[b]Mənə pis gözlə baxırdı...[/b] – BİRCƏNİN ROMANI

[b]Mənə pis gözlə baxırdı...[/b] – BİRCƏNİN ROMANI
12 yanvar 2018
# 10:54

“Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

O gecə bayram süfrəmiz qurulu qaldı.

Səhər açılanda xəcalətimdən heç kimin üzünə baxa bilmirdim. Hamını peşman eləmişdim. Aqil ailəsiylə Bakıya qayıtmalıydı, mənə görə bir gün də qalası oldu. Anam üzümə bir söz deməsə də, içindən doğranırdı.

Sağ qolum barmaqlarımın ucundan çiynimə qədər zoqquldayırdı. Özüm də mat qalmışdım: axı mən əlimi bacaya bütünlüklə soxmuşdum, bəs necə olmuşdu ki, dəmir boru yalnız bir barmağımı tutmuşdu, əlimə, biləyimə dəyməmişdi? Bunu düşündükcə bir yandan qismətimə şükür eləyirdim, o biri yandan da məni əsməcə tuturdu.

Başıma iş gələndən Cavidin də havası alınmışdı, mənim sızıltıma, göz yaşlarıma baxıb ağlamaqdan çəkinirdi. Bu hala düşmüş anaya ərköyünlük eləməyin mənasız olduğunu fəhmlə anlayan uşaq dinməzcə gedib Lalə xalasına sığınırdı, bacımın verdiklərini kirimişcə yeyib-içib fağır-fağır bir qıraqda quruşurdu...

Evdən çıxdığımızın üçüncü günü qaynanamla Emin atam evinin qapısını kəsdirdilər. Başıma gələni hardansa eşitmişdilər. Zöhrə xala içəri girən kimi:

- Lap yaxşı oldu, uşağın ahı tutdu səni, - deyib gözlərimin içinə zilləndi.

Emin qardaşlarımla görüşəndən sonra aralıdan oğrun-oğrun sarıqlı əlimə baxmağa başladı. Bizimkilər Eminlə anasının qarşısında suçlu-suçlu dayanmışdılar. Qaynanam birnəfəsə üyüdüb tökürdü:

- İndi nolacaq? Əlində körpə uşaq, ev-eşik... Bəs bunun özünə kim baxacaq? Bunun yır-yığışı, sil-süpürü var, paltarı var, çörəyi var... Mənim də əlim iş tutmur.

Anam gördü arvad kirimək bilmir, dedi:

- Sağalana kimi ikisi də burda qalar, sən də evini idarə eləyərsən.

Elə bil bir dəstə qurbağa gölə baş vurdu, ara sakitləşdi, bir müddət heç kim dillənmədi. Sonra qaynanam qarşısındakı çayı hirslə geri itələdi:

- Mənim nə işimə qalıb, əri bilər, özü bilər.

Qardaşlarım az qala Eminin başına fırlanırdılar, ona yaltaqlanırdılar ki, mənlə artıq-əskik danışmasın, peşmanlıq üstünə peşmanlıq gəlməsin.

Cavid də atasıyla nənəsini görcək asıldı bunların yaxasından ki, mən də gedirəm. Emin ovcuna qonmuş bu fürsəti əlindən salmadı:

- Uşağın pal-paltarını hazırlayın, aparaq. Bircə qalsın, nə vaxt istəyər, gələr.

Əlbəttə, uşağı qəsdən aparırdı, yaxşı bilirdi Cavid getsə, mən burda çox qalammayacam; ancaq uşaq yanımda olsaydı, söz yox, ora tezliklə qayıdası deyildim.

Səməndər irəli durdu:

- Uşağa orda kim baxacaq, - dedi, - aparma. Burda bacılarım, əmim qızı həyan olar.

Emin halını pozmadı:

- Eybi yox, anam baxacaq, - deyib Cavidi qucağına aldı.

Qaynanam qaş-qabağını salladısa da, Eminin qorxusundan səsini çıxarmadı. Cavidin getməyini heç istəmirdim – can ağrısı cəhənnəmə, könül rahatlığım da pozulacaqdı. Qışın günü balam ortalıqda qalacaqdı. Xüsusən də baldızımın uşaqları gələndə qaynanam hər şeyi unudurdu, özünü onların ayaqları altına sərirdi.

Qardaşlarım, atam, Lalə nə qədər dil tökdülərsə faydası olmadı, Eminlə qaynanam Cavidi də götürüb getdilər. Doğmalarım indi də mənim yanımda suçlu-suçlu dolandılar, baxışlarıyla, hərəkətləriylə indi də mənə yarınmağa başladılar...

***

Durduğum yerdəcə işə düşmüşdüm, bilmirdim bəlalı başımı fələyin çəkicindən necə qoruyum. Anam beşcə dəqiqə səbr eləsəydi, şeytanın çarxına ilişməyəcəkdim. Burda səbrin kəramətini bir daha anladım. Başımdan, ayağımdan, dilimdən, gözümdən, qəlbimdən... indi də barmağımdan tələyə düşmüşdüm. Onda bildim ki, bircə tükün, bircə telin belə şeytanın biləyinə dolanıbsa, demək, başlı-bütünlü girovsan, bütöv canınla, varlığınla, var-yoxunla əsirlikdəsən...

Qardaşlarım arvad-uşaqlarını da yedəklərinə alıb kor-peşman evlərinə dağılışdılar. Qolum öz yanımda, ürəyim Cavidin yanında səksəkə içində naçar qaldım. Bir həftə bacım Laləylə əmim qızı Səhər (uşaq vaxtlarımızda mənlə yola getməyən böyük bacısı Zümrüd artıq ərdəydi) böyrümdən aralanmadılar, növbəylə mənə qarovul çəkdilər. Mən belə qulluğa alışmamışdım, ona görə də vicdanımı kiridə bilmirdim, qızların yanında özümü günahkar sanırdım. Bir yandan da solaxay heç bir iş görəmmirdim deyə onlara möhtac qalmışdım.

Beləcə, yaramın tikişləri sökülənəcən vicdan ağrısıyla can ağrısını iç-içə yaşadım. Bütün günü sol əllə iş görməyi məşq eləyirdim – paltarlarımı geyinirdim, saçımı darayırdım, çay süzürdüm. Sağ qolumu bir az sallayan kimi həm əlim şişirdi, həm də ağrıdan yer eşirdim.

Həftənin tamamında Emin qapını kəsdirdi:

- Uşaq dayanmır, gəlmişəm səni aparam.

Hərçənd gəldiyimə peşman olmuşdum, ancaq getmək də istəmirdim. Bilirdim evdə məni nə gözləyir. Atamın, anamın üzünə baxdım. Onlar dillənmədilər, təkcə Kamil etiraz elədi:

- Qoy bircə həftə də qalsın, yazıqdı, qışın günü kim baxacaq buna?

Emin qaş-qabağını salladı:

- Anam baxar. Cavid kürlük eləyir, bu getməsə dincəlməyəcək.

Atam yenə dinmədi, anam arada yaranmış boşluqdan istifadə eləyib təşəbbüsü ələ aldı:

- Heç kəs qarışmasın, - sonra yönünü mənə tutdu, - dur hazırlaş, get evinə.

Onun hökmü qarşısında kimsə cınqırını çıxarmadı. Əmim qızıyla Lalə paltarlarımı yığıb qoltuğuma verdilər, mən heç kimlə görüşmədən gedib maşına oturdum. Görüşməməyimin səbəbini hamı bilirdi – anamı öpməyə məcbur olmayım deyə heç kəsi öpmədim...

***

Cavid dünyaya gələndən sonra xəstəxanadan qayıdıb evi necə görmüşdümsə, indi də o gündəydi – yenə hər yan toz-torpaq içindəydi, yenə kirli pal-paltar tayalanmışdı, yenə həyət-baca mısmırığını sallamışdı. Bunlar çəhənnəmə, Cavidin üz-gözündən də kir-pasaq yağırdı, uşağın uzun ipək saçlarına elə bil şirə yaxmışdılar.

Mən qapıdan girər-girməz qaynanam Cavidi üstümə atdı, özü də tezcə barxanasını yığıb qaçdı qızının evinə. Bütün qapıların açıldığı iki divanlı geniş zalda sağ qolum qucağımda oturuqlu qaldım. Corabımı güc-bəla geyinirdim, indi bu ev-eşiklə neyləyəcəkdim? Üstəlik, Cavid də ipə-sapa yatmırdı – çağırırdım gəlmirdi, gələndə də əlindəkini təpəmə atırdı.

Emin dizə çıxan zir-zibili elə bil görmürdü, heç nə olmamış kimi:

- Qalx, qalx gör neynirsən, - dedi, - mən acından ölürəm.

Mən acı baxışlarımı zəhər kimi onun sifətinə sıçratdım:

- Görmürsən qolum yanıma düşüb?! Bəs deyirdin anan baxacaq, hanı indi anan?

- Səni mən göndərmişdim dədənin xarabasına?! Zəhləmi tökmə, qalx yemək ver, mənim anam sənin qulluqçun-zadın deyil ki!

Bir qanadı yox quş kimi durub mətbəxə keçdim. Qaynanamın xaşıl, xəngəl qazanları qartmaq bağlamışdı, on gün islağa qoysaydın ancaq açılardı. Çirkli qab-qacağı güclə yarıb keçdim, bir əlimlə qayğanaq bişirib Eminin qarşısına qoydum. O da həmişəki kimi tavanı sıyırıb kənd çayxanasına yol aldı.

Qaynımın böyük oğlu Bəhruzun köməyilə Cavidi bir sərçəçimişi çimizdirib yatağına uzatdım. Qalan şeylərə əl vurası halda deyildim. Yenə gecənin əjdaha ağzı açılmışdı, qışın sazağı sümüyə işləyirdi. Anasız qızın skripkası uzaqlarda yenə də ağı deyirdi. Ancaq mənim dərdimi anlatmağa bir kaman, bir tar yetməzdi, mənim kimsəsiz canımı ağlamağa min səsli, min nəfəsli bir orkestr gərək idi...

Yaralı qolum yanımda evə-eşiyə baxa-baxa qalmışdım, bilmirdim nədən başlayım, necə başlayım. Mənlə onsuz da yola getməyən taleyim yenidən üzünü bozartmışdı. Nənəm belə yerdə deyərdi: “Ulduzlar şirni olub yerə yağsa, biri mənim ovcuma düşməz, amma göydən bir çınqıl düşsə, ya başımı yaracaq, ya gözümü tökəcək...”

Bütöv bir günü tək qolumla evləri yığışdırmağa həsr elədim. Qaynımın balaları bu səfər də hovuma-harayıma çatdılar. Bu bir cüt oğlan uşağı (o biri ikisi hələ çox balacaydı) mənə analıq-bacılıq eləyirdi – soğanımı soyurdular, uşağımı kiridirdilər, corablarımı geyindirirdilər. Bütün günü mənə yalvarırdılar ki, yerimdən tərpənməyim, nə iş varsa onlara tapşırım. Belə olmağına da mən razılaşmırdım, qıymırdım onlara. Anaları gələndə əllərini yuyub dinməzcə dayanırdılar, qorxurdular birdən Maral mənim xətrimə dəyən söz deyər. Mən ağrıdan, qüssədən dolanda ətəyimdən sallaşırdılar:

- Bibi, qadan alım, nolar ağlama, vallah sağalacaqsan, - deyib mənə təskinlik verirdilər. Onlara görə ürəkdən ağlaya da bilmirdim.

***

Baldızımın oğlunun bir vurağan xoruzu vardı, uşaqları vururdu deyə gətirib atmışdı bizim qapıya. Hamı yalan olmuşdu, xoruz gerçək – məni görən gözü yoxuydu, çölə-bayıra çıxdımmı, atılırdı üstümə. Qapının ağzında bir yığın ayaqqabı olurdu, hərlənib-fırlanıb mənim ayaqqabılarımı batırırdı. Onun üzündən evdə neçə yol söz-danışıq olmuşdu, qaynanam bir kimsəni xoruzun xətrinə dəyməyə qoymurdu. Mən qapı-bacada bir iş görəndə qaynımın böyük oğlu Bəhruz körpə canıyla əlində ağac arxamca gəzə-gəzə məni xoruzdan qoruyurdu.

Çirkli paltarların içindən tək əllə yuya biləcəklərimi ayırıb yığmışdım, gözləyirdim Bəhruz məktəbdən gəlib mənə keşik çəksin, bunları yuyum. Tərslikdən Bəhruz gələn kimi anası uşaqları da götürüb rayon mərkəzində yaşayan bacısıgilə getdi. Qaldım köməksiz. Cavidi qalın geyindirib düşdüm həyətə, çılpaq qovağın altında kirli paltarları ovxalamağa başladım. Başım aşağı olsa da, fikrim uşağın yanındaydı.

Birdən elə bil kürəyimə daş vurdular, düşündüm yəqin Cavid yenə üstümə nəsə atdı – bundan irəli də demişdim, Emin uşağı elə öyrətmişdi ki, hirslənən kimi əlinə keçəni başıma çırpırdı. Qorxa-qorxa geri çevrildim: lələkləri rəng alıb rəng verən qırmızıpipik xoruz qanadlarını açıb mənə qırmızı-qırmızı meydan oxuyurdu. Elə dayanmışdı, elə bil indicə iti caynaqlarıyla dərimi soyub dabanımdan çıxaracaqdı.

Canımın nə hirsi-hikkəsi, nə qəzəbi-kini vardısa, gəlib yığıldı boğazıma. Onsuz da içimdəkiləri püskürməyə bir bəhanə gəzirdim. Ocağın üstündə qaynayan suyun içindəki uzun qulplu abgərdəni əlimə alıb xoruzla göz-gözə dayandım. Qan beynimi bulandırdı. Bu evdə hamı başıma çıxırdı, qalmışdı bircə xoruz.

Qanad çalıb üstümə bir də atılanda qabı xoruzun düz təpəsinə endirdim. Xoruz şappıltıyla yerə dəydi, çabalaya-çabalaya zığı-palçığı üstümə sıçratdı. Qanadlarını özünə dayaq verib dikəlməyə çalışan quş bu hərəkətiylə elə bil mənə “Qoy qalxım, gör sənin başına nə oyun açacam” deyirdi.

Limonxanaya girib ağacların arasından dəhrəni götürdüm. Ona qədər xoruz qalxıb gicəllənə-gicəllənə gəzməyə başlamışdı. Bir də büdrəyib yıxılan kimi xoruzu tutdum, sol əlimlə boynundan yapışıb yerə çırpdım. Xoruz yenə partlaya-partlaya qaldı.

Bundan sonra da ürəyim soyumadı. Xoruzu yerdən götürüb qovağın arxasındakı iri kötüyün üstünə qoydum, dəhrəylə başını üzdüm. Başı bədənindən ayrılan xoruz kötüyün üstündən düşüb yerdə hoppanmağa başladı, ölməyi bir xeyli çəkdi. Ən dəhşətlisi oydu ki, bütün bunlar Cavidin gözü qabağında baş verdi.

Al-əlvan tükləri palçığa bulaşmış xoruzun leşini ləyənə atıb paltar vannasına yaxınlaşanda Cavidin səsi başıma soyuq su kimi ələndi:

- Nənə də, Emiş də (nənəsinin diliylə atasına belə deyirdi) səni öldürəcəklər, xoruzu niyə kəsdin?

Ayıldım, uşağım baxa-baxa tutduğum əməldən yaman utandım, di gəl, xoruzun mənə çəkdirdikləri yadıma düşəndə peşmanlığımdan əsər-əlamət qalmadı. Onun əlindən qaçıb evə girirdim, hoppanıb çıxırdı pilləkənə, pəncərədən başım görünən kimi şivən salırdı. Bir dəstə arvadın arasında məni gözü aldımı, ya səsimi eşitdimi, həyətin harasında olsaydı qaçıb gəlib şığıyırdı üstümə. Hələ burasını demirəm ki, baldızını müştəri nəzəriylə süzən oğraş yeznələr kimi mənə pis gözlə baxırdı...

Cavidi dilə tutmağa çalışdım:

- Sən deməsən heç kəs bilməz. Deyərik özü öldü.

Uşaq ləyəndə qanı palçığa qarışmış quşun ölüsünə baxa-baxa:

- Yaxşı, demərəm, - deyib əlindəki çubuqla xoruzun leşini döyəcləməyə başladı.

ardı var

# 1392 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #