“Qarğa marşrutu” - Zahid Sarıtorpaqdan POVEST

“Qarğa marşrutu” - Zahid Sarıtorpaqdan <span style="color:red;">POVEST
4 aprel 2017
# 13:16

Kulis.az yazıçı Zahid Sarıtorpağın “Qarğa marşrutu” povestini təqdim edir.

1.

Kim nə deyirsə-desin, mən həmişə elə bilmişəm anamın bişirdiyi yarpızlı dovğadan ölü yesə dirilər.

...Onda bibimgildən təzəcə qayıtmışdım, evdə başıma nələr gələcəyini hələ bilmirdim. Yarpızlı dovğanın içimə çəkdiyim qoxusu mənə hər şeyi unutdurmuşdu. Süfrənin arxasında gözlərimi yummuşdum, ağzım sulanırdı. Anam payımı çəkənə kimi, elə bildim aradan saatlar ötdü. Səbrim çatmadı, çörəyi yavanca gəvələməyə başladım. Nəhayət, o, kasanı qənşərimə qoydu, ləzzətlə əlimi əlimə sürtüb yeməyə girişdim. Elə təzəcə bir-iki qaşıq vurmuşdum ki, üzbəüzümdə oturub ağzını marçıldada-marçıldada iştahla nahar eləyən atalığım qəfil sifətimə marıdıb üz-gözünü turşutdu, xırıltılı səsiylə ovqatımı tamam alt-üst elədi: “Səni Almurad kişinin tut ağacından asacam, qoduq!.. Özü də dabanından... başıaşağı...” – dedi. Karıxdım, özümdən ixtiyarsız gözucu anamın üzünə baxdım. Elə bil, heç nə olmamışdı, anam öz işindəydi, həmişəki kimi qab-qacaqla qurdalanırdı, atalığımınsa içi qanla dolu qıyıq gözləri üzümə zillənib qalmışdı, çopur sifətinin bir tərəfi səyriyirdi. O, nənəmin yeganə yadigarı olan sürmeyi rəngli çini kasanı nuh-nəbidən qalma gümüş qaşıqla cingildədə-cingildədə həmişəki kimi tez-tələsik dovğasını hortdadıb “dibinə daş atdı”. Xarabasına yığışdığımız gündən heç vaxt “ata” deməyə dilim gəlməmiş bu zəhləmgetmiş adam qaşığını yalaya-yalaya, gözünü üzümdən çəkmədən bir əlini uzadıb masanın üstündən pultu götürdü, ardınca da: “yeməyini ye, yeməyini ye hələ... səninlə sonra varam...” deyib, televizorun kanallarını çevirməyə başladı. Yəqin ki, yenə hər gün olduğu kimi “Moruqlu dərədə son görüş” serialının verildiyi kanalı axtarırdı, amma deyəsən, tapa bilmirdi. Sonra əlacı kəsilib pultu acıqlı-acıqlı mənə uzatdı: “tap görüm!” – çımxırdı. Allahdan olan kimi, elə bil, bununla özü də bilmədən qanımın arasına girdi. Hirsimdəm içimi gəmirsəm də, başıma belə işlər gələndə həmişə olduğu kimi canımı dişimə tutub sussam da, kanalı tapdım. Serialın başladığını görüncə, təkcə məni yox, özünü də unutdu, ağzını ayırıb eləcə qaldı, filmdəki gombul qızın hönkür-hönkür ağlamağını heyrətlə seyr etməyə başladı.

– Mirvari, bu it qızı niyə ağlıyır belə? Oğlandan xəbər gəlib yəqin, hı?

– Yəqin ki... – anam mızıldandı.

– Ay dədəm vay!.. Mirvari, indi bu qartımışın işi necə olacaq görəsən, hı? Qardaşı hər şeyi biləcək axı... Nağayracaq bu bədbaxt qızı bəs?...

Aradan elə sürüşdüm ki, heç biri bilmədi. Eşiyə çıxdım. Ağzım qanla doluydu, hirsimdən ordumu çeynəyib qanatmışdım. Yerə bir loppa qan tüpürdüm, ardınca da bəlkə anam mənimlə maraqlanar fikirləşdim, ötəri də olsa, qanrılıb geri baxdım. Gördüm ki, yox eey... elə bil, yeməyimi yarımçıq qoyub evi tərk eləməyim anamın heç vecinə də deyil, gülə-gülə, televizora baxa-baxa atalığımla söhbətdəydi. Məncə, sonrakı taleyimlə bağlı hər şeyin özülü elə o andan qoyuldu. Erkən yetim qalmış mənim kimi bir uşağın ögey ata ocağına bir də geri dönməməsinin əsas səbəbi heç də o yad kişinin yemək süfrəsində hədə-qorxu gəlməsi deyildi, yox. Buna səbəb, baş verənlərə qarşı ilk dəfə doğma anamdan gördüyüm və küskün qəlbimi qıran dəhşətə gəldiyim o etinasızlıq, o soyuqluq idi...

...İndi, aradan bu qədər illər ötəndən sonra, o vaxt atalığımın niyə məni Almurad kişinin qapısındakı tut ağacından asmaqla hədələdiyini yadıma salanda, gülməyim gəlir. İndi az-çox tükü-tükdən seçən vaxtımdı. Özümə görə, dünyanın altını-üstünü də pis bilmirəm. Bazarda çörək qazanmaq kimi məşəqqət dolu bir dünyadan, daha sonra zülüm-zillət dolu əsgərlik həyatından keçmişəm, çırpınıb-çabalamışam, yaxşı adamların məsləhətiylə özümə iş qurmuşam: “İnstagram”dakı səhifəmə dörd-beş il əlləşib qırx mindən yuxarı adam yığmışam və orada qadın bəzək-düzəyinin – bijuteriyaların onlayn satışıyla məşğulam. Hərdən boş vaxtım da olur. Qohumlardan ancaq Türfə bibimin uşaqları Dilsuz və Siyavuşla əlaqə saxlayıram. Yeri gəlmişkən, onu deyim ki, bibim oğlu Siyavuş yazıçıdı. Mənə kitabını da bağışlayıb, əvvəllər yazıb internetə qoyduqlarının birini də ötürməzdim, acgözlüklə oxuyardım, uzundərə şeylər yazardı, hər şeyi xırdaca-xırdaca yeridərdi adamın canına. Oxuyub qurtarandan sonra tir-tir titrəyərdim. Sonra hər dəfə hekayələrinin altından şərhlər yazardım, tərifləyib qaldırardım ala buluda. Yazdıqlarını yüzlərlə adam “layk” eləyərdi. Amma indi nə yazdığını bilmirəm, çünki oxumağa macalım olmur. Hələ universitetdə oxuya-oxuya, hansısa bir “dadaşın” saytında redaktor kimi irəli çəkildiyi vaxtlarda məni inandırırdı ki, “dayıoğlu, sən danışdıqlarını, başına gələnləri yaz, səndə yaxşı alınacaq, çünki ruhun, nitqin, təfəkkürün çox güclüdü...” İndi oturub fikirləşirəm ki, gec də olsa, üstündən bu qədər vaxt da keçsə, yazsam, guya nolacaq? Nəsə dəyişəcək? Əvvəla heç kim başıma gələnlərə inanmayacaq, heç kim! Yüz il yüz ilə qala, inanan olmayacaq! Buna yerdən göyə qədər əminəm. Çünki elə şeylər var ki, iki vur iki qədər çox sadə olsa da, hələ insanlar onun cavabının dörd olduğu qənaətindən bir addım da uzaqlaşa bilməyiblər və məni başa düşməzlər. Sonrası da, dünyanın bu vaxtında, camaatın bəzisinin bir parça çörəkdən ötrü az qala Allah evinə getdiyi, bəzisinin isə, varlanmaq eşqiylə badalaq gələ-gələ, bir-birinin qanına yeriklədiyi bir zamanda, mən durub cızma-qara eləyib deyəcəm ki, ay camaat, görün bir vaxtlar başıma nələr gəlib? Heç dəxli var? Gic-gic sərəkləmək elə mənə qalıb? Düzdü, dost-tanışlarımın çoxu indi göynən gedir. Maşınları-filanı... Yeri gəlmişkən, göynən gedənlər haqda feysbukda qəşəng bir status da yazmışdım: “Soxulcan da göynən gedə bilər, amma – quş dimdiyində...” Ölümünə fikirdi, deyilmi?! Fikir fikirliyində, ancaq göynən getməyi-filanı bir qırağa qoymaq lazımdı. İndi bir qərara gəlmək lazımdı ki, başım nələr çəkibsə, doğrudan da “yazım, yazmayım?” Yazacamsa, necə yazım və nə yazım? Bu vaxtacan bir məqalə də yazmamışam axı, bəs bunları necə düzüb-qoşacam?.. Yazsam, ancaq başıma gələnləri yazmalıyam, əlbəttə, bir cümlə də yalan-palan uydurmamalıyam. Uydurma şeyləri yəqin ancaq qadasını aldığım bibioğlu Siyavuş kimi, onun dostları kimi yazıçılar toqquşdura bilər. Hələ ki, ancaq olub-bitənləri düşünməklə məşğulam, başqa heç nə. Amma, vallah, hərdən özümə də qəribə gəlir. Bu dəqiqə, elə bil, şumlanmış bir tarlayam, sinəmə toxum səpilib, yağış da yağıb – yəni bəs deyincə suvarılmış kimiyəm, amma göyün üzü tutqundu ki tutqundu, bəxtimdən, naxışımdan gün çıxmır ki, canımdakılar cücərib-göyərə, gözüm baxa-baxa hamısı yavaş-yavaş çürüyüb gedir... Yəni vəziyyət təxminən belədi. Görək necə olacaq. Hər halda, deyə bilmərəm axırda hansı ağıla qulluq edəcəm. Çox güman, yazmayacam yəqin. Çünki yazılası şeylər deyil bunlar, istəsəm belə bacarmaram. Əslində, yazım yazılıb artıq, özü də kitab-dəftərə deyil, köhnələr demişkən, bu mürdəşiryumuş alnımın ortasına yazılıb birbaşa... Odur ki, hərdən öz-özümə deyirəm: bu yazı o yazıdan deyil, özünü yorma, yetim! Unut getsin gərdişin şıltaqlığını, hər şeyi burax Allahın umuduna, nə olacaq – olacaq...

Qoy ucundan-qulağından danışım, özünüz görün haqlıyam, yoxsa yox. Məsələ belədi ki, onda yayın cırhacırıydı. Qonşumuz qəssab Almuradın Rusyətə alverə getmiş oğlu Bağır bir il keçməmiş ordan bir qız gətirmişdi. Həyətlərində beş-on qohum əqrabasının iştirakıyla çalğısız-zadsız yüngülvari bir yığıncaq da eləmişdilər (Bağırın nənəsinin ölümündən çox keçməmişdi, deyəsən, qırxı təzəcə çıxmışdı). Təzə bəylə gəlini isə, o gündən “gördüm” deyən yox idi. Bütün günü evdən eşiyə çıxmırdılar. Üzbəüzlərində yaşayan dərzi Alxasın bizdən üç-dörd yaş böyük oğlu kürən İlxas (hamının “bicbala” dediyi, cüvəllağının “dal ayağı”, tülküsifət gədə!), içi mən qarışıq, məhlə uşaqlarını öyrədib onların yataq otaqlarının küçəyə baxan pəncərəsinin ağzındakı tut ağacına dırmaşdırır, içəridə baş verənləri güddürür (topal olduğu üçün özü ağaca dırmaşa bilmirdi), sonra da cavan bəylə gəlinin neylədiklərini soruşub ora-burasını tərbiyəsiz-tərbiyəsiz ovxalaya-ovxalaya, “uff... uff...” deyə-deyə iştahla qulaq asırdı. Bir neçə dəfə məni də qızışdırıb o ağaca dırmaşdırmışdı. “Qızışdırıb” deyəndə ki, hər dəfə onun telefonunda oyun oynamaq şərtiylə buna razılıq vermişdim. Çünki “iqra”dan ötrü ölürdüm, öz telefonumsa yox idi. O vaxt qızmar istilər olduğuna görə pəncərə açıq, pərdələri isə aralıydı, yarpaqların arasından baxanda təzə bəylə gəlinin düz yataqları görünürdü, orada onlar tərin-qanın içində, çılın-çılpaq eşələnirdilər. Bir dəfə də ağacdan sürüşüb düşürdüm ki, Almurad kişi əzrayıl kimi aldı başımın üstünü, məni tutdu. Yapışdı qulağımdan, ağacda neylədiyimi soruşdu, qorxudan: “Vallah, tut yeməyə çıxmışdım...” dedim. “Yedin, kopoyoğlu?” soruşdu. “Tut yoxdu...” mızıldandım (avqust ayı idi, o vaxt ağacda tut nə gəzirdi...) “Tut yoxdu? Bax, indi olacaq, qoduq!... İndi gedək dədəliyinin yanına, sənə orda tut da yedizdirəcəm, əzgil də, kopoyoğlu!..” dedi, var gücüylə qulağımdan dartıb məni mələdə-mələdə atalığımın çilingər işlədiyi tinin ucundakı maşın təmiri sexinə sarı sürükləyəndə, işimin fırıq olduğunu anladım, qanrılıb bu tosqun adamın koppuş biləyindən necə dişlədimsə tuluq kimi yırtılıb qanadı və çabalayanda özüm də bilmədən xayasına dirsəyimlə necə vurdumsa, dağ boyda kişi çömbəldi, əvvəl qolunu, sonra da ortasını qamarlayıb bağırdı. Əlindən qurtulmağımla dördələmə götürülməyim bir oldu... Bircə onu bilirəm ki, Almurad kişinin biləyi ağzımda olanda tanımadığım, buralarda ilk dəfə gördüyüm nurani bir qoca beş addımlığımda dayanıb mənalı-mənalı üzümə bir xeyli baxdı, başını buladı və çıxıb getdi... Sonralar uzun müddət özümü unudub, Almuradın biləyini yadımdan çıxarıb, o qocanın nurani üzünü, məni az qala içinə sovuran sehrli gözlərini dəfələrlə xatırlayır, hər dəfə də nədənsə üşənən kimi olurdum. O, qoca kim idi axı?

Atalığımın qorxusundan o gün evə getmədim, şəhərimizin aşağı başında yaşayan, dara düşəndə yeganə sığınacağım olan Türfə bibimgilə pənah apardım. Bütün gecəni qəssab Almuradın qanının dadı ağzımdan, bir də o qəribə qocanın üzü gözümün önündən getmədi... Amma elə bil özümü qalib hiss eləyirdim, qurtulub qaçdığıma görəmi, ya nədənsə, sanki dünyanı mənə vermişdilər, qoltuqlarımın altı qarpızlanmışdı, canım rahatlanmışdı.

Üç gün sonra evə qayıtdım. Dedim yəqin evdəkilərin hirsi soyuyar. Amma nahar vaxtı atalığım o oyunu durğuzdu. Bu dəfə evdən çıxıb, anamın məni dəhşətə gətirən, yadıma düşəndə içim sızlayan, ağlıma sığışdıra bilmədiyim soyuq, etinasız üzünə baxıb, demək olar ki, birdəfəlik getdim. Gedəndə rəhmətlik atamın neçə il qabaq qısıb-qırtıb mənimçün aldığı sevimli velosipedimi də götürməyi unutmadım...

O vaxt anamdan baş aça bilmirdim, rəhmətlik atamdan söz düşəndə qaş-qabağını tökməsi, həmişə qəddar atalığımın tərəfini tutması məni çaşdırırdı. Türfə bibimin anam barədə “bədbəxt qardaşımı Mirvari ləçər çərlədib öldürdü...” deməsinə özlüyümdə haqq qazandırırdım. Əslində atamı içki yaman günə qoymuşdu, ucuz, əldəqayırma araq içməkdən içalatı sıradan çıxıb ölmüşdü. Atamın ili çıxmamış anam həmən bu kişiyə – çilingər Şükürə ərə getdi. Şükürün üçüncü evliliyi idi, övladı olmurdu. Anam atamdanqalma köhnə, ikiotaqlı evimizə humanitar kollecin tələbələrindən üç nəfəri kirəkeş götürmüşdü. Dediyinə görə, pulunu alıb guya məndən ötrü yığırdı, amma Allah bilir neyləyirdi, bəlkə də ötürürdü Şükürə. Bibim: “inanma, – deyirdi – o ləçər səni fikirləşmir. Şükürdü, Şümürdü, kimdi... ancaq onu fikirləşir, səni neynir axı o ləçər? Səni neynir o?.. O löyündə adamdan ana olar? Görmürsən qaş-gözünə nə qədər qara çəkir? Ayıb-ayıb camaatın içində də o cür gəzir. Görmürsən nə darlığında don geyir, necə burcuda-burcuda yeriyir? Bəs elə bilirsən yazıq qardaşım, goruna qurban olduğum Barat kefindən içirdi? O ləçər fərli adam idisə, heç olmasa qara geyib ərinin ilini gözləyəydi də, nöş gözləmədi? Qara yerə girsin onu, anqırıb tayını tapdı axır ki – özünü dürtüşdürdü çölün bir eşşəyinə... O, yazıq qardaşımın halalca evini kirayə verib, pulunu yığıb heç vaxt sənə verən deyil, Nihat, bibi qurban, bunu yadında saxla!.. Onu Allah öldürsün elə! Bu vaxtın sahibindən istəmişəm, xoş gün görməsin onu!..”

Düzü, bibim hər dəfə anamın qarasına bu cür üyüdüb-tökəndə, qarğış yağdıranda dözə bilmirdim, eşitmək istəmirdim belə söhbətləri, çünki çox sıxılırdım, anam haqda bu cür danışılanda elə bilirdim içimi qırış basır... Belədə bəhanə tapıb aradan çıxırdım. Əslində, məni təkcə içdən qırış basmırdı, elə bil, üzdən də qocalırdım, yaşlı görünürdüm. Doğrudan da, elə bil, bütün yaşıdlarımdan yaşlıydım. Bunu atam öləndən, anam tez-tələsik Şükürə ərə gedəndən sonra başa düşmüşdüm. Güzgüyə baxanda özümdən qorxurdum. Məsələn, məndən bir yaş böyük olan qonşumuz Simran, bibim oğlu Dilsuz, yaşıdlarım – sinif yoldaşlarım Qafar, Ramil... elə o birilər də, mənim yanımda uşağa oxşayırdılar.

Atalığım məni hədələyəndən sonra yenidən bibimgilə qayıdıb onlarda qalası oldum. Anam heç məni itirib-axtarmadı da. Deyəsən, bibimgilin qonşusu, keçmiş iş yoldaşı (anam ömrü boyu restoranda aşpaz köməkçisi işləmişdi) qabyuyan Çimnaz xalaya zəng eləyib yerimi öyrənmişdi, amma nə məni telefona çağırtdırıb bir söz dedi, nə də dalımca gəldi.

Türfə bibimin üç oğlu, iki qızı vardı. Əri çoxdan rəhmətə getmişdi, öləndə mən lap balacaydım, güclə xatırlayıram, yadıma gəlir ki, ona Əlibala dadaş deyirdik. Qızlarını köçürmüşdü. Böyük oğlu Ağabalanı evləndirmişdi. Ağabala qonşu rayonda yaşayırdı, qayınatasıyla birgə mal-qara alveri eləyirdi. Ata evinə az-az gəlirdi, ancaq xeyirdə-şərdə görünürdü. O biri oğlanları Dilsuzla Siyavuş mənimlə tay-tuş idilər. Dilsuz məndən bir yaş böyük, Siyavuş bir yaş balacaydı.

Mən bura gələndən bəri hər gün Dilsuzla bir məsələ barədə xısın-xısın danışırdıq, xüsusilə də gecələr yatmaq nədi bilmirdik. Danışdıqca, elə bil, yuxumuz qaçırdı, istəmirdik kimsə söhbətimizi eşitsin. Məsələ beləydi ki, Bakıya getmək istəyirdik, Binə bazarında xaçapuri satan qohumumuz Şamilə qoşulub işləmək fikrindəydik. Dilsuz onunla bu günlərdə telefonla danışmışdı, Şamil: “Gəlin, yubanmayın... Xaçapuri alverində yaxşı pul var...” demişdi. Sevindiyimizdən uçurduq. Atam öləndən sonra orta məktəbin daşını birdəfəlik atmışdım, Dilsuz da çoxdan oxumurdu. Anam heç yadıma da düşmürdü. Çünki xaçapuri alveri məsələsi məni tilsimləmişdi. Deyirdim ki, day dünya mənimdi. Özüm pul qazanacam, özüm xərcləyəcəm. Birinci növbədə özümə telefon almalıyam, qoy hamı kimi mənimki də olsun. Yoxsa bir dəfə kefinin kök vaxtında telefon istədiyimi zındıq atalığıma, bibimin sözü olmasın, “şümür” Şükürə deyəndə hirsindən boğazının damarları necə şişmişdisə, gözünü üstümə necə bərəltmişdisə, ağız açmağıma it kimi peşman olmuşdum. Hə, indi öz əlim olacaq, öz başım... Sağ olsun bibioğlu!.. Sağ olsun həm də Şamil!

Yolpulundan ötrü dağa-daşa düşmədik. Rayonun ən bərkgedən şadlıq sarayı “Səma”nı işlədən Nadir kişinin yanına gedib zibilləri yüz metr aralıdakı çirkab qutularına gündəlik daşımaq barədə razılaşdıq. Hər gecə toy qurtarandan sonra mətbəxin, salonun tullantılarını arabaya yükləyib zibilxanaya daşıdıq. Əvəzində gündə hərəmizə üç manat pul verdi. Sən demə, o, bizi ona görə işə götürübmüş ki, əvvəlkilər üç nəfər işləyirmiş, hərəsinə də gündə beş manat verirmiş, bu isə, sərf eləmirmiş...

Bir aydan sonra işi atıb tərpəndik Bakıya. Bibim məqsədimizi bildi, fikrimizi bəyəndiyini dedi, bizdən ötrü azuqə tədarükü gördü. O, kişi kimi bir qadın idi. Elə kişi kimi də xeyir-dua verdi. Yola salanda isə, dalımızca su atıb kövrəldi:

– Gedin, Allah köməyiniz olsun... Gedin, ağam Əbülfəzül-Abbas dadınıza çatsın... – O, ağlamsındı, amma tezcənə özünü yığışdırıb ötkəm-ötkəm öyüd verməyi də unutmadı – Ədə, heey!.. Bax, ağıllı-ağıllı haa!.. Cızığınızdan çıxmayın!.. Siqaret-miqaret çəkməyin!.. Araq-filan içməyin! Gəlib orda cecənəyinizi ayıraram haa, savaşmayın!.. Özüm Şamilə tapşıracam, sizdən muğayat olsun! Dara-bara eləsəniz, gələcəm dalınızca! Di gedin...

Bakını balaca olanda görmüşdüm. Boğazımda nəsə əmələ gəlmişdi, soyuq dəyən kimi qıqqıldayırdım, haldan düşürdüm. Atam onda qarovulçu işlədiyi tikinti şirkətindən çırpışdırdığı, bibimgilin həyətinə yığıb, üstünə tol çəkib gizlətdiyi on şalbanı dəyər-dəyməzinə qonşu Tarix dayıya satdı, məni Bakıya müalicəyə apardı. Bir həftə hər gün səhər gedib, axşam qayıdırdıq. Xəstəliyimin adı faringit idi. Hər dəfə o sözü eşidəndə, nədənsə, məktəbimizin bufetçisi Firəngiz xala düşürdü yadıma. Firəngiz xala deyəndə isə, xəstəliyimin adını – faringiti xatırlayırdım... Hə, Bakını onda görmüşdüm. Çox şey yadımda qalmışdı. Ən çox yaddaşıma ilişib qalan, getdiyimiz klinikanın qabağında, atamın hər gün lavaşın arasında alıb mənə yedizdirdiyi dönər idi, sözsüz... Onun dadını heç vaxt unutmayacam yəqin. Bir də, əyilib uzun müddət ağzımın içinə, boğazımın badamcıqlarına baxan cavan həkim qızdan gələn gözəl ətri hər gün içimə necə çəkirdimsə, mənə ləzzət eləyirdi... Aradan keçən bu altı ildə, hər dəfə gözümü yumub Bakının xəyalına dalanda, az qala məni bihuş eləyən həmin misilsiz ətir burnumun ucunda yenidən tumurcuqlayırdı... Düzdü, o həkim boğazımın yolunu hansı dərmanlasa yandırıb bir həftə hər gün mənə od qoymuşdu, ağrıdan ağlamışdım da... Amma o ağrı-acını unutmuşdum. Bakı deyəndə, birinci növbədə o həkim qızın misilsiz ətri gəlirdi burnumun ucuna, bir də yedikcə barmaqlarımı yaladığım dönərin dadını duyurdum ağzımın içində. Hə, bir də ən çox dənizi... ucu-bucağı görünməyən dənizi xatırlayırdım. Uzun müddət inana bilmirdim ki, yer üzündə o qədər su ola bilər?..

– Amma dayıoğlu, qəssab Almuradı şikəst eləmisən haa... – Avtobusa oturub yola düşəndən bəri dinib-danışmadan telefonla oynayan Dilsuz böyrümü yüngülcə dümsüklədi.

– Doğrudan?..

– Vallah. Deyirlər, dişlərin sümüyünəcən işləyib, az qala ətini qoparmısanmış, bədbaxtın xayası da pis gündədi, şişib...

– Kim deyir?

– Qonşuları çörəksatan Qızxanım xala deyib anama. Ona da Almuradın arvadı Ziba danışıb. Anam da deyib ki, belə lap yaxşı eləyib Nihat. Bəs utanmır Almurad o boyda oğlanın qulağna əl atır? Nihat uşaqdı-zaddı bəyəm?

Özlüyümdə “xoruzlandım”, kişi-kişi boğazımı arıtladım, istədim deyəm: “bibim doğru deyir, düz eləmişəm... uşaq-zadam mən?”, amma heç nə demədim. Bu zaman o hadisəni bir də gözümün qabağına gətirdim, Almurad kişinin qanının dadını təzədən ağzımda hiss eləməyə başladım və... kefim duruldu... (Hə, lap elə sonralar da o dadı ağzımda hiss edən kimi, qəribə də olsa, nədənsə kefim altı-beş vururdu...) Başımı arxaya söykəyib üzümdə təbəssüm gözlərimi yumdum, eləcə yuxuya getdim. Ayılanda məndən qabaqkı oturacaqda təkcə əyləşmiş qoca bir kişinin qanrılaraq gözlərini lap yaxından üzümə zilləyib, açıla qalmış ağzımın içinə baxdığını gördüm. Yox, bu, Almuradın qolunu dişləyəndə, məni süzüb gedən həmin qoca deyildi, deyəsən. Nəsə ona oxşada bilmirdim. Bunun gözlərindən biclik yağırdı. Özümü toparlayıb, təbii ki, ağzımı yumdum, üz-gözümü ovuşdurub, yol uzunu məni gic eləyən yuxumu qaçırmağa çalışdım.

– Səni bilirsən kimə oxşadıram?– Qoca astadan pıçıldayıb bic-bic gülümsündü, qıraqlarını qırış basmış, rəngi bilinməyən, bulanıq və muncuq kimi xırda gözlərini bir az da qıydı – Nardan xatun nağılındakı divə... – dedi və başını bulayıb üzünü qabağa çevirdi.

O, dizlərinin üstünə qoyduğu köhnə çantanı eşələyib nəsə götürdü və üsulluca ağzına qoyub çeynəməyə başladı. Məncə, o, yavan çörək yeyirdi. Arxadan köynəyinin boynuna baxdım, qapqara çirkin içindəydi, kimsəsiz və kasıb olduğu bilinirdi. Həm də cüllütboğaz bir kişiydi, boynu arxadan tüfəng lüləsinə oxşayırdı, özü də qoşalüləyə – yəni, hədsiz arıq və sısqaydı.

– O nə nağıldı elə, ay dayı? – dedim.

Ağzı dolu olduğundan əlini yellədi, yəni ki, “heç nə, elə bir şey deyil...” Bir azdan geri qanrıldı, üzünün ifadəsi ciddiydi:

– Köhnə əlifbayla oxuya bilirsən?

Dilsuz məni qabaqladı:

– Ay dayı, bu heç təzəni düz-əməlli öyrənə bilməyib, köhnəni hardan biləcək?

– Bəs sən bilirsən? – O, Dilsuzdan soruşdu.

– Elə mən də onun günündəyəm, ay dayı.

Qoca güldü. Biz də qımışdıq.

Əslində, mən rus məktəbində oxuyurdum. Rəhmətlik atamın arzusu məni Rusyətdə oxutdurmaq, ali təhsilli görmək idi. İlk illərdə beşlə oxuyurdum, amma atam içkiyə qurşandığından, anamla hər gün dava-dalaşda oldu, əzablı günlərimiz başlandı, day məktəbdən soyudum. Sonra da atam qəfil öldü, anam Şükürə ərə getdi, mən məktəbi tərk elədim. Amma köhnə əlfbanı, demək olar ki, bilirdim, elə təzəni də.

Bir az keçdi, qoca çantasından köhnə bir kitab çlxardı, qıraq-bucağı didk-didik idi, haçansa üz qabığının sumağı rəngdə olduğu güclə sezilirdi. Yüngülcə vərəqlədi, geri qanrılıb kitabı dizlərimin üstünə qoydu.

– Əlifbanı öyrənərsən, qorxma, çətin deyil, sonra bunu oxuyarsan. Nağıllar kitabıdı, Azərbaycan nağılları. Qədimi şeydi... – Qoca daha məndən heç bir cavab gözləmədi, üzünü irəli çevirib sürücüyə səsləndi: – A bala, Atbulağın yolunda saxlayarsan...

Dilsuzla bir-birimizə baxdıq. Gülmək bizi tutdu. Amma özümüzü o yerə qoymadıq. Bir azdan qoca avtobusdan düşdü. Düşməzdən əvvəl mənə sarı çevrilib astadan dedi:

– Özünü bir diş həkiminə göstər, a bala... – Sonra ciddi tərzdə bir qədər susdu. Üzümə baxdı, baxdı, ardınca da: – Hə, bala, nə qədər gec deyil, evdəkilərə de, səni bir diş həkiminə göstərsinlər, çəkiləsi dişlərin var ağzında. Bax, sonra gec olar haa...

Görəsən dişimə noolmuşdu ki? İxtiyarsız şəhadət barmağımı dişlərimin arasına alıb sıxdım – lap ülgüc kimiydi, ağrıyıb-eləmirdi də. Çevrilib Dilsuza baxdım. Elə bil, o, qocanın düşməsini gözləyirdi. Qoca düşən kimi, Dilsuz dedi:

– Fikir vermə. Özüyçün deyir. Dişinə noolub ki? Bayaq sən yatanda dişlərini xırçıldadırdın, bəlkə ondan narahat olub qoca?.. Noolsun, sən elə bizdə də qalanda gecələr sabahacan dişlərini xırçıldadırdın da... Anam deyir ki, mən də yatanda elə eləyirəm... Boş şeydi... – Ardınca da kitabı dizlərimin üstündən qapıb o biri cərgədəki boş oturacağa fırlatdı: – Bircə nağılımız əskik idi elə...

Yenə gülüşdük. Çox keçmədi, çatdıq mənzil başına. Düşəndə, bilmədim nəyə görəsə, Dilsuzdan gizlin o kitabı götürüb, bibimin bizimçün pal-paltar, yemək yığdığı kisəyə atdım. Biz Lökbatan səmtə dönən yoldakı körpünün yanında – Binə bazarının yaxınlığında düşdük.

Körpünün altında Şamil bizi gözləyirdi. Öz köhnə, qaltağ “Jiquli”sinə söykənib siqaretə həş gəlmişdi. Üz-gözündən yorğunluq yağsa da, gülümsünürdü. O, bibimin əri tərəfdən qohumumuz idi, Dilsuzla bir-birlərinə əmioğlu deyirdilər. Onu cəmi bir neçə dəfə görmüşdüm. Güclə xatırlayıram ki, balacaydım, atam türmədən çıxanda evimizdə qonaqlıq idi, hamı bizə yığışmışdı. Şamil də gəlmişdi. O qədər keflənmişdi ki, bizdən gedəndə kişilər qollarına girib, onu az qala sürüyə-sürüyə apardılar. Gedəndə qapının ağzında atama dediyi bu sözlər indi də qulağımdadı: “Barat, qağa, suyu Mürtədin evinə yox, özünə qoşaydın gərək...” Onda ağlım kəsmirdi, sonralar öyrəndim ki, yağışlar yağanda həmişə evimizi, həyətimizi sel basırmış (elə indi də vəziyyət dəyişməyib), atam da bezibmiş. Camaatın öz aralarında ayamasını nədənsə “Mürtəd” qoyduğu “bələdiyyə Qürbət”in yanına dəfələrlə gedib, şikayət etsə də xeyiri olmurmuş, o, həmişə atamı aldadırmış. Axırıncı dəfə həyətimizi necə sel basmışdısa, zirzəmimiz ağzınacan suyla dolmuşdu. Atam bələdiyyəyə getsə də, heç bir xeyiri olmamışdı. Həmin gün bütün gecəni yatmadıq, atam da, anam da selin əlində giriftar oldular. Sabahacan zirzəminin suyunu vedrə-vedrə daşıyıb çölə tökdülər, mən də pəncərənin önündə dayanıb ağlaya-ağlaya onlara baxırdım. Səhəri günü atam hirsli-hirsli gedər Qürbətin yanına: “bəsdi məni doladın, səndən yuxarılara şikayət eləyəcəm...” – deyər. O da gülüb deyər ki, “get kimə deyirsən, de...” Atam da kimə deyəcəkdi ki? Hara gedirmişsə, deyirlərmiş, “bu işə Qürbət baxır...” Onda atam sürücü işləyirdi, su maşını sürürdü. Çarəsiz qalıb, eləmir tənbəllik, beş tonluq maşını suyla doldurub düz sürür bələdiyyə Qürbətin qapısına. Onun təmtəraqlı villasının küçəyə açılan pəncərələrindən birinin şüşəsini qırıb maşının yoğun su şlanqını salır içəri. Bir maşın suyu vurur evə... Evdə arvad-uşaq nə baş verdiyini dərk eləyənəcən, bunları Qürbətə çatdıranacan, polis çağıranacan atam öz bildiyini eləyir... Onda atamı tutub üç il iş vermişdilər. Amma bir ildən sonra amnistə düşmüşdü... Bu üzdən qohum-əqraba yığışmışdı bizə, Şamil də gəlmişdi, dediyim kimi, gedəndə kefli-kefli, ağzından sözlər tökülə-tökülə: “Barat, qağa... suyu Mürtədin evinə yox, özünə qoşaydın gərək...” demişdi...

...Şamil elə həmin Şamil idi, çoxdan görməsəm də heç dəyişməmişdi. O, əvvəlcə Dilsuzla qucaqlaşıb öpüşdü. Mənimlə əl-ələ görüşdü, sonra boynunu yana əyib, bic-bic aşağıdan yuxarı bir xeyli üzümə baxdı, güldü.

– Əyil aşağı görüm, ayə. Bir az da böyüsən, səni öpməkdən ötrü çiyninə nərdivan söykəyib dırmaşmaq lazım olacaq. Maşallah, bunda boy-buxuna bax bir. Elə bil, rəhmətlik Baratı itələyib, oturub yerində. Əyil görüm...

Başımı əydim, boynumu qucaqlayıb üzümdən öpdü. Bu vaxt ağzından gələn araq iyi çox pis vurdu məni, ətim ürpəşdi. Gəyirə-gəyirə:

– Amma, qardaş oğlu, çox arıqsan haa, – dedi – lap taqqanasan... Sən gərək Bakıya gələndə, düşüb Pirsaat çayında pencəyinin, şalvarının ciblərini çay daşıyla dolduraydın. Yoxsa, burda bərk küləklər olur, səni qapıb apara bilər. Gözümüzü yumub açınca görərik ki, odeey, xəzri alıb gedir səni, uçursan... Ha-ha-ha!

Gülüşdük. Kisəni əlimdən alıb baqaja qoydu. Dilsuz qabaqda oturdu, mən arxada. Yola düşdük. Təzəcə tərpənmişdik ki, Şamil yanından ötdüyümüz bazarı bizə göstərdi:

– Bax, burda işləyəcəksiz...

Sözün düzü, ucu-bucağı görünməyən bu üstüörtülü bazara baxanda adamın gözü qaralırdı. Qabağında nə qədər maşın vardı, ilahi!

Çox keçmədi, gəlib Lökbatana çıxdıq. Şamil burada yosmaca bir daxmada, özündən başqa iki nəfərlə kirayədə qalırdı. Biz oraya gələndə evdə heç kim yoxuydu. İki otaqlı bu daxmada hər yan bərbad gündəydi, tör-töküntü əlindən tərpənmək olmurdu, iti quyruğundan bağlasaydın dayanmazdı. Masanın üstündə bulaşıq qab-qacaq, içki şüşələri, çirkli stəkanlar, çörək qırıntıları, içində qızarmış kartof qalıqları olan hisli tava, çaydan, pivə qapaqları, içi siqaret kötükləriylə ağzınacan dolu külqabı... nə istəsən vardı, iynə atsaydın yerə düşməzdi. Kəsif qoxu da bir yandan. İyli, ağır hava otağın divarlarına, tavanına hopmuşdu. Adama elə gəlirdi, qapını, pəncərəni taybatay açıb sutkalarla buranı küləyə versən də bu qoxu getməz... Amma bu otaq çirkli də olsa, geniş idi, yəqin ki, o biri yığcam olardı. Açıq qapısından qalın pərdə asıldığına görə, o otağın necə olduğunu hələ bilmirdim. Şamil bizə divara söykəkli iki qatlama çarpayı göstərib dedi ki, onlarda yatası olacağıq. Çarpayıları açmağa özü kömək elədi. Üstü döşəkli çarpayılar idi. O, qonşu otağa girib oradan iki köhnə adyal və yastıq gətirdi. Yerlərimizi öz aramızda bölüşüb-razılaşdıq. Deməli, yatanda, Dilsuzun başı pəncərəyə tərəf, mənim ayaqlarımsa qapıya sarı olacaqdı.

– Şey-şüyünüzü də yığın çarpayınızın altına. Ayda adama əlli manat verəcəksiz. Heç günə iki manat düşmür. Bundan ucuz ev tapa bilməzsiz. Ayaqyolu həyətdədi, hamam da var – burdadı, mətbəxin böyründə. Ancaq səhərlər ayaqyoluna növbə olur haa... – Şamil sözünün bu yerində güldü, sonra da əlavə elədi ki, – darıxmayın, öyrəşəcəksiz hər şeyə. Bax, bura mətbəxdi, – deyib pilləkənin başındakı qapını açdı. Küncdə köhnə soyuducu qoyulmuşdu, traktor kimi silkələnə-silkələnə tırıldayırdı. Qaz pilətəsi və qab yuyulan ləyən də çirkin içindəydi. Krant damcılayırdı və suyun ləyənə damdığı yer sapsarı ərp bağlamışdı...

Gözüm çirkli dolabın üstündəki tünd qəhvəyi, uzunsov böcəklərə sataşdı, diksindim. Diksinməyimlə də özümdən ixtiyarsız qışqırdım:

– Vay dədə!.. – sonra da özümü ələ alıb utandığımdan bilmədim neyləyim, sakit tərzdə amma həyəcanlı-həyəcanlı soruşdum: – Şamil əmi, bu nədi belə?

– Tarakandı, ha-ha-ha, tarakan!.. Görməmisən heç? Qorxma, adamla işləri yoxdu onların. Ziyansız şeylərdi...

Bir sözlə, iyrəndim. Qədəm basdığım andan bu evdən xoşum gəlmədi. Burda başıma nələr gələcəyini də bilmirdim. Heç nə ürəyimcə deyildi. Buraya nə qədər həvəslə gəlsəm də, elə ilk anlardan ürəyimə damdı ki, mənə burda çox çətin olacaq...

Axşam Şamil bizimlə söhbət eləyə-eləyə bir yekə tava kartof qızartdı. Biz də Dilsuzla çırmanıb qab-qacağı yuduq, masanın üstünü təmizlədik. Bibimin kisəmizə qoyduğu albalı mürəbbəsi olan kiloluq bərnini soyuducuya yerləşdirdik. Həyətdən bir cüt toyuq tutdurub kəsdirmişdi, yolub-təmizləyib qoymuşdu kisəmizə, onları da basdıq buzxanaya. Dəsmala bükdüyü lavaşdan da bir çin götürüb qoyduq süfrədəki çörəkqabına.

Şamil kirəkeş yoldaşları Qorxmazla Əzizağadan danışırdı, qırırdı bizi gülməkdən.

– İndi harda var gələcəklər, əmi canı, ikisi də mırtdı haa, ikisi də vurandı qəşəng. Bir də gördün budu haa, lül-qəmbər girdilər içəri. Qorxmaz o qədər Rusyətdə olub ki, keflənən kimi urusca qırıldadır, cürbəcür xaxol mahnıları oxuyur, səsi götürür aləmi. Əzizağa ondan da betərdi, itoynadanın biridi. O qədər anektod bilir ki... Elə məzəynən danışır ki, adam ölür gülməkdən, az qalırsan qarnını tutub uzanasan yerə. Amma hərdən yuxuda sayıqlayır, qışqırır. Bax, bəri başdan deyirəm, qorxub eləməyin haa! Altı aydı belədi. Hər gecə olmasa da günaşırı sayıqlayır. Bilirsiz sayıqlayanda nə deyir? Var gücüylə: “İsti qutaaab!.. İsti qutaaab!..” qışqırır. Zalım oğlu gündüz bazarda o qədər isti qutab müştərisi çağırır ki, gecə də yuxuda eyni şeyi sayıqlayır. Oyadırsan ki, “qağa, özünə gəl!..”, deyir: “nə istəyirsən, qoy malımı satım da, a mərdiməzar!..” Ha-ha-ha! İndi deyin görüm, belə dostların arasında adam heç qocalar?

Kefim bir az duruldu. Pəncərədən baxanda balaca həyətin küncündə sınıq bir velosiped gördüm. Gələndə Siyavuşa bağışladığım velosipedim düşdü yadıma. Köksümü ötürdüm, özümə təsəlli verib: “hər şey yaxşı olar” dedim, telefon alacağımı gözümün önünə gətirdim, elə bildim dünya mənimdi, canımı istilik bürüdü. Elə bil, qəssab Almuradın qanının dadı təzədən ağzıma yayıldı...

O gecə Qorxmazla Əzizağa gəlib çıxmaq bilmirdilər. Onlar gələnə qədər, biz yemək yeyib yuxuladıq. Dilsuzu bilmirəm, məni yol yormuşdu, yerimə girincə gözlərim qapandı, daş kimi yatdım...

Gecənin bir aləmi əvvəlcə elə bildim at kişnəyir, sonra kimsə saçlarımı qarışdırdı, atamın üzü kölgə kimi keçdi gözümün önündən və gördüm yox, bu, heç də atam deyil. Dalınca da işıq... Əvvəlcə gur, amma rəngli bir işıq... Sonra da üstünə elə bil qatı, bulanıq nar şirəsi kimi nəsə tökülmüş boğuq qırmızıya çalan bir işıq bəbəklərimə doldu... Səs də ki... Allah göstərməsin! Heç vaxt yadımdan çıxmaz! Dəfələrlə, dönə-dönə, mənasını düz-əməlli anlamadığım bu sözlər başımın içinə elə bil, tişəylə, iskənəylə həkk edilirdi: “Doç rodilas u şarmanşika staroqo Karlaaa!...” Gözlərimi tam açsam da, deyəsən, heç nə görmürdüm... Özgə dildə oxuyan bu kişinin kimliyi, harda olduğum, nə baş verdiyi mənə qaranlıq idi. Təkcə o bulanıq rəngli işıq tuturdu gözümün önünü, vəssalam. Axırda əlimi qaldırıb üzümə çəkəndə, qəfil xatırladım ki, tavandakı gur işıq gözlərimə düşməsin deyə yatanda sumağı rəngli köynəyimlə üzümü örtmüşəm. Həmin o bulanıq nar şirəsinə çalan, bəbəklərimə dolan da köynəyimin rəngiymiş, işığa qarışıb sağılırmış gözlərimə, məni çaşdırırmış. Nə baş verdiyini anlamaq üçün tez onu bir qırağa tulladım... Şamillə arıq-qurğaz bir kişi masanın arxasında lül-qəmbər, başları süfrəyə salıxmış halda oturmuşdular, sözlər ağızlarından tökülə-tökülə nə barədəsə mübahisə edirdilər, qabaqlarında boş araq və pivə şüşələri vardı, küncdəki çarpayıya arxası üstə sərələnmiş, ayaqları döşəməyə sallanan ucaboy kişi isə üzü tavana sarı bağırırdı: “İii pood şarmankuu... Doçku şarmanşika stali vse Dilaylay zvaaat... Lay-lay-lay, Dilay-lay...”

Dilsuz yerində yoxuydu. Düşündüm ki, yəqin ayaqyoluna gedib. Şamil oyandığımı gördü.

– Qalx, əə kişi qırığı, gəl bura görüm... Gəl... əmilərlə tanış ol... Dur gəl, dur gəl! Utanma, fit çal... Ha-ha-ha!.. Utanma, fit çal...

Mən sərxoş adamdan qorxmurdum. Çünki gözümü açandan evimizdə sərxoş görmüşdüm. Utanıb-eləmirdim də. Nədən utanacaqdım ki?

Boynum-boğazım bürküdənmi, ya yatdığıma görəydimi, – nədənsə, tərin içindəydi. Yaxınlaşıb hər ikisiylə görüşdüm. Bu vaxt Dilsuz içəri girdi.

– Şamil əmi, sən deyən araqdan olmadı, bax, dükançı beləsini verdi.

O, masanın üstünə yarım litrliyi qoyub, pulun qalığını Şamilə qaytardı.

Şamil butulkanı götürüb o üz-bu üzünə baxdı, çiyinlərini çəkdi:

– Day neyləyək, eybi yoxdu... Bu da pis zəhirmar deyil... Di gəlin, görək... Qorxmaz, dur!..

Qorxmazınsa barmağını kəssəydin xəbəri olmazdı, səsi az qala ala buluda çatırdı: “Doooç rodilas u şarmanşika staaaroqo Karlaaa!...”

* * *

Biz bu adamlara tez qaynayıb-qarışdıq. Elə bil, illərlə bir yerdə yaşamışdıq. O qədər istiqanlı idilər ki, birinci gecədən elə bildim, sanki bu daxmada doğulmuşuq, göbəyimiz burda kəsilib.

Binə bazarıyla tanışlığımız şənbə gününə təsadüf elədi. O günü ölənəcən yadımdan çıxarmaram. Heç vaxt o boyda qələbəlik görməmişdim. Dilsuz da, mən də ağlagəlməz bir çaşqınlıq içindəydik. Deyim ki, guya işlərimizin nə təhər olacağını fikirləşirdik? Başımıza nələr gələcəyini düşünürdük? A tövbə! Sadəcə, tünlük gözümüzün odunu almışdı, mürmüc olmuşduq.

Tələsə-tələsə yan-yörəmdən keçən xaçapuri satan tay-tuşlarımı görəndə, onların: “Xaçapuri var haaa, xaçapuri! Xaçapuri qaynar-qaynar!” qışqırmaqlarını eşidəndə, ürəyimdə dedim: “hə, bax mən də belə qışqırmalıyam. Hə, qışqıracam, niyə qışqırmıram ki? Təki pul gəlsin. Təki anam, atalığım “Şümür” qoy eşitsinlər ki, artıq mən də pul qazanıram, aciz-avara deyiləm, özümə telefon almağa gücüm çatar...”

Artıq mənimçün dünyada əziz olan bircə şey vardı: künclərini “X” şəkilli bir cüt xəttin birləşdirdiyi, dordbucaq zərfə oxşayan, içi pendirli, kartoflu, adına xaçapuri deyilən gürcü kökəsi, vəssalam.

Bazara tez uyğunlaşdım. Şamil mənə də, Dilsuza da təkərli uşaq beşiyindən düzəlmə köhnə araba təşkil elədi ki, üstünə xaçapuri düzüb cərgələri gəzdirək, sataq. Biz malı Şamilin dostu Əjdərdən otuz qəpiyə götürüb, əlli qəpiyə satırdıq. İlk günlər işimiz zəif gedirdi, 5-6 manat güclə qazana bilirdik. Hər gün qazandığımızın bir manatını qır-saqqız olub adamdan əl çəkməyən bazarın baytar həkiminə, bir manatını da iki nəfər uzundraz kişiyə – bizim kimi əldə şey-şüy satanlardan haqq yığanlara verirdik. Yeməyə, işə gedib-gəlməyə çalışıb az xərcləyirdik, özümüzü qısırdıq, ayaqyoluna iyirmi qəpik ödəmək əvəzinə, gizlincə bazarın boş cərgələrindəki alayarımçıq tikililərə verirdik özümüzü, amma yenə də əlimizdə qəpik-quruş qalırdı. Bazar bizi çox yorurdu, evə leş kimi qayıdırdıq. Hər dəfə yerimə girincə, adyalı başıma çəkib ağlamaq istəyirdim, amma elə bil, içim buz bağlamışdı, öldür də gözümdən yaş gəlmirdi, əvəzində, çox qəribədi, dişlərim sızıldayırdı – köpək dişlərim...

İşləyəndən bəri yetimliyimi, yalqızlığımı daha çox dərk eləməyə başlamışdım. Görəsən, anam niyə mənə qarşı elə soyuqluq elədi? Buna səbəb vardımı görən? Bəs mən onun doğma, gözünün ağı-qarası, yeganə balası deyildimmi? Niyə, niyə axı, məni Allahın umuduna buraxdı, itirib-axtarmadı?.. Şükür məndən vacib idi yəni? Atamı xatırlayırdım... Məni başsız qoyduğuna yanıb, yanıb-tökülürdüm. Axırıncı dəfə onu necə görməyim gözümün önündən kino lenti kimi keçirdi: dərsdən gəldim, pilləkənin başında, düz evimizin girəcəyində, qapının ağzındaca ağzıquylu uzanıb qalmışdı. Onu bu vəziyyətdə çox görmüşdüm, bir növ, buna vərdişkar idim. Dedim, yəqin yenə də lül-qəmbərdi. Üstündən adlayıb girdim evə (Kaş heç adlamayaydım. Sonralar qonşumuz Durna qarı anama demişdi ki, meyit üstündən adladığına görə, oğlunun köpək dişləri uzanacaq, özü də qana həris olacaq. O, bunları deyəndə, tərs kimi mən də ordaydım və hamısını eşidirdim...) Hə, girdim evə, heç nə olmayıbmış kimi, çörəyimi yeyib, sərələndim divana, televizorda gedən davalı kinoya baxmağa başladım, yarım saat sonra anam işdən gəldi. Bir də onu gördüm əlləri əsə-əsə, həyəcandan boğula-boğula telefonu yığıb hönkürür: “Türfə, evimiz yıxıldı! Barat ölüb qalıb qapının ağzında!..” Yüyürdüm qapıya, gördüm anam onu arxası üstə çevirib, gözləri də, ağzı da açıqdı, dodağının qırağından yüngülcə qan axıb çənəsinin batıq yerində quruyub, üstünə də qarışqalar yığışıb, özündən də çox qəribə bir iy gəlir... Gözləri elə heyrətlə baxırdı ki... Elə bilirdin, nəsə görüb, ona görə donub qalıb. Sanki gözlərini o gördüyündən ayırmadan dil açıb danışacaqdı, deyəcəkdi nədir onu beləcə heykəl kimi donduran. Bir anlıq qorxa-qorxa başımı qovzayıb gözlərinin dəhşət içində zillənib qaldığı yerə baxdım, artırmanın boyağı tökülüb qaralmış taxta tavanından başqa heç nə görmədim... Sonra anam ağlaya-ağlaya otaqdan çıxdı, örpəyini saldı onun üzünə...

Beləcə, hər dəfə yerimə girincə, gözüm yuxuya gedənəcən yaddaşımdakıları eşələyirdim, eşələyirdim... dərinə endikcə ürəyim sıxılırdı, bu vaxt mirasa qalmış o iki dişim başlayırdı öz-özünə sızım-sızım sızlamağa. Bəzən də yerimdən qalxıb vanna otağına girir, ağzımı açıb güzgüyə baxırdım; belə götürəndə, alt dişlərim də, üst dişlərim də qaydasındaydı, özləri də lap sədəf kimiydi. Amma üst və alt qabaq dişlərimi hər iki tərəfdən araya almış köpək dişlərim, həqiqətən də o birilərdən uzun idi. Mən hər baxanda elə bilirdim, onlar bir az da uzanıb... Andıra qalmışlar lap qurd dişinə oxşayırdı. Güləndə çalışırdım dodaqlarımı büzüm, ya da əlimi ağzıma tutum ki, onları görən olmasın. Bir dəfə, lap çoxdan, yadıma gəlir ki, anam qonşumuz Tənzilə xalaya dişlərimdən danışırdı, deyirdi ki, mən doğulanda həkimlər, tibb işçiləri heyrətə gəlibmiş. Dünyaya gələn kimi ilk dəfə ağlayanda ağzımda iki dişim olduğunu görən mamaçanın az qalıbmış ürəyi getsin... Anam danışırdı ki, doğulandan sonra az qala üç sutka dayanmadan çığıra-çığıra ağlamışam. Axırda o da mənə qoşulub ağlayıb. Ağlaya-ağlaya da soruşub ki, “nədi, mənim balam, niyə kirimirsən? Anan ölsün, nə istəyirsən axı?” Guya cəmi bircə anlığa səsimi kəsib demişəm ki, “qan!..” Anam eşitdiyinə inanmayıb, bir də soruşub: “Nə dedin? Nə istəyirsən?” Yenə çığırmağıma bir saniyəlik ara verib, guya demişəm: “Qan!..” O, eşitdiyi sözdən huşunu itirib. Tibb bacısı da yaxınlıqda olub. Özünə gələndən sonra anam ondan soruşub ki, “eşitdin körpənin dediyini?” Tibb bacısı deyib: “Yox... Başın xarab olub? Aaz, səni yəqin qara basıb, heç üçgünlük körpə də danışar?” – “Vallah, “qan!..” dedi” – “A bədbəxt qızı, yəqin “inqa!..” deyib eey, sən “qan!..” başa düşmüsən...” Anamsa, dediyində israr eləyib durub ki, yox, körpə “qan!..” deyirdi, “qan!..”

İndi hirslənən kimi, fikir eləyən kimi, köpək dişlərim sızıldayırdı, elə bilirdim ağzımda bir parça buz gəvələyirəm... İçəridən ağzımın ətini dişləyib qanadırdım, sonra dil-dodağıma qəribə bir ilıqlıq yayılırdı, ürəyim sakitləşirdi. Çox anlaşılmaz hisslər yaşayırdım, bəzən belədə kimisə tutub gəmirmək keçirdi içimdən. Dərdimi də bir kimsəyə deyə bilmirdim. Hərdən fikirləşirdim ki, ara qarışıb, məzhəb itəydi, bir dava düşəydi, atılaydım ortalığa, kimsə vurub bu dişlərimi qıraydı, bəlkə onda birdəfəlik canım dincələrdi...

Yaxşı ki, bazar varmış...

Artıq neçə aydı burada çırpınıb-çabalayırdım. Şamilin tanış elədiyi “əxi”lərdən kreditlə gözəl bir telefon da almışdım. Gündə qulpumdan nə çıxırdı, nəyə gücüm çatırdısa, ödəyirdim. Telefonu alan kimi, özümü saxlaya bilməyib anama zəng elədim. “Nihat, başına dönüm, gəlmək istəmirsən bura?” – soruşdu. “Hara? Şümürün yanına?” – dedim. Əvvəlcə xeyli ağzına su alıb sussa da, sonda: “Sən bir də Şükürə Şümür desən, məndən incimə...” – deyib coşdu. Mən də hirsləndim: “Elə ona görə də gəlmirəm! Gəlməyəcəm də!” – deyib telefonu qapadım.

Nə yaxşı ki, bazar varmış... Onun tünlüyündə hər şeyi unudurdum. Şümürün də, anamın da üzü yadımdan çıxırdı... Əvvəllər onları, elə bil bir boxçaya düyünləyib daş kimi ürəyimdən asmışdım. İçimdə eləcə də gəzdirirdim. Sonra elə bil bu boxça yırtıldı, onları salıb itirdim... Burda elə istiqanlı dostlar tapmışdım ki... Bu dost dediklərim, adama doğmalarından da çox can yandırırdılar. Bu adamlar ürəyimin harasında yırtıq-sökük vardısa, elə bil qılıqlarıyla oranı malalayıb suvayırdılar. Biri elə Mikayıl dayı: beşinci sıranın ikimərtəbəli bölümündə qadın xalatarları mağazasını işlədən kişi. Həmişə üzü gülən, adama ürək-dirək verməkdən yorulmayan bu adam mənim dadıma çox çatırdı. Əslində, Mikayıl dayı kimi imkanlı adamlar heç vaxt xaçapuri almırlar, belələrinə naharda kafelərdən isti yemək gətirirlər, onlar xörək yeyirlər. O isə, sata bilmədiyim, alverin zəifliyi üzündən ilişib qalmış xaçapurilərimi çox vaxt axşamüstülər, işin axırında toparlama alırdı, məni ziyandan qurtarırdı. Heç vaxt onun xaçapuri yediyini görməmişdim. Sonralar maraqlanıb öyrəndim ki, o, evə gedərkən bazarın çıxacağında maşınını əyləyib, xaçapuriləri ac-yalavac dolaşan dilənçi uşaqlarına paylayır...

Mən yuxuda “Xaçapuri! Xaçapuri!” qışqırmırdım. Amma Dilsuz, yalan-gerçək, deyirdi ki, guya hərdən qışqırıram. Əzizağanınsa qışqırdığını dəfələrlə eşitmişdim: yazıq hərdən gecənin bir vaxtı yuxuda “İsti qutaaab!.. İsti qutaaab!..” deyib elə bağırırdı ki, hamımız dik atılırdıq, adamın bağrı yarılırdı.

Bir dəfə Əzizağa işdən sonra evə bazarlıq eləməkçün məni də özüylə apardı, biz Lökbatanın o başından on beş kilo kartof, beş kilo da soğan aldıq. Dörd dənə beşkiloluq kisənin ikisini mən götürdüm, ikisini də o, düşdük yola. Tərəvəz mağazasından bir az aralanmışdıq ki, Əzizağa dedi: “Vallah, heç o satıcı oğlandan gözüm su içmədi. Kisələr yüngüldü. Deyəsən, kopoyoğlu bizi çəkidə aldadıb, əskik verib.” Elə ki, bir xeyli gəlib yolu yarı elədik, boğazını arıtlayıb təzədən dilləndi: “Yooox... deyəsən, balam, mən babal yudum bayaq, oğlan düz çəkib malları, kisələr mənə yaxşı gəlir, çəki qaydasındadı məncə.” Evə çathaçatda isə, möhkəm yorulmuşdu, qıçı qıçına dolaşırdı, valaylayırdı artıq. “Nihat, – dedi – deyəsən, o fağır, o bədbaxt satıcı yanılıb axı. Kisələr yaman ağırdı, vallah. Yəqin çaşıb artıq çəkib eyy...” Onun yol uzunu qolları yorulduqca kisələrin çəkisiylə bağlı fikirlərinin necə dəyişdiyini axşam evdəkilərə danışdım, öldülər gülməkdən. “Bizim dəllək belə dəlləkdi!..” – dedilər. Hə, nədənsə, keflənən kimi Şamil də, Qorxmaz da Əzizağaya “dəllək” deyirdilər. Deyib də, əllərini əllərinə vurub uğunurdular. İlk vaxtlar bunun səbəbini soruşmağa utanırdım. Amma bir gün evdə ikimiz idik, kefi yaxşıydı, üz vurdum, bu “dəllək” məsələsinin nə olduğunu özü açıb danışdı. Kaş heç danışmayaydı! Soruşduğuma görə, xəcalətimdən ölüb yerə girdim! Sən demə yazıq Bakıya təzə gələndə, başına oyun açıblarmış. Elə bir oyun ki, heç deyiləsi deyil, adamın dili gəlmir danışmağa... Gəlib 8-ci kilometrdə ərdə olan bacısıgilə köçünü salıb yerləşəndən bəri, hər gün çıxırmış iş axtarmağa, tapa bilmirmiş. Hər gün evə suyu süzülə-süzülə dönürmüş. Bir gün yenə “Xalqlar dostluğu” metrosunun yanındakı körpünün altına gedibmiş. Ustalar, fəhlələr həmişəki kimi yenə buraya iş sorağıyla toplaşıblarmış. Hər dayanan maşına nicat qapısı kimi baxır, yüyürürlərmiş üstünə. İşlədən – az, iş arzusunda olan – çox. Yazıq Əzizağa çərləyibmiş lap. Artıq bacısıgilə qayıtmağa da utanırmış, həmin gün necə olursa- olsun, iş tapmaq, alınmasa elə oradanca yola düzəlib rayona getmək qərarına gəlibmiş. Amma nə üznən? Ailə-uşağın yanına əli ətəyindən uzun necə getsin? Bu fikirlər içində girinc-giriftar olubmuş. Hava da qaralırmış. Deyir, çarəsiz bir yetim kimi boynumu büküb, Allahı çağıra-çağıra durmuşdum körpünün altında, bir də gördüm, düz qənşərimdə qara rəngli bahalı bir “cip” dayandı, ustalar, fəhlələr yüyürüşdülər, amma bu dəfə yaxın idim deyə aman vermədim, birinci özümü mən çatdırdım müştəriyə. Sükan arxasında cavan bir oğlan oturmuşdu, boksçuya oxşayırdı, üzü dabandaşı kimi çopur-çopur, başı da daz qırxılıydı. Yüz faiz, hansı dadaşınsa cangüdəniydi, məncə. Maşının şüşəsini aşağı salıb xırıltılı, qorxunc səslə: “Əlindən nə iş gəlir?”– dedi. “Hər şey. Nə istəsən...” – cavab verdim. Soruşdu ki, “doğru deyirsən?” Dedim: “And olsun Allaha!..” Üzümə qəribə tərzdə güldü: “Yaxşı-yaxşı fikirləş haa...” Özümü itirmədən dedim ki, “fikirləşməkdən keçib day, iraq, lap mürdəşirlik də desən eləyəcəm, təki iş olsun...” – “Onda... otur, qapını ört, – dedi. – Sən çaldın...” Yenə bayaqkı kimi adamın canına vicvicə salan bir tərzdə qımışdı. Nihat, yadında saxla, indi elə bir zamanadı ki, dovşanı arabayla tutmurlar day. Arabanı saxlayırlar, dovşan özü gəlib minir... Nə başını ağrıdım, maşına minib qapını örtdüm, hənirti duyub bircə anlığa qanrılıb gözucu geri baxdım, arxada cavan, kukla kimi yaraşıqlı, başında düm ağ rəngdə hörmə şlyapa, üz-gözü ənlik-kirşanlı, dodağı bir batman pamadalı olan bir qız oturmuşdu. Baxdığımı görüncə, əlini ağzına tutub çiynini ata-ata səssizcə güldü. Fikirləşdim ki, yəqin sevgilisidi. Əl-qərəz, xeyli yol getdik, qaranlıq qarışanda gəlib bir villaya yetişdik. Yol boyu fikirləşirdim ki, axşam-axşam mənə aid nə iş ola bilər axı? Soruşmağa da qorxurdum nəsə. Həyətə girincə işıqları yandırdı, gördüm ki, villa nə villa! Hayıl-mayıl oldum, nağıllara düşmüşdüm elə bil. Birinci mərtəbənin foyesində məni kresloda otuzdurub, özləri qalxdılar yuxarı. Ürəyimi yeyə-yeyə qaldım ki, görəsən nə iş təklif eləyəcək mənə? Vaxt keçdikcə, hövllənirdim. Beş dəqiqə, on dəqiqə... yarım saat... bir saat... Zalım oğlundan xəbər-ətər yoxuydu, elə bil məni yadından çıxarmışdı. Bərk narahat olmağa başladım. Bir-iki dəfə bərkdən öskürdüm ki, bəlkə eşidələr, yadlarına düşəm. Amma nə xeyri? Heç elə bil bu evdə mən adlı bir ins-cins yoxuydu. Yerim rahat olsa da, gözləməkdən çərləyirdim. Bir az da keçdi, pilləkənın başından onun qorxunc səsi eşidildi: “Qalx yuxarı!” Ətim ürpəşdi, amma özümü o yerə qoymadım, “nə olar olar” deyib, ürəyim sökülə-sökülə pillələri qalxmağa başladım... Bilirsən, Nihat, Allah adamı bədbaxt eləyəndə, birinci ağlını alır əlindən deyənlər yanılırlar. Yanılırlar, vallah. O qədər ağılsız adamlar tanıyıram ki, xoşbəxtdilər, necə lazımdı yaşayırlar özləriyçün. Amma Allah adamı bədbaxt eləyəndə qabağına, bax, belə bir məxluqat çıxarır: belə bir qəddara tuş eləyir adamı. Qəddar!.. Qəddar olduğu qədər də əclafın biri!.. Nə isə... Çıxdım yuxarı. Çıxdım, nə çıxdım! Kaş elə ordan gurlum-guppaz, kəllə-mayallaq gələydim aşağı, hər şey də eləcə sona çataydı...”

Bu yerdə Əzizağanın səsi titrədi, deyəsən, gözləri yaşardı. Bu məzəkeş adamın, bu kefcil kişinin ilk dəfə necə kövrəldiyini gördüm, neyləyəcəyimi bilmədim, ondan “dəllək” məsələsini soruşduğuma görə peşman oldum, başımı aşağı salıb içimdə özümü söyüb-yamanladım...

O isə, az sonra özünü ələ alıb, dedi ki, “Nihat, gördüm o bədheybət oğlan ayağını ayağının üstə aşırıb oturub kresloda, əlində də tapança var, onu nəm salfetkayla silir. Yerimdə quruyub qaldım. Üzümə də baxmadan dedi: “Nə donub durmusan? Bir dön divandakına bax!..” Baxdım, diksindim. Gözümə inanmadım: həmin o yaraşıqlı qız lüt-üryan, lap cənnət cücəsi kimi anadangəlmə bir şəkildə divandan qıçlarını sallayıb saymazyana, özü də... özü də... – sən əmi canı, məni bağışla, Nihat, keçib day, necə var, elə də danışacam... – hə, özü də yönü mənə sarı abırsızcasına, çox abırsızcasına oturmuşdu, əlindəki yastı, enli telefonla məşğul idi, orada nə oxuyur, nə yazırdısa, dodaqları qaçmışdı, gülümsünürdü. Ətrafına o qədər saymaz idi ki, elə bil otağa yad bir kişi yox, evin pişiyi girmişdi, hə, evin pişiyi! Bu mənə çox yer elədi. Onunsa dünya vecinə deyildi. Divanın böyründə jurnal masası vardı, üstünə üzqırxan ləvazımatlar qoyulmuşdu, balaca qabın birində su buğlanırdı, o birində sabun köpüyü görünürdü, yanında da necə lazımdısa, sürtgəclə ülgüc...”

Əzizağa danışdıqca, pörtürdüm. Lüt qız səhnəsi mənə tanış idi, gözümün qabağına tut ağacından Bağırla rus qızını güdməyim gəlirdi, qəribə də olsa, elə o vaxtkı kimi, özümdən ixtiyarsız içimi yenə tanış bir istilik bürüyürdü...

“Nihat, o əclaf mənə bir də çımxırdı: “Nə durmusan? Masanın üstündəkilər səni gözləyir!” Dedim: “Bəs neyləyim?” Dedi: “Bəs usta deyilsən?” Əvvəlcə heç nə başa düşmədim. İxtiyarsız bir də: “Axı mən neyləməliyəm?” – dedim. Gülməkdən uğundu. Sonra da dedi ki, “sən nə küt adamsan! Bilmirsən səni bura niyə gətirmişəm? Qanmırsan neyləmək lazımdı?..Tərpən görüm, qıza soyuq olar!..” Çönüb o deyən səmtə bir də baxdım. Bu bədheybətin dediyini başa düşdüm... Elə həmin andaca, əvvəl elə bildim əlindəki tapança açıldı, gülləsi düz tutdu təpəmdən, sonra handan-hana anladım ki, yox, güllə-filan açılmayıb, hələ sağam, başımdan qan-zad da axmır... Udqundum. Bir zülümlə: “Axı mən dəllək deyiləm...” – pıçıldaya bildim. O hirslə ayağa qalxdı: “Bəs onda, niyə deyirdin ki, əlindən hər iş gəlir? Hə? Məni dolayırdın? Hə? İndi o boş başının içini doldurum gülləynən? Hə?” Sonra iyrənc-iyrənc qımışdı, gözlərini bərəltdi: “Cəld ol, elə bil ki, öz sifətini təraş eləyirsən, başla görüm!” O, tapançanın üstünü şaqqıltıyla dartdı, deyəsən, çaxmağı ayağa çəkdi və tuşladı təpəmə. Elə axırıncı eşitdiyim də o şaqqıltı oldu və bir andaca balalarım, ailəm gəldi durdu gözlərimin önündə. And olsun bizi yaradana, ölməkdən-zaddan qorxmurdum, Nihat, məni qorxudan çarəsiz ailəm, azyaşlı körpələrim – cansız, şikəst qızım, il uzunu xəstəlikdən canı qurtulmayan oğlum idi. Onları kimin umuduna qoyub gedəydim axı? Dizləri üstə haçan düşmüşəm, o vicdansızın “tapşırığını” haçan yerinə yetirmişəm, xəbərim olmayıb... O, pencəyimin döş cibinə bir dənə yüz dollarlıq soxdu: “İndi gedək, aparım səni...” deyincə, telefonla bayaqkı kimi lal-dinməz oynayan qız gözlərini əlindəkindən ayırmadan, uşaq kimi mızıldayıb incə bir səslə: “Dolların birini də ver ona, yaxşı ustadı...” – dedi. Oğlan yüzlük dolların birini də basdı cibimə... Əlqərəz, məni təzədən maşına qoyub dolanbac yollarla gətirdi şəhərə. Yolda onun telefonuna zəng gəldi, “hər şey qaydasındadı, şef, dediyin işi gördürmüşəm, gəlirik. Hə, hə... dediyin kimi...” Qız da maşındaydı, yenə telefonla oynaya-oynaya qımışırdı. Hər şey mənə agah oldu. Metro stansiyalarından birinin yanında maşını saxladı. “Burda düşsən, evinizə gedə bilərsən?” – soruşdu. Heç bilmirdim gəlib çıxdığımız yer haradı, amma: “hə...” – dedim. Yenə soruşdu: “Bəri bax, siqaret çəkənsən?” Mızıldadım ki, “hə...” Bir siqaret mənə verdi, birini də bir cüt çirkli qabyuyan süngərə oxşayan göyərmiş dodaqları arasına özü qoydu, sonra da dinməz-söyləməz tapançasını çıxarıb tuşladı alnıma, gözümü yumdum ki, “day axırımdı, bu əclaf indicə güllələyəcək məni...” Tapançanı ayağa çəkib şaqqıldatdı, “aç gözünü!” çımxırdı. Açdım. Elə bu vaxt tətiyi çəkdi, tapançanın lüləyində alov yandı... Hə, alov!.. Demə, bu, adi alışqanmış! Adicə alışqan! Mənsə, ondan qorxub az qala şalvarııma batırmışdım. Necə deyərlər, o alışqanın qorxusundan biabırcasına, ömrüm boyu başımı yerə soxası bir iş görmüşdüm... Siqaretimi yandırandan sonra, “davay – dedi – tərpən, amma bir də heç vaxt “əlimdən hər iş gəlir” deyib Allaha and içmə, yazıqsan. Çünki sabah aparıb başqa iş gördürərlər sənə, gedib özünü asarsan...”

Hə, Nihat bala, bax belə... Bu hadisədən sonra uzun illər fikirləşirdim ki, mən adamam görəsən? Mən varam görəsən? Varamsa, nəyə lazımam axı? Fikirləşirdim ki, yəqin, yer-yurd boş qalmasın deyə qurbanolduğum Allah mənim kimi bədbəxtlərin ora-burasını deşib buraxıb bu dünyaya. Bu dünyanın da ki, noxtası o cür alçaqların, başımıza belə oyunlar açan o cür südüçürüklərin əlindədi... Mən yığvalsız, neçə il başıma gələnləri qarnım yırtıla-yırtıla içimdə sirr kimi gizli saxlasam da, bir dəfə bərk keflənib Şamillə Qorxmaza danışdım, elə o vaxtdan da adım qaldı “dəllək”. O saqqalıağarmışlar, indi keflərinin duru vaxtı məzələnmək istəyəndə məni “dəllək” çağırırlar. Amma Şamilin də, Qorxmazın da qadasını alım, məni bazara onlar gətirib, əlimi çörəyə onlar çatdırıb, onun-bunun qapısında işləməkdən, zülümdən onlar qurtarıb canımı, ömrüm boyu onlara borcluyam... Şükür, indi ayda bir dəfə də olsa, rayona gedib balalarıma çörək pulu apara bilirəm. Yadıma düşmüşkən... Bir buna bax, Nihat, bir bax, gör sənə nə göstərəcəm...

O, əlini mıxçadan asılmış pencəyinin qoltuq cibinə salıb köhnə pulqabısını götürdü, zəncirbəndini çəkib eşələdi, dörd yerə bükülüb, elə bil üstündən ütü çəkilmiş, qat kəsmiş iki yüzdollarlıq çıxardı.

– Görürsən bunları? Bax, həmin pullardı, saxlamışam. O vaxt rayona borc eləyib getdim. Uşaqlarım neçə gün ac qaldı. Pis günlər yaşadım. Allah bir də göstərməsin, nələrlə üzləşmədim, başıma nələr gəlmədi... Dilənçi kökünə düşdüm az qala. Amma alçaqlıqla, qorxu altında qazandığım bu pulları ailə-uşağa xərcləməyib saxladım. Saxladım, özüm də əhd elədim ki, yəqin bir gün gələr, başıma oyun açan o cür danaların Allahın qəzəbinə gələn gününü, villalarının od-alova bürünən gününü görərəm, onda bu pulları yetim-yesirə nəzir-niyaz kimi paylayaram, ürəyimdən tikan çıxar... Mən bilirəm ki, Qurbanolduğumun səbri böyükdü, zənciri uzundu: buraxıb, buraxıb birdən kəsir və o cür çaqqalar bir də gözlərini cəhənnəmin dibində açırlar...

Danışdıqca, onun gözləri yaşarır, dollar tutan əli əsim-əsim əsirdi...

Əzizağa bu söhbəti mənə danışdığı gün, demək olar ki, bütün gecəni yata bilmədim. O gecə day yorğanı başıma çəkib telefonla oynamadım, dünyada gör necə dəhşətli işlər olduğunu fikirləşdim. Özlüyümdə o dazbaş, o üzü dabandaşına oxşayan cöngəfason cangüdəni, onun “şefini” gözlərim önündə canlandırır, o pozğun ləçəri xəyalıma gətirir, onlarla müharibəyə girirdim, nə qədər vuruşub-savaşsam da, bir yana çıxa bilmirdim, əzab içindəydim, bu zülmünsə sonu görünmürdü. Ürəyimdən qara qanlar axırdı. Dişlərim göyüm-göyüm göynəyir, sızım-sızım sızlayırdı, inanırdım ki, gücüm çatmasa da belələrinin şah damarını “uf” demədən gəmirib qanına bələyərəm...

Axır vaxtlar, bizə bazarda mal verən Əjdər xəstələndiyinə görə işə çıxmırdı. Deyilənə görə ağır xəstəydi, İrana müalicəyə getmişdi. Bu məsələ bütün xaçapurisatanlara pis təsir etmişdi, çünki o, bizə həqiqətən çox güzəşt eləyirdi, hamımıza arxa-dayaq idi. Onu əvəz eləyən qardaşı İntizam isə tam əksiydi, Əzizağanın başına oyun açan o əclafdan heç də geri qalmırdı. Düzdü, o bizim başımıza elə hoqqalar açmasa da, bir başqa cür sitəm eləyirdi. Məni görəndə, elə bil qutuda ilan görürdü. Adımı da “Uzun” qoymişdu, gah da “Taqqana” deyirdi mənə. Bunlar cəhənnəmə, mal verəndə Allahsızlıq eləyirdi, otuz xaçapuri verib, dəftərə əllisini yazırdı, işin sonunda haqq-hesaba gələndə, deyirdi: “mən bilmirəm, əllisini götürmüsən, vəssəlam! Pulunu verməlisən!..” Hər səhər mal götürəndə, axşam pulunu qaytaranda, onunla “hə-yox” eləyənəcən hirsim kəlləmə vurur, dişlərim sızlayırdı, ağzımın içini gəmirib didardan çıxarırdım, amma savaşmırdım, dözürdüm. Çarəm nəydi ki...

* * *

Bir axşam Dilsuz məndən başağrısı dərmanı istədi. Türfə bibim verən kisəni çarpayımın altından çıxarıb içini eşələdim ki, dərmanı tapım, bu zaman Bakıya gələndə avtobusdakı o arıq, qəribə qocanın mənə bağışladığı nağıllar kitabı keçdi əlimə, dediyi sözlər düşdü yadıma: “Səni bilirsən kimə oxşadıram? Nardan xatun nağılındakı divə...” Maraq içimi bürüdü. Dilsuza dərmanı tapıb verəndən sonra girişdim bu kitaba. Onsuz da bekarçılıq idi, nəyə görəsə bazarı iki günlüyə bağlamışdılar. “Kürəksoyanın nağılı”, “Cəlayi-vətən”, “Qəssabın nağılı”... Amma hamısından öncə “Nardan xatun” nağılını tapıb oxudum. Deməli, nağıl təxminən beləydi ki, bir evdə yeddi qardaş və Nardan xatun adlı bir bacı yaşayırmış. Qardaşlar hər gün qapını qıfıllayıb işə gedəndən sonra bir div gəlir, qızı çağırıb deyir ki, aç qapını. Qız açmır. Belə olanda div qızı qorxudur ki, qapının deşiyindən barmağını çıxarmasan, gedib sənin filan qardaşını öldürəcəm. Hər gün də bir qardaşının adını çəkir. Qız da qorxusundan qapının deşiyindən barmağını çıxarır, div isə onun barmağını əvvəlcə dişləyir, sonra da qanını sorub çıxıb gedir. Hər dəfə də hədələyir ki, qardaşlarına desən, gedib onların hamısını birdən öldürəcəm. Qardaşlar görür ki, bacıları gündən-günə sozalır. Yalvar-yaxar, birtəhər ondan söz alıb məsələdən agah olurlar, gedib divi tapıb öldürür, köpək dişlərini sındırıb gətirir, ipə keçirib boyunbağı kimi asırlar bacılarının boynundan...

Nağılı oxuyub üşəndim. Doğrudanmı, görəsən, mən də qaniçənə oxşayırdım? Qoca bəs nədən demişdi ki, məni o nağıldakı divə oxşadır? Hə, yəqin ki, ancaq dişlərimə görə! Əlbəttə, ancaq köpək dişlərimə görə belə demişdi o qoca!.. Bir də bunları demişdi o: “...nə qədər gec deyil, evdəkilərə de, səni bir diş həkiminə göstərsinlər, çəkiləsi dişlərin var ağzında. Bax, sonra gec olar haa...”

Demə, qoca haqlıymış, bu dişlər başıma hələ çox oyunlar açacaqmış...

* * *

Bir gün bazarın “Euromode” mağazasından zəng eləyib dörd xaçapuri istədilər. Bu mağaza daimi müştərim, isti xaçapuri dəlisi Elməddin dayının idi, orda kişi kostyumları satırdılar. Elməddin dayı məni çox istəyirdi, “görürəm şirindil oğlansan, haçan xaçapuridən əl çəkib mağaza satıcısı işləmək istəsən, gəl yanıma, bir şey fikirləşək, hər halda səni işsiz qoymaram...” Bilirdim ki, onun qardaşı Dima (əsl adını bilmirdim, hamı onu belə çağırırdı) Türkiyədə diş həkimi işləyir, deyəsən qardaşıyla ortaq idi, elə ona görə də, tez-tez bura gəlib-gedirdi. Elməddin dayının satıcısı Xanış deyirdi ki, Dima super həkimdi. Bu dəfə o gələndə mənə xəbər etməsini Xanışa tapşırmışdım, söz soruşacağımı demişdim. Dimayla köpək dişlərimlə bağlı danışmaq istəyirdim. Amma necə danışaydım? Utanırdım axı.

Xaçapuriləri Xanışa verib qayıdırdım. Axır vaxtlar tanış olduğum Büllur adlı qızın işlədiyi cərgədən salmaq istəyirdim yolumu. O, cins mallar satılan mağazanın satıcısıydı, mənə çoxdan meyl etdiyini sezmişdim. Qəşəng idi, həmişə də fransız ətri vururdu, yaşca məndən azacıq böyük olardı. Bircə dəfə avtobus dayanacağında xeyli dayanıb söhbət etmişdik, sonra məni hər görəndə: “Nihat, bizim cərgəyə tez-tez gəl, səni görməyəndə darıxıram” – deyib gülümsəmişdi, mənsə pörtmüşdüm. Hər gün keçirdim o işləyən cərgədən, amma eşidər deyə, xaçapuridən ötrü müştəri çağırmağa utanırdım, çox vaxt başı qarışıq olduğundan gəldiyimdən xəbəri olmurdu, dayanıb onu bir qədər süzür, çıxıb gedirdim.

Həmin gün Bülluru görüb, xeyli söhbətləşmişdim, kefim durulmuşdu, elə bil canımda nəsə oyur-oyur oynayırdı. Dördüncü cərgənin birmərtəbəli bölümündəki Sima xalanın ofisiant işlədiyi kiçicik “Dostluq” kafesinin qarşısından keçəndə, məni yarpızlı dovğa qoxusu vurdu, anam yadıma düşdü, içim gizildədi. “Yox, necə olursa olsun, bir kasa dovğa içməliyəm” – dedim. Arabanı qapıda saxlayaıb içəri keçdim.

– Neçəyədi, ay xala?

– Nə?

– Dovğa.

Əlini əlinə vurub uğundu:

– Əh... Mən də elə bildim başqa şeyin qiymətini soruşursan... Saqqalın ağarsın! Hi-hi-hi!.. Keç otur. Keç otur, boyuna xalan qurban... Səninçün havayıdı. Hər şey havayı...

Qızardım. Amma bilirdim ki, Sima xala həmişəki kimi yenə zarafat eləyir, burda havayı heç nə ola bilməzdi. Sadəcə, şirin dilə basırdı. “Yəqin, iki manata olar. Cəhənnəmə, bir kasa yeyəcəm, dünya dağılmayacaq ki...” fikirləşdim, stulu çəkib oturdum.

Kafedə cəmi altı masa vardı. Çox səliqəli, yığcam, rahat bir yer idi bura. Ofisiant işləyən, hardasa otuz-otuz beş yaşlı Sima xalanın həmişə üzü gülürdü. İri, ala gözləri işıqla doluydu. Özü arıq, üzdən yapışıqlı olsa da, kürəyinin sağ tərəfində, boynuna yaxın yerdə iri bir ur vardı – o, qozbel idi. Saçlarını o şikəst yerinin üstünə töküb gizlətməyə ha çalışsa da, xeyri yoxuydu, bilinirdi, bütün yar-yaraşığını alt-üst eləyirdi, bircə ayıbı bundaydı, başqa heç nə. O da Lökbatanda kirayədə qalırdı, evə gedib-gələndə tez-tez avtobusda rastlaşırdıq. Çox dilli-dilavər idi. Məni görən kimi həmişə: “xala boyuna qurban, necəsən?” deyib şirin-şirin, əziz bir adamım kimi kefimi soruşur, işdən-gücdən söhbət açırdı. Avtobusda basırıq olanda isə, özünü tez yanıma verib məni bərk-bərk qucaqlayır, “xala sənə qurban, qoyma yıxılım” deyirdi. Utandığımdan bilmirdim neyləyim. Vallah heç boy-buxunlu olmaq da bir şey deyil. Avtobusda, demək olar ki, hamıdan hündür idim, uzaqdan o dəqiqə görünürdüm, gizlənə bilmirdim. Zarafat deyil, hələ o vaxt bir metr səksən üç santı boyum vardı. Dilsuz onu görən kimi, “Nihat, sevgilin gəldi, indicə sarılacaq sənə...” deyib məni dolayırdı, gülüşürdük. Sima xalanın dediyinə görə, ali təhsilliydi, neçə il ucqar kəndlərin birində zoologiya müəllimi işləmişdi, maaşı az olduğundan, həm də məktəb direktoruyla dolanmadığına görə, hər şeyə tüpürüb gəlmişdi bura, elə o vaxtdan da bu kafedə ofisiantlıq eləyirdi. Qəribə qadın idi. Bir dəfə ona deyəndə ki, bəs, atamın arzusu məni ali təhsilli görmək idi, başını yellədi, bir xeyli üzümə baxıb susdu, sonra pıçıldadı: “Nihat, xala qurban, indi elə bir dövran gəlib ki, dünyanın dörd qapısı var – dördü də həqiqi oxumuş adamların, ziyalıların üzünə bağlıdı. Beşinci qapını açıblar ki, onun da adına bazar deyilir, hamımızı yığıblar bura. Sən heç bilirsənmi, bu bazarda nə qədər ali təhsilli, oxumuş adam var? Hardan biləsən ki? Burda işləyənlərin bəlkə də yüzündən yetmişi əli diplomludu! Bu heç bilirsən nə deməkdi?.. Eh, hardan biləsən... – o, əlini yellədi – Hələ sənin bu şeyləri düşünən vaxtın deyil, qınamıram...”

O, bir kasa dovğa və təzə təndir çörəyi gətirib masamın üstə qoydu, “nuş elə, xalanın gül balası!” deyib saçlarımı qarışdırdı. Nahar vaxtı olmadığına görə, kafedə məndən başqa müştəri yox idi. Müdirləri də harasa getmişdi – küncdəki kreslosunun boş qalmasından bilirdim bunu. Bufetə də, salona da Sima xala nəzarət edirdi. Dovğanın qoxusu ləzzət eləsə də, birinci qaşıqdan duydum ki, dadı ayrıdı, anamın bişirdiyinin yerini verə bilməz.

– Nihat, xala qurban, bunu da çək başına... – O, araq süzülmüş yüzqramlıq qədəhi və doğranmış xiyar turşusu olan boşqabı qarşıma qoydu. – Nə fikrə getdin? Götür iç, bu gün xalan səni qonaq eləyir.

Fikrə-zada getməmişdim, sadəcə, quruyub qalmışdım, neyləyəcəyimi bilmirdim. Axı, mən ömrümdə araq içməmişdim...

– Nooldu, igid bala? Vur getsin də... İstəyirsən mən də əlli qram içim. Bax, bu dəqiqə...

“Heç bu kişilikdən deyil, məndən ən azı on beş-iyirmi yaş böyük qadın içəcək, mən əfəl marıdıb duracam yəni?” Qeyrət məni boğdu. Gözümü yumub, içməmişdən öncə fikirləşdim: “kimin sağlığına içim, kimin sağlığına içim? Həə, əlbəttə, Büllurun! Əlbəttə, Büllurun!” elə o dəqiqə də araq qədəhini başıma çəkdim. Özümdən ixtiyarsız ətim çimçəşdi, silkindim... Elə bil nəfəsim getdi, qayıtmadı. Əlimi ağzıma tutub, nəfəsim təngidikcə yaşaran, yaşardıqca da bərələn gözlərimi birtəhər yumdum, bir xeyli beləcə durdum. Halım üstümə qayıdanda, Sima xalanın da gedərək bufetin arxasında “Sağ ol, Nihat!” deyib qədəhi necə sümürdüyünü, üz-gözünü qırışdırıb, turşu xiyarı necə iylədiyini gördüm. Öz-özümə düşündüm: “Bunun nəyini içirlər? Bu zibilin nəyini içirlər axı? P.. yeyərəm bir də dilimə vurmaram!..” Amma bir az keçdi, canıma qəribə bir xumarlıq gəldi, bütün aləm dəyişdi elə bil...

– Atıl-batıl! Qırxbuğum! Kəklikotu!..

Bu, bizim kimi səhərdən axşamacan cərgələr arasında dolaşıb cürbəcür bitki qurusu satan ağsaqqal Qafar əmi idi. Kafenin qapısını aralayıb malını təklif eləyirdi. Məni görən kimi gülümsündü:

– Nə təhərsən, a bala, nuş olsun!..

– Sağ ol, Qafar əmi.

Artıq başım dumanlanmışdı. Gördüm üzümə baxır, özümdən ixtiyarsız “kişiləndim”:

– Gəl, çörək ye, araq iç!

O da nə sənə, nə mənə, arabasını pəncərənin qabağına söykəyib girdi içəri, “salam-əleyküm!” deyib oturdu yanımda.

– Bir dənə dovğa ver – dedim, – Qafar əmi üçün.

O isə yerində qurcuxdu:

– Yox, qoy yüz araq gətirsin, sonrasına baxarıq.

Elə bil, qonaqlıq verirdim. “Sonrasına baxarıq” kəlməsini eşidən Sima xala yüngülcə başını yellədi, bununla da onu dəvət etdiyimə görə narazılığını bildirdi, amma bununla belə hərəmizə yüz qram araq gətirdi...

O gün mənim həyatımda çox qəribə bir gün oldu.

O gün ilk dəfə içki deyilən zəhirmarı daddım. Əvvəlcə zəhləm getdi, sonra məst oldum, elə hallar keçirdim ki, sözlə deyiləsi deyil.

O gün ilk dəfə kişi-kişi əlimi qoltuq cibimə salıb, bu vaxtacan qəpik-qəpik yığdığım pulları çıxartdım, başımı açıb xərcləməyə başladım...

O gün ilk dəfə Büllur işləyən mağazanın qabağında dayanıb ona baxdıqca baxdım, axırda müdirləri şübhələndi, bəlkə də elə bildi oğru-zadam: “a bala, işin yoxdusa, buranı kəsdirib durma!” ­– deyib məni qovladı, dişlərim göynəyə-göynəyə ordan aralandım.

O gün ilk dəfə mənim adımı “Uzun”, “Taqqana” qoyan İntizamla sözüm çəp gəldi, tutaşdım. Onsuz da ondan yığmışdım. Məni vurdu, əvəzində o boyda kişinin çiynini gəmirib bağırtdım, dişlərim sümüyünəcən işlədi, ağzım qan dadını duyunca, az qala özümü dünyanın yiyəsi hiss elədim... Camaat onu güclə aldı əlimdən... Sonra, İntizama yarınan, onun tərəfini yaltaq-yaltaq saxlayıb məni orda söyən xaçapurisatan Tamerlanı da cavabsız qoymadım, tutaşan kimi onun da dirsəkdən yuxarı yumşaq ətini dişlərimin arasına aldım, ağlı gizlənənə kimi anqırtdım... Və bu zaman, hay-küyə yığışan, bizi aralamaqdan çox, tamaşamıza duran camaatın arasından qəribə-qəribə üzümə baxan, gördüyüm adamların heç birinə oxşamayan, Almuradı dişləyib çığırdanda gözümə sataşan qocanı bir daha gördüm... İnanmazsınız, and olsun ki, gördüm! Bilmirəm, o an sərxoşluğum birə on artdı, yoxsa, ayıldım. Tamam başqa hala düşdüm... Dedim yəqin havalanmışam.

Yaxşı ki, xilasım varmış.

O gün ilk dəfə Sima xala məni bəlalardan xilas elədi. Bazarın baş mühafizəçisinin əlinə keçməyim deyə, məni tez-tələsik taksiyə basıb birbaşa qaldığı evə apardı. Gecənin bir vaxtı ayıldım, uzun müddət harda olduğumu anlamadım. Sima xala bütün paltarlarımı yuduğuna görə, qaldığım evə qayıda bilmədim. Onsuz da yataqdan qalxa bilmirdim, başım bərk ağrıyırdı. O mənə yarım stəkandan bir qədər az, portağal şirəsi rəngdə nəsə verdi, “iç – dedi, – başının ağrısı kəsəcək...” İçdim, yarı şirintəhər, yarı turşməzə bir şey idi, ləzzət elədi... Demə, viski imiş. “Yenə ver” – dedim. Verdi. Sonra nə oldu bilmirəm, mən böyrü üstə uzanmışdım, o, nəsə danışa-danışa işığı söndürdü. Yanıma girib o da böyrü üstə çevrildi, sağrısını mənə söykədi, bərk-bərk ağuşuma qısıldı: “Nihat, sənə qurban, qorxuram nəsə, üşənirəm... məni möhkəm-möhkəm qucaqla...” – deyib töyşüməyə başladı... Sonra day nə baş verdi bilmirəm, heç nə xatırlamıram. Bir onu bilirəm ki, Sima xala hərdən yanqılı-yanqılı, hıçqırırdı və ağzımdakı qan dadı aldığım bütün həzzlərin fövqündəydi...

O gecə çox şeyin necə baş verdiyini xatırlamasam da, bir onu bilirəm ki, mənə ilk dəfə içkinin nə olduğunu daddıran qadın, elə qadının da nə olduğunu əməlli-başlı anlatdı...

Səhərisi yataqdan qalxanda nələr baş verdiyini xatırlamağa çalışırdım, çox şeyi unutmuşdum, elə bil yaddaşım silinmişdi, gözümün qabağına gələnlərsə, dumanlı bir yuxu kimiydi. Təkcə ağzımda qanın dadı-tamı qalmışdı, bu isə, içimə rahatlıq verirdi...

– Bu gün dincələcəyik. Mən dünən bir günlük istirahət götürmüşəm. Sən də bazara çıxma. Əjdərin qardaşını, bir də xaçapiursatan bir oğlanı şil-küt eləmisən, day sənə xaçapuri verməzlər. Satıcılıqdan-zaddan bir iş tapmaq lazımdı sənə...

Qanım qaraldı.

Sonra o, spirt qoxuyan nə idisə pambığa hopdurub mənə verdi ki, kürəyinə qoyub üstündən plastrla yapışdırım. Xalatının yaxalığını geri atdı, gözüm kəlləmə çıxdı, belindəki iyrəndiyim o eybəcər donqada sağ yer qalmamışdı, göyərtdiyim yerləri qanatmışdım... Utandım. Ayıq başla bunu heç vaxt eləməzdim yəqin.

– Bilirsən, Nihat, gözümün işığı, sənə demişəm də, mən zoologiya müəllimiyəm, özü də institutu fərqlənməylə qurtarmışam, o vaxt adamım olmadığına – yetimxanada böyüdüyümə görə, qızıl medalı başqasına verdilər, əslində mən almalıydım. Hə, nə isə, qulaq as gör nə deyirəm... Gecə fikirləşmişəm ki, sən insan kimi doğulmasaydın, mütləq bu dünyaya dəvədəlləyi kimi gələcəkdin, mütləq... Səndə onun əlamətləri daha çoxdu. Bilirsən niyə? Heç bilirsən dəvədəlləyi neyləyir?..

Başım ağrısa da, işsiz qalacağımı bildiyimə görə qanım qaralsa da, söhbətə qulaq asmağa halım olmasa da candərdi:

– Neyləyir ki? – soruşdum. Həm də içimdə inciyən kimi oldum: Niyə axı o məni dəvədəlləyinə oxşadır? Boyumun uzunluğuna görəmi? Arıqlığıma görəmi? Niyə? Bilirdim ki, dəvədəlləyi çəmən otuna çalan, uzunqıç, iri çəyirtkədi. Həyətimizdə, tənək yarpaqlarının arasında görmüşdüm onu, çox qəribə görkəmi vardı, nadir hallarda üzə çıxır, hələm-hələm gözə çarpmırdı. Yaxşı, bunun mənə nə dəxli? Məni oxşatmağa başqa şey yox idimi?

– Qulaq as... Amma məsələ bir qədər ayrı cürdü, hər şey əksinədi, tərs-avanddı. Məsələ ondadı ki, dəvədəlləyinin erkəyi mənim kimi mağmın, dişisi sənin kimi oddu-alovlu olur...

Söhbətin bu yerində sıxıldım, utandığımdan az qala başım paçamın arasına girdi. Onunsa əvvəlcə dünya vecinə deyildi, sonra deyəsən narahatçılığımı hiss elədi:

– Bəri bax, – dedi, – onsuz da aramızdan pərdə götürülüb, olan olub, keçən keçib. Keflilik aləmində olan şeydi. Eh, mənim yerim buralar deyil eey, Avropadı, Nihat, Avropa!.. Özüm “sovremenni” qadınam, belə şeylərə pis baxmıram, olan şeydi, sən də heç sıxılıb-eləmə. Hə, qulaq as, dəvədəlləyinin dişisi erkəyin belinə minir, lap sənin kimi...

O, əlini uzadıb saçlarımı qarışdırdı, həmişəki kimi yenə: “Saqqalın ağarsın!..” – dedi.

Bu vaxt onun əcaib bədən quruluşu gözümə dəydi. “Cəhənnəməcən... Nağayrım, olub daa, adam öldürməmişəm ki?” ­– fikirləşdim, bir az toxtayan kimi oldum.

–...Hə, Nihat, lap sənin kimi, saatlarla əl çəkmək bilmir, çünki mayalanma getmir... Axırda bezir, ehtirasdan erkəyin başını gəmirməyə başlayır. Neyləsə də istədiyi alınmır. Özündən xəbəri olmur, əməlli-başlı gəmirib sevgilisinin başını qoparır, erkək ölürkən boşalır və mayalanma baş tutur... Yəqin sən də məni gəmirməsəydin, “o işi” axıra çatdıra bilməyəcəkdin...

O, bunları deyib güldü:

– Yaxşı ki öldürmədin məni... Dəvədəlləyi!.. Yaman şeysənmiş haa, canın yanmasın!..

Onun nə danışdığı hələ mənə yaxşı çatmırdı. Nə dəvədəlləyi? Nə filan? Heç mən onun “mayalanma” dediyinin nə olduğunu düz-əməlli bilirdim ki? Fikrim qalmışdı İntizam kopoyoğlunun yanında, deməli day mənə xaçapuri verməyəcək. Deməli, qaldım avara. Amma Tamerlandan qorxmurdum, harda rastıma çıxsa, cavabını verə biləcəyimi düşünürdüm. Bir də fikirləşirdim ki, görəsən, Büllurun başıma gələnlərdən xəbəri yoxdu ki? Xəbəri varsa, deməli, biabır olmuşam. Elə biləcək dalaşqan avaranın biriyəm... Bir də.. o qocanı heç cür unuda bilmirdim, heç cür...

Dişlərim başladı çox pis sızıldamağa.

– Əsl dəvədəlləyisənmiş. Özü də adam cildində...

– Yaxşı... Yaxşı, Sima xala, sən də söz tapdın danışmağa...

– Nihat, gəl belə danışaq, bax innən belə, bir də mənə xala demə, yaxşı?

– Niyə?

– Dedim də sənə...

Özüm də bilmədim o niyə belə deyir.

– Yaxşı, – dedim.

Həm də əlavə elədim ki, “onda sən də day mənə nə “dəvədəlləyi” de, nə də “bala”. Güldü: “Oldu” – dedi.

* * *

Səhərisi Şamil məni danladı, “içə bilmirsənsə, bir də dilinə vurma!” – dedi. İntizamın az qala şah damarını qopardığımı, gəmirəndə dişlərimi çiyninə necə batırmışamsa, körpücük sümüklərinə qədər işlədiyini bildirdi. Elə Tamerlan da qolunu dəbərdə bilmir. Demə bədbəxtlərin bağırtısı bazarı götürübmüş başına. Gecə harada qaldığımı da bildiyinə eyham vurdu, amma dərinə getmədi, sadəcə başını yellədi...

– İndi neyləyəcəksən, dayıoğlu? – Dilsuz həyəcanla soruşdu. – Neyləyəcəksən, hə?

Həqiqətən, Dilsuz ayrı oğlandı, yer-yurd bilən, hər şeyi açıb-ağartmayan, adamı ürəkdən istəyəndi.

– Heç nə, bibioğlu... İş tapıb işləyəcəm. Belə qalmayacam ki, – dedim.

O hadisədən iki-üç gün keçmişdi, Rusyətdən Qorxmazın qohumu gəldi, qaldığımız evdə yerimi ona verib, hələlik Sima xalanın (yenə xala!) yanına yığışası oldum. Özüm də Elməddin dayının təzə açdığı ikinci obyektdə satıcı kimi işə düzəldim, günümə yeddi manat verirdi, üstəlik, naharımı da alırdı. Mənimsə işimin adı hər səhər tezdən ayaqyolundan bir vedrə su gətirib mağazanın döşəməsini yumaq, reklam eləməkdən ötrü içi malla dolu təkərli vitrinləri eşiyə çıxarmaq, kostyumları səliqəyə salmaq, alıcılarla səmimi davranmaq, çalışıb müştərini əldən buraxmamaqdan ibarət idi. İşə ürəkdən girişmişdim, hiss eləyirdim ki, ürəkdən çırpınıb-çabalamağımdan Elməddin dayının xoşu gəlir. Şirindil olduğuma görə, müştərilər hərdən mənə “çay pulu” da verirdilər.

Amma sən saydığını say...

Üstündən bir qədər də keçdi. Yel çərşənbəsi günüydü, çörək almaqdan qayıdırdım. Qaldığım evin yanında uşaqlar böyük tonqal qalamışdılar. Görünür, hələ də uşaqlığım başımdaydı, özümü saxlaya bilmədim, üstündən tullandım, tərs kimi, ayağım sürüşdü və çox pis yıxıldım. Bir qolum biləyimdən tutmuş dirsəyiməcən közün içinə girdi, çığırığım göyə çıxdı...

Sağalanacan it əzabı çəkdim. “Zoologiya müəllimi” hər cür qayğıma qalırdı, məni işləməyə qoymurdu, bir qəpik də pul xərcləməyə imkan vermirdi, bütün günü onun kirələdiyi evdə yatırdım. O, işdən qayıdan kimi, qoluma yanıq dərmanı sürtür, sarğımı dəyişirdi, sonra oturub birlikdə viski içirdik və hər gecə dəvədəlləyinin macərası yaşanırdı... Göyüm-göyüm sızlayan dişlərim həmin anlarda da sözümə baxmırdı, körpə ana südünə necə öyrəşirsə, ağzım qan dadına eləcə dadanmışdı.

Artıq mən xeyli vaxt idi ki, onunla qalırdım. Bir gecə yenə “o işin” ağlımı başımdan apardığı məqam idi, özümdən xəbərsiz sorduğum yerə dişimi basıb qanatmışdım, həmişə olduğu kimi, ləzzət alırdım. Qəfil yadıma nə düşsə yaxşıdı? – Nardan xatun! Elə o an da bağırdım: “Sən Nardan xatunsan!.. Sən Nardan xatunsan!..” – “O kimdi, sən Allah? O kimdi elə?” Danışdım – uğunub getdi. “Onda sən də divsən ki, – dedi. – Gərək səni öldürüb, anamı ağladan o dişlərini sındıram, mən də boyunbağı kimi asam boynumdan...” Gülüşdük. Doğrudan da mən onu pis günə qoymuşdum, boynunda, boğazında sağ yer qalmamışdı, didardan çıxmışdı. “Buna mən yığvalsız dözürəm. Başqa köpəyin qızı bir gün də dözməz...” – deyirdi.

Hələ çox şeyin dərininə vara bilməsəm də, bir gün işdən gəlib ikilikdə viskidən içib söhbət edərkən, heç görünməmiş kimi, onun üzü bozardı. Gözümün içinə baxıb, baxıb, qəfil hönkürdü: “Nihat, mən elə bilirdim məndən bədbəxti yoxdu dünyada, amma sən məndən də bədbəxtsən!.. Sən hər şeydən çox, qan dəlisisənmiş, qan dəlisi!.. Axı mən nə qədər boynu-boğazı sarğılı getməliyəm işə?! Hə? Cavab ver də! Niyə susursan? Dişlərinin ucbatından salamat yerim yoxdu, hər tərəfim yaradı, dözə bilmirəm day...” deyəndə, ayılan kimi oldum. O gün boynu-boğazı yara bağlamış bu şikəst qadından çox, özümə yazığım gəldi, hamama keçib, ağzımı açıb, bir az da uzanmış kimi görünən köpək dişlərimə güzgüdə xeyli baxdım, özümü saxlaya bilməyib hönkürdüm, amma gözümdən yaş gəlmək əvəzinə, dişlərim sızladı. İndi başa düşürdüm ki, mən bədbəxt oğlu ağlayanda, gözlərimlə yox, dişlərimlə ağlayıram, başımın bəlası olan dişlərimlə!..

Nə sənə, nə mənə – əynimi geyinib, yır-yığışımı eləyib çıxıb getdim, o isə, etiraz eləmədi...

Dilsuzgilin yanına qayıdırdım, kürəyimdə içi paltarlarımla dolu iri bir idman çantası vardı. Lökbatanın boğanaq axşamlarından biriydi, qaranlıq bir küçəylə gedirdim, yol acı bağırsaq kimi uzanır, qurtarmaq bilmirdi. Bərk qəribsəmişdim. Əlim hər yerdən üzülmüşdü. Belə hallarımda həmişəki kimi yenə anamı xatırlayırdım, hirslənirdim, söylənirdim və öz-özümlə danışırdım. Kənardan fikir verən olsaydı, məni havalı sanardı.

İncəvara, evdə mənə heç nə deyən olmadı, sorğu-suala tutulmadım. Özüm də arın-arxayın qayıdırdım evə, çünki hələ də kirayə pulunu ödəyirdim. Elə bil, ürəyimə dammışdı ki, nə vaxtsa qayıdacam. Gəlişimə Dilsuz elə sevinirdi, olmayan kimi.

Səhərisi şənbə günüydü. Tezdən olsa da bazarda müştəri çox idi. Təkərli vitrinləri mağazadan eşiyə təzəcə çıxarıb, kostyumların ətəyini səliqəyə salmaq üçün yenicə aşağı çömbəlmişdim, gördüm, qarşımda bir kişiylə bir qadın dayanıb, mallara baxırlar. Heç ağlıma gəlməzdi ki, bunlar... Hə, bunlar kim olsa yaxşıdı? – anamla atalığım! Səslərindən tanıdım! Üzümü gizlədib, yavaşca aradan sivişib qaçmaq istədim. Elə yerimdən qalxmaq istəyirdim ki, Şümürün güclü əli boynumun ardından yapışdı: “Hara?! Qoduq!..” Anam özünü üstümə atdı: “Can!.. Nihat!!!.. Ana qurban! Sənsən? Şükür, burax uşağı! Burax görüm!” Onun səsi titrəyirdi. O dəqiqə gözlərim doldu, daha doğrusu dişlərimi hiss eləmədim artıq. O, var gücüylə boynumu sıxır, başımı aşağı basırdı, elə bil əlinə düşmən balası keçmişdi. Mənə elə gəldi ki, ağzımı açıb çəkiclə dişlərimə döyürlər, guppultu səsi gicgahlarımda qaytarış verir, yavaş-yavaş gözüm qaralırdı. Bir onu bilirəm ki, necə bağırdımsa, Şükür qorxudanmı, ya nədənsə, boynumu buraxdı, bir qolumu qucaqlayıb bağrına basmış, tez-tez “can, Nihat, can!” deyən anamın əlindən də dartınıb çıxdım və... Yox! Qaçıb-eləmədim! Əksinə, tosqun, eniylə uzunu bilinməyən, motala oxşayan atalığımın sol çiynini cəhəngimə salıb necə gəmirməyə başladımsa, bu dəfə onun bağırtısı bazarı başına götürdü, nə götürdü! Bir onu bilirəm, yan-yörəmizi bir göz qırpımında çoxlu adam bürüdü. Yığışanlar məni dartışdırıb atalığımdan ayırmağın mümkünsüzlüyünü görüb, çarəsizlikdən üzümü-gözümü şillələyirdilər ki, artıq bağırtısı yavaş-yavaş kəsməkdə, yavaş-yavaş buyuxmaqda olan bu adamı buraxım. Mənsə qopmurdum ondan, çünki, elə bil dişlərim artıq buzlamaqda deyil, alışmaqdaydı, onları söndürmək istəyirdim, bəlkə də belə desəm, daha düz olar: gözlərimin əvəzinə dişlərimlə ağlamaq istəyirdim, amma alınmırdı, Şümürün qanısa öz istisiylə, öz dadıyla, nə qədər “aldatsa” da, damağım inad göstərir, doyub-dolanmaq bilmirdi! O, yıxıldı, mən də üstünə. Toplaşanlar: “Öldürdün! Öldürdün! Zalım oğlu, bəsdi! Burax!” kimi sözlərlə qulağımın dibində çığırsalar da, məni hər tərəfdən tutub dartışdırsalar da, anam: “Nihat, qurban olum, öldürdün! Südüm dustağı olasan, ay bala, bəsdi!” – deyib, hönkürə-hönkürə gah yalvarıb, gah qarğış eləsə də ondan qopa bilmirdim. Axırda o, kəsilmiş bir cöngə kimi altımda hərəkətsiz qaldı. Elə bil, xeyli əlləşəndən sonra, dişlərim axır ki, hönkürə bildi... Ağzım qanla dolmuşdu, sızım-sızım dodaqlarımın qırağından çənəmə süzülürdü, qanın dad-tamından, ilıqlığından, dişlərimin hirsi-hikkəsi soyuyurdu, çənəm boşalırdı...

Mən bir sərxoş kimi səntirləyə-səntirləyə ayağa qalxanda anam artıq dizləri üstə çöküb: “Şükür! Şükür!.. Ay Allah, bu can verir!.. Qoymayın, ay camaat!..” – qışqırırdı. Elə bil, ayılan kimi oldum, topalaşan adamların arasından birtəhər sivişib aradan çıxmağa çalışdım. Deyəsən, bazar adamlarından biriydi, hirsindən söyüb-söylənən Elməddin dayıya: “Sən bunu niyə işə götürmüsən? Bəs eşitməmişdin ki, bu gədə Xaçapur Əjdərin qardaşı İntizamı da, ondan başqa bir nəfər xaçapursatanı da it kimi gəmirib pis günə qoyub? Vampirdi də bu! Danışanda əlini ağzına niyə tutur bəs? Dişlərini gizlədir ki, görən olmasın! Fikir verməmisən? Lap canavar dişlərinə oxşayır... Gördün kişini nə günə qoydu? Adam tapmısan sən də!..” Təzədən halım çönməyə başladı. Əl-qol ata-ata danışan bu adamı tanımırdım, adamların arasında ağzına gələni üyüdüb-tökürdü qarama: “bu oğraş oğlunu çırpmaq lazımdı!” – deyib, camaatı qızışdırıb söyüş söyəndə, bir anlığa atam gəldi gözümün qabağına, onun arxası üstə uzalı meyiti gəldi, artırmanın tavanına dikilmiş heyrət, qorxu, sirr dolu baxışları durdu gözüm önündə, “o, niyə söyülməlidi axı? O, niyə söyülməlidi?” fikri ildırım kimi keçdi ağlımdan, elə bil, başımın içi tüstülədi, ağlım yolunu itirib təzədən çaşdı, dözə bilmədim, qəfil bu adamın qolundan yapışıb biləyini necə gəmirdimsə, dişlərim sümüyünəcən işləyib “xırç” elədi, o, Şükürdən də bərk bağırdı... Və təzədən başlandı! Hər yandan baş-gözümə yumruq-şillə dəyirdi. Amma elə bil, əynimdə zireh, başımda dəbilqə vardı, ağrı hiss eləmirdim. Həndəvərimə yığışanlar məni çırpdıqca, dişlərim atamı söyən o heyvərə adamın biləyinə daha da bərk sancılırdı, gözüm yerdə buyuxub qalmış, çiyni qan içində olan Şükürdə və ağlaya-ağlaya onun üzünü yelpikləyən anamda qalmışdı. Birinci dəfəydi görürdüm ki, anamın birçəkləri ağappaq ağarıb...

Nə qədər keçdiyini bilmirəm, beynimin tüstüsü seyrəlib, başımın içi ayazıyan kimi, dizləri üstə çökdürdüyüm bu adamı buraxıb qaçdım, arxadan kimsə badalaq vurdu, səndələsəm də yıxılmadım... Çünki bu zaman kimsə məni qucaqladı, qoymadı ağzıquylu gedəm. Az qala ikimiz də sərələnəcəkdik yerə. Arıq, çəlimsiz qollar arasına düşdüm. Məni bərk-bərk qucaqladı. Kimin ağuşunda olduğumu bilməkdən ötrü başımı qaldırıb üzünə baxdım. Gördüm, kim olsa yaxşıdı? – həmin qoca! Hə, həmin qocaydı! İntizamın, Tamerlanın qanını soranda, qəfil qaragüruhun içində peyda olub, nurani üzündə qəribə təbəssüm, işıqlı, göy gözlərini mənalı-mənalı mənə zilləyən və başını bulayıb gedən, cərxoş canımı az qala arxasıyca sürükləyib aparan qoca! Onda mən hamını və hər şeyi unutmuşdum, elə özümü də – bircə o qocanın pirani görkəmi, xüsusilə də, nurlu çöhrəsi, işıq dolu, bulaq kimi qaynayan gözlərindən başqa! Dişlərim Tamerlanın qolunda, ağzımda ruhumu sakitləşdirən ilıq qan dadı, onun arxasıyca gözdən itənəcən baxmışdım onda. Yenə də o idi! Həmin baxış, həmin duruş, həmin nur! Çox da güclü olmayan qolları arasından necə çıxdımsa, cərgələri bir-biriylə birləşdirən dar keçidlə geriyə baxmadan üzüaşağı – ayaqqabı satılan sıralara sarı götürüldüm, ürəyim ağzımdan çıxırdı, artıq bazarda qala bilməyəcəyimi anlayırdım. Nədənsə, “bircə qabağıma Büllur çıxmayaydı...” fikri keçdi ağlımdan. Həm də... az qala qoca da məni dəli eləmişdi. O, hardan gəlib çıxdı axı? Bu an Simanın çığırtısını eşitdim: “Nihat!!!”

İndi xatırlayıram ki, həmin an bu xeyirxah qadın rastıma çıxmasaydı, görəsən mən neyləyərdim? Həmin an dərk elədim ki, o məni həqiqətən çox istəyir. Qolumdan yapışıb, kafeyə sarı dartdı. Dirəniş göstərmədim. Kafedə məni mətbəxə saldı, içməyə bir stəkan soyuq su verdi. Ölənəcən yadımdan çıxmaz, necə həyəcanlanmışdımsa, suyu içib qurtara bilmirdim. İçib qurtaranacan titrədiyimdən stəkan dişlərimə dəydikcə, velosiped zınqırovu kimi necə cingilti salmışdısa, toxdamaq bilmirdim. Suyu içib qurtarsam da, boş stəkanı ağzımdan aralaya bilmirdim, cingilti iliyimə işləyirdi. Bir də onda ayıldım ki, stəkanı dişləyib xırçaxırçla çeynəməyə başlamışam və Sima nə qədər eləyir onu əlimdən ala bilmir...

Kafenin işçilərinin – yaşlı aşpaz qadının, qabyuyan qızın heyrətdən əlləri üzlərində qalmışdı, çaşqınlıqdan bilmirdilər neyləsinlər. Bircə “uyyyy, ay Allah!!!” eləməklə kifayətlənirdilər. Bu vaxt Sima üzümə möhkəm bir şillə vurdu, stəkanın sınığı döşəməyə düşdü, elə bil ayılan kimi oldum və... neyləsəm yaxşıdı? Hönkürdüm! Hönkürdüm, özü də necə lazımdı – hıçqıra-hıçqıra!... Ağlım kəsəndən, bəlkə də ilk dəfəydi ki, bu cür hönkürürdüm. Ağzımdan yerə qana bulaşmış şüşə qırıqları səpələnirdi. O, zibil vedrəsini qapıb üstümə yüyürdü: “Nihat, bax, bura!.. Bura qaytar ağzındakıları, qorxma!”

Başıma-üzümə su vurduqdan bir qədər sonra o, arakəsməyə salıb, qaldığı evin açarlarını gizlincə ovcuma basdı. İş yoldaşları başa düşməsinlər deyə: “Di dur, çıx get! Çıx get evinizə!” – dedi. Key vəziyyətdə olsam da onu dərhal anladım.

Taksi duracağına sarı gedirdim, özümdə deyildim. “Qurtardıq ana, qurtardıq! Daha nə mən səni axtaracam, nə də sən məni soraqla! Türfə bibim düz deyir, atamın axırına elə sən çıxıbsanmış! Get, o Şümür, o da sən! Day Nihat adda balan yoxdu, yox!” Yenə hönkürdüm. Bu vaxt elə bil yer yarıldı Dilsuz yerdən çıxdı, özünü yetirdi mənə. Sən demə, başıma gələni kimsə deyibmiş, ürəyi ağzından çıxırdı az qala!

– Dayıoğlu!.. Nihat!..

Başqa heç nə deyə bilmədi. Qucaqladı məni. Üz-gözümün nə halda olduğunu hələ kəsdirə bilmirdim. O, dəhşətə gəlmişdi, yanaqlarımı silirdi. Sildikcə də yaylığına çıxan qan ləkələrini görürdüm, amma hələ anlamırdım ki, məni nə günə qoyublar. Çünki, axırda hönkürmüş də olsam, özümü qalib sanırdım, elə fikirləşirdim ki, zalımın, alçağın, murdarın cavabını necə lazımdı vermişəm, başımı dik tuta bilərəm, nədənsə elə bilirdim, atamın qisasını Şümürdən almışam! “Bəs o, necoldu görəsən? Öldümü? Qaldımı?” Sonra Dilsuz mənə danışdı ki, o, ölüb-eləməyib. Sadəcə, onu yük arabasına yıxıb aparıblar rayon avtobusları dayanan yerə, anamsa oturubmuş böyründə, yaylığıyla boynunun qanını silirmiş...

Dilsuza başa saldım ki, Simagildə qalacam. Yalvardım ki, heç kimə yerimi deməsin. Bir də, geri qayıdıb alver eləməsini yalvardım. Çünki şənbəydi. Bazar adamları həftənin günlərini sayıb şənbə-bazarı gözləyir ki, beş-on manat xeyir eləsin. Belə bir gündə, mənimlə boşuna vaxt itirməyə dəyməzdi.

– Sənə zəng eləyərəm, Dilsuz, narahat olma.

Bu vaxt, əlimi cibimə atdım... Telefonum yox idi!..

– Dilsuz, bir mənə zəng vur.

– Bayaqdan azı on dəfə zəng vurmuşam. Telefonun söndürülüb. Yəqin dalaşanda düşüb, götürüblər...

– Hə.. Yəqin...

– Ürəyini sıxma, təzəsini alarsan. Lap mən də kömək eləyərəm.

– Yaxşı. Oldu. Mən getdim...

Telefona görə əhvalım tamam dəyişdi. Dilxor oldum. Halım elə dəyişdi ki, elə bil, heç Şümürə qalib gəlməmişdim, məğlub olmuşdum. Dişlərim təzədən üşüməyə başladı...

Taksiyə minib təzəcə yola düşmüşdüm, qəfil diksindim: “Pullarım!.. Bəs pullarım hanı?” Əlimi qoltuq cibimə atdım. “Burdadı, şükür Allaha, burdadı!” Elə bil, ürəyimə sərin su çilədilər; hə, pullarım yerindəydi!

Sonra baş verən hadisəni də, Dilsuz haqda ürəyimi dağa döndərən düşüncələrimi də, adı dilimə gələndə, nəfəsini, qoxusunu duyanda nədənsə içim titrəyən Bülluru da bir tərəfə qoyub, Simanı fikirləşməyə başladım. Onu bu məqamda heç kim əvəz eləyə bilməzdi. Çoxundan qat-qat etibarlı, yaxşı insan olduğunu, adama dar ayaqda əməlli-başlı arxa-dayaq durduğunu bir daha dərk elədim.

Bir sözlə, bu an mən onun hansı mənada Nihatıydım – bilmirəm, amma o, mənim hərtərəfli, hər mənada nicatım idi...

* * *

Artıq iki həftəydi Simanın yanında qalırdım, üzümün-gözümün göyü, şişi çəkilmiş, yaralarım sağalmışdı. Amma hələ bazara çıxmırdım. Eşitdiyimə görə, bazarın baş mühafizəçisindən tutmuş, biləyini gəmirdiyim o söyüş söyən kişiyəcən, məni möhkəm axtarırdılar. Sən demə, Tamerlan da məni satıbmış, İntizam da. Bunların hamısını Dilsuz danışdı. O “vur-çatdasında” telefonumu itirdiyimi eşidən kimi səhəri günü Sima yenisini – ondan da bahalısını alıb hədiyyə elədi: “Hələ ölməmişəm, sən telefonsuz qalasan!” – dedi. Bu, gözəl bir smartfon idi. Bu az vaxtda, üstəlik, Sima mənə internetə girməyi, yazışmağı da öyrətdi. O dəqiqə ağlımdan Büllur keçdi...

Elə bil, dünyada üzümə yeni qapılar açılmağa başlamışdı.

Aradan bir neçə gün keçmiş Dilsuzla əlaqə saxladım, dedi ki, Şamil də, Əzizağa da, Qorxmaz da səni görmək istəyirlər. Həmin gün axşamüstü onlara getdim, bir az zarafatlaşandan sonra, keçdilər mətləbə. Sən demə, bazarın baş mühafizəçisi Qorxmazın uşaqlıq dostuymuş, “qətiyyən qorxma, malış, qayıt bazara, işlə. Heç kim sənə gözün üstə qaşın var deyə bilməz, ürəyini buz kimi saxla! Amma gərək əllidən, yüzdən ona nəsə verib, yüngül hörmət eləyəsən,” – dedi. Əzizağa Binədən çıxmağı, Sədərək bazarında işləməyi məsləhət gördü, orada xaçapurun heç də pis satılmadığını, mal verənin tanış adam olduğunu, məndən ötrü ağız açsa, etiraz etməyəcəyini bildirdi. Şamil isə, tamam başqa bir şey təklif elədi. O, dedi ki, şəhərlə bazar arası işləyən marşrut avtobuslarından birinin sürücüsü arvad tərəfdən yaxın qohumudu. Ona gediş haqqı yığan bir yeniyetmə lazımdı. Bir az işləyəndən sonra isə, xoşu gəlsə, sürücü kimi özünə “smen” yoldaşı götürə bilər. Sürücülük vəsiqənin olub-olmamasının fərqi yoxdu, avtobusda işləməkçün neyləyirsən axı yeddi yüz-səkkiz yüz manat verib vəsiqə düzəltdirəsən. Sürə bilsən – qurtardı. Maşın sürmək elə də çətin deyil, öyrənərsən. İndi arvadlar sürür maşını, yəni sən sürə bilməyəcəksən? O marşrutun avtobuslarınısa, heç bir QAİ saxlamır, çünki sahibi zırıltı bir adamdı, hamı ondan it kimi qorxur. Nəysə... fikirləş. Ürəyindən keçsə, deyərsən.

Mən heç fikirləşmədən Binədə qalıb işləyəcəyimi bildirdim.

Çox keçmədi Qorxmaz məni baş mühafizəçiylə tanış elədi. Elə oradaca, qırağa çəkib, qulağıma pıçıldadı ki, “pulu verməyə hazırsan?” Mən pulumun olduğunu dedim. İşləyəndən bəri dörd yüz manata yaxın yığmışdım. Pul kisəmi açdım, içindən bir əllilik götürdü: “İşin yoxdu, özüm verəcəm...” – dedi.

Nəysə... Qorxmazla bir kənara çəkildilər, ikilikdə xeyli söhbətləşdilər, sonra qayıdıb bir az mənimlə zarafatlaşdılar, idmançıya oxşayan, mülki geyimli o enlikürək oğlan:

– Sənin xəbərin varmı heç nağayırmısan? Atalığının yuxu damarını necə dişləmisənsə, az qalıb o dünyalıq ola. Hər halda ananın xoruzudu... hı-hı-hı.. Nahaq eləmisən. Elə bazardakıları da pis günə qoymusan. Gətir o dişlərinə bir baxım... Gətir, görüm o nə cürə şeydi axı?

Bu zaman dişlərimin ucu sızıldamadı, yox, – kötüyü gizildədi! Deyəsən, rəngim ağardı. Qorxmaz halımı başa düşüb, ona nəsə pıçıldadı. O isə:

– Həə? Yaxşı, neynək, qoy olsun. Sənin xətrinə, Qorxmaz, keçirəm – dedi. Üzünü mənə tutub – Get işlə... Ağıllı-ağıllı! Heç kimi də vecinə alma! Dişlədiyin o adamlardan sənə ilişən olsa, bu nömrəyə zəng elə, – deyib, telefon nömrəsini mənə verdi və əlini kürəyimə şappıldadıb getdi.

Onlardan aralanmışdım, bir az halım üstümə qayıtmışdı ki, xaçapur satanları, qutab satanları harda gəldi boğazlayan bazarın sanitar həkimi çıxdı qarşıma.

– Əcəb əlimə düşmüsən! Əə, Uzun, bəs sən hardasan nə vaxtdı? Elə bilirdin həmişə qaçıb gizlənəcəksən? Gör neçə aydı... Davay, günü bir manatdan hesabla pulları, cay bura! Tez elə!..

– Mən çoxdandı işləmirəm axı, əmi, istəsən İntizamdan da soruşa bilərsən, xaçapur satmıram nə vaxtdı. Yəqin heç satmayacam da...

– Tutsam, pis olacaq haa səninçün! Qovacam bazardan!

– Narahat olma, əmi, xaçapur satsam, haqqını verəcəm həmişəki kimi...

Dişlərimin təzədən göynəməsinə imkan vermədim, tez-tələsik uzaqlaşdım. Bülluru görməyə tələsirdim, qabağıma Şamil çıxdı.

– Gözün aydın, İntizam da belə getdi.

Quruyub qaldım.

– Hara?

– Əjdər qayıdıb öz işinə.

Sevindim. Bilirdim ki, Əjdər heç vaxt haqqı nahaqqa tapdalatmaz.

– Sağalıb?

– Hə... Açdı bütün dərdini danışdı mənə. Demə, İntizam ona əməlli-başlı badalaq gəlirmiş. Dəyyus doğmaca qardaşına çatası pulların dalına keçib. Aralarında qırğın düşüb. Əjdər onu qovub bazardan. Uşaqlar da hamısı ondan şikayət eləyiblər, sən demə, hamıya kəf gəlibmiş. Sənin də məsələni danışdım, qulaq asdı, başını buladı, “gələn kimi mənə deyiblər, Şamil, xəbərim var... İntizamı biabır olsun, bu bazarda olub-qalan hörmət-izzətimi də çırpıb yerə, – dedi. – Bilirəm o uşaqda taqsır yoxdu, qorxmasın, gəlsin işinə, day o vicdansızın izi-tozu da buralarda olmayacaq...”

Bu xəbər içimə sarı yağ kimi yayıldı. İki gündən sonra on yeddi yaşım tamam olurdu, bu xəbər məndən ötrü böyük hədiyyə idi, o əclafı bir daha görməyəcəkdim, təzədən öz işimə qayıdacaqdım, heç kimin mağazasında satıcı-filan da işləməyəcəkdim, yenə öz əlim olacaqdı, öz başım.

Büllurla görüşdüm. Bir az soyuq yanaşdı mənə. “Hardaydın?” – – “Xəstələnmişdim...” Söhbətimiz elə bununla da bitdi. Telefonumu alıb bir az “eşələdi”, oyunlarla maraqlandı, sonra da “Feysdə yoxsan?” – soruşdu, “Yox...” – dedim. Müdiri çağırdı, tələsik sağollaşıb getdi, heç həmişəki kimi üzümə baxıb gülümsəmədi də. Nəsə bu dəfə ondan gözüm su içmədi. Elə bil, həmişəki Büllur deyildi...

“Dostluq” kafesinə gəldim. Yenə yarpızlı dovğanın qoxusu vurdu məni, ancaq ürəyim istəmədi nəsə. İçəri müştəriylə doluydu. Məni görcək Simanın çiçəyi çırtladı. Tez-tələsik tıxılı-təpili ərzaq dolu iki kuloku mənə verib, evə aparmağımı xahiş elədi. Əjdərin qayıtmasını, İntizamı qovmasını, məni təzədən işə dəvət etməsini əlüstü-atüstü danışdım, sevindi. “Yerinə düşdü lap. Sabah yox, birigün həm sənin ad gününü, həm də bu hadisəni möhkəm qeyd eləyəcəyik, Nihat, – dedi. – Hər şey almışam, sən onları apar evə...”

Fikirləşdim ki, Əjdərin yanına ad günümdən sonra gedərəm. Mən atam sağ olan vaxtlarda keçirmişdim ad günümü, başqa heç vaxt. İndi “zoologiya müəllimi” mənimçün qəşəng bir süfrə açmağa söz vermişdi, gördüyü hazırlıq da göz qabağındaydı. Amma ürəyimdən Büllurla bağlı qara qanlar axırdı, düşünürdüm ki, bazarda başıma gələnlərdən yəqin xəbər tutub və bu üzdən məndən çəkinir. Buna görə özümü pis hiss eləyirdim, ürəyimdən gizilti, dişlərimdənsə yüngül-yüngül sızıltı keçirdi... Amma nə yaxşı ki, Sima varmış!.. Hər dəfə dünyadan əlim üzüləndə, əl atıb yapışdığım bu budaq, elə bil, mənimçün yaranıbmış elə...

Yaşımı qeyd eləyəcəyimi heç kimə demədim, heç Dilsuza da. Simayla ikimiz oturduq o gözəl gecədə, heç vaxt unutmayacağım o süfrənin arxasında. O, bir cah-cəlal yaratmışdı ki, gəl görəsən. İlk qədəhi də özü qaldırdı:

– Nihat, canım mənim... – Onun gözləri yaşardı, durub üzümdən öpdü. – Mən yetimxanada böyümüşəm, şəxsiyyət vəsiqəmdəki tarix saxtadı... Doğum günümün nə vaxt olduğunu bilmirəm... Bu gündən sonra, bax, bu tarix, qoy mənim də doğum günüm olsun, həmişə ikimiz bir qeyd eləyək... Həh, nə deyirsən?

Bilmədim nə deyim. Mən də onu öpdüm.

– Onda... Sənin də ad günün mübarək olsun!.. – dedim.

O, gözləri yaşara-yaşara mənə xoşbəxtlik dilədi, başımı aşağı salıb onun dediyi tostu dinlədim, sonra içdik. Yenə də, yenə də... Təkrar-təkrar... Bilmirəm, gecə saat neçəyədək oturduq, şam yandırıb üfürdük, tort kəsdik, axırda da viski içdik...

Səhərisi yadıma, hələ də inanmadığım, doğulanda ağzımda bir cüt dişimin olması barədə anamın dilindən eşitdiklərim düşdü. Uzandığım yerdəcə, telefonumda Google-yə girib “ağzında dişləri doğulmuş körpə” yazdım, belə bir xəbər çıxdı: “Türkiyənin Ərzurum şəhərinin Oltu bölgəsində yaşayan Həcər və Saleh Macit cütlüyünün qız körpəsi Əsmanur ağzında dişləri dünyaya gəlib... Körpəni müayinə edən həkim onu Ərzurumdakı Atatürk Universitetinin Diş Həkimliyi Fakültəsinə göndərib. Orada körpənin öndə laxlayan bir dişi çəkilib. Həkimlər bildiriblər ki, nadir hadisə olsa da qorxulu bir şey yoxdur...”

Nədənsə, yatağın içindəncə qanrılıb güzgüyə baxdım, heyrətə gəldim: özümdən qat-qat yaşlı görünürdüm. “Qorxulu bir şey yoxdur...” Pah!

Bir də böyrümdə şirin-şirin yatan Simaya baxdım. Sima – Simaydı! Mənə həyat yaşadan, arxam, dayağım, gözəl Sima!

Hə, gözəl Sima! Lap elə, Sima xala deyək! Bilmirəm day necə deyim, necə çağırım. Düzdü, ya səhvdi – necə səslənirsə, – səslənsin, cəhənnəmə, bunlar boş şeydi! Əsas odu ki, adamın kürəyində qüsur olmasının qətiyyən eybi yoxdu. Təki adamın ürəyində şikəstlik olmasın! Bir də... bir də dişlərində qan hərisliyi!..

Yaşda məndən qat-qat böyük, vücudu qüsurlu olsa da, Simanın ürəyi saf, həm də pilə kimi yumşaq idi.

Mənimsə ürəyim necəydi, bilmirəm, amma dişlərim qurd dişləri kimi yırtıcıydı.

* * *

Səhərisi Lökbatandan bazara sarı gələndə, həmişəki kimi, hələ gün çıxmamışdı, alatoranlıq idi. Çathaçatda avtobusda hay-küy qopdu, gözlərimi telefondan ayırıb gördüm ki, yolun sağ tərəfindəki mazut gölünün o biri sahiliylə uzanıb gedən çılpaq və yosma dağlardan birinin başında vulkan püskürür. Mən mənzil başına çatanda, bazarın həyətində camaat yığışıb vulkana tamaşa edirdi. Hamı heyrət içindəydi. Alov göyə qalxırdı. Vulkanın tükürpədici səsi vardı. Hərə bir söz deyirdi. Kimi deyirdi ki, dünyanın axırı yaxınlaşır, kimisi bunun pis, kimisi yaxşı əlamət olduğunu söyləyirdi. Çoxdan tanıdığım bir nəfər arabaçı – keçəl, balacaboy, gombul, həmişə kirin-pasın içuində olan kişi isə: “hələ darıxmayın, o vulkan bir gün düz bu bazarın optasında püskürəcək, onda görüm başınıza nə çarə qılacaqsız...” – deyərək kinayəli-kinayəli gülürdü. Xatırlayıram ki, bu kişinin yanında hansı dərddən, gün-güzəranın hansı ağrı-acısından söhbət açırdınsa, o dəqiqə fikirləşmədən deyirdi ki, “get Səməd Vurğunun seçilmiş əsərlərinin yeddinci cildini oxu, hər şeyin cavabı orda açıq-aydın yazılıb”. Təkcə mənə yox, hamıya belə deyirdi. Qəribədi, mən buna nədənsə inanırdım, özlüyümdə fikirləşirdim ki, gərək bir gün o kitabı tapım oxuyum...

“Bunu da gördük...” – deyib, orada çox ləngimədim, qulaqlarımda vulkanın dəhşətli uğultusu, malı götürmək üçün onuncu cərgənin ikimərtəbəli bölümünə sarı yollandım. Dağıstan avtobuslarının yanından ötəndə, kimsə arxadan məni çağırdı:

– Bir dəqiqə dayan görüm!..

Bu, Bağır idi – Almurad kişinin oğlu.

Çatar-çatmaz, nə sənə, nə mənə, gözləmədiyim halda, var gücüylə qarnıma bir yumruq ilişdirdi. Sancıdan ikiqat oldum, qarnımı qucaqlayıb yerə çökdüm, az qala nəfəsim getdi, gəlmədi...

– Oğraş!.. – dedi. – Dişlərini qarnına tökərəm, onda bilərsən dünyada nə var, nə yox!

Sonra o, çömbəldiyim halda bir təpik də böyrümə ilişdirib çıxıb getdi. Ağlım kəsəndən bəri incidiləndə, haqsızlığa düçar olanda dişlərim sızlayıb-göynədiyi halda, yeganə hadisəydi ki, ağzımın içi qımıldanmadı. Dişlərim necə var, eləcə farağat dayanmışdı yerində, məni cin atına mindirmirdi. İndi fikirləşirəm, bu, bəlkə də ondan irəli gəlirdi ki, o vaxt Almuradın tut ağacına haqsız çıxmışdım, onun qulağımdan tutub, məni atalığımın yanına sürükləmək istəməsi bəlkə də doğru hərəkət idi. Bəlkə də elə buna görə Almuradın oğlu tərəfindən döyülməyimin haqq olduğunu dişlərim o sabah “dərk edib” susurdu... Amma qulaqlarımın içini vulkanın tükürpədən uğultusu hələ də dağıdıb-tökməkdəydi.

Sancıdan qıvrıla-qıvrıla Əjdərin yanına gedib malı götürdüm, arabacığımın üstünə düzüb üzərinə cuna çəkdim və canım ağrıya-ağrıya cərgələrə yollandım. “Xaçapuri qaynar-qaynar!..” – indi səsim sızlayırdı. Səsim qocalmışdı elə bil. Amma dişlərim heç olmayan kimi dərin bir sükut içindəydi.

Neçə gün idi ki, Şükürü gəmirəndə söyüş söydüyünə görə biləyindən dişləyib bağırtdığım adamı gözüm axtarırdı, amma rastıma çıxmırdı. Tamerlanla rastlaşmışdım. Heç nə deməmişdi. Məsələnin bitdiyini anlamışdım. Ürəyim bir qədər rahatlıq tapmışdı. Amma o biləyini dişləyib çökdürdüyüm adamdan çəkinirdim. O da Bağır kimi qəfilləyib məni vura bilərdi... Elməddin dayı ilə rastlaşanda, əlini çiynimə qoyub, sənin yerin bazar deyil, oğlum, əsəblərin pis gündədi, gedib müalicə almağın lazımdı demişdi, day deməmişdi ki, qayıt işinə, filan...

Bağır isə gözləmədiyim halda aşımın suyunu verdi – deyəsən, vulkanın püskürməsi, doğrudan da yaxşı əlamət deyilmiş...

Dilsuza zəng elədim. Gəldi. Görüşdük. Başıma gələni danışdım. Ürəyim boşaldı. O, dilxor olub, bir xeyli susdu.

– Nihat, dayıoğlu, gəl belə eləyək, – dedi. – Mən bugün-sabah rayona gedəcəm. Anam zəng eləyib ki, əsgərliyə çağırıblar. Gedib işi yoluna qoymalıyam. Bir az pulum da var. Sinif yoldaşım İrzanın atasının əliylə özümü “niqodnı” elətdirəcəm. Telefonla İrzayla ucundan-qulağından danışıb işi demək olar həll eləmişəm. Gedək mənimlə. Qoy anam səni “Sofular piri”nə aparsın. Ora ölü gedən, diri qayıdır. Bəlkə xeyiri olacaq. Yoxsa... Vallah qorxuram, kiminləsə yenə sözün çəpləşər, gəmirib oyanlıq eləyərsən, axırı yaxşı olmaz...

– Bilmirəm, Dilsiz, bilmirəm... Fikirləşib sənə deyərəm.

Düşündüm ki, Dilsuz niyə özünü “niqodnı” elətdirib əsgərlikdən saxlatdırır? Hə, yəqin bibimə, bir də Siyavuşa görə; əsgər getsə, ailəni kim dolandıracaq axı? Bibim işləmir, özü də bu yaxınlarda şəkər xəstəliyinə tutulub, pensiyası da çox azdı. Siyavuş isə əlinə düşəni kitab-dəftərə verir, oxumaq dəlisidi. Dilsuz nə göndərirsə, onunla dolanırlar. Amma mənə çağırış gələn kimi gedəcəm! Mütləq gedəcəm! Lap gecə-gündüz düşmənlə üz-üzə durmağa da hazıram, təki canım bu zülümlərdən qurtarsın...

Beşinci cərgənin ikimərtəbəli bölümünün birinci keçidlə kəsişməsində, gözəl qol saatları satılan piştaxtanın qarşısında, “Hollivud” mağazasının tinindəki borunun üstündə oturdum. Xaçapurilərin üstünə sərdiyim cuna örtüyü götürdüm, müştəri çağırmaqdansa, başımı əllərim arasına alıb fikrə getdim. “Axı nə vaxtacan... nə vaxtacan belə olacaq?..” Bu vaxt kimsə əlini çiynimə qoydu:

– Dayı qurban, nə fikrə getmisən? Onsuz da nə qədər fikirləşsən, yüz qəpiyin bir manatdı... – Bu, şirindil, zarafatcıl Mikayıl dayı idi. Mikayıl dayının səsinin doğmalığı bu dəqiqə mənimçün sanki hər tərəfdən üzümə qapanmış dünyaya bir nəfəslik açırdı. Elə bil, neçə-neçə ölümdə əli olan bir qatil idim, qolumun qandalını açıb: “sən azadsan, gedə bilərsən...” – deyirdi. – Əə, başını qaldır görüm, beş dənə xaçapuri ver gəlsin ordan, fikir-zad eləmə, tez qocalarsan...

Onun işlətdiyi mağaza “Hollivud”la üzbəüz idi. Satıcısı Ataş mağazanın qapısında dayanıb siqaret çəkə-çəkə mənə baxıb gülümsünürdü.

– Baş üstə, dayı... Bu dəqiqə.

Tez xaçapuriləri selofan paketə qoydum, Ataş irəliləyib apardı.

– Hər şey yaxşıdımı, qadan alım? Kömək-zad lazımdısa de, utanma... – Mikayıl dayı xaçapurilərin pulunu verəndə deyəsən halımın həqiqətən pis olduğunu başa düşüb, bir az ciddiləşdi və dil-ağız elədi. Dilimi sürüyüb:

– Çox sağ ol, dayı, – dedim, – narahat olma, hər şey qaydasındadı.

... Görəsən, qaydasında olan nə idi axı?

* * *

...Bir neçə gün heç əhvalım yaxşı olmadı. Günün birində çox üzgün idim. Artıq axşam düşürdü, bazarda təkəm-seyrək adam qalmışdı. Əhvalım heç də yaxşılaşmırdı. Beynimdə ancaq bir fikir dolaşırdı: “Axı nə vaxtacan... nə vaxtacan belə olacaq?..” Bazarın həyətindəydim. Başımı aşağı salıb yavaş-yavaş boşalmaqda olan avtomobil dayanacağında durmuşdum. Altı-yeddi xaçapurim qalmışdı. Sima işdən çıxanacan, bəlkə satılar deyirdim. Amma qəfil elə bil məni tok vurdu. Fikirdən ayılıb başımı qaldıranda, qarşımda o tanış, çöhrəsindən nur yağan qocanı gördüm. Həmişəki kimi, əynində açıq qəhvəyi rəngli köhnə pencək, boz şalvar, ayaqlarında yüngül yay ayaqqabıları, əlində balaca həsir zənbil vardı. Yüz ilin tanışı kimi gülümsünürdü.

– Necəsən?

Çox yorğun səsi vardı.

– Sağ ol, dayı...

Deyəsən, mənim səsim yorğunluqda heç də onunkundan geri qalmırdı.

O, bir xeyli beləcə duruxub yenə damarıma işləyən sehirli səsiylə məni ovsunladı:

– Niyə özünə yazığın gəlmir? Bezmirsən bəs? Axı sən zülüm çəkirsən... Qurtulmaq istəmirsən bəs bu bəlalardan? Axı sənin çox gözəl xilasın var...

Bu zaman üç nəfər bazar uşaqlarından yanaşıb xaçapuri istədilər, satdım. Allahdan olan kimi, mallarım qurtardı. Arabamı sürüb getməmiş üzümü qocaya tutdum:

– Neyləməliyəm ki?

Müştəriləri yola salanacan, o, artıq yanında dayandığım gərəksiz taxta yeşiklərdən birinin üstündə oturmuşdu, altdan yuxarı üzümə baxırdı.

– İndi deyəcəm neyləməlisən. Apar arabanı qoy yerinə, qayıt. Burda gözləyirəm səni. Bir az tez ol, tez! Yoxsa gün batır...

Nə vaxt arabanı aparıb anbara qoydum, pulumu ödəyib qayıtdım, bilmirəm, mənə elə gəldi ki, bunlar bir anın içində baş verdi. Amma ürəyim çox sakit idi, həyəcan-fiian keçirmirdim. “Axı, sənin çox gözəl xilasın var...” Təkcə bu fikrə köklənmişdim. Görəsən, xilasım – özü də o “gözəl xilasım” nədəydi axı?

Məni görcək, dinməz-söyləməz ayağa durdu. Heç nə demədən yola düzəldi. Bircə kəlmə: “Gəl...” dedi. O, bazarın maşınlar dayanan nəhəng meydanını eninə keçməyə, Lökbatan yoluna sarı getməyə başladı, mən də arxasınca.

Qəribə bir hal keçirdirdim. Mən niyə bu qədər arxayın idim görəsən? Bu qoca kim idi? Mən niyə bu qədər inanırdım ona? İndi necə olacaq? Nə baş verəcək? Məni hara aparır o?

Yox, indi bu sualları özümə vermirdim nədənsə. Dünya-aləm vecimə deyildi, ürəyim buz kimiydi. Hə, vallah, buz kimiydi ürəyim. Elə bil, ürəyimə Vyetnam mazı çəkmişdilər...

O, bazardan çıxıb, yolu eninə keçdi. Yüngülcə arxaya çevrilib yenidən mənə: “gəl...” dedi, sonra da yolun o tərəfindən üzü aşağı – Lökbatan gölünün qırağındakı qalın qamışlığa enən cığırla irəlilədi. İxtiyarsız geriyə qanrıldım, gün batmışdı, qürubun həmişə məni kədərləndirən qızartısı səhər vulkan püskürən dağın arxasına çəkilməkdəydi və nədənsə bu dəfə mənə üzgünlük gətirmirdi. Arın-arxayın qamışlığa girdim. Qocayla dal-qabaq qamışlığın içiylə təxminən on-on beş metr gedib, gölün çılpaq sahilinə çıxdıq. Uzaqda – gölün o biri sahilinə yaxın yerlərdə, suyun içində həqiqətən də batmaqda olan lök dəvəsinə oxşayan iki qaya qaralırdı. Suyun üzünə, elə bil al qırmızı tül çəkmişdilər. İndiki kimi tükü-tükdən seçən vaxtım olsaydı, deyərdim ki, bu, ölmüş bir günümün üstünə qürub günəşinin çəkdiyi bir matəm örtüyüdü...

Qoca dayandı, heç mənim üzümə də baxmadı, ayaqqabılarını, corablarını çıxarıb əlindəki zənbilə qoydu, şalvarının balaqlarını yüngül çırmaladı. Sonra zənbili əlinə götürüb dikəldi.

– Çıxar ayaqqabılarını...

Niyəsini də soruşmadım heç. Çıxardım.

– Balaqlarını çırmala, gəl dalımca...

O, bunları deyib gölün içinə sarı addımladı. Düşündüm ki, qamışlığın görünməz tərəfində yəqin qayığı-zadı var, minməyə gedir, ona görə, indicə suya girəcək. Beş-altı addım atmışdı ki, toranlıqda gördüm suyun içiylə deyil, üzüylə gedir, özü də o səmtə – “batmaqda olan “löklərə” tərəf... Gözlərimə inanmadım. Gördüklərim bir yuxu kimi gəldi mənə. Yerimdə donub qalmışdım, ürəyimin buzu elə bil ərimişdi, nəfəsimin sinəmi necə yandırdığını hiss eləyirdim, qulaqlarımda bir uğultu qopmuşdu ki, gəl görəsən... Qoca suyun üzüylə səssiz-səmirsiz, xırdaca addımlarla gedirdi. Ardıyca sular qırçın-qırçın ləpələnirdi...

– Nooldu? Gəlsənə!.. – O, beş-altı addım da atıb, mənə sarı səsləndi.

Yerimə mıxlanıb qalmışdım. Nə baş verdiyini anlaya bilmirdim. Özümü toparlayıb bircə onu deyə bildim:

– Yox...

– Gəl!.. Gəl, qorxma. Gəl, canın qurtarsın o zülümlərdən... Səni qan yox, su xilas eləyəcək. Axmaqlıq eləmə! Gəl!

– Yox!..

“Qan yox... su xilas eləyəcək...” Ayaqqabılarımı qapıb haçan özümü geriyə – qamışlığın içinə vurdum, bilmirəm. Qaranəfəs yola çıxdım, üzü Lökbatana sarı qaçmağa başladım... “Qan yox... su...” Yan-yörəmdən adda-budda maşınlar keçirdi. “Axmaqlıq eləmə! Gəl!” Alaqaranlıq da olsa, hiss edirdim ki, maşınlardakı adamlar qəribə baxışlarla məni süzürlər... “Qan yox... su...” Bir xeyli qaçandan sonra, elə bil ayılan kimi oldum, dayanıb qocanın getdiyi səmtə baxdım, amma heç nə görmədim. “Qan... su...” Uzaqlarda, suyun içində daş “löklərin” cizgiləri qaralırdı. “Axmaqlıq eləmə! Gəl!” Günəş öz tül örtüyünü sulardan yığışdırıb aparmışdı...

Bəlkə də indi Siyavuş kimi, onun dostları kimi yazıçılardan olsaydım, fikirləşərdim ki, o vaxt ölmüş günümün üstü açıq qalmasın deyə, qaranlıq örtürmüş onu. Örtürmüş və sehirli ağuşunda bir sirri-xuda kimi həmişəlik dəfn eləyirmiş...

2.

Sima hərarətölçəni gözlərinə yaxınlaşdırıb, öz-özünə ixtiyarsız “vay!.. otuz doqquz-iki!..” pıçıldayanda eşitdim. Hərarətimin yuxarı olduğunu onsuz da bilirdim, çünki halım yox idi, ağzımdan od çıxırdı, köpək dişlərim zoqquldayırdı... Bir az əvvəl, yolda saxlatdırıb mindiyim taksidəykən Büllurdan bir mesaj gəldi, elə hərarətim də ondan sonra qalxdı. Yazırdı ki, “Nihi, bu dəqiqə qaranlığın içiylə bir nəfər üzü Lökbatana sarı ayaqyalın qaçırdı. Avtobusdaydım, vallah, keçərəkdə sənə oxşatdım, amma inanmadım... Yoxsa, sən idin? Sən idinsə, nə baş vermişdi ki?.. Hələ nişanlım da doyunca güldü... Bu kimdisə, başı xarab olub, dedi...” Bu da belə... Sən demə, bunun nişanlısı da varmış! Deyəsən, tutumla əncirim birdən dəyib, xəbərim yoxmuş...

– Ölürəm axı, Sima xala.

– Can!.. Xala sənə qurban, dərdin mənə gəlsin, qorxma, bala. Qoymaram sənə bir şey olsun.

Mən də, o da həmin an “xala-bala”yla bağlı əhdimizi unutmuşduq. Bu, əsil səmimiyyətin üzə çıxması demək idi. Deməli, qəlbimizin dərinliyində mən hələ də onu bir xala kimi sevirdim, o isə məni bir bala kimi... Hərçənd, belə düşünmək bizimçün bir əbləhlik olardı, çünki iş işdən çoxdan keçmişdi, iş “xala-bala”lıqdan çoxdan çıxmışdı...

O, məni sirkəylə ovuşdurdu, dərman verdi, tez-tələsik əriştə bişirib qaşıq-qaşıq yedirtdi, öpüb-sığalladı.

– Axı birdən-birə sənə nooldu, Nihat?

– Heç...

Qoca barədə danışmağa qorxurdum. Elə bilirdim danışsam, mənə heç kim inanmayacaq, havalandığımı düşünəcəklər.

Həmin gecə qoca ani olaraq yuxuma girdi, bu dəfə əksinə – mən Sədərək bazarı tərəfdə qamışlığın arasındaydım, o isə suyun üzüylə üzü günbatana sarı gedirdi. Bir xeyli gedib mənə sarı çevrildi: “Hayıf, qorxdun... – dedi, – eybi yoxdu, fikirləş, yenə dalınca gələcəm, xilas edəcəm səni. Amma heç kimə demə, çalış bilən olmasın, yazıqsan...”

İt əzabı çəkmək buna deyərlər. On yeddi yaşında yeniyetmənin çənəsi boş olmalıdı məncə, adətən sirr saxlamamalıdı. Amma yuxuda eşitmiş olsam da, qocanın “çalış bilən olmasın, yazıqsan...” sözləri, elə bil, dilimi “kəsdi”, çənəmi “mismarladı”. Bundan sonra, qaradinməz bir adama dönəcəyimi anladım. Qorxurdum ki, tanış-bilişə nəsə çuğulladaram, başıma oyun gələr. Onsuz da başım bəladaydı.

Gecənin bir vaxtı gözümü açdım, gördüm tərin içindəyəm, Sima saçlarımı sığallayırdı, gözlərini üzümə elə zilləmişdi, elə zilləmişdi ki, az qala içimdə nə var oxumaqla məşğul idi, deyirdin ki, başıma gələnləri və gələcəkləri indicə bircə-bircə danışacaq. O, gözümü açdığımı görüb üzümdən öpdü, sakitcə dedi:

– Nihat, onsuz da hər şeyi bilirəm...

Qalxıb yerimin içində oturdum.

– Heç nə bilmirsən...

– Bilirəm, bilirəm...

Canımı əsmə tutdu. O, məni qucaqladı, gülümsündü:

– Sakit ol... Sakit ol. Özünə “perezaqruzka” ver, düzələcəksən.

Ovqatım dəyişdi. Onun bu “perezaqruzka” deyib zarafat etməsindən elə bil, ruhuma bir ilıqlıq gəldi, əsməm-filanım yavaş-yavaş keçdi, işıqlı çöhrəsindəki təbəssüm kəpənək kimi uçub mənim də üzümə qondu – gülümsündüm, amma dediyimdən əl çəkmədim:

– Yaxşı, “perezaqruzka” da verərəm, ancaq yenə deyirəm, sən heç nə blmirsən...

– Olsun, neynək... Vaxt gələr, yumşalarsan, deyərsən, bilərəm.

– Bəs deməsəm?

– Ölərəm... – deyib göz vurdu və əlini uzadıb işığı söndürdü...

Özüm də bilmirəm necə oldu, mənə nə dedi, nə demədi, bir sözlə, saqqızımı necə oğurladısa, o gecə birdən-birə hər şeyi ona açıb danışdım. Səhərəcən yatmadıq. O, heyrət içindəydi, özünə gələ bilmirdi. Səhər nə özü işə getdi, nə də məni qoydu, getməyə: “bu günkü qazancının əvəzini mən verəcəm, – dedi, – qal evdə...” Zarafata salıb: “Qalıram, amma pulumu ver haa, yoxsa, qanını içəcəm...” – deyib yorğanı başıma çəkdim, o dəqiqə də səvərdim, gözlərim qapandı.

Günorta telefonumun səsinə oyandım. Dilsuzdan mesaj gəlmişdi ki, bəs, “qapıdayam, çıx küçəyə, sözüm var”. Çıxdım, onu çox dilxor gördüm. Qanı möhkəm qaraydı, çiyinləri salıxmışdı. Rayona gedib-qayıtması barədə ucundan-qulağından söhbət açıb qəribə bir tərzdə üzümə baxdı.

– İrzanın atası, demək olar ki, “niqodnı” işimi düzüb-qoşub. Amma...

– Nə amma? Noolub?

– Heç... necə deyim, dayıoğlu, üzüm də gəlmir, vallah, bir az pulum çatmır. Şamildən də borc eləmişəm, yenə düzəlmir. Bir tərəfdən Siyavuş da özünə müəllim tutmaq istəyir, indidən instituta hazırlaşır, lap başım şişib, Nihat, bimirəm nağayrım, anamın da fikirdən şəkəri qalxıb kəllə-çarxa, dava-dərmanına pul çatdıra bilmirəm...

Dilsuzu heç belə görməmişdim, ürəyim ağrıdı. Tez evə girib pulqabımı gətirdim, cəmi iyirmi manat özümə pul saxlayıb qalan nəyim varsa verdim ona, “darıxma, bibioğlu, hər şey yaxşı olar” – dedim. Səsi titrədi:

– Sağ ol, Nihat, məni dardan qurtardın. Yoxsa xəstə bibin gözüyaşlı qalacaqdı... İrzanın atası axşamacan məndən “hə-yox” gözləyir, təcili rayona qayıtmalıyam. Pulu çatdırmasam, bu ay məni aparmalıdılar əsgərliyə, özü də, deyir, düz Qarabağa düşməliyəm, düşmənlə üz-üzə...

– Səni qınamıram. Sənə əsgərlikdən qalmaq vacibdi. Amma mən çağırılan kimi gedəcəm. Şümürün, bir də anamın acığına!

– Nihat, Şümür dedin yadıma düşdü, yeri gəlmişkən, anam hardansa öyrənib, deyir ki, atalığın pis xəstəliyə tutulub, ciyərində şiş var... Təzəlikcə yatağa düşüb artıq. Anan işləyən restoransa bağlanıb, o da qalıb işsiz. Dolanışıqları pisdi, vəziyyətləri yaxşı deyil.

Araya ağır bir sükut çökdü. Nə deyəcəyimi bilmədim. Nə deyəcəkdim axı? İkimiz də öz dərdimiz altında çat verirdik, özümüzə qapılıb mürmüc olmuşduq. Dilsuz axırda tələsdiyini bildirdi, bir daha pula görə “sağ ol” deyib, “sezonda” işləyib qaytaracağını söylədi və yola düzəldi.

Köşkdən pivə alıb qapının ağzındakı skamyada oturdum. Fikir məni götürdü: deməli, Şümür də belə getdi. Deməli sonudu... Bəs anam? Anam yenə başsız qalacaq? Necə olacaq, görəsən? Anam qaçqın qızıdı. Gələndə bir ana olublar, bir bala. Dayılarımın ikisi də ayrı-ayrı vaxtlarda ölüblər: biri – davada, o biri – xəstəlikdən. O vaxt dədə-baba yurdlarından yır-yığış eləyib yola düşəndə babama erməni gülləsi dəyib, yaralanıb, iki gün sonra yolda ölüb. Nənəm rayonumuza yığışandan sonra çox yaşamayıb: anam atamla ailə qurandan sonra, elə bil, qızı sarıdan arxayın olub, dünyasını tezliklə dəyişib. Bəs indi, kimsəsiz qalanda, anam neyləyəcək? İşləyib-eləmir də, nəylə dolanacaq? Təzədən özünə ər axtaracaq? Təzədən ərə gedəcək? Yoxsa bibim düz deyir elə, hə? Bəlkə pozğunluq eləyəcək? Tanış-biliş adama nə deyər?

Bucurqad kimi beynimin içini burub-sıxcalayan, canımı üzən anam barədəki bu fikirlərə heç cürə inanmaq istəmirdim! Pivəni başıma çəkib, dəli kimi ayağa durdum. “Gərək, qocanın arxasıyca gedəydim. Hə, vallah, gedəydim gərək. Bəlkə canım qurtarardı bu zülümlərdən...” Bu zaman bir uşaq velosipedini yanımda saxladı, məndən iki-üç yaş kiçik olardı:

– Dayı, Nazimgilin evi hansıdı?

Quruyub qaldım. “Dayı!..” Hə, ömrümdə birinci dəfəydi ki, kimsə mənə dayı deyirdi.

– Tanımıram, qaqa, bilmirəm.

Və bu epizod bəlkə də beynimə ömürlük həkk oldu. Az qala öz tay-tuşum olan birisi mənə dayı demişdi. Doğrudan, deyəsən, yaşlı görünürdüm, hə, yaşlı görünürdüm. Yoxsa, o oğlan mənə niyə dayı deyirdi? Niyə axı, niyə?

Axşam Dilsuz təzədən mənə mesaj yazdı ki, dayıoğlu, bəs gedəsi olmadım rayona, gəlmişəm, qapıdayam. “Allah xeyir eləsin!” deyib tez eşiyə çıxdım. Təzədən gördüm ki, qanı it qanından qaradı. “Gəl içəri” dedim. “Yox” dedi və verdiyim pulu qaytardı. Pullar əlimdə, üzünə baxa-baxa qaldım.

– Şamilin qardaşı avariya eləyib, maşınla adam vurub. Tutublar. Qurtarmaqdan ötrü çoxlu pul lazımdı. Şamil utana-utana eşitdirdi, o dəqiqə verdiyi pulu geri qaytardım. Heç cür alınmır mənim işim. Deyəsən, gedəsi olacam əsgərliyə... Cəhənnəməcən!.. Gedəcəm. Amma Siyavuşu gətirəcəm bazara, qoy işləsin. Sənin də gözün olar üstündə.

Bilirdim ki, evdə vəziyyətləri yaxşı deyil. Bibimin aldığı pensiya dərmanlarına güclə çatır. Dolanışıqları Dilsuzun gücünədi. Amma Siyavuş oxumaq istəyirdi axı. Bəs necə olacaq?

– Dilsuz, axı Siyavuş oxumaq istəyir, özü də savadlı uşaqdı...

Başını yırğaladı:

– Qoy işləsin, Nihat, – dedi – bu dəqiqə, anamın şəkər xəstəsi kimi havayı dərman almasından ötrü Siyavuşun savadına ehtiyac yoxdu, Nəcməddin həkimə verməyə pul lazımdı, pul!.. Başa düşürsən? Mən gələndən sonra onu özüm oxutduracam...

“Biz niyə bu günə qaldıq görəsən?” – Dilsuzun üzünə baxanda, yaşından çox-çox böyük göründüyünü sezəndə, içimdən birinci keçən bu sözlər oldu. Bu sözlər yandıra-yandıra keçdi içimdən. Dişlərimin dibinəcən göyüm-göyüm göynədim...

Aradan çox keçmədi, Dilsuzu əsgərliyə çağırdılar. Onu yola salmaqdan ötrü iki günlüyə mən də getdim rayona. Bibimgildə qaldım. Arada imkan eləyib anama zəng elədim, görüşdük. Boynumu qucaqlayıb hönkürdü. “Nihat, Şükür ölür, – dedi, – bu gün-sabahlıqdı...” Dinmədim. Çıxarıb yüz manat pul verdim: “Xərcləyərsən,” – dedim, soruşdum ki, ölsə, harda qalacaqsan?” Səsini içinə salıb: “Qayıdacam öz evimizə. Şükür evini qardaşı oğluna vəsiyyət eləyib. Mənimlə nigahı olmadığına görə, evdən ötrü ona dirəşə bilmərəm... Qayıdacam, kirəkeş qızları keçirəcəm bir otağa, özüm də birində yaşayacam. İş də tapıb işləyəcəm, məndən ötrü narahat olma”. Sonra əlini üzümə çəkib yüngülcə gülümsündü: “Nihat, bax, kirəkeşlərdən bu vaxtacan alıb yığdığım pulların üstünə bir az da öz qazandıqlarımdan qoyub, səninçün qır-qızıla vermişəm, bazarlığını hazırlamışam... İnşallah, əsgərliyə gedib qayıdan kimi səni evləndirəcəm...”

O öz aləmindəydi, elçiliyimdən başlayıb, nişanımdan vurub, toyumdan çıxırdı, gəlin gətirirdi, nəvə gözləyirdi, bir sözlə, öz bildiyini istədiyi kimi üyüdüb-tökürdü... Key-key dayanıb qulaq asırdım. Gözlərimin içinə yazılanları yəqin ki, o indi oxuya bilmirdi, bəlkə də oxuyurdu, amma özünü o yerə qoymurdu, nə bilim. Hər halda ən azından orda: “Atamın nə günahı vardı, ana? Niyə onun ruhuna xəyanət elədin? Bəs mən böyüməyəcəkdim? Üzümə necə baxırsan indi, hə, axı necə? Hansı üzlə?” – yazılmışdı.

Cavabsa yox idi.

* * *

Rayondan qayıdandan az sonra, bir gün bazarda birinci cərgəylə ikincinin arasındakı dar keçiddə arabamı saxlayıb xaçapurilərin üstünün cunasını səliqəyə salırdım, qəfil elə bildim qulağımın dibində güllə atdılar, yumruq məni necə tutdusa, qulağım batmağıyla başım harasa dəydi, özümü beton döşəmədə sərilmiş gördüm. Ağrı hiss eləmirdim, qulağımda küt bir uğultu vardı, yerdə uzanıqlı halda gözümü açınca, başımın üstündə kimi görsəm yaxşıdı? – Şükürü gəmirəndə atamı söyən, buna görə də biləyini dişləyib bağırtdığım o adamı... Yanmış qolumun yarasının yeri sıyrıldığından qanamışdı, dirsəklənib qalxmaq istədim – qolumu tərpədə bilmədim. Bu vaxt iki təpik də yedim: birini böyrümə vurdu – qıvrıldım, birini də belimə ilişdirdi, – bağırdım...

– Hələ sənin dişlərini qıracam, kopoyoğlu, darıxma!..

Bir təpik də arabama vurub aşırtdı, xaçapurilər yerlə bir oldu. Çıxıb getdi. Onlar üç nəfər idilər. İkinci cərgənin tinini burulub gözdən itdilər.

“Gəl çıx da, hardasan? Gəl qurtar da məni bu zülmlərdən, nöş gəlmirsən?” – bunları artıq qapının ağzında oturub, başımı əllərimin arasına alıb ağrıdan qıvrıla-qıvrıla içimdə hönkürürdüm... Hazır idim, hazır idim vallah, suyun üzüylə də gedərdim, yeri gəlsə lap göyün üzüylə də... Təki canım qurtarsın bu murdar həyatdan.

Amma qəribədi, heç kim yoxuydu, qocanın nəinki özü, heç kölgəsi də görünmürdü.

Baş mühafizəçiyə isə zəng eləmədim. Nəsə ona inanmırdım...

Axşam düşürdü, mallarımı dağıstanlılar topdan almışdılar. Böyrüm də, qolum da bərk ağrıyırdı. Arabamı yerinə qoyub, malın pulunu təhvil verib, istədim kafeyə – Simanın yanına gedəm ki, evə birlikdə qayıdaq. Yolüstü özümə corab almaqdan ötrü mağazalardan birinə girəndə, arxadan çağırdılar:

– Orda işin uzundu?

Səs tanış idi. Geri qanrıldım. Qocaydı. Beş addımlığımda dayanmışdı.

– Heç bir işim yoxdu, – dedim.

– Onda, gəl...

Qabağıma düşüb gedirdi. Söhbət-filan eləmirdik. Yenə çox arxayın idim, ağrılarım yadımdan çıxmışdı. Qapıdan çıxhaçıxda, həmişə dərdi-səri olanlara Səməd Vurğunun yeddinci cildini oxumağı məsləhət görən arabaçıyla az qala toqquşacaqdım. Əlini çiynimə qoyub məni bir anlığa dayandırdı:

– Başına gələnləri uşaqlar danışdı. O dəqiqə fikirləşdim ki, yazıq uşaq hardan bilsin bu günə düşməyimizin səbəbini? Bekar olanda maraqlan, oxu bala, oxu Səməd Vurğunu...

– Yaxşı, yaxşı... oxuyaram, dayı... – deyib onu başımdan elədim, uzaqlaşdım. Qoca addımlarını yavaşıdıb məni gözləyirdi.

Arabaçı arxamca qışqırdı:

– Seçilmiş əsərlərinin yeddinci cildini...

Cavab vermədim, geri də qanrılmadım heç. “Mən nə hayda, bu nə hayda, – fikirləşdim. – Amma imkan düşəndə gərək tapıb oxuyam, görüm, bu kişi hər dəfə: “Səməd Vurğun... yeddinci cild...” – deyib, niyə özünü belə yonub-yırtır, niyə hamıya tutdu-tutmadı bunu məsləhət görür...”

Qoca ayaq saxlayıb gülümsündü:

– Onun sözündə bəlkə də həqiqət var, – dedi, – amma dedikləri üzdə olan şeylərdi, o deyəni oxuyub nəsə anlaya bilərsən, amma yüz il yaşasan da o şeylər xilasın ola bilməz... Hər yetənə qulaq asma, gəl...

Yenə yolu keçib qamışlığa endik. O yenə də ayaqqabılarını, corablarını çıxarıb həsir zənbilinə qoydu və üzümə baxdı:

– Di tərpən, gün batıb...

Alaqaranlıq idi. Göyün üzü buludlu olduğu üçün su qaramtıl rəngə çalırdı. “Löklər” güclə sezilirdi. Üşənirdim. Aayaqqabılarımı, corablarımı çıxarıb əlimdəki kuloka qoymuşdum. O artıq suyun üzündəydi. Keçən dəfəki kimi yenə xırda addımlarla alatoranın içinə doğru asta-asta gedirdi.

– Gəlirsən?..

– Bu dəqiqə...

Amma mən “bu dəqiqə...” deyincə suyun üzünə sarı deyil, çevrilib yenə əks tərəfə yeridim, elə bil arxadan canavar həniri duydum, elə bil kürəyimi hansısa bədheybətin nəfəsi qarsdı, qəfil qaçıb qamışların arasına vurdum özümü. Yenə ürəyim ağzımdan çıxa-çıxa, ayaqyalın götürüldüm... Yenə maşınlar, təəccüblü baxışlar... insanların qəribə üzləri... Sima... Hərarətölçən... Viski... Yenə viski... Bütün gecəni yatmamaq... Öz-özünə sayıqlamaq... Simaya yalvarışlarım:

– Qorxuram, başa düşürsən, qorxuram, ölüm ayağının altında, qorxuram eey mən!..

Fikirləşirəm, o gecə Simanın məni oxşaya-oxşaya verdiyi təsəlliləri unutmaq olarmı heç? Ümumiyyətlə, bu qadının mənə dedikləri həmişə gözlərimi dünyaya açırdı, mənə kim olduğumu xəbər verirdi...

– Yox, Nihat, qorxma, heç nədən qorxma. Unutma ki, ovçunun tulası varsa, dovşanın da Allahı var. O qoca səndən ötrü göndərilib, başa düşürsən? Onu səndən başqa heç kim görə bilməz.... Sən o qədər safsan ki, gözlərinə gündüzün günorta çağı pak varlıqlar görünür həmişə, başqa heç nə... Çünki sən həyatın dibindəsən. Həyatın dibindəsən eey, başa düşürsən bu nə deməkdi? Həyatın dibi hər adama qismət olmur, hər adam enə bilmir o məkana. Ora zülmət bir quyunun dibi kimidi. Yadında saxla, gündüz göy üzündəki ulduzları ancaq qaranlıq quyunun dibindən baxanlar görə bilər, başqa heç kim... O qocanı da səndən başqa heç kim görmür, vallah! Bəlkə də qaraçuxandı... Amma burda qorxulu bir şey yoxdu, bir də gəlsə, get o qocanın dalınca, qorxma, vallah, bəlkə də nicatın ondadı...

Amma bunları deyəndən sonra gecə yarısı, onun məni yatmış bilib, mətbəxə keçib astadan Allaha necə yalvarmasını, necə ağlamasını eşidib az qala dəli olmuşdum. “Ay Allah, rəhm elə bu cavana, noolar... Yazıqdı, canını alma əlindən, ay Allah, noolar...”

Allahsa nə canımı alırdı, nə də ağlımı... Qaraçuxa-maraçuxa da qandığım şey deyildi... Quyunun dibi doğrudan da qaranlıq idi, ordan məzlum-məzlum baxmaqdaydım hələ ki. Hələ ki, Sima demişkən, gözümə nəsə görünürdü, ya yox, bilmirəm, amma nədənsə, elə bil, insanlardan uzaqlaşırdım... Məsələn, mən artıq özlüyümdə Bülluru görmək istəmirdim day. Hərçənd, bir vaxtlar ürəyimin başında ona taxt qurmuşdum, istəyirdim ki, içimin hökmdarı o olsun, indi isə, hamıdan qaçırdım, çünki o taxtda artıq dərd-ələm oturmuşdu və noxtam onun əlindəydi...

* * *

Aradan neçə gün ötdüyünü bilmirəm, bir gecə Sima mənə qəribə bir canlı – lemminqlər barədə danışdı. İlahi, nə qədər bilmədiyim şeylər varmış, bu lemminq deyilən heyvan nə qədər maraqlıymış! Sima doğrudan da dərya imiş...

O əvvəlcə soruşdu:

– Nihat, o qoca səni aşkarda gündoğana sarı aparmaq istəyirdi, eləmi?

– Hə.

– Amma yuxuda günbatana sarı. Düzdü?

– Düzdü.

– İndi de görüm, dağ siçanı fəsiləsindən, siçovul boyda, amma qulaqları balaca, xəzlə örtülü, demək olar ki, quyruqsuz, bitki kökləriylə, ot-alafla qidalanan, Şimal buzlu okeanın adalarında, Şimali Avropada, əsasən Skandinaviyada sürüylə yaşayan, həm də ayrı-ayrılıqda ailə prinsipiylə həyat sürən lemminq deyilən heyvanlar haqda eşitmisən, ya yox?

–Yavaş-yavaş sadalaya bilmirsən? Nəfəsin qaraldı ki...

– Eybi yoxdu, – güldü, – müəllimlikdən qalma vərdişdi. Hə, de görüm eşitmisən, ya yox?

– Yox.

– Elə belə də bilirdim...

– İşim-gücüm qurtarıb, bircə siçan-pişiyim əskikdi elə...

Adəti üzrə gülüb saçlarımı qarışdırdı.

– Bax, o heyvanların çox qəribə xüsusiyyətləri var.

– Nağayrırlar? Yoxsa onlar da dəvədəlləyilik eləyir?

Yenə güldü. Bu dəfə şaqqanaq çəkdi lap:

– Ə yox eey... Qulaq as!.. – O, ciddiləşdi, bir az susub sonra söhbətinə davam elədi: – Nihat, minlərlə lemminq əlli ildə, yüz ildə bir dəfə yaşadıqları yerdən, deyək ki, Skandinaviyanın harasındansa bir göz qırpımında baş götürüb sürüylə üzü günbatana sarı axışırlar. Gecə-gündüz dayanmadan yol gedirlər. Qabaqlarına nə çıxsa, fərq eləmir, adlayıb keçir, qırıla-qırıla, ölə-ölə, tükənə-tükənə günün batdığı Atlantik okeanın sahillərinə çatırlar. Və ora çatınca, neyləsələr yaxşıdı?

– Neyləyirlər ki?

– Bir an da dayanmadan tökülüşürlər suya və başlayırlar qüruba doğru üzməyə...

– Bəs sonra?

– Nə sonra? Bir az üzəndən sonra hamısı boğulub məhv olur, bircəciyi də geri dönmür...

Maraq məni bürüdü. Onun təsvir etdiklərini gözüm önündə canlandırdım:

– Bəs o cür qırılıb yox olurlarsa, nəsilləri kəsilmir?

– Məsələ ondadı ki, lemminqlər kütləvi şəkildə, sürətlə yerlərini tərk edən anda, aralarından barmaq hesabı sayda bir neçəsi qorxudan qayıdıb təzədən yuvalarına təpilir və nəsil onların hesabına kəsilmir... Bu, təbiətin nizamıdı, Nihat!..

Maraqlıydı. Amma maraqlı da olsa, Simanın bunu niyə misal çəkdiyini başa düşmürdüm.

– Bəs qocanın məni hansı səmtə aparmaq istəməsinin bu məsələyə nə dəxli?

Dinmədi. O, başını çiyinləri arasına qısdı. Qısdı da nə qısdı! Onsuz da şikəstliyi ucbatından boynu-boğazı bapbalacaydı, indi tamam görünməz oldu. Gözünü gözümə zilləyib o vəziyyətdə donub qaldı. Gur saçları həmişə olduğu kimi dağınıq haldaydı. Eləcə xeyli dayandı. Bədheybət bədən quruluşu bir az da eybəcərləşdi, elə bil kürəyindəki ur bir az da şişib-böyüdü. Baxdım, baxdım... dedim yəqin qarşımdakı bütün varlığımla inanıb tapındığım Sima deyil. Dünyada hamıdan çox güvəndiyim, arxam, dayağım sandığım o qadın deyil... Lap ofisiant deyirsən – ofisiant, zoologiya müəllimi deyirsən – zoologiya müəllimi olsun, nə bilim, xala deyirsən – xala deyək, “dəvədəlləyi təlimi ustası” deyirsən – qoy, elə olsun, amma o deyil axı, o deyil... Bir sözlə, məndən ötrü dünyada tayı-bərabəri olmayan həmin insan deyildi o sanki. İndicə beynimin içinə özünün həkk elədiyi lemminq deyilən o sirli varlığa daha çox oxşayırdı: amma balaca yox, nəhəng, azman bir lemminqə... Elə bildim canıyanmış indicə məni bir kələm kökü, bir ağac gövdəsi, ot-alaf kimi basmarlayıb gəmirəcək. Fürsəti əldən verməyib özüm onu qabaqladım...

* * *

Mən çox nadir hallarda yuxu görürdüm. O gün gördüyüm yuxu deyildi, sadəcə yadıma vulkan püskürən həmin dağ düşdü, nəsə şüurumdan kino lenti kimi keçdi və gözlərim önündə cürbəcür səhnələr canlandı. Gördüm ki, vulkanın yerində misilsiz bir villa tikiblər, lap nağıllardakı kimi, bir daşı qızıldan, biri daşı gümüşdən, bərq vurub adama gəl-gəl deyir. Adamlar ona sarı axın-axın gedir, qapısından cərgəylə, bir-bir içəri girirdilər. Bu, ucu-bucağı görünməyən böyük bir növbəydi. Hamı ağappaq gecə köynəyindəydi, buna görə də bir-birinə oxşayırdılar. Başları ülgüclə daz qırxılıydı. Hərəsi də bir əlində sabun, birindəsə dəsmal tutmuşdu. Qapıya çathaçatda sabunu başlarına çəkir, bellərini büküb içəri girirdilər. Heç kim dinib-danışmırdı, üz-gözlərindən xoşbəxtlik yağan bu insanlara yaxınlaşıb nədənsə günbatanın hansı tərəfdə olduğunu soruşdum. Mənə pis-pis baxıb dedilər ki, “burda elə bir ünvan yoxdu və zəhmət olmasa get növbəyə dur, sabun, dəsmal götürməyi də unutma, yazıqsan...”

Səhər bunları Simaya danışanda, nədənsə acı-acı güldü: “Qarabasmadı, hə, başqa şey deyil, qarabasmadı. Amma məncə, Nihi, bu dediklərin qarabasmadan da o yanadı. Mənə belə gəlir, gec-tez hər şey sənə agah olacaq...” Amma nə agah olacağını bilmədim, heç bu günəcən də anlamıram.

Hər səhər Siyavuşu işə aparırdım, ancaq bazara heç cür uyuşa bilmirdi. “Dayıoğlu, – deyirdi, – bir çarə tapmaq lazımdı, bu vaxtacan necə dözmüsüz? Bu boyda bazarı iyirmi dəfə hərlənirsən, ya bir dənə mal satırsan, ya da yox... Belə iş olar?.. Adamın lap bağrı çatlayır”. Deyirdim: “Döz, bibioğlu, başqa əlac yoxdu. Neyləyə bilərik? Boğaz başdan aşağıdı...” Ancaq bir müddətdən sonra o da bazara öyrəşdi, müştərini də hamıdan bərk çağırırdı. Sonralar, o, çap elətdirdiyi “Tənək ömrü” romanında bazar həyatından maraqlı şeylər vermişdi. Kitaba özü “Mən kiməm?” başlığı altında ön söz yazmışdı. Başlanğıcı təxminən beləydi: “Mən bir tənək ömrü yaşayıram – əyilə-əyilə, burula-burula, yad gövdələrə sarmaşa-sarmaşa... Hara yönəltsələr ora dırmaşır, özgə budaqlardan sallaşa-sallaşa günümü-güzəranımı keçirirəm, amma içimin şəhdi-şəkərini insanlara salxım-salxım, ruhumun dumanlı sehrini isə qədəh-qədəh daddıra bilirəm. Ona görə də deyirlər: “Sən tənək ömrü yox, yetənək ömrü yaşayırsan...” – düşünüb, düşünüb, razılaşıram...”

Gecə məni bürümüş qarabasmanı ona da danışdım, gözləri alacalandı. İşin sonunacan iki-üç dəfə yaxınlaşıb gözümün önündən keçənlər haqda bir də soruşdu, üzümə baxıb-baxıb: “Dayıoğlu, sən dəhşətsən...” – dedi.

Hə, mən dəhşət idim. Güləndə, danışanda həmişəki kimi əlimi ağzıma tuturdum ki, andır dişlərimi görməsinlər. Hirslənəndə, yenə ordlarımı gəmirirdim, qanın dadını duyunca sakitləşirdim. Qoca heç yadımdan çıxmırdı. Bilmirdim bu dəfə ona rast gəlsəm neyləyəcəm... Amma həmin gün Qorxmazla rastlaşdım. O, bazarın aşağısındakı “Araz” karqoda işləyirdi. Oraya təzə düzəlmişdi, araba sürürdü, malları obyektlərə paylamaqla məşğul idi. Bir də gördüm çağırır:

– Malış, bura gəl görüm. Necəsən?

Yanında hardasa mənimlə yaşıd bir oğlan da vardı, saçları qara olsa da, rusa oxşayırdı.

– Çox sağ ol, Qorxmaz əmi, yaxşıyam...

– Tanış ol, oğlumdu, Rusyətdən gəlib, adı Vitalidi...

Sonra məni ona təqdim etdi. Oğlan çox qaraqabaq idi, dilini güclə sürüyüb, əlini candərdi uzatdı. Amma rusca bildiyimi görüb, mənimlə bir az söhbətləşdi. Axırda, nömrəmi soruşub telefonuna yazanda, adımı dəqiq öyrənmək istədiyindən, bir də soruşdu. “Nixat” – dedim, yazdı. “A kak familiya?” – “Xalafzade” – dedim. Yazmaq istəyəndə duruxdu. Soyadımı dodaqları altında höccələyə-höccələyə atasından pıçıltıyla nəsə soruşdu, o da cavabında: “tyotya” dedi. Sonra Vitali bir neçə dəfə soyadımı təkrarladı: “Xalavzade, Xalavzade...” dedi və təəccüblə məndən soruşdu: “Xala v zade?.. Ne ponyal. A poçemu xala v zade?” – deyincə, məni gülmək tutdu, üstəlik, Qorxmaz əmi də “Nu, Vitya...” deyib uğundu, ona hər şeyi anlatdım, “Xalaf”la “xala”nın ayrı-ayrı məna daşıdığını başa saldım, qırışığı açıldı. Biz dostlaşdıq... Amma heyif, isnişməyə macal tapmamış, tezliklə Vitali Rusiyaya, doğma şəhəri Kaluqaya qayıtdı...

Mənim həyatım, bəlkə də həyat deyildi, qabaqcadan yazılmış bir film senarisiydi, ondan qırağa çıxan kimi, başıma nəsə gəlirdi, bu vaxt, elə bil, ekrandan yıxılırdım çölə, amma heç kim görmürdü. Dərdimi az-çox təkcə Sima anlayırdı. Büllurla əlaqəm, demək olar, yox idi, özüm də bilmədən, ondan yaman soyumuşdum. Dilsuz əsgərlikdən mənə mesaj yazmışdı: “Bəs, dayıoğlu, utanıram sənə deməyə, o qadından əl çək, yəni Simadan. Cadugərə oxşayır, səni özünə necə bağlayıbsa, qopa bilmirsən. Bəs gələcəyini düşünmürsən? O qadınla yaşadığını bilsələr, sənə qız verən olmayacaq el-obada...”

Dilsuz bir az da avam uşaq idi, yoxsa belə şeylər yazmazdı mənə. Sonra da yazırdı ki, “... sənə demişdim axı, rayona gedəndə, gərək anama deyəydin, səni “Sofular piri”nə aparaydı, bəlkə nicat tapardın.”

Nə pir, nə filan... Belə şeylər mənim başıma girmirdi.

Bir gün, həmişəki kimi, Şamillə bazarda rastlaşdıq, ordan-burdan bir az gap elədik, bilmirəm söhbət hardan gəldi pirlərə çıxdı, ondan “Sofular” haqda soruşdum, güldü.

– Şamil əmi, nəyə gülürsən? – dedim.

– Nihat, bir vaxtlar oraynan bağlı gülməli bir hadisə olub, qoy deyim, sən də bil, – dedi. – Sənin yadına gəlməz, rayonda Qara Nazir deyilən bir taksi şoferi vardı, bu yaxınlarda rəhmətə gedib. Yaman şorgöz kişiydi. Bir gün bazarın qabağında taksisinə qırx beş-əlli yaşlarında, beli qurşaqlı, başı diringəli bir kənd qadını oturur, “sür Sofulara”– deyir. Düşürlər yola. Bilirsən də, “Sofular piri” rayondan beş kilometr aralıda, Qumtəpə dağındadı. Elə ki, uzaqdan dağ görünür, qadın başlayır dayanmadan dua oxuyub salavat çevirməyə. Qadın duasını bitirəndən sonra Qara Nazir soruşur: “Sən bu “Sofular piri”nə möhkəm inanırsan?” Qadın təəccüblə deyir: “Bıy, nə danışırsan, ona canım qurban, evim-eşiyim qurban...” Qara Nazirə də elə bu lazımmış, fürsəti qaçırmayıb deyir: “Onda səni and verirəm o “Sofular piri”nə, qoy maşını verim qırağa, on-on beş dəqiqəlik keçək mənimlə o kolluğun arxasındakı göyçəmənliyə...” Qadın karıxıb qalır, handan-hana əlacsız-əlacsız deyir: “Ay çoxbilmiş! Ay saqqalıağarmış! Yaman yerə and verdin haa... Yaman yerdə yaxaladın məni... Dilindən bəlaya düşmək buna deyərlər. Çarəm yoxdu. Di ver maşını bir qırağa, “Sofular”ın cəddi belimi qırar yoxsa... ”

Gülüşdük. Sonra Şamil üzümə qəribə tərzdə baxdı:

– Qardaşoğlu, nə əcəb “Sofular piri” barədə soruşursan, nəzirin var?

Nədənsə, ürəyimə pis gəldi, məsələni açıb-ağartmaq istəmədim. Bir də axı, nə deyəcəkdim? Deyəcəkdim ki, işim bitib, çarəm pirə qalıb?

– Heç... Şamil əmi, nəzirim-zadım yoxdu, elə-belə, sözgəlişi soruşdum...

– Bax haa!.. – dedi. Qolumdan tutub ərklə silkələdi. – Heç vaxt şəkk gətirmə, qardaşoğlu, günahdı, ancaq dərinə də getmə, pis günə qalarsan...

Onsuz da pis günə qalmışdım. Bilmirdim kimə qulaq asım. Hərənin ağzından bir avaz gəlirdi. Onunla sağollaşıb ayrıldıq, qəfil elə bil nəsə yadına düşdü, geri döndü:

– Nihat, unutdum deyəm, Əzizağa bir həftədi infarkt keçirib, xəstəxanada yatır, vəziyyəti yaxşı deyil, dünən səni soruşurdu.

Neyləyəcəyimi bilmədim. Çox pis oldum.

– Hansı xəstəxanadadı?

– Semaşkoda.

Şöbəsini, palatasını öyrəndim. Elə həmin gün də taksiyə oturub getdim yanına. Tibb bacısı görüşməyə qoymurdu, cibinə beş manat basınca buraxdı içəri. Əzizağa meyit rəngdəydi, sapsarı saralmışdı, üzü atamın son dəfə gördüyüm üzünə oxşayırdı. Məni görüb, güc-bəlayla gülümsündü.

– Nihat... Dolabın gözünə... bir şey qoymuşam, götür... ümidim sənədi...

– Nədi ki, Əzizağa əmi?

– Sənə danışmışam... bilirsən... həmin iki yüz dollardı... götür... heç kimə demə... Ola bilsin, burdan salamat çıxmadım... Sən o günü görsən... onları xırdalayıb paylayarsan...

Yadıma düşdü... Elə bil, gözümün qabağında olmuşdu o hadisə, o “dəllək” məsələsi. Onun başına oyun açan o dabandaşı sifətli cangüdən gəlib durdu gözümün qabağında, od götürdüm, dişlərimimin guppultusundan az qaldı qulaqlarım bata, bilmədim neyləyim. O vaxt dili-dodağı əsə-əsə demişdi: “...əhd elədim ki, yəqin bir gün gələr, başıma oyun açan o cür danaların Allahın qəzəbinə gələn gününü, villalarının od-alova bürünən gününü görərəm, onda bu pulları yetim-yesirə nəzir-niyaz kimi paylayaram, ürəyimdən tikan çıxar...”

Dollarları götürdüm, qoydum pulqabımın zəncirli cibinə. Ürək-dirək verməyi də heç düz-əməlli bacarmadım. Bircə onu dedim ki, “arxayın ol...” Yastığının altına iyirmi manat qoyub sağollaşdım. Ancaq onu bilirdim ki, bu iki yüz dollar mənimlə ölənəcən qalacaq, çünki, Əzizağanın arzusu, əhdi ağlabatan deyildi, onun ümid bağladıqları bir şalbanın, bir tirin üstünə minib Sakit okeanı eninə üzmək xülyası kimi bir şey idi. Bunu sonralar daha dərindən dərk elədim və doğru düşündüyümə əmin oldum. Elə indi də inanıram ki, yaxşılarla yanaşı, dünyada adına əclaf deyilənlər həmişə olub, var, olacaq. Əzizağanın ürəyinə dağ çəkmiş, özü demişkən, danalar bitib-tükənən deyil. Onların tifağı hələm-hələm dağılmaz. Dağılsa da, peyinlik göbələyi kimi, yerlərinə onlardan da betəri pırtdayıb çıxar...

Dörd gün sonra Əzizağa vəfat elədi. Həmin gecə gözümdən yaş sel kimi getdi. O gecə, bəlkə də on dəfə açıb onun mənə verdiyi dollarlara baxdım. Niyə baxdığımı da bilmirəm. İndi də fikirləşirəm ki, onun timsalında o zaman mən çox məhrəm bir adamımı – ətəyində namaz qılınası, saf ürəkli bir adamımı itirdim. O gün hələ bilmirdim, üstündən üç-dörd həftə keçəcək, mən elə bir adama rast gələcəm ki...

* * *

Ayaqqabı cərgəsinin başındakı uşaq oyuncaqları satılan mağazanın işçiləri mənim daimi müştərilərim idi, hər gün günortaya yaxın aparıb onlara üç-dörd xaçapuri verirdim. Həmin gün də elə oldu, zəng elədilər, apardım. Cərgənin başına yenicə çatmışdım ki, meydançada, maşınların sırasında dayanmış qara bir “cip” siqnal verdi, sürücü pəncərənin şüşəsini salıb məni yanına çağırdı, iki xaçapuri istədi, əvəzində, bir dənə şax yüzlük verdi, xırdam olmadı, axtarıb tapınca, ora-bura qaçıb xırdalayınca vaxt getdi, o, əsəbiləşdi.

– Bu boyda bazarda alver eləyirsən, üstündə xırdan olsun da... – dedi. Qəfil, gözüm üzünə sataşdı. Çopur! Dabandaşısifət! Böyründə də vitrin kuklasına oxşayan, başı smartfondan yuxarı qalxmayan, dodağı təbəssümlü, pudralı-boyalı bir qız! Əzizağa yadıma düşdü. Danışdığı “dəllək” əhvalatı gəldi durdu gözlərimin önündə. Dedim, elə onlardı daa. Ürəyim titrədi. Heç bilmirəm hardan ağlıma gəldi, qəfil acı-acı gülümsündüm:

– Usta-zad lazım deyil ki sənə?

– Usta nədi?

– Dəllək.

Üzümə baxıb qaşlarını çatdı:

– Mənimlə məzələnirsən?

– Yox, düz sözümdü.

Heç nə fikirləşmirdim, sadəcə, mənə elə gəlirdi ki, bu, həqiqətən Əzizağanın sinəsinə dağ çəkən həmin alçaqdı: “Super dəlləyəm, əla dəlləyəm”, – deyib, gözümün işarəsiylə yanındakı qızı göstərdim, yenə istehzalı-istehzalı dedim: – Bu gözəlin nə problemi varsa, həll eləyərəm...

– Həə?

– Hə.

O, qapını açıb yerə düşdü. Eynən Əzizağanın təsvir etdiyi adam idi. Boy-buxun, heybətli görkəm... Mənə yaxınlaşdı. Sakitcə o yana-bu yana baxdı:

– Onda... belə eləyək... – dedi.

– Necə?

– Bilmirsən?

– Necə axı, necə?..

– Bax belə!..

Gupp!!! – qəfilləyib ağzıma sol tərəfdən necə yumruq ilişdirdisə, şappıltıyla yerə çırpılıb, “a-naa!!!” bağırdım, başım yerə dəyəndə, elə bildim dilimin üstünə bir cüt noxud boyda çay daşı düşdü. Yıxıldığım yerdəcə bir loppa qan tüpürdüm, sən demə dişlərim qırılıbmış, asfaltın üstünə düşəndə “çaqq” elədi. Bunlar, deyəsən, sol tərəfdən üst dişlərimdən ikisi idi! Dilimi qırılmış dişlərimin yerindəki vərdiş eləmədiyim boşluqda gəzdirib yenə tüpürdüm. Hiss elədim ki, alt dişlərimdən də biri çox pis laxlayır... Əlimi uzadıb qırılmış dişlərimi yerdən götürdüm.

Mən onu niyə qıcıqlandırdım? İstəyirdim bir az dolayım, maşından düşsün, tutub gəmirim. Düzdü, yerə salmağına saldım, amma o, bic tərpəndi, vurub məni şil-küt elədi.

Deyəsən, qız baş verənləri gördü, göz qırpımında maşından yerə sıçradı. Elə əlim-qolum da ondan sonra soyudu. Yoxsa, uzandığım yerdəncə qamarlayıb dabandaşı sifətlinin baldırını gəmirəcəkdim.

Qız yerə atılmağıyla:

– Arif!!! – bağırıb, özünü onun üstünə atdı. – Neyləyirsən?! Ölüb-eləyər, səni tutarlar! Evimiz yıxılar! Sən o iki körpəmizin canı, sən Müşfiqin, Eşqinin canı, baş qoşma, qurban olum! Mənə, balalarımıza yazığın gəlsin!

O isə, mənə yaxınlaşıb, üstümə əyildi, astadan dedi:

– Qurban olasan... min kərə qurban olasan adı çəkilən o uşaqlarıma, ailəmə!.. Səni tapdalayıb, meyitini salardım yoxsa, küçük!..

Qız onun qarşısını kəsib, maşına oturmağa məcbur elədi. “Cip” yerindən dəbərəndə, onun xırıltılı gur səsi hələ də eşidilirdi:

– Allah dağına baxıb qar verir!.. – Ardınca da “Arif, sən Allah, baş qoşma!” deyən arvadına: – Bu hələ xaçapuri satır belədi. Başından böyük yediyi poxa bax bir. Beləsinin əlində imkanı olsa, gör neyləyər, – dedi.

Hər şey bir göz qırpımında baş vermişdi. Mən yerdən qalxanacan maşın gözdən itdi. Nə boyda səhvə yol verdiyimi hələ anlamırdım. Bilmirdim ki, tanımadığım adamları, nədənsə, Əzizağanın başına oyun açanlara oxşatmışam, özümü saxlaya bilməyib təhqir etmişəm. Əvəzini isə yetərincə almışam, budur haa, dişlərimi qırıb qoyublar ovcuma...

İndi qırıq dişlərim ovcumda, ağzımın qanını yalaya-yalaya maşının gözdən itdiyi səmtə baxırdım. Bir-iki nəfər yaxınlaşıb nə baş verdiyini soruşsa da heç nə demədim, bir böyrümü çəkə-çəkə, üstümü çırpa-çırpa ordan uzaqlaşdım. Elə bil başımın bir tərəfi yoxuydu. Siyavuşa zəng eləyib dördüncü cərgənin qabağında görüşdük, “işim var” bəhanəsiylə malları ona təhvil verdim, heç nə demədi. O gələnəcən, əl-üzümü yuyub, üst-başımı təmizləmişdim, amma başımda nəsə bir cəncəl olduğunu duyuq düşdü, çünki Siyavuş hədsiz ayıq uşaq idi. “Dodaqların partdaq-partdaqdı, üzünün də bir tərəfi siyrilib, həm də şişib-qızarıb, düzünü de, dayıoğlu, noolub sənə?...” Çox yalvarıb, üz vurdu, amma heç nə demədim... Sağollaşdıq. Arabamı yerinə qoyub bazardan çıxdım.

Yolu keçib qamışlığa girdim. Susqun sular və qamışlıq... Qamışlığa ilişib-dolaşmış çirkli selofan paketlər... Boz-bulanıq bir aləm... Üzümün bir tərəfi, elə bil, yoxuydu. Elə bil, bir tərəfim qurumuşdu, yarımcan idim. Mən neylədim axı? O nə hərəkət idi? Bircə əsim meh istəyirdim, bircə əsim meh... “Usta-zad lazım deyil ki sənə?..” Tfu! Külək istəyirdim, külək!.. İstəyirdim elə bir külək qopsun ki, tozu suya, suyu qamışa, qamışlığı mənə dolaşdırıb, burub-burmalasın, sovurub apasın... aparsın göyün üzünə... Göyün üzü qarğalarla doluydu amma. Yenə həmişəki kimi öz “marşrutları” üzrə günbatana sarı uçurdular. Yeri gəlmişkən, “Səməd Vurğunun seçilmiş əsərlərinin yeddinci cildini oxuyun...” – deyən qoca o gün avtobusda camaata: “Dünya leş iyi verir, ona görə qarğalar artıb-çoxalıb, – deyirdi. – Nəyə görə leş iyi verir? Bilirsiz? Yox. Hardan biləcəksiz ki? Oxuyun mən deyəni, oxuyun, ay bədbaxt millət...” Bəlkə də eləydi, ancaq bu şeylər mənə çatmırdı. Bu dəqiqə özümü o qarğaların dəstəsində görsəydim, xoşbəxt hesab eləyərdim... Leş olub yerdə qalmaqdansa, qarğaların cərgəsində olmaq yaxşıydı. Ya da Simanın lemminqlərinə qoşulub o səmtə yürüş etsəydim, cildimdən çıxardım, dəyişərdim, niyə doğulduğumu, hara getdiyimi anlayardım... Bu murdar, iyrənc, qan dadanda ləzzəti canıma yayılan həyatın doğru-dürüst mənasını dərk eləyərdim bəlkə... “– Onda... belə eləyək... – Necə? – Bilmirsən? – Necə axı, necə? – Bax belə!..” “Gupp!!! – A-naa!!!” Həyatın mənasını, başqa cür – bax, belə dərk etmək yazılıbmış alnıma. Yerin behiştlik olsun, Əzizağa əmi, gorun nurla dolsun. “Gupp!!! – A-naa!!!” – həyatın mənası buymuş, demə... – gürz kimi bir yumruq, misgin “A-naa!!!” bağırtısı, iki qırıq diş və bir loppa qanlı tüpürcək... Bəlkə də elə dünyaya göz açandan bəri ancaq iyrəncliklərlə, zülümlə, zillətlə əlləşən bir yeniyetmənin ömür dediyi şeyin dadı-duzu buymuş...

Mən neylədim axı? O nə hərəkət idi? Bəlkə də haqsız olduğuma görə, o adamı gəmirə bilmədim, dişlərimin basaratı bağlandı elə bil. Heç elə bil, qurd ağızlı Nihat mən deyildim, sümükqıran dişlər mənimki deyildi. Bu nə oyun idi? “A-naa!!!” – hə, bax, belə çağırarsan indi ananı! Belə axtararsan indi! Ənginə yumruq dəyməsəydi, anan yadına düşməyəcəkdi. İlan ulduz görməsə ölmür. “Super dəlləyəm...” Heç zibil də deyilsən... “Gupp!!!” Mələmə day, gecdi... Ovcunu bərk-bərk sıx, yoxsa dişlərinin qırıqlarını da salıb itirərsən...

Qoca!.. Bəs hanı qoca? Hardadı bəs? Gəl çıx daa... Ölüm ayağının altında, gəl daa!.. Hardasan axı? Getmədim dalınca, getmədim... Velosipedlə maşınların arasında şütüməkdən qorxmayan, onun-bunun ora-burasını gəmirəndə baş-gözünə dəyən yumruq-təpikdən çəkinməyən birisi, suyun üzündə yeriməkdən gör necə də qorxdu... Ölüm olsun sənə, qorxaq!..

Yenə həmin yerdə, yarısı qamışlığın arasında, yarısı nəm torpaqda olan azman kötüyün üstünə çökmüşdüm. Gün təpəmi deşirdi. Ara-bir çobanaldadana oxşayan balaca quşlar görünürdü, onlar sanki xasiyyətcə bəzi çoxbilmiş, qarnı sirlə dolu adamlara oxşayırdı: səslərini çıxarmadan, zirək-zirək, adama göz dağı verə-verə ora-bura çovuyurdular. Amma qoca yox idi. Bəlkə də heç bu vaxtacan olmamışdı, hə? Özündən Amerika açma, Nihi! Bədbəxt günə qoyma özünü! O, – var və gələcək. Gələcək mütləq!

Ayaqlarıma iri qarışqalar daraşmışdı, bir-bir çırpıb yerə salmaqla məşğul idim. Başımı aşağı əyəndə isə beynimin içi ağrıyırdı. Bunlar niyə mənim qanımı içirlər görəsən? Bu qan deyilən gör bir nə şirin şeymiş! Milçəklər bir tərəfdən, qarışqalar bir tərəfdən, bir tərəfdən də adamlar... Yox... adamların qanını mən içirəm. Təkcə mənmi? Amma Sima deyir ki, adamlar hamısı bir-birinin qanını içməyə möhtacdı. “Adamları yaman günə salıblar” – deyir Sima. “Kimlər?” – soruşuram. Üzümə bir xeyli baxıb susur, sonra çox astadan: “Kimlər olacaq? Masonlar...” – “Onlar kimdi elə...” – ilk dəfə eşitdiyim “mason” sözünün marağı məni bürüyür. “Dünyanın yiyələri... Barux, Şiff, Leyba, Kun, Rotşild... Hansı birini sadalayım...” Susub heç nə deməmişdim onda. Nə deyəcəkdim? Anlayırdım yəni bunlar nə deməkdi? “Xaçapuri qaynar-qaynar!”dan başqa bildiyim bir şey vardı yəni? Simaya nə var, ona qalsa, elə şeylər danışar ki, hamını mat qoyar. Gecə sabahacan internetdən əl çəkmir, elə hey oxuyur və elə hey yazışır haaa... Düzdü, oxumağa hövsələm çatmasa da, mən də istəyərdim kiminləsə yazışam. Amma evə gəlincə, gözüm yumulur, şam yeməyimi zülümlə yeyirdim. Bir dəfə mənə nə desə yaxşıdı? “Nihat, yeri gələndə, insanın mədəsi daşı da, dəmiri də həzm eləyir. Amma öhdəsindən gələ bilmədiyi yeganə şey – qandı. İnsanın mədəsi içdiyi qanı həzm edə bilmir, onu mütləq qaytarır, laxta-laxta qusur... Bunu bilirsən? Başa düşürsən?..” Hardan biləcəm? Hələ bir dediyinin mənasını düz-əməlli anlayım, qalsın başa düşməyim.

Gəl çıx daa, hardasan?!

Çiynimə kiminsə əli toxundu, diksindim. Sıçrayıb yerimdən qalxdım və... gözlərimə inanmadım: bu, Simaydı. Dili-dodağı əsirdi:

– Yenə... Əlləri qurumuşlar... yenə döydülər səni? Nihi, yenə vurdular?

Boynuma sarıldı. Təzədən gözlərim doldu. Çiyninin üstündən baxırdım, çobanaldadana oxşayan quşların birini dörd görürdüm artıq, uzaqdakı “löklərin” birini səkkiz görürdüm...

– Gedək, – dedi, – gedək burdan... gedək, sənə qurban, gedək evə...

Sən demə Siyavuş deyibmiş ona. Eşidən kimi işini atıb yüyürüb dalımca...

Taksidə pıçıldadım ki, “nahaq işini yarımçıq qoyub gəlirsən...” – “Eybi yoxdu, – dedi, – icazə almışam...” Amma mən bilirdim ki, yalan deyir, belə getsə, gec-tez mənim üstümdə işdən qovacaqlar onu. Taksidən düşəndə pulu Sima versə də, özümdən ixtiyarsız mən də əlimi cibimə atdım və... nə görsəm yaxşıdı? – pulqabım yoxuydu! Elə bildim, üzümün sağ tərəfindən də bir yumruq ilişdirdilər, sifətim tamam keyləşdi, maşından düşməyimlə yolun qırağına çökdüm, Sima: “nooldu? nooldu?” – deyə-deyə neyləyəcəyini bilmədi, çömbəldi qarşımda, başımı qucaqlayıb sinəsinə sıxdı...

Mən neylədim, ilahi? “Usta-zad lazım deyil ki, sənə?” Dilim quruyaydı kaş... Qəpik-qəpik topladıqlarımın, cirəylə yığdıqlarımın hamısı getdi... Üstəlik, Əzizağa əminin əmanətini – iki yüz dolları da itirdim. Məni ən çox yandıran bu idi. Fikirləşirdim ki, kəfəni hələ saralmamış o kişinin indi goru çatlayır yəqin. “ – Onda... belə eləyək... – Necə? – Bilmirsən? – Necə axı, necə... – Bax belə!” “Gupp!!! – A-naa!!!” Yer üzündə məndən gicala adam yoxmuş, demə... Simanın o dəfə dedikləri düşür yadıma. Elə bil, dərdimə don geyindirirdi: “Həyatın dibi hər adama qismət olmur, hər adam enə bilmir ora. Ora zülmət bir quyunun dibi kimidi. Yadında saxla, gündüz göy üzündəki ulduzları ancaq qaranlıq quyunun dibindən baxanlar görə bilər, başqa heç kim...” Ulduz nədi? Ay nədi? Mən belə nağıl-tapmacalara inanmıram artıq. Doğrudanmı “Allah dağına baxıb qar verir?” Bəs mənə verdiyi qarda niyə yanılıb görən? Odu ki, belə həyata nifrət eləyirəm, nifrət!..

* * *

O gecə laxlayan dişimi də bir zülümlə dartıb çıxartdım. Üçündən ikisi köpək dişim idi. Mənə hər cür ürək-dirək verən Sima: “Pul sarıdan ürəyini sıxma...” – dedi. Əvəzində zorla da olsa gülümsədim: “Sənin divin öldü daha... bu da dişləri... – deyib, qırılmış dişlərimi masanın üstünə, onun qarşısına qoydum – boyunbağı eləyib asarsan boynundan, Nardan xatun...” Bu dəfə zarafatıma onun da eyni tərzdə cavab verəcəyini gözlədiyim halda, qəfil məni qucaqlayıb hönkürdü...

Bir həftə də evdə qalası oldum. Üz-gözümün şişi çəkilənəcən, partlamış dodaqlarım sağalanacan evdən eşiyə çıxmadım, bekarçılıqdan Dilsuzla, bibimlə, anamla zəngləşdim. Demə, Şükür ölübmüş artıq, anamsa yığışıbmış evimizə. Anamın qayıtmasına içimdə sevinsəm də, nədənsə, Şükürün ölümünə üzüldüm, boynunu gəmirdiyimə görə məni bir peşmançılıq hissi bürüdü, elə bil onun dünyadan köçünü sürüb getməsində mənim də günahım vardı, bunu həzm edə bilmədiyim üçün ixtiyarsız köksümü ötürdüm. Dilsuzla danışanda isə, əsgərlik həyatından anlamadığım şeylər barədə elə hey üyüdüb-tökürdü. Bibimsə mənə dişinin dibindən çıxanı dedi, telefonumun konturu qurtaranacan dilimi qarnıma qoyub dinləməli oldum, tezliklə rayona qayıtmağımı istəyirdi, kimsə Simayla əlaqəm barədə çuğullamışdı, rüsvay olmuşdum. O, məni “Sofulara” aparacağını deyirdi, “o itin qızı kimdisə, sənə cadu eləyib, yoxsa, şəkil kimi oğlansan, anan yaşda birinə vurulmusan, özü də eşitdiyimə görə, qozbelin birinə... Pah, div qurbağaya aşiq olub!.. Ayıb olsun! Sənə dünyada qız qəhətdi? Niyə nakam qardaşımın urufuna od vurursan axı, bala? Əl çək o ləçər əyrimçədən, qayıt gəl, qayıt gəl rayona, görək cadu-pitini kimə pozdururuq, görək nağayrırıq...”

Quyunun dibi budu daa! Sima evə dartır: gəl deyir; bibim rayona çağırır, gəl deyir; qoca suyun üzünə səsləyir: gəl... Yox, day səsləmir qoca... Qocadan bir xəbər yoxdu day... Gözüm göyün üzündə qalıb: orasa qarğalarla doludu: dünya leş iyi verir çünki. Hə, bu söhbətlərdən artıq leş iyi gəlir. Leş iyi gəlir bu həyatdan. Gərək Səməd Vurğunu oxuyam, görüm o yeddinci cilddə nə yazılıb axı? Hər şey niyə bu qədər bezdiricidi, niyə bu qədər üzücüdü? Niyə?.. Yeri gəlmişkən, evdə qaldığım bu bir həftədə bazarda qəribə işlər baş vermişdi, beşinci və dördüncü cərgələrin o başında güclü yanğın olmuşdu, neçə-neçə mağaza yanmışdı, mağaza yiyələri möhkəm ziyana düşmüşdülər. Hələ bir neçə gün ondan qabaq, Səməd Vurğunun yeddinci cildini oxumağı tutdu-tutmadı, hamıya məsləhət görən həmin o qoca arabaçını iki nəfər qara eynəkli cavan oğlan bazarın ortasındaca qoluna qandal vurub aparmışdı. Niyəsini isə bilən yoxuydu.

Getdikcə özümə daha çox qapılırdım. Soldakı dişlərim mırıq idi, həkimə gedib qırıqlarını çıxartdırmışdım. Həkim iynə vurub çıxartsa da, o dünyanı görüb qayıtmışdım. Sağ tərəfdəsə, biri altda, biri üstdə, qartal caynağının ucuna oxşayan iki köpək dişim ağzımı açan kimi adama gəl-gəl deyirdi... Hər gün işdən bir saat tez çıxıb özümü həmin yerə – Lökbatan gölünün qamışlığına verirdim. Saatlarla sulara, qamışlara, adını bilmədiyim çobanaldadana oxşayan o susqun, o bichəngi quşlara, uzaqda görünən, batmaqda olan “löklərə”, göy üzündən nizamsız-nizamsız günbatana sarı uçuşan qarğalara yalvarırdım, məni suyun üzüylə aparmaq istəyən qocadan bir xəbər-ətər vermələrini istəyirdim. Amma nə faydası...

Bir gün də... Eh, danışsam inanan olmayacaq yəqin. İndi inanıram ki, bunu ancaq bibioğlu Siyavuş kimi bir yazıçı təsvir eləyə bilər. Nə isə... Dediyim kimi, işdən sonra, demək olar, hər gün gəlirdim gölün qırağına, bunu Sima da bilirdi, etiraz eləmirdi: “get, – deyirdi, – bəlkə fikrin dağılar”. Çünki belədə rahatlıq tapdığımı görürdü. Hə, onu deyirdim axı... Bir gün, alatoranlıq təzəcə düşmüşdü, günəş batmaqda, suyun üzü qan rənginə çalmaqda, mən bir ayin icra edirmiş kimi yalvarışlarımı ərşə-gürşə göndərməyimdəydim. Bu vaxt, qamışlığa sarı enən bir neçə nəfərin hənirtisini eştdim, kötüyün üstə qalxıb yolun qırağında üç-dörd bahalı maşının dayandığını gördüm, nədənsə, qorxdum, topuğacan suya girsəm də, tez özümü qamışlığın dərinliyinə verib gizləndim, ürəyim əsə-əsə nə baş verəcəyini gözləməyə başladım. Dörd-beş nəfər idilər. Hamısı idmançıya oxşayırdı. Bir nəfər kostyumlu-qalstuklu orta yaşlı kişini halaya alıb, az öncə oturduğum yerə gətirdilər. Mən on beş-iyirmi metr aralıdaydım, qamışlığın qalınlığına girsəm də, onları görürdüm, səsləri isə zəif gəlirdi. Tərpənmirdim ki, səs-səmir olmasın. Odu ki, zəif də olsa, istənilən hənirtini aydın eşidirdim. Kişi kötüyün üstünə qalxdı. Gölün o biri sahillərinə sarı boylandıqca boylandı, öz-özünə nəsə xeyli mızıldandı, sonra da, hönkürürmüş kimi qırıq-qırıq səslə, həm də bir az bərkdən: “Gəl daa bə, har-da-san? Gəl daa bə, har-da-san? Qur-ban o-lum, gəl daa bə! Ni-yə ya-zı-ğın gəl-mir mə-nəə?!” – dedi. Qəfil elə bildim gölün suyu isindi, sanki topuqlarımacan isti suyun içindəydim, ayaqlarımın birini götürüb, o birini qoymağa başladım, həm də ürəyim daha da şiddətlə döyündü. Kişi bir də “gəl!” deyib özünü irəli atdı, yerimək istədi və dizəcən suya girdi. Mən belə anladım ki, yanındakılar cangüdənləridi. Dərhal onun qollarına girib geri çəkdilər, telefonun fanarını yandırıb, yolu işıqlandırdılar və geri qayıtmağa başladılar. Qəfil necə oldusa, işıq bir anlıq o adamın üzünə düşdü, ilahi, o dəqiqə tanıdım!!! Onu televizorda tez-tez göstərirdilər. Hardasa böyük vəzifədə işləyirdi, deputat idi, ya kim idisə, bilmirəm, həmişə xəbərlərdə-zadda jurnalistlər ona sualı sual dalınca verirdilər, hə, həmin kişiydi, o idi, özüydü ki var!.. Onu maşına otuzdurub apardılar. Maşına oturan anda qəfil üzünü gölə çevirib var gücüylə bağırdı: “Gəl çıx daa, bəə!..” Tüküm biz-biz oldu. Demək, mən tək deyiləmmiş!.. Ovcumun içi kimi bilirdim ki, o da həmin qocanı axtarır. İnsandı daa. Yəqin, həyat ona da zülüm eləyir, yəqin, eynən mənim kimi o da quyunun dibindədi... Gördüklərimi gecə Simaya danışdım, təsvir etdiyim o adamı tanıdı. Heyrətindən donub qaldı. “Dünyanın axırıdı, Nihi!.. Dünyanın axırıdı, vallah! Heç bilirsən o kimdi?! Heç bilirsən kimdi o?! Vayyy!...” – dedi. Aradan çox keçmədi, bir gün televizorda o adamın ölüm xəbəri yayıldı. Düzdü, mən baxmamışdım o verilişə. Sən demə, Sima baxıbmış. Üstündən xeyli keçəndən sonra, bir gün içki içirdik, o, bu barədə ağzından qaçırdı. Özümdən ixtiyarsız qorxdum, canıma bir üşütmə düşdü.

Amma heç nəyə baxmırdım, oraya hər gün gedirdim. Əlləşib-vuruşmağıma rəğmən, nə suyun üzüylə yeriyə bilir, nə də qocanı tapırdım. Hər addım atanda, dizəcən batırdım suya. Qocanın ardınca getmədiyimə görə, özümü söyüb-yamanlayırdım hər gün. Alverimiz də gündən-günə ölürdü. Əvvəlki kimi qazana bilmirdim day. Ümid yerim ancaq Simaydı. Gözəl başa düşürdüm ki, hər şeydə Sima arxam-dayağım olsa da, xilasım deyil. Bilirdim ki, bir neçə aydan sonra əsgərlik vaxtımdı. Qayıdandan sonra, anam, bibim məni baş-göz eləyəcəklər, yəni evləndirəcəklər, necə deyərlər, sevimli Sima da, mənə hər addımda verdiyi dəstək də gedəcək öz işinin dalınca. Ondan sonra, məndən qat-qat artıq zülüm çəkən neçə-neçə işsizə tay olub gedəcəm, bəlkə lap onlardan da betər günə qalacam. Qalacam bir parça çörəkdən ötrü orda-burda çırpına-çırpına. Bu fikirlər başımın içində “dəmirçi dükanı” açıb, gicgahlarımı “çəkicləyib” dincliyimi əlimdən alanda, qocanı daha çox axtarır, yerə-göyə, ərşə-gürşə yalvarmaqdan doymurdum. Amma gəlmirdi qoca, gəlib çıxmırdı. Hər gün Lökbatan gölünün sularına düşüb titrəyən kabusa oxşayan surətim qədər xilasımın onda olduğuna inanırdım. Onun kim olduğunu bilməsəm də, bu haqda fikirləşməsəm də, daha doğrusu, onunla bağlı düşüncələri çözməyə gücüm, ağlım-zəkam çatmasa da, qamışlığa gəlib gözləməkdən yorulmurdum. Axır vaxtlar mənə elə gəlirdi ki, hər gün şər qarışanda ümidlə diblərinə qısıldığım qamışlar da, yuvalarına tələsən, çobanaldadana oxşayan o balaca quşlar da, torana bürünən göyün üzü də, günbatana sarı uçub-keçən saysız-hesabsız qarğalar da artıq məni tanıyır, amma təkcə sular tanımaq istəmir. Nə qədər ayaqlarımı soyunub, şalvarımı dizəcən çırmalayıb, əllərimi bostan uyuğu kimi yana açaraq nəfəsimi almadan suyun üzüylə yeriməyə cəhd eləsəm də, birinci addımdaca batırdım, heç cürə alınmırdı. Sonra da özümü söyürdüm, deyirdim ki, tutalım lap yeridim, deyək ki, sular da məni saxladı, bəs yeriyib hara gedəcəm? Elə suyun üzünə çıxan kimi dərdim-sərim yox olacaq? Hər şey düşəcək qaydasına? O dəqiqə dünyanın Nihat adlı bəndəsi dönəcək bir şahzadəyə, xoşbəxt olacaq? Qocanı tapmaq lazımdı, o sirri-xuda qocanı! Nicatım ona qalıb ancaq, ona! Vəssalam!..

O gün şam yeməyi vaxtı üz-üzə oturanda gördüm ki, Simanın birçəkləri ağarıb. Diqqətlə baxmağım gözündən yayınmadı. “Nihat, sən əsgərliyə getsən, ordan qayıdanacan başım təmiz ağaracaq, bilirəm...” – dedi, səsi titrədi. Mənsə, nə desəm yaxşıdı? Qayıtdım ki, “bilmək olmaz, qoca gəlsə, əsgərlik-zad gedəcək işinin dalınca, birdəfəlik çıxıb gedəcəm...” Qaşığı süfrəyə atıb ayağa durdu, ağzıquyulu yatağa yıxılıb ağladıqca ağladı, heç cür ovundura bilmədim. Gecə yarısı isə, mətbəxə keçib dua etdiyini eşitdim. Mehrini mənə salmış bu zavallı qadının, canım bu bəlalardan qurtulsun deyə, o gecə yalvarıb-yaxarmadığı müqəddəs məkan, imam, pir, övliya qalmadı...

Üstündən bir gün sonra, yenidən şam yeməyi vaxtı içki başımı dumanlandıranda, özüm də bilmədim niyə, gözümə necə göründüsə, qəfil Simadan soruşdum:

– Sən mənim nəyimsən axı? Anam deyilsən, bacım deyilsən, sevgilim deyilsən, kimimsən axı? Hə? Kimim?..

Bir xeyli üzümə baxdı. Sonra səsi titrəyə-tirəyə dedi:

– Mən səninçün kim olduğumu bilmirəm. Amma sən mənimçün ölümsən!.. Ölümümsən, Nihi, ölümüm!.. Yüz faiz belədi, yadında saxla birdəfəlik: Ölümümsən!!!

Sonra yenidən göz yaşları... Hıçqırıqlar, hönkürtülər... Yalvarışlar... Dualar... Həmişəki kimi yenə “dəvədəlləyinin ah-ufu göylərə bülənd olan macərası...” oxşamalar, əzizləmələr... və şirin yuxu...

Yadıma gəlir ki, Simayla aramızdakı həmin dialoqu sonralar Siyavuşa da yazmışdım. Çox təsirlənmişdi. Onunla uzun müddət hər gecə yazışırdıq. O, lap uşaqlıqdan gündəlik də yazırdı. Məni də həvəsləndirirdi, amma bir şey alınmırdı, çünki belə şeylərə bir qədər barmaqarası baxırdım, həm də, açığı, yazı-pozu işinə tənbəl idim. O, mənə yalvarırdı ki, heç olmasa, hər gün başıma gələnləri ona mesajla isti-isti ötürüm. Deyirdi, roman yazacaq. Hekayələr yazdığını bilirdim, bir- ikisini də oxumuşdum, çox bəyənmişdim. Amma roman yazacağı mənə inandırıcı gəlmirdi. Bununla belə, gecələr ayılıb bekarçılıqdan olandan-keçəndən yazıb yollayırdım ona.

* * *

Gölün qırağından, qamışlıqdan əl çəkə bilmirdim, hər gün işdən sonra gedib otururdum o kötüyün üstündə. Hava qaralanacan gözümü susqun sulara dikib gözlədiyimi gözləyir, pıçıldadığımı pıçıldayır, hər gün eyni ovqatı yaşayırdım. Ən çox da cibimdə gəzdirdiyim güzgünü çıxarıb ağzımın içinə diqqətlə baxırdım. Sol dişlərim mırıq olduğuna görə eybəcər idi. Sağındakıların arasındansa it dişinə oxşayan alt-üst bir cüt köpək dişim boy verib görünürdü, onlara baxa bilmirdim, özüm özümdən iyrənirdim, indi gör kənardan baxanlar nə çəkirdi. Odu ki, artıq kiminləsə danışanda əlimi ağzıma tutmağa biryolluq vərdiş eləmişdim.

Bir dəfə yenə işin zəif günüydü. Yemək də yeməmişdim. Malların pulunu verib, kuloka bir cüt xaçapuri qoyub qamışlığa tələsirdim. Niyə? Heç bilirdim ki, niyə? Heç bir normal adam bu boz-bulanıq gölün sahilini özünə məskən seçməzdi. Külək bozumtul təpələrdən, dağlardan, uzun müddətdi təmir gedən yoldan qaldırdığı tozu qucaq-qucaq tökürdü bu gölün başına, bu qamışlığa. Bəs burda nə vardı ki, məni belə çəkirdi özünə? Deyirdim, yəqin, məndə baş yoxdu day, ağlım gedib, beynim püfədi, lap çürük qozdu yəqin. Doğrudan da elə biliridim, başımı qurumuş, qaxsımış bir qoz kimi vurub sındıran olsa, içindən gömgöy tüstüyə oxşayan bir çimdik çürüntü tozu töküləcək... Çünki, heç nə fikirləşə bilmilmirdim day. Nəyin necə olacağını anşıra bilmirdim, düşünürdüm ki, adamamsa – adamlığım qalmayıb yəqin, heyvanamsa – heyvanlığım. Bu yaşımda dişlərim cəhənnəm, bazarın içində “xaçapuri var!” çığıra-çığıra gündə neçə kilometr yeriyib-yortmaqdan ayaqlarımın damarları da çıxmışdı, dabanlarım qabar atmışdı, hər addım atanda, elə bilirdim közün üstüylə yeriyirəm...

İndi düşünürəm ki, imkanım olsaydı, bu dünyanın başına ulu babam Cəfərin gətirdiyi oyunu açardım. Bibimdən eşitmişdim ki, çox-çox qədimlərdə yaşamış Cəfər babam bir ağanın mehtəri olub. O ağa deyilən zatıqırıq adam ulu babama çox zülüm edirmiş. Bir gün də şərabdan vurub keflənib, gecənin bir aləmi babama deyib ki, götür neft lampasını, get tövləyə, axurda iynə itirmişəm, onu tap, gətir. Yazıq babam əlində neft lampası girir tövləyə. Axur samanla doluymuş. Samanlıqda iynə tapmaq olar? Yazıq kişi girinc-giriftar olur, bilmir haranın külünü töksün təpəsinə. “Tüpürüm belə dünyaya!” bağırır və neft lampasını çırpır axura, saman alışır, tövlə başlayır yanmağa, yabanı qapıb çıxır həyətə, qapıda ağayla üz-üzə gəlincə “iynə sənə nağayracaq? qıyıq sənə nağayracaq? sənə ancaq bu dörddiş yaba kar eləyər!” – bağırıb onu saplayır həmin zülümkarın ürəyinə... Bu yolnan dünyadan qisasını alan Cəfər babamı elə o gecə, qəribə də olsa, ağanın başqa nökərləri tapıb öldürüblər. Onlar ağanın həyatda babamdan da artıq zülüm çəkən, amma yaltaqlıqdan, yarınmaqdan ötrü canları-başları özləriylə olmayan başqa nökərləriymiş. Babamı öldürməklə, haqqı susdurmaqla, az qala ağalarının ölüsünə də yarınıblar müti köpəkuşağı...

Mən indi əlində neft lampası saman dolu axurda iynə axtarmağa göndərilən ulu babamın taleyini yaşayırdım bu dünyada, öcümü almaq istəyirdim, amma alınmırdı, bilmirdim kimi, nəyi günahlandırım, kimi taqsırkar bilim, necə deyərlər, iynəni harda axtarım, lampanı kimin axuruna çırpım, yabanı kimin ürəyinə sancım... İmkanım olsaydı, o lampayla gecə-gündüz yalvardığım suları da yandırardım, qamışlığı da... hələ göyün üzünü də – səfilə oxşayan qara qarğalarıyla birgə... İmkanım olsaydı, əlimdə dörddiş yaba, qarşıma çıxan bütün əclafları deşik-deşik eləyərdim, eybi yox, qoy məndən də betər zülüm çəkən adamlar, lap elə öz xaçapursatan dost-tanışım yarınmaq xatirinə məni həmin gün tapıb öldürsünlər, amma arzum gözümdə qalmazdı, qisasımı alıb ölərdim... Qisas deyəndə, bəs bu qisası kimdən almalıydım görəsən? Kimdən? Nədən? Niyə? – heç özüm də bilmirəm. Belədə rəhmətlik Əzizağanın hardansa oxuyub əzbərlədiyi və tez-tez işlətdiyi bir fikir düşürdü yadıma. O deyirdi: “biz elə bir camaatıq ki, pulumuzu kəs – dinmərik, haqqımızı kəs – dinmərik, amma toyda “zakaz” verdiyimiz musiqimizi kəssən – bıçaqlayarıq!..” Mən kimin toyunda, hansı musiqini “zakaz” eləmişdim, onu kim kəsmişdi ki, belə qəzəbliydim, İlahi?

Qamışların arasına girər-girməz xaçapurinin birini çıxarıb başladım yeməyə. “Allah sənə rəhmət eləsin, Əzizağa əmi...” Acından ürəyim sıyrılırdı. Kötük tərəfə gedirdim, həmişəki yerimə. Can atırdım ki, ora çatan kimi, xaçapurimi yeyə-yeyə, ayaqlarımı sallayım suya, oturum bir az rahatlanım və sonra başlayım dualarıma, yalvarışlarıma. Axırda da ürəyimi qayıq kimi buraxım, getsin suya, qarğaların caynağına ilişdirim, getsin göyə... Ona görə yox ki, bezmişəm artıq, yox, a tövbə! “Yazıq sənə, Cəfər babam...” Neft lampası, yaba... – bunlar çox-çox sonranın düşüncələridi. Mənim ruhən yorulan çağım deyildi axı. Sadəcə, mən də istəyirdim ki, başqaları kimi düşünəm, başqaları kimi həyat sürəm. Bundan ötrü isə, təbii ki, yeni ürək lazım idi, yeni baş lazım idi, bir də yeni can. Onları isə bazarda satmırdılar ki, yıxılam-söküləm alam özümçün. Amma çox istəyirdim dəyişəm, çox istəyirdim. Deyirdim, haqsızlıq görəndə dişləri qana susayan Nihat deyilən bəndədən, gərək, bu dünyada əsər-əlamət qalmasın, həyata yeni Nihat doğulsun və o, elə bir insan balası olsun ki, hamı kimi, “elnən Allahu-əkbər!” deyib yaşamağı bacarsın. Pulunu, haqqını, hətta toyda “zakaz” verdiyi musiqisini kəssələr də – sussun. Sussun bilmərrə! Hə, daş olub sussun!..

Düzdü, bu gün bilmirəm ki, mən bütün bunları doğrudanmı o vaxt düşünürdüm, ya yox? Yoxsa, sonrakı çağlarımda, Siyavuş demişkən, beynimdə, qəlbimdə toqquşdurub yazmaq istədiklərim idimi bunlar? Bilmirəm...

Qamışlığın arasından çıxıb, kötüyə çathaçatda, gözlərimə inanmadım. Kötükdə böyür-böyürə, arxası mənə, üzü sulara sarı üç nəfər oturmuşdu: desəm heç kim inanmayacaq, heç kim... Onlardan biri – tən ortadakı həmin qocaydı. Qəhvəyi pencəyindən və başına qoyduğu ağ rəngli təsəyindən tanıdım onu. Bir böyründə kostyumlu bir kişi, bir böyründəsə, kim otursa yaxşıdı? Sizcə, kim? Desəm, gözünüz kəllənizə çıxacaq: Sima!!! Hə, hə, Sima!!!

Yerə necə mıxlandımsa, eləcə də qaldım. Nə geri dönüb qaçmağa, nə də irəli getməyə gücüm çatdı.

Birinci kostyumlu kişi döndü arxaya və çox sakit bir tərzdə: “gəl daa bə... harda qaldın?..” – dedi, gizildəyib yerimdəcə qaldım: “bəs bu, ölməmişdi?” – düşündüm. Sonra qoca çevrilib gülümsündü: “çıxar ayaqqabılarını, çıxar...” Sima isə, nə sənə, nə mənə, yerindən qalxıb düz üstümə gəldi, qarşımda dayanıb qəribə baxışlarla altdan-altdan üzümə baxdı, ovcuma qatlanmış bir kağız basdı: “bunu itirmə, Nihi, gərəyin olacaq...” – dedi. Sonra lap astadan pıçıldadı: “gətir səni bir öpüm, canımın içi...” O, boynumu qucaqladı, qəfil nəfəsindən bir qoxu gəldi – bu, kandarın ağzında ölmüş atamın meyitindən gələn qoxuydu...

O səhnə gözümün önündə indi də kino lenti kimidi: Simanın qolları arasından çırpınıb çıxdım. Onu itələdim, ilk dəfəydi görürdüm ki, üzü xırda, qızılı rəngə çalan kürən tüklərlə doludu, lap özünün danışdığı lemminqlərə oxşayırdı. Geri qanrılaraq yerimdən götürülüb qaçmaq istəyəndə birinci addımımı tələsik necə atdımsa, nəyəsə ilişdimmi, ya necə oldusa, bilmirəm, sanki mənə badalaq vurdular, sağ üzü üstə yerə dəydim, bircə onu hiss elədim ki, ağzımın içində dişlərim şaqqıltıyla sındı, gözümün altından – üzümün partlamış almacığından və dodaqlarımdan qan şoruldadı. Palçıqlı cığırda ayağım sürüşmüşdü, qamışlığın arasından keçən köhnə bir boru xəttinə üzü üstə çırpılmışdım... Vallah, ucaboy olmaq da bir şey deyil, adam yıxılanda lap şalban kimi dəyir yerə. Bircə Simanın: “Can! Nihi!” sözlərini eşitdim, sonra bir vaxt gördüyüm o od püskürən vulkanın qorxunc uğultusu qulaqlarımda oyandı, gözlərim heç nə görmədi, nə kötüyün üstündə oturanları sezdim, nə də Simanı. Yıxılı halda yerdə olanda, bir onu görə bildim ki, suyun üzündən parlaq, sehrli bir işq burulğanı qalxdı, gölün ortasına sarı bir xeyli burula-burula getdi, sonra eləcə fırlana-fırlana qəribə bir tərzdə dikəldi göyə. Yerimdən necə qalxdığımı, qalxıb da necə qaçdığımı xatırlamıram. Geri də qanrılmadım heç. Qanrıla bilmədim. Qaçdıqca qaçdım. Yol ilə bir xeyli qaçıb, bazarın qurataracağına tərəf adladım, mazut gölünün qırağına çatıb üzü yuxarı – təpəliyə sarı yüyürməyə başladım. Yolda-irizdə hamı mənə baxırdı, heç kimi vecimə almırdım. Bəs hara yorturdum belə? Qulaqlarımdakı vulkan səsi getdikcə artırdı. Dişlərim ovcumdaydı. Təbii ki, bunlar köpək dişlərim idi. Uzun olduqlarına görə qırılan da onlar olmuşdu. Nəfəs aldıqca ağzımın içi göyüm-göyüm göynəyirdi. Belə bir məqamda dura-tuta yadıma nə düşsə yaxşıdı? Anamın doğum evində mənim dilimdən eşitdiyi “qan!..” kəlməsiylə bağlı elədiyi söhbət... Tibb bacısı deyəndə ki, “A bədbəxt qızı, yəqin “inqa!..” deyib eey, sən “qan!..” başa düşmüsən...” Anam dediyində israr eləyib durub ki, yox, körpə “qan!..” deyirdi, “qan!..” Görəsən doğrudanmı qan demişdim? Bəlkə vulkan demişdim, hə? Ax, anam, anam... Zavallı anam! Bədbəxt anam! Yəqin elə mən vulkan demişəm... Budu haa, qulaqlarımda vulkan səsi var, ancaq ağzımda qan dadı yoxdu. Yoxdu, vallah! Getdi işinin dalınca! Lap az öncə dişlərim qırılıb, ağzım, üzüm partladısa da, qanım axdısa da, yenə qan deyilən şeyin dadı gəlmədi damağıma. Deyəsən, qanla qurtardım axı! Qurtardım daha! Qurtardım, ana, qurtardım! Qurtardım biryolluq! Bəs dayanmadan, töyşüyə-töyşüyə hara qaçırdım belə? Qulaqlarımdakı səsə sarı qaçırdım, deyəsən. Hə, bazar aşağılarda qalmışdı, mən artıq birinci təpəliyin belindən o üzə aşmışdım, səsini qulaqlarımda daşıdığım vulkanın yatağına sarı yüyürürdüm – ikinci təpəliyin arxasındakı gədikdən adlayıb dağın başına çıxmalıydım. Yəqin elə vulkan demişdim, ana, vulkan demişdim yəqin! Bax, indi uğultusu qulaqlarımdan getmir, çağırır, çağırır məni... Bəlkə dirilməkçün, özümə gəlməkçün vulkan külü yeməliyəm? Bilmirəm... Amma qulaqlarımdakı vulkanın səsidi – o gün eşitdiyim tükürpədici səsdi bu... Bəs işıq? Sütun kimi dikələn, suyun üzüylə burula-burula yeriyib gedən o işıq burulğanı nəydi elə? Ya bəlkə bu mənim gözümə görünmüşdü? Bircə onu xatırlayıram ki, o işıq yoxa çıxandan az sonra telefonuma zəng gəldi. Simaydı. Ulartının içindən onun hıçqıraraq qırıq-qırıq: “Nihi... Nihi...” deməsini eşitdim və əlaqə kəsildi. Nə qədər eləsəm də ona zəng çatmadı. Diksinən kimi oldum; nə demək istəyirdi axı?

Dağa yaxınlaşdıqca, elə bil qulaqlarımdakı uğultu ulartıya çevrilirdi. Tər dabanımdan axsa da, durmaq bilmirdim. Gün dağın dalına əyilməkdəydi. Dəvətikanları topuqlarımı didik-didik eləmişdi. Təngnəfəs olmuşdum. Hardasa bir saatdan sonra qaranlıq çökəsiydi. Burdan baxanda Xəzər çox nəhəng görünürdü, özü də qurğuşun rəngdəydi. Lökbatan gölü də. Ulartı isə kəsmirdi, oralardan – qeybdən burum-burum gəlir, dalğa-dalğa dolurdu qulaqlarıma. Sönmüş vulkanın qurumuş bozumtul-göyümtül palçığından yanıq qoxusu gəlirdi. Neyləyəcəyimi bilmirdim. Batmış günəşin uzaqda – çılpaq dağların belində son qızartıları solurdu. Ardınca da toran bürüyürdü aləmi. Mən bura niyə gəlmişdim? Vulkandan ötrümü? Bu da vulkan, daha doğrusu, vulkanın ocağı. Bəs sonra?

Bu vaxt, elə bil, kimsə ucadan güldü. Təpəmdən dırnağımacan gizildədim.

Telefonuma yenə zəng gəldi. Siyavuş idi, töyşüyürdü.

– Nihat, hardasan?

Bircə anlığa elə keyləşdim ki, harda olduğumu da anlamadım. Qulaqlarımın içindəsə qurd ulartısı kəsilmək bilmirdi.

– Noolub? – dedim.

– Burda... göldə... həmişə sənin getdiyin yerdə, üç nəfər batıb, biri qadındı, deyirlər... Ancaq bircəsinin meyitini çıxarıblar... qoca bir kişinin... Eşidəndə ürəyim düşdü, dayıoğlu, əlli cür fikir gəldi ağlıma... Şükür, səsini eşitdim... – Sonra da bir qədər ara verib: – Gəl dəə, hardasan?.. – dedi.

Qeybdən gələn səslər bir-birinə dolaşmışdı, çözə bilmirdim. Qurd ulartısının içindən gah ucadan gülüş, gah ağlamaq səsi, gah da duaya, ayinə bənzər moizə kimi bir nitq eşidirdim. Ancaq anlamaq iqtidarında deyildim.

Üzü qaysaq bağlamış qalın palçıq kütləsi hər tərəfə yayıldığından, vulkanın çoxdan sönmüş ocağına yaxınlaşmaq mümkün deyildi. Ocağın gözündən hərdən-hərdən bir xışıltı gəlirdi. Elə bil, yuxuya getmiş nəhəng bir insan ağır-ağır nəfəs alıb-verirdi və mən o qorxunc, qayıb səsə ürpənirdim. Siyavuşun səsi isə bu dolaşıq səslər mənzərəsinin içində titrəyən bir lalə ləçəyi kimiydi, sanırdım ki, bu dəqiqə qopub düşəcək.

– Yaxşı... Bibioğlu, indi gəlirəm...

“...Üç nəfər batıb, biri qadındı, deyirlər...”– bu sözlər bayaqdan deyilsə də, elə bil, mənə indi çatdı. Telefon az qaldı əlimdən düşə. Sima! Hə, bu, Sima olacaq! Orda ondan başqa qadın yox idi axı. Onun bayaq verdiyi kağız hələ də cibimdəydi. “...bunu itirmə, Nihi, gərəyin olacaq...” Kağızı oxumağa halım yoxuydu, onu yolda cibimə basmışdım, elə qırılmış köpək dişlərimi də. Nə baş verir, İlahi! Sima!!! Sima!!! Bu nə oyundu, Sima! Üzünün o kürən tükləri nə idi? Ölmüş atamın qoxusu səndən niyə gəlirdi? Bəlkə mən orda qalmalıydım? Axı sən demədin ki qal. Qoca: “çıxar ayaqqabılarını, çıxar...” – desə də, o kostyumlu kişi yüz ildi yolumu gözləyirmiş kimi: “gəl daa bə... harda qaldın?..” deyib sevincək üzümə baxsa da, sən: “gətir səni bir öpüm, canımın içi” söylədin, bundan başqa heç nə demədin axı. Bəlkə mən buraya yüyürüb qalxmışam ki, vulkan kimi püskürüm, dünyada məni incidən, səni incidən, içimizi yara eləyən nə varsa, hamısını oda-alova bürüyüm getsin? Bax, ürəyim bulanır, çox pis bulanır ürəyim... İçim burulduqca burulur... Bu, ögüməkdi, deyəsən, hə, ögüməkdi, Sima!.. Sən demişdin axı insan mədəsi yeri gələndə daşı, kəsəyi də həzm edir, amma içdiyi qanı heç vaxt həzm eləyə bilmir, heç vaxt... Gec-tez onu laxta-laxta qaytarır...

Mən sönmüş vulkanın yanında dayanıb laxta-laxta qan qusurdum. Səslər qulağımın içində getdikcə səngiyirdi. Vulkanın sönmüş ocağından gələn o sirli nəfəs səsini – o xışıltını eşitmirdim daha. Ulartı da hardasa dərinlərdə ilişib qalmışdı, getdikcə üzgün bir nota çevrilirdi. Qaranlıq düşdükcə qəribə bir hiss bürüyürdü məni. Elə bil, dünyaya qaranlıq düşdükcə, çölümün zülmətə büründüyü qədər də içim işıqlanırdı. Hə, içim işıqla doluydu. Bu işıq öz ləngəriylə bayaq gördüyüm sütun kimi dikələn o sirli işığa çox oxşayırdı. Bayaq gölün qırağında gördüyüm insanların hər üçü onun qoynunda açıq-aydın boy verirdi. Qoca, sən kimsən? Sən kimsən bəs, ey kostyumlu məmur? Sima, sən kimsən axı? Bəs mən kiməm? Biz dördlükdə bir dördbucaq, bir çərçivəyik bəlkə? Bəs elədisə, yaşadığımız dünya bu dördbucağa, bu çərçivəyə sığarımı heç? Sığsaydı biz bu günə qalardıqmı, mən bu hala düşərdimmi, siz batardızmı? Batmaq? Necə yəni “batıblar...” Necə yəni “...bircəsinin meyitini çıxarıblar... qoca bir kişinin...” Heç o qoca batarmı? Bəs kostyumlu kişi? – o ölməmişdi bəs? Bəs Sima? – axı o niyə batmalıdı, yəni onu suyun üzünə çağıran olmuşdu? Olmuşdusa, bəs bu barədə mən niyə bilmirdim? Havalanmıram ki, İlahi?

Elə bil, baş verənlər mənə indi-indi çatırdı. Bir də öz-özümə sual verdim: Yəni suyun üzüylə yeriyən o sirri-xuda qoca doğrudanmı batıb? Ola bilməz! Ola bilməz! Ola bilməz!!! Bəs Sima? Yox, qətiyyən ola bilməz! Kostyumlu kişi isə çoxdan ölmüşdü... Bəlkə elə onlar hamısı sağdı, ölən mənəm? Hə? Nihat, valın çevrilib sənin, deyəsən, çevrilib valın, vallah!

Siyavuş bir də zəng elədi, harda olduğumu soruşdu. Təxmini başa saldım. Məni Şamil əmiylə yolun qırağında gözlədiyini dedi, aşağılara enməyə başladım... Elə bil arxadan kimsə: “Yaxşı yol, Nihat, yolun açıq olsun!” – dedi. Qanrıldım. Arxada heç kim yox idi. Vulkan yerinin yanında, bayaq durduğum təpəcikdə özüm boyda bir qaraltıydı, elə bil, arxamca əl edirdi. Gözlərimi bərk-bərk yumub-açdım ki, bəlkə yanılıram? Deyəsən, yanılmışdım. Sonralar ağlıma gəldi ki, bəlkə də qarabasma kimi gözümə görünən elə özüm olmuşam: yəqin, təzə dünyaya doğulan Nihata, köhnə, miskin dünyadakı Nihat uğur diləyirmiş.

Addımlarımı yeyinlətdim. Aşağılarda, Lökbatan gölünün qırağında işıqları göz vuran ambulanslar, polis maşınları görünürdü...

Siyavuşu rahat tapdım. Şamil əmi məni qucaqlayıb doluxsundu.

– Qardaş oğlu, sənin dağda-daşda nə işin var, a başına dönüm... Keç, keç otur maşına...

Onlar məni maşına otuzdurub dinməz-söyləməz evə gətirdilər. Üz-gözüm yaman gündəydi. Sifətim parça-parça, dişlərim qırıq olduğu üçün bilmirdim soruşsalar nə deyim. Amma yaxşı ki, heç biri məni sual-cavab eləmirdi. Qorxmaz kefliydi, üzümə baxıb, baxıb birdən: “uy daaa!” elədi, heyrətini gizlədə bilmədi, yaxınlaşıb məni qucaqladı: “nə gündəsən, malış?..” – dedi. Şamil masanın arxasında başını əlləri arasına alıb mənə baxa bilmirdi. Siyavuş isə gözünü bir an da üzümdən çəkmirdi. Özü də, elə bil hıçqırırdı, içini çəkə-çəkə qalmışdı. Evdə ölü bir sükut vardı. Bir azdan Qorxmaz araq süzdüyü çappa stəkanı mənə uzatdı: “Olan şeydi, vur bunu getsin, malış, fikir eləmə,” – dedi.

Deyəsən, arağı içəndən sonra ağlım başıma gəlməyə başladı, özümü unudub, Simanı fikirləşdim. Dərhal onun mənə verdiyi kağız yadıma düşdü. Sakitcə cibimdən çıxarıb baxdım. Cəmi bir neçə cümləydi: “Qab-qacaq dolabına sərdiyim qəzetin altındakıları götür, onlar sənindi. Bağışla, Nihat, axır ki, səni öldürdüm... Bağışla, mənim unudulmaz dəvədəlləyim!.. İndi mən sənsiz neyləyəcəm?..”

Tez-tələsik ayağa qalxdım. Siyavuş sual dolu baxışlarını üzümə dikdi, yəni: “hara?”

– İndi gəlirəm, Siya.

Şamil siqaretini sümürüb astadan dedi:

– Qardaş oğlu, birdən çaşıb o gölə sarı gedərsən haa... Oranı indi yəqin polislər halaya alıb. Özünü durduğun yerdə işə salarsan. Ağrımayan başına dəsmal sarıma, getmə ora.

Heç nə başıma batmırdı. Elə bilirdim, bu deyilənlər mənə aid deyil. Araq ağzımı nə qədər keyləşdirsə də, qırılmış dişlərimin sızıltısına bayaqdan dözə bilmirdim.

– İndi gəlirəm, – deyib eşiyə çıxdım. Tindəki çörək mağazasının yanında dayanan taksiyə minib, qaldığım evə getdim – Simayla qaldığım evə. Qab-qacaq dolabının yerinə sərilmiş qəzetin altından min üç yüz dollar pul çıxdı. Mənzilin hər bucağına göz yetirdim. Məni dəli bir ağlamaq tutdu. Öldüsünü-qaldısını bilmədiyim Simanın necə olduğu, hara getdiyi ağlıma batmırdı. Sifətim dəmir boruya çırpılıb dişlərim qırılanda, suyun üzündən qalxan o işıq burulğanı yəqin bir qarabasma kimi gözlərimə zərbənin şiddətindən görünmüşdü, yəqin ki, Sima suda batmışdı, amma indi elə bir vəziyyətdəydim, bunu anşırmağa gücüm çatmırdı. “Bağışla, Nihat, axır ki, səni öldürdüm...” Hamama girib güzgüyə baxdım və diksindim. Yaralı olsam da sanki bir məsumluq hopmuşdu üz-gözümə. “Bu mənəmmi, İlahi?” Dilimin ucunda – “axır ki, səni öldürdüm...”, qulaqlarımda – “gətir səni bir öpüm, canımın içi...”, ürəyimdəsə – “bağışla, mənim unudulmaz dəvədəlləyim!.. İndi mən sənsiz neyləyəcəm?..” kəlmələri sözün həqiqi mənasında məni çarmıxa çəkmişdi. Sonum gəlmişdimi? Ya bu nə oyun idi – anlaya bilmirdim. Başım hərlənirdi, bir yandan da qırıq dişlərimin sızıltısı öldürürdü məni. Soyuducudan yarım şüşə konyak tapdım. “Ax... Sima! Sima! Canım-ciyərim, Sima! Xilasım Sima! İstəkli Sima xalam!..” Konyakdan yarım stəkan süzüb dərhal başıma çəkdim və özümlə baş-başa qalmaq üçün telefonumu söndürdüm. Bu gecənin gətirdiyi, hələ dərindən anlaya bilmədiyim dərdin əlində girinc-giriftar olub uşaq kimi hönkürdüm, paltarlı-paltarlı, üzüquylu çarpayıya sərilməmişdən öncə, vanna otağına girib güzgüdə bir də özümə baxdım: “Bu mənəmmi, İlahi?”

Səhərisi bəlkə əlli dəfə zəng elədim, Simanın telefonuna zəng çatmırdı. Qırıq dişlərimin sızıltısı məni öldürürdü. Siyavuş işdən qalıb dalımca gəlmişdi. Telefon əlaqəsi saxlaya bilmədiyinə görə, narahatlığını bildirirdi:

– Ürəyimə əlli fikir gəldi, dayıoğlu. Heç olmasa, zəng eləyib xəbər verəydin gərək.

Şikayətə cavab verən halım yox idi. Ağrı o qədər şiddətliydi ki, az qala canım əldən gedirdi:

– Siya, mənimlə diş həkiminə gedəkmi?

– Hə, hə. Bu nə sözdü? Cannan-başnan...

Qaldığımız evin yaxınlığındakı “Assmed” klinikasına gəldik, bəxtimdən, növbə-filan yoxuydu. Diş həkimi bazburutlu bir kişiydi. “Qorxma, – dedi, – ledokainlə keyidəcəm, heç nə hiss eləməyəcəksən.” Doğrudan da elə oldu. Damağıma iki yerdən iynə vurdu, yarım saatdan sonra artıq qırıq dişlərimin kötüyü bəyaz rəngli çuqun ləyənin içindəydi və həkim ağzıma dərman hopdurulmuş pambıq qoymuşdu. Siyavuş böyrümdən əl çəkmirdi, tez-tez: “Dayıoğlu, darıxma, hər şey yaxşı olacaq. Yaxşısı budu, sən bir də o gölün qırağna getmə” – deyirdi və planşetində qeydlər aparırdı... Axırda da: “Çox fikir vermişəm, Nihi, – dedi, – Sima xala yaxşı qadındı, onunla məsləhətləş, neyləmək lazım olacağını, o, yəqin ki, hamımızdan yaxşı bilir...”

Key-key onun üzünə baxdım. “Nə baş verir, İlahi?”

* * *

Göldən bir qocanın meyitinin çıxarıldığını bazarda çox adam danışırdı. Bazar uşaqları bu cəsədin Səməd Vurğunun seçilmiş əsərlərinin yeddinci cildini hamıya məsləhət görən qocanınkı olduğunu bildirirdilər, çünki sudan çıxarılanda onu gözləriylə görənlər olmuşdu. Məni yenə fikir götürürdü ki, axı onu tutmuşdular. Bəs necə oldu buraxdılar və gəlib göldə batıb öldü? Simanı isə gördüm deyən yox idi. Onu kimdən soruşacaqdım ki? Bəs o axşamüstü qamışlıqda gördüklərim yuxuydumu? Bəs başıma gələnlər? Bəs “gəl çıx da bə!..” deyən o qalstuklu? Onun ki öldüyünü televiziya bildirmişdi! O da yuxuydu, yəni?.. Yox, əlbəttə, yox. Amma saytlar, televiziya xəbərləri bir qocanın sərxoş olub batdığını bildirirdilər, vəssəlam. Nədənsə, göldə üç nəfərin batdığı, birinin qadın olduğu söhbətini eləyən yoxuydu, onların kimliyi barədə heç kim heç nə bilmirdi, buna görə də, elə bil, yaddaşlardan silinib unudulmuşdu. Dəfələrlə Simanın iş yoldaşlarına rast gəlsəm də ürək eləyib heç nə soruşa bilmirdim. Cəmi bircə dəfə onunla bağlı nəsə öyrəndim: onların kafesində işləyən qabyuyan qız keçiddə mənə rast gəlib dedi ki, “dostunun işdən çıxmağıyla sən də ilim-ilim itdin. O işləyəndə mağıl yanımıza gəlirdin. Bəs indi harda çörək yeyirsən?” – “Heç yerdə, – dedim. – Bəs o hara çıxıb getdi?” – “Kosmosa, – deyib hırıldadı. Sonra da yarıciddi halda: – Kim bilir hara gedib? Ondan baş açmaq olurdu ki?” Sonra da aşağıdan yuxarı üzümə qəribə tərzdə baxıb astadan: “Yəqin varlı-hallı birisinə qoşulub qaçıb. Simaya nə var. Şikəst olmağına baxma, ilanı da yolundan çıxarar...” Bu dəfə də güldü, mən onun qabaq üst dişlərinin ikisinin olmadığını gördüm, biədəb mırıqlığı vardı, heç bilmirəm nəyə görəsə özümü də gülmək tutdu və o: “sən də mırıqsanmış ki...” – deyib əlini ağzına qapadı və hırıldaya-hırıldaya tələsik uzaqlaşdı.

Aradan bir neçə ay keçdi. Mən həmin evdə Simasız yaşayırdım. Ev yiyəsi abırlı bir kişiydi. Hər dəfə kirayə pulunu almağa gələndə hal-əhval tuturdu, onun harada olduğunu heç soruşmurdu da, sadəcə, gedərəkdə: “xalana salam deyərsən” – deyirdi. Simadan isə səs-soraq yox idi. Elə bil, bu adda adam heç olmamışdı. Telefonuna zəng çatmırdı. Bütün sosial şəbəkələri ələk-fələk eləyirdim, tapa bilmirdim. Paltarları, avadanlıqları qoyub getdiyi kimi yerindəydi, özü isə bir parça yağlı əppək olub yoxa çıxmışdı.

Əsgərliyimə bir-iki ay qalmış, bir az xərc çəkib özümə protez dişlər düzəltdirdim. Əvvəllər Sima sarıdan xiffət eləsəm də, keçən vaxt yavaş-yavaş öz işini görürdü. İndi canım çox rahat idi, day hirslənəndə heç kimi gəmirmək istəmirdim, adam kimi əsəbiləşib, adam kimi də sakitləşirdim. Şükür, day mən də hamı kimiydim, istəyimə çatmışdım.

Amma fələk deyir: sən saydığını say, hökmsə mənimdi... Başıma qəribə işlər gəldi, çox qəribə işlər. Günün birində, – daha dəqiqi, şənbə günlərindən birində, camaatın gur vaxtı, necə oldusa, bazarın girəcəyindəki məşhur “Farfor” mağazasının işçilərinə xaçapuri aparırdım. Mağazanın arxasında zibil yeşiyinə ögüyən bir nəfər diqqətimi çəkdi. Geyimindən ona oxşatdım – həmin kostyumlu məmura. İnanmağım gəlmədi. Yaxınlaşdım. Başını qaldırdı. O idi! Məni görcək, deyəsən özünü itirdi, üzümə qəribə tərzdə baxa-baxa, axırıncı dəfə tələsik gah yeşiyə, gah da asfaltın üstünə ögüyüb qaçmağa başladı. Çox qəribədi, o, qaçaraqda sağ əlini yuxarı qaldırıb şəhadət barmağını göyə tuşladı, mənə sarı məzlumcasına: “get da bə!.. nə istəyirsən?..” – dedi və birinci cərgənin tünlüyünə sarı tələsdi, mənsə onun qusduğu yeşiyin yanında yerimdəcə quruyub qaldım. O, yeşiyin içinə və böyrünə bəs deyincə nöyüt qusmuşdu. Mənim kimi qan yox haa, nöyüt! Nöyütün iyi aləmi götürmüşdü. Yaxına gəlib diqqətlə baxanda gördüm ki, bu adam həm də laxta-laxta mazut qusub. Göyə baxdım, göy üzündə buludlar da nöyüt rəngindəydi... Heç nə başa düşmədim.

Axır vaxtlar gördüyümü, hiss etdiyimi kiməsə danışmağa qorxurdum. Heç Siyavuşa da demirdim. Lap uşaqlıqdakı kimi, ağlıma gələni eləmək istəyirdim, bəlkə belədə insanların mənə rəhmi gələr düşünürdüm: heç unutmaram, altı-yeddi yaşım ancaq olardı, nəsə dəcəllik etmişdim, anam əlində paltar yuyurdu. İşləyə-işləyə məni söyür, danlayırdı. Bilirdim ki, bir azdan işini qurtarıb məni döyəcək. Qorxudan neyləyəcəyimi bilmirdim. Bu vaxt əlimə keçən bir paltar asılqanını anamın zibilliyə atmağa ayırdığı yırtıq şalvarıma bükdüm, nənəmdənqalma qara rəngli köhnə, cırıq kəlağayıya bələdim, – heç neylədiyimi bilirdim ki? – sonra bunları köhnə köynəyimlə, üstündən də döşəməsilən əskiylə və anamın belbağısıyla sarıdım, çağa bələyi kimi götürdüm qucağıma. Anam baxıb, baxıb: “o nədi?” soruşanda, “mənəm də... ölmüşəm də... aparıb basdırarsan Məstanın yanında...” deyib ağlamsındım. Məstan zəhərlənib ölmüş pişiyimizin adıydı. Anam nəyə görəsə onu əskiyə büküb basdırmışdı. Elə bil, anamın hirsi soyudu, gözümün yaşını silib arıqca canımı bağrına basdı, özü də mənə qoşulub ağladı: “Bilmirəm, Allah səni nə yaradıb, ay bala... Anan ölsün, sən nə qəribə uşaqsan...” – dedi.

Bax, indi də həmin ovqatdaydım, istəyirdim ki, üzümə pis baxmasınlar, insanların mənə qulaq asmağa ehtiyacı olsun, işlərini-güclərini buraxıb deyəcəklərimi dinləsinlər... Amma nə deyəcəkdim? Bəlkə bir qarğa ölüsündən-zaddan tapaydım, büküb-bürmələyəydim kağıza, əskiyə, pencəyə, nə bilim, kartona, nəyə... Sonra da qucağıma götürüb, divanə kimi, gözüm yaşla dolu, gəzəydim cərgələri, bəlkə də onda kimsə maraqlanardı mənimlə... Maraqlanacaqdılar! Mütləq! Dəli yerinə qoyub, dolayacaqdılar! Hərə bir söz atacaqdı! Vəssalam! Camaat lağ eləmək dəlisi deyilmi? Lağ eləyib güləcəkdilər!.. Amma bağrına basıb halıma yanan olmayacaqdı.

...Kostyumlu məmurun arxasınca gedə bilmədim, çünki arabam doluydu. Elə bil, başımın içi tüstülədi. İndi mən nələrisə dolaşıq saldığıma dəqiq inanırdım, bilirdim ki, yaşantılarımın həqiqiliyinə heç kimi inandıra bilmərəm. O gün axşamacan çırpınıb-çabaladım, amma bir an da o adamın fikri məni tərk eləmədi. İşin sonuna yaxın, saat beş olardı, xaçapurilərin hesabını ödəyib, arabamı yerinə qoydum. Onuncu cərgəylə xırda pullarımı saya-saya avtobus dayanacağına sarı qayıdırdım ki, uzaqda – meydançanın o başında gözümə sataşan adam bütün ovqatımı alt-üst elədi: bu, həmin qocaydı – suyun üzüylə yeriyən qoca! İndi neyləyim? Ona sarı gedimmi? Yoxsa qaçım gizlənimmi? Amma ehtiyac olmadı: o, özü mənə sarı gəlməyə başladı, tərs kimi bu vaxt Elməddin əmiyə rast gəldim, salamlaşdıq, dayanıb hal-əhval tutduq. Biz onunla sağollaşıb ayrılanda, artıq qoca özünü yetirmişdi, qarşımda dayanıb yüngülcə gülümsünürdü:

– Sən daha başqa adamsan, tamam başqa adamsan... Qorxma daha, sənə suyun üzü gərək deyil, qarğalar uçan səmtə get... Qarğalar uçan səmtə... Nicatın ordadı... – deyib şəhadət barmağıyla göyün üzünü göstərdi.

Düz deyirdi. Mənim suyun üzündə nə işim var? Su yerinə qan olsaydı, yəqin ki, üstüylə çoxdan yeriyib getmişdim...

O, çıxıb getdi. Güclə başımı qaldırıb göyün üzünə baxdım, qarğalar hələ görünmürdü. Yerimdə qurumuşdum. Bağırmaq istəyirdim, dilim tutulmuşdu ancaq.

– Nihat, gəl... – Bu, Siyavuş idi. Şamilin maşınından məni çağırırdı. Robot kimi, salamsız-kəlamsız, keçib oturdum. Şamil geri qanrılıb üzümə baxdı. Bir xeyli məni süzdü:

– Nihat, bala, incimə, sənə bir söz deyim, gəl mən deyənə qulaq as, sən get rayona. Hə, get, bir həftə, on gün dincəl. Vallah, rəngin-ruhun sapsarıdı, sən xəstəsən. Sofular piri haqqı, sonra gec olar... Cəhənnəm olsun hər şey, canından artıq deyil ki...

– Gedəcəm, Şamil əmi, gedəcəm... Bəlkə də lap günü bu gün getdim...

Özümdə deyildim. Dilim danışsa da fikrimi cəmləyə bilmirdim. “Doğrudanmı gedim? Gedimmi görəsən?” Halımın pis olduğunu görüb, Siyavuş əl çəkmədi, mənimlə gedib gecəni bizdə qaldı. Yaxşı ki, qalmışdı, yoxsa ürəyim partlardı.

Səhərəcən yata bilmədim. Gözlərim şişib qızarmışdı. Başıma gələnləri bircə-bircə Siyavuşa demək istəsəm də ürək eləmədim, alayarımçıq nəsə uydurub danışdım. Qorxdum düşünə ki, havalanmışam. O, işə tezdən getdi, mənsə bir az gec gələcəyimi bildirdim, fikrim yatmaq, dincəlmək idi. Mən bazara gələndə artıq axşamüstüydü. Buna baxmayaraq bazarın həyətində maşın əlindən yer yoxuydu, adam da ki, saysız-hesabsız: iynə atsaydın yerə düşməzdi, çünki dərs ilinin başlamağına bir-iki gün qalmışdı, hamı alış-verişə gəlmişdi. Altıncı cərgənin girəcəyində yük aparan arabaçı məni itələdi:

– Ay qardaş, yol ver də... Yatmısan?..

Heç nə demədim, kənara çəkildim ki, tərin-qanın yuyub apardığı bu adam keçsin. Arabanın üstü mal yığılmış kisələrlə doluydu. Arxada bir əlini malın üstünə qoymuş, o biri əliylə xaçapuri yeyən qadını gördükdə ixtiyarsız: “Sima!” qışqırdım. Amma daşdan səs çıxdı, ondan yox. “Bir dayan görüm, hara gedirsən?” – dedim. Ömründə ilk dəfə məni görürmüş kimi üzümə baxdı. Üz-gözünü turşudub xaçapurisini dişlədi. Heç nə demədi, bir əli malların üstündə, arabanın ardınca yoluna davam elədi. Bir də: “Sima, eşitmirsən? Səninləyəm eey, Sima xala!” – dedim. Üzümə də baxmadı, sanki kar idi. Əllərim yanıma düşdü. Arxasınca gedə-gedə axırıncı dəfə bağırdım: “Mənəm eey, Nihatam... Dəvədəlləyi...” Elə bil, beton divara çay daşı çırpdım, xeyiri olmadı. Heç gözünün ucuyla da üzümə baxmadı. Arabaçı onun mallarını bir “Qazel”ə yüklədi, mənsə durub key-key baxırdım. O, yaşlı sürücünün böyründə oturub hələ də xaçapuri yeyirdi. Maşın yerindən tərpənəndə gözucu mənə baxdı, sağ əlini pəncərədən çıxarıb yuxarı qaldırdı, şəhadət barmağıyla göyün üzünü göstərdi. İxtiyarsız başımı qaldırıb baxdım – göylər masmaviydi...

İçimdə bir hayqırtı qopdu: “Bağışla, Nihat, axır ki, səni öldürdüm...” Deyəsən, onun yazdığı gerçəyə çevrilmişdi. Deyəsən, o, haqlıydı: o, məni öldürmüşdü, gözüm görüb ağlım kəssə də artıq ölüyə tay idim.

Daha bazara girmədim. Qəhər boğazımın yoluna sanki bir yumruq kimi pərçimlənmişdi, güclə nəfəs alırdım. Körpünün böyrünə gəlib rayona gedən “Jiquli”lərdən birinə oturdum: “Əmi, boş yerlərin də pulunu verəcəm, sür gedək...” – dedim.

Yola düşdük. Mən arxada oturmuşdum. Beş-on metr getmişdik ki, bir nəfər əl elədi. Sürücü mənə sarı qanrılıb:

– Yaşlı adamdı, bala, qoy götürək, Allaha da xoş gedər, – dedi və cavab gözləmədən əyləci basdı.

Kişi dərhal qapını açıb sürücünün yanında əyləşdi. Gözüm kəlləmə çıxdı: bu, keçəl, balacaboy, gombul, həmişə kirin-pasın içuində olan, Səməd Vurğunun əsərlərinin yeddinci cildini oxumağı hamıya məsləhət görən həmin kişiydi – bir gün bazardan qolu qandallı aparılan, bir gün də göldə batıb öldüyü xəbəri hər yana yayılan həmin arabaçı!.. Elə o an da maşından yerə sıçrayıb geri qaçmağa başladım. Sürücü arxamca qışqırsa da xeyri olmadı...

Nədənsə, qaçaraqda vulkan püskürən dağın bozumtul donqasına baxdım. Toranlıq düşmüşdü. Qarğalar yenə də öz marşrutları üzrə günbatana sarı uçuşurdu: özü də həmişəki kimi nizamsız-nizamsız, ağır-ağır və vecsiz-vecsiz... Yenə orada kölgəyə oxşar nəsə vardı, elə bil, yenə mənə əl eləyirdi, amma bu dəfə, sanki: “Xoş gəldin, Nihat, yolun açıq olsun!..” – deyirdi.

Bir də maşına sarı çöndüm ki, görüm, doğrudanmı bu yuxudu, yoxsa yox? Bu vaxt iki nəfərin arxa oturacağa mindiyini gördüm, qapılar çırpılmağıyla maşın yerindən tərpəndi. Arabaçı isə pəncərədən əlini çıxarıb yuxarı qaldırmışdı, şəhadət barmağını göyə tuşlamışdı...

... Görünür, mən doğrudan da bunları heç vaxt yaza bilməyəcəm. Amma gərək bir gün Siyavuşa dirənəm, necə deyirlər, tüpürə qələmin ucuna, bütün bu danışdıqlarımı bircə-bircə döşəyə kağızlara, bütün bu dolaşıq məsələləri çözə ki, bəlkə onda özüm də bir şey anlaya biləm...

# 4450 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #