Ədəbiyyat üzrə Nobel Mükafatının Fransa yazıçısı Patrik Modianoya verilməsinə Azərbaycandan reaksiyalar.
Şair Qismət:
“Desəm ki, Patrik Modianonu dərindən izləmişəm, yalan olar, hansısa romanını alıb oxumamışam, ancaq bu gün araşdırdım ki, onun türkcə dörd romanı çap olunub. Əsərlərinin mövzularına diqqət verərkən, daha çox İkinci Dünya Müharibəsi dövrünün Fransası haqda yazdığını öyrəndim.
O, yaddaş, keçmişlə bağlı axtarışlara üstünlük verir, həmçinin əsərləri həcmcə kiçik və yığcamdır, bu və digər cəhətlərinə görə onu postmodern müəllif hesab etmək olar.
Ədəbiyyat üzrə Nobel Mükafatının münsiflərindən biri bu günlərdə verdiyi açıqlamasında, Qərb ədəbiyyatını tənqid etmişdi, mən gözləyirdim ki, Nobel ya suriyalı şair Adonisə, ya nigeriyalı yazıçıya, ya da yapon yazarı Murakamiyə veriləcək. Qəribədir ki, mükafat yenə də avropalı müəllifə verildi.
Əslində Nobel Komitəsinin münsifinin o fikrini xeyli haqlı hesab edirəm, son dövrlər Amerikada çoxlu ədəbiyyat kursları yaradılıb ki, bu kurslarda parlaq ədəbi istedadı olmayan adamlara müəyyən yazı texnikaları öyrədilir və nəticədə çoxlu ucuz bestsellerlər yaranıb çoxalır, beləliklə həqiqi ədəbiyyat kənarda qlaır, bunlarsa ədəbiyyatın ümumi nüfuzunu aşağı salır.
Bundan əlavə Umberto Eko, Filip Rot, Milan Kundera kimi nəhəng yazıçılar da illərdir Nobel mükafatına namizəd olurlar, bu adamlar ədəbi fikirləri, məqalələri, kitabları ilə ədəbiyyata xeyli təsir etmiş adamlardırlar. Ancaq onlar hər dəfə kənarda qalırlar.”
Tənqidçi və tərcüməçi Seyfəddin Hüseynli:
“Patrik Modianonun adını indiyə kimi səthi eşitmişəm, oxu siyahımda onun adı olmayıb. Bildiyim qədəriylə memuar tipli romanlar yazır. Onun “İtirilmiş gəncliyin kafesi” romanı nisbətən tanınmışdır və ədəbi araşdırmalar zamanı təsadüfən qarşıma çıxıb. Onun azərbaycanca heç bir kitabı çıxmasa da, rusca bir neçə kitabı var. Tərcümə sahəsinin adamı olaraq mən də onun əsərlərini çevirməklə məşğul olmaq istərdim.
Patrik Modianonun Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülməsi onu göstərdi ki, son dövr oxucuların nəsrə tələbi daha yüksəkdir, indi demək olar şeirlə nəsr arasındakı sərhəd itməkdədir, şeir özünü nəsrə yaxınlaşdırmaqdadır.
Həmçinin nəsr dövrün çağırışlarını, insan yaddaşının tarixlə hesablaşmasını daha yaxşı əks elətdirə bilir. Bu baxımdan nəsrin imkanları daha yüksəkdir.
Nobel Komitəsi bu dəfə də daha çox Şərqdən əsərlər gözləyirdi, çünki indi dünyanın qaynar nöqtələri Şərqdədir, ədəbiyyatdakı indiki ənənələri ancaq Şərq yazarları dəyişdirə bilər deyə düşünülür.
Patrik Modianonun əsərləri bu gün Qərb oxucusu üçün cəlbedicidir. O daha çox İkinci Dünya Müharibəsi dövrü, Paris şəhərinin keçmişi haqda xatirələr qələmə alır. Burdan görünür ki, qərb oxucusu daha həyati, daha qaynar mövzularda əsərlər oxumağa üstünlük verir.”
Yazıçı Natiq Rəsulzadə:
“Patrik Modianonun adına təqribən 20-25 il öncə sovet ədəbiyyat dərgilərində rast gəlmişəm. Bildiyim qədəriylə onun əsərləri rus dilinə çox az tərcümə olunub, amma türkcəyə daha çox çevrilib.
Məncə, heç azərbaycancaya da onun hər hansı əsəri tərcümə olunmayıb. Son otuz ildə demək olar ki, dünyada şeir daha az mükafatlara layiq görülür, halbuki 30 il öncə şeir üzrə Nobel mükafatı alanların sayı, nəsr üzrə bu mükafata layiq görülənlər ilə az qala bərabər idi: Pablo Neruda, Brodski və b.
Elə Nobel mükafatı alan Boris Pasternakın şeirlərini götürün, onun şeirləri, nəsr əsərlərindən daha güclüdür. Mənə elə gəlir, dövrümüzdə nəsrin belə yüksəlişinin iki başlıca səbəbi var.
Birincisi, indiki dövr insan hisslərinə, duyğularına, yaşamına daha az yer verir, ona görə indiki dövrün nəsri daha praktikidir, reallığı daha soyuqqanlı əks etdirməyə çalışır, indi həyat otuz il öncəyə nisbətən daha sürətli cərəyan edir, şeir bu sürətə uyğunlaşa bilmir, nəsrsə uyğunlaşır.
İkincisi, indi bütün dünyada, eləcə də bizdə yazılan romanları oxuyursan, elə bilirsən ssenari yazıblar. Hamı istəyir, elə bir şey yazsın ki, sonra bu yazdığı kinoya çevrilə bilsin, çünki kino sahəsində böyük pullar var. Düşünürəm ki, Nobel Komitəsi də bu cür kriteriyaları nəzərə alır.
Oxuzali.az