Adsız bir təpə - Seymur Baycanın hekayəsi

<b><span style="color:red;">Adsız bir təpə  - Seymur Baycanın hekayəsi</b>
17 mart 2018
# 13:32

Kulis.az Seymur Baycanın “Adsız bir təpə” hekayəsini təqdim edir.

(gecikmiş hekayələr silsiləsindən)

Gecə yarıdan keçsə də, İsmayıl yata bilmirdi. Bir tərəfdən qazmanın soyuğu, rütubəti, o biri tərəfdən sabahkı döyüşün həyəcanı İsmayılın bədəninə üşütmə salmışdı. Yatmaq mümkün deyildi. Sabah onun komandiri olduğu batalyon çox ağır döyüşə girəcəkdi.

Bu lənətə gəlmiş müharibə nə vaxt qurtaracaq? Nə qədər vuruşmaq olar?

Ürəyinə dolan qara fikirlər onu çiyinlərindən tutub qaldırdı. İsmayıl öz-özü ilə danışa-danışa şinelini, uzunboğaz çəkmələrini geyindi, papağını başına basdı. Özüylə yox, başqa bir adamla danışan kimi danışırdı, sözləri bərkdən deyirdi və özünə suallar verirdi: “Eşitdin?”, “Başa düşdün?”, “Çətin deyil?”. Bu sualların cavabını verən yox idi və əslində heç lazım da deyildi. Bir az havada gəzib fikrini dağıtmaq, həm də postları yoxlamaq istəyirdi. Bir siqaret götürdü qutudan. Siqareti baş və şəhadət barmaqları arasında yumşalda-yumşalda qazmadan çıxdı. Qazmanın qarşısında keşik çəkən əsgər siqaret sümürürdü. Komandiri gördükdə siqareti yerə atıb çəkməsiylə əzişdirdi. Özünü yığışdırıb danlanmağa, cəza almağa hazır vəziyyətdə dayandı. Qarşı tərəfdən havaya atılan rəngli fişənglər İsmayılın həyəcanını daha da artırdı. İsmayılın gəzmək həvəsi bir anda öldü. Komandir postda siqaret çəkən əsgərə heç nə demədi. O, qazmaya qayıtdı və əldəqayırma stulun üstündə oturdu...

Baş leytenant Dombrovski qazmaya daxil oldu.

- Gəlmək olar, yoldaş kapitan?

İsmayıl baş leytenantın gəlişinə daxilən sevinsə də, üzdə narazı-narazı cavab verdi:

- Ta gəlmisən, gələni geri qaytarmazlar... Niyə yatmırsan?

Baş leytenant istədi “niyə yatmırsan” sualını kapitanın özünə qaytarsın, lakin özünü sıxdı. Həm mərifəti, həm də rütbə və vəzifə fərqi “niyə yatmırsan” sualını kapitana qaytarmağa imkan vermirdi. Baş leytenant yaxşı bilirdi ki, onu yatmağa qoymayan fikirlər kapitanı da yatmağa qoymur.

- Yata bilmirəm, yoldaş kapitan. Nə qədər əlləşdim, yata bilmədim. Spirt də ... kömək eləmədi.

- ...

- Yoldaş kapitan, siz gərək qərargahdakıları başa salaydınız ki, hücuma keçmək bizim üçün heç əlverişli deyil. Hər yan düzənlikdir, ovuc kimidir. Bizi ot kimi biçəcəklər.

- Fikir vermişəm, sən həmişə özünü başqalarından ağıllı hesab edirsən. Elə bilirsən, sənin başına girən fikir başqalarının başına girə bilməz. Bəli, düz deyirsən, hücuma keçmək bizim üçün əlverişli deyil. Hər yan düzənlikdir. Bizi ot kimi biçəcəklər. Bunu mən də bilirəm. Nə edək, müharibədə hamı təntənəylə ölmür.

- Biz hücuma keçmək əvəzinə geriyə, meşəyə çəkilsək, daha yaxşı olar. Oturub orda əlavə qüvvənin gəlməsini gözləyərdik. Yoxsa belə boş yerə ölməyin nə mənası var?

- Sən get bunu qərargahdakılara başa sal, görüm, necə başa salırsan. Elə bircə söz deyirlər, əmr müzakirə olunmur. Hücuma keçməlisiniz, vəssalam. Bir az da söhbəti uzatsan, verəcəklər tribunala. Sən çölün düzündə ot kimi biçilməkdə heç bir məna görmürsən, amma qərargahdakılar görürlər. Mənə dedilər ki, biz taktikamızı dəyişmişik. Yeni bir taktikaya keçmişik. İndidən belə ancaq düşmənlə açıq düzdə üz-üzə gələcəyik. Madam ki, muharibədir, insan qanı ucuz-ucuzuna axmalıdır.

- Yox, yox, tribunalda güllələnməkdənsə, düzün ortasında ot kimi biçilmək daha yaxşıdır. Canavardan qaçıb əjdahaya pənah aparmağın nə mənası var? Əcəl bizi yaman yerdə yaxaladı.

- Mən də belə fikirləşirəm. Mən müharibəyə tribunalda güllələnmək üçün gəlməmişəm.

Son günlər cəbhədə hadisələr çox sürətlə cərəyan edirdi. Üç ay bundan əvvəl İsmayıl vzvod komandiri idi. Bir ay bundan əvvəl onu rota komandiri təyin etdilər. İndi isə İsmayıl kapitan rütbəsində batalyon komandiri idi. Bunlar İsmayıl üçün biri digərini unutdurub kölgədə qoyan və dərindən düşünməyə imkan verməyən hadisələr hesab olunurdu. Elə bil, bu hadisələrin onunla ciddi əlaqəsi yox idi, başqa, tamam kənar adamın başına gəlirdi və o da uzaqdan dayanıb tamaşa eləyirdi.

- Mənim sizdən bir xahişim var, yoldaş kapitan.

- Buyur. Bacardığım qədər xahişini yerinə yetirməyə çalışaram. Bilirsən ki, mən xahişlərə çox həssas yanaşıram.

Dombrovski kitelinin cibindən bir parça kağız çıxardı.

- Bilirəm, elə ona görə də səndən xahiş etmək üçün özümdə cəsarət tapdım.

- Yaxşı-yaxşı, bəlağətli danışıb özünü də məni də çox yorma. De görüm, nə istəyirsən.

- Yoldaş kapitan, əgər sabah mənə bir şey olsa bu ünvana bir yanıqlı məktub yazarsınız. Amma çox xahiş edirəm mümkün qədər yanıqlı yaz. Elə yaz ki, qoy çoxlu ağlasın.

İsmayıl batalyondan hospitala getmiş bir çox döyüşçü və zabitlərlə yazışırdı. Hətta çoxdan batalyondan getmiş adamlar da batalyona məktub yazanda həmişə məktubu İsmayılın üstünə göndərirdilər. Görünür, adamlar onun heç vaxt ölməyəcəyinə əmin idilər. Döyüşlərdə olmuş əsgərlərin ailələrinə də İsmayıl məktub yazırdı. Əgər ölən adamın xüsusi bir qəhrəmanlığı yox idisə, İsmayıl özü müxtəlif qəhrəmanlıqlar uydururdu. Başqa cür ola da bilməzdi. Onun qələmi altında döyüşçülər hamısı düşmən istehkamlarını dağıdan, qumbaralarla tankları partladan, sinəsini pulemyotun qabağına verən qəhrəmanlara çevrilirdilər.

Dombrovski kağızı kapitana uzatdı. Kapitan kağızı alıb baxdı. Top mərmisindən kəsilib düzəldilmiş neft lampasının daxmanı yaxşı işıqlandırmağa gücü çatmırdı. Əldəqayırma lampanın yanında qırmızı alma vardı. Almadan müharibədən qabaqkı sakit həyatın qoxusu gəlirdi. Kapitan kağızda yazılanları oxumaq üçün lampaya yaxınlaşdı. Kağızın üstündəki hərflər bir-birinə qarışmışdı. Çətinliklə oxunurdu.

- Yazarsan ki, Seryoja üçün bu işıqlı dünyadan ayrılmaq çox çətin idi. Yazarsan ki, sən hər gün yollara baxıb Seryojanı gözləyəcəksən, gözləməkdən ayaqların, gözlərin yorulacaq, amma o heç vaxt, heç vaxt gəlməyəcək.

- Bilmək olarmı bu qəddarlığın səbəbi nədir?

- Yoldaş kapitan, biz indi elə bir vəziyyətdəyik ki, öz hisslərimizdən utanmağın mənası yoxdur. Düşünəndə ki, sən öləndən sonra bir nəfər daima səni xatırlayacaq, daima sənin üçün ağlayacaq adama ləzzət eləyir. Mənə elə gəlir ki, o, çoxlu ağlasa, mən o dünyada daha rahat olacam.

- Həyatımda bundan səfeh söz eşitməmişəm.

- Biz bir-birimizi o qədər yaxşı tanıyırdıq ki, bir-birimizin fikrini səhv etmədən anlaya bilirdik. Mən onun hər baxışını sözə çevirə bilirdim. O da mənim hər baxışımı sözə çevirə bilirdi. Bəzən biz ağzımızı açmadan bir-birimizin üzünə baxa-baxa söhbət edirdik. Bu, bizim çox xoşumuza gəlirdi... Axı bütün sevgililər ağzını açmadan, söz demədən danışmağı bacarmır. Elə deyil?

İsmayıl özünü sakit göstərməyə çalışaraq kinayə ilə gülümsündü.

- Onun son sözləri yadımdadır. Vağzala qədər gəlmişdi. Ayrılanda mənə dedi ki, Seryoja, əgər sənə bir şey olsa, mən heç kimlə ünsiyyətə girə bilməyəcəm. Mən səndən başqa heç kimlə yaxın ola bilmərəm. Əgər sənə bir şey olsa, mən ölənə qədər tək qalacam.

- Sözdür də deyib. O dedi, sən də inandın. Hər deyilən sözə inanmazlar.

- İnanıram. Niyə də inanmayım? Başqa cür ola bilməz. Əlbəttə, o məndən də yaraşıqlı, məndən də ağıllı bir adama rast gələ bilər. Ancaq mən bütün varlığımla inanıram ki, o, mənim ürəyim kimi bir ürək tapa bilməz. Dünyada bir-birinin eyni olan iki ürək ola bilməz. Vera isə mənim ağlımı, görkəmimi deyil, ürəyimi sevmişdir. Mən də ondan sonra ondan daha qəşəng, ondan gözəl qızlara rast gəlmişəm. Amma bu qızların heç biri Veraya tay ola bilməz. Mənim gözümdə o, hamıdan yaxşıdır. Ona görə də mən özümə inandığım kimi ona da inanıram. İnanıram ki, mən onun gözündə hamıdan yaxşıyam.

- Məgər indi o əvvəl olduğu kimidir? Hər şey dəyişir. O indi sir-sifətdən də dəyişmişdir. Əslinə baxsan, sən ondan daha çox öz keçmişini, sülh dövrünü, müharibəsiz günləri sevirsən. Tanış hisslərdir.

- Qoy lap belə olsun.

- Əgər indi o da səni sevirsə, yəqin ki, o da səndən daha çox öz keçmişini sevir. Əl-ələ tutub gəzdiyiniz rahat, sakit, müharibəsiz, davasız günlərin həsrətini çəkir. Çayda balıq tutduğunuz günləri şirin-şirin xatırlayır. Heç birlikdə çayda balıq tutmusunuz?

- Bir-iki dəfə olub. Amma biz çaya təkcə balıq tutmaq üçün getmirdik, əsas bir yerdə vaxt keçirmək üçün gedirdik.

- Yazıq qız indi hərbi zavodda bizim üçün mərmi düzəldə-düzəldə səninlə balıq tutduğu günləri şirin-şirin xatırlayır. Həm də gələcəyə dair xəyallar qurur. Budur, sən müharibədən qayıdırsan. Özü də çoxlu medallarla. Qəhrəman kimi. Əlin-qolun, ayağın yerindədir. Əvvəlkindən daha yaraşıqlısan. Sinəndə o qədər medallar var ki, iynə basmağa yer qalmayıb.

- Yoldaş kapitan, belə kinayəli danışmaq nəyə lazımdır? Nə üçün bu qədər amansız danışırsan?

- Nəyə lazımdır? Hər kəs özünü elə göstərir ki, guya kiməsə çox lazımdır. Kimsə onsuz yaşıya bilməz. Hər kəs özünü əvəzsiz hesab edir. Bunlar hamısı boş şeylərdir. Mənasız fikirlərdir. Belə fikirləri başından çıxar, at. Belə fikirlərin təsiri altına düşmə. Boş və saxta fikirlərdir. Şəxsən mən, yoldaş baş leytenant, özümün heç kimə gərək olmadığımı artıq başa düşmüşəm. Sabah mən ölsəm, kimin nə vecinə ki, yer üzündə İsmayıl adlı bir adam vardı ... Yaxşı, lazım deyilsə, belə danışmaram. Belə görünür, danışmaq ümumiyyətlə lazım deyil.

- Bu sözləri necə də soyuqqanlılıqla deyə bilirsən. Sənin sözündən belə çıxır ki, bizi gələcəkdə heç kim xatırlamayacaq?

- Niyə xatırlasınlar? İşləri-gücləri qurtarıb? İndi özün fikirləş, hərənin öz dərdi, öz qayğıları var. Sən bəyəm Borodino döyüşündə ölənləri xatırlayırsan?

- Düzünü desəm, xatırlamıram, amma son vaxtlar Borodino haqqında çox danışırlar.

- Ona görə danışırlar ki, indi müharibə gedir. Tarixi təzədən ələk-vələk edib döyüşləri, qəhrəmanları yenidən xatırlamaq lazımdır ki, adamlar həvəsə gəlsinlər. Yoxsa özbaşına buraxsan, çox az adam əlinə silah götürər. Əgər gələcəkdə yenə müharibə olsa, onda bizi xatırlamağa, başqalarına da xatırlatmağa məcbur olacaqlar.

Kapitan ağır sözlər dedikcə ürəyinin yüngülləşdiyini hiss edirdi.

- Mənə elə gəlir ki, bu sənin öz fikirlərin deyil.

- Mənim fikrimdir, ya başqasının fikridir, bu o qədər də vacib deyil.

Əsas odur ki, belədir.

- Əlbəttə, mən hələ yaşamaq istəyirəm. Amma əgər mənə desələr ki, Dombrovski, bir də dünyada müharibə olmaması üçün ölməlisən, yekə-yekə danışdığım üçün məni bağışlayın, and içirəm ki, mən həyatımı çəkinmədən qurban verərdim. Yox, mən belə istəmirəm. Qoy bizi heç kim xatırlamasın, amma müharibə də olmasın.

- Necə istəyirsən.

- Sabah nə olacaq? Axı biz bu dünyada nə gördük ki?

- Bilmirəm nə olacaq. Mən hardan bilim? Bircə onu bilirəm ki, sabah çox pis olacaq. Bir də ki, yoldaş baş leytenant, bir neçə saatdan sonra bəlli olacaq şeylər haqqında uzun-uzadı düşünmək, uzun-uzadı danışmaq gərəksizdir. Get yat! Gecdir. İndi doğrudan da yatmaq vaxtıdır. Sabah sən bir komandir kimi gümrah olmalısan.

- İnana bilmirəm ki, mən nə vaxtsa rahat, yumşaq yorğan-döşəkdə yatacam. Belə baxırsan, adi bir arzudur, amma yenə də adama necə əlçatmaz, uzaq görünür. Doğrudanmı, görəsən, elə bir gün gələcək ki, top gurultuları olmayacaq? Mən hər gecə yuxuda pendir görürəm. Bir parça çörəyin üstündə bir tikə pendir. Heç cürə başa düşə bilmirəm, bu yuxunun mənası nədir.

- ...

- Gör biz evimizdən nə qədər uzaqdayıq... Qardaşımı da aparıblar. O, çox çəlimsiz, sakit bir uşaqdır. Mən bilmirəm, o, necə vuruşacaq? Bir toyuğu kəsə bilmirdi. Bəs adamı necə öldürəcək?

- Sənə söz verirəm, xahişini yerinə yetirəcəm. Əgər sənə bir şey olsa, sənin sevimli Verana elə bir yanıqlı məktub yazacam ki, hər dəfə oxuyanda hönkür-hönkür ağlayacaq.

Kapitan və baş leytenant tarixdə qalacaqlar, yoxsa qalmayacaqlar, onları xatırlayan olacaq, yoxsa onları xatırlayan olmayacaq, bu barədə yekdil bir fikrə gəlmədən bir-birilərinə xeyirli gecə arzu edərək kədərli bir əhval-ruhiyyə ilə ayrıldılar. Onlar bir-birilərinə xeyirli gecə arzu etdilər, ancaq bu arzunun yerinə yetəcəyinə heç də əmin deyildilər.

***

Döyüşçülər baş leytenant Dombrovskinin meyitinin ətrafına toplaşaraq baş leytenantın ciblərindən tapılmış foto şəkillərə növbə ilə baxırdılar. Başını şalla örtmüş qoca bir qadın şəkildən düz onların gözünün içinə baxırdı.

- Anasıdır.

Çay sahilində ağzı üstə çevrilmiş qayığın üstündə bir qız oturmuşdu. Günəş düz onun gözlərinə düşür. Qız gözlərini qıyıb gülür.

- Sevgilisidir

Baş leytenantın kitelinin sol cibindən partiya biletini çıxardılar. Qəlpə kitabçanı deşmiş, qana bələnmiş vərəqlər bir-birinə yapışmışdı.

Baş leytenantı adsız bir təpənin üstündə basdırdılar. Sinələrindəki medalların lentləri kirlənmiş döyüşçülər sükutla məzarın ətrafında dayanıb polkun siyasi işlər üzrə komissarı mayor Yefremovun söylədiyi vida nitqini dinləyirdilər. Boynu yoğun, başı balaca, beli bir az əyilmiş mayor Yefremov polkda ən yaxşı natiq hesab olunurdu və bir qayda olaraq, zabitlərin məzarı üstündə vida nitqini o söyləyirdi. Onun bintlə sarınmış sol əli boynundan asılmışdı: “O, son nəfəsinə qədər andına, bayrağına, vətəninə sadiq qaldı. Biz irəli gedirik, baş leytenant Dombrovski kimi qəhrəmanların məzarları isə bu təpələrdə qalırlar. O, əsl zabit, əsl vətəndaş, əsl kommunist kimi özünü vətən uğrunda qurban etdi. O, öz şəxsi arzularını, istəklərini, duyğularını vahid bir məqsədə, vətəni qorumaq, qələbə çalmaq istəyinə çevirmişdi. Dombrovski kimi qəhrəmanların sayəsində vətən bizim üçün daha qiymətli və gözəl olur. Biz bu dağıdılan kəndlərin, şəhərlərin, qəsəbələrin yerində daha yaxşılarını, daha qəşənglərini tikəcəyik və o zaman o şəhərlərdə, kəndlərdə, qəsəbələrdə yaşayan insanlar Dombrovski kimi qəhrəmanları daima xatırlayacaqlar. Mənim indi otuz beş yaşım var. Şübhəsiz ki, həyatda müxtəlif insanlara rast gəlmişəm. Bu adamların içərisində, əlbəttə, yaxşılar da, paxıllar da, kinlilər də olmuşdur. Ancaq qəribədir ki, yaddaşımda ancaq yaxşı adamların simaları dəqiq qalıb. Baş leytenant Dombrovskinin siması daima bizim yaddaşımızda dəqiqliklə qalacaq. Biz onun gülüşünü eşidəcəyik. Biz hər şeyimizi, arzularımızı, istəklərimizi vətən yolunda qurban veririk. Kimin bu səadətdən, bu gözəl hissdən xəbəri yoxdursa, əsl ömrün, əsl həyatın nə olduğunu bilmir. Dünyada ən dəhşətli şey rüsvayçılıqdır. Vətən qarşısında rüsvayçılıq. Bizim hər birimizin evdə arvadımız, anamız, uşaqlarımız, ya da nişanlımız var. Onların gözləri bizə dikilib. Onlar vətənin şərəfini qorumağı bizə tapşırmışlar. Siz bilirsiniz, onlar bizi necə görmək istəyirlər? Onlar bizi qəhrəman kimi görmək istəyirlər. Bizi irəli aparan, hər şeydən əvvəl, onların məhəbbətidir. Siz bütün bu hadisələri yaxşı-yaxşı yadda saxlayın. Çünki bu tarixdir. Sizin öz əllərinizlə yaranan tarixdir. Bizim hər birimiz tarixin böyük tərəzisində müəyyən ağırlığa malik olduğumuzu başa düşməliyik...”

Döyüşçülər silahlarını göyə qaldırıb üç dəfə atəş açdılar.

# 2370 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #