Tamam Bayatlı: “Vaqifin ilk kitabını Elçin Səlcuq kənddə buraxıb”

Tamam Bayatlı: “Vaqifin ilk kitabını Elçin Səlcuq kənddə buraxıb”
2 may 2016
# 12:00

Az görməmişik, çox müşahidə etmişik, bəzən oxuduqlarımızda rast olmuşuq ki, qadınlar istedadlı, qeyri-adi insanlardan, böyük sənətkarlardan qorxublar və bu qorxudan qarşılarındakını məhv etməklə xilas olublar. Əks qütbü nəzərə alanda görürük ki, belə kişilər də az olmayıb. Ancaq dəyərli şairimiz Vaqif Bayatlının vəfalısı, həyat yoldaşı Tamam Bayatlı bir sıra qadınlar kimi istedadlarla münasibətdə mübarizə yox, "təslimiyyət” yolu seçib. Özü də dünyada hamıya ürəyi yanan, qarışqanı belə incidə bilməyən, kövrək, qəlbi və özü böyük bir istedadın - şairin qarşısında. Elə bilirəm, bu "təslimiyyət” onun yaddaşlarda uzun illər yaşayacaq qələbəsidir...

- Vaqif müəllimlə tanış olanda böyük şair, sevilən insan kimi onun gələcəyindən hansısa bir nişan görmüşdünüzmü?

- Vaqif müəllimi bir insan kimi dərk etmək üçün çox vaxt lazımdır. Elə şəxsiyyətlərdən deyil ki, onu görəsən, 10-15 dəqiqə, bir saat söhbət edəsən və dərhal da kimliyinə bələd olasan. Necə ki, nəhəng balinanın kürəyinin bir hissəsini suda görüb elə bilirsən bu boydadır, sonra tam görəndə böyüklüyünü anlayırsan. Vaqif müəllimi tanımaq üçün onu görmək yox, illərlə izləmək lazımdır. Belə olanda onun böyüklüyünü tam görmək olur. Biz əvvəl tanış olduq, sonra söhbət elədik, sonra harasa getdik, evləndik. Hər ünsiyyətdə mən onun böyüklüyündən, fərqliliyindən bir əlamət gördükcə başa düşdüm ki, Allah mənim qarşıma əsl şair çıxardıb. Konkret sizin sualınıza cavab kimi deyim: Əvvəl onu tam dərk edə bilmədim, ancaq illər keçdikcə, poeziyada onun yerini gördükcə, eləcə də onun istedadı saysız-hesabsız adamlar tərəfindən etiraf edildikcə kimliyini daha yaxşı anladım. Çünki nəhəngləri birdən-birə tanımaq olmur. Biz bilməliyik ki, onlara hansı tərəfdən yanaşsaq da, tam dərk edə bilməyəcəyik. Necə ki, dağın qarşısında dayananda onu bütöv görmürük, gərək onun dörd tərəfini gəzək. Böyük insanlar da belədir. Onların bəziləri öz dövründə anlaşılır, bəziləri isə yox. Məncə, Füzulinin indi bizə aydın olan böyüklüyünü zamanında onun ətrafındakı adamlar tam görə bilməyib. Füzuli əsrlər keçdikcə anlaşılıb. Mən də Vaqif müəllimi bir əlamətlə tanıya bilməzdim, gərək onun böyüklüyünü illər keçdikcə anlayaydım. Belə də oldu. Xoşbəxtlikdən mən vaxtında dərk etdim ki, o əsl şairdir, yəni poeziya vurğunu olan hər bir adam öz xəyalında həmin poeziyanı yaradanı necə təsəvvür edə bilərsə, Vaqif müəllim odur. Onun həyat yoldaşı olduğuma görə belə demirəm. Əgər mən Vaqif müəllimin şeirlərini bir oxucu kimi oxusaydım, sonra şəxsiyyəti ilə tanış olsaydım, həyat prinsipləri, yaşamı və başqalarının həyatına qoyduğu qiyməti dərk eləsəydim, yenə də onu belə yüksək qiymətləndirərdim, deyərdim, şair elə belə olmalıdır.

- Nədir onun həyat meyarı?

- Onun meyarı odur ki, insan özünü, varlığını unutmalıdır, başqa dəyər verdiyi, yüksək qiymətləndirdiyi, uca tutduğu məsələlərlə, prinsiplərlə yaşamalıdır. O, ömrünün bir dəqiqəsinin bir saniyəsini belə özü üçün yaşamayıb. Özünü düşünməyib ki, mən kiməm, nə iş görürəm, neyləyim və s. Filan saatda yeməliyəm, filan saatda yatmalıyam, filan pencəyi alım özümə, bayıra çıxanda bu cür geyinim – bu məsələlər onun beynində heç vaxt olmayıb. Vətənim necə olsun, xalqım necə olsun, ədəbiyyat hansı səviyyədə olsun, istedadlı adamlar üçün nə etmək lazımdır, onlara necə kömək edim – onun beynində ancaq bu məsələlərdir. O, məişətlə bağlı heç nəyi yadında saxlamır, ancaq istedadlı adamların adı, əsərləri, bütün uğurları sırayla yaddaşındadır. Türk, müsəlman dünyasının keçmişi, bu günü onun yaddaşındadır. Amma soruşsan ki, ayaqqabın hardadır, bu səhər nə yemisən, neçə köynəyin var, onları bilmir. Özü də həmişə belə olub. Sizi yolda görsə, ədəbiyyat haqda nə danışsanız yadında qalacaq, lakin soruşsan ki, Fərid nə geyinmişdi, ayrılanda sənə "sağ ol” dedimi, bax, onu bilməyəcək. O, özünü xatırlamır. Ancaq vətənini, xalqını, türkçülüyü, istedadlı adamları, xeyirxahlığı düşünür. Başqalarını özündən çox sevmək və prinsipiallıq, dönməzlik onun həyat meyarlarıdır.

- Vaqif müəllimin dünyası əlçatmaz, bir az da xəyalidir və bir evdə yaşadığınıza görə o fərqli, təmənnasız dünyadan sizə də pay düşür. Ancaq çalışdığınız şirkət isə ciddi, ölçülü-biçilidir. Vaqif müəllimin dünyasında yaşayandan, o aləmin sakini olandan sonra iş rejimindəki mühit sizə diskomfort gəlmir ki?

- Mən onun mənəvi dünyasından heç yerdə ayrılmıram. Həmişə o aləmdə qalmaq üçün özümü kökləmişəm. Vaqif müəllim elə mənəvi mühit yaradıb ki, ordan çıxsan, ora qayıtmaq sənin üçün çox çətin olar. Onun yanında insan təmizləşir, paklaşır. Bir dəfə hansısa dostlarından biri demişdi ki, günahlarımızı yumaq istəyəndə gedib Vaqifin üzünə baxırıq. Onun yanında insan ancaq xoş şeylər düşünür. Məsələn, kimsə səndən nəsə istəmişdi və sən kömək edib-etməməkdə tərəddüd edirsən, onun üzünə baxandan sonra, o tərəddüd üçün xəcalət çəkirsən, mütləq həmin adam üçün əlindən gələni əsirgəmirsən. Vaqif müəllim üçün maddi dünyanın heç əhəmiyyəti yoxdur. Onun yanında olanda insana elə gəlir ki, sən də eləsən. Ona görə də onun yanında olandan sonra başqa aləmə köklənmək mənə "sərf eləmir” (gülür).

- Biz insanların davranışından, xarakterindən də təsirlənirik. Bu təsirlər bizi həmin adama oxşamağa da vadar edir. Siz bir insan kimi Vaqif müəllimdən nədə təsirlənmisiniz?

- İnsanın mənəviyyatının təmiz olmasından nə dərəcədə zövq ala biləcəyini Vaqif müəllimlə tanış olandan sonra bilmişəm. O vaxta qədərsə elə bilirdim, sənin təmizliyin başqalarının bunun belə olduğunu görməsi üçündür. Sən demə, daha böyük mənəvi rahatlıq özünün öz təmizliyindən zövq almağın imiş. Mən Vaqif müəllimin təsiriylə çox dəyişmişəm. Böyük türkçü olmaq, türk dünyası ilə, türk qanımla fəxr etmək və buna yüksək qiymət vermək hisləri mənə ondan keçib. Vaqif müəllimə qədər mən bəzən rusca, bəzən də ingiliscə danışmışam. Ancaq o mənə təmiz türk dilini – öz dilimizi sevdirib, başqa dillərdəki sözləri işlətməyi irad tutub. Öz dilimizdə danışmağın zövqünü, gözəlliyini Vaqif müəllimi tanıyandan sonra başa düşmüşəm.

- Bəs məişət müstəvisində hansı təsirləri olub?

- Məişət müstəvisində də tam dəyişdim. Ona nəzarət lazım olduğunu ilk gündən anladım. Necə ki, uşağa tapşırırsan: onu eləmə, bunu eləmə, soyuq olar, bunu yemə, elə də Vaqif müəllimə. Başa düşdüm ki, məişət müstəvisində bütün məsuliyyət mənim üzərimə düşür. Beləliklə, məişət qayğılarını öyrəndim. Fərz edin ki, məişət müstəvisində mən onu çiyinlərimdə gəzdirirəm. Məsələn, qonşu qapını döyüb nəsə soruşanda deyir ki, Tamam xanım yoxdur, gələndə soruşarsınız. Yaxud heç sayğacın yerini bilmir. Onu bütün məişət qayğılarından azad etdim və o da çox böyük sevinclə bunu qəbul edib. İlk gündən dərk elədim ki, onun çiyninə bu yükləri qoya bilmərəm. Bundan başqa, əgər həmin işləri ona etibar etsəydim, onsuz da, o qatıb-qarışdıracaqdı və axırda həmin işləri mən qaydaya salmalı olacaqdım. Ona görə dəyişdim və uyğunlaşdım...

- Tamam xanım, bəs Vaqif müəllim sizə rast gəlməsəydi, dediyiniz kimi, bir sıra məişət və digər məsələlərə çiyin verməsəydiniz, o yüklər öz üzərinə düşsəydi, sizcə maddi dünyaya bağlı olmağa məcbur olardımı?

- Yox, mümkün deyildi. Vaqif müəllim üçün maddiyyat mövcud deyil. Onun həyat meyarlardan biri də budur. İndi mən də beləyəm. Əslindəsə, maddiyyat mənim üçün mövcud olub. Sadəcə illər keçdikcə dəyişmişəm, uyğunlaşmışam. Mən əvvəl gündən bunu dərk eləmişəm: o, dəyişməzdi, əgər rahat yaşamaq istəyirəmsə, ona uyğunlaşmalıyam. Məsələn, nə vaxtsa o deyib ki, filankəs gənc şairdir, ona kömək etmək lazımdır. Düşünmüşəm ki, niyə, axı o, adam işləyir, ancaq onun üzünə baxıb utanmışam, uzaqlaşmışam həmin düşüncədən. Onun üzündən anlayanda ki, bu fikir bu adamın nə dərəcədə beyninə girib və onu dəyişmək olmaz, onda onun dediyinə qulaq asmışam. Bəzən belə olanda adam özünü qınayır ki, gərək o, deməmiş mən bu cür edəydim.

Bir dəfə bacımla Türkiyəyə getmişdim, gördüm dəri ayaqqabılar var, o vaxtlar burda elə ayaqqabılar tapılmırdı. Vaqif müəllim üçün bir neçə cüt alıb gətirdim. Bir gün gördüm ki, yağışda qaça-qaça gəlir. Çatıb dedi ki, filan yazıçıya ayaqqabı lazımdır. Mən də gülə-gülə dedim: Ayaqqabı kimə lazım deyil ki, kimin ayağı varsa, ona ayaqqabı lazımdır da. Bu sözlərdən sonra onun üzünə baxdım və dediklərimdən utandım. Vaqif müəllim tez qutudakı ayaqqabını götürüb bayıra qaçdı və aparıb kim idisə o həmkarına verdi. Yəni, belə maddi məsələlərdə mən ona yavaş-yavaş uyğunlaşdım. İndi isə vəziyyət bir az başqadır. O, kimləsə telefonda danışanda, problemi ilə maraqlananda, o saat özüm soruşuram ki, kim idi danışdığın, ona nə lazımdı, biz neyləyə bilərik? Onu sevindirən hər şeydən həzz alıram. O, heç nədə, heç vaxt, heç kəsə uyğunlaşmayıb və uyğunlaşmayacaq. Ona görə də mən olmasaydım, o, yenə də belə olacaqdı.

- Vaqif müəllim əvvəlki bəyənimli şeirlərini redaktə edir, bəzən bir kitabdakı şeir başqa bir kitabda tamam başqa cür rastımıza çıxır. Yaxşı başa düşürəm ki, bunu etməyə şairin tam haqqı çatır, sadəcə, onun şeirlərini sevənlərə yaddaşlarında yaşatdıqları misraların dəyişməsi təsir edir. Sizcə, şeirlərini bu dərəcədə dəyişməsi hansı ehtiyacdan yaranır və yeni redaktəli şeirlər sizə nə dərəcədə doğma gəlir?

- Vaqif müəllimin düşüncəsindəki poeziya elə bir yerdir ki, ora heç kəs müdaxilə edə bilməz. Onu ən çox əsəbiləşdirən şey poeziyanı onun özü qədər anlamayan birinin şeir barədə fikir bildirməsidir. Mən isə sadəcə oxucuyam. Poeziyanı onun qədər duymaq, anlamaq iqtidarında deyiləm. İllər əvvəl Tomas Eliotun şeirlərini onun üçün sətri tərcümə edirdim, Vaqif müəllim onu poetik tərcüməyə çevirirdi. Düzü, çevirəndə bəzən bir sətirdən anlaşılmaz söz yığını çıxırdı, hətta deyirdim ki, bu sətir tam mənasızdır, bu nə şeirdir belə, özü də üstəlik Nobel mükafatçısıdır. Vaqif müəllim isə həmin sətrin ingiliscəsini oxuyub elə ilk sözündən mənanı duyurdu, ingiliscəni mənim qədər bilməsə də anlayırdı və mənə deyirdi, keç o biri sətrə, yəni ardı daha lazım deyil. Yəni, onun anlamaq qüdrəti bir başqadır. Dahi şairin digər bir dahi söz adamını bu cür iki sözdən anlamasını onda gördüm. Poeziya onun üçün elə bir zirvə, həyatının mənasıdır ki, mən o barədə nəsə deməyə cürət eləmirəm. Açığı, onun bəzi şeirlərinin birinci variantı mənim də daha çox xoşuma gəlir. Lakin baxanda ki, Vaqif müəllim o misraları dəyişməyə necə bir ehtiyac duyur, onda başa düşürəm. O, söz xatirinə, fikrin yaxşı görünməsi üçün şeirlərini redaktə etmir, bunu zərurətdən edir.

Şeiri yazır və mən kompüterdə yığıram. Yazanda çox xoşuma gələn misralar yadımda qalır. Bəzən duyğulanıb ağlayıram. Bir də görürəm, sonra düzəlişlərdə həmin təsirli misranı çıxardıb. Mənim onun poetik düşüncəsinə və insanı yerində donduracaq qədər gözəl ifadəsinə qəti şübhəm olmadığı üçün belə olanda qüsuru özümdə axtarıram ki, yəqin əsl poeziyanı duymuram, Vaqif müəllim misranı dəyişdiribsə, deməli, əvəzində daha gözəlini yazıb. Bəzən elə olur məni ağladan misranın yerinə iliyimi donduran bir dəyişiklik edildiyini görürəm. İndi özünüz deyin, göz yaşı gətirən güclüdür, ya iliyi donduran? Ancaq etiraf edirəm ki, oxucular, o cümlədən, mən onun şeirlərinin ilkin variantını daha çox sevmişik. Amma biz onu da qəbul etməliyik ki, Vaqif müəllimin gənclik illərindəki çılğınlığı ilə, indiki müdrikliyi arasında hansı fərq varsa, o vaxtkı şeirlərlə indiki şeirlər arasında da həmin fərq var. Məsələn, müəllim tələbəsinin inşasını oxuyur, görür ki, gözəldir, ancaq müəllimin səviyyəsi daha üstün olduğuna görə əlini saxlaya bilmir, nəsə düzəldir. Vaqif müəllim də öz şeirlərini həmin müəllimin duyduğu ehtiyacla düzəldir, redaktə edir, məncə.

- Söhbət zamanında nəzərimdən qaçmır ki, özünüzü ikinci plana keçirirsiniz. Yaxşı keyfiyyətdir, ancaq həqiqəti də gözardı etmək bizə yaraşmaz. Çünki Vaqif müəllimi qorumaq baxımından sizin müstəsna əməyinizi, sədaqətinizi unutmaq olmaz. Bunu siz deməsəniz də ağlı kəsənlər, qəlb gəzdirənlər, sizi tanıyanlar bilir. Bəs onu nədə, hansı situasiyalarda qoruya bilmədiniz?

- Əgər bilsəydim ki, sağlamlığını belə tez itirəcək və onu bərpa etmək çətin olacaq, heç qoymazdım özünü hər şey üçün xərcləyə. O qədər vaxtını iclaslara, diskussiyalara, müstəqilliyimizin ilk illərindəki qarmaqarışıqlığı anlamaqda insanlara kömək etməyə sərf etdi ki... Jurnal nəşr etmək, radioda işləmək, tədbirlərdə çıxış etmək və s. Onun səhhətinin belə olacağını bilsəydim, çox işləməyə qoymazdım ki, ancaq poeziya ilə məşğul olsun. Qarabağ hadisələri başlayanda, ziyalı sözünə ehtiyac olanda Vaqif müəllim çox tədbirlərdə çıxış edirdi, çox işlər görürdü. Həmin vaxtlar özünü çox yordu. O, nə edirdisə, ürəklə edirdi, dildə yox. Elə adamlar var atəşli çıxış edir, beş dəqiqə sonra baxırsan ki, heç nə vecinə deyil. Vaqif müəllimsə bütün dediklərinin məsuliyyətini daşıyırdı, xalqın durumuna ürəyi yanırdı. O hadisələr, tribunalar üçün də xüsusi adamlar vardı. Vaqif müəllim kimi Allahın qarşısına yazmaq missiyası qoyduğu bəndələr isə, gərək ancaq yazmaqla məşğul olaydı. Məsələn, himnimiz təzə-təzə bərpa olunanda onun sözlərini başqa bir şeirlə əvəz etmək təhlükəsi yaranmışdı və bunun üçün günlərlə o vaxt hələ də mövcud olan Mərkəzi Komitədə müzakirələr gedirdi. Vaqif müəllim də orada iştirak edirdi, indi siz bu "iştirak” sözünün mənasını yəqin başa düşürsünüz - bu, o demək idi ki, çılğın çıxışlar, tutarlı arqumentlər, təkcə himnin müqəddəsliyinin toxunulmazlığını anlamayanlara bunu anlatmaq yox, həm də haqsız güllələnmiş Əhməd Cavadın haqqını toxunulmaz etmək üçün vuruşurdu. Hətta bilirəm görəndə ki, məsələ qəlizləşir, müzakirələrdə tərəfdaşları azdır, məsələnin məğzini rəhmətlik Elçin Səlcuqa ötürdü, Elçin də o vaxt "Azadlıq” qəzetində himnin toxunulmazlığını müdafiə edən necə məqalələr yazdı və ictimai səs-küy yaratdı. Bundan qorxanlar geri çəkildilər və səhəri gün onlardan biri – himnin dəyişməsi üçün seçilmiş şeirin əsas müdafiəçisi, qəzetlərdən birində dedi ki, Əhməd Cavadın şeirini himn kimi saxlamaq fikrini düzgün hesab edir. Hətta Mərkəzi Komitə katiblərindən biri Vaqif müəllimə himnin sözlərini təzədən işləməyi təklif etmişdi. Ancaq o, imtina etdi. Bax, belə mübarizələr indi adi səslənə bilər, amma günlərlə davam edən əsəb və gərginliklər, hələ mənə qədər olan antisovet, antimüstəmləkə, azadlıq mücahidi, pantürkist kimi şərəfli adları ona baha başa gəldi. Mən Vaqif müəllimi bu məqamlarda qoruya bilməmişəm. Ona şər atanları, vəzifəyə keçmək istədiyini deyənləri görmüşəm. Bu cür məsələlərlə onu əsəbiləşdirirdilər. O isə belə şeyləri anlamırdı. Çünki onun poeziyadan başqa heç bir şeydə iddiası olmayıb. Bu iddianı isə ona Allah verib və burada Vaqif müəllim daha çox işlər görə bilərdi, ancaq səhhətində problemlər yarandı.

Yeri gəlmişkən, yenə də himni dəyişmək iddiasında olanlara demək istərdim ki, himn tarixdir, nə qədər dəyişsən də o tarix olaraq qalır, özü də bu cür dəyərli bir tarix.

Elçin Səlcuqun adını çəkdik, onu bir başqa məsələyə görə də yad etməliyik. Rəhmətlik çox gözəl insan idi. Hələ o Naxçıvanda şagird olanda Vaqif Cəbrayılzadə barədə nə çap olunubsa hamısını yığıb şəkli ilə birlikdə bir dəftərcəyə, şeirlərinin üzünü köçürüb. Bakıya gəlib ali məktəbə daxil olanda evimizin yerini öyrənmişdi. Bir gün qapı döyüldü, açdım, bir oğlan əlindəki dəftəri içəri atıb qaçdı, gözdən itdi. Sonralar məlum oldu ki, həmin gənc Elçin Səlcuq imiş. Bakıya gələndən sonra fikirləşib ki, daha mən şairin özünü tanıyacam, dəftər mənə lazım deyil, ona görə də dəftəri bizə verib, içində yazılıb – Elçin Quliyev, IX b sinfi. Vaqif müəllim bəzən zarafatla deyirdi ki, "belə çıxır, elə mənim ilk kitabımı da Elçin Səlcuq öz əlyazmasında buraxıb”...

- Həmin dövrlə bağlı konkret daha nələri xatırlayırsınız?

- Bilirsiniz, Vaqif müəllimin gəncliyində sovetlər əleyhinə, imperiya əleyhinə, türkçülük uğrunda, ətrafındakı traktor şeirləri içində əsl poeziya görmək uğrunda açıq vuruşlarını hətta o vaxtın dövlət təhlükəsizlik idarələrində də çox yaxşı bilir və yaxından izləyirdilər. Amma heç nə etmək mümkün deyildi, bu adam düzəlməz olub və indi də elədir. Gözəl yazıçımız Afaq xanım Məsudun Vaqif Cəbrayılzadəni ilk dəfə harada və necə gördüyü haqda bir yazısı var. Kommunistlərin qılıncının dalı da, qabağı da başlar kəsdiyi bir vaxtda partiyanın gənc yazarlar üçün partiyaya və komsomola tərif və vəsf eşitmək ümidilə təşkil etdikləri bir konfransda traktor, Lenin və partiya haqqında söylənən və canlara yağ kimi yayılan mədhlərdən sonra səhnəyə rəngi ağarmış cılız bir gənc çıxır və kommunist rəhbərlərin düz gözünün içinə baxa-baxa türk dilində şeir oxuyur. Mən təsəvvür edirəm, bu nə demək idi və bunu ancaq Vaqif edə bilərdi. Belə şeylərə görə ona "dəli” də deyirmişlər. Rəhmətlik Aydın Məmmədov bir məqaləsində Vaqif Cəbrayılzadə poeziyasını Azərbaycan şeirində yeni epoxa kimi təqdim etdikdən sonra Vaqiflə Aydın müəllimin karikaturalarını qəzetlərdə dərc edibmişlər və dəhşətli hücumlar başlayıbmış. Nə isə, bunlar çox uzun məsələlərdi, nə vaxtsa hamısını yazmaq lazımdır.

- Bəs bir insan kimi Vaqif müəllimin sizə qaranlıq qalan xüsusiyyəti varmı?

- İnsan kimi mən onu yaxşı anlayıram və yüksək qiymətləndirirəm. İnsan kimi onda mənfi xüsusiyyət görməmişəm. Elə bir çatışmayan xüsusiyyəti yoxdur ki, baxıb deyəm: "Kaş bu cəhət də onda olaydı”. Xanımı olduğuma görə belə demirəm, doğrudan belədir. Elə böyük yazıçılarımız, şairlərimiz var ki, əsərlərini oxuyursan, gözəl fikirlər yaranır onların şəxsiyyəti haqqında, amma sonra həyatda görəndə çox təəssüflənirsən, fikirlərin alt-üst olur. Düşünürsən ki, heyf o qədər vaxt sərf edib bunun şeirini, romanını oxumuşam. Belə qənaətə gələndə Vaqif müəllimlə bölüşmürəm, çünki o, heç kəsə pis demir. Hamının yalnız yaxşı xüsusiyyətləri onun yadındadır. Mən təbii ki, belə məqamda Vaqif müəllimlə razılaşmıram. Çünki nəyim olmasa da, əla müşahidə qabiliyyətim var, insanı görən kimi bilirəm ki, bu adamın əsərlərində yazdığının heç 1 faizi də öz həyatında yoxdur. Yəqin belələri fikirləşirlər ki, ancaq əsərlərimdə yaxşı olsam, kifayətdir. Ancaq Vaqif müəllimin şeirlərini oxuyun və onunla birgə min il yaşayın, görəcəksiz ki, onun poeziyası necədirsə, özü də elədir. Onun poeziyası ilə şəxsiyyəti bitişikdir, yaradıcılığı ilə şəxsiyyəti arasından tük də keçə bilməz.

- Hər müsahibəsində yeni kitabının çıxacağından danışır, ancaq sonuncu kitabının - "Yupyumru bir eşqilə”nin çapından 8 il keçir. Növbəti kitabının bu qədər gecikməsinin səbəbi nədir?

- Birinci səbəb onun səhhətindəki problemdir. Əvvəlki illərdəki kimi ardıcıl işləyə bilmir. İkinci səbəb isə, yəqin, məsuliyyətidir, o, indi həm Vaqif Cəbrayılzadənin, həm də Vaqif Bayatlı Odərin qarşısında məsuliyyət daşıyır. İstəyir şeirləri bir pillə daha yuxarıya qalxsın. Yeni kitabı tamam fərqli bir üslubda olacaq. Bu kitab tam şeirlər olmayacaq, qəlbində keçirdiyi hislər – Tanrıya dedikləri poetik şəkildə oxucuların ixtiyarına veriləcək. Kitabda bu səviyyəyə çatmış bir adamın ürəyində Allaha dedikləri, hisləri açıq şəkildə olacaq. Bu da elə asan başa gələn məsələ deyil, o cür şeirləri tez yazmaq çətindir. Həmin şeirlərin əlyazmalarını oxuduqca və kompüterdə yığdıqca elə başa düşürəm ki, Vaqif müəllim indi Tanrının ona bəxş etdiyi istedadın hesabatını verir.

Açığı, mənimlə poeziya barədə heç nə danışmır, fikirlərini bölüşmür. O istəmir ki, mən səviyyədə bir adam poeziya haqqında nəsə fikir desin. Mən gözəl şeiri çox yaxşı anlasam da bilirəm ki, onun poetik aləminə müdaxilə etmək olmaz.

- İnsanları bir-birinə bağlayan həm də dini düşüncə, dünyaya münasibətdir. Onun Tanrıya, dünyaya, dinə münasibətində fikirləriniz nə dərəcədə yaxındır?

- O, Tanrını daxilində hiss edir və onunla daim söhbətdədir. Onun sevgisi dinlə yox, Tanrıyla bağlıdır. Tanrı onun içində, hər misrasındadır. Dinlərin hamısına hörmətlə yanaşır, dini kitabların da hər birini oxuyub. Vaqif müəllim "Söz” deyəndə İlahi Sözü nəzərdə tutur, adi sözü yox. Həmin sözlərlə də yazır. Tanrı onun içindədir deyə o, pislikləri görə bilmir, o, pis adamı yaxşı, kifiri gözəl görür. Məsələn, deyəndə ki, bir adam bizə yamanlıq edib, pis adamdı. Deyir, yox, o, yaxşı adamdır, mən onunla bir dəfə söhbət eləsəm, düzələr. Vaqif müəllim üçün də, mənim üçün də əsas olan Tanrının istədiyi kimi olmaqdır. Yəni Tanrı bizi yaradanda necə görmək istəyibsə, elə olaq. Əgər elə ola bilmirsənsə, deməli, sən Tanrının ümidlərini doğrultmursan. Bu mənada bizim dünyaya və dinə münasibətimizdə ortaq nöqtələr çoxdur və mən ondan çox şey öyrənmişəm...

- Vaqif müəllimin insani təmizliyini təqlid etmək istəyənlərə də rast gəlirik. Onun kimi təmizliyi təlqin edənlərə. Ancaq onların bəziləri bunu sadəcə dildə deyir, əməldə isə dünyadan qırxayaq kimi yapışırlar, yaxud da yaxşı insan anlayışı belələri üçün sadəcə, kağız üzərində qalır. Bu məqamları müşahidə etmisinizmi?

- Bayaq elə onu deyirdim, sadəcə, düzgün izah edə bilmədim. Siz deyən məqamlarla çox rastlaşmışam. Vaqif müəllimin sözləri ilə danışanların, ona bənzəmək istəyənlərin çoxu əməldə onunla yanaşı dura bilməzlər. Məsələn, elə adam olur ki, qadın haqqında gözəl şeirləri, yazıları olur, oxuyub heyran olursan. Sonra həmin adamı həyatda görürəm, az qalır adamları tapdayıb keçsin, yaxud eşidirəm, heç evdə qadınına hörmət eləmir. Beləsinin yazdıqlarına inanarsanmı? Onun yazdıqlarını Vaqif müəllimin yazdıqları ilə yanaşı qoyarsanmı?

- Qətiyyən...

- Poeziya təkcə yazdıqların deyil, həm də sənin pak yaşayışındır. Allahın istədiyi kimi olmağındır, bunlar bir-birini tamamlamalıdır ki, əsl poeziya alınsın. Poeziya sənin Tanrıya, xalqa, insanlara, qadına, bayrağa olan sevginin, duyğularının, yaşantılarının ifadəsidir. Heç bilirsiniz ki, Vaqif müəllim hər gün eyvana çıxıb üç rəngli bayrağımıza baxaraq dua edir? Düzgün müşahidə etmisiniz: Vaqif müəllimi təqlid etmək istəyənlər elə bilirlər, o, ancaq yazdıqları ilə Vaqif Bayatlıdır. O isə həm nəhəng poeziyası, həm də pak şəxsiyyəti ilə Vaqif Bayatlıdır. Siz məni heç nəylə inandıra bilməzsiniz ki, pis bir insan yaxşı qələm adamıdır. Demirəm, bütün tarix boyu belə olub, sadəcə, mənim tanıdıqlarıma qarşı münasibətim belədir. Hətta kitab şkafında belə şəxsiyyətli, ləyaqətli yazarların kitabını daha üst sıraya qoyuram.

- Yarıciddi-yarızarafat bir sual da verim. Vaqif müəllim haqqında daim ürək rahatlığı ilə "nəhəng insan”, "dahi” kimi sözlər işlədirsiniz. Onu az-çox tanıyan adam kimi tərifdən qaçdığına bələdəm. Haqqında belə danışmağınız onu qıcıqlandırmır ki?

- Qıcıqlandırır, deyir məni çox şişirdirsən, ayıbdır. Ancaq onu tanıyan biri, oxucu kimi bunları demək mənim haqqımdır.

- Müsahibələrinizin birində belə qeyd edirsiniz: "Bəzən hiss edirsən ki, o, səni düşünmür, evini düşünmür, xalqını, Azərbaycanı, türk dünyasını, böyük ədəbiyyatı düşünür”. Əlbəttə, belə olanda vətəndaş kimi Vaqif müəllimi başa düşmək olur, bəs qadın, həyat yoldaşı kimi necə, belə olması sizi pəjmürdə etmir ki?

- Yox, heç vaxt, mən öyrəncəliyəm. Bilirəm ki, o, məndən daha qiymətli şeylər haqqında düşünür. Əgər bilsəydim ki, məndən qiymətsiz, kiçik şeylər haqqında düşünür, onda haqqım olardı inciməyə. O, böyük, həm də onu çox narahat edən məsələləri qoyub daim məni düşünsə, Vaqif Bayatlı olmazdı ki...

- Gənclik illərində yazdığı sevgi şeirlərinin ünvanı barədə "haqq-hesab” sizin evdəndəmi əksik olmurdu?

- (gülürük...) Yox, biz elə söhbətlərə vaxt itirməmişik. Vaqif müəllim üçün ümumiləşmiş türk qadını obrazı var. O, iki yaşlı qız uşağına da ana obrazı kimi baxır. O, qadını qadın kimi görmür, İlahi varlıq kimi görür. Onun əhatəsində çox qadınlar olub. Çünki qadınlar təmiz mənəviyyatı yüksək qiymətləndirirlər. Vaqif müəlliminsə türk qadınına yazdığı şeirlər var. Onun düşüncəsinə görə, onların hər biri gözəldir, hamısı Allahın yaratdığı ana obrazlarıdır və ona görə də hər biri müqəddəsdir. Dahilərdən hansısa deyib ki, kişinin böyüklüyü ancaq qadına olan münasibəti ilə ölçülə bilər. Başqa meyar yoxdur.

- Amma "Bir də bir kimsəni sevməyəcəyəm” şeirinin ümumiləşdirilmiş bir türk qadınına yazıldığını demək olmaz axı...

- O şeiri elə mənə yazıb ... (gülür). Onun ümumi qadın obrazının içində nə qədər mən varam, nə qədər başqaları var, onu deyə bilmərəm. Ancaq hər halda, ümid edirəm, o şeirlərdə məndən çox şey var.

- Bu sualı əvvəldə verməyim daha məntiqi olardı. Ancaq söhbət bizi aparır deyə indi soruşuram: Necə tanış olmusunuz?

-

Bunu ondan soruşmaq lazımdır, o, məni seçib. Bilirsiniz, Allah hər kəsin tayını yaradır, bəziləri onu tapır, görür və tanıyır, bəziləri isə yox. Xoşbəxtlikdən mən onu görəndə tanımışam, daha doğrusu, eşidəndə onu səsindən tanımışam. O vaxtlar Vaqif müəllim çox gənc olmağına baxmayaraq, böyük yazıçılarımız İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı ilə dostluq edirdi. Ən çox sevdiyi yazıçılar da elə onlar və F.Dostoyevski idi. Onun elçiliyinə də elə böyük yazarlarımız və ziyalılarımız gəlmişdi: Anar, Kamal Abdulla, Kamil Vəli, Azər Mustafazadə - onların hamısına çox-çox minnətdaram, çox sağ olsunlar. Qonşularımız bu qədər məşhur insanı birdən bizim həyətdə görəndə çaşmışdılar hətta. Amma bu, görünür, elə belə də olmalıymış, çünki yadımdadır, elçilikdən sonra anam dedi ki, "mən həmişə ürəyimdə bilirdim ki, qızıma böyük adamlar elçi gələcək...”

Qafqazinfo.az

# 3039 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
#
#
# # #