Ceyms Coysun həyatı haqqında hər şey – MARAQLI FAKTLAR

Ceyms Coysun həyatı haqqında hər şey –<span style="color:red;"> MARAQLI FAKTLAR
17 iyun 2018
# 10:00

Kulis.az məşhur İrland yazıçısı Ceyms Coysun həyat yolunu təqdim edir.

1882. Ceyms Coys 2 fevralda Dublində dünyaya gəldi. Vergi yığan Con Stanislaus Coys və Meri Ceyn Mürreyin on uşağından ilkiydi.

1888-91. Klonqous Vood Kollecində təhsil alır. Ailəsinin maddi problemləri ucbatından təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır.

1891. “İrlandiyanın tacsız kralı” Çarlz Stüard Parnell öldü. Coys nəşr olunan ilk əsəri “Et tu, Healiy”də (“Sən də mi, Healiy”) kralı öydü və müxalifəti tənqid atəşinə tutdu.

1892-98. Aldığı yardımlar sayəsində təhsilini Belvedere Kollecində davam etdirir. Ölkə miqyasındakı müsabiqələrdə mükafatlar qazanır. Olduqca bacarıqlı, çalışqan tələbəydi.

1898-1902. Dublində Kardinal Neyman tərəfindən qurulan “University College”də oxudu. “Drama and Life” (“Drama və həyat”) adlı yazısını “Ədəbiyyat və Tarix Cəmiyyət”ində oxuyur. “Ibsen’s New Drama” (“İbsenin yeni dramı”) adlı məqaləsi Londonda nəşr olunan “Fortnightly Review” dərgisində yayımlanır. “Epifani”lər yazmağa başlayır. Yeytslə tanış olur. 1902-ci ildə modern dillər fakültəsindən məzun olur.

1903. Tibbi təhsil almaqdan ötrü getdiyi Parisdə kitablar haqqında araşdırmalar yazaraq və ingiliscə dərslər verərək yaşayır. Anası dünyasını dəyişdikdən sonra Dublinə qayıdır. Həmin dövrdə Oliver Qoqarti ilə tanış olur. Ailəsinin maddi problemləri artmağa başlayır.

1904. 10 iyunda Nora Barnakl ilə qarşılaşıb ona aşiq oldu. 16 iyunda ilk gəzintilərinə çıxdılar. “Sənətçinin portreti” adlı əsəri “Dana” tərəfindən rədd edildi. Amma üç hekayəsi və beş şeiri nəşr olundu. Müğənni olmaq fikrinə düşür. Dalkeydəki “Clifton College”də müəllimlik fəaliyyətinə başlayır. Qoqarti ilə birlikdə bir həftə Dublin sahillərindəki Martello qülləsində qalır. Oktyabrda Coys və Nora Dublindən ayrılırlar.

1905. Triyestinada Berlitz Məktəbində müəllimlik etməyə başlayır. İlk oğlu Giorgio dünyaya gəlir.

1906. Romada bir bankda çalışır.

1907. Triyestinaya geri dönür... Revmatizma xəstəliyi şiddətlənir və xəstəxanaya düşür. Qızı Lusiya dünyaya gəlir. “Kamera musiqisi” yayımlanır. “Ölülər”i yazır və “Dublinlilər”i tamamlayır. Stiven Heronu yenidən işləyərək “Rəssamın gənclik portreti”ni yazmağa başlayır.

1909. Yenidən Dublinə qayıdır. “Volta” kino-teatrını açır. “Dublinlilər”in nəşri üçün naşir Maunsellə razılaşır.

1911. Dərs demək üçün İtaliya hökümətinin təşkil etdiyi imtahana qatılır. İmtahandan keçir, amma irland diplomlu olduğu üçün İtaliya höküməti onun müəllimlik icazəsi vermir.

1912. Son dəfə Dublini ziyarət edir. “Maunsel”in baş redaktoru Corc Robertslə müqavilələrini ləğv edir. Mətbəə “Dublinlilər”in sınaq nüsxələrini məhv edir. Amma Coys bir nüsxəni xilas edə bilir. “Yandırıcı qaz”ı yazır.

1913. Ezra Paundla tanış olur. Paund “Rəssamın gənclik portreti”ni “Eqoist” dərgisində çap etdirməyi ona təklif edir.

1914. “Eqoist” dərgisi “Rəssamın gənclik portreti”nin nəşrinə başlayır. “Dublinlilər” Londonda “Grant Richards” tərəfindən yayımlanır. Coys “Uliss”in üç fəslini bitirir. “Giacomo Coys”u yazır. Avropada savaş başlanır.

1915. Ailəsiylə birlikdə Sürixə gəlir. Qardaşı Stanislaus həbs edilir. “Sürgünlər” pyesini bitirir. Bacısı Eilen evlənir və Triyestinadan Praqaya köçür.

1916. “Rəssamın gənclik portreti” və “Sürgünlər” nəşr edilir. Yeytsin köməkliyi ilə bir müddət kralın büdcəsindən faydalanır.

1917. İlk dəfə qlaukoma böhranı keçirir. Harriet Şou Viverdən anonim hədiyyələr almağa başlayır.

1918. “Uliss”in ilk fəsilləri “Little Review”da (New York) yayımlanır. Klod Saykes ilə ingiliscə pyeslər göstərmək üçün birlik yaradır. Frank Budgenlə dostluğu başlayır. Edit Rokfellerdən maddi dəstək alır. Müharibə sona çatır.

1919. Ailəsiylə birlikdə Triyestinaya qayıdıb qardaşı Stanislausla yaşamağa başlayır. İngiliscə dərslər verməyə davam edir.

1920. Anonimçinin Harriet Vauver olduğunu öyrənir. İyunda Paundla Sirmionedə qarşılaşır. Kitablarını və əlyazmalarını Stanislausa verib ailəsiylə birlikdə Parisə köçür. Burada Tomas Eliotla tanışlığı başlanır. Nyu-York Məhkəməsi “Uliss”i ədəbsiz əsər kimi dəyərləndirir və romanın “Little Review”də hissə-hissə dərci dayandırılır.

1921. Silvia Biç “Uliss”i nəşr etməyi öz üzərinə götürür. Gözündə iltihab əmələ gəlir. Yaz dönəmi üçün Coysu evinə dəvət edən və Silviya Biçin kitab dükanında “Uliss”lə bağlı konfrans keçirən Valeri Larbaudla tanış olur.

1922. “Uliss” fevralın 2-də nəşr edilir və dörd gün ərzində nəşri tükənir. May ayında Marsel Prustla tanış olur.

1923. “Finneqanın yasın”ın ilk səhifələrini yazmağa başlayır. Göz əməliyyatı keçirir. “Uliss”in əlyazmalarını satın alan Con Kuinlə tanış olur. “Finneqanın yası”nın ilk fəsillərini “Work in Progress” adıyla nəşr etdirir, amma xeyli sayda mənfi rəylər alır.

1924-25. Diş və göz əməliyyatları keçirir. Qardaşı Stanislaus “Finneqanın yası”nı bəyənmir. Bundan sonra kitablarının çoxu hissə-hissə nəşr olunmağa başlayır.

1926. “Sürgünlər” Londonda “Stage Society” tərəfindən səhnələşdirilir. “Uliss”in pirat nəşrləri müxtəlif ölkələrdə protest edilir. Coysun Maria Yolasla dostluğu başlanır. Lusiya rəsm, rəqs dərsləri alır.

1927. Paund Coysu düşməncəsinə tənqid edir.

1929. Oğlu Giorgio müğənni olaraq ilk dəfə səhnəyə çıxır. Lusiyada şizofreniya əlamətləri görünməyə başlayır. Coys aralarında Samuel Bekketin də olduğu tanınmış yazarlardan ibarət “Work in Progress” üzərinə on iki analiz yazılmasına təkan verir. Bu yazılar “Our Exagmination Round His Factification for Incamination of Work in Progress” başlığıyla nəşr edilir.

1930. Onuncu və on birinci göz əməliyyatından keçir. İrlandiyalı tenor Con Sullivan, Pol və Lüsi Leonla dostluqları başlanır. Giorgio 30 dekabrda Helen Flismanla evlənir. Herbert Gorman Coysun bioqrafiyasını yazmağa başlayır.

1931. Xanımı Nora ilə evliliyini Londonda rəsmiləşdirir. Lusiyanın durumu ciddiləşir. “Finneqanın yası”nın Amerikada nəşri üçün B.U.Huebsklə razılığa gəlir. 29 dekabrda atası dünyasını dəyişir.

1932. Nəvəsi Stiven dünyaya gəlir. Amerika naşirləri ilə “Uliss”in nəşri üçün danışıqlar aparır. Yeytsin təşkilatçılığı ilə fəaliyyət göstərən “Irısh Academy of Letters”ə qatılmaqdan imtina edir. Dişindəki problemlər yenidən baş qaldırır. Lusiya xəstəxanaya yerləşdirilir, durumu ciddiləşir.

1933. Məhkəmə “Uliss”in ədəbsiz olmadığı haqqında qərar verir və kitab Amerikada nəşr edilir. Lusiya xəstəxanadan çıxır və evdə psixiatrik müalicəyə başlayır.

1934. Lusiya Nyonda xəstəxanaya yerləşdirilir. Bir müddət Sürixdəki ruhi xəstəxanada qalır. Sonra Kusnaçitta Yunqun xəstəxanasına köçürülür.

1936. Lusiya Liveridəki ruhi əsəb xəstəxanasına yerləşdirilir. Müharibə təhlükəsi artdıqca Stanislausun Triyestinadan sürgün edilməsi təhdidi də ciddiləşir.

1937. “Finneqanın yası”nın son fəsli nəşr edilir.

1938. Alman yazıçılarının nasistlərin əlindən qaçmasına köməklik göstərir. On altı qaçqının İrlandiyada yerləşməsini təmin edir.

1939. “Finneqanın yası”nın ilk nüsxəsi fevralın 2-də hazırlanır. Gormanın yazdığı Coys bioqrafiyası nəşr edilir. Alman işğalından qaçmaq üçün Lusiyanın yatdığı xəstəxananın yerləşdiyi Bretondakı “La Baule” qəsəbəsinə sığınırlar. Müharibə başlayandan Viçi yaxınlığındakı Sen Cerand-le Puyaya adlayırlar.

1940. İyunda almanlar Parisi işğal edir. Coys İsveçrəyə köçmək üçün sənədlər hazırlamağa başlayır. Ailə Lusiyanı Fransada qoyub Sürixə köçür.

1941. Coys qarın ağrısı şikayəti ilə xəstəxanaya çatdırılır. Ona onikibarmaq bağırsaq xorası diaqnozu qoyulur. 12 yanvarda əməliyyata girir və ertəsi gün saat 2:15-də dünyasını dəyişir. Sürixdəki Fluntern məzarlığında dəfn edilir.

1951. Nora 10 apreldə Sürixdə zəhərlənmədən ölür. Ərindən xeyli uzaqda dəfn edilir. Yalnız 1966-cı ildə Coysun yanındakı məzara köçürülür.

Tərcümə etdi: Kənan Hacı

sim-sim.az

# 1450 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #