Pulitzer mükafatlı yazıçı Hernan Diasın yeni romanı “Ply” gələcəyin dağılmış şəhərində sağ qalmağa çalışan insanların həyatını təsvir edir.
Kulis.az xəbər verir ki, sentyabrın sonunda nəşr olunan əsər bu gün “The Guardian” qəzetində dərc edilən ədəbi resenziyada müzakirəyə çıxarılıb.
Romanın hadisələri əhalisi azalmış, təbiətin geri qayıtdığı və binaları dağılan gələcək Nyu-Yorkunda cərəyan edir. Su və elektrik təchizatına nəzarət edən iri şirkətlər şəhərin həyatını müəyyənləşdirir, özəl təhlükəsizlik qüvvələri isə mövcud sistemin qorunmasına xidmət edir.
Adı açıqlanmayan baş qəhrəman elektrik şəbəkəsindən enerji oğurlayaraq dolanır. O, qeyri-adi elmi layihə üzərində işləyən Pola adlı alimlə tanış olduqdan sonra məkan və zamanın quruluşunu dəyişə biləcəyi iddia edilən maşının yaradılması prosesinə cəlb olunur.
Tənqidçi Marsel Teru romanın kvant fizikası, iqtisadi güc və insan şüuru ilə bağlı maraqlı ideyalar irəli sürdüyünü yazsa da, uzun izahların və zəif işlənmiş personajların əsərdəki emosional gərginliyi azaltdığını düşünür.
“Ply” yazıçının Pulitzer mükafatına layiq görülmüş “Trust” romanından sonrakı əsəridir. Yeni kitabda elmi-fantastik süjet vasitəsilə texnologiyanın, inhisarçı şirkətlərin və dağılmış cəmiyyətin gələcəyi araşdırılır.