız atdı. “Aldığınız hər şeyi birlikdə hesablayacam”, – mən söz deməyə macal tapmamış, o, telefonu ilə oynamağa başladı.

“Ayrı-ayrı hesabla, a kişi” batareyaları dronun yanına dürtüştürərək israr edirəm. “Uşaq gəlməmiş. Bu, sürprizdir”. Üzü sızanaqlı oğlan onları götürdü. Kassanın qapağı cingilti ilə açıldı. Onun xırda kağız pulu yox idi, ona görə ovcumu qəpiklərlə doldurdu.

Bu vaxt Lidor gəldi. “Nə alırsan, ata?”

“Heç nə” dedim. “Elə-belə saqqız”.

“Hardadır?” Lidor soruşur.

“Uddum”.

“Axı saqqız udmaq olmaz” deyir. “Mədənə yapışar”.

Üzü sızanaqlı oğlan key-key hırıldadı.

“Sən hədiyyə istəyirsən, ya yox?” mövzunu dəyişdim. “Tez elə, bir şey seç”.

“Onu istəyirəm” Lidor kassa aparatını göstərirdi. “Beləcə, Yanir və Liri ilə satıcılıq oynaya bilərik”.

“Onlar kassa aparatını satmırlar” dedim. “Başqa şey seç”.

“Mən kassa aparatını istəyirəm”. Lidor acığa düşmüşdü. “Ata, sən söz vermisən”.

“Mən dedim ki, satışda olan bir şey seç”.

“Sən yalançısan!” Lidor qışqırdı və ayağıma gücünün çatdığı qədər möhkəm bir təpik ilişdirdi. “Anam düz deyir. Sənin elə boş-boş danışmağın var”.

Onun təpiyi məni incitdi, məni nəsə incidəndə çox əsəbiləşirəm. Ancaq bu gün özümü ələ almalı idim. Çünki oğlumu dünyadakı hər şeydən çox sevirəm və bu gün xüsusi gündür, onun doğum günüdür. Daha doğrusu onun ad günündən sonrakı gündür. Qancıq.

“Kassa aparatı üçün nə qədər istəyirsiniz?” Üzü sızanaqlıdan bacardığım qədər təmkinlə soruşdum.

“Elə bil altı yaşlı uşaqsınız” ağzını büzüb güldü. “Bilirsiniz ki, bu satılıq deyil”. Altı yaşlı deyir, elə bil, Lidor debil zaddı. İndi başa düşürəm ki, bu sümsük məni tələyə salıb. Tərəfimi seçməliydim – ya onunla idim, ya da Lidorla.

“Min şekel, dedim və əlimi uzatdım. “Razılaşırıq və mən aşağı düşüb bankomatdan pul çəkib qayıdıram”.

“Bu mənim deyil”, deyir, nəm-nüm eləyir. “Mən burda adi işçiyəm”.

“Bəs kimindi?” soruşuram. “Sarı dişli qadının?”

“Bəli”, deyib başını yelləyir. “Tirzanın”.

“Ona zəng elə”. Deyirəm. “Ver mən danışım. O, min şekelə təzə, daha yaxşı kassa aparatı ala bilər”.

Lidor mənə superqəhrəman kimi baxırdı. Uşağının sənə bu gözlə baxmasından daha möhtəşəm bir şey ola bilməz. Bu, Taylandda tətildən də yaxşıdır. Minet elətdirməkdən də yaxşıdır. “Gözləyirəm, zəng elə” – dedim və onu bir balaca itələdim. Hirsli olduğum üçün yox, uşağa maraqlı olsun deyə.

O, nömrəni yığdı və bizdən uzaqlaşıb pıçıltı ilə danışmağa başladı. Onun arxasında gəzməyə başladım. Lidor da bizi izləyirdi. O, xoşbəxt görünürdü. Onsuz da onu anasından götürəndə sevinmişdi, indi isə lap uçurdu.

“O, yox deyir”, – üzü sızanaqlı oğlan çiyinlərini elə çəkdi ki, elə bil, dediyi Allah kəlamı idi.

“Telefonu mənə ver”, əlimi atdım.

“O, dedi ki, mağazalar kassa aparatlarını satmır”, dedi. Telefonu əlindən qapdım. Bu hərəkət Lidoru güldürdü. Atası Lidoru güldürdü.

“Əvvəlcə çimdik hiss edəcəksən, sonra yeri göynəyəcək”.

“Tirza”, dedim. “Salam, danışam Qabidi, köhnə müştərin. Adımı xatırlamasan da, üzümü görən kimi tanıyacaqsan. Qulaq as, sənə işim tutub. Min şekelə təkcə təzə kassa almayacaqsan, həm də mən istədiyin vaxt qulluğunda hazır olacam”.

“Bəs sənin verdiyin minliyi hansı cəhənnəmdə hesaba yazacağıq?”

Tirzə xəttin o biri ucundan soruşdu. Səs-küylü yerdə idi, onu güclə eşidirdim.

“Buna ehtiyac yoxdur ki”, dedim, “Elə danışırsan, elə bil, mən vergilərdən gəlmişəm. Durduğun yerdə min şekel qazanacaqsan. Yaxşı da, nə deyirsən?”

“Telefonu ona ver” tələsik dedi.

“Yeniyetməyə?” soruşdum.

“Hə” dedi Tirza, hirslənməyə başlamışdı.” Telefonu ver”.

Telefonu üzü sızanaqlıya verdim. O, Tirza ilə bir dəqiqə danışdı və telefonu qapadı. “O, yox deyir” dedi. “Bağışlayın”.

Lidor əlimdən tutdu. “Kassa aparatı”, ciddiyyətlə dedi. “Söz vermisən”.

“İki min”, Üzü sızanaqlı oğlana dedim. “Ona bir də zəng elə və de ki, iki min verirəm, mini indi, qalanı sabah.”

“Axı…” Üzü sızanaqlı etiraz etmək istədi.

“Bir dəfəyə mindən artıq ödəyə bilmərəm”, sözünü kəsdim. “O birini minliyi sabah səhər gətirəcəm. Narahat olmayın, sürücülük vəsiqəmi sizdə girov qoyaram”.

“O, mənə dedi ki, bir də zəng eləməyim” oğlan dedi. “O, atasına yas saxlayır. İstəmir ki, kimsə onu belə vaxtda narahat eləsin”.

“Başınız sağ olsun”, deyib qolumu çiyninə atıram. “Bu barədə düşün. İki min çoxlu puldu. Əgər bu qədər pul təklif elədiyimi və yox dediyini bilsə, səni paralayar. Özündən böyüyə qulaq as, belə xırda şeyə görə başına iş açmağa dəyməz”,

Kassa yeşiyinin aşağısından basdım, qapağı açıldı. Bunu ordudan sonra Burger Rançda işləyəndə öyrənmişdim. “Pulu götür”, deyirəm, lakin o tərpənmir. Odur ki, onun əvəzinə pulları yığıram, cinsinin qabaq cibinə doldururam.

“Mağazalar kassa aparatını satmır” deyir.

“Başqalarından bizə nə” deyirəm. “İnan mənə, bu yaxşı razılaşmadır. Məni gözlə, beş dəqiqəyə min şekel ilə qayıdıram, cibindəki pulları tək qalmağa qoymarıq”.

O, cavab verməmiş Lidorun əlindən tutub bankomatdan pul çıxarmağa gedirəm. Bəzən bankomatla problem yaşayıram, ancaq bu gün o, müqavimət göstərmədən minliyi iki yüz şekellərlə əlimə saydı.

Biz qayıdanda tərli, şişman, bığlı oğlan bizim üzü sızanaqlı ilə danışırdı. Onu tanıyırdım, qonşuluqdakı dondurulmuş yoqurt dükanının sahibiydi. Üzü sızanaqlı oğlan gəldiyimizi görəndə əli ilə məni işarət etdi. Ona göz vurdum və min şekeli piştaxtaya qoydum. “Budur”, dedim. Üzü sızanaqlı tərpənmədi. “Yaxşı da, götür! Cəld ol!” pulları götürüb onun cibinə soxmağa çalışdım.

“Ondan əl çək”, gonbul oğlan dedi. “Uşaqdan nə istəyirsən?”

“Olmaz”, dedim. “Oğluma söz vermişəm. Bu gün onun doğum günüdür”.

“Mübarəkdi”, gonbul oğlan Lidorun üzünə baxmadan saçlarını qarışdırdı. “Dondurma istəyirsən, dostum? Məndən hədiyyə – bir qab qaymaqlı və şokolad siroplu, üstü jele ayıcıqlı dondurma”.

Danışdığı müddətdə balaca gözlərini mənə dikmişdi.

“Mən kassa aparatını istəyirəm”, Lidor bunu deyib ondan uzaqlaşdı və mənə sığındı. “Atam söz verib”.

“Kassa aparatı nəyinə gərəkdir?” Gonbul oğlan sual verir, amma cavabını gözləmir. “Bizdə də biri var, vergidən gələn adamlar bizi onu işlətməyə məcbur edir. Əslində heç bir işə yaramır. Ancaq səs-küyü var. Bəlkə atan səni ikinci mərtəbədəki kompüter mağazasına aparıb əvəzində Xbox alsın. İki min şekelə sən Kinectli filanlı yaxşı bir şey ala bilərsən”.

Heç nə demədim. İdeya xoşuma gəlmişdi. Beləcə nə burda, nə də sonra uşağı qaytaranda Liliya ilə problem yaşayacaqdım. Çünki Liliya kassa aparatını görən kimi şüvən salacaq.

“Nə deyirsən? Gonbul oğlan Lidordan soruşdu. “Xbox ən yaxşısıdır. Yarışlar, qovğalar, nə istəsən”.

“Kassaa aparatı”, Lidor dizimi daha bərk qucaqladı.

“Gör necə mələk kimi uşaqdır”, deyib pulu gonbul oğlanın əlinə sıxışdırmağa çalışdım. “Ad günündə onu sevindirməyə kömək edin”.

Bu, mənim dükanım deyil”, Gonbul oğlan etiraz etdi. “Mən heç burda işləmirəm. Sadəcə kömək eləməyə çalışırdım…”

“Ancaq eləmirsən” ona elə yaxınlaşdım ki, üzüm üzünə dəyirdi.

“Dükanıma qayıtmalıyam” gonbul oğlan çiyin çəkim üzü sızanaqlıya, “Nəsə olsa, polisə zəng elə” deyib getdi. Əsl qəhrəman.

Min şekeli piştaxtanın üstünə qoydum, kassanı elektrikdən ayırdım, naqilləri yığmağa başladım, Lidor bunu görəndə əl çaldı.

“Polisə zəng edirəm”, Üzü sızanaqlı bunu deyib nömrəni yığmağa başladı. Telefonu yenidən əlindən aldım.

“Axı niyə?” dedim. “Bu gün onun ad günüdür. Hamı xoşbəxtdir, bunu pozma”. Üzü sızanaqlı əlimdəki telefonuna baxdı, sonra mənə baxdı və mağazadan qaçdı. Üzü sızanaqlı oğlanın telefonunu piştaxtaya qoydum, kassanı götürdüm və dedim: “Burdan tez getməliyik”, səsim şən idi, elə bil, oyun oynayırdıq. “Evə qayıdacayıq və sən anana hədiyyəni göstərəcəksən”.

“Yox”, Lidor ayaqlarını yerə dirəmişdi. “Birinci dronumuzu uçurdaq, sonra evə gedək. Söz vermisən”,

“Bəli, “dedim nəzakətlə. “Ancaq kassa ağırdır. Ata həm onu daşıyıb, həm də dron uçurda bilməz. İndi kassa, sabah məktəbdən sonra isə parkda dron uçurtmaq”.

Lidor bir dəqiqə fikrə getdi. “İndi dron”, dedi, “Sabah kassa”. Elə bu vaxt üzü sızanaqlı bir mühafizəçi ilə içəri girdi.

“Siz neyləyirsiz?” mühafizəçi üstümə gəldi. Bu qısa boylu, saç-saqqallı oğlan mühafizəçidən çox pincer cinsi itə oxşayırdı.

“Heç nə” Ona göz vurub kassa aparatını yerinə qoyuram. “Sadəcə oğlumu güldürməyə çalışıram. Bu gün onun ad günüdür.

“Ad günün mübarək, balaca” mühafizəçi Lidora müraciət edir.

“Çoxlu-çoxlu xoşbəxtlik arzu edirəm. Ancaq indi atanla birlikdə getməlisən.”

“Hə”, Lidor deyir. “Biz indi gedib vertolyon uçurtmalıyıq”.

Lidorla parkda multikopter dronla oynadıq. Broşürdə deyilirdi ki, o, qırx metr hündürlüyə qalxa bilir. Ancaq on beş metrdən sonra, dron pultdan siqnal ala bilmir, propeller dayanır və o yerə düşürdü. Bu, Lidorun xoşuna gəlmişdi.

“Lidor dünyada hamıdan çox kimi sevir? Soruşdum və Lidor cavab verdi. “ATANI!”

“Bəs Lidor atanı nə qədər sevir?” multikopter dron onun ətrafında dövrə vuranda soruşdum və o qışqırdı “Dünyalar qədər!”

“Göylər qədər” qışqırdım, “Aya və geriyə olan yol qədər!”

Telefonum cibimdə titrəməyə başladı, ancaq fikir vermədim. Yəqin Liliyadır. Başımızın üstündəki dron getdikcə kiçilirdi. Bir saniyə sonra o gözümüzdən itəcək və yerə düşəcəkdi. Onda ikimiz də otluğun üstü ilə qaçıb onu tutmağa çalışacağıq. Sonra Lidor məni yenidən oynamağa həvəsləndirəcək və ətrafa o öldürücü gülüşünü yayacaq. Bu, iylənmiş dünyada uşaq gülüşünün səsindən gözəl heç nə yoxdur.

Oktyabr 3, 2016

Nyu Yorker

İngiliscədən çevirdi: İlahə Əkbər

sim-sim.az

# 1174 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #