Hələbə atom bombası atsalar... – Alpay Azərdən YENİ HEKAYƏ

Hələbə atom bombası atsalar... – <span style="color:red;">Alpay Azərdən YENİ HEKAYƏ
25 iyul 2017
# 17:45

Kulis.az yazıçı Alpay Azərin “Bubu və müharibə” hekayəsini təqdim edir.

Neçə günüydü hər axşam evdə yaş yarımlıq oğlum Bubuyla (Abdullah) oynayırdım. Oyuncaq avtomat Kalaşnikovu götürüb gizlincə keçirdim yataq otağına, işığı yandırıb çarpayının yanında döşəməyə uzanıb başlayırdım “atəş açmağa”. Bubu o biri otaqdan səs eşitcək, qaça-qaça yataq otağına gəlib qapının ağzında dayanırdı, məni görmürdü deyə, çarpayıya tərəf getməyə qorxurdu. Sağ böyrüm üstə uzanıb hərəkətsiz çarpayının altından oğlumun balaca ayaqlarına baxırdım, sakitcə nəfəs alırdım ki, məni axtarıb tapmasın. Dayanıb, mızıldanıb otaqdan çıxırdı. Dəhlizin o başına çatanda, başlayırdım “atəş açmağa”, yenə ayı balası kimi yanlarını basa-basa özünü yetirirdi, bu dəfə ağlamsınırdı, yəni, bəsdi də əsəblərimlə oynadın, görsən görək. Üçüncü dəfə Bubu hikkəsindən qiyyə çəkəndə, o biri otaqda yoldaşımla bir yerdə seriala baxan anam mənə səslənmişdi:

- Ay yekə uşaq! Niyə ona əziyyət verirsən? Bütün günü biz baxırıq uşağa, atasısan, indi bir az da zəhmət çək, sən nazını çək də, noolar?

Başa düşmüşdüm ki, hər ikisi rahat seriala baxmaq istəyir, uşaqsa gedib onların yanında ağlamaqla mane olurdu. Nəhayət, ayağa qalxıb hərəkətsizlikdən keyimiş əl-qolumu hərəkətə gətirib “atəş açmışdım”, Bubu gəlib əlimdəki oyuncaq avtomatı görən kimi cummuşdu üstümə...

“İlk atəş” açılan gündən eyni şeyi təkrar edir: “Güllələr açıldıqca”, avtomatın lüləsi titrəyir, ucundakı qırmızı lampa yanıb-sönür (uşaqlarçün güllələrin imitasiyası) və Abdullah balaca, toppuş əlləriylə tez avtomatın ucundan tutur. Bilmirəm, işığın yanıb-sönməsindən, toxunma zamanı vibrasiyadan, “güllə” səslərindən, yoxsa elə bunların hamısından eyni vaxtda ləzzət alır. Qısası, bir həftədi bu oyun evdə təkrar olunur. Onun avtomatın ucundan tutarkən, qəşş edib gülə-gülə sevinməyindən kefim açılır.

Hərdən o biri babasıgilə aparıram, bir həftə orda qalır. İkicə gün zəng eləməsəm, anası feysdə inboksa yazır ki, uşaq yaman sənin xiffətini çəkir. Soruşuram: “Xiffətini necə bildirir ki? ))))”. Beş dəqiqədən sonra cavab gəlir: “İnanmırsan heç dünəndən inanma”. Cavabı gec yazmağını özünü güclə “İnanmırsan cəhənnəmə inan” yazmaqdan saxlamağına yozuram.

Axşam səkkizdə qaynatamgilə zəng edirəm, yoldaşım götürür telefonu, bir-iki sual verirəm. Necə yatır uşaq? Təzə dişi çıxmır ki? (Hər təzə dişi çıxanda uşaq zülüm-zülüm ağlayır). Suallara cavab verəndən sonra deyir: “Bilir ki, sənnən danışıram, bayaqdan əl çəkmir ki, ver telefonu. Atası, danış bununla”. Anası telefonu uşağa verən kimi, dizimin üstündəki Kalaşnikovdan başlayıram “atəş açmağa”. Pah, elə bil dünyanı verirlər Bubuya, qışqır-bağır-həyəcan, səsi götürür aləmi. “Oğlun telefon əlində o yan-bu yana qaçır, özünə yer tapmır,” – bunu yoldaşım bəkrdən deyir ki, eşidim. Sonra qaynanamın səsini eşidirəm. “İki gündü günorta dayanır qapının ağzında deyir, ata dəl, dəl, dəl”. Bu dəfə inanıram: uşaq doğrudan xiffətimi çəkirmiş. Qərara gəlirəm ki, sabah işdən sonra gedib onları evə gətirim.

Qaynatamgilə çatmağa on dəqiqə qalmış avtobusda yoldaşıma zəng vurub deyirəm ki, artıq çatıram sizə, qapını açıq qoyarsız, iki dəfə taqqıldadıb içəri keçəcəm, Bubu olsun gözümün qabağında, telefona çəkəcəm. Bu, bir növ, hər dəfə onlara gedəndə, oğlumla olan ənənəvi görüş mərasimidi. Dəmir qapını taqqıldadıram, içəridə vurnuxma səsi eşidirəm, bilirlər ki, mənəm, telefon sol əlimdə video rejimindədi, qapını açıb içəri keçirəm. Tək dəhlizdə dayanıb, məni görən kimi həmişəki konserti verir. Əvvəlcə sevindiyindən qışqıra-qışqıra mənə tərəf qaçır, çatana yaxın qəfil geri dönüb qaçır televizor olan otağa, dayanır, yenə həyəcanla götürülür mənə tərəf, bir addımlıqda qəfil sola çönüb mətbəxə cumur, gözdən itir. Sonra gəlib məndən sağa, yataq otağına qaçır, yoldaşımın, qaynatamın, qaynanamın böyük otaqdan gülmək səslərini eşidirəm. Beləcə, Bubuyla görüşümü hər dəfə telefona çəkirəm, hardasa bu cür dörd-beş videofaylım var, o birilərini telefondan noutbuka atmışam. Nəhayət, bu dəfə oğlumun məni görəndə ora-bura qaçmasının sirrini çözürəm. Bubu sadəcə, babasıgildə mənimlə hər görüşdə sevincinin mümkün qədər bol olmasını, uzun çəkməyini istəyir deyə qucağıma atılmır. Sanki körpə ağlıyla anlayır ki, qucağıma atılsa, sevinci tez bitəcək. Əslində, o cür də olur, – hər dəfə iki-üç dəqiqə ora-bura qaçandan sonra axırda çıxıb oturur dizlərimin üstündə, məni məcbur edir ki, telefonda olan videofaylları bir-bir açım, əsas da özünün olduğu fayllara təkrar-təkrar baxmaq istəyir...

Ertəsi gün axşam yeməyindən sonra feysbukomaniyam yenə tutub, statuslar, şərhlər oxumaq həvəsindəyəm. Hüquqşünas Fərhad Mehdiyevin statusunu oxuyuram: “Allah bu suriyalı uşağa zülm edənlərin cəzasını versin”. Altında isə videolink paylaşıb. Tıklayıram, Hələb şəhərində Su-24 bombardmançı təyyarəsinin dağıtdığı binanın beton daşlarından birinin altında hardasa üç yaşlı oğlan uşağının başı qalıb. Görünür, beton başını tam əzməyib, yerə sıxıb deyə, uşaq hələ də nəfəs alır, toza bulaşmış qarnı tez-tez qalxıb-enir, çox güman can verir. Beton parçasını isə çətin ki, dörd-beş adam qaldıra bilə, xilasedicilərsə hələ gəlib çıxmayıb. Videolinkin bitməsinə iki dəqiqə qalıb, uşaq hələ də tez-tez nəfəs alır. Tüklərim biz-biz olub, elə bilirəm, son saniyələrdə suriyalı uşağın nəfəsinin kəsilməsi kadrlarını görəcəm. Bunu görmək istəmirəm, eyni zamanda hansısa sehrli bir qüvvə qolumdan tutub qoymur feysbukdan çıxım, gözüm ekrandadı. Elə bu vaxt Bubu özünü yetirir, dürtülür qucağıma, hıqqına-hıqqına mənə “Oynaq topum” mahnısını sifariş verir. Gəlməyi ilə də sehrli qüvvəni qovur, tez feysbukdan çıxıram. Yutuba girib həmin mahnını tapıram, Bubu həvəslə qulaq asır, mənimsə fikrim başı betonun altında qalan uşağın yanındadı. “Görən, o uşaq ölür axırda? Fərhadın statusu pessimist ruhdadı, çox güman, uşaq axırda ölür”. Artıq neçə müddətdir, həftədə iki-üç dəfə hökumət qüvvələri Hələb və o biri şəhərlərə təyyarələrdən fosfor, kaset bombaları atır və hər dəfə də uşaqlar ölür. Şüuraltı arzu edirəm ki, bundan sonra Suriyada bombalar atılanda mərmilər bir andaca öz işini görsün: uşaqlar da, böyüklər də can vermədən ağrısız-əzabsız bir anda ölsünlər. Elə bilirəm, bu, onlarçün daha rahat olar. Özümə gələndə, arzuma düzəliş edirəm: uşaqlı-böyüklü, hamıya yüngül qəlpə yarası arzu edirəm, sümüyü, orqanları zədələməyən, azca qan axıdan yara. İdealist olmağım özümə də əcaib gəlir.

Sonra içi qırmızı rəngdə, yarısı qopmuş başı olan uşağın və onu bağrına basıb hönkür-hönkür ağlayan, sifəti qana bulaşmış atasının şəkli yadıma düşür. Onu da bu yaxınlarda Hələb bazarının bombalanmasından sonra çəkib yayımlamışdılar. Bu uşaq, başı betonun altında qalanla müqayisədə xoşbəxt olub. Qəfil qucağımda oturub “Oynaq topuma” qulaq asan Bubunun yumru, balaca başına baxıb başının yarısı getmiş suriyalı uşağın yerində təsvir edirəm, dizim titrəyir bu qaçılmaz təsəvvürdən, oğlumsa qəşş edib gülür, – hərdən onu güldürməkçün dizlərimi titrədirəm deyə, xoşu gəlir bundan.

Mənimçün ən dəhşətli xəbər doğum evinin bombalanmasıdır. Qəddar səslənsə də, elə bilirəm körpələrin ölümü beş min əsgərin döyüşlərdə ölməsindən daha böyük faciədir. Saytların birində Suriyanın İdlib şəhərində doğum evinə Su-24 təyyarəsindən bomba atılması başlığını görəndə, yumruğumu masaya çırpıb ayağa qalxdım. Otaqda var-gəl etməyə başladım, sonra divara yumruq vurdum. Neçə günüydü ki, Hələbdə, o biri şəhərlərdə xəstəxanaların bombalandığı, xəstə, həkim, - onlarla adamın qətl olunması xəbərlərini oxuyanda, ürəyimə dammışdı ki, göydən atılan o bombalardan biri də doğum evinə düşəcək. Gözümün qabağına beşiklərdən yerə səpələnmiş uşaq meyitləri gəldi. “Xəbəri oxuyum, oxumuyum?” dillemmasının ortasında qalmışdım. “Nə yazacaqlar ki? Bombardman nəticəsindən filan qədər həkim, hamilə qadın və körpə öldü”. Nəhəyət, oturub xəbər linkini tıkladım. İlahi, necə sevinirdim: gündə üç yüz uşağın doğulduğu bu xəstəxanın həyətinə düşən aviabomba arvadlarının doğmasını çöldə gözləyən iki nəfəri öldürmüşdü, nə uşaqlara, nə də analara xətər dəyməmişdi.

Başqa bir gün kompyuterdə Ukraynada gedən beş dəqiqəlik döyüşün videosuna baxıram. Üçmərtəbəli binanın arxasında gizlənən dörd-beş ukraynalı əsgər dayanmadan avtomatlardan ruslara tərəf atəş açır. Fikirləşirəm ki, bu dəqiqə mətbəxdə oyuncaqlarıyla oynayan Bubu səsə gələcək. Elə də olur, saytda baxdığım döyüşün ikinci dəqiqəsində qaça-qaça gəlib çıxır dizlərimin üstünə, gözünü zilləyir monitora. Hər dəfə güllələr şaqqıldadıqca uşaq vəcdə gəlir, başlayır gülməyə və tez-tez çönüb mənə baxır, sanki demək istəyir ki, ekranda gördüyüm o avtomatlardan bizdə də var. Döyüş bitəndən sonra tez qucağımdan düşüb hıqqına-hıqqına məni yataq otağına tərəf çəkir, saytda gördüklərinin davamını istəyir, – əliylə çarpayıdakı oyuncaq Kalaşnikovu göstərir...

Axşam saat onda anam Rusiyanın ORT kanalında Suriya haqqında reportaja baxır. Baxa-baxa gah Əsədi söyür, gah da ruslarla amerikalıları və televizorda Hələbdə növbəti bombardmandan sonra atalarının qucağında yaralanmış uşaqların ağlamağını görəndə, anam emosiyasını saxlayammır:

- Ay Allah, belə də dərd olar?! Nə qədər insan qırılar axı? Nə qədər zülm olar axı?! – qəfil çıxış yolu tapır. – Vallah, bu qədər zülmdənsə, ora bir atom bombası atsalar, hamısının canı birdəfəlik qutarar.

Təəccübdən qaşlarım yuxarı qalxır, fikirləşirəm, yaxşı ki, arvadım burda deyil, o biri otaqda köynəyimi ütüləyir, hərçənd gözəl başa düşürəm ki, anam sinik və qəddar adam deyil, əcaib istəyini əslində, Suriyadakı adamları zülmdən xilas etməkçün dilə gətirir, yəni, səmimidir bu arzusunda. Fikirləşirəm ki, anam niyə bu ölkəyə sülh arzu etmir. Səbəbi tapıram: görünür, o da artıq mənim kimi ümidini itirib və çıxış yolunu atom bombasında görür. Fikirləşəndə ki, Allah eləməmiş, sabah Azərbaycanda da bu cür müharibə olsa, anam eyni şeyi də bu ölkə üçün arzu edə bilər, tüklərim biz-biz olur. Az öncə təəccübdən qaşlarımın yuxarı qalxdığını görən anam öz ideyasını əsaslandırır:

- Hə də, hər gün o cür, zülm, qorxu içində yaşamaqdansa, birdəflik ölüb bu dünyadan getmək hamısından yaxşıdı. Bəlkə, düz demirəm?...

...Avqust günüdür, Mədinədə gecə saat ikiyə qalmış Peyğəmbər məscidinin həyətində xalçanın üstünə uzanıb göydəki aya baxıram. “Kaş ki, çoxlu ulduzlar da olaydı”. Ətrafımda minlərlə adam təravih namazı qılır, dua edir, sabahkı oruc üçün niyyət edirlər, bir də, səbirsizliklə sübh namazını gözləyirlər, çünki polislər bu namazdan sonra on minlərlə peyğəmbər (sas) aşiqinə qəbrini ziyarət etməyə icazə verəcək.

Birdən yoldaşımın üç saat əvvəl mənə votsapa yazdıqlarını xatırlayıram: “Orda Allaha dua et, hər ikimizə heç olmasa, 26 il ömür versin ki, Bubunu böyüdüb, oxutdurub toyunu edə bilək”. İkimizin də indi qırx iki yaşımız var, üstünə iyirmi altı il gəlirəm, – altmış səkkiz. “Yox, iyirmi altı il azdı”. Yanımdakı Quranı götürüb sinəmin üstünə qoyuram, Allahdan hər ikimizçün “heç olmasa, otuz beş il” istəyirəm. Sonra köynəyimin cibindən kağızı çıxardıb baxıram, ­– iki gün əvvəl Kəbəni təvaf edərkən, ümmət, Azərbaycan, Ukrayna, Qarabağ, Suriya, qohum, dost, tanışlarla bağlı elədiyim duaları göyə baxa-baxa təkrar edirəm. Bir də dua edirəm ki, Suriyada müharibədə öz bubularının meyitlərini bağrına basıb yerə-göyə asi düşənlərə Allah səbir versin

12 iyun, 2016 – 1 mart, 2017,

Bakı

# 1905 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #