Ulduzlar get-gedə balacalaşırdı - 30 İLİN HEKAYƏSİ

Ulduzlar get-gedə balacalaşırdı - <span style="color:red;">30 İLİN HEKAYƏSİ
6 yanvar 2016
# 14:17

Kulis Nazim Əhmədlinin “Bürkü” hekayəsini təqdim edir

Otuz il qabaq yazdığım bu hekayə hələ çap olunmayıb.

İşığı söndürmək istədi. Sonra fikrini dəyişdi. Onsuz da yata bilmir. Səhəri gözü açılana qədər çarpayısı ilə tutaşır. Gecə də qurtarmaq bilmir. Aman Allah, adam da bu qədər yuxusuz qalarmı? Yaxşı ki, əsəbləri pozulmur.

Çöldə qaranlıqdı. Həyətlərdəki dirəklərdən asılmış elektrik lampalarının işığı gecənin bağrını yarır... Yaxınlıqdakı limandan qalxan təyyarələrin gurultusu aləmi ağzına alıb. Pəncərənin qabağını ağaclar kəsdiyindən göy üzünün yarısı görünmür. Bayaqdan gözlərini o bir parça göyə dikib. Ulduzlardan biri daha parlaqdır.

Bir azdan həmin o parlaq ulduz onun gözlərini çəkir. Sonra hər şey saralmağa başlayır…

…buludlar qaralıb… dağların zirvələri baş-başa dayanıb. Ay göyün tən ortasından baxır. Ayın üzünə elə bil kölgə yapışdırıblar. Elə bil kölgə kimi adamlar da ayın üstünə cumurlar, əllərində də külüng. Ay da yavaş – yavaş saralmağa başlayır. Aman Allah, bu nədir, yoxsa Ayı parçalamaq istəyirlər? Lənətə gələsiniz! Həmin o kölgə kimi adamların içində bir zırpısı hərdən Yerə, yatmış kəndə baxıb dişlərini ağardır. Sonra o kölgə kimi adamlar siçovula oxşamağa başlayır.

Sonra, daha sonra…

Sonra Aydan mis səsi gəlir. Elə bil külünglə Ayı çapılır. Sonra siçovula oxşar adamlar çoxalmağa başlayır. Ayın ətrafında dövrə vururlar. Hə, deyəsən onlardan birini tanıdı. Sarı Vəliydi… Sarı Vəlinin külüngü o birilərinkindən daha iri idi. Bir dəfə vuranda Aydan daha uzun şırım açılırdı. Qışqırmaq istədi… səsi batmışdı: - Əlin qurusun, qolun sın… öz qışqırtısına oyandı…

- Aman Allah, belə də isti olarmı?

İşığı söndürüb yerinə girdi. Qollarını və kürəyini tər aparırdı. Başı isti kösöy kimiydi. İstədi soyuducudan suyu götürüb başına çəkə, sonra fikrindən vaz keçdi. Üstünə örtdüyü mələfəni çarpayının başına atıb uzandı. Yarıaçıq pəncərəni ayağının ucuynan itələyib açdı. Yüngül meh kürəyini, çiyinlərini yaladı. Uzandığı yerdə xoşhallandı. Göyün üzündəki o parlaq ulduz bir az da irilmişdi, işığı da artmışdı.

- Lənət sənə şeytan, bu sarı Vəli hardan peyda oldu. Bu boyda dünyada adam tapılmadı bəyəm? Nəyə gəlmişdi, nə istəyirdi bu yüz ilin ölüsü? Gorbagor olmuş, sağlığında daş atmadığı çəpər qalmadı. İndi də ölüsü əl çəkmir.

Gorun çatdasın, sarı Vəli!

Gözünü yumdu ki, yata. Hardaydı o xoşbəxtlik, yuxusu bir tikə əppək olub göyə çəkilmişdi. Həmin o parlaq ulduz da mıxlanmışdı ulduzların arasına. İşığı da hamısından çox…

İnstitutu bitirdiyi iki ay olardı, hələ də işləmirdi. Lənətə gəlsin pis adamları, elə deyirlər «yer yoxdur». Gərək elə bu «yer yoxdur» onun bəxtinə düşəydi? Onsuz da onunku əvvəldən gətirmir. Arzusunda olduğu şeylərin hamısı çətinliklə düzəlir. Bir sözlə çörəyi daşdan çıxır (ancaq hələ heç çörək qazanmayıb axı, Allah atasının canını sağ eləsin, əlini çörəyə çatdırır). Ey, nə olsun, çalış, vuruş, sonra da qəbir. Nə qəbir? Qəbir nədi? Son vaxtlar qara fikirlər başından çıxmır. Yaxşısı budur ki, heç nə haqqında fikirləşməyəsən. Ancaq fikirləşməyəndə də olmur. Yaşamaq üçün gərək fikirləşəsən. Ayaq tərəfinə atdığı mələfəynən sinəsinin tərini sildi. Sol əli ilə alnına qonan ağcaqanadı vurdu. Ovcunun içi nəm oldu. Bildi ki, ağcaqanad o söz… rahat nəfəs aldı. Pəncərələrə nazik cuna tutulduğundan evdə ağcaqanad olmurdu. Bu «yazıq» yəqin cunanın deşiyindən girib. Qan sormaq istəyinə soğan doğrandı. İndiyə qədər sorduqlarının hamısı burnundan gəldi.

Yuxusu gəlsə, bir az yatardı. Elə bil canında yüz ilin yuxusu var idi. Neyləsin, axşama qədər küçələrdən yığışmır. Adamı nə qədər get-gələ salmaq olar?.. Bunun axırı nə olacaq görən. Adam lap üzülür. Yaxşı deyiblər, gündüzlər gəzər obanı, axşam ağrıyar dabanı. Elə haçan sədrin qəbuluna gedir, qapının ağzında oturan qız əzilə-əzilə:

- Bu gün qabul elamiyacək, - deyib, qıp-qırmızı boyaqlı dodaqlarını büzür. Canın çıxsın sənin elamiyacək, nə elamiyacək? Dili dönmür nədi, ermənisən, nəsən, gedib ölə bilmirsənmi? Nolar sabah da gələr, iki aydı hər gün «sabah gələr, sabah gələr» noldu? Ancaq bu gəl-getlər onun axırına çıxacaq. Bu qız da lap dəymə-düşərdi. Adam görəndə başı oynayır. Xarici görünüşdən şəhərin adi qızlarına oxşayır; saçları, gözləri, qaşları, nə bilim daha nəyi… Canı yanmışların xəmiri elə bil bir ləyəndə yoğrulub. Hamısının da əli ağ-appaqdı, yamanca da nazlanırlar bu ciyəri pörşülənmişlər. «Qabul elamiyacək!» Qəbul eləmiyəcək deyən dilin haçan dönüb «qəbul eləyəcək» deyəcək… adam balası kimi danış da… Nə isə… cəhənnəm olsun hər şey…

Yenə pəncərənin yuxarısından göyün görünən hissəsinə baxdı. Ulduzlar çox parlaq olduğundan bildi ki, gecə yarıdan ötüb. Yəqin səhərə az qalıb. Bəs niyə yata bilmir? Bəlkə əsəbləri pozulub? Sabah həkim yanına gedər, bir əməlli-başlı yoxladar özünü. Heç səhər, açılırmı ki, görə də nə iş görür. İstədi qışqıra, lap ucadan qışqıra, səsini ulduzlar eşidə. Qışqırıb deyə ki, ey bu gecənin səhəri, açıl! Sonra fikirləşdi ki, səhər açılacaq, o biri səhər də açılacaq. Hələ bu dünyada çox səhərlər açılacaq. Və bu səhərlərin birində də o işə gedəcək, axşam işdən qayıdanda oğluna da bir oyuncaq maşın alıb gətirəcək... Yenə göyə baxdı. Gözü Ayı axtarırdı. Ay nə gəzirdi. Yadına bir mahnı düşdü.

Evlərinin dalı qaya,

Qayadan baxarlar Aya…

Nə xoşbəxt imişlər, evləri varmış, dalında da qaya, oradan da Aya baxarmışlar. Deyəsən mürgüləyir. Hə, yatsa yaxşı olar. Gözlərini tavana zillədi…

…elə bil tavan aşağı enirdi. Divarlar otağın içinə sarı sıxılırdı. Lap ulduzların yanından ağ bir şey uçurdu ona sarı. Bir az sonra həmin o ağ şey pəncərəyə yaxınlaşıb içəri düşdü. Elə bildi işıqdı, sonra gördü ki, yox, həmin o katibə qızdı, qanadları da var. Qanadlı qız onun çarpayısının baş tərəfinə qonub pıçıltı ilə dedi:

- Qaşanq oqlan necasan? – və uçub getdi. Diksinib gözlərini açdı.

Deyəsən, onu qara basır. Gurultu aləmi ağzına almışdı. Təyyarəydi, limandan qalxırdı. Əşi, bu təyyarələr də lap adamın zəhləsini tökür. Qardaşı da gəlib ev kirayə eləyib. Səhərə qədər motor zırıltısından qulaq tutulur. Başından elə bil bulaq açılmışdı. Selin-suyun içindəydi. Mələfəynən tərini silib uzandı.

Anası yadına düşdü. «Balam ev çörəyi yemir» kəlməsi qulaqlarında cingildədi. Birinci sinfə gedəndən şəhərə gəlib nənəsinin yanında qalmağa, nənəsi onu «oğulluğa» götürmək istəyirdi. Ona görə də, anası ona həmişə «atam oğlu qardaşım» deyib oxşayardı. Deyirdi ki, sən mənim qardaş payımsan. Nənəsinə qismət olmadı onu oğulluğa götürmək. Yazıq arvad deyirdi ki, məktəbi qurtaran kimi səni evləndirəcəyəm. Sonra oxuyarsan. Gündə on dəfə «sənə qurban olum» deyərdi. Əri müharibədə ağır yara alandan sonra qayıdıb ölmüşdü. Onda nənəsinin on doqquz, iyirmi yaşı ancaq olardı. Özünün dediyi kimi, qırmızı gəlin imiş, qalıb başı kəsik. Elə o vaxtdan da ərə getməyib, iki yetim qız uşağını qara günnən böyüdüb. Müharibə illəri kürəyində iyirmi beş girvənkəlik neft şüşəsi, qurşağında xəncər rayon mərkəzindən kəndə qızlarının yanına nəfəsiyanıq qaçarmış, özü də gecəynən. Nənəsi deyirdi ki, müharibə illəri dağlar, dərələr qurd-quşnan dolmuşdu. Vallah, arvad qurd ürəyi yeyibmiş. Neyləyəydi, damın altında iki yetim gözləyirdi. Sonra qızlarını yaxşı-pis böyütdü, ərə verdi, özü qaldı tək. Deyirdi ki, daşdan yaranmışam, yoxsa canım çoxdan puç olmuşdu. Həmişə də iki misralıq bir şeir oxuyardı…

Gəlin nənən, qız nənən,

Qalıbdı yalqız nənən.

O isə deyərdi – can nənə, bəyəm mən ölmüşəm, sən yalqız qalasan… Sağlıq olsun, əlim çörəyə çatar, səni saxlayaram, ürəyini sıxma. Yazıq arvad öləndə çığıra-çığıra öldü. Heç əlli yaşı yoxuydu. Bütün arzuları gözündə qaldı. Lənətə gəlsin bu xərçəng xəstəliyini.

Çöldə küçə və həyat işıqlarından qaçan qaranlıq küncə-bucağa, ağacların altına soxulub. Onun yatdığı otağa da qaranlıq dolub. İsti də lap zəhləsini töküb. Belə də hava olarmı, adam az qalır boğulsun. Nə yatmaq mümkündür, nə durmaq. Sabah oğlunun bir yaşı tamam olacaq, o isə burda uzanıb dünyanın altını üstünə çevirir, üstünü altına. Körpə indi ayaq açıb yeriyir. Görən onu tanıyacaqmı? Axı harda görüb ki, tanıya da: uşaq anadan olan kimi o Moskvaya gedib, onda institutun sonuncu kursundaydı. İndi olsun ata demək öyrənib. Eh, uşaqlar dünyanı nə bilir axı… Mən nə gördüm səndə ay dünya? Yaşım otuzu ötüb oxumağı təzə qurtarmışam elə bilirdim elə o saat da əlim çörəyə çatacaq, sən demə oxumaq – zad boş şeymiş. Hamısından yaxşı elə fəhləlik eləməkdi. Sonra fikirləşdi ki, əşi fəhləliyin də ayrı dərdləri var. Lənətə gəlsin bu istini, avqust girəndən Bakının gecəsi – gündüzü yanır. Adam lap üzülür. Cəhənnəmə olsun hər şey. Bir neçə günlüyə rayona getsə yaxşı olardı. Uşağı görər, anasına baş çəkərdi. Bir az hər şeyi unudardı. Bəlkə sabah çimərliyə gedə! Onsuz da sabah o, meymuna oxşar qız yenə «sadr maşquldu» - deyəcək. Yaxşısı budu getsin dənizə, dəniz gözəldi. Hamıya qoynunda yer verir. Dənizi ilk dəfə on il qabaq şəhərə gələndə görüb. Onda saatlarla sahildə oturub dənizə baxardı. Qağayılara baxmaqdan ötəri ürəyi gedirdi.

Bir az qəribsədi. Quzu nobatına getdiyi vaxtlar yadına düşdü. Onda uşağıydı, elə bilirdi ki, göylər dağların başında yerə birləşir. Ordan əl uzatsan göyə çatasıdı… Sonralar şəhərə – nənəsinin yanına gedəndə baxdı ki, göylər genişdi, əl-zad çatası deyil. Eh, uşaq vaxtı adam çox şeyləri bilmir.

Qalxıb pəncərədən boylandı. Göyün görünən hissəsində ulduz-ulduzu çağırırdı. O parlaq ulduzu axtarırdı, nə gəzirdi? Elə bil göy üzünün işığı bir az azalmışdı. Hardaydı, o parlaq ulduz? Bəlkə heç elə ulduz olmayıb? Yəqin uçub getdi… Görən kimin taleyinə döğmuşdu, kimin taleyindən uçdu?… Aman Allah, göyün içi alışıb yanır…

Yox, deyəsən yata bilməyəcək. İlan vuran olsaydı, indi çoxdan yatmışdı. Başından açılan sel-su yastığını tamam islatmışdı. Yastığı o bir üzünə çevirdi. Bircə gözlərindəki ağrı çəkilsəydi… Yəqin idi ki, yatardı. Onun tayları başını yerə qoyan kimi div yuxusuna gedir. Bəs ona nə olub? Kaş orda olaydı, ulduzların yanında. Ordan bu dünyaya baxardı. Qardaşının kirayə qaldığı bu balaca otağa, Bakının küçələrinə, Qız qalasına baxardı… Sonra da kəndlərinə, hər yana, hər yana baxardı… Və oradan qışqırardı, elə qışqırardı ki…

…Qayıdıb uzandı. Ulduzlar get-gedə saralıb balacalaşırdı.

1986

# 1195 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #