[b]Qardaşımı bu xəcalətdən qurtardım[/b] - BİRCƏNİN ROMANI

[b]Qardaşımı bu xəcalətdən qurtardım[/b] - BİRCƏNİN ROMANI
6 oktyabr 2017
# 11:09

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Səməndərin vədiylə yanaşı, mənim sevimli payızımın müjdəçisi sentyabrın gəlişi də əhvalıma yaxşı təsir göstərmişdi. Evlərə-otaqlara, həyət-bacaya pəhləvan meydanına baxırmış kimi bir xeyli baxandan sonra Cavidi arabasına oturdub qaynımın uşaqlarına verdim. Çırmanıb düşdüm evin canına, nə düşdüm! Bir günüm otaqlara getdi, bir günüm də pal-paltarı yuyub qaynadıb nişastalayıb durulamağa. Gecə Cavidi yatırandan sonra səhərə qədər çimir çalmayıb xeyli yemək, şirniyyat bişirdim. Səməndər söz vermişdi, sabah gəlib məni aparmalıydı. Bircə həftəlik də olsa, bu evdən çıxmalıydım. Bir də axı Cavid dünyaya gələndən bəri xəstəxanadan savayı bir yerə, heç atamgilə də getməmişdim.

Səməndər həmişəki kimi sözünə xilaf çıxmadı, dediyi vaxtda qapıdan girdi. Eminlə qaynanam bu səfər də kürək-kürəyə verib silahlarını bizə tuşladılar, qardaşımgilə getməyimin qəti əleyhinə çıxdılar – ogünkü davadan sonra səksəkəli qalmışdılar, qorxurdular biryolluq gedərəm. Səməndər şirin diliylə onları arxayın salmağa çalışdı:

- Ay balam, ürəyinizi buz kimi saxlayın, bircə həftəlik aparıram. Həm havasını dəyişsin, həm də qızlar saçının bit-birəsini təmizləsinlər.

Mən özümə bir-iki dəyişək, Cavidinsə nə paltarı var, hamısını götürmüşdüm. Emin getmək fikrindən dönməyəcəyimi qırımımdan anlayıb məni yanladı:

- Bu da xəstəxanadakı deyil, qardaşına qoşulub getsən, uşağı aparmayacaqsan.

Mən onun dediyinə məhəl qoymadım. İnanmırdım uşağı məndən ala - alsaydı kim baxacaqdı Cavidə? Di gəl, Emin geri durmurdu, getdikcə haray-mərəkə evi-eşiyi başına götürürdü. Səməndər söz-söhbətin böyüdüyünü görüb vəziyyəti qaynatama anlatdı. Qaynatam otağından çıxıb meydana girdi:

- Dovşan istəyirsə getsin, amma həftə tamam olanda balamı burda gözləyəcəm.

Emin etiraz eləmək istəyəndə qaynatam onun ağzından vurdu:

- Xoruzlanma, qoy getsinlər!

Sonra kişi qaynanama sarı çevrildi:

- Sənin qızını qapıdan qovuruq, bacadan girir. Nədi, səninki baladı, camaatınkı yer göbələyi? Mırıldanma, buraxın uşağı getsin!

Mən ilan ağzından çıxmış qurbağa kimi uşağımı sinəmə basıb Səməndərin maşınına doğru qaçdım. Qaynanam nə dedisə Emin arxamca yüyürdü:

- Qızılları bəri ver.

- Hansı qızılları?

- Özünü tülkülüyə vurma, sənə alınan qızılları deyirəm.

Mən tez qulağımdakı sırğaları açıb Eminin ovcuna basdım.

- Bəs qalanları?

- Qalanları otağımızdakı sandığın içində.

Emin sırğaları ovcunda sıxıb:

- Nə vaxt qayıdarsan, onda taxarsan, - dedi.

Mən onun yumulu əlinə baxıb kinayəli-kinayəli güldüm. Mənə verilmiş bir sini qızıldan tək bu sırğaları taxırdım, onu da ərim əlimdən aldı. Hərçənd qulaqlarımdan, şeyx Nizami demiş, qulluq halqalarını açandan sonra xeyli yüngülləşmişdim. Ürəyim sərçə ürəyi kimi çırpınırdı, istəyirdim Səməndər qanadlı arabasını tez işə salsın, məni bu qaranlıq dünyadan ildırım sürətiylə uzaqlaşdırsın. Eminə etibarım yoxuydu, qorxurdum bir bəhanəylə bizi maşından düşürə.

Maşın yerindən tərpənəndə içimə sərin su ələndi. Tək bircə yol qanrılıb geri boylandım, Eminin qan daman baxışlarına acı bir teatral gülüşlə cavab verdim. Cavidi bərk-bərk bağrıma basdım, tam əmin idim ki, bu, mənim ər evindən son gedişimdi. Sinirlərim, damarlarım, əzələlərim boşalıb tənbəl-tənbəl içimə yayıldı, şəbəkədən ayrılmış soyuducu kimi canımın buzu əridi, başımda ilıq yellər əsdi. İşgəncədən qurtulmuşdum!

Mən belə saymaqdaydım, fələk də öz saydığını sayırdı. O günün o saatında, o dəqiqəsində fələyin sayğacına bircə yol göz yetirə bilsəydim, taleyimin cızdığı plandan xəbər tutsaydım, heç o evdən çıxmağa cəhd eləməzdim, oturub dinməz-söyləməz sonumu gözləyərdim...

***

O bir həftəni demək olar ki, başımı yerdən götürmədim. Səməndərin arvadı, qızları növbəylə Cavidə baxdılar, mən də yedim-yatdım. Arabir məni güc-bəlayla yerimdən qaldırıb saçlarıma bolluca nöyüt yaxırdılar, ancaq heç bu prosesin də sonunu gözləməyə taqətim çatmırdı, elə başımdan nöyüt axa-axa yenə kəlləmi atıb yatırdım. Başımın arxasında, saçlarımın arasında o qədər sirkə vardı, baxan deyərdi başıma gəc suvanıb. Əgər saçlarımın arası tam təmizlənməsəydi, o sirkələr öldürülməsəydi, az müddətdən sonra hərəsi bir bitə çevriləcəkdi.

Hər axşam süfrə başında Səməndərdən soruşurdum:

- Məni ora qaytarmayacaqsan, eləmi?

- Hələ bir dincəl, baxarıq. Mənim evim də, eşiyim də sənə qurbandı, nə qədər istəyirsən qal.

Elə bilirdim mən qardaşımgildə uzun müddət qalsam, hər şey öz-özünə bitəcək, Emin məndən rahatlıqla əl çəkəcək.

Cavid gün-gündən yaxşılaşırdı, böyüyürdü, qəşəngləşirdi. Daha özü sərbəst oturub-dura bilirdi, məni yüz adamın arasından seçib ayırırdı. Deyirlər cənnət anaların ayağı altında olur, mənsə elə bilirdim cənnət mənim balamın körpəcə qədəmlərini basdığı, ilk izlərini saldığı yerlərdi. Artıq mənim bütün həyatım, varlığım, xəyallarım, arzularım Cavidin ayaqları altındakı o səltənətə köçmüşdü. İndi məni ən çox qorxudan o cənnətə kiminsə əl uzatmağı, dil uzatmağı, o pak səltənətə kiminsə bir ləkə salmağıydı.

Di gəl, bu xoşbəxtlikdən də doyunca həzz ala bilmirdim. Emin qəlbimə şübhə toxumu səpmişdi, inanmışdım ki, məndə özümün bilmədiyim nəsə bir sağalmaz, yoluxucu xəstəlik var, özü də bu xəstəlik məni tezliklə öldürəcək, balam əllərdə qalacaq. Üstəlik də, Cavidin şirinliyini gözüm dolusu dadmaq qismətim olmayacaq, onun böyüyüb boya-başa çatdığını, necə bir oğlan olduğunu görməyəcəm. Getdikcə bu şübhələr xərçəng kimi kök atıb bütün canıma yayılırdı, oyaq olanda xəyalımı, yatanda yuxumu qarışdırırdı.

Axşamların birində özümə təpər verib Səməndərdən soruşdum:

- Sənə bir sualım var, amma sən nənəmizin goru, mənə doğru cavab ver.

Səməndər ciddiləşib təəccüblə üzümə baxdı:

- O nə vacib məsələdi elə?.. Nə istəyirsən soruş, əgər cavabını bilirəmsə, söz verirəm, düzünü deyəcəm.

- Məndə nəsə bir sağalmaz, ölümcül xəstəlik var?

Səməndərin gözləri kəlləsinə çıxdı:

- Ay qız, dəlisən, sənin nəyin var! Kim salıb ağlına bunu?! Burnundan qan açılmağını deyirsənsə, o bizim nəsildə irsidi, bunda qorxulu bir şey yoxdu.

Mən ər evimdəki sonuncu davamız əsnasında Eminin üzümə oxuduğu əzrayıl qətnaməsini sözbəsöz ona çatdırdım. Kaş deməyəydim, bu neçə gündə mənim çəkdiyim əzablar, keçirdiyim gərginlik bir göz qırpımında Səməndərin üzündən-gözündən dalğa-dalğa axıb keçdi. Ancaq ildırımötürən qardaşım bu müxənnət zərbədən tez büdrədisə də, tez də toxtadı, özünü toplayıb mənə ürək-dirək verməyə keçdi:

- Deyir deyir də, ürəyinə salma, hirsindən deyir. Mən də arvadımla savaşanda ona can demirəm. Ver qulağının ardına bunları, boş söhbətlərdi...

***

Həftənin tamamında Emin Səməndərin qapısını kəsdirdi. Mən ağlayırdım, qışqırırdım, ər evinə qayıtmaq istəmirdim. İşi belə görəndə Emin Cavidi qucağına alıb dedi:

- Gəlmirsən gəlmə, sənə yalvaran deyiləm, amma mənim uşağım qapılarda böyüməyəcək!

Mübahisə böyüyüb davaya keçdi. Binəva Səməndər yenə ikimizin arasında qaldı. Mənim gözümü qan örtmüşdü, ağlıma gəlməzdi ki, məni uşağımla imtahana çəkərlər. Cavid hələ atasını o qədər də tanıyıb ayırd eləyə bilmirdi. Emin uşağı götürüb getmək istədikcə Cavid ağlaya-ağlaya özünü onun qucağından mənim üstümə atırdı.

Axırda Səməndər Eminə bərk-bərk söz verib, onu çox çətinliklə tək getməyə razı sala bildi:

- Sabah özüm aparacam bunları, arxayın ol. Mən gətirmişəm, mən də qaytaracam.

Bundan sonra Emin uşağı üstümə atıb:

- Ağlını başına yığ, - dedi, - uşağı da götür qayıt evə. Elə eləmə ki, uşağını əlindən alım, səni də dəlixanaya saldırım.

O gün Emin mənim yenicə qurmağa başladığım səltənəti qəddarcasına işğal elədi, o səltənətin altını üstünə çevirdi, xəyallarıma ucaltdığım heykəlcikləri yıxıb uçurdu, kağız sərhədlərimə od vurdu. Cavidi sinəmə sıxıb hönkür-hönkür ağlayırdım. Elə quyuya düşmüşdüm ki, çıxmağa bircə yolu vardı. Nə qədər düşünsəm də, xəyalımda belə ayrı yol, ayrı cığır tapa bilmirdim. Bu ömrə, bu taleyə bircə qapı qoyulmuşdu: mən girov uşağın anası kimi yenidən öz cəhənnəmimə – ər evinə dönməliydim.

Həmin gün bacı-qardaş bir-birimizin üzünə çıxa bilmədik, süfrə arxasında həmişəki kimi qarşı-qarşıya oturub göz-gözə baxa bilmədik. İkimiz də acizliyimizdən, əlacsızlığımızdan utanırdıq.

O gecə ilk dəfə Cavidin də burnundan qan açıldı. Öz halımı unutdum, uşağın burnunun qanamağı məni əməlli-başlı vəlvələyə saldı; düşündüm yəqin bu nə xəstəlikdisə məndən uşağa da keçdi. Səhər açılar-açılmaz özüm Səməndərə yalvardım:

- Bizi qaytar o xarabaya, bir də dalımızca gəlmə.

Elə bil qardaşımın çiynindən ağır bir şələ götürüldü. Bilirdim ki, Səməndər mənə “yığış get evinə” deməyə utanır. Ona görə də bütün gecəni düşünüb-daşınandan sonra mən özüm əziz, yanımcıl qardaşımı bu xəcalətdən qurtardım.

Yolboyu Səməndər mənə öyüd-nəsihət verirdi, ancaq mən onu dinləyəsi halda deyildim. Mənim xəyallarım, arzularım cırıq torbaya dönmüşdü, ora nə yığırdımsa hamısı yırtıqlardan axıb tökülürdü. Təbiətin payızı hələ indi-indi gəlməkdəydi, mənimsə gəncliyimə çoxdan lopa-lopa qar yağmışdı, ömrümün yolları buz bağlamışdı.

Yol getdikcə yeniyetmə vaxtımda gördüyüm, nənəmin də mənə amanatladığı o yuxum yadıma düşürdü. Sənə danışmışdım o yuxunu, Dostum: görmüşdüm ki, qucağımda bir dəstə qızılgül iki çayın arasıyla üzüyuxarı gedirəm; ağlaya-ağlaya güllərin ləçəklərini yolub çay aşağı axıdıram; əlimdə-ovcumda bircə dənə qızılgül qalır, onu yolub atmağa qıymıram... Nənəmə danışanda nənəm damağındakı uzundirsək qəlyandan bir qullab alıb tüstünün içindən mənə belə demişdi: “Bu yuxunu yadında saxla!”

İndi bilmirdim əlimdəki bu bircə gülü, gül ləçəyini necə qoruyum ki, ömrümün-günümün soyuğu-sazağı onu soldurmasın. Bunları düşünə-düşünə içimin şaxtasından təbiətin güzdəyinə, taleyimin fırtınasına öz ayağımla qayıdırdım...

ardı var

# 2116 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #