İsa İsmayılzadə: “Şeirlərimə görə təhqir olunurdum” - TARİX

İsa İsmayılzadə: “Şeirlərimə görə təhqir olunurdum” - <span style="color:red;">TARİX
15 mart 2016
# 13:06

Kulis mərhum şair İsa İsmayılzadənin “Siz kimsiniz?” adlı yazısını təqdim edir.

“Sizin dünyaya gəlişinizlə bağlı söhbətlər, hadisələr, izahlar?” Nə deyim, vallah... Mənə elə gəlir ki, dünyaya gəlişimlə bağlı hər şeyi Tanrı özü yazıb – nə vaxt gəlməliyəm, necə gəlməliyəm, kim, nəçi olmalıyam – bunların hamısı böyük Yaradanın iradəsilə bağlıdır, biz biçarə bəndələr onun işinə qarışa bilmərik. Bu, mənim inamımdır, əqidəmdir, heç kəs məni bu inamdan, əqidədən döndərə bilməz; bu, Günün doğması, səhərin açılması, axşamın düşməsi kimi bir şeydir...

Pasporta inansaq, 1941-ci il martın 15-də anadan olmuşam, ona görə “pasporta inansaq” deyirəm ki, rəhmətlik anam, yazda yox, “qorabişirən ayında”, yəni iyulda dünyaya göz açdığımı söyləyirdi. İndi hər dəfə martın 15-i gələndə uşaqlarım, ömür-gün yoldaşım əl-ayağa düşürlər, mənim ad günümü qeyd eləmək istəyirlər, mənsə, saymazyana-saymazyana gülümsünürəm, düşünürəm: “Görəsən, bunlar kimin ad gününü bayram eləmək istəyirlər?”

Gürcüstanın (əslində, Azərbaycanın – çünki tarixdən bəllidir ki, İran şahı Nadirin “qəzəbi”, şıltaqlığı üzündən bütöv Borçalı qəzası Gəncə quberniyasından alınıb Tiflis quberniyasına verilib – 1976-cı ildə) Aran Borçalısı sayılan Qarayazıda doğulmuşam. Atam Mustafa da, anam Ayna da (hər ikisi dünyasını dəyişib) “anadangəlmə” kolxozçu olublar; əslində, hər ikisi varlı-hallı nəsildən olub. Atam tərəfi Bozoğlanlı, anam tərəfi – Qanabdullalı nəslindən... Sovetlər gəlib hər şeyi əllərindən alıb. İndi də Sarvanın (Marneuli rayonunun) İkinci Kosalı və Lejvəddinli kəndlərində bizim nəsli yaxşı tanıyırlar. XX yüzilliyin əvvəllərində düşmənçilik üstündə ordan Qarayazıya köçüblər.

Atam – son dərəcə sərt, düzlük, halallıq əsiri olub. Uzun müddət kolxozda briqadir işləsə də, həmişə kasıb olub. Həmişə, mən gözümü açandan, özümü tanıyandan “qara damda” yaşamışıq, evimiz həmişə damıb. Atam evə bir tikə də olsa haram çörək gətirməyib. Balalarını da ömrü boyu halallığa alışdırıb. Sən deyən savadı da yox idi, amma, Kirili öyrənmişdi, briqadir olan vaxtı bütün naryadları səliqə-sahmanla özü yazardı. Dini savadı olub, “Qurani–Kərim”dən ayələr oxuyardı, təkcə qohum-əqrəbasının yas yerlərində dua verərdi, öz evimizdə yasin oxuyardı. Hətta, yadımdadır, duaların, Quranın köməyilə, surələr oxumaqla bizim xırda-para xəstəliyimizi, yara-xoralarımızı aradan qaldırardı.

Məndə qeyri-adiliyin ilk əlamətləri olubmu, nə vaxt üzə çıxıb o əlamətlər? Düzü, bu suala cavab verməyə çətinlik çəkirəm. Bircə o yadımda qalıb ki, mən, başıma nə gəlsə – lap balacalıqdan – anama demişəm. Anam da yumşaq, həlim adam olub, bir dəfə də olsun, mənim, ya da qardaşlarımın, bacılarımın, gəlinlərinin xətrinə dəyməyib (biz beş qardaş, üç bacı olmuşuq, bacılarımdan biri Şahlıq – 4-5 yaşında dünyasını dəyişib, qalanları indi də Qarayazıda yaşayırlar).

“Bu dünyanın, yəni ömrün bir qurtaracağı var, insan nə vaxtsa ölür, sən də, mən də – hamımız öləcəyik”... Beş-altı yaşında olarkən, bu amansız sözləri eşitdiyim gün, çölə tut yeməyə getdiyimiz o amansız gün indi də yadımdadı; ilk dəfə eşitdiyim bu sözlərin ağırlığı altında, ayağımı cırmalayıb sulanmış biçənəkdən keçə-keçə, gözlərim yaşara-yaşara evə necə qayıtdığımı bəlkə də anbaan xatırlayıram. Evə çatan kimi anama ilk sözüm bu oldu: “Anacan, mən bir də gələcəyəmmi bu dünyaya?” İndiki tələsməyim, vaxt qıtlığından gecə-gündüz uşaq kimi gileylənməyim də sanki o gündən başlayıb. Mənə elə gəlir ki, nəinki günlər, hətta aylar da gödəlib.

İndi də hərdən o gün gözümün qabağına gəlir və hər dəfə də elə bilirəm ki, yox, mən mütləq bu dünyaya bir də qayıdacağam. Sonralar, lap sonralar belə bir şeir də yazmışdım: “Gözləyin dünyaya qayıtmağım var”:

Bu dünyaya bir də qayıtmağım var,

Qəbrimin üstündə bitən gülləri.

Uyumuş, soyumuş torpağı, daşı

Ölüm sükutundan oyatmağım var.

Bilmirəm çiçəklə, bilmirəm otla,

Bilmirəm ağacla, yoxsa buludla,

Dağları yerindən oynadıb gələn

Dəli qışqırıqla, yoxsa sükutla –

deyə bilmirəm...

Hə, bu dünyaya bir də qayıdacağıma həmişə inanmışam, ona görə də günlərin bir günündə qapımı döyəcək ölümü, məncə, çox sakitcə qarşılayacağam. Bilmirəm necə, nə vaxt, bəlkə də yüz ildən, min ildən, milyon ildən sonra qayıdacağam, amma bu gidi dünyaya mütləq qayıdacağam...

Beləcə, bir işıqlı ümidlə yaşayırsan və bu işıqlı ümidin səni sonsuzluğa qovuşduracağına inana-inana, insanı sənin gözündən sala biləcək hər cür xırdalığın, cılızlığın, zəhlətökənliyin üstündən keçməyə özünü hazırlamalı olursan...

Mən bütün bu hissləri 1985-ci ildə “Yazıçı” nəşriyyatında buraxılmış “Anamla söhbət” kitabına yazdığım ön sözdə ifadə eləmişəm – o zaman, “Şairin kitabxanası” seriyasından çap olunan belə kitablara müəlliflər ön söz yazardılar...

Müharibə illərində, ondan sonrakı illərdə o qədər sıxılıb qalmışam və o sıxıntı adamın ruhuna elə hopub ki, elə bil, yenə yerlə göy arasında, alçaq tavanlı evlərdə olan kimi sıxılırsan, havan çatışmır, o illərin bir qisim şeirlərindəki “boynubüküklük” də ordan gəlir.

Ağlım kəsəndən ömrüm boyu yaddaşımdan gileylənmişəm (bu yaddaşla orta məktəbdə on bir il əla qiymətlərlə oxumağım indi də özümə qəribə gəlir), amma duyğu yaddaşım çox möhkəmdir, məni tərpədən bir hiss, bir duyğu əbədi, silinməz iz kimi ömürlük sinirlərimə hopur. Odur ki, bəzən bir şeiri illərlə fikrimdə-xəyalımda dolandıra-dolandıra 7-8 ilə yazıb qurtarıram, bəzən də bir gecəyə iki-üç şeir, poemadan böyük bir parça yazıram.

Bütün bunlar mənim taleyimin mənə verdiyi “qeyri-adiliklərdir...”

Məncə, bütün zərurətlər təsadüfdən doğur; mənim ədəbiyyata, şeirə gəlməyimi təsadüfi saymaq olarmı – bilmirəm. Bircə onu bilirəm ki, orta məktəbdə oxuyarkən, ədəbiyyat müəllimimin təkidi ilə, 1956-cı ildə ilk şeirimi yazmışam. Məktəbimizdə məzunlarla görüş keçirilməli idi; ədəbiyyat müəllimim dedi ki, sən mütləq bir şeir yazıb o görüşdə oxumalısan. Onda doqquzuncu sinifdə idim, boyum da yaman balaca idi. Mən şeiri yazdım. Kətilin üstünə çıxıb oxuyası oldum. Sonra o şeir rayon qəzetində – “Stalinçi” qəzetində dərc edildi. Ondan qabaq, 8-ci sinifdə oxuyanda ilk cızma-qaramı eləmişdim. Bax, mənə elə gəlir ki, o cızma-qara olmasaydı, heç vaxt şeir yazmayacaqdım. Niyə? Orta məktəbdə rəqabət hissi güclü olur. Mənim xəttim qəşəng idi, divar qəzetinin redaktoru idim. Bir gün “rəqibim” bir şeir verdi mənə – öz şeirini, divar qəzetində çap elədik. Dedim: “Mənə nə olub, niyə o yazsın, mən yazmayım?” Ertəsi gün dediyim cızma-qaranı yazdım... Mən öz “rəqibimə” (indi o, alimdir – Bakı Texniki Universitetinin təcrübəli müəllimidir – İmdad Tağıyevi deyirəm) minnətdaram...

Sonrakı ürəklənib bir neçə şeir də yazdım. Bakıya, şair Məmməd İbrahimə (Məmməd Araz) göndərdim. Aldığım cavabdakı bir fikir məni möhkəm silkələdi: hər şeydə şeir var – dağda, düzdə, üfüqdə, buludda, yağışda... Uzun bir məktub idi, sonuna çatanda heyrətləndim: mənim şeirlərimdən bir kəlmə də yazılmamışdı. Ürəyimdə şairdən küsdüm, dedim, yəqin heç oxumayıb. Sonralar hər şey aydın oldu – şair həssaslığının nə demək olduğunu anladım...

Düz otuz dörd ildən sonra həmin şair – Məmməd Araz mənim Azərbaycan Dövlət Nəşriyyatında buraxılan (1991) “Seçilmiş əsərləri”mə (50 yaşım münasibətilə çap olunmuşdu) ön söz yazası oldu. Yazı-pozularıma yüksək qiymət verdi. Qəribə təsadüfdür, elə deyilmi?

Mənə elə gəlir ki, vəhy dediyimiz – ilhamdı; gecənin hansı vədəsindəsə bir fikir məni yuxudan oyadır, rahatlıq vermir, ikicə-üçcə misraya çevrilib kağıza köçürülməyincə yaxamdan əl çəkmir. İlhamsız-vəhysiz yazdıqlarım – məncə könülsüz yazdıqlarımdı, o yazılar mənim ürəyimi yerindən oynatmırsa, kimi silkələyə bilər – heç kimi... Daha çox günün hansı vaxtında şeir yazdığımı deyə bilmərəm; amma bir onu bilirəm ki, gecələri çox xoşlayıram. Mən gecələrə şeirlərimin birində “şair gecə” deyirəm. Gecələr sirlə, anlaşılmaz hisslərlə-duyğularla doludur, elə bu özü şeir deyilmi?

Bircə yaradıcılıq evlərində gündüz işləmişəm, qalan vaxtlarda hamı yatandan sonra, əl-ayaq çəkiləndən sonra, dünya ilə, yazı masası ilə, özümlə üz-üzə dayanandan sonra yazmağa başlayıram. Yazmayanda hər şeyi özümə haram bilirəm – onda mənim üzümü görmə, onda qaş-qabağım yerlə gedir, onda dünya məndən ötrü boş, mənasız görünür.

Yuxarıda mən bir “təsadüf” üzündən şeirə qurşandığımı dedim. Bir böyük şairin qayğıkeşliyindən danışmasam, günaha bataram. Rəsul Rzanı deyirəm, 1963-64-cü illərdə Qarayazıda sıxıntı içində idim; universitetin filologiya fakültəsini bitirib “Sovet Gürcüstanı” qəzetində ştatsız müxbir işləyirdim, bir də vaxtilə bitirdiyim Qarayazı Azərbaycan orta məktəbində əvəzlə ədəbiyyat dərsi deyirdim. Ədəbi mühitdən – Bakıdan uzaq düşmüşdüm, abunə yazıldığım “Azərbaycan” jurnalının, “Ədəbiyyat və İncəsənət” qəzetinin yolunu hər gün həsrətlə gözləyirdim. O zaman beş-altı şeirim çıxmışdı mərkəzi mətbuatda. Anarla radioda bir yerdə işlədiyimiz zaman şeirləri oxumuşdu, bir neçəsini atasına – Rəsul Rrazaya vermişdi, sonra məni onunla tanış eləmişdi, mənim, eləcə də, bir neçə şairin (Fikrət Qocanın, Fikrət Sadığın, Vaqif Səmədoğlunun, Ələkbər Salahzadənin, Əlisa Nicatın...) şeirlərini tərifləmişdi. Mən Bakıya can atırdım, evdən buraxmırdılar. Elə o zaman, 1964-cü ilin yazında Rəsul Rzadan bir məktub aldım, daha doğrusu, cavab məktubu aldım (vəziyyətimlə bağlı ona yazmışdım). O, məni Bakıya dəvət eləyirdi. Kim bilir o məktub gəlməsəydi... Aspiranturada oxumaq bəhanəsilə birtəhər anamgilin razılığını alıb Bakıya yola düşdüm. Rəsul Rza məni öz maşınında radio komitəsinə apardı, işə düzəltdi... Mənim ömürlük mənəvi dayağım oldu, bizi – ədəbiyyatın “ögey oğullarını” hər cür təhqirdən, sıxma-boğmadan qorudu...

Bir xeyirxahımı da yada salmaq istəyirəm – dostum Əkrəm Əylislini. Onunla 1958-ci ildə universitetin yataqxanasında qalarkən tanış oldum. Sonra o, Moskvaya, oxumağa getdi. Məktublaşırdıq. Ona təzə şeirlərimi göndərdim. Hərdən xoş sözlər də yazırdı. Bir dəfə Əkrəmin məktubunda gözlənilmədən bir sözə rast gəldim: “Sən şairsən”... Onda mənim 20-21 yaşım ancaq olardı. Sevinsəm də, “şair” sözündən yaman qorxurdum...

...Ömrün elə adi günləri var ki, sonralar, nədənsə, sənin beyninə həmişəlik həkk olunur. 1961-ci il, 19 iyul... həmin gün “Azərbaycan gəncləri” qəzetində ilk şeirim “Poçt qutusu” çap olunub. Sonralar fikirləşirdim: “Mənim ədəbiyyatda ilk sevincim poçt qutusu ilə gəlib”. Amma... sevincli günlərimi barmaqla saymaq olar: həmişə, elə ilk şeir silsilələrimdən tənqid olunmuşam. Hətta təhqir də eləyiblər. Süleyman Rüstəm satirik şeirlərindən birində “bu sərçə şairləri, gölməçə şairləri” deyəndə mənim 1964-cü ildə “Azərbaycan” jurnalının 9-cu nömrəsində dərc olunmuş “Yağış gölməçəsi” şeirimə daş atırdı. O silsilə bir il mətbuatda geniş dedi-qoduya səbəb oldu. Axırda Rəsul Rza “Ədəbiyyat və İncəsənət” qəzetində “Qayğı sözü və qayğı özü” adlı böyük bir məqalə ilə çıxış elədi, az sonra onun “İnvestisiya” qəzetində “Хорошие и разные” (“Yaxşı və fərqli”) adlı iri yazısı çıxdı. O zamanlar az-çox təzə söz demək istəyənləri “xunveybinçilər” (Çində vulqar “mədəni inqilab” bayraqdarları) adlandırırdılar.

İlk kitabım 1968-ci ildə “Gənclik” nəşriyyatında “Ulduzların ad günü” adı altında çıxdı. Əkrəm Əylisli orda baş redaktor işləməsəydi, Rəsul Rza kimi mənəvi dayağımız olmasaydı, nə mənim, nə də Ələkbərin, nə Vaqif Səmədoğlunun, nə də Ramiz Rövşənin kitabları işıq üzü görə bilərdi. Əkrəm “qlavlitdən” keçsin deyə bir fənd işlətmişdi: ön sözdə kitabımı əməlli-başlı tənqid eləmişdi...

Daha nələri xatırlamalıyam? Hə, yaxşı yadıma düşdü. Tək-tək şeirlərimi qəribə tarixçəsi var. Məsələn, “1941”... Qabilin təkidilə (o zaman Qabil müəllim “Ədəbiyyat və İncəsənət” qəzetində şeir şöbəsinin müdiri idi) o şeirə ayrı-ayrı variantlarda yeddi sonluq yazmışdım. Şeirin taleyi uğurlu oldu: alman, ingilis, fransız, polyak, bolqar, həmçinin keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edildi, hətta məşhur alman şairi Valter Şeller (ADR – o zaman) o şeirlərin təsirilə “İsa İsmayılzadə” başlığı altında bir şeir yazıb mənə göndərdi...

Bir də yadımdadır ki, universitetin auditoriyalarında bizə dərs deyən Bəxtiyar Vahabzadə elə mühazirə vaxtı şeirlərimizi oxudub müzakirəyə qoyardı. Onda ikinci kursda oxuyurduq... Dedim ki, mən dünyaya gözümü o torpaqda – Aran Borçalısında – Qarayazıda açmışam: bütün arzularım, ideyalarım Bakı ilə bağlı olsa da, ata yurdunun – ayağım altındakı o torpağın doğmalığını bütün varlığımla duymuşam. Heç özümün də xəbəri olmadan şeirlərimdə nə qədər “Qarayazı” sözü işlətmişəm – neyləyim ki, ömrüm boyu bu söz üstündə köklənmişəm. Bir də, özümdən xəbərsiz “uzaq”, “qatar” sözlərini çox işlətmişəm. Elə bunlar da əslində, obrazlı dillə desək, Qarayazı sözünün kölgələridir – məndən, yəni Bakıdan uzaqda olan,. on səkkiz yaşımdan bu yana “Bakı-Tbilisi” qatar ilə bağlandığım yerin söz kölgələri...

Hərdən sözün-şeirin sıxıntısından, “qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün” ağrısından ürəyim sızıldayır: dünyada hər şeyin məndən ötrü qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itkin sözlərin dalınca düşmək, doğma, əziz bir adam kimi o sözə sığınmaq, o sözün boynunu oxşamaq istəyirəm; “hər şeir ömrümü uzadır bir gün, amma... ikicə gün alır ömrümdən” – demək istəyirəm.

Ümid ilğımları çıxar qarşıma,

Gözlərim nə qədər allanıb-yetər,

Küsmək də yaraşmır mənim yaşıma,

Susmaq da... nə bilim, ölümdən betər...

30-35 ildə yazdıqlarım bir yana, üç böyük “şah əsərim” də var – iki oğlum (Araz, Mustafa), bir qızım (Nərgiz)...

Hərdən şeir gecələrində qəribə suallar verirlər: “Yazmaqla nəyə nail olubsunuz? Peşman deyilsiniz ki?” Məqsəd güdmək, nəyəsə nail olmaq ehtirası ilə yaşamaq – yazı-pozu adamına yaraşmaz. Ədəbiyyat qədər amansız bir qüvvə təsəvvür eləyə bilmirəm; hamıya meydan verir, fürsət verir, yaxına buraxır, sonra... elə zərbə vurur ki, gedib düşürsən quyunun dibinə. Söhbət bədii sözə – müqəddəs sözə sədaqətdən gedir. Burda saxtakarlıq eləsən, özünü aldatmış olarsan. Bədii sözə xəyanət – özünə xəyanət deməkdir. Hər oxuyan Molla Pənah olmadığı kimi, hər şeir yazan da şair deyil. Otuz, qırx, əlli kitabın çıxa bilər, amma şair kimi bir misran da yadda qalmaya bilər. Şairlik fəxri adlarla, titullarla, orden-medallarla ölçülsəydi, böyük günah olardı...

...Uşaqlıqda oyuncağım olmasa da (“Mənim oyuncağım olmayıb heç vaxt” adlı şeirim də var), şeirlərimin, balalarımın başına dolanmışam; nə uşaqlarımın, nə də şeirlərimin qarşısında gözükölgəli olmamağa çalışmışam, balıq kimi sürüşkən zamana yarınanlara, “uca-uca” kürsülərə qalxmaqdan ötrü dəridən-qabıqdan çıxanlara, saray, şan-şöhrət şairliyinə nifrət eləmişəm. Mənə elə gəlir ki, bu yolu tutanlara nə zamansa Allah özü, Söz özü qənim olacaq. Kim bilmir ki, şairlər Allaha ən yaxın adamlardır, onların sözə xəyanəti əqidəsi yolunda soyulan Nəsimiyə, elə Allaha xəyanət kimi bir şeydir.

Mənim oyuncağım olmadığı kimi əyləncəm də olmayıb. “Boş vaxt” anlayışı məndən ötrü yoxdur: ömrüm boyu vaxt azlığından gileylənmişəm, “gileylənmişəm” demək azdır – haray çəkmişəm. Vaxtın əlində hamımız acizik: vaxt uşaq kimi qabağına qatıb səni qova bilmirsə, xoşbəxt adamsan.

İndi Zaman bizim suyumuzu sıxıb çıxarır: torpağı şaqqalanmış, yurd-yuvası viran qalmış bir xalqın, düşmən tapdağı altında inləyən bir məmləkətin, faciələrimizi görmək istəməyən kor dünyanın, harayımızı, qışqırığımızı eşitmək istəməyən kar dünyanın şairi olmaq mənim aləmimdə ən böyük bir məşəqqətdir. Hünərin var, bu məşəqqət içində nəfəs al, görüm, necə nəfəs alırsan, yaz görüm necə yazırsan.

Hərdən, qayğılardan canımı qurtarım deyə, nəfəsimi dərim deyə, şahmat oynayıram; onda da elə bil, özüm özümlə oynayıram; məkrli, min bir maskalı, hikkəli zamanla oynayıram. Bu oyunda kimi uda, kim uduza – Allah bilir...

İsa İSMAYILZADƏ

Fevral, 1996

# 3382 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #