Ayaqyalın - Valeri İvanov-Taqanskinin hekayəsi

<span style="color:red;">Ayaqyalın  - Valeri İvanov-Taqanskinin hekayəsi
9 avqust 2017
# 16:30

Kulis.az Yaşarın tərcüməsində Valeri İvanov-Taqanskinin “Ayaqyalın” hekayəsini təqdim edir.

Viktor möhkəm bədənli, ağbəniz, üzü çilli bir oğlan idi. On beş yaşında ona baxan elə bilərdi on səkkiz yaşı var. Dərslərini oxumaqda çətinliyi olmazdı. Şəkil çəkməyi xoşlayırdı, məşhur futbolçu olmağı arzulayırdı. Ayaqyalın adı da onda futboldan qalmışdı. Ayaqqabıyla qol vura bilmirdi, amma ayaqyalın bəxti gətirirdi. Elə ki «Ayaqyalın irəli!» qışqırtısını eşidirdi, dəridən-qabıqdan çıxırdı.

Viktorun həm də gizli sevgisi var idi, bir də onu rayon bostanlarının qənimi hesab edirdilər. Məsələ burasındadı ki, Riqanın ətraflarında yaşayan latışların həyətyanı sahələri var idi. Qələbədən sonra xaricə üz tutan yekəqarınların evlərində məskunlaşan hərbçilər isə mənzildən və özlərinə qarşı gizli nifrətdən savayı heç nəyə malik deyildilər. Bu ədalətsizliyi uşaqlar hərəsi özü bildiyi kimi həll edirdi. Həmin həyətlərdə meyvə və tərəvəz dəyməyə başlayan kimi uşaqlar ustalıqla ona şərik olurdular. Yerli arvadlar hiddətdən boğula-boğula qalırdılar. Və bu «donuz zabit balalarını» tutmaq üçün növbətçilik təyin etmişdilər. Amma kök, xiyar və pomidor göz görəsi bostanlardan yox olurdu. Bostançı qarılar məəttəl qalmışdılar, amma nə xeyri, bir uşaq da ələ keçmirdi. Çünki uşaqların hərbi ad verdikləri bu «raparatsiya» çox dəqiq üsullarla təşkil olunmuşdu. Ən çox giley-güzar Rozalinda arvadın dilində idi. Çünki ən bərəkətli bostan onunku idi. Qarı and içmişdi ki, Viktoru - o baş strateqi və o biri bostan qənimlərini mütləq tutacaq. Sübh tezdəndən onun artırmadan necə düşdüyünə və sanki soyuqdan vağ quşu kimi yalın ayaqlarının gah birini, gah o birini necə büküb ağır-ağır sement pilləkənlərlə qalxdığına göz qoymuşdu. Bir saniyədən sonra Viktor özünün düzəltdiyi tir tərəfə qaçıb dərdindən dəli-divanə olduğu o qızın - yaraşıqlı sarısaçlı Dzintranın yaşadığı qonşu evin pəncərəsinə boylanmışdı. Və hesabı-sayı itirənəcən tirdə dartınmışdı. Bu vaxt sifəti çox qəddar ifadə almışdı, elə bil kimsə onun dabanlarını dişləyirdi.

Arvad rəfdən müharibədən əvvəlin teatr binoklunu götürüb əsl Şerlok Holmsa çevrilmişdi. Rozalinda heç vaxt həyətindən gözünü çəkməzdi, amma yaxşı izləyə bilmirdi, hər dəfə nəsə onun fikrini yayındırırdı. Gah kiminsə-özgənin iti həyətinə girərdi, gah donuz balası tövlədən çıxıb qaçardı. Axşamdan qalan izlərdən qarı anlamışdı ki, yenə o Ayaqyalın şam yeməyini onun bostanında yeyib.

Tez-tez ondan atasına şikayət eləyirdi. Atası Rozalindayla həyəti gəzməyə çıxırdı və hər dəfə oğlunun yox, qabanın izləriylə rastlaşırdı. Atası əllərini yana eləyib deyirdi: «Sübut-dəlil yoxdusa, kötək də olmayacaq!»

Sakitləşdirmək üçün ata arvada söz vermişdi ki, axşam əlində tapança pusquda durar və onu qaban ətinə qonaq eləyər. Arvad qaban dabanına nəsə bir qurğu tapmağın lazım olduğunu düşündü, amma ağlına bir şey gəlmədi. Nəhayət, hər şey həllini tapdı. Rayonu baş arxarı (arxar - vəhşi dağ qoçu) və Ayaqyalının qədim düşməni Ayvar sübut kimi qaban dabanına oxşadılmış dörd balaca taxta gətirdi. O, bunları Ayaqyalının sarayından tapıb gizlincə qarıya gətirmişdi. Bunlar həmin dövrlərdə məşhur olan «Dağlarda keçid» filmində casusların istifadə etdikləri dabanların eyni idi. Arvad Ayvarın verdiyi «dəlili-əşyaları» özüylə götürüb ataya şikayət etdi və sonra özünün ikinci mərtəbəsində məmnunluq hissiylə düşməninin atasının qayışı altında necə ulamasına qulaq asdı.

Bu uzundraz xəbərçiyə olan kin-küdurətinin böyüklüyü Ayaqyalını «açıq müharibəyə» keçməyə vadar etdi. Qonşu küçədə yaşayan yaşca özündən böyük Vovkayla tez-tələsik samboya yazıldı. Cəmi bir həftə sonra məşqçidən tərif eşitdi: «Beşcə ildən sonra sən çempion ola bilərsən». Düzdü, Sergey İvanoviç çempionluğun dərəcəsini demədi, amma Viktor üçün bu, elə də əhəmiyyətli deyildi. Əsas olan, ona qarşı inam idi. Deməli, o, nəyəsə yarayır və nazik dodaq, hamıya nifrət dolu baxışlı Ayvar, o latış xəbərçi də bu gün-sabah bunu hiss edəcək.

«Atlutas (Atlutas - istirahət (latışca)) küçəsində hamının gözü qarşısında onun dərsini verəcəm. Gölməçənin içində mənim zərbələrim altında ay kef edəcək ha». Viktorun qərarı belə oldu.

Əslində Ayvarla, bu yerin məşhur basketbolçusuyla onunku çoxdan, doqquz il əvvəl bir bahar günündə Qələbə meydanında alman generlları edam olunan vaxtdan tutmurdu. O vaxt orda adam əlindən tərpənmək mümkün deyildi. Qabağa, birinci sıralara tanış uşaqlardan heç kim keçə bilməmişdi. Hərbçi uşaqlarını yaxına buraxmırdılar. Amma meydanın ətrafındakı ağaclarda yer ürəyin istəyən qədər idi. Əslində izdihamın içindənsə hündürdən hər şey daha yaxşı görünürdü. Edam səhər saat ona təyin olunmuşdu. Artıq onun yarısında Qələbə meydanında iynə atsan, yerə düşməzdi. İzdiham guruldasa da, nəsə hər şey sirrliydi, sevinc hiss olunmurdu, hamı başa düşürdü ki, edam mərasimi təntənə yox, tamaşadı. Nəhayət, yük maşınları göründü və onların keçməsi üçün yolu boşaltdılar. On maşın düz meydanın ortasına gəldi. Yerə bərkidilmiş dar ağacıyla üzbəüz dayanan maşınlardan yalnız səkkizinin bortu açıldı. Maşının mühərrikinin səsi altında bortların arxasında ciddi sıra ilə səkkiz kəndir görünəndə kütlə susdu. Heç kim danışmaq istəmirdi. Nəhayət, əynində daxili qoşunların forması olan hündürboylu bir polkovnik cərgənin əvvəlində olan avtobusa yaxınlaşdı və əmr etdi: «Çıxın!» Nədənsə, ordan səkkiz adam çıxdı. Sonra məlum oldu ki, ikisi qaça bilsə də, yolda onları öldürüblər. Qalanlar həvəssiz-həvəssiz sıraya düzülüb edam yerinə tərəf hərəkət etdi. İrəlidə inamlı addımlarla bəstəboy general gedirdi. Ardınca da sanki onun bu addımlarından ürəklənmiş qalan yeddisi gəlirdi.

Ağacın qanadında oturmuş cavan oğlan:

- Bir ora bax, - dedi, - bu balaca heç qorxub-eləmir.

O biri budaqda oturmuş yaşca ondan böyük oğlan:

- Sən hələ gözlə, - dedi, - kəndirə gəlib çatanda tumanını batıracaq.

Doğrudan da edam olunanlardan biri - hündür və azca beli bükülmüş alman dar ağacını görən kimi möhkəmdən ah-vay etdi və dərhal onun göy qalifesi toqqadan aşağı tündləşdi. Bu mənzərəni görən camaat ucadan gülüşdü.

Ayaqyalın gülmədi. O, özünü pis hiss edirdi. Edamın təşkilatçılarının əhval-ruhiyyəsi də xoşuna gəlmirdi.

Bu hazırlıq işlərinə baxa-baxa ürəyində fikirləşirdi ki, axı insanların asılmağına necə sevinclə diş ağartmaq olar.

Az sonra məhkumların hamısını maşının yanına düzdülər.

Komanda verildi, hökm oxundu. Astadan oxundu və qısa çəkdi. Ayaqyalın məzmunu yalnız təsəvvür etdi. Budur, artıq birinci alman qoyma pilləkənlə maşının platformasına qalxır. Elə bu zaman Ayvar onlarla uşağın özünə yer eləyib oturduğu ağacın yanında peyda oldu. O, yuxarı dırmaşdı və lazım olan hündürlüyə qalxa-qalxa yolda ona mane olanları bir-bir tulladı. Elə bu vaxt əlinə Ayaqyalın keçdi. Ayvara ilk cəhddə bu, müəssər olmadı. Amma sonra ondan ikiəlli yapışıb Ayaqyalını hiyləgərcəsinə qabağa itələdi. Ayaqyalın sürüşdü, amma yaxşı ki, yıxılanda budaqlardan birindən yapışıb tuta bildi, yoxsa üzüqoylu yerə gələcəkdi. Belini dikəltdi, aşağı budaqda özünə yer eləyib ayaqlarını salladı. Viktor hirsindən boğulsa da, birtəhər özünə güc gəlib dişlərini sıxmaqla kifayətləndi. Yuxarı dırmaşan Ayvar ordan ona baxırdı. Ayaqyalın ona yumruq göstərib möhkəmdən əlavə etdi: «Öldürəcəm!» Təzə yerindən yalnız almanların başları, bir də yük maşınlarının bortları görünürdü. Səkkiz məhkumun hamısı qalxıb yerini alanda meydana ölü sükut çökdü. Müqavimət göstərilməməsi üçün hər almanı bizim bir zabit tutmuşdu, generalların əlləri arxadan bağlanmışdı, boğazlarına kəndir keçirilmişdi. Məhkumlar özlərini fağır və bu taleyə məhkum kimi aparırdılar. Amma qəflətən onlardan biri öz nəzarətçisinin sifətinə tüpürdü. Meydan nərildədi. Alman dərhal yumruqla cavabını aldı. Xalq razılıqla gurladı. Çünki zərbə elə qüvvətli alınmışdı ki, özünə gəlməsini gözlədiklərindən bu generalı ən axırıncı asdılar.

Sonra hansısa bir yaşlı kişi aydınlıq gətirdi:

- Bu alman içlərində ən biciymiş. Ölməyini yarım saat uzatdı.

Ucadan marş sədaları eşidildi və bu səsin müşayiətilə maşınlar növbəylə arxalarında dar ağaclarından asılıb qıc olan, titrəyən adamları qoyub tərpəndilər. Hamı özünü eyni cür apardı, axıracan nəzarətçisinə müqavimət göstərdi. Yalnız sonuncudan əvvəlki, həmin o bəstəboy general əliylə zabiti kənara eləyib platformanın küncünə özü getdi və əlləriylə camaatı salamlayaraq bortdan tullandı. Nəzarətçinin üzünə tüpürən alman cavabını artıqlamasıyla aldı. Hiddətlənmiş zabit məhkumu darta-darta küncə gətirdi və təpiklə hələ tərpənməyən maşının platformasından aşağı saldı. Alman bir anlığa bortdan yapışa bildi, amma nəzarətçi ayaqqabısının dabanıyla onun əlindən necə vurdusa, dərhal asılı qaldı.

Camaat dinməzcə dağılışıb getdi. Söhbətmi yeriydi? Geri qayıdanda Viktor yolda qonşusu Dzintranı gördü: «Bu qız burda neyniyir?» İlk öncə ağlına bu sual gəldi, amma dərhal da yadına düşdü ki, o qızın rus atası Stalinqrad döyüşlərində həlak olub. Pis olanı isə o idi ki, Ayvar abırsız-abırsız əlini yelləyə-yelləyə, dişini ağarda-ağarda Dzintrayla, onun anasının yanıyla addımlayırdı. Viktor bir qədər aralıda yalın ayaqlarını yerə vura-vura hiddətlənmişdi. «Bu qıza nə belə girişib, - özü-özündən soruşurdu, - məgər Dzintra Ayvarın iyrənc məxluq olduğunu görmür?» və qəflətən altı yaşlı Viktor dişlərini qıcadı. Yox, o buna yol verməyəcək! Nəyə yol verməyəcək? Düzü heç özu də əməlli-başlı qanmadı, amma ürəyinin döyüntüsündə nəsə bir şirinlik hiss elədi.

Viktor indi gəlib on beş yaşına çatanda Dzintra gözəllər gözəli olmuşdu. Bütün qonşu uşaqlar ona vurulmuşdu. Qızın evinin yanında az qala turnirlər təşkil olunurdu, hər yeniyetmə nəsə bir oyun çıxarıb onun pəncərəsinə boylanırdı. Bəziləri birdəfəyə bir papirosluq qullab alırdı, bəziləri fantik (rəngli konfet qabığından oyun) oynayırdı, bəziləri də ağız-burunları partlayanacan dalaşırdı. Viktor samboya gedəndən bəri güləşməyi xoşlayırdı.

Dzintra latış məktəbində oxuyurdu. Uşaqlar dərsdən sonra evlərinə dağılışanda çoxları qızın evinin yanından keçib gedirdi. Viktor öz məktəbindən tez çıxırdı. Dzintranın bloka girdiyini görəndə evdən çıxıb küçənin ortasına gəlirdi və latışları onunla güləşməyə çağırırdı. Yuxarıya, tanış çöhrənin göründüyü pəncərəyə baxa-baxa oğlanların kürəyini bir-bir yerə vururdu. Hətta onun öz azarkeşləri də əmələ gəlmişdi, həyət uşaqları onun hər qələbəsini alqışlarla qeyd edirdilər.

Viktor bir gün Ayvarın balaca qardaşı Qunarla güləşdi. O, rəqibini aldatdı və gözlənilməz fəndlə kürəyini yerə vurdu. Elə bu an Ayvar öz dostlarıyla burdan keçirdi. Uşaqların gülüş və alqış sədaları altında qardaşının bu günə düşdüyünü görəndə Ayvar dostlarıyla Viktorün üstünə hücum çəkdi və onu möhkəm döydülər. Yumruq olsaydı, dərd yarıydı, ayaqlar da işə düşdü, özü də növbəylə. Ayaqyalını yerdə uzanılı qoyub Dzintra yaşayan bloka girdilər və az sonra onunla bir yerdə gəzintiyə çıxdılar. Viktor bir xeyli özünə gələ bilmədi. Başında şişlər əmələ gəlmişdi, ağzı qanla doluydu, sol gözü elə şişmişdi ki, güc-bəlayla görürdü. Birtəhər ayağa qalxıb evə tərəf yol aldı. Üzünün qanını, çirkini yuyub təmizlədi, bir xeyli başını soyuq suyun altına tutdu. Sonra stolun arxasında oturub bu haqsızlığa görə ağladı. Ona ən çox təsir edən pəncərədən bu mənzərəyə baxan Dzintranın sonra bu əclaflarla getməsi idi. Viktor öz düşmənlərini yadda saxlayıb hər biriylə növbəylə haqq-hesab çürüdəcəkdi. Ayvarla açıq müharibəni sonraya saxlamışdı. «Məşq etmək lazımdı». Qərarı belə oldu.

Amma qəflətən ağlına gələn dəhşətli bir fikirdən planlarını dəyişdi. Bəlkə bu əclaf Dzintranı da incidib? Hökm dərhal çıxarıldı. Viktor üçrəfli şkafa yaxınlaşıb yuxarı uzaq küncdən ağ parçadan olan bağlamanı çıxardı. Tez-tələsik bağlamanı açdı və müharibədən qalma TT tapançasını əlinə aldı. Qardaşı Anatoliylə heç vaxt ona əl vurmamışdılar. Atası hələ onlar uşaq olanda ciddi şəkildə belə bir əmr vermişdi: «Bu, marşal Baqramyanın mənə hədiyyəsidi. Hansı biriniz əl vursaz, ömür boyu bağışlamaram”. Uşaqlar atalarıyla fəxr edirdilər, onun bir sözü iki ola bilməzdi. Amma bu dəfə vəziyyət o həddə gəlib çatmışdı ki, Viktor hər şeyi unutmuşdu. Hətta Viktora elə gəlirdi ki, əgər atası məsələnin nə yerdə olduğunu bilsə, onu bağışlayacaq.

Sonra isə hər şey sanki öz-özünə baş verdi. O, plaşını əyninə keçirdi, sonra onun icəri cibinə tapançanı qoyub küçəyə çıxdı. Plaş lap yerinə düşmüşdü, yağış çiləməyə başlayırdı. Amma uşaqlar həyətdən yığılmaq fikrində deyildilər. Viktor azarkeşlərindən o dəstənin hara yollandığını öyrənib bildi ki, mağazadan sonra Ayvarın yanına gediblər. Viktor mağazaya çatıb sola döndü və bir ev sonra həyətə girdi. Viktor bu yerə yaxşı bələd idi. Tez-tez burda futbol oynayırdılar. Çəpəki, torlu qapı onun zərbələri altında az titrəməmişdi. Nəhayət o, Ayvar yaşayan evə yaxınlaşdı. Amma dərhal içəri girməyə ürək eləmədi. Sanki nəsə onu tutub saxladı. Gözləri qarşısında onu fəlakətdən qorumaq istəyən atasının sərt baxışları canlandı. Viktor artıq geri qayıtmaq istəyirdi ki, qəflətən açıq pəncərədən Dzintranın tanış səsini eşitdi. O, gülürdü - ucadan və şən səslə. Viktora elə gəldi ki, hamı onu ələ salır.

«Ah sizi, əclaflar, topayla bir nəfərin üstünə düşmüsüz, hələ bir təhqir də eləyirsiz!» Viktorun bütün içi coşdu və ardınca bircə tullanışla qapının ağzında peyda oldu. Mənzildən papiros tüstüsünün iyi gəlirdi. Var gücüylə qapını yumruqladı. Sonra dəstəyi çəkdi və qapı taybatay açıldı. Üç addım irəli gəlib dəstənin düz qarşısında dayandı.

Qırıq-qırıq səslə qışqırdı:

- Yerə uzanın!

Hamı donub qalmışdı, bu çağırılmamış qonağa baxa-baxa nə edəcəklərini bilmirdilər. Elə bu zaman Ayaqyalın tapançanı çıxarıb bir addım Ayvar tərəfə gəldi və silahı onun sifətinə tuşladı:

- Diz çök!

Viktorun səsi bu dəfə daha qətiyyətli idi.

Qəflətən Ayvarın ağarmış sifəti üçkünc oldu, qısa, həmişə yağlı olan saçları kirpinin tikanları kimi qabardı.

- Kimə deyirəm, diz çök!

Bu dəfə Viktor daha ucadan dedi.

Ayvar diksindi, gözləri yaşla doldu. O, dimdik dayanıb durdu, sonra sanki nəyisə tutub saxlamaq üçün bərk-bərk qarnından tutdu və birdən onun açıq rəngli şalvarı yaşlandı. Dzintra bu mənzərəyə baxıb pıqqıldadı, dostlarının isə heyrətdən ağızları açıla qaldı.

- Hamı diz üstə!

Viktor sakitləşmək bilmirdi. Onun baxışlarından elə bir alov püskürürdü ki, bu şənlik bir anda qeybə çəkildi və hamı dərhal diz çökdü. O, baxışlarını Dzintraya yönəltdi və qəflətən ürəyinin döyüntüsünə o vaxtlarda olduğu kimi bir şirinlik qatıldı. Astadan ona:

- Sən qalx, - dedi, - bura sənin yerin deyil.

Dzintraya qapını göstərdi və qız tez-tələsik burdan çıxdı. Viktor üzünü dəstəyə tutub uca səslə əmr etdi:

- Hamı yerində qalsın. Mən qapının arxasında olacam. Bayıra çıxanı güllələyəcəm.

Ölü sükut içində o, qapını bağladı, bir neçə saniyə dəhlizdə dayanıb durdu, içəriyə qulaq asdı, sonra futbol meydançasını keçib öz evlərinə tərəf getdi. Yarı yolda Dzintra gəlib onu haqladı. Onlar bir xeyli yanaşı getdilər. Nəhayət, qız çiyinləri üstündən onun gözlərinə baxa-baxa:

- Viktor, hirslənmə, bağışla bizi, - dedi və uşaq kimi əlavə etdi. - Mən daha belə eləmərəm.

Qızın gözlərində yaş göründü. Dzintra başını aşağı salanda telləri alnına düşdü və gözəlləşdi. Dzintra artıq az qala ağlaya-ağlaya:

- Bizə gedək, - dedi, - evdə tortumuz var, çay içə-içə sənin yaralarını sağaldarıq.

Qız onun əlindən tutdu və onlar birlikdə ikinci mərtəbəyə qalxdılar. Çay içə-içə müxtəlif mövzularda söhbət eləməyə başladılar. Qəflətən Dzintra ona qısılıb birbaşa dodaqlarından öpdü:

- Biz böyüyəndə, sənə ərə gəlməyimi istəyərsən?

Viktor yeganə görən gözüylə ona baxıb astadan köks ötürdü:

- Hələ çox gözləməli olacağıq.

Qız onun əlindən tutub öz otağına çəkdi. Amma elə bu vaxt qapıdan açar səsi gəldi. İçəri girən Dzintranın anasıydı.

Qız utana-utana:

- Ana, qonağımız var, - dedi.

Anası:

- Görürəm, - dedi və soruşdu. - Sir-sifətinə nə olub? Nədi, kiminləsə dalaşmısan?

Viktor həvəssiz-həvəssiz başını tərpətdi.

- Uddun, yoxsa uduzdun?

Dzintra söhbətə qarışıb:

- Ana, heç təsəvvür eləyirsən, - dedi, - Ayvar tumanını batırdı.

Qadın heyrətlə başını buladı. Onun gözləri gülürdü.

- Deyəsən, adın Viktordu?

Cavan oğlan başını tərpətdi.

Qadın:

- Demək, qalibsən, - dedi və sonra diqqətlə qızına baxa-baxa sözünə əlavə etdi. - Atan də hərbçidi, eləmi?

Viktor yenə başını tərpətdi. Qadının yorğun gözlü sifətində yenidən bir anlığa təbəssüm yarandı. Qadın:

- Sağ-salamatdı, - dedi və həlak olmuş ərinin divardan asılmış şəklinə baxıb köks ötürdü. Sonra sözünə davam etdi:

- Yaxşı. Dostluq edin, sonrasını göydəki özü bilər. Siz oturun, mən bir mağazaya dəyim. Axı, qonşunu nəyəsə qonaq eləmək lazımdı, ya yox.

O, bazar çantasını götürüb çıxdı. Viktor Dzintranı qucaqlayıb tez-tələsik öpdü. Sonra tam əminliklə:

- Gəl, üzümün göyərtiləri gedən kimi evlənək, - dedi. - İndi mən gedim, tapançanı qaytarmaq lazımdı. Bir saatdan sonra gələcəm. Küçəyə çıxma, burda gözlə.

O, qızı bir də öpdü, sonra bir də öpdü və yalnız bundan sonra evdən çıxdı.

# 1013 dəfə oxunub

Oxşar xəbərlər

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

12:00 27 oktyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

13:32 19 oktyabr 2024
Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

09:00 19 oktyabr 2024
# # #