Orxan Pamuk: “Türkiyə təpədən-dırnağa islam ölkəsidir” MÜSAHİBƏ

Orxan Pamuk: “Türkiyə təpədən-dırnağa islam ölkəsidir” MÜSAHİBƏ
21 dekabr 2012
# 13:44

Çağdaş Türkiyənin ən tanınmış yazarı sayılan Orxan Pamuk bir neçə romanın və beynəlxalq mətbuatda çap olunmuş xeyli məqalənin müəllifidir. Romanları Avropanın, demək olar ki, bütün dillərinə çevrilib. ²Mənim adım Qırmızı² romanının ingiliscəyə çevirisi isə Dublin ədəbi mükafatına layiq görülüb. Türkiyə qəzetləri tez-tez Pamukun ayrı-ayrı fikirlərindən sitatlar gətirirlər. Yazarın geniş ictimaiyyətə yönəlik hər bir çıxışı həm mətbuatda, həm də İstanbulun park və qəhvəxanalarında qızğın mübahisələr doğurur.

Yazarın şəxsiyyəti ilə bağlı bu qalmaqallar iki məqamdan qaynaqlanır. Əvvəla, ona görə ki, Pamuk – nəhəng yazıçıdır və son onilliklər ərzində Türkiyənin heç bir qələm sahibi onun qədər beynəlxalq şöhrət qazana bilməyib. İkinci məqam isə Türkiyədəki iqtisadi-siyasi durumla bağlıdır, buna görə də orada yazıçı sözünə hələ də böyük əhəmiyyət verilir. Bunu siz müsahibədən öyrənəcəksiniz.

Rus oxucusu isə ²İnostrannaya literatura² jurnalının səhifələrində çap olunmuş ²Qara kitab² (№ 6 - 1999) və ²Mənim adım Qırmızı² (№ 9 - 2001) romanları sayəsində Pamukun yaradıcılığıyla tanış olma imkanı qazanmışdır. ²Amfora² nəşriyyatında ayrıca kitab şəklində çap olunan bu romanlar ötəri, hazırlıqsız oxucular arasında da Pamuk yaradıcılığına maraq doğurmuşdu.

Yazarla görüşümüz 2003-cü ilin yayında Prins adalarından birində baş tutdu. Orxan Pamuk uzun illərdir yay mövsümünü buralarda, öz yay evindəki yazı masası arxasında keçirir.

- Türk dilindən gözəl çevirilər müəllifi Vera Feonova bu yay vəfat elədi. Onu necə xatırlayırsınız?

- Hər şeydən öncə o, yüksək səviyyəli ziyalı idi. Bundan əlavə, altmışıncı illərdən tutmuş ta bu günlərə qədərki dövrü əhatə edən Türk ədəbiyyatından xeyli çeviriləri var. Sovet dövründən sonrakı yazarlardan, məncə, ilk müəllif kimi isə məni tərcih etmişdi. Xatirimdə son dərəcə istiqanlı birisi kimi qalıb. Kitablarımı həvəslə çevirdiyinin fərqindəydim. Son dövrdə isə Osmanlı imperatorluğu barədə irihəcmli kitabın çevirisiylə məşğul idi və onun bu işdən çox da məmnun olmadığını sezmişdim. O, ədəbi mətnlərlə işləməyi xoşlayırdı. Mənim «Ağ qala» adlı romanımı çevirmək barədə düşünürdü. Başqa nə deyim? O, dəyərli bir insan idi, ömrü uzunu başı çox bəlalar çəkmişdi, həyatın hər üzünü görmüşdü. Onun ölüm xəbərindən isə hədsiz üzüldüm.

- Onun son çevirilərindən biri sizin «Mənim adım Qırmızı» romanınız oldu. Sizdə kitabın rusca nüsxəsi varmı?

- Hə, var. Kitabın qırmızı rəngli qapağında nə təsvir olunduğu heç cür bəlli olmur. Yeri gəlmişkən, soruşum: bu kitaba rus oxucularının reaksiyası necə oldu?

- Kitab bəyənildi, amma tənqidçilərdən heç kim bu bəyənmənin səbəbini açıqlaya bilmədi. Ümumiyyətlə, belə bir roman yazma ideyası sizdə necə yarandı?

- Bu, son dərəcə uzun və qarmaqarışıq bir əhvalatdır. Bəri başdan deyim ki, yeddi yaşımdan 22 yaşıma kimi hər kəs mənim rəssam olacağımı sanırdı. Yəni ömrümün 15 ili boyu hamı görkəmli rəssam olacağımı mənə aşılamışdı. Ailəmizdə hamı texniki təhsil aldığından mən ən azı memar olmalıydım. Elə buna görə də memarlıq təhsili almağa başladım. Amma 22 yaşıma dolanda memarlığı buraxıb, romanlar yazmağa girişdim və onlar işıq üzü gördülər. Otuz yaşın tamamında öz-özümə: «Rəssam ola bilmədim, barı bu mövzuda bir roman yazım» dedim. Çağdaş bir türk rəssamı barədə roman.

Amma əsər üzərində işləyərkən qəhrəmanımın on altıncı yüzildə, yəni Osmanlı imperatorluğunun çiçəkləndiyi dövrdə yaşamış bir rəssam olmasını daha uyğun saydım. Həm də kitabı sırf roman kimi yox, bir rəssam barədə bədii monoqrafiya kimi yazmaq fikrindəydim. Gərəkli materiallar toplayarkən onu da anladım ki, romanda bir baş qəhrəmanla yetinmək doğru olmayacaq, çünki o dövrün həm İslam, həm də Avropa incəsənətində rəssamlar yaradıcılıqla təkbaşına məşğul olmayıblar. O zəmanə – qruplar zəmanəsi idi. Buna görə də mən rəssamlar qrupu və ya emalatxanası barədə yazmaq qərarına gəldim. Bu isə öz növbəsində romanı polifonikləşdirmə imkanı yaratdı.

Əsərdəki əhvalatlar bir neçə surət tərəfindən nağıl olunur. Bundan əlavə, mən süjetə Umberto Ekonun «Qızılgülün adı» romanı ruhunda detektiv məcra da verdim. Bu da sübut edir ki, mən yetərincə iddialı birisiyəm. Üstəlik, romana təsviri incəsənətin mahiyyəti barədə, habelə Avropa və İslam rəssamlığındakı axınlar haqda düşüncələrimi əlavə elədim.

- Kitab rəfinizdə Ekonun yeni romanı «Baudolino» gözümə sataşdı. Onunla bağlı nələr düşünürsünüz?

- Hələlik onu oxumağa macal tapmamışam. Həm də ki Ekonu türk dilinə çevirən adam eyni zamanda mənim əsərlərimin italyancaya çevirilərinin müəllifidir. Ona görə də…

- Ekonun sizin romanlarınıza təsirini etiraf edirsinizmi?

- «Təsir» sözü burada yetərsizdir, yeri gələndə, mən bəzi şeyləri ondan çırpışdırıram da. Təsir isə daha çox beyinin durumu ilə bağlıdır: bu – başqasının dahiliyinə heyran qalmadır, hətta belə demək mümkünsə, o dahi tərəfindən əzilməkdir. Bütün bunları ona görə dilə gətirirəm ki, özüm də bir vaxtlar, həm də uzun müddət Tomas Mannın təsiri altında bulunmuşam. O zamanlar məndə belə bir qənaət vardı ki, Mannın romanları – yazı sənətinin ideal örnəkləridir, vəssalam. Romandakı mühiti düzənləməyi də mən ondan öyrənmişəm. Bu, bir növ qarabasma effekti bağışlamalıdır. Bir başqa yazı tərzini o vaxtlar heç ağlıma da gətirmirdim. Hərçənd sonralar yanıldığımı anladım.

- Elə isə, sizi Ekodan nə fərqləndirir?

- Hər ikimiz tarixi-detektiv janra hər hansı dəxli olmayan məqamları açıqlayarkən məhz bu janrda roman yazırıq. Eko bunu tarix üçün, dili yaşatmaq üçün edirsə, mənim romanımdan məqsəd – yaradıcı insanın psixologiyasını açmaqdır. «Mənim adım Qırmızı»nı yazanda mən bir yazar kimi artıq yetkinləşmişdim. Məni yaradıcılığın psixologiyası və sosiologiyası maraqlandırırdı. Mətnlər və ya rəsmlər kimdən ötrü yaradılır? Kim və nə üçün bizə bunun haqqını ödəyir? Yaradıcılıq həsədi nə deməkdir? Rəqabətmi? «Öz üslubu» və ya «öz səsi» olmaq nə deməkdir? Bəs onda uğur nədir?

- Bir oxucu kimi etiraf etməliyəm ki, «Mənim adım Qırmızı»dakı detektiv məqamlar məni daha az cəlb elədi. Ekonu oxuyanda isə bu, belə olmur. Üslub məsələlərinə gələndə isə…

- Bu barədə haqlısınız!

- Elə isə üslub məsələlərinə keçək. İstanbulun kitab mağazalarında sizin «Qar» adlı yeni romanınız satılır. Türkiyəli tanışlarım bu kitabın onlarda bir elə dərin təəssürat buraxmadığını söyləsələr də, onun dil üslubunu bəyəndiklərini etiraf etdilər.

- Qəribədir! Adətən oxucular əsərlərimin dilindən şikayətlənirlər. Razıyam, mən barokko üslubunda və ya Prustunkulara bənzər uzun cümlələrlə yazıram. Bu özəlliyim məni daha öncəki nəsil türk yazarlarından xeyli dərəcədə fərqləndirir, çünki onlar bədiiliklə bağlı olmayan səbəblər üzündən Heminqueyin və Steynbekin teleqraf (=teleqram) üslubunu özlərinə örnək seçmişdilər. Bəli, hər şey bundan qaynaqlanır. Amma üslub elə bir məsələdir ki, onun seçimi yarı-yarıya şüursuz baş verir. O – sənin davamındır və bunu heç cür dəyişə bilməzsən.

Üslub – romanda sənin fizioloji səviyyədə varlığını sübut edən bir şeydir. Qurduğun cümlə, onun oxucuya verdiyi yön və vardığı nəticədir bu, yeri gələndə. Cümləni qurmağa başlayan yazar onun sonluğunu oxucu üçün gözlənilməz etməlidir. Cümlənin içində daxili simmetriya onun necə bitəcəyindən xəbər verirsə, onda bu həm mənim üçün, həm də oxucu üçün maraqsızlaşır. Bu – mənim prinsipimdir: yazdığım uzun-uzadı cümlələrin hər birinə gözlənilməz sürpriz qoyuram.

- Sizcə, belə bir yanaşım anaxronizm yaratmır ki? Məsələn, Avropada və ya Amerikada yazı üslubu çox yığcamdır, səlisdir. Elə Rusiyanın özündə də «qəzet üslubu»na böyük maraq gündəmdədir. Siz isə durub, Prustu yamsılayırsınız.

- Yox, anaxronizm yaranmır. Amma hər şeyə rəğmən, Qərbdəki naşirlərin bununla bağlı iradları saysız-hesabsızdır. Onlar elə hey deyirlər ki, əgər mətni orijinaldakı kimi saxlasalar, «qəzet üslubu»na alışan oxucularını itirəcəklər. İngilis dilində cümlələr bunca uzun və belə ağır ola bilməz. «Bəs onda Nabokovu və Henri Ceymsi necə çap edirsiniz?» deyə soruşanda onlardan: «Amma o cür indi heç kim yazmır axı» cavabını alıram. Beləcə, mübahisə edirik. Çevirmənlər hətta cümlələrimin uzunluğunu qorusalar belə, çox vaxt onları sadələşdirməyə can atırlar.

- Gəlin, onda sizin təsvir üslubunuz üçün bir analoq tapaq.

- Belə deyək də. Bu mənada gerçək analoq – «Mənim adım Qırmızı» romanında bizim rəssamların Çin təsviri sənəti barədə yürütdükləri fikirlər ola bilər. Çin miniatürünü gözdən keçirən rəssam Qaraya elə gəlir ki, təsvir olunan evlərin damlarını, onların arxasındakı tarlaları, qarlı dağları və onların üzərindəki buludları formalaşdıran xətlər sanki bir-birindən yapışmaqla, zamanla bir-birinə keçməklə anlaşılmaz bir bütünlüyü ortaya qoyurlar. Mənim cümlələrim də eynən onlara bənzəyirlər.

- 2002-ci ildə tamamladığınız «Qar» romanına qayıdaq. Əsər nədən bəhs edir?

- Məncə, birinci və sonuncu siyasi romanım olan bu əsər gözlənildiyindən çox hay-küy doğurdu. Əsərdəki hadisələr Türkiyənin cənub-şərqindəki Qars şəhərində cərəyan edir. Bir vaxtlar, yəni XIX yüzildə şəhər rusların əlində olub. Orada vaxtaşırı qar yağır. Mən də əsərdə ətraf dünyadan qar yağımlarıyla təcrid olunmuş bir şəhəri təsvir etməliydim. Vaxtilə Qars Türkiyənin ən önəmli on şəhərindən biri sayılırdı, çünki İkinci Dünya savaşı dönəmində Rusiya (SSRİ) ilə ticarət məhz Qars ərazisində aparılırdı. İndi isə bu şəhər tamam unudulub, əhalisi işsizliyə və dilənçiliyə məhkumdur.

Buna rəğmən, şəhərin özü əsl muzeyi xatırladır. Hələ də orada rusların inşa etdiyi evlərə, yəni Cümhuriyyətin ilk illərində tikilən binalara rastlamaq mümkündür. İllərdən bəri orada heç nə dəyişməyib. Total anaxronizmdir! Mənə elə gəldi ki, Qars – Türkiyə üçün ideal metaforadır, türk mikrokosmunun aşkar örnəyidir. Əgər buna etnik zənginliyi, orada yaşayan kürdləri, azərbaycanlıları, türkləri, çox az saylı rusları və almanları (onları uzun illər öncə Rusiya hökuməti hansısa tarixi səbəblər üzündən Qarsa sürgün edibmiş) da buraya əlavə etsək, qarşınızda siyasi roman üçün ideal bir dekorasiya peyda olar.

- Anladığım qədəriylə, əsas mübahisə romanda «siyasi islam» nümayəndələrinin təsvir olunmasından qaynaqlanır. Bizim oxucuların bu söz birləşməsini ilk dəfə eşitdiyini nəzərə alıb, onu bir neçə kəlmə ilə açıqlayarsınızmı?

- Okey. İslamı əldə bir bayraq, bir vasitə etməklə hakimiyyətə gəlməyə çalışan siyasi partiyalardan söz düşəndə adətən Qərb alimləri və qəzetçiləri «siyasi islam» terminindən yararlanırlar. Çağdaş Türkiyədə islamçıların tərəf müqabili - dövlət və ordudur. Türkiyədəki mövcud laiqlik (=dinin dövlət işlərinə qarışmaması və ayrıca mövcud olması – A.Y.) ənənəsini yaşadan bu iki qüvvə ictimai sferada və dövlət idarəçiliyində islamın öz nüfuzunu artırmasına əsla imkan vermir. Bir az bəsit şəkildə desək, ordu və iqtidar strukturları ictimai həyatda və dövlət sektorunda fəal olan qadınların hicaba riayət etməsinə də hər vəchlə qarşı çıxırlar.

- Bəs sizin bu məsələyə yanaşımınız necədir?

- Məsələ burasındadır ki, mənim ailəm həmişə Qərbə meyilli olub. Hər mənada cümhuriyyətçi olan ailəm ənənəvi kübarlıq dəyərlərinə, yəni liberallığa, sekulyarlığa açıq olduğundan daim başqa mədəniyyətləri öyrənməyə can atıb. Buna görə də mən Qərbə meyilli birisi kimi böyümüşəm. «Qərbçi» türk olaraq mən Türkiyənin laiq dövlət olmasını hər barədə dəstəkləyirəm. Digər tərəfdən isə, islamçıların təqib olunmasını da cümhuriyyətin bizə verdiyi demokratiyanın pozulması sayıram. Dövlətimizin Kiprlə və kürdlərlə bağlı yeritdiyi siyasət də demokratiyaya ziddir. Bütün bunlar Türkiyənin üzvlüyünə can atdığı Avropa Birliyini heç cür qane etmir.

- Bəs bu gün vəziyyət necədir?

- Bu gün islamçılar son dərəcə güclüdürlər. Ən qəribəsi də odur ki, onlar dövlət quruculuğunda demokratik prinsiplərin qorunmasında israrlıdırlar. Sadəcə olaraq, indi dövlət ondan qorxur ki, bunlar hakimiyyətə gəlsələr, hər sahədə islam qaydaları qoyacaqlar və iş bitəcək.

- Ən qızğın mübahisələr hansı mövzuları əhatə edir?

- İslamda hər zaman olduğu kimi – qadın mövzusunu. Qadınların hər problemini, yəni geyimini və davranışını – kişilər həll etmək istəyirlər. Sizcə də, bu, bir az qəribə çıxmır ki? Qadınlar barədə hərbçilər və islamçılar dil-dil ötsələr də, onların həyat tərzi dəyişmir ki, dəyişmir.

- Sizinlə görüşümüzdən öncə mən Türkiyəni dolaşdım, müxtəlif insanlarla söhbətlər sonrası belə bir qənaətə gəldim: zahirən kübar və Avropasayağı görünməsinə rəğmən, Türkiyə – doxsan doqquz faizlik islam ölkəsidir. Bəlkə yanılıram?

- Haqlısınız, Türkiyə – təpədən-dırnağa islam ölkəsidir. Belə bir qənaətə gəlməkdə siz son dərəcə haqlısınız! Sosioloji sorğuların yekunlarına baxın – ölkədəki qadınların yetmiş beş faizi könüllü şəkildə gündəlik həyatda hicaba, yəni qapanmağa hazırdır. Bunun səbəbi – xalqın öz dininin siyasi alətə çevrilməsindən usanmasıdır. Xalq nə ordunun, nə də dinin əleyhinədir. Xalq ölkənin öz-özüylə didişməsindən, içəridən aşınmasından artıq cana yığılıb. Demək istədiyim də budur.

- Bu durumdan bir çıxış yolu varmı?

- Məncə, bütün bunları hədsiz dərəcədə gərginləşdirməyə hacət yoxdur. Sadəcə seçkilərdə çox səs toplamaqdan ötrü «laiqlik» və «islam» anlayışlarından imtina etmək yetərlidir. Bu, şəxsən mənim mövqeyimdir.

- Bax, siz deyirsiniz ki, ölkəniz tam mənada islamçıdır. Mən isə milli televiziya kanalınız da daxil, yerli telekanallarda yarıçılpaq qızların estradada çıxışlarının şahidi oldum.

- Ola bilər, amma məsələ burasındadır ki, bu qızların toplumumuzdakı yeri onların Avropada və Amerikadakı həmməsləklərininkindən köklü surətdə fərqlənir və son dərəcə acınacaqlıdır. Başqa sözlə, heç bir normal ana oğlunun belə bir qızla adam arasına çıxmasını və ya ən betəri, evlənməsini istəməz.

- Bayaq vurğuladınız ki, yeniyetməlik çağlarınızda memar olmaq istəyirdiniz. Türkiyədə ikən mən XVI yüzil Osmanlı imperatorluğunun ən məşhur memarı Sinan barədə materiallar toplayıram. Onun əsərlərində sizə hansı özəllik daha maraqlı gəlir?

- Sinan öz memarlıq üslubunu günbəzlərlə yaradıb. Sinanın bir memar kimi zövqü Səlcuq memarlığı ruhunda, yəni çoxsaylı və xırda günbəzlər üslubunda formalaşsa da, o, Ədirnədə tikdiyi sonuncu məsciddə tək və nəhəng günbəzi səkkizguşəli təməl üzərinə oturdub. Sanki Sinan namaz qılanlar üçün maksimum dərəcədə iri məkanların üzərini örtməyi özünə hədəf seçibmiş. Bununla o, öz sifarişçilərinin, əsasən də o zamankı sultanın əzəmətini nəzərə çarpdırırdı. Buna görə də Sinanın həyat tarixçəsi - hər şeydən əvvəl, günbəzin ilahiləşdirilməsi, ön plana çıxarılmasıdır.

Bir yazar kimi mən onun bioqrafiyasını araşdırmağa daha böyük ehtiyac duyuram, çünki Sinan barədə çox şey hələ də sirlərlə örtülüdür. Necə olub ki, adi kəndli balası sarayın baş memarı vəzifəsini tutub? Onun qurduğu şirkət – bəli, biz onun qurduğu heyəti dünyanın məscidlər üzrə ixtisaslaşan ilk inşaat şirkəti sayırıq – nəyin hesabına belə dəqiq çalışırmış? Eyni vaxtda həm sarayda, həm də istehsalatda çalışan bu insan öz dahiyanə ideyalarını uğurla gerçəkləşdirməyə necə imkan tapırmış? Bax, vacib məqam bunlardır…

«Mənim adım Qırmızı» romanını yazanda məni daha çox sənətdə rəqabət, qazanc və üslub məsələləri maraqlandırırdı. Həm də oradakı rəssamlar ikinci dərəcəli surətlərdir. Keçmişdə xəttatlara həmişə daha yüksək dəyər verilirdi, rəssamlara isə səhifənin boş qisimlərini naxışlarla, nadir hallarda isə rəsmlərlə doldurmaq tapşırılırdı. Buna görə də Şərqli rəssamlara aşağılıq kompleksi xas imiş. Sinan isə yüzillər boyu yaşayacaq incilər yaratdığını yaxşı bilirdi və özünə qiymət verməyi bacarırdı. Ondan sonra imperatorluqda heç kim elə nəhəng işlər görə bilmədi.

- Masanızdakı o əlyazma nədir elə?

- Hazırda mən iki kitab üzərində çalışıram. Bunlardan biri – böyük layihənin bir parçasıdır. Belə qərara gəlmişəm ki, hər on ildən bir «böyük kitab» yazım.

- İndiyədək yazdıqlarınız da «böyük kitablar» idi?

- İlk romanım, «Cövdət bəy və oğulları», Tomas Mann ruhunda idi. Sonra «Qara kitab» və «Mənim adım Qırmızı» araya-ərsəyə gəldi. Bu dördüncü kitabım 2004-cü ilin sonu, 2005-ci ilin əvvəllərində işıq üzü görəcək. Adı «Məsumiyyət muzeyi» olacaq bu kitabla bağlı hələlik danışmaq istəməzdim, çünki indilik onun üzərində işimi dayandırıb, İstanbul barədə kitab yazmağa girişmişəm. Beynəlxalq aləmdə şöhrət qazanandan sonra mən bu şəhər barədə yazdığım məqalələri bir arada toplayıb, ayrıca kitab şəklində çap etdirdim. Kitab çox uğurlu alındığından mən indi ikinci kitabı və ya birinci kitabın fərqli versiyasını yaradıram. Şəhərlə bağlı bilgilərə onunla bağlı öz yaşantılarımı, 22 yaşa qədərki xatirələrimi də əlavə edirəm.

Axı, mən İstanbulda böyümüşəm. Əslinə qalanda, bütün bunlar - mənim bioqrafiyamdan daha çox - bu və ya digər həyat məsələləriylə bağlı baxışlarımın, düşüncələrimin, cinsəlliyimin, atamla və çevrəmdəkilərlə münasibətlərimin formalaşma tarixçəsidir. Bu kitabın son cümləsi belə səslənəcək: «Məhz onda anladım ki, mən memar yox, yazıçı olacağam».

Birbaşa şəhərlə bağlı bölümlərdə belə bir prinsipi əsas götürmüşəm: mənim məqsədim – şəhəri başqalarının və şəhərin öz-özünü necə gördüyünü oxucuya göstərməkdir. Çünki İstanbul barədə bir çox Avropa yazarlarının (məsələn, Nervalın və Qotyenin) məntləri türk yazarlarına son dərəcə dərin təsir bağışlayıb və onlar da bu şəhəri fərqli şəkildə alqılayıblar. Beləcə, şəhər dəyişimlərə uğrayıb. Bütün bunlar, məncə, çox maraqlıdır.

- Sizə görə, İstanbulun obrazı necədir?

- Bu - siyah-bəyaz bir şəhərdir və orada durmadan qar yağır. Mənim İstanbulumda daim qar yağır. Hər yanını həsrət bürüyüb. Mənim İstanbulum çox melanxolikdir.

- Hərdən adama elə gəlir ki, zahirən səs-küylü və qarmaqarışıq İstanbul həyatında hansısa bir boşluq, çarəsizlik hakimdir. Siz belə düşünmürsünüz ki?

- Dediyiniz o boşluq hissi və ya sadəcə boşluq həqiqətən bu şəhərə xasdır. Bəlkə də buna «melanxoliya, atılmışlıq, məğlubiyyət hissi» demək daha doğru olardı. Vaxtilə, Osmanlı dönəmində, bu şəhər o dərəcədə əzəmətli, cah-cəlallı, ehtişamlı, məğrur və yenilməz idi ki, o çağlarla müqayisədə indiki durumu xeyli solğundur. Bu yeni çağda İstanbulun qəmi, hüznü və itirilmişliyi də bəlkə bundan qaynaqlanır. O, özü barədə ən adi tənqidi belə güclə, zorla içinə sindirir. Şopenhauer demişkən, bu şəhər iradəsini qeyb edib artıq. Ona görə də bu cür yenilmiş görünür.

- Çağdaş rus ədəbiyyatında İstanbul barədə çox az yazılıb. Bununla belə, İstanbul haqda Brodskinin fərqli yorumlara səbəb olan məşhur bir essesi var. İngiliscə yazılıb. Onun düşüncələri barədə fikirlərinizi açıqlarmısınız?

- Mən biləni, o esse Brodski Nobel ödülü alıb, məşhurlaşandan iki il öncə çap olunub. O zaman alimlik dərəcəsi almaq üçün Nyu-Yorkda olan xanımımla birgə idim və «Qara kitab» romanımı yazırdım. O dövrdə, bir çox türk ziyalısı kimi, mən də bir ruh düşkünlüyünə qapılmışdım, çünki dünyamızın intellektual xəritəsində Türkiyənin adı yox idi.

Həmin vaxt «Nyu-Yorker»də sözügedən esse çap olundu və onda Brodskinin kimliyi barədə mənim hər hansı anlayışım-filan yox idi. Eşitmişdim ki, Amerikada yaşayan bir rus şairidir, vəssalam. Elə ki esseni böyük diqqətlə oxumağa girişdim, keyfimə əməlli başlı soğan doğrandı. Bunun səbəbi heç də Rusiya ilə Türkiyənin total səviyyədə qapalı ölkə olması, qorxunc despotlar tərəfindən idarə olunması, orada hər şeyin köhnəliyi, yeni heç nəyin olmaması deyildi. Xeyr. Özünüz belə bir durumu təsəvvürünüzə gətirin: mən Nyu-Yorkda oturub, İstanbulda keçmişdə baş verən olaylar barədə həsrət dolu bir hekayət yazıram və qəflətən yerli mətbuatda bu şəhəri hədsiz yamanlayan bir yazı işıq üzü görür. Bu üzüntü yazının Brodski tərəfindən yazılmasıyla əsla bağlı deyildi, o vaxt mən onu onsuz da tanımırdım. Bu daha çox «Nyu-Yorker»lə əlaqəliydi, çünki bu jurnal dünya miqyasında yetərincə yüksək nüfuza malikdir. Nəhayət ki, kimsə İstanbulu yada salmışdı. Amma salmasaydı, bundan daha yaxşıydı!

- Siz Brodskinin hansı fikirlərinə qarşı etiraz edərdiniz?

- Brodskinin fikirlərindən daha çox onun bu yanaşımına qarşı çıxardım mən. Bir-iki günlüyünə hansısa şəhərə gələn yad birisinin qədim şəhər və bütöv bir mədəniyyət barədə dəhşətli hökmlər çıxarmağa nə haqqı var?! Üstəlik də, bütün bu qeydlər «Nyu-Yorker»də nəşr olunubsa?! Mən də şəhərin yaxşı və ya pisliyi barədə bir şey demirəm, çünki hər hansı şəhərə bəslənən sevgi, bir qadına olan məhəbbət kimi, hansısa məntiqə söykənməyə də bilər.

Əgər indinin özündə mən İstanbul barədə kitab yazıramsa, bu heç də o demək deyildir ki, ona ancaq təriflər yağdırmalıyam. Hər hansı şəhəri yalnız tərifləmək və ya sadəcə pisləməyin özü də yanlışdır. Bununla onu demək istəyirəm ki, o şəhər həmişə bizim onun barəsində düşündüklərimizdən daha böyük bir anlayışdır.

- Dostoyevskinin əsərlərinin türkcəyə çevirilərinə gözüm sataşdı burada. Bu çağdaş nəşrlərə önsözləri siz yazmısınız. Dostoyevskini oxuculara necə təqdim etmisiniz? Axı, artıq onun barəsində sanki hər şey söylənib.

- Elə buna görə də mən bu tanıtım yazılarını bir məqam üzərində qurmuşam. Bu – Dostoyevskinin Qərbə qarşı nifrəti və sevgisidir. Bu yolla onun «qərbçi» birisindən necə «slavyanofil»ə (=slavyanları sevən birisinə – A.Y.) çevrilməsini göstərmişəm. Onun durumunda ən maraqlı cəhət heç bilirsiniz nədir? Onu slavyançılığa Qərb düşüncə tərzinin gətirməsi. Həm rus konservatizmini (=mühafizəkarlığını), həm də pravoslavlığı o, sırf Avropa üslubunda ifadə eləmişdi. Bu baxımdan onun durumu Türkiyənin vəziyyətini xatırladır, deyilmi? Elə mən də giriş sözlərində diqqəti buna çəkmişəm. Eyni baxımdan mənə maraqlı gələn bir yapon yazarı var – Tanidzaki (= məşhur yazar və esseçi Dzünitiro Tanidzaki (1886 - 1965) nəzərdə tutulur – A.Y.). Həyatının ilk yarısında qatı qərbçi olan bu yazar ömrünün ikinci yarısında bütün varlığıyla ənənəvi yapon dəyərlərinə tapınmışdı.

- Sizin «Yeni həyat» romanınız belə bir cümlə ilə başlayır: «Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi». Bunu deyərkən nə dərəcədə ciddiydiniz?

- Onu da əlavə edim ki, Türkiyədə bu cümlə indi bir kəlama çevrilib. Hə, hə. Bu əsər qiraətin insan həyatındakı radikal rolu barədədir. Kitaba belə yanaşım tərzi Türkiyə kimi ölkələr üçün xeyli xarakterikdir. Çöküş prosesləri yaşayan bu cür ölkələrdə insanlar bəzən ağlasığmaz, xəstəhal gözləntilərə bel bağlayırlar. Ona görə də belə ölkələrdə kitabın mahiyyəti deyil, onun oxucu tərəfindən necə qavranması daha vacib olur. Yəni oxucunun bir kitabla öz həyatını köklü şəkildə dəyişdirmək istəyi daha vacib görünür. Hər nə qədər Qərbçi düşüncə sahibi olsam da, bənzər duyğuları mən özüm də vaxtaşırı yaşayıram. Və bunun çarəsi kimi, heç bilirsiniz, nəyi təklif edirəm? Elə ki görürəm kitab məni öz ağuşuna çəkir və mən həyatımı bu «kitab sayağı» qurmağa başlayıram, tez onu bir kənara qoyub, digər kitaba qapılıram. Bu üsul – vəziyyətdən ən yaxşı çıxış yoludur.

- Bu il siz Dublin Ədəbiyyat Ödülünə, «The İMPAC Dublin Literary Awards»a layiq görülmüsünüz.

- Hə, pul dəyəri baxımından bu, ən yüksək mükafat sayılır. İngilis dilində yazılan və ya ingiliscəyə çevrilən bir çağdaş nəsr kitabına görə təqdim olunur. Yüz min avro dəyərindəki bu mükafatı keçən səfər bir fransız yazarı … adı nəydi?… hə, deyəsən, Uelbek (məşhur fransız yazarı Mişel Uelbek nəzərdə tutulur – A.Y.) aldı. Daha öncə isə ispan yazarı Xavyer Marias. Mükafatlandırma prinsipi belədir: bu mükafata layiq sayılan iki-üç kitabın təqdimi barədə Dublindən dünyanın yüzdən çox kitabxanasına məktublar yollanır. Alimlərdən, professorlardan və sairədən ibarət beynəlxalq jüri həmin kitabları dəyərləndirməklə onlardan tək birisini tərcih edir. Əgər kitab çeviri mətnidirsə, onda məbləğin dörddə biri çevirmənə ödənir.

- Və beləcə, bir gün mükafat alan yazarın bütün həyatı dəyişir…

- Bu mükafat məndən daha çox həmvətənlərimin həyatı dəyişimə uğratdı, çünki mükafatı alanda bu barədə çox yazıldığından hamı mənim gəlirimdən-çıxarımdan danışırdı. Bəzən təsadüfi adamlar küçədə məni saxlayıb, təbrik edir və mütləq soruşurdular: «Axı, niyə iyirmi beş min avronu sən çevirmənə verməlisən? Kitabı sən yazmamısan ki?!». Bir çoxları isə belə yüksək mükafatdan sonra da mənim kitab yazmağa davam elədiyimi öyrənəndə heyrətlənirdilər: «Əgər o, yenə nə isə yazırsa, deməli, bu pula qane olmur. Əgər bu qədər pul ona yetmirsə, deməli, acgöz biridir. Əgər o, acgözün biridirsə, onda biz niyə onun kitablarını oxumalıymışıq?!».

- Yəqin küçədə də sizi üzdən tanıyırlar…

- Hə, mən buna çoxdan öyrəncəliyəm. Məni özümdən çıxaran məqam isə qarşıma çıxanların onların uşaqları ilə foto çəkdirməm barədə xahişləridir. Ona görə də mən Türkiyədə təkcə yazar deyiləm, həm də canlı abidəni xatırladan bir varlığam.

Qleb Şulpyakovun Orxan Pamukla söhbəti

(²İnostrannaya literatura² jurnalı, № 3 - 2004)

Dilimizə çevirdi – Azad Yaşar

# 5261 dəfə oxunub

Oxşar xəbərlər

Məgər hicablı qadın öpüşmür, xəyanət etmir? – Ömər Xəyyam

Məgər hicablı qadın öpüşmür, xəyanət etmir? – Ömər Xəyyam

12:16 3 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #