Səfər Alışarlının yeni hekayəsi: “Sirli və təəssüratlı”

Səfər Alışarlının yeni hekayəsi: <span style="color:red;">“Sirli və təəssüratlı”
13 may 2019
# 12:09

Kulis.az yazıçı Səfər Alışarlının “Sirli və təəssüratlı” adlı yeni hekayəsini təqdim edir.

– Siz çoxdan birlikdəsiniz? – qonaq astaca soruşdu.

Yazışmalarında bu haqda danışmışdılar, çoxlu başqa şeylər haqda da danışdıqları üçün hamısını unutmuşdular, öz adlarından savayı. İndi təkrarlamaq bezdirici deyildi. İnternetin sonsuz ənginliklərinə kosmik heroqliflər kimi yuvarlanıb itmiş yazıları səs formatında bərpa etmək hətta maraqlı idi.

– Hə, Qarayeva! Xeyli var.

Qonağın sıxılmaması üçün onun familiyasını xüsusi vurğu ilə deyib gülümsündü. Onları qiyabi tanış edib, nəhayət, görüşdürmüş Maqsud onu həmişə elə, familiyası ilə xatırlatmışdı: “Qarayaeva”.

Qonaq statusunun bu halı Qarayeva üçün təzə idi, keçib gəldiyi məsafənin və zamanın uzunluğu isə indi ona lazımlı görünən adaptasiyaya nəinki kömək etmir, əksinə, mane olurdu. O, illərin “xeyli” sayını dəqiqləşdirmədi, ona özünün Maqsudla birgə yaşadığı beş il kifayət edirdi, daha ora heç nə əlavə etmək, oradan heç nə çıxarmaq mümkün deyildi. Sonrakılarla müqayisədə o illərin hər birinin özünəməxsus qiyməti vardı. Qarayeva yeni tanışına diqqətlə baxıb özünün otuz il əvvəlki durumu ilə tutuşdurmağa nəsə axtardı, fərqli nələrsə görməyə çalışdı. Qeyri-adi heç nə tapmadı.

– O səni də familiyanla çağırır? – Qarayeva müqayisəni davam etdirdi.

Ev sahibi lap alt qutudan nəsə çıxarırdı, odur ki, dərhal yox, qalxandan sonra meyvə dolu buludu kranın böyründə qab-qacağın arasına itələyib qonağa tərəf döndü və soyuducunun qapısını örtüb üzrxahlığa bənzər bayaqkı təbəssümlə:

– Yox, – mızıldandı. – O mənə “Coni” deyir.

– Necə? Coni?! – qonaq maraqla susdu, sonra heç nə anlamamış kimi dedi: – Axı sənin adın “Nərgiz”dir.

Ev sahibi çiynini çəkib ətli dodaqlarını sıxa-sıxa qara, qıpçaq gözlərini süzdürdü və dinmədi.

– Sənin xoşuna gəlir onun elə çağırmağı? – Qarayeva bunu da soruşdu və dərhal xatırladı ki, cavan olsa, bu sualı özündən yaşca xeyli kiçik qıza verməkdən çəkinərdi. İndi isə yaşının çoxluğundan sui-istifadə etdi.

Ev sahibi bir anın içində allanan yanaqlarını qonağa göstərməmək üçün odun üstündəki qazanı bəhanə edib çevrildi və qaşıqla oynayandan sonra təzədən dönüb asta səslə dedi:

– Mən də onu elə çağırıram.

– Coni?! – qonaq da təəccüblə təkrar elədi. – Hər ikiniz “Coni!” Deyim ki, sirli və təəssüratlıdır. Afərin, Camalov! Mənası nə?

Ev sahibi burasını dəqiq bilmədiyini yenə səssizcə ifadə etmək üçün bu dəfə dodaqları ilə bərabər qaş-gözünü və çiyinlərini də oynatdı. Amma bilirdi. Sadəcə, beş dəqiqənin qonağına bütün sirləri birdən açmağın israfçılığını özünə rəva görmürdü.

– Qarayeeeva! Türkiyədə bir tədbirdə mənim familiyamı elan eləyən aparıcı mikrofona elə qışqırırdı, – o, vurğuları familiyasındakı “e” səslərinin üzərinə istiot kimi səpərək dedi. – Bütün arenada əks-səda verirdi: "Qarayeeeva!" Getdilər özünə də dedilər, yenə xeyri olmadı.

Qarayeva yaşlaşmışdı, balaca şəhərində meriya onun yubileyini qeyd etməyə hazırlaşırdı. Onilliklər əvvəl burada qoyub getdiyi, çox anlarını dəqiq xatırladığı gəncliyinin ən həssas məqamlarına qayıtmışdı: toz basmış, qapalı ev kimi idi, heç nəyə əl vurmaq, toxunmaq istəmirdi.

Qarayeva yaşlaşmışdı, bəzən ağlının fəhm addımları hislərinin hərəkət qatarına gecikirdi. Həyəcanlananda ümumiyyətlə yaddaşı qarışırdı, hərdən tanış adları belə xatırlamaqda çətinlik çəkirdi. Ona görə xeyli vaxtdı ki, bütün həyatı özündən asılı olmadan solğun rənglər və bəm səslər aləminə keçmişdi. Belə rahat idi. Çal-çağır da üfüqə doğru yürümək həvəsi kimi hər bir adamın həyatında nə vaxtsa mütləq bitir. Adama sadəcə bununla barışmaq qalır.

O, xırda güllü, bozumtul xalça xovlarının ayaqlarının altına verdiyi yumşaq ləzzətlə yavaş-yavaş mətbəx boyu yeridi, xalçanın steril təmizliyini özü üçün qeyd etdi və tül pərdəni aralayıb pəncərədən çölə baxmaqla danışmağa mövzu axtardı. Bütöv bir ömrün salnaməsi üzərində durub o haqda susmaq insafdan deyildi. Üstəlik, balkondakı qəfəsdə sarı quş da susurdu. Hər tərəf hündür evlərdi, mərtəbələr, balkonlar, yerdəki maşınlar, təzə əkilmiş ağaclar, qayğılı adamlar – görünən hər şey bir-birinin dubl kadra bənzər təkrarı idi. Hətta binaların arasından iki yerdə böyük fəza yarığı kimi çapılmış bozumtul hava boşluğunun da rəngi, ölçüsü və mənasızlığı təxminən eyni dərəcədə idi. Çevrilib içəri, səliqəli mənzilə baxmaq ona daha maraqlı göründü.

– Sənin yaxşı mənzilin var, – dedi. – O qədər səliqəlidir ki, tək yaşamağın dərhal görünür.

– Nə bilim, belədi də, – Nərgiz cavab verdi. – Ancaq tək deyiləm, quşum da var, – balkondakı qəfəsə işarə ilə əlavə elədi.

Qarayeva da uzun müddət tək yaşamışdı. Dönüb o illərə baxdı və fikirləşdi ki, bu qədər cəfəngiyatı bir taleyə toplamağı qarşısına məqsəd qoysaydı, bacarmazdı. Cari işlərə o qədər baş qarışdırdı ki, şəxsi həyatını sanki unutdu və bir də gözünü açdı ki, özündən yaşca böyük dul kişiyə ərə gedib: öz uşağı yoxdur, ərininkilər isə, əksinə, bir neçə silsilədir və törəmələrin hamısının keçmiş nomenklatur vahidə ağsaqqal kimi baxmağı kişini onun gözündə daha da qocaldır. Hərdən ona elə gəlirdi ki, övladlarının, nəvələrinin, nəsildəki başqa qohum-əqrəbasının tükənməz qayğıları ərinin öz şəxsi həyatını tam nizamlamasına imkan vermir və bunu başa düşən əri daim onunla səmimi münasibətlərin bir addımlığında dayanmaqla elə bil nə vaxtsa geriyə addım atmağa şans saxlayır, ya da sadəlövhcəsinə o qayğıların bitib tükənəcəyi günü gözləyir. Ancaq heç nə bitib tükənmirdi, bitib tükənən bircə şey vardısa, o da onların hər ikisinin qapalı kitab kimi üst-üstə qoyulmuş ömrü və sağlamlığı idi.

Nərgizə gözünün qırağı ilə baxmaq kifayət elədi ki, o, iki Coni münasibətlərinin belə boşluqlardan xali, öz tutumu, mahiyyəti baxımından sərbəst və rəngarəng olduğunu görsün. Hər şeyə rəğmən Maqsudun şəxsi həyatının hələ də maraqlı olması köhnə dost kimi Qarayevanın xoşuna gəlməyə başladı. O bura bunları görməyə, bunlara görə sevinməyə, sevinci bölüşməyə gəlməmişdimi? Bunların fonunda mövzusu və ictimai sanbalı ciddi görünsə də, konfrans az qala bəhanə idi.

– Mən kiçik şəhərlərin inkişaf perspektivində başlıca olaraq hansı cəhətləri vurğulamalıyam? – Qarayeva söhbəti dəyişib yenidən yazışmaların təkrarına baş vuraraq onu bura gətirib çıxarmış əsas məsələyə keçdi.

– Biz Maqsudla belə danışdıq ki, siz kiçik şəhərin təmsilçisi kimi öz məruzənizdə əsas iki məsələyə toxunasınız: birinci, demoqrafik aspekt; ikinci, məşğulluq.

– Demoqrafik məsələdə, şükür, bizim xalqın heç zaman problemi olmayıb, – Qarayeva dedi və buradaca əlavə elədi: – Olubsa, o problemin nadir yaradıcılarından biri qarşınızdadır. Məşğulluq məsələsi isə ciddidir. Mən özümlə müəyyən təhlil və müqayisəli statistika da gətirmişəm.

Onlar konfransdan danışırdılar, paytaxt meriyasının təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan bu tədbir onlara məktəb dərsinin 45 dəqiqəlik rəsmi hissəsini xatırladırdı: maraqlı nə vardısa, tənəffüs zamanı və ya dərsdən sonra olacaqdı. Qadın olmazdılar, yenə onları birləşdirən nöqtəyə qayıtmasaydılar.

– O mənim barəmdə sənə çoxmu şeylər danışıb? – Qarayeva qarşısındakı adamın onun haqqında nə dərəcədə məlumatlı olduğunu bir daha dəqiqləşdirmək istədi ki, lazım olmayan şeylərə toxunmasın. Qaşınmayan yerdən qan çıxarmaq nəyə lazım? Maqsudun başqa qadınla münasibətlərinin çərçivə və sərhədlərini bilmək yalnız ona görə maraqlı idi ki, həmin sərhədlər daxilində vaxtilə o özü də yaşamışdı və kiminsə ona məxsus qapalı yerlərə icazəsiz qədəm basması o qədər də xoş hal olmazdı.

– Belə də-ə... – Nərgiz xatırlamağa çalışdı. – Keşlədə kirayədə yaşamağınızı danışıb, sonra... qatarla Tiflisə getməyinizi-zadı... Başqa şeylər yəqin mənim üçün maraqlı olmadığına görə yadımda qalmayıb.

Balaca, mətbəxsiz otaq, qatarda yemişan satan qadının qızıl dişləri, Tiflis şəhər xəstəxanasında işləyən balacaboy həkim Lolita – bunlar Qarayevanın yaddaşında yalnız iki nəfərə aid və heç zaman belə, sözarası narahat edilməyən xatirələrdəndi. İndi Qarayeva hiss elədi ki, hətta iki nəfərə aid gizli xatirələrin də qorunub saxlanma müddəti olur və yəqin ki, qocalıq deyilən şey elə bu məlum həqiqətlərin etirafından başlanır.

– Yəni deyirsən, beş ildə onun üçün ən maraqlı şey bizim Tiflisə getməyimiz olub? Ayağım qırılaydı mənim Tiflisə getdiyim yerdə! – Sonuncu cümləni Qarayeva çox uzaqlardan axıb gələn soyuq bir peşmançılıqla dedi.

– Bilmirəm. Maqsud dedi ki, gündəlik yazırmış o vaxtlar. Demişdi, mənə verəcək oxumağa, ancaq hələ də gətirib çıxarmayıb.

– Hə, yadımdadı. O, nələrisə qeyd eləyirdi həmişə. Bəzi səhifələrini oxumuşam. Sən o gündəlikləri oxusan, yəqin ki, təsəvvürün daha geniş olar. Çünki biz səninlə həyatda da tanış olduq.

– Verir ki, oxuyam?!

Qarayeva fikirləşdi ki, uzun illər boyu həyatının o hissəsini həmişə tək, dinməzcə, ürəyində, yalnız özü üçün xatırlayıb və orada nələrin yaxşı, nələrin çox yaxşı, nələrinsə pis olduğunu yalnız özü müəyyənləşdirib. Ancaq yəqin elədi ki, Maqsud ötüb keçməkdə olan bu illərdə də onun dinməzcə yaşayan, dinməzcə xatırlayan ürəyində indiyədək təsəvvür etdiyindən qat-qat böyük bir ərazini tutub. O özü isə ömrünü ürəyinin bütün genişliyində deyil, yalnız kiçik bir hissəsində, sanki küncə qısılaraq darısqallıqda yaşayıb və heç kimə bu haqda heç nə deməyib. Bu gözlənilməz etirafdan lap gənc yaşlarında olduğu kimi Qarayevanın alnı nəmləndi, o keçib yumşaq stulda əyləşdi, qəlbində yatmış bu xatirələrin, nəhayət, sonadək açılıb həbsdən buraxılması şansının belə rahat gəlişinə sevindi.

– Harda qaldı bu Coni? – Qarayeva dedi. – Bəlkə zəng vurasan...

– İndi gələr, – Nərgiz cavab verdi, – bayaq yazmışdı ki, yoldadı.

Gəldi. Hətta qapını tıqqıldatmağı da ona çox uzaq zamanlardan gələn bir səs kimi tanış, doğma idi. O çox istədi ki, durub qapını açsın və astanada gənc Maqsudu görsün. İllər ərzində yad qapılara bəxş edilmiş bu bəxtəvər səs neçə N dəfələrlə ona çatmadan fəzada əriyib yox olmuşdu! O özündən asılı olmadan ayağa qalxdı, ancaq addım atmağa sanki gücü çatmadı, eləcə mətbəxin bir qırağında təzəcə bu evə gətirilmiş dibçək kimi dayanıb durdu və fikrinin dağılacağı halda ayaqlarının altındakı yumşaq xalçanın onu büdrədəcəyindən qorxdu. Yaxınlaşıb onu durduğu yerdəcə qucaqladı, üzünü-üzünə sıxdı, əli ilə yüngülcə kürəyinə vurdu:

– O-o, Qarayeva! – dedi. – Sən nə gözəl yaraşırsan bu evə!

Sonra gedib Nərgizlə görüşdü:

– Coni, necəsən?

Yemək stolunu mətbəxdə yox, otaqda açmışdılar. Qatbaqat, qırışlı pərdələri qıraqlara itələnmiş təmiz pəncərədən maşınlar keçən küçənin en kəsiyi, qırmızı zolaqlı evin son bloku, bir az sağda zeytunluq, beşmərətəblər, hətta uzaq bozluğa qarışıb eyni rəng almış dəniz də görünürdü. Orada yəqin ki, liman vardı və böyük neft çənlərinin arasına sanki mənzərənin bütövlüyü üçün sancılmış qaldırıcı kran oxlarının işləyib-işləməməsi heç kimi maraqlandırmırdı.

– Mən beş-altı il bu şəhərdə yaşamışam, – Qarayeva dedi, – ancaq indi baxıram, bunlar hamısı mənə çox qarmaqarışıq, həm də yad kimi görünür. Təzədən burada yaşaya bilməzdim yəqin ki...

– Qarayeva, təzəsi yoxdu e-e daha, ömür qurtarmaq üzrədi, – Maqsud dedi.

– Yəni bu otuz ildə heç gəlmədiniz bura? – Nərgiz soruşdu.

– Olub bir-iki dəfə, – Qarayeva astaca dedi. – Bir dəfə hətta anamla gəlmişdim... Yadındadı, Maqsud?

Maqsud başını tərpətdi:

– Hə, – dedi. – Yadımdadı. O pis zamanları unutmaqmı olar?

– Onu yəqin Nərgizə danışmamısan.

– Yox, danışmamışam, – dedi. – Hər şeyi birdən danışmazlar ki! Mən keçmişdən qənaətlə istifadə edirəm, Qarayeva.

Üstəlik də yay idi, ağırlaşmağa davam edən çanta və bağlamalarla mağazadan-mağazaya qədər yeriməyin özü işgəncə idi. Alış-veriş üçün onların niyə belə isti vaxtı seçməsini Maqsud əvvəlcə başa düşmədi. Qadın kürəyinə atdığı heybəsilə irəlidə ətrafa baxa-baxa gedir, arxasınca gələn iki nəfərdən başqa hamını görür, hər şeyə diqqət yetirirdi. Univermağın yanında Qarayeva dedi ki, yorulub və onu öldürsələr də, heç yerə gedəsi deyil. Belə razılaşdılar ki, o, Maqsudla bağda oturub gözləsin, qadın isə yuxarı qalxıb lazım olanları alsın. Bağda qadın ilk dəfə onlarla üz-üzə durdu, sanki alıb-alacaqlarının elə də vacib olmadığını, bəlkə də başqa nəsə demək istədi, ancaq sözlər onun tərdən acışan iri gözlərində, qurumuş nazik dodaqlarında ilişib qaldı, eləcə də ürkək gümanla sanki nəyinsə səsinə çevrildi və asta addımlarla heç zaman geri dönməyəcək kimi ağır-ağır getdi. Maqsud onun arxasınca baxdı və ağırlıqdan elə bil bağ cığırının bir tərəfinin necə aşağı endiyini gördü, yerində aşmamaq üçün əlini Qarayevanın tərdən nəmlənmiş isti çiyninə qoydu. Qadın şəhəri pis tanımasa da, oradan hansısa alverçiyə qoşulub Kubinkaya, oradan da kənardakı başqa univermağa getməklə dükan-bazar bağlanana qədər onları bağda oturtmuşdu. Ən pisi bu deyildi, o idi ki, gecə qatarına qədər azacıq da olsa oturub dincəlməyə onun bu iki yorğun qadını dəvət etməyə heç bir yeri-yurdu yox idi və o hər an bunun xəcalətini yaşamaqla özünə əzab verirdi.

“Vəziyyətim yaxşı deyil, Maqsud”, – onda Qarayeva yalnız bunu dedi. Bir az da zarafata salıb dedi, çünki dostunun da eyni durumda olduğunu bilirdi. Ona görə daha heç nə demədi, sadəcə qapqara, kollu başını saplağı əzik qərənfil kimi onun çiyninə qoyub günün-günorta çağı yatdı.

– Bilirsiniz, mənim balaca şəhərim yaşamaq üçün o qədər rahatdı ki, oradan kənarda özümü yaxşı hiss eləmirəm. Orada hamı məni tanıyır. Vaxtilə buradan ora qayıdanda dəhşətə gəlirdim ki, ilahi, mən burada necə yaşayacam?! Sonra bir də gözümü açdım ki...

– Qalıb iki buynuzu! – Maqsud onun fikrini tamamladı.

– Siz gərək o vaxt evlənəydiniz, – Nərgiz dedi.

– Onda nəsə dəyişərdi, səncə? – Qarayeva maraqla soruşdu, guya o keçmişə təzədən qayıtmaq, boşluqları doldurmaq və səhvləri düzəldib orada xoşbəxt olmaq mümkün idi.

– Elə olsa, Tiflisə getməzdiniz, indi yanınızda bir uşağınız olardı. Sizə sevinc bəxş edərdi.

Qarayeva görünməyən uzaq dənizə tərəf baxa-baxa susdu. Maqsudla birlikdə xatırlamaqla da keçmişə qayıtmaq və orada nəyisə dəyişmək mümkün deyildi, əlbəttə. Qapılar əbədi qapanmışdı, onları təzədən açmaq mümkün olsaydı, həyat indikindən də maraqsız olardı. Belədə isə hər şey ən azı təsəlli üçün yararlı idi.

O, balaca şəhərində ən hündür qız olduğu üçün hər yerdən görünürdü. Küçədə, evdə, işdə hamı onu görürdü, hamı onu çağırırdı, hamı ona işin ən kiçiyini təklif edirdi. O isə gəldiyi yerə qayıtmaq üçün nəsə eləmək istədiyi halda nəinki heç nə edə bilmirdi, hətta bu haqda əməlli düşünə də bilmirdi. O fikirləşincə, bütün əmrlər xahiş və tövsiyə formasına düşüb asanlıqla onun saqqızını oğurlayır, onu lazım olmayan işlərin görülməsinə səfərbər edirdi. Sonra bütün bu qarmaqarışıqlıq onun fikirlərinə keçməyə başladı: səhər işə gedəndə ona elə gəlirdi ki, nəyisə unudub evdə qoyub, ya da dünən verilmiş hansısa tapşırığı yerinə yetirməyi yaddan çıxarıb, hətta indinin özündə belə onu xatırlaya bilmir. O, şəhərin ən gözəl binasına gedə-gedə adamların sifətinə baxıb özünə verilmiş tapşırığın nədən ibarət olduğunu müəyyən etməyə çalışırdı, ancaq qəti yadında qalmayan bu sifətlərdən heç nə oxuya bilmirdi, diqqətlə baxanda isə sifətlərin hamısı ona bir ağacın yarpaqları qədər oxşar və əyilmiş görünürdü. Sonra o, bir dəfə gecə yatmağa hazırlaşanda lüt soyunub gözəl bədəni ilə əbədi vida mərasimi qurdu: bu, bədəni ona əzab verən ağrıların içinə ataraq boğmaq mərasimi idi, necəsə özü icad eləmişdi, bəlkə də haradasa oxumuşdu. O, hündür güzgüdə bədəninə xeyli tamaşa elədi, cizgilərinə, bükümlərinə, çökək və dik yerlərinə ilk dəfə görürmüş kimi diqqətlə, uzun-uzadı baxdı, əli ilə toxundu, sığalladı və hiss elədi ki, özünə nəsə qəribə bir müştəri qəssab gözü ilə baxır. Bu baxışda bir yırtıcı qəzəbi, vəhşi dişqıcama vardı, az qaldı bıçaq götürüb bədəninin gözəl görünən bütün yerlərini yazsın. Bıçaq yerinə əlinə keçən gümüş çay qaşığını stolun üstündəki balla dolu şüşə balona salıb qaşığın yavaş-yavaş batmağına, nəhayət, balonun dibinə çarəsizcəsinə yıxılmağına xeyli baxdı, gözlərini yumub balın kəskin ətrini üç dəfə ciyər dolusu iyləyərək nəfəsini son hədlərə qədər sıxdı, barmağını qatı bala batırıb alnına, bədəninin başqa həssas yerlərinə xətlər çəkdi. Ona elə gəldi ki, qaşıqla bərabər onun bədəni də balonun başından batıb balda boğulandan sonra dibindən çıxaraq yenidən öz balaca şəhərinə girdi. Səhər sanki ayrı cür açıldı: yuyub təmizləmədiyi bal xətləri bədənindən tamam yox olmuşdu və o həmin səhərdən başlayaraq küçələrdə itirdiyi hiss və həyəcanlarını, gizlicə dediyi sözlərini toplamağa başladı. İlk vaxtlar bu proses onu o qədər yorurdu ki, evdən gözəl binaya qədər olan qısa yolu skamyada oturub nəfəsini dərməklə keçə bilirdi və küçələr onun gözündə getdikcə boşalıb yadlaşırdı.

– Bəs siz necə oldu ki, belə?.. – Qarayeva maraqlandı.

– Tanışlığımızı soruşursan? – Nərgiz dedi.

Qarayeva başını tərpətdi, sonra da Maqsudun üzünə baxdı. Maqsud qaş-gözünü oynatdı, yəni heç danışma bu müsibət haqqında!

– Heç nə! – Nərgiz dedi. – Şəhərin yarısıynan düşmən olmuşam buna görə!

– Belə de! – Qarayeva gülümsündü. – Maqsud, düşünürəm ki, sənin həyatına real təhlükə var.

– Bu şəhərdə nə desən olar, – Maqsud ayağa qalxıb dedi: – Coni, gəl ikimizin adından Qarayevanı bir daha salamlayaq, ona “Xoş gəldin” deyək və arzu edək ki, onun həyatı bundan sonra heç zaman öz rəvanlığını, rəngini və dadını itirməsin. O bu şəhərə həmişə öz doğma evinə qayıdırmış kimi gəlsin. Bu mənada “Kəlilə və Dimnə”dən tutmuş Sədinin “Gülüstan” əsərinə qədər həyat və insan, dostluq və sədaqət, bəxt və qismət haqqında müxtəlif rəvayətlər danışmaq olar. Amma, düşünürəm ki, buna ehtiyac yoxdur, çünki...

– Bəlkə birini danışasan? – Qarayeva onun sözünü köhnədən qalma təvazö dolu bir ərklə kəsdi.

– Hə, Qarayeva! – o mızıldandı. – Adaptasiya olursan yavaş-yavaş. Çox tanış bir replika!.. Sən elə o vaxtlar da beləydin: beyninə təzə bir şey atmasan, gecəni yatammırdın. Yaxşı, danışım. Məsələn... Məsələn... Belə rəvayət olunur ki, qədim Hindistanda bir padşah varıymış, bu padşahın üç arvadı varıymış. Bir gün padşah çağırır öz münəccimini, deyir ki, sən neçə illərdi mənə sədaqətlə xidmət eləyirsən, bir dəfə də olsun bəd xəbər gətirməyibsən, ona görə bu üç arvadımdan birini sənə mükafat olaraq vermək istəyirəm. Seç, hansını istəyirsən, götür. Münəccim razılaşıb yaxınlaşır birinci arvada və soruşur: iki dəfə iki neçə eləyər? Arvad deyir: üç. Münəccim fikirləşir ki, ah, bu necə qənaətcil xanımdır! O birindən soruşur, o deyir: dörd. Münəccim fikirləşir ki, bu necə ağıllı xanımdır! O birindən soruşur, o deyir: beş. Münəccim fikirləşir ki, bu necə səxavətli xanımdır! İndi siz mənə deyə bilərsinizmi münəccimin məhz hansı xanımı seçdiyini?

Birinci Nərgiz özünü sınadı:

– Coni, yəqin o da sənin kimi ən səxavətlisini seçib!

– Mənə elə gəlir ki... – Qarayeva qonur gözlərini qıydı. – O, bir kişi olaraq xanımlardan ən gözəlini seçib! İnanın, bunu mən böyük həyat təcrübəmdən deyirəm! Ha-ha!

– Bəli, – Maqsud dedi, – ən gözəlini seçib. O məntiqə tam bağlı olmasam da, həyatımın müxtəlif çağlarında... gördüyünüz kimi... Sevinirəm ki, bu gün onlarla birlikdəyəm. Sevinirəm ki, bizim hər birimiz ayrı-ayrılıqda dostlarımız və doğma adamlarımızın, elə özümüzün də səhv və yanlışlıqlarımızı əziz tutduğumuz bir hiss naminə bağışlamaq imkanındayıq. Bu, çox vacibdir. Qarayeva, gəl ikimizin adından Conini alqışlayaq, öz evində bizi belə xoş ovqatla qarşılayıb qonaq etdiyi üçün ona təşəkkür edək və arzulayaq ki, o, şəxsiyyətinə, istedadına və gözəlliyinə biganə qala bilməyən bu şəhərin yarısı ilə həmişə qanlı düşmən olaraq qalsın.

Sonra Nərgiz pianoda çalıb-oxudu. Oxuyanda onun üçün hər yer səhnə olurdu, hətta boş otaq da həssas tamaşaçılarla dolu salona çevrilirdi. Boğazı bir qədər üşənsə də, musiqini gözəl bildiyi üçün Nərgiz mahnının avazını və sözlərini vurduğu akkordlara qüsursuz oturdurdu. Qarayeva belə kameral şəraitdə çoxdan canlı musiqi dinləməmişdi, indi o, sanki otağın yavaş-yavaş boşalıb genişləndiyini, rəngsiz, yumşaq bir işıqla dolduğunu hiss edirdi. Bu işıq onu ağuşuna alıb sürətlə geriyə, keçilmiş yolun əvvəlinə doğra aparırdı və Qarayeva təsirini çoxdan unutduğu bu nəhəng qüvvəyə müqavimətin mənasızlığını dərk edən adam kimi yenidən ona tabe olurdu. O bilirdi ki, orada təzə heç nə yoxdur, çünki ora keçmişdir, orada heç nəyi dəyişmək mümkün deyil, amma bununla belə ora qayıtmaq xoş idi, çünki orada gənclik çılğınlığı və maksimalizmi ilə dolu sadəlövh və bakirə ümidlər yatırdı. Nə olsun ki, onlar reallaşmamışdı? Bu dünyada kimin bütün arzuları çin olur ki?!

Nərgiz akkord-akkord qaralmağa doru gedən günün incə ruhuna yatımla başqa mahnı oxudu, sakit, qəmli: "Yenə gəl bizə, duraq üz-üzə ay işığında"...Onlar tanışlıqlarının ilk vaxtlarında olduğu kimi rəqs etdilər, amma təşvişsiz və həyəcansız. Çoxdan unudulmuş bir doğmalıq vardı əllərinin, bədənlərinin bir-birinə toxunuşlarında və onlar böyük həyat yaşasalar da, bunun haradan necə yarandığını və bütün bu illər ərzində belə isti hislərsiz necə keçinə bildiklərini başa düşməkdə çətinlik çəkirdilər. Əlbəttə, onlar dəyişmişdilər, hislər, bəlkə zövqlər də dəyişmişdi, dəyişməz qalan xatirələrdi. Onlar bugünkü ünsiyyət və bu rəqslərlə həmin xatirələrə sadəcə öz sayğılarını ifadə etdilər. Bu, onlara kifayət edirdi.

Mahnılar Nərgizin ifasında birinci dəfə səslənmirdi, onları Nərgiz hələ məktəbli yaşlarından çalıb-oxuyurdu, bəziləri ilə hətta müsabiqələrdə iştirak edib mükafatlar almışdı, bəziləri müasir oranjemanlarda o qədər bayağılaşdırılmışdı ki, onları oxumağa belə o utanırdı. Ancaq indi onun üçün tamam ayrı, heç zaman qarşılaşmadığı, hətta heç zaman ağlına belə gətirmədiyi bir vəziyyət idi. Əvvəlcə o qorxurdu, fikirləşirdi ki, təsadüfən yerində deyilməyən bir söz, bir eyhamlı təbəssüm, baxış kifayət edər ki, o, görüşə razılaşdığına görə peşman olsun, yeni dost qazanmaq yerinə köhnəsini də itirsin. Ancaq o, Qarayeva ilə ünsiyyətdə olduqca gördü ki, bu adam onun həyatına necəsə toxunmağa, müdaxilə etməyə yox, sadəcə öz keçmişinə bir daha yaxından baxmağa, bəlkə də o keçmişdəki nələrləsə əbədi vidalaşmağa gəlib. İndi onun pis-yaxşı öz həyatı vardı və ora kimisə əlavə olaraq daxil etməyə yəqin ki, ehtiyacı yox idi. Bu sərt həyat nağılının ayrı-ayrı məqamları Nərgizin oxuduğu mahnıların avazından axan qəm-qüssəyə qarışıb onları yalnız geri, keçmişə baxmağa deyil, həm də o həyatın bugünlə qurtarmayan dəmlərinə, sabaha ümidləndirirdi. Bəlkə də həmin an dəniz kənarında atılmağa başlamış salyut toplarının gurultusu və bina fasadlarında oynaşan əlvan işıqlar məhz bu ümidlərin müəyyən rəmzi sədası və işartıları idi ki, onları da balkona çıxarıb günün şənliyinə qoşulmağa vadar etdi. Onlar sevinirdilər ki, birlikdədirlər, nələrisə xatırlayıb orada özlərini, öz keçmişlərini görə bilirlər. Sevinirdilər ki, hələ havalar soyumayıb, balkonda rahat dayanıb dənizin üzərində partlayan müxtəlif fiqurlu işıq topalarına göz dolusu baxa-baxa ətraf binalardan xorla qalxan uşaq sədalarının şən bayram əhvalına qoşula bilirlər.

2014

# 3964 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #