Qadağalar, təqiblər, həbslər... - Güney Azərbaycanın sistemə meydan oxuyan yazıçıları

Qadağalar, təqiblər, həbslər... - Güney Azərbaycanın sistemə meydan oxuyan yazıçıları
16 iyul 2025
# 15:03

Kulis.az Pərvanə Məmmədlinin "Güney Azərbaycanda ədəbi proses" yazısını təqdim edir.

Güney Azərbaycan ədəbi prosesini izləsək, burada klassik poeziya ənənələri ilə çağdaş üslub və mövzuların paralel şəkildə inkişaf etdiyini, poetik təcrübələrin bir-birinə təsir edərək yeni yaradıcılıq formaları doğurduğunu müşahidə etmək olar.

2024-cü ildə, eləcə də ötən illərdə nəşr olunmuş məlum səbəblərdən məhdud sayda olan, əlimizə çətinliklə çatan kitabları təqdim etmək istərdik. Bunlar Qəhrəman Xətibinin “Nayib Əkbər və Zeynəbpaşa ",Xeyrulla Haqqının (Saplaq)"Mən günəş vurğunuyam", Eldar Muğanlının “Həyat yollarında”, Davər Pənahi Azərin“Ey Savalan”,Nasir Merqatinin “Talanmış günəş” şeir topluları, Rza Hüseyni Mərəndin “Zadə”, Səid Fiyuzatın “Tərsə”, Hafiz Xiyavinin “Alça gözündən gəlsin“, Müjgan Siaminin “Son səkans”, Əli Həsənzadənin “Qan Qayda” adlı nəsr əsərləridir.

Dövrün ədəbiyyatını digər mərhələlərdən fərqləndirən əsas cəhət, onun bir neçə paralel istiqamətdə inkişaf etməsidir. Bir tərəfdə klassik forma və məzmun üzərində qurulmuş ədəbi axın davam edir, digər tərəfdə isə yeni şeir, sərbəst poetika, qadın poetikası və siyasi-satirik şeir formaları və nəsr əsərləri yüksəlməkdədir. Bütün bu istiqamətlər arasında qarşılıqlı münasibət, tənqid və təsir mühiti mövcuddur. Ənənəvi ilə müasir olan arasında davam edən bu gərginlik ədəbiyyatın dinamik və çoxşaxəli inkişafını təmin edir.

Sosial-siyasi lirika bu dövrün ən aparıcı janrlarından biri olur. Ana dilində yazmaq, repressiv sistemin qarşısında şairin bədii dirəniş aktına çevrilir. Şeirdə romantik motivlər arxa plana çəkilir, onların yerini ictimai narahatlıq, dərin narazılıq və etiraz hissləri tutur. Bu səbəbdən çağdaş şeirdə estetik şirinlikdən çox, sərt ifadələr üstünlük təşkil edir.

Müasir Güney Azərbaycan poeziyası, xüsusilə, son onilliklərdə, forma və dil baxımından intensiv təcrübə və dəyişikliklər dövrünü yaşayır. Klassik qəliblərin sərhədini aşmaq, poetik quruluşu sındırmaq, yeni məna qatları yaratmaq bu cərəyanın əsas məqsədinə çevrilib. Bu prosesdə irəli çıxan şairlərdən biri də Elman Gülməmmədidir – formanın sərhədlərini yaradan, məna qatlarını genişləndirən, dili təzələyən və poetik sözə nəfəs verən bir imzadır.

Elman Gülməmmədinin şeirlərində ən diqqətçəkən cəhət, dili yalnız kommunikasiya vasitəsi kimi deyil, həm də düşüncə və emosiyanın qurucu elementi kimi işlətməsidir. Onun poetik mətnlərində söz, sadəcə, bir ifadə vasitəsi deyil – bəzən iztirabdır, bəzən dirənişdir, bəzən də fəlsəfi müşahidə.

Gülməmmədi poetik məkana çoxqatlılıq gətirir. Söz və sətir arasında boşluqlar, qırılmış sintaksis, sərbəst axınlı ifadə tərzi – bütün bunlar təsadüfi eksperimentlər deyil. Bu, çağdaş düşüncənin ritminə uyğun gələn, poetik formasını zamanın özü ilə qurmağa çalışan bir poeziyanın ifadəsidir. Onun mətnləri ənənəvi qafiyə və ritm sistemindən çoxdan uzaqlaşsa da, bu uzaqlaşma bir boşluğa deyil, daha yüksək gərginlikli mənaya doğrudur.

Şairin aşağıdakı misralarını nəzərdən keçirək:

Köhnə qəbristandı içərim, qat, qat,

Hər yanım sökülüb, qəbir, qəbirdi,

Özüm ölü yuyan, özüm basdıran…

Burada poetik obraz sadəcə metafora deyil, özündə zamanın, yaddaşın və kollektiv travmanın daşıyıcısıdır. Bu qəbiristanlıq sadəcə bir məkan deyil – həm tarixdir, həm vətəndir, həm də mənəvi tənhalıqdır.

Onun yaradıcılığında keçmiş türkcə sözlərin çağdaşlaşdırılması da xüsusi yer tutur. Gülməmmədi, klassik türkcənin dərin qatlarından gələn sözləri dirildərək müasir kontekstdə işlədir.

Gülməmmədinin şeirlərini təhlilə cəlb edən Cəbrayıloğlu yazır: “O, həmçinin sadə poetik dilin gücünə də önəm verir. Onun bəzi şeirləri ilk baxışda aydın və sadə görünə bilər, lakin dərinə enəndə poetik dərinlik, ritmik parçalanma, simvolik komplekslik diqqətə çarpır. Məhz bu keyfiyyətlər Gülməmmədini çağdaş poeziyada öz dəst-xətti olan sənətkara çevirir”.

Şairin dilində yadlaşdırma, parçalanma, ironik pauzalar və səs yükü ilə bağlı işlədilən texnikalar onun müasir dünya ədəbiyyatına bələdliyini və eyni zamanda milli ədəbiyyata sadiqliyini göstərir. Onun poetik dilində nəhayətsiz bir axtarış var – bəzən yaralı, bəzən sükut içində hayqıran, lakin həmişə yaşayan bir axtarış.

Elman Gülməmmədinin poeziyası sadəcə fərdi ifadə deyil – bu, eyni zamanda çağdaş Azərbaycan şeirində dilin, formaların və ideyaların sınandığı bir poetik laboratoriyadır. Onun şeirlərindəki duruluq və narahatlıq, köhnə və yeni arasındakı tarazlıq bu ədəbi mətnləri yaşadan və aktuallaşdıran əsas amillərdir.

Almaniyada mühacir həyatı yaşayan baxışlarına görə dəfələrlə SAVAK-ın (İranın keçmiş təhlükəsizlik orqanı) təqiblərinə məruz qalmışdı. Çoxsaylı qəzet və dərgilərdə şeirləri, tənqidi yazıları çap olunurdu. Onun sağlığında yalnız “Talanmış günəş” adlı şeirlər toplusu işıq üzü görüb.

Nasir Merqati sadəcə bir şair, tənqidçi deyildi. O, zəmanəsinin məhdudiyyətlərini aşan, cəmiyyətin mədəni ruhunu ayıq saxlayan bir aydın idi.

Ədəbi fəaliyyətinə təkcə şeir yazmaqla deyil, həm də ədəbi düşüncə və tənqid sahəsindəki dərin axtarışları ilə başlayan Merqati, Güney ədəbiyyatının yalnız siyasi poetikaya endirilməsinə qarşı çıxaraq, onu daha geniş estetik, psixoloji və mədəni kontekstlərə daşımağa çalışdı.

Ədəbiyyata yanaşması klassik forma və ənənələrin yenidən sorğulanması ilə başladı. Onun erkən yaşlarda – 14-15 yaşlarında – saz çalmağa başlaması və sözlə musiqi arasındakı əlaqəni hiss etməsi, sonradan poetik ritm və səs üzərində qurduğu mətnlərin əsasını təşkil etdi. O, ədəbi formaları sadəcə təqlid etmədi – onları sökdü, yenidən qurdu. Heca vəzninin Azərbaycan türkcəsindəki yerini və imkanlarını araşdırdı, ərəb-fars poetikasından gələn uzun müsəvvət qəliblərinin dilə və şüura necə təsir etdiyini sorğuladı:

Dedik:

Yelkənlərə əsən bir əsim

Sönmüş ocağlara bir qığılcım

Susmuş dodaqlara ipək təbəssüm

Yanqı çiçəklərə bir içim su

olaq

Biz quzay yelləri ardında duran

Xoşbəxtlər diyarı sorağındayıq.

Onun əsərləri arasında “Gedək” kimi şeirlər yalnız sürgünün, həsrətin və vətən sevgisinin poetik ifadəsi deyil – həm də cəmiyyətin bölünmüş, travmatizə olunmuş yaddaşına şeirlə salınan körpüdür. Bu cür əsərlər Nasir Merqatinin poeziyasının emosional dərinliyi ilə yanaşı, sosial əhəmiyyətini də göstərir. O, köhnə “pafos”dan uzaqlaşıb avanqard duyumlara, düşüncəli poetikaya üz tutan Güney poeziyasının yolçularından biri olmuşdur.

O, ədəbiyyatı yalnız bir sənət növü kimi deyil, mənəvi dirəniş, mədəni yenilənmə və insani müdriklik kimi başa düşürdü – bu isə onu çağdaş türk dünyasının ortaq ədəbi yaddaşında əvəzsiz bir simaya çevirir.

Mərsiyə poeziyası isə öz tarixi və folklor qaynaqları ilə yenidən dirçəlir. Zəncan və Ərdəbil bölgələrinin folklorik poetikası çağdaş mərsiyə nümunələrində yaşayır. Bu janrda yazan Vafid, Asim, Səfai və başqaları mərsiyə şeirini yalnız dini deyil, həm də mənəvi tərbiyənin və xalqın mənəvi müqavimətinin daşıyıcısına çevirirlər.

Güney Azərbaycan ədəbiyyatı, yalnız ədəbi deyil, həm də siyasi bir fenomen kimi tədqiq olunur. Bu ədəbiyyat, İranın mərkəzləşdirilmiş hakimiyyətinə qarşı çıxış edən bir mədəniyyətin ifadəsi kimi görülür. Əli Həsənzadənin “Qan Qayda” romanı buna bariz misaldır.

Cambridge Universitetinin nəşr etdiyi bir məqalədə qeyd olunur ki, “Azərbaycan türkcəsində yazmaq, İranın monodilli siyasətinə qarşı bir dissident aktı kimi qəbul edilir”.

“Qan Qayda” romanını dildə mədəni müqavimət forması kimi oxumaq mümkündür.Əli Həsənzadənin “Qan Qayda” romanı mifik obrazlar, rəvayətlər və Xürrəmilər fəlsəfəsi üzərində qurulub günümüz dünyasına gətirilməsi, bu estetikanın Azərbaycana uyğun yerli bir versiyasının yaradıldığını göstərir. Burada tarixlə modernliyin, miflə realizmin sintezi var – burada postmodern roman estetikası aydın görünür.

Həsənzadə romanda əski rəvayətləri müasir dillə nəql edir, yəni bir mədəniyyətin dərin qatlarını yalnız təsvir etmir, onları kontekstləşdirərək izah etməklə mümkünlüyünü göstərir.

Tənqidçi Aydın Sərdariniya və Vəhid Əlirzainin vurğuladığı kimi, Əli Həsənzadə həm də rejissordur və bu roman bir dramaturji baxış bucağından qurulmuşdur. Kino səhnələrini xatırladan struktur, romanı kinetik və vizual təfəkkürlü edir. Bu tip “dram əsəri kimi roman” anlayışı adaptiv narrativlik modelinə uyğundur: yəni mətn bir çox formatda yaşaya bilir – səhnədə, kinoda, səsdə və yazıda.

Müasir ədəbi proseslərin axarında roman janrı təkcə estetik bir forma deyil, həm də mədəniyyətin özünü dərketmə vasitəsidir. Ərəstu Mücərrədın son dövrlərdə qələmə aldığı məqaləsindəki fikirlər, xüsusilə, Güney Azərbaycan ədəbiyyatında romanın mövcud durumu və onun inkişaf potensialı ətrafında səsləndirdiyi narahatlıqlar, yalnız fərdi müşahidələr deyil, dərin struktur problemlərinə işarə edən ciddi elmi mülahizələrdir.

Ə.Mücərrəd haqlı olaraq qeyd edir ki, roman bizə “su və hava kimi zəruridir”. Çünki roman – cəmiyyətin kollektiv yaddaşını, fərdin daxili aləmini, tarixi, mədəniyyəti və dəyərləri bədii şəkildə daşıyan ən güclü vasitələrdən biridir. Ancaq İran Azərbaycanında bu janr, dünya və region miqyasında baş verən dinamik ədəbi inkişafla müqayisədə, hələ də “körpəlik” mərhələsindədir. Bu, təkcə estetik gecikmə deyil, həm də ictimai-mədəni kontekstin nəticəsidir.

Müəllifin vurğuladığı kimi, bizlərdə roman yazmaq təcrübəsi az, yazmaq şəraiti isə daha da məhduddur. Buraya dil baryerləri, senzura təzyiqləri, oxucu bazasının zəifliyi, müstəqil mədəni institutların yoxluğu və ədəbi azadlıq çatışmazlığı daxildir. Yazıçı heç bir əvvəlki ənənəyə, möhkəm bir məktəbə söykənmədən, eyni zamanda heç bir təhsilini almadığı bir dildə roman yazmağa məhkum olur. Bu, təkcə yaradıcılıq yükü deyil, estetik iztirabdır.

Bu əskikliklərə baxmayaraq, Mücərrədin fikrincə, Güney Azərbaycanda roman yazmaq artıq bir mədəni öhdəlik və varlıq mübarizəsi formasıdır. Ədəbiyyat burada estetik vasitədən daha çox, mədəni-siyasi müqavimət funksiyası daşıyır. Yazıçının dili ilə milli kimlik arasında məsafə olsa da, bu məsafəni məhz roman janrı vasitəsilə qət etmək mümkündür.

Ərəstu Mücərrədın təhlilləri göstərir ki, Güney Azərbaycanda roman janrının inkişafı təkcə ədəbi deyil, həm də mədəniyyətin sağ qalması üçün həyati bir məsələdir. Burada roman janrı – öz dilində yazıb düşünmək, milli travmaları danışmaq, şəxsi və kollektiv kimliyi qurmaq üçün açar funksiyası daşıyır. Məhz bu səbəbdən, onun qeyd etdiyi kimi, roman bizə “su və hava kimi lazımdır”.

Bu növ təhlillər və təşəbbüslər gələcəkdə həm oxucu şüurunun formalaşmasına, həm də Güney Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanınmasına ciddi zəmin yarada bilər.

Zeynəb Paşa adı Güney Azərbaycan tarixi və mədəni yaddaşında yalnız bir üsyan lideri kimi deyil, həm də qadının həm fərdi, həm də ictimai azadlıq uğrunda simvolik mövqeyinin təcəssümü kimi qalır. Əgər klassik kişi qəhrəmanlar qılınc, təpə və siyasi liderliklə tanınırsa, Zeynəb Paşa o qəhrəmanlığa ana dili, küçə, bazar, çörək və namus yükü ilə daxil olur. Onun hekayəsi təkcə tarixi fakt deyil – mədəni dirəniş mifologiyasının özəyidir.

Zeynəb Paşa, 19-cu əsrin sonlarında Təbrizdə baş verən çörək qıtlığı zamanı təşkil etdiyi qadın etirazları ilə tanınır. O, fəqət, sadəcə etiraz edən biri deyil, xalq içindən çıxan, kütləni təşkil edən, qorxunu və susqunluğu yarıb keçən lider fiqurdur. O, “kəndli” və “aşağı təbəqə” statusu ilə deyil, məhz cəsarət, natiqlik və əməli liderliklə yadda qalır. Zeynəb Paşa bir “şair”in və ya “qəhrəmanlıq dastanı”nın yox, xalqın gündəlik həyatının qəhrəmanıdır – bu isə onu klassik qəhrəman modelindən ayırır və modern anlayışla yaxınlaşdırır.

Zeynəb Paşanın irsi, eyni zamanda Güney Azərbaycan qadınının mədəni müstəqillik tələbini simvolizə edir. Ədəbiyyat bu obrazı yalnız bir qadın tarixi kimi deyil, həm də kollektiv dirənişin əbədi metaforası kimi işləyir. Onun adının şeirə, hekayəyə, publisistikaya daxil olması, əslində xalqın öz tarixi ilə yenidən bağ qurmasıdır. Bu da göstərir ki, Zeynəb Paşa obrazı yalnız bir hadisənin simvolu deyil – o, uzun illər susdurulmuş, marginalizə edilmiş qadın varlığının öz yerini və səsini geri qazanmasıdır.

Ədəbiyyatda Zeynəb Paşa obrazının işlənməsi, eyni zamanda poetik dilin, yəni estetik vasitələrin ictimai funksiya daşımasına gətirib çıxarır. Bu obraz təkcə heyrət doğurmaq üçün deyil, düşüncə oyatmaq üçün təqdim olunur. Onun obrazı – şeirdə, dramda, ya da modern hekayədə – oxucunu sorğulamağa, tarix və cinsiyyət münasibətləri üzərində düşünməyə vadar edir.

Zeynəb Paşa həm də müasir Güney qadınının ədəbi özünüdərkində dayanan bir “arxetip”ə çevrilir. Onunla yanaşı Nasir Merqati kimi yazıçıların ideya mirası – qadının azadlığının milli azadlıqla eyni mahiyyətdə olduğuna inam – bu obrazı təkcə poetik deyil, həm də siyasi və fəlsəfi baxımdan dəyərli edir.

Hökm eylədi Zeynəb paşa

Cümlə ənasül-fəraşa,

Siz bazarı basın daşa,

Dəyənəyi yağlayım gəlim,

Patavamı bağlayım gəlim.

Zeynəb Paşa – yaxud Bibişah Zeynəb, ya da xalqın dilində deyildiyi kimi, Onbaşı Zeynəb – Güney Azərbaycan tarixində və yaddaşında qadın qəhrəmanlığının, sosial ədalət uğrunda dirənişin və mədəni müqavimətin ən canlı simvollarından biridir. Qəhrəman Xətibi bu tarixi Zeynəb Paşa qadın obrazını “Nayib Əkbər və Zeynəb Paşa” poemasında bədiiləşdirmişdir.

“Əxtər” nəşriyyatının çap etdiyi “Zeynəb Paşa” kitabında qeyd olunan digər qadınlar – Yüzbaşı Xavər, Nayib Külsüm, Fatma Nisa, Atlı Şah Bəgüm, Sultan Bəgüm, Xeyrünnisa və Mah Bəgüm – onun liderliyinin kollektivliyini və qadın dirənişinin sosial dərinliyini göstərir. Bu qadınlar nəinki bir siyasi strukturun alternativini yaradırdılar, həm də patriarxal təsəvvürlərə qarşı yeni bir qadın mənliyi formalaşdırırdılar. Zeynəb Paşa tək deyildi; o, bir qadın cəbhəsinin öncüsü idi.

Zeynəb Paşanın həyatı haqqında bildiklərimiz onu yalnız siyasi bir fiqur kimi deyil, həm də mədəni bir əfsanə kimi anlamağa imkan verir.

Zeynəb Paşanın təsiri təkcə küçə hərəkatları ilə məhdudlaşmadı. Onun mübarizəsi xalq ədəbiyyatına da keçdi. Mirzə Fərrux və Qəhrəman Xətivi kimi şairlər onun və silahdaşlarının qəhrəmanlığını poetik dildə əbədiləşdirdi. Bu, qadın fiqurunun sadəcə məişət və sevgi obyektindən siyasi və poetik subyektə çevrildiyi nadir nümunələrdən biridir. Mirzə Fərruxun məşhur beytindəki “Patavamı bağlayım gəlim” ifadəsi bir çağırışdan çox, bir epoxanın ruhudur.

Müəllif Qəhrəman Xətivinin bu əsərində Zeynəb Paşa obrazı Güney Azərbaycan ədəbiyyatında və mədəni təxəyyülündə yeni bir qadın arxetipini – aktiv, təşkilatçı, sosial şüurlu və üsyankar qadın tipini təqdim edir. Bu obraz, yalnız poetik və tarixi bir fiqur deyil, həm də bir ideya daşıyıcısıdır. Güney ədəbiyyatında qadın qəhrəmanların kişi qəhrəmanlar qədər mərkəzə keçmədiyi bir dövrdə Zeynəb Paşa kimi fiqurlar milli və mədəni özünüdərkin yenilənməsi baxımından önəmli hadisədir.

Bu gün Zeynəb Paşanın obrazı Güney Azərbaycan qadın poeziyasında, teatrında və çağdaş milli düşüncəsində yeni tonda səslənməkdədir. O, keçmişin deyil, gələcəyin səsini daşıyır. O, tarixdən çıxıb gələn bir kölgə yox, sabaha gedən bir yolun işarəsidir.

Güney Azərbaycan ədəbi mühitində zaman-zaman üzə çıxan əlyazma mənbələri ilə qarşılaşırıq.Belə adlardan biri də mərhum Məşədi Cəlil Dilşikəstə Marağayidir. Əlyazmanı təqdim edib tanıtdıran tanınmış güneyli araşdırmaçı Rza Həmraz“İtkin şairlərimizdən olan marağalı məşədi Cəlil Dilşikəstə” adlı yazısında bildirir ki, Məhəmməd Hüseyn Qabil Nəjadın şəxsi arxivində qorunan, adsız və səhifələnməmiş bu əlyazmanın yazılış üslubu və xəttin gözəlliyi bu materialın dəyərini artırır. Buradakı yazılar sadəcə dini və mərasim məqsədli mətnlər deyil – onlar xalqın dərdini dilə gətirən poetik nümunələrdir.

Əlyazmanın əhəmiyyətli tərəflərindən biri də budur ki, şairin dili, təxəllüsü və poetik üslubu onun hansı ədəbi ənənəyə bağlı olduğunu göstərir. Özünü “dərdli, sınmış, könlü qırıq” bir şair kimi təqdim edən bu təxəllüs, klassik mərsiyə ədəbiyyatında geniş yayılmış təxəllüs tərzinə uyğundur. Onunla yanaşı, “Zəlil”, “Dəlriş”, “Pürgəm”, “Xaksar”, “Qəməri” və bu kimi digər təxəllüslər də oxşar funksiyanı daşıyır: şəxsi dərdi ümumbəşəri hüzndə ifadə etmək.

Əlyazmadakı bayatılar isə Dilşikəstənin poetik düşüncə tərzini aydın göstərir. Onun yazdığı bayatılar forma etibarilə klassik xalq ədəbiyyatı örnəklərinə uyğun gəlsə də, məzmun etibarilə mərsiyə ruhunu daşıyır. Hər bir misrada şəxsi iztirab və ümumbəşəri kədər birləşir:

Əzizim, yaram ağlar,

Yar ağlar, yaram ağlar,

Ürəkdən yaralıyam,

Sızıldar, yaram ağlar.

Əzizim, gələn ağlar,

Gedən ağlar, gələn ağlar,

Bu qəmin çarəsi yox,

Dünyaya gələn ağlar.

Güney azərbaycanlı rejissor Cəfər Pənahinin “Bir sadə qəza” ("Yek tasadef sadeh") filmi 78-ci Kann Film Festivalının əsas müsabiqəsində "ən yaxşı bədii film" seçilib.

İran kinosu təkcə bir sənət sahəsi deyil, həm də ideoloji qarşıdurmaların, mədəni təbəddülatların və daxili azadlıq axtarışlarının güzgüsüdür. Bu güzgüdə cəmiyyətin dərinliklərində gizlənmiş sosial ziddiyyətlər, dilə gətirilməyən qorxular və qadağalar öz əksini tapır. Təbrizli ssenarist Gholam-Hossein Saedidən tutmuş, Abbas Kiarostami və Cəfər Pənahiyə qədər uzanan bu xətt təkamül deyil, müqavimət estetikasıdır. Güney azərbaycanlı rejissor Cəfər Pənahi bu xəttin ən cəsur və prinsipial daşıyıcılarından biridir.

Qeyd edək ki, Pənahi 2009-cu ildən bu yana dəfələrlə həbs olunub və ona film çəkmək qadağan edilib. Filmgizli şəkildə çəkilib və dövlət tərəfindən maliyyələşdirilməyib.

2024-cü ildə isə “Bir sadə qəza” (“Yek tasadof sadeh”) filmi ilə Pənahi 78-ci Kann Festivalında “Ən yaxşı bədii film” mükafatını qazandı.

Pənahinin bu uğurları, Güney Azərbaycandan çıxan bir sənətkarın dünya kinosunda azadlıq, qadın hüquqları, sosial bərabərlik və siyasi etiraz mövzularında necə güclü söz sahibi olduğunun sübutudur. Onun filmləri təkcə kino deyil, həm də sənət içində hüquq manifestidir.

Günümüz İran kinosu, xüsusilə, post-inqilab dövründə, müxtəlif istiqamətlərə bölünsə də, Pənahinin estetik və etik xətti bu mənzərədə öz müstəqil yerini qoruyur.G. Saedidən miras qalan bədii dərinlik, Kiarostamidən gələn minimalizm, Məxləbafdan keçən realizm Pənahidə özünəməxsus bir sintezə çevrilir. O, bu sintezlə həm qadağaları pozur, həm də öz kamerası ilə İran cəmiyyətinin üzünə elə bir güzgü tutur ki, bu güzgüdə təkcə fərdlər yox, rejimin özü də görünür.

İnsanlar tarix boyu öz kimliklərini yalnız siyasi təşkilatlanma və ideoloji simvollarla deyil, həm də estetik davranışlar, ictimai ritullər, musiqi, ədəbiyyat və idman vasitəsilə ifadə etmişlər. Bu baxımdan, Təbrizin“Traktor” futbol klubu təkcə bir idman komandası deyil, Güney Azərbaycan türklərinin milli özünüdərkinin, dil və mədəniyyət sevgisinin, həm də əks sistemə qarşı yönəlmiş sivil müqavimətinin canlı və ritmik təzahürüdür.

Bu baxımdan, “Traktor” stadionundakı fəallıq müasir folklor hadisəsi kimi təhlil olunmalıdır. Burada xalq yalnız azarkeş deyil – o, həm də şairdir, aktyordur və yazıçıdır.

Bu ədəbiyyat – siyasi, mədəni və poetik mənada – sənətkarlığın susmadığı bir tarixdir. Onun müqavimət ruhu, milli dirəniş enerjisi və poetik gücü sadəcə Güney Azərbaycana deyil, bütün türk dünyasına və bəşəriyyətə örnək ola biləcək dəyərdir. Ədəbi tarixə bu dövrləri sadəcə “əzab” və ya “təzyiq” dövrü kimi deyil, “yaradıcılıq və vətəndaşlıq qəhrəmanlığı” dövrü kimi daxil etməliyik.

# 214 dəfə oxunub

Oxşar xəbərlər

"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz

"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz

18:39 15 iyul 2025
Fraqmentar təfəkkür - Nizami Bayramlı

Fraqmentar təfəkkür - Nizami Bayramlı

19:00 14 iyul 2025
"Manipulyasiya halları özünü çox gözlətmədi..." - Elnarə Akimova

"Manipulyasiya halları özünü çox gözlətmədi..." - Elnarə Akimova

10:00 13 iyul 2025
Nizaminin "Sirlər xəzinəsi"ndə  ölüm məqamları - Fərid Hüseyn

Nizaminin "Sirlər xəzinəsi"ndə ölüm məqamları - Fərid Hüseyn

09:00 11 iyul 2025
Cenifer Lopezin konsert turu başlanıb

Cenifer Lopezin konsert turu başlanıb

17:30 10 iyul 2025
"Bu hekayə qarpız alverçilərinin etdiyi söhbətləri xatırlatdı mənə" – MÜZAKİRƏ

"Bu hekayə qarpız alverçilərinin etdiyi söhbətləri xatırlatdı mənə" – MÜZAKİRƏ

15:03 9 iyul 2025
#
#
# # #