Mavi gözlü unutmaq – Seymur Sudan YENİ ŞEİRLƏR

Mavi gözlü unutmaq – <span style="color:red;">Seymur Sudan YENİ ŞEİRLƏR
11 may 2016
# 08:30

Kulis.Az gənc şair Seymur Sunun yeni şeirlərini təqdim edir.

Sədaqətli

Sən o qədər sədaqətli və gözəlsən ki

Yadıma düşdükcə diz çökürəm

Get-gedə əriyirəm qəhrimdən.

Sən o qədər sadə və səmimisən ki,

Qoparmaq istəyirəm üzümü

Bu süniliklərdən, bu lənətli qrimdən.

Sən o qədər sədaqətlisən,

o qədər səmimisən ki,

yaramaram sənə,

yaramaz bu dünya sənin işinə.

Körpü

Sevgidən bir xoş söz deyə bilməz şair.
ayrılığın büstünü tikə bilməz əsrin heykəltəraşı.
gedən gedir,
gələn gəlir bir dəfə.
sınıq-salxaq taxtaların üstündən
"get", "qayıt" olmur axı dəqiqəbaşı...

bu körpülər ya uçurulmalı
ya da uçurulmalı.

uçurulmalı!

Vecsizliyin şeiri

Saatları sındırın:
bu tıqqatıq səsini
məndən uzağa çəkin.
Lap istəsəz dəyişin:
böyük əqrəbi sola,
kiçiyi sağa çəkin.
Guya çox vecimədi?

Divarları sındırın:
bu səddi - boş danışan
dilə, dodağa çəkin.
Lap istəsəz dəyişin:
harda önümə çıxsaz
mənə qadağa çəkin.
Guya çox vecimədi?

İyerarxiya

Külək qovur dənizi,
dəniz qovur dalğanı,
dalğa qovur sərxoşu,
sərxoş qovur tulanı,
tula qovur pişiyi,
pişik qovur siçanı,
yox döşəmə deşiyi!

Günəşi sevgiylə biçən biçinçinin türküsü

İçindəki məsum uşağı öldürən
şairin
qoca küpəgirənlər arasında
kimsəsiz olmasını
yaddaşının bir küncünə yaz.
Boz olmağa məhkumdu
qaranlıqlara düşərsə nöqtələr
bəyaz-bəyaz...
Səninlə
daha da saflaşan, gözəlləşən
mehribanlaşan,
daha da tənhalaşan adam.
Hamıdan sənə doğru qaçıb
hər şeydən daha da "dahalaşan" adam...

Məni susduran
sözlərimin boğazımda
yaranmış tıxacı.
xoşbəxtlik budur bəlkə
şirin parıltılı baxışlarını saya bilsə
həyat eşqimin illərdi paslamış sayğacı...
Elə yapışmışam qolundan ki,
apara bilməz
o gəmi səni,
o təyyarə səni,
bu maşın, bu qatar səni...
Bir gün günəş gələrsə
deyərsən ki, sabahlar oyatmasın
adamları.
qəlbində günəş biçənlər var artıq,
lazım gələrsə
onlar oyadar səni.

Yorğunluğun şeiri

Yorğunluq mehi şaxtatək kəsdi,
saçlarımı dibindən.
Payız yağışlarına döndü,
ümidsizlik çağırışları,
süzüldü buludların cırılmış cibindən.
Ah, bu güllələr!
Ah, bu çıxışlar, makiyajlı, fahişə fiquralı cümlələr!
Hamısı yapışıb qaldı
acından qan qusan kasıbın
qalın intihar ipindən...

Əhdsizlik ildırımları parçaladı beynimin içini,
hamısı bir-bir damcı-damcı qürurumun çit parçalı çətirindən
damarlarıma damdı...
Əhdə xilaf olmağın peşmanlığını çəkirəm artıq...
Sonum vicdanın dar ağacıdı.
Və əslində bildiyim bütün sözlərin ən son fel forması
"nifrət" və "edam"dır.

Bukovskisayağı

Adamın köynəyi tütün, saqqalı şərab ətri verməlidi.
Tər, iztirab, ölüm saçmalıdı yer üzünə.
Gözləri qoxumalıdı yuxu
dodaqları şeir, otaqları kül...
Bürüməlidi şkafları toz,
dəmir dabankeşləri pas, boşqablarına qədər yağ.
mitinq düşərgəsinə çevrilməlidi çirklənmiş otaq...
Saçlarına qədər kir, kirpiklərinə qədər yaş.
Gözlərinin dibinədək yol,
ürəyinin dərinliyinədək kədər,
sümüklərinin içinə qədər duz,
dili sözsüz, səssiz,
boğazı susuz...

İtilmişlər

Mən öləndə
biri səslənəcək ki,
"...yaxşı yadımdadı
o vaxtlar
onun bir şerin eşitmişdim
onu oxuyanda
hansısa vağzaldan
vaxtı keçən qatar kimi itmişdim.
Allah bilir hara getmişdim!”

Bəs sən hardan biləsən,

hara itdiyini sevgilim?"

Gələcəyə geriləyənlərin şeiri

Eh adamlar, adamlar...
düşünmürsüz bəzən heç
kimlərinsə taleyin...
Bax sizi sürükləyir
eqoizm yelbeyin...

Eh qadınlar, qadınlar...
gülüşləri yalançı,
sevgiləri fırıldaq...
Hətta sizlərdən belə
daha seviləsidi
qocalıb evdə qalmış,
mavi gözlü unutmaq...

Yadına sal istəsən,
bir zəng elə arada...
İttihamlar yağdırıb,
bir soyuqluq yaradaq...
Bilirsən ki, səndən çox
qış fəslini sevirəm...

# 1786 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #