O, aldatmağa məcburdur – Günel Natiq yazır...

O, aldatmağa məcburdur – <span style="color:red;">Günel Natiq yazır...
4 oktyabr 2017
# 11:10

Kulis.az Günel Natiqin Şərif Ağayarın yeni romanı haqqında yazdığı “Çəhrayı atların sirri: “Arzulardan sonrakı şəhər” essesini təqdim edir.

İnsan ruhunun sirli kodları... Nil (İterü) çayının mahiyyətində gizlənmiş gizli şifrələr... Eramızdan əvvəllərə söykənən yaşantılar və bu yaşantıların 20-ci əsrin insanında özünü bəlli etməsi...

Yazıçı Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı cəzbedici və əsrarəngiz hisslər yaşadır. Özünü bu olayların bir parçası kimi hiss edirsən və minilliklərin o tayından gələn uğultulu səsləri dinləmiş kimi olursan.

Ağzı məftillə bağlı çəhrayı atlar balaca Həsənin yuxularında boy verir. Ağzı bağlı atlar kimi özünü əl-qolu bağlı hiss edən və bir yuxunun əlində naçar qalan oğlan özü də fərqində olmadan yuxuların ardınca gedir.

Əslində o, yuxunun taleyini yaşayır. Nənəsi ilə qohumları, qocaman jurnalist Sərdar müəllimin evinə sığınanda da, nənəsi rus olduğu üçün özünü qərib sayan Gülsümü sevəndə də, arzulardan sonrakı şəhərini soraqlayanda da əslində o yuxunun taleyini yaşayır. Hər yerdə qarşısına çəhrayı atlar, çəhrayı qoxular çıxır.

Həsənin özünə hər qayıdışı Misir ehramlarının tikildiyi çağlara qaytarır oxucunu. İterü çayı Yaşıl vadidə yaşayan qəbilənin anası, bacısı, doğması, sevgilisi - hər şeyidir. Qəbilənin hər bir fərdi ondan güc, ondan ruh alır.

Xüsusilə qəbilənin igid döyüşçüsü Amanis İterüyə sevdalıdır, çayın nəhayətsiz sularında öz keçmişini və gələcəyini axtarır.

“Hamımızı İterü yaradıb, İterü dolandırır, İterü də ağuşuna alır. İterü olmasa, biz ömrümüzü hesablaya bilmərik. Hər daşqınla ömrümüzün bir pilləsi başa çatır. Daşqınla hər şey yenilənir, hər şey təzədən başlayır.”

Amanisin İterüyə üz tutub ondan öz keçmişini və gələcəyini soraqlaması, şəninə alqış deməsi elə gözəl və poetik təsvir olunub ki, oxucu bu təhkiyənin bitməməsini diləyir. “Ürəyimi kedr çiçəyi kimi ləpələrinin üstünə qoymağa hazıram”, - deyir qəhrəman. “Ləpələr içimdə titrədi, yırğalandı, əvvəl kəpənək uçdu, sonra at qaçdı, daha sonra Haça qayanın qıjovu kimi uğuldadı”, - deyir əsərin başqa bir yerində.

Fyodor Dostoyevskinin əsərlərindən biri haqqında dediyi sözlər yadıma düşür: “Bu əsəri çox sevirəm. Çünki burda poeziya var.” “Arzulardan sonrakı şəhər”dəki poetik ruhu İterünün müqəddəs suları kimi əsər boyu insanı valeh edir, özünə çəkir, öz cazibəsinə salır.

Həsənlə Amanisin taleyi paralel olaraq gedir. Anlayırsan ki, əslində insanın mahiyyəti minilliklər boyu dəyişməyib. O, eyni cür sevir, eyni cür ümid bəsləyir, eyni cür mübarizə aparır. Onun ruhundakı nəğmələr eyni cür səslənməkdə, eyni cür ovsunlamaqdadır. Və min illər keçsə də, insan ruhu əslində qəlbində kəpənək kimi uçan və onu titrədən bu nəğmələrə möhtacdır.

Əsər boyu yazıçının zəngin təxəyyülünə heyran olursan, anlaya bilmirsən ki, o, bu sirli yola necə baş vurub, yazı dünyası İterünün sirli suları ilə necə qaynayıb-qarışıb?

Sözsüz ki, Şərif Ağayar iliyinə kimi duyub o tarixi, əks halda əsər belə səmimi alınmazdı.

Kim bilir, bəlkə onun da taleyindən çəhrayı atlar gəlib-keçib.

Çəhrayı atların sirri əsər boyu oxucunu məşğul edir, gah Yaşıl vadidə qarşımıza çıxır, gah at başı rəsmində görünür, gah bizi yenidən xəyal dünyasına, yuxu dünyasına qaytarır. Kedr çiçəyinin qoxusu kimi oxucunu məst edir.

Əsərdə əsas obrazlardan biri nənədir. Nənə son dərəcə koloritli və maraqlı obrazdır. Bizim adət etdiyimiz nənələrdən xeyli fərqlənir. Qəhrəman onu gah küpəgirən qarıya, gah da başındakı cır-cındıra görə bostan uyuğuna bənzədir. Hisslərini asanlıqla büruzə verməyən qəhrəmanın “sevimli ifritəm” ifadəsində belə bu əyri dişli, donqar belli qarıya sonsuz sevgi duyulur.

Əslində, nənə qəhrəmanın yurdudur, vətənidir. “Nənəmi bütöv bir qlobus kimi təsəvvür etsək, mənim vətənim onun əlləridir.” Nənə Vətənin kiçik bir obraza sığdırılmış əksidir. Vətən kimi qayğılı, ağrılıdır, amma bütün hallarda sevimli və doğmadır.

Nənə obrazını İterü çayının doğmalığı ilə müqayisə edirəm. Birinci fəsildə qəhrəmanı nənə himayə edirsə, ikinci fəsildəki qəhrəmanı İterü çayı qoruyur, yaşadır. Nənə və İterü çayı hansısa məqamda eyniləşir, eyni axarda görünür.

Əsərdə Məxmərəy obrazı bəlkə də ən kədərli obrazdır. Məxmərəy kartof satır, amma uşaqlarını saxlamaq üçün adamları aldatmağa məcburdur. Halbuki onun yaxşı cəhətləri də var. Məsələn, qəhrəman xatırlayır ki, uşaq vaxtı Məxmərəy onu üskük oynadan oğlanların əlindən qurtarmışdı, sonra ovutmaq üçün cibindən çıxardığı sarı heyvanı pencəyinin astarına silib ona bağışlamışdı.

Amma həyat kiçik sevincləri bağışlamayacaq qədər qəddar və üzüdönükdür.

Budur, epizodların birində nənəylə Məxmərəy üz-üzə gəlir. Həyat uğrunda ən kədərli səhnələrdən biri yaşanır. Məxmərəy, dediyimiz səbəb ucbatından aldatmağa məcburdur, istəsə də, istəməsə də, həyatda qalmaq instinkti bunu diktə edir.

Nənə də aldanmaq istəmir. Onun da himayəsində nəvəsi var. Onu yaşatmalıdır. Onsuz da hər səhər boyat çörəkləri tavada qızdıran nənə nəvəsini doyunca yedirə bilmədiyi üçün əzab çəkir.

...Nənəni palçığın içində görən Həsənin büruzə vermədiyi hisslərinin içində dibi görünməyən bir kədər var, amma o Məxmərəyi və onun faciəsini də anlayır, sınıq-sökük musiqi məktəbinin binasına sığınmış ac-yalavac uşaqlarını düşünür, nənəsindən onu bağışlamağını istəyir. Nənə də bilir bunu, amma nənə yaşam uğrundakı cəhdlərindən birini də edir:

“Məxmərəyi tutdurmazdım heç vaxt, onu qorxuzurdum. Yoxsa bizi yiyəsiz sayar, evdən qovardılar”.

Musiqi müəlliminin də epizodik obrazı nəzərlərdən yayınmır. Bir vaxtlar musiqi səsi gələn məktəb indi yurddan didərgin düşən insanlar üçün sığınacaqdır, o insanlar ki, onlara heç nə, hətta dünyanı vəcdə gətirən ilahi musiqi də həyan ola bilmədi.

Əsərin ən böyük üstünlüklərindən biri dil zənginliyidir. Bədii ifadələr çoxqatlı və orijinaldır. Ayrı-ayrı obrazların dilindən verilmiş ifadələr qəhrəmanların psixoloji portretini cızmaqla dil xəzinəmizə əvəzsiz töhfələr verir.

“Arzulardan sonrakı şəhər”in mahiyyətini onu oxuduqdan sonra daha dərindən anlayırsan. İterünün suları kimi həzin və qəmli nəğmə insanın duyğularını tərpədir. Əvvəl bir kəpənək uçur. Sonra bir at qaçır. Çəhrayı qoxular kedr çiçəyinin ətri kimi səni lap uzaqlara aparır...

# 2444 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #