Uzun illər vedrədə böyüyən uşaq – YENİ HEKAYƏ

Uzun illər vedrədə böyüyən uşaq – YENİ HEKAYƏ
28 mart 2018
# 14:19

Kulis.az Mənsur Rəğbətoğlu “Kartof” hekayəsini təqdim edir.

Anam məni doğub vedrənin içinə atdı. Atam həmin vaxt siqaret çəkirdi. Siqaretin külünü şəhadət barmağıyla vedrəyə - mənim üstümə çırpırdı. Bu, dəhşətli hadisə idi. Uzun illər – böyüyənədək bu vedrənin içində yaşadım. Siqaret kötükləri və ara-sıra atılan kartof qabıqları ilə qidalanıb sağ qalırdım. Vedrə piştaxtanın altına qoyulmuşdu. Mən səhərdən gecəyədək sahibinin ağır çəkmələri altında əzilən ac it kimi zingildəyirdim. Amma mənə fikir verən yox idi. Hamı öz işindəydi. Atam laqqırtı vurur, anam da yalandan – işinin xətri üçün gülürdü. Mənim doğulduğum həmin gün hava bürkülü, şəhər tozlu idi. Vedrə tərlə dolmuşdu. Mən tozu udan tərin vedrə içində yaratdığı bataqlıqda çapalayırdım. Oradan çıxmaq müşkül məsələ idi. Vedrə məni udmuşdu.

Bu, abort kimi bir şey idi. Məni dipdiri anamın qarnından çıxarıb vedrəyə atmışdılar. Amma mən ölməmişdim: nəfəs alırdım, görürdüm, iy hiss edirdim, eşidirdim. Adi insanlar kimi mənim də gözlərim, qulaqlarım, ağzım, çənəm, başım, əllərim, ayaqlarım vardı. Ən dəhşətlisi də bu idi ki, işlək vəziyyətdə olan bütün orqanlarım tez-tez mənə yaşadığımı xatırladırdılar. Balaca vedrənin içində milyard illər yaşayacağım həyat başlamışdı.

Aradan on milyard il keçdikdən sonra mən vedrənin içindən çıxdım və piştaxtanın arxasınca keçib kartof satmağa başladım. Kimə gəldi kartof satırdım. Müştərilərin hamısı mənim üçün eyni idilər: kartofu yeyib həzm etdikdən sonra bunu maddənin tamam başqa formasına salıb kanalizasiya borularının ümidinə buraxan ifrazatçılar....

Çox güman ki, kanalizasiya boruları da bu adamların mədələri kimi, kartoflarla yaxşı rəftar etmirdilər, onlara öz qəddar üzlərini göstərirdilər. Bunu dəqiq bilirdim. Sözün açığı, mən kartofdan çox nəcis satdığıma inanmağa başlamışdım. Amma düşünəndə ki, həzm edilib başqa formaya düşmüş kartoflar gübrəyə çevrildikdən sonra öz cinslərindən olanlara həyat verirlər, bu, məni sevindirirdi. Lakin mən bu piştaxta arxasında öz xoşumla oturmamışdım. Necə ki, milyard illər əvvəl mən uşaq olan vaxtlarda – vedrənin içində olarkən rəssam olmaq istəmişdim və böyüdükdən sonra hansısa səbəblər məni tamamilə başqa işlərlə məşğul olmaq məcburiyyətində qoymuşdular, indi kartof satıcısı olmaq da mənə görə olan iş deyildi. Heç bu işin qulpundan zərurət, ya başqa marağa görə tutmamışdım, sadəcə mən özümü cəzalandırırdım. Lakin illər keçdikcə bu qəribə girdə şeylərlə vaxtımı daha çox keçirdiyimi hiss etməyə başlamışdım. Bu mənasız iş məni dalana dirəmişdi və mən bu çıxmazda adamlarla kartoflar arasındakı oxşarlıqları kəşf etmişdim: adamlar kartof kimi nə qədər ki, dərilərindən sağlam görünürlər, həmişə göz qabağında dayanmağa çalışırlar, elə ki, qabıqları büzüşmə prosesinə girdi, özlərini taleyin ümidinə buraxıb yavaş-yavaş aradan çıxırlar. Ölürlər. Amma əldə etdiyimi bu dəhşətli həqiqət məni xilas etmirdi. Ümumiyyətlə, sevmədiyim işlə məşğul olmağa vərdişkardım. Niyə belə etdiyim mənə də məlum deyildi. Lakin belə lazım olduğunu düşünürdüm. Nə qədər ki, nəfəsim burnumdan gəlirdi, ölənədək belə yaşamağa qərar vermişdim. Bu qətiyyətim məni sevindirsə də illər keçdikcə pisə doğru dəyişirdim. Üzləşdiyim vəziyyət o qədər qorxulu hal almışdı ki, səhərdən axşamadək kartof satmağıma baxmayaraq, evə qayıdanda yanımdakı satıcıdan iki kiloqram kartof alırdım. Bişirdikdən sonra zibil vedrəsinə atırdım. Yemirdim. İndi də bu hərəkətimdən razıyam. Yaxşı ki, vaxtında belə etmişəm. Çünki bu məlun məxluqlar məni də özləri kimi əxlaqsızlıq etməyə öyrətmişdilər. Bəli, kartoflar əxlaqsızdırlar.

Desəm ki, bu axmaq fikirlərə gəlib çatmağıma təkan verən, məni sıxan şey yaşamağın hər gün məşğul olduğum mənasız iş olduğunu dərk etməyim idi, yalan danışaram. Məsələ bu deyildi. Çünki ən xırda şeylə də xoşbəxt olmağı bacaran insan idim. Məsələn, pivəxanada ofisiant qız üzümə gülərdisə, bundan özümün baş qəhrəman olduğum dastan düzəltmək işində peşəkar idim. Dərhal düşünməyə başlaya bilərdim ki, ofisiant qadın işinin xətri üçün yox, məndən xoşu gəldiyi üçün gülümsəyirdi. Məni xoşbəxt edən bu tilsimi açmamaq üçün başımı stoldan qaldırmırdım ki, birdən həmin qadının hansısa kişiyə baxıb gülümsədiyini görərəm. Amma ovcumun içi kimi bilirdim ki, bir-iki parç artıq pivə satmaq üçün bu fahişə ən zəhləsi getdiyi kişilərin də üzünə irişir. Amma bu, mənim vecimə deyildi, çünki mənə belə xoş idi.

Uzun müddət həmin xoşbəxtlik üzərində baş sındırıb yeri öz orbitindən çıxara, Allahı taxtından devirə biləcək güc yığa bilirdim. Amma kartofların içində ayılanda yerimə leş düşüb süst qalırdım. Bütün bazarın milçəkləri üstümə daraşmağa başlayırdılar. Buna görə də kartoflarla o qədər qəddar davranırdım ki, bircə onlarla cinsi əlaqədə olmamışdım. Yerdə qalan bütün pislikləri etmişdim.

Bəli, zorakılığa məruz qalmış qadının süzülmüş corabları kimi qabıqları çat vermiş, yol kənarındakı fahişələr kimi taxtanın üzərində üst-üstə qalaqlanmış bu əxlaqsızların arxasında təsadüfən dayanmamışdım. Bu, təsadüf və zərurət deyildi, bu, özümü cəzalandırmaq prosesini uzatmaq – sağ qalmaq üçün seçilmiş variant idi. Bu fikrimdə qətiləşəndə öz-özlüyümdə dəqiqləşdirdim ki, anam və atam mənim məsələmi həqiqətən bu kartofların qalaqlandığı piştaxtanın arxasında həll ediblər. Mən də anamın qarnından sivişib bura düşdükdən sonra onlar bu əxlaqsız varlıqların talelərini ümidimə buraxıb aradan çıxıblar. Bu hadisə on milyard il əvvəl baş verib.

On bir milyard il sonra isə inanmağa başladım ki, kartoflar kartof olmamışdan qabaq naməlum yerlərdə lənətlənmiş varlıqlar olublar. Allah sevmədiyi hər şeyi kartofa çevirib onları cəzalandırır. Buna görə də onların adamlarla müqayisədə biri-birlərini daha yaxşı başa düşdüklərinə inanıram. Mən isə bu mənasız girdə şeylərə gözlərimi zilləyib beynimdə milyonlarla absurd hekayələr uydururdum. Mənim onlarla tanışlığım axırıncı dəfə öldüyüm və heç vaxt sağ olmayacağım vaxta düşürdü. Mən hər şeydən imtina edib özümü onların arasına vermişdim. Bu o vaxta təsadüf edirdi ki, mən yemək qazanının içinə nə gəldi atıb qaynadırdım. “Yemək” hazır olduqdan sonra səhər geyinəcəyim paltarın üstünə boşaldırdım. Bilirdim ki, sərxoş olduğuma görə həmin vaxt xətrimə dəyəcək bir söz də deməyəcəyəm. Amma səhər tələsik evdən çıxmağa hazırlaşanda geyinməyə paltar tapmayanda ən yaxşı formada özüm-özümə qənim kəsilib bir neçə dəfə başımı divara çırpdıqdan sonra ən xoşuma gəlməyən paltarı geyinib, özümü söyə-söyə qapını arxamca çırpırdım. Bunu hər gün təkrar edirdim.

***

Niyə kartof satmağıma gəlincə, işdən qovmuşdular. Hansı səbəbdən iş qapısının üzümə bağlandığı yadımda deyil, amma deyəsən, biabırçı bir iş tutmuşdum. Bu, elə bir biabırçı iş idi ki, mənim yerimə kim olsaydı, adam içinə çıxmazdı. Amma mən çıxırdım. Beləliklə, bütün əlahiddə, məni adamlar arasında hörmətli edən bütün imtiyazlardan məhrum olmuşdum. Qovulduqdan sonra hər gün şəhəri küçə-küçə veyllənib vaxtımı boşa verirdim. Getdikcə ətrafımdan azalan adamlardan kim zəng etsəydi, görüşmək üçün boş vaxtım vardı. Bu da məni qeyri-ciddi göstərməyə başlamışdı. Üstəgəl, tez-tez məni zərrə qədər gözlərində insan kimi tanımayan adamlara zəng edib zarafatlaşırdım. Həmin adamlar mənim haqqımda heç vaxt yaxşı fikirdə olmamışdılar. İndi isə məni gözləri ilə də görmək istəmirdilər. Buna görə də dəstəyin üzümə bağlanmasına adət etmişdim. Bunu qəsdən edirdim ki, dibinə yuvarlandığım bataqlıq məni özünə daha yaxşı çəksin. Başqalarına işgəncə vermək yerinə, özümü öz dilimlə ağrıtmağı seçmişdim.

Yaxşı yalan danışmaqdan başqa elə bir istedadım da yox idi ki, çulumu sudan çıxarıb yenidən özümü sübut edim. Sözün açığı, üzləşdiyim qorxulu vəziyyəti nəzərə alsaq, bu, həmin vaxt üçün vacib də deyildi. Amma özümə olan hörmətimi tamamilə itirmişdim. Mən özümə nifrət edirdim. Buna görə də ən sevmədiyim şeyləri – kartofları kimə gəldi satmağa başlamışdım. Konkret qiymət də qoymamışdım. Neçəyə gəldi satırdım. Bəziləri də baş qarışıqlığına düşüb pul vermirdilər, elə bilirdilər ki, yadımdan çıxıb. Heç nə demirdim, çıxıb gedirdilər. Günahkar baxışlarla arada geriyə də çevrilirdilər ki, birdən boyunlarının arxasından yapışıb pul tələb edərəm. Baxdığımı görmürdülər. Çünki mən başımı kartof topasının arxasında gizlədib, aralıqdan onları süzürdüm. Gözdən itənə qədər baxırdım və söyürdüm.

***

Nəhayət, mənasız günlərdən birində özümü işdən çıxarmaq barədə qərar verdim. Bu, başımı kartofların arasında gizlətdiyim vaxt ağlıma gəlmişdi. Piştaxta ilə birdəfəlik vidalaşdıqdan sonra bir kisə kartof alıb evə qayıtdım. Bu, girdə şeylərlə necə rəftar edəcəyimi bilmirdim. Uzun müddət bu barədə düşündüm. Kartoflar cücərməyə başlayanda aradan on iki milyard il keçirdi və mən birotaqlı evimdə tamamilə təcrid edilmiş vəziyyətdə qalmışdım. Bu balaca otağa kənar dünyadan işıq gələn bütün yerləri bağlayıb uzun-uzun intiharlar haqqında düşünməyə başlamışdım. Hər gecə özümü edam edirdim. Hər dəfə də leşimi döşəməyə sərib yatırdım. Hər gecə bu formada ölüb səhər yenidən dirilirdim. Ümumiyyətlə, gecələr ölməyə adət etmişdim. Amma dəqiq bilirdim ki, mən on milyard il əvvəl birdəfəlik ölmüşdüm. Axırıncı dəfə dünyaya nə vaxt gəldiyimi də unutmuşdum. Bu barədə təsəvvürüm yox idi, heç düşünmürdüm. Amma mən normal ölülər kimi ölə də bilmirdim. Üstəgəl, heç kəs də məni öldürmək istəmirdi. Saatlarla gözlərimi göyə zilləyib yerimdə donurdum. Allah da görünmürdü. Çox qəribə halla üzləşmişdim. Mən tamamilə yaddan çıxmışdım. Deyəsən, bütün bunlar başıma ona görə gəlirdi ki, mən heç kəsin ayaqları altında dolaşıb onlara mane olmurdum. Mən təkcə özümə badalaq vururdum, demək ki, məni özümdən başqa heç kəs öldürməyəcəkdi. Amma aradan keçən daha bir milyard ilin içində də bunu bacarmadım.

On üç milyard il sonra isə iki əlimlə boğazımdan yapışıb, “bəlkə qopdu” ümidi ilə başımı çənəmin altından var gücümlə yuxarı dartdım. Cəhdlərim boşa çıxanda yenidən iki əlimlə boğazımdan yapışıb özümü çarpayının üstünə qaldırdım. Dizlərimə qədər dəvəquşu kimi əyilib yuxarı atıldım, ümid edirdim ki, bu vaxt dirsəklərim havadan asılı qalacaq və başım ağırlığıma dözməyərək yerindən qopacaq. Amma mən ağır daş kimi başım qopmamış halda quru döşəməyə çırpıldım. Başım çarpayının metal ayağına dəydi. Bu dəfə başımı sürətlə quru döşəmənin üstündən sürüşdürüb metal ayağa çırpmağa başladım. Bir neçə dəfə bunu təkrar etdikdən sonra beynimin içi keyləşdi, yuxu məni aparanadək beləcə qaldım. Səhər yuxudan ayılanda gözlərim dizə qədər çarpayının toz içində itmiş yarıqaranlıq zirzəmisinə açılmışdı.

Bu hadisədən bir milyard il sonra sonuncu dəfə intihar edib özümü öldürdüm. Kəndiri divara çaxdığım armatura bağlayıb həlqəsini boynuma keçirdim. Ayaqlarım altında stul vardı. Gözləməyə başladım. Saatlarla gözlədim. Fikirləşdirdim ki, bəlkə kimsə qapını arxasından vurdu, ya da telefona zəng gəldi. Gözlərimi gah qapı, gah da telefon üzərində gəzdirirdim. İkisi də susurdu. Allahdan nəsə gözləmək isə axmaqlıq idi. Həlqəni boynumdan çıxaranda taxta stulun axsaq ayaqları dözməyib özünü də, məni də döşəməyə sərdi. Gözlərim divara ən yaxın formada zillənib qalmışdı. Səhərədək orada yatdım. Yerimdən qalxıb kəndiri səliqə ilə yığışdırıb televizorun üstünə - göz qabağına qoydum. Lazım olacaqdı. Hələ ölməmişdim. Lakin ilk dəfə idi ki, sağ qalmağıma sevinmişdim və pəncərəni açmaq haqqında düşünməyə başladım. Eyvana da çıxmaq istəyirdim. İkisini birdən etdim. Amma pəncərəni açıb eyvana çıxarkən nazikboğaz, yekəbaş dinozavr başını pəncərədən içəri uzadıb dibçəkdəki kartofgülünü otlamağa başladı.

# 2152 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #