Üzümə təpik vurdu, söydü məni - Bir dəlinin gündəliyi

Üzümə təpik vurdu, söydü məni - <span style="color:red;">Bir dəlinin gündəliyi
14 may 2019
# 09:00

Kulis.az Oğuz Ayvazın “Bir dəlinin gündəliyi” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Qonşumuzun qarğışına tuş gəlmişdim. Onun oğlu universitetə qəbul oluna bilməmişdi. Mənsə qəbul olunmuş, sevincdən üzümdə güllər açmışdı. O qadın da sevdiyim qızın anası idi. Həmin gün qolumu şüşə kəsmişdi. Qolumdan süzülən qana baxıb gülümsəmişdim günəşə. Evə çatanda anam əllərini dizinə çırpa-çırpa qonşu qadınına donquldanmışdı. İçimə dolan sevinc nəğmələri qolumdakı ağrıları ərşə çəkirdi.

Universitetə qəbul olandan sonra başladı mənim tragikomedik həyatım. Bir gün avtobus dayanacağında boş-bekar dayanmışdım. Yolun kənarında əllərim qoynumda dayanıb şütüyən maşınlara baxırdım. Eynək taxmağa başlayandan adamlardan uzaqlaşmışdım. Hərdən universitetə ilk qəbul olunduğum günün sevincini xatırlayırdım. İndi isə o sevinc ötüb keçmişdi, tələbə olmağıma görə peşman idim. Nifrət edirdim auditoriyaya, müəllimlərə, imtahanlara...

Yekəxana, ərköyün oğlanların, qızların kasıb tələbələrə yuxarıdan aşağı baxmaqları günü-gündən əsəblərimə toxunurdu. Bezmişdim. Elə bil məni bir üzüyün içinə atmışdılar. Nə qədər çabalasam da, çıxa bilmirdim. Həm bir yandan düşünürdüm ki, oxumaq lazımdır, həm də o bir tərəfdən universitet ağzını açmış div kimi görünürdü mənə. Ora getməyə qorxurdum...


Fikirlərin içində itib batmışdım. Bu vaxt qonşumuz Haqverdi yaxınlaşdı. Salamlaşdıq. Əlindəki təsbehini görüb bir az kənara çəkildim. Belə adamlarla həmsöhbət olmaq ürəyimcə deyildi. Haqverdi məhəllədə bir uşağı döydüyündən danışırdı. Oğlanın ağzını-burnunu qırmış, daha sonra onun söhbətinə gələn oğlanları da yaxşıca əzişdirmiş, iş böyüyüb polisə getmiş... Zərrəcə marağım yox idi, ancaq açığı ondan çəkindiyimdən yalandan da olsa söhbətinə dəhşətli marağım olduğunu göstərməliydim. Haqverdi bir az keçəndən sonra söhbətini yekunlaşdırıb əlini çiynimə qoydu:

- Ğağaş siqeytin ola bəlkə?

Cibimi eşələdim, əyilmiş bir siqaret giləsi tapıb ona uzatdım. Acgözlüklə götürüb yandırdı. Haqverdinin saçları gözlərinə tökülmüşdü, tez-tez əsəbi halda arxaya atırdı. Təsbehi şaqqa-şaq şaqqıldadırdı. Başındakı papağı da onu əsl oğrulara oxşadırdı. Məhəllədəki söz-söhbətlərin içində həmişə Haqverdi də olardı. Atası Rusiyada işləyirdi. Haqverdi isə avaranın biri, o tin sənin, bu tənim mənim gəzib dolanır, anasının sözünə də baxmır, bəzi günlər evə də getmirdi. Onun bu cür "qəhrəmanlıq”ları mükafatsız qalmırdı, məhəllənin söz sahiblərinin yanında "blat”ı qalxır, yaşca balacalar ona hörmət eləyir, könlünü xoş tutmaq üçün cibinə siqaret alıb qoyurdular. Balaca uşaqlar isə Haqverdidən it kimi qorxurdular, harda görürdülər dabana tüpürürdülər.

Ordan-burdan söhbət elədik. Mənim kefsiz olduğumu görüb dilləndi:

- Nə olub, bratan?

- Ə, bezmişəm e universitetdən. Hamısı özünü dartır. Guya bir zibildilər da...

- Brat, sənə artıq-əksik söz deyən oğlanın var-yoxunu...

Onun söyüş söyməyi elə bil mənim də içimdəki çarəsizliyi aradan qaldırdı. Qəzəbimi, getdikcə artan gərginliyimi söyüşlərlə azaltmağa çalışdım. Gördüm ki, hər söydükcə Haqverdinin xoşuna gəlirdi.

Biz söhbət edən zaman qara bir "Jiquli" dayanacaqda saxladı. Qara paltolu, saqqalı bir kişi düşdü. Yanımıza gəlib Haqverdi ilə hal-kef tutdu. Sonra mənimlə də tanış oldu. Bu qara paltolu kişi 20 il həbsdə yatan oğrulardan olmuşdu. Adı da Fərhad idi. Hər kəs ondan qorxurdu. Deyirdilər ki, cibində silah gəzdirir. Fərhadın bir ayağı axsayırdı, üzündə də çapıq vardı.

Məhəllənin arvadları onu görəndə üz-gözlərini turşudur, kişilər isə ona hörmətlə yanaşırdılar. Nədənsə ondan xoşum gəlirdi. Həmişə tanış olmaq üçün can atırdım. Hər dəfə isə onu görəndə dilim topuq vururdu.

Bizi maşınına dəvət elədi. Əyləci bərk sıxıb bir siqaret yandırdı. Tüstü maşının içini duman elədi. Maşın sürətlə şütüyürdü. Öskürdüm. Maşının içində köhnə-kürüş dəmir parçaları gözə çarpırdı. Haqverdi tez-tez Fərhada "həə əmi, yaxşı, yaxşı” deyirdi. Fikirli olduğumdan onların söhbətlərini qırıq-qırıq eşidirdim.

Az keçmədi qara "Jiquli" kafenin yanında saxladı. Kafedəki adamlar bizə tərəf yaxınlaşıb Fərhadla salamlaşdı. Bizi ədəb-ərkanla içəri dəvət etdilər. Süfrəyə naz-nemət gəlməyə başladı. Öz-özümə düşündüm ki, burda mənim nə işim var? Sonra rahatlandım. Universitetdəki lovğa adamlardansa burdakılar mənə hörmətlə yanaşırdılar. Özümü tanınmış mafiya babası kimi hiss edirdim. Bircə silahım əksik idi.

Fərhad papağını stola qoyub dilləndi:

- Ataş, nöşün, danışmırsan, olmaya qız-zad istiyirsən?

- Qızlar üz vermir mənə.

- Sənin kimi "zdarovu” oğlana qız yoxdu bəgəm? Ürəyin qız istəyir, əminə de, aparsın səni bazlığa. Düz demirəm Haqverdi?

Haqverdi təsdiqlədi:

- Hə, əmi, elədir.

Elə bu vaxtı üç-dörd adam Fərhada yaxınlaşıb pıçıldaşdılar. Bu vaxt atamdan zəng gəldi. Sakit bir yerə çıxıb telefonu qulağıma tutdum:

- Ayə hardasan? Gəl öyə...

- Yaxşı, dədə bu saat gəlirəm.

Xudafizləşib aradan çıxmaq istəyirdim. Fərhad mənə baxıb güldü.

- Mama uşağısan sən?

- Yox... – mızıldandım. – Niyə ki?

- Bu saatda evə gedərlər, qaqulya? 9 deyil e heç...

Bayaq üç nəfər idik, indi bir topa olmuşduq. Hamı mənə lağ-lağı janrında baxırdı. Bu xoşuma gəlmədi. Telefonu söndürüb dedim ki, heç yerə getmirəm... Fərhad kürəyimə vurdu:

- Bu oğlanda iş var... – dedi yanındakılara...

Evə gec gəlməyə, anamı-atamı incitməyə başlamışdım. Dedim, axı ya o qız, ya da cəhənnəm həyatı, vəssalam, şüttamam! Üstəlik içkiyə də qurşanmışdım. Harda gəldi "zakuska”sız-filan başıma çəkirdim. İçməkdən, gec yatmaqdan gözümün altı torbalanmışdı.

Hər şey istəmədiyim məcrada davam edirdi. I kursdan sonra anladım ki, oxumaq mənə yad olan bir şeydir. Həyatı maraqlı etmək lazım idi. Bu nədir? Universitet-ev, ev-universitet. Bunun bir arası-bərəsi yoxdur? Halbuki mən macəralar görmək istəyən adamam. Gərək nəsə yaşayım. Yoxsa alınmır. Tək xətli həyat mənə əl vermir.

Qızın xasiyyətini isə anlamaq olmurdu. Bir gün mənə yaxınlıq verən qız, ertəsi gün acıq verir, mənə kədərlər yaşadırdı. Bu işin içindən baş açmaq olmurdu. Nə mənə “yox” deyirdi, nə də “hə”. Bilmək olmurdu, bu qızın fikri-zikri nədir.

Bu qızı lap balaca vaxtlarından sevirdim. O zaman biz balaca olduğumuzdan analarımız bizi çarpayıda bir yatızdırardı. Biz uşaq olsaq da o vaxt ilk ehtiraslarımızı bir-birimizdən almışdıq. Onun çılpaq baldırları neçə dəfə mənə toxunmuşdu. Bax həmin günlərdən xeyli vaxt keçib, amma mən nə vaxt o qızı düşünürəm yenə həmin çarpayı, həmin uşaqlıq və həmin bir anlıq ehtiras gəlib durur gözlərimin önündə. Mən onu düşünəndə titrətmə keçirdirəm. Bu hiss mənə elə gəlir ki, sevgidir. Demək, mən əslində o ehtirası alarkən sevgi yaşamışam. Onda bu qız da məni sevməliydi. Çünki yaşadıqlarımız eyni anda olmuşdu və onun heç nəyə etirazı yox idi. Ancaq hələ bunu aydınlaşdıra bilmirəm. Ancaq yüz faiz bu sevgidir. Hər halda qarşılıqsız sevgi də ola bilər.

Günlər keçirdi. Axırım heç də yaxşı görünmürdü. Dəliliyə doğru gedirdim. Gecələr evdəkilər yatandan sonra gizlincə ayaqyolunda kədərli mahnılara qulaq asır, zarıyırdım. Səhərə kimi ordan çıxmırdım. Siqareti siqaretə calayırdım. Bir gün anam şübhələnməyə başladı. Anadır axı, ilk onun bilməsi, hiss etməsi təbii haldır. Ona laqeyd, kobud cavablar verirdim. O isə dərdimi bilmək istəyirdi. Təsadüfən sevdiyim qıza yazdığım məktub əlinə keçmişdi. Əli üzündə gözlərini silah kimi üzümə tuşlamışdı. Anamın baxışlarında sonsuz kədər sezilirdi. Zarafatyana dedi ki, ə, heç qonşu qızını da sevərlər, ayıbdır. Dinməz-söyləməz özümü küçəyə atdım. Küçənin tinində dayanan avara dəstəsindən Seymur məni gördü. Onunla hal-kef tutub yollandıq kafelərin birinə. Yenə araq, siqaret beynimizi dumanlandırırdı. Bir yandan da Sezen Aksunun ürəkparçalyan mahnıları.

Harasa uzaqlara çıxıb getmək, yeni insanlarla tanış olmaq, dünyamı, qarşılıqsız sevgimi dəyişmək, yenidən yaşamaq, kədərsiz bir həyat qurmaq istəyirəm. Ancaq alınmır ki, alınmır. Sanki Allah qəsdən məni bir üzüyün içinə atıb, mən isə yorulmadan qaçır, ancaq o üzükdən xilas ola bilmirəm. Qaçmaq xilas deyil, bilirəm, ancaq başqa çarəm də yoxdur. Çarənin özü də çarəsizlikdir.

Mütləq dik durmalıyam. Yıxılmamalıyam. Hər şeyi yerinə qoymalı, yaşamağa çalışmalıyam. İnsanların, yaşadıqlarımın acığına həyatda durmağı bacarmalıyam. Axı bu həyat yalnız adama zərbələr vura bilər, sən yalnız zərbələri dəf etməyi bacarmalısan. Həyata zərbə vura bilməzsən.

Gecə hamının yatmağını gözləyirdim ki, aradan çıxam. Bu dəfə ayaqyoluna yox, birbaş küçəyə. Şaxta adamı kəsirdi. Otaq qaranlıqlaşdı. Səssiz-səmirsiz yerimə girdim. Özümü yatmış kimi göstərməyə çalışdım ki, şübhə doğurmayım. Aradan bir saat keçdi. Səssiz-səmirsiz, yavaş-yavaş yerimdən qalxmağa başladım. Qaranlıqda paltarlarımı götürdüm. Şkafın qapısının çıxartdığı cırıltı səsi anamı yuxusundan oyatdı. "Niyə yatmırsan? Nə olub sənə?” Onun sözlərini qulaqardına vurub qapının kilidini açdım. Gecə paltarında pillələrlə aşağı düşdüm.

Heç kim gözə dəymirdi. Nədənsə soyuğu canımda hiss etmirdim. Liftdə qalın jaketimi, şalvarımı geyinib çıxdım. Boş küçələrdə, prospektlərdə veylləndim. Qayıdıb qızgilin qapısında oturdum. Səhərə yaxın evə girdim. Çarpayıma uzanıb gözlərimi yumdum. Anamın səsi eşidildi: "Sənin əlindən səhərə qədər gözümə yuxu getməyib. Avara gədə. Dədənə hələ ki heç nə deməmişəm”. Ona cavab vermədən yuxuya getdim. Günorta gözlərimi açanda evdə heç kim yox idi. Anam qonşuda olardı yəqin. Əynimi geyinib qonşu qızgilin qapısını taqqıldatdım. Qapı açılan kimi onun üzündəki təbəssüm məni elə bil ayıltdı.

- Nə istəyirsən? Nə lazımdır?

- Sizə gəlmək istəyirəm.

- Olmaz. Evdə təkəm.

Qapını bağlamaq istədiyi an ayağımla saxladım. Əlimlə onu itələdim və içəri keçdim. “Dəli olmusan, sən?” Ona şeirlər oxudum, diz çöküb əllərindən tutdum. Hisslərimin coşqunluğu onun heç vecinə deyildi, bəlkə də vecinə idi. Ancaq mənim əzab çəkməyim ona zövq verirdi. Deyir, eşq gözü kor eləyir. Eynən belə idi, onun pis tərəflərini görə bilmirdim. Birtəhər məni evdən uzaqlaşdırdı. Gedib binanın damında ağladım. Hava qaralana kimi aşağı düşmədim. Kiminsə arxadan toxunuşu ilə harada olduğumu anladım.

- Alə, neyniyirsən burda?

- Ölmək istəyirəm...

- Dəli olmusan, get cəhənnəm ol evinə.

Ayağa qalxdım. Özümü aşağı tullamaq üçün irəlilədim. Aşağıya baxmadan gedirdim. Qəfil kimsə məni geri dartdı. Üzümə, yanıma təpik vurdu. Eynəyim yerə düşdü. Mənə toxunan adam özünün zibilə düşməməsi üçün həyatımı xilas etmişdi. Söyürdü məni. Onun söyüşləri arı vızlıtısı kimi duyulurdu.

- Məni zibilə salmaq istəyirsən?! Axmağın biri axmaq. Bir qıza görə özünü öldürmək istəyir. Kül sənin kişi başıva.

Aşağı çatanda yağış yağırdı. Küçələrdə işıqlar, adamlar gözümdə ala-bula, ləkə kimi görünürdü. Rənglər bir-birinə qarışırdı. Maşınların səsi adamların səsinə qoşulurdu. Kimlərsə mənə toxunurdu. Əllərimi hiss etmirdim. Tez-tez gözümdən qara zolaqlar keçir, havalanırdım. Anlaşılmaz, naməlum hisslərin dünyasında itirdim...

ardı var...

# 4199 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #